Bəstəkarlarımızın
simfoniyaları və başqa sanballı əsərləri, yaxud da musiqi araşdırıcılarımızın
tutumlu elmi kitab və monoqrafiyaları indiyədək ancaq KİV yolu ilə
ictimaiyyət tərəfindən tanınıb. Əlbəttə, əgər "səbəbkar" bunun "qayğısını"
özü çəkirsə. Nəhayət, son zamanlar gündəlik çıxan dövrü mətbuatda
musiqi sənəti qalmaqallı və, hətta rüsvayçı materialların mövzusuna
çevrilib. Və bu materiallarda estrada "ulduzlarının" və hətta ölkəmizin
xaricində tanınmış bəstəkarın - Azərbaycan Bəstəkarlar İttifaqı
üzvünün adları hallanır. Əlbəttə, inandırıcı olmasa da, hər halda
tanınmış musiqi sənətçisi də insandır və onun da şəxsiyyətində çatışmazlıqların
yoxluğu mümkünsüzdür. Və, yəqin ki, bəstəkarlarımız və ifaçılarımızın
yaradıcılıq gedişləri və yaradıcılığın gedişi və mahiyyəti, tənqidi
yazıların keyfiyyəti və elmi səviyyəsi haqqında yüksək duyğulandırıcı
düşüncələr açıqlamaq daha maraqlı olardı.
Biz hamını qarşısıalınmaz
ekoloji faciəyə sürükləyən burulğana düşmüşük. Özü də musiqinin
hər bir insanın və bəşəriyyətin özünüqoruma və özünüdağıtma fəaliyyətində
iştirakı və yerini bilə-bilə. Biz (bir sıra humanitar təşkilatların
inadla təsdiqlədiyi kimi) təbiətin ekologiyasını onun çapıb-talanması
və dağıdılması, insanın ekologiyasını isə insan üçün rahatsız və,
hətta, dözülməz şərait yaradılması ilə bağlayırıq. Çox yazıqlar
olsun ki, insan ekologiyası işlənərkən mədəniyyət ancaq sözdə, "boğazdanyuxarı"
nəzərə alınır, musiqini saya salan, adını çəkən belə tapılmır. Bu
isə olduqca cəfəng və qəribədir, çünki musiqinin, ayrı-ayrılıqda
hər bir insanın və bütövlükdə cəmiyyətin mə'nəvi və fiziki sağlamlığına
tə'siri danılmaz və olduqca əhəmiyyətlidir, daha doğrusu, heç nə
ilə müqayisə olunmazdır. Hələ lap ən əski zamanlardan insan ruhu
və bədəninin müalicəsində musiqidən məqsədyönlü şəkildə faydalanmışlar.
Çağdaş, bugünkü
Bakının Musiqi mühiti haqqında nə demək olar? Radioqəbuledicilərdən,
televizorlardan, maqnitofonlardan, habelə çimərliklərdə, qatarlarda
və təyyarələrdə, alver yerlərində saysız "səs mənbələrindən" bar-bar
bağıran "səs məhsullarını" öyrənən, araşdıran varmı? Səsli bəd'heybət
əcaibliklərin yığın-yığın qalaqlanması, əsil mədəniyyətin mə'nəvi
dəyər kimi, mən deyərdim, bilərəkdən inadla və həyasızcasına gözdən
və hörmətdən salınması, sonucda səs mühitinin üfunətli dərəcədə
çirklənməsinə, musiqi anlamının səs-küy anlamı ilə əvəzlənməsinə
gətirib çıxarır. Artıq bu oğrun-oğrun yaxınlaşan təhlükə deyil,
bizə sırınmış ŞƏRİN özüdür!
Bəli, problemlərimiz
çoxdur və saymaqla qurtarmaz. Lakin onlar həll edilə biləcək problemlərdir.
Bu xeyirxah məqsədlə biz ilk növbədə dinləməyi, oxuyub düşünməyi,
eşitdiklərimizi və yazılanları, nəhayət, biri-birmizi anlamağı bacarmalıyıq.
Sadəcə olaraq düzgün başa düşüb anlamağı. Özü də heç kim və heç
nə haqqında xəyala qapılmadan, bu, yaxud digər müəllifin kiminləsə
"dostluğu", arxasında kiminsə durduğu, yaxud onun dünən "kiminlə
çörək kəsdiyi" haqqında ara sözlərinə qulaq asmadan və fal açmadan...
Bu işimizin ilkin, başlanğıc özülüdür. Və bu işdə prinsipiallıq
və inandırıcılıqla yanaşı, diqqət və qayğıkeşlik gərəkdir. Və bu
sadalananlar sizinlə bizim işbirliyimiz və sözbirliyimizdən asılıdır.
Beləliklə, "Musiqi
dünyası"nın qapıları hamının üzünə taybatay açıqdır. Redaksiyamız
Azərbaycan Musiqi mədəniyyətinin taleyinə, - istər əski, istər çağdaş
olsun, - biganə olmayanları hamılıqla jurnalın biçimlənməsində və
gələcək yaşamında fəal iştiraka də'vət edir. Bugünkü durumda, müstəqilliyimizin
e'lan olunduğu və dövlətçilik atributlarının, - prezident, dövlət
himni, bayrağı və dili, ordu və dövlət sərhədlərinin varlığı şəraitində
musiqi (həm də qeyri-musiqi!) ictimaiyyətimizin birliyi və həmvətənlərimizin
fəal dialoquna tələbat, fikrimizcə, heç də azalmayıb. Əksinə! Siyasət
və iqtisadiyyatda qeyri-adi olaylar zəminində mədəniyyətin birləşdirici
vəzifə daşıyıcılığı haqqında rə'y getdikcə daha artıq dəyərləndirilir.
Mə'nəvi birliyimiz milli mədəniyyətimizi və onun ümumbəşəri mədəniyyətdə
yerini daha dərindən, daha gözəl və məqsədyönlü duyub dərk etmək
imkanı yaradır. Bu mə'nəvi birliyi, doğmalığı, yaxınlığı dərindən
duyub anlamaq, bəşəriləşdirərək onun imkanlarını dolğunluğu ilə
açıqlamaq üçün ilk növbədə qarşılıqlı maraq və xeyirxah məramlı
ünsiyyət lazımdır. Gəlin, həqiqət aramaqda bir-birimizə arxa olaq.
Gəlin xeyir və gözəlliyə doğru, sənət fədailiyində, sənət yanğısında
öz mə'nəvi qüvvələrimizi birləşdirək.
Tariyel Məmmədov