zərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi yarandığı vaxtdan bu günədək xalqımızın görkəmli musiqi xadimlərinin,
el xanəndələrinin, musiqiçilərin həyat və fəaliyyətini əks etdirən
sənədləri toplayır, sistemləşdirir, təbliğ edir. Belə görkəmli şəxsiyyətlərdən
biri, bu il anadan olmasının 110 ili tamam olan S.Şuşinski haqda
da muzeyimizdə xeyli material toplanmışdır: müxtəlif illərin fotoşəkilləri,
mətbuatda çıxmış məqalələr, kitablar, afişalar və s.
əfsanəvi gözəlliklər diyarı Şuşa,
Qarabağ torpağının xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlər -
Ü.Hacıbəyov, Niyazi, Bülbül, Z.Adıgözəlov, Xan Şuşinski, Q.Primov
kimi, S.Şuşinski də özünəməxsus dəst-xətti, yaradıcılığı ilə musiqi
tariximizdə silinməz izlər buraxmışdır.
Gənc Seyid ilk təhsilini mədrəsədə
almışdı. Atası erkən rəhmətə getdiyindən onun tərbiyəsi ilə xalası
Məşədi Hürzad və əmisi Məşədi Seyidəli məşğul olmuşdular. Məşədi
Hürzad Qarabağ toylarının qadın məclislərində oxuyardı. əmisi isə
dövrünün qabaqcıl ziyalılarından idi. Gənc xanəndənin musiqi sahəsindəki
təhsili ilə o şəxsən özü məşğul olur, klassiklərin şe'rlərini ona
öyrədib, muğam üstündə oxudardı.
Gənc Seyidin bir xanəndə kimi yetişməsində
böyük müğənni Cabbar Qaryağdıoğlunun böyük tə'ciri olmuşdur. Bu
barədə sonralar o, belə deyirdi: "Cabbar kimi bir ustad xanəndə
olmaq üçün öz üzərimdə həvəslə çalışırdım. Odur ki, saatlarla Cabbarın
qrammafon vallarına qulaq asar, həmişə onun oxumağını eşitməyə can
atardım".
Musiqi elminin sirlərinə yiyələnmək
üçün əmisi onu M.M.Nəvvabın musiqi məktəbinə gətirir. İki ildən
artıq təhsil aldıqdan sonra Nəvvab onun el şənliklərində, musiqi
məclislərində oxumasını məsləhət görür.
S.Şuşinskinin çox yüksək səs diapazonu
var idi. O, muğamları çox dəqiq ifası ilə seçilərmiş. Bütün dinləyicilər,
hətta sənət yolunda saç-saqqal ağartmış, özünü təsdiq etmiş xanəndələr
belə onun təkrarolunmaz ifasını heyranlıqla dinləyərdilər.
Gənc S.Şuşinski xüsusi musiqi təhsili
görməsə də, özünün sə'yi və bacarığı sayəsində, özündən xeyli yaşlı
və təcrübəli xanəndələrdən, musiqiçilərdən musiqi elminin sirlərini
öyrənmişdi.
Bir çox bölgələrdə, o cümlədən Qazaxda,
Gəncədə elə toy məclisləri olmazdı ki, onu də'vət etməsinlər: o
qədər sevilən və arzuolunan xanəndə idi ki, toya də'vət edən əhali
özü onun günlərini öz aralarında bölürdülər.
1911-ci ildə S.Şuşinskini Tiflisə
də'vət edirlər. Verdiyi konsertlərdən sonra, o burada da az bir
zaman içərisində məşhurlaşır.
1912-ci ildə görkəmli yazıçımız
C.Məmmədquluzadənin, Yusifbəy Tahirovun təşəbbüsü və S.Şuşinskinin
köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində "Auditoriya"
adlı klub açılır. Burada konsertlər və teatr tamaşaları göstərilirdi.
S.Şuşinski də konsertlə çıxış edir və əldə etdiyi pulun hamısını
kluba hədiyyə edirdi.
S.Şuşinski tək xanəndə kimi yox,
həm də aktyor kimi tamaşalarda da uğurlu çıxışlar edir. Tiflis səhnəsində
tamaşaya qoyulan Ü.Hacıbəyovun "Leyli və Məcnun"un da İbn-Səlamı,
"Arşın mal alan"da əsgəri, "O olmasın, bu olsun"da Sərvəri uğurla
oynayır.
Lakin onun fəaliyyəti tək bununla
bitmir. S.Şuşinski həm də bir xeyriyyəçi kimi fəaliyyət göstərir,
o nəinki tamaşalardan ona düşən pulu almır, həm də ehtiyacı olan
aktyorlara kömək edirdi.
Tədqiqatçı F.Şuşinski "Azərbaycan
xalq musiqiçiləri" kitabında yazır: "Mirzə Cəlilin Şərq musiqisinə
olan həvəsi və musiqi alətlərində çalmağı bacarması onun Seyid Şuşinski
kimi məşhur bir xanəndə ilə dostluğuna müsbət tə'sir etməyə bilməzdi.
Eyni zamanda dinə, cəhalətə, avamlığa və nadanlığa qarşı mübarizə
aparan "Molla Həsrəddin" jurnalının mə'nəvi və siyasi əhəmiyyətini
dərk edən Seyid, jurnalın vaxtlı-vaxtında çıxması üçün əlindən gələn
köməyi əsirgəməzdi. Məhz buna görə də Seyid Tiflisin kübar ailələrinin
toy şənliklərindən əldə etdiyi gəlirdən "Molla Həsrəddin" jurnalının
nəşrinə sərf edirdi".
O, toy məclislərindən, sahibi olduğu
restoran və mehmanxanalardan əldə etdiyi gəliri ehtiyacı olan aktyor
və tələbələrə, qəzet və jurnalların nəşrinə sərf edərdi.
S.Şuşinskini Mirzə Cəlil, əbdürrəhim
bəy Haqverdiyev, Hüseyn ərəblinski ilə yanaşı Hüseyn Cavidlə də
xüsusi tellər bağlayırdı. Cavid şe'riyyətinin dərin hikməti, üsyankarlığı,
mə'na dərinliyi, ədalət axtarışı, məntiqi onu xüsusilə cəlb edirdi.
Cavid əfəndinin şe'rlərini daha çox üsyankar ruhlu, mübariz "Çahar-gah"da,
"Mənsuriy-yə"də oxuyardı.
1913-14-cü illərdə Kiyevdə onun
ifasında muğamlarımız qrammafon vallarına yazılır. 1926-cı ildə
dahi Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına
də'vət edilir, burada muğamın sirlərini gənc nəslə açıqlayır. 1939-60-cı
illərdə Azərbaycan Dövlət Filarmoniyasında solist, ömrünün son illərində
isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyir.
S.Şuşinski ömrünün iyirmi ildən
artıq bir dövrünü (1943-65-ci illər) Asəf Zeynallı adına Musiqi
Məktəbində gənc nəslə muğam sənətinin əsrarəngiz sirlərini öyrətmişdir.
H.Rzayeva, Y.Kələntərli, ə.əliyev, R.Muradova, Z.Xanlarova, İ.Rzayev
məhz S.Şuşinskinin tə'limindən bəhrələnmiş, onun xeyir-duası ilə
talelərini bu e'caskar, cazibəli olduğu qədər də mürəkkəb olan sənətə
bağlamışlar. Bu is yalnız Azərbaycan musiqisinin incə çalarlarını,
mə'na dərinliklərini, muğamların mahiyyətini bilənlərə müyəssər
olmuşdur.