AZӘRBAYCAN MUSİQİSİNİN         
TARİXİ YARANIR       
Ülkәr TALIBZADӘ           
English
1   2   3   4  
         

әr hansı fәnnin mükәmmәl nәzәriyyәsini yaratmaq üçün onun tarixini öyrәnmәk, köklәrini araşdırıb üzә çıxarmaq zәruridir. Tarixi bilmәdәn, tarixә istinad etmәdәn, onu tarixlә bağlamadan hәmin fәnnin nәzәri, estetik, fәlsәfi problemlәrini dә tәdqiq etmәk mümkün deyil. Bu mә'nada әmәkdar incәsәnәt xadimi, sәnәtşünaslıq doktoru, professor Zemfira xanım Sәfәrovanın bu yaxınlarda çapdan çıxmış "Azәrbaycanın musiqi elmi" /XIII-XX әsrlәr/ monoqrafiyasının әhәmiyyәti әvәzsizdir. 20 ildәn artıq ağır vә mәqsәdyönlü tәdqiqatın, qızğın elmi axtarışların bәhrәsi olan bu işin Azәrbaycanın hәqiqi müstәqillik qazandığı bir dövrdә, tarixinә, köklәrinә qayıtdığı bir dövrdә meydana çıxması qanunauyğundur, tәsadüfi deyil.

Uzun illәr әrzindә bir sıra obyektiv vә subyektiv sәbәblәr üzündәn Azәrbaycan musiqişünaslığında orta әsrlәrin musiqi tarixi, demәk olar ki, öyrәnilmәmişdi vә bu sahәdә yaranmış böyük boşluq Azәrbaycan musiqisinin tam mәnzәrәsini vermәyi çәtinlәşdirirdi. Qara Qarayev, Fikrәt әmirov, Niyazi kimi böyük sәnәtkarlar öz mә'ruzә vә çıxışlarında dәfәlәrlә bu barәdә danışmış vә Azәrbaycan musiqişünaslığının әn ümdә vәzifәlәrindәn biri kimi vurğulamışlar. Zemfira Sәfәrova öz fundamental ciddi tәdqiqatı ilә bu boşluğu doldurmuş vә Azәrbaycan musiqişünaslığının son dәrәcә mühüm vә maraqlı sahәsi olan "Azәrbaycanın musiqi elmi" mövzusu üzrә aparılacaq yeni tәdqiqatlara yol açmışdır. Tәdqiqatın mövzusunun çox böyük bir dövrü әhatә etmәsi /XIII-XX әsrlәri/, orta әsrlәr musiqi elmi tarixindә olan çoxsaylı ağ lәkәlәr işin diqqәt mәrkәzinә qoyulan mürәkkәb problemlәrin tәdqiqindә müәyyәn çәtinliklәr yaradırdı. Eyni zamanda, belә mövzuyla mәşğul olan mütәxәssis şәrqşünaslıq, tarix, filologiya, mәnbәşünaslıq vә elmin digәr sahәlәrindә dә geniş erudisiyaya malik olmalı idi. Mәhz şәxsi tәşәbbüskarlığı, ardıcıl elmi araşdırmaları alimә bu ağır vәzifәnin öhdәsindәn gәlib, yüksәk sәviyyәli әsәr yazmağa imkan yaratmışdır. Z.Sәfәrova әsәrindә orta әsrlәrdә yaşayıb yaratmış üç böyük musiqi nәzәriyyәçisi - Sәfiәddin Urmәvi, әbdülqadir Marağai vә Mir Möhsün Nәvvabın elmi irsini ilk dәfә olaraq ilk mәnbәlәrdәn tәdqiq etmiş vә onların әn'әnәlәrinin parlaq davamçısı olan dahi Ü.Hacıbәyovun yaradıcılığının nәzәri vә estetik әsaslarını araşdırmış, alınan mühüm elmi-nәzәri nәticә vә ümumilәşdirmәlәri oxuculara tәqdim etmişdir. әsәrdә musiqi elminin inkişafında müәyyәn xidmәtlәri olan, Urmәvi vә Marağainin XIII-XIX әsrlәrdә yaşayan bir sıra musiqişünas sәlәflәrinin yaradıcılığı barәdә dә mә'lumat verilmiş vә bu da öz-özlüyündә Azәrbaycan musiqi-nәzәri fikir tarixinin dolğun şәkildә işıqlandırılmasına sәbәb olmuşdur.

Müәllif orta әsr alimlәrinin nәzәri fikirlәri, elmi nailiyyәtlәri ilә yanaşı mövzunun tarixi aspektini izlәmiş, alimlәrin yaşadıqları dövr, fәaliyyәt göstәrdiklәri mühit haqqında, hәyatlarının ayrı-ayrı faktları barәdә maraqlı mә'lumatlar vermişdir.

Yeri gәlmişkәn, demәliyik ki, bu il mayın 16-da Nizami adına Azәrbaycan әdәbiyyatı Muzeyindә, respublikanın adlı-sanlı alimlәri, mәdәniyyәt işçilәri, musiqi xadimlәri, ziyalılarının iştirakı ilә keçirilәn tәntәnәli tәqdimat mәrasimindә "Azәrbaycanın musiqi elmi" әsәrinin bir çox dәyәrli, qiymәtli xüsusiyyәtlәrindәn biri kimi onun çoxaspektliliyi dә xüsusi vurğulandı. әsәr haqqında fikir söylәyәnlәr qeyd etdilәr ki, burada elmi tәdqiqat prosesinin musiqi-nәzәri, estetik, tarixi, fәlsәfi, tәcrübi profillәri çox harmonik şәkildә bir-birilә әlaqәyә girmiş, bir-birini tamamlamış vә bunun nәticәsindә tәkcә Azәrbaycan musiqi elmini deyil, hәm dә Azәrbaycanın musiqi tarixini әks etdirәn ilk әsaslı monoqrafiya yaranmışdır. Bütün bunlarla yanaşı tәdqiqat zamanı Azәrbaycan musiqişünaslığında az işlәnmiş çox ciddi mәnbәşünaslıq işi aparılmışdır. Belә ki, orta әsrlәrә mәxsus risalәlәrin vә onların müxtәlif nüsxәlәrinin xarici ölkәlәrin kitabxana vә arxivlәrindәn toplanması, tәrcümәsi, şәrhi, hәmin mәnbәlәrin saxlandığı kitabxanalar vә şәxsi kolleksiyalar barәdә dә әtraflı mә'lumatlar verilmişdir.


1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site