...ƏGƏR ONLAR DA TAMAMLANSAYDI... "YAŞASAYDI"


Sərdar FƏRƏCOV           

(Ü.Hacıbəyovun namə'lum və yarımçıq qalmış bə'zi əsərləri haqda düşüncələr)

aranan əsər, öz fikirlərini başa çatdırıb son nöqtəni qoyan müəllifin böyük sevinci, mə'nəvi rahatlığı ilə yanaşı, həm də mühüm tarixi aktdır. əlbəttə bu aktın "mühümlüyü" və "tarixiliyi" əsərin dəyər və miqyasından asılı olaraq mübahisə obyekti kimi də qəbul edilə bilər. Lakin yaranmış və tamamlanmış əsərlərin, natamam və yaranmayan əsərlərdən üstünlüyü ondadır ki, onlar istər müəllifin, istər zəmanəsinin müəyyən kəsiyinə, bu kəsikdə baş verən ictimai, siyasi, psixoloji hallara, cərəyanlara, müxtəlif proseslərin axarına güzgü tutur, müəyyən anlamda bə'zi olayları özünə hopdura bilir. Bitməmiş və namə'lum əsərlər isə daim təəssüf, sual, ehtimal, mübaliğə, kinayə və s. bu kimi hisslər doğursa da, son nəticədə bədii və ya elmi yükünü sona yetirməyən, vəzifəsini axıracan icra etməyən fikir impulslarının məcmusundan başqa bir şey deyildir. Bəs tamamlanmış, sona yetmiş əsərin müəllif tərəfindən yandırılması, məhv edilməsi və ya digər səbəblərə görə yoxa çıxması hallarına hansı fikirləri şamil etmək olar?

Qəribədir, bütün sadaladığımız hallar, vəziyyətlər Üzeyir Hacıbəyovun yaratdığı əsərlərin taleyində bu və ya digər formada öz əksini tapıb. Onlardan bə'zilərini yada salaq.

1908-ci il, 25 yanvarda "Leyli və Məcnun" operasının ilk tamaşasından sonra gələn şöhrət, uğur, müvəffəqiyyət Ü.Hacıbəyovu yeni əsərlər yazmağa ruhlandırır.

1909-cu ilin 30 noyabrında tamaşaya qoyulan "Şeyx Sən'an" operası isə sonralar bir daha oynanılmadı. Halbuki o dövrün bir sıra qəzetləri "Həqiqət", "Səda", "Reklam" və s. bu operanın musiqisini "çox gözəl, mükəmməl musiqi ilə tərtib olunmuş", "e'cazkar musiqi" və s. bu kimi təşbehlərlə qiymətləndirsələr də - ümumən əsər dinləyicilər tərəfindən qəbul edilməmiş və müəllif əsəri məhv etmişdir. əsərin uğursuz taleyinin səbəbini librettonun zəif yazılmasında görənlər də var. Bə'zi mə'xəzlərdə Ü.Hacıbəyovun "Şeyx Sən'an" operasını yenidən işləyib-təkmilləşdirmək arzusunda olduğu bildirilir. Lakin bu hadisə də baş vermədi - halbuki operanın yazıldığı ildən sonra bəstəkar hələ 40 il ömür sürəcəkdi. Uzun illər Ü.Hacıbəyovla birgə çalışmış, onun köməkçisi olmuş Ramazan Xəlilov xatırlayırdı: "Şeyx Sən'an" operası barədə Üzeyir bəydən soruşmuşdum: "Üzeyir bəy, necə oldu ki, bə'zi tənqidlərə görə 5 pərdəli böyük operanı məhv etdiniz?" Sualın cavabında Üzeyir bəy demişdi: "Şeyx Sən'an" operasını yazarkən mən "Leyli və Məcnun"dan fərqli olaraq daha irəli bir addım atmaq istədim. Yə'ni opera sırf Avropa üslubunda yazılmışdı; ariyalar, ansambllar, duetlər və s. musiqi nömrələri müsəlman dinləyicisi üçün çox çətin qavranıldı. Halbuki rus, yəhudi tənqidçiləri bundan razı idi. Ancaq xalq bu operanı qəbul etmədi. O ki qaldı musiqinin məhv edilməsinə - o məhv olmadı. Məhv edilən kağızlar idi. Musiqi isə mənim beynimdə idi. "Şeyx Sən'an" operasının musiqilərindən bə'zi parçaları mən sonradan "Arşın mal alan"da və "Koroğlu"da istifadə etdim..."

Ü.Hacıbəyovun 1915-ci ildə bəstələdiyi "Harun və Leyla" operasının da taleyi faciəli oldu. Beş pərdəli operanın klaviri tamamlanmış, fəqət premyera günü ərəfəsində deyilənə görə guya məhv edilmişdi. Yenə suallar, yenə ehtimallar, yenə sirli müəmmalar...

Ümumiyyətlə, 1917-25-ci illər Üzeyir Hacıbəyovun musiqi yaradıcılığında nisbətən az məhsuldar dövr kimi qiymətləndirilir. Lakin əslində bu dövr Üzeyir bəyin bir publisist, maarifçi, pedaqoq və ən nəhayət yetkin ictimai və siyasi xadim kimi yüksəlişi dövrüdür. 1918-20-ci illər Ü.Hacıbəyov həyatında xüsusilə əlamətdardır. Mə'lumdur ki, hələ 1918-ci ilin martında Bakıda bolşeviklərlə erməni daşnaklarının birgə sə'yi nəticəsində dinc əhaliyə qarşı cinayətkar soyqırımı həyata keçirilirdi. Vəziyyət günü-gündən pisləşirdi. Bunları görən və milli ziyalılarımızı, mədəniyyət, incəsənət xadimlərindən bir qrupunu gözlənilən faciələrdən qurtarmaq üçün N.Nərimanov Ü.Hacıbəyova və onun rəhbərlik etdiyi teatr truppasına müvəqqəti İrana köçməyi israr etdi. Doğrudan da, 1918-ci il iyun-sentyabr ayları İranda olduğu zaman Bakıda Üzeyir bəyin yaşadığı məhəllədə növbəti erməni gülləbaranında bəstəkarın evi də yandırıldı və külli miqdarda əlyazması, əsərləri və qiymətli sənədlər məhv oldu. Bəlkə bu gün sorağında olduğumuz neçə-neçə opera, operetta və s. əsərlərin nişanələri həmən mənfur erməni gülləbaranında güdaza getdi.

Bütün bunlara baxmayaraq o dövrün mətbuatından mə'lum olur ki, Ü.Hacıbəyov 1918-20-ci illərdə bir neçə diqqətəşayan əsərlər yaradıb. Pantürkist ruhlu "Milli marş", "Azərbaycan marşı", "Azərbaycan" və "Dağıstan" balet miniatürləri o dövrün məhsullarıdır. Lakin bu əsərlərdən də bu günümüzə ayrı-ayrı parçalar, variantlar gəlib çıxmışdır. Doğrusu, 10 il əvvəl Azərbaycanın musiqi ictimaiyyəti "Milli marş", "Azərbaycan marşı", "Çırpınarkən qara dəniz" əsərlərindən xəbərsiz olduğu halda, qardaş Türkiyədə bunlar nəşr edilir, ifa olunurdu. Bu əsərlərin 70-80-il öncə hansı vasitə ilə Türkiyəyə gedib-çıxması, bu günümüzə qədər yaşaması, əlbəttə, başqa bir yazının mövzusu ola bilər.

Çox az oxuculara mə'lumdur ki, hələ 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının rəsmi dövlət himni üçün keçirilən müsabiqədə Ü.Hacıbəyovun "Milli marş"ı I mükafata layiq görülərək 15000 rubl məbləğində pul ilə təltif olunmuşdu. əsər ilk dəfə səslənərkən hökumət ərkanı ayaqüstü onu dinləmişdir. /"Azərbaycan" qəzeti, 14 noyabr 1919/. 1920-ci il aprel çevrilişindən sonra "Milli marş" qadağan olunmuş, not materialları itirilmişdi. Bu əsər haqda ilkin variant 1966-cı ildə türk musiqişünası Etem Üngörün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabından aşkar olunmuşdur. Lakin sonradan Ramazan Xəlilovun sə'yi ilə əsərin ilkin klaviri və bə'zi orkestr səsləri əldə edilmişdi. əlbəttə, bu böyük qələbə idi, çünki artıq unudulmuş, yaddaşlardan silinmiş, lakin özündə dərin ictimai, siyasi, mə'nəvi mə'na və əhəmiyyət yaşadan tarixin parlaq bir səhifəsi yenidən oxundu. Bu gün respublikamızın himni e'lan edilmiş "Azərbaycan marşı" da 1919-cu ildə Ü.Hacıbəyovun bəstələdiyi və o illər hər səhər məktəblərdə, hərbi hissələrdə gənclərin şövqlə oxuduğu daha parlaq bir əsərdir. Bu iki marş haqda bu sətirlərin müəllifi hələ 1989-cu il 14 iyul tarixli "ədəbiyyat və incəsənət" qəzetində daha müfəssəl olaraq "Üzeyir Hacıbəyovun iki marşı" məqaləsində yazmışdır.

Bu günə kimi mübahisə, ehtimal, tərəddüd doğuran məsələlərdən biri də Üzeyir bəyin "Koroğlu" operasından sonra neçə opera üzərində işləməsi ilə bağlıdır. Yadımıza salaq ki, Ü.Hacıbəyov "Koroğlu"dan əvvəl "Şahnamə" mövzusunda "Dəmirçi Gavə" adlı opera yazmaq niyyətində idi. Hətta M.S.Ordubadiyə operanın librettosunu yazmağı xahiş edir və müəyyən müddət birgə çalışırlar.

Lakin Heydər İsmayılovun "Koroğlu" dramı ilə tanış olduqdan sonra, əsil milli qəhrəman kimi Koroğlu obrazının opera mövzusuna daha yaxın, daha layiq olduğunu dərk edir və yenə M.S.Ordubadi ilə bu mövzunu işləməyə başlayır.

Qeyd etməliyəm ki, Üzeyir bəy ən böyük əsəri olan "Koroğlu" operası üzərində 5 ilə qədər çalışır. Lakin bu gün bəstəkarın operaya daxil etmədiyi nə qədər gözəl musiqi parçaları vardır! Bunlardan "Çənlibel" xorunun I variantı, simfonik rəqslər artıq bitkin əsər kimi də qəbul edilə bilər. /Qeyd edilən bu əsərlər Ü.Hacıbəyovun xatirə muzeyində qorunur/. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası zamanı İ.Stalin "Koroğlu" operasına iki dəfə baxmış, əsər haqqında müsbət təəssüratını və rə'yini Üzeyir bəyə şəxsən bildirmişdi. Üzeyir bəy üçün olduqca həyəcanlı olan həmən anlarda söhbətə qoşulan Klim Voroşilov Üzeyir bəyə "Koroğlu" kimi qüdrətli daha bir cüt opera yazmağı tövsiyə edir. Bunu eşidən Stalin isə bir cüt yox, iki cüt belə opera yazmağı tapşırır. "Böyük rəhbərin" bu sözlərinin müqabilində nə demək olardı?

...Tezliklə mətbuatda Üzeyir bəyin "rəhbərlə görüşü" haqda həyəcanlı təəssüratları və yaxın gələcəkdə yazacağı 4 opera haqda ilkin planları öz əksini tapdı. Hətta müasir həyatdan bəhs edəcək həmin operaların təxmini mövzusu da qeyd olunurdu: əmək qəhrəmanlarından, mətin sərhədçilərdən, igid təyyarəçilərdən və s...

Lakin bu mövzular Üzeyir bəyin sənətkar təbiətinə o qədər yad idi ki, onun o zaman bu cür mövzularda yaradıcılıq işinə başlamasını ehtimal etmək belə düzgün olmazdı.

Buna baxmayaraq 1940-cı ildə Üzeyir bəy daha yeni bir opera mövzusunu düşünməyə başlayır. Daha ciddi, daha inamla. Dahi Nizaminin "İskəndərnamə" poemasının motivləri əsasında. Üzeyir bəy özü libretto yazmaq istəyir. Hətta bu barədə nüfuzlu şərqşünas, akademik "...Bertels ilə yazışır, məsləhətləşir, yazacağı mövzunun tarixi həqiqətlərini özü üçün aydınlaşdırır. Gözəl şairimiz əliağa Vahid isə librettonu nəzmə çəkmək üçün səfərbər olunur. Lakin tezliklə bu mövzu da Üzeyir bəyi qane etmir. Bütün ömrünü hərbə, qan tökməyə, cahangirliyə həsr etmiş bir fateh, Üzeyir bəyin ideallarından, sənətkar amalından, bəşəri düşüncələrindən uzaq idi. Beləliklə, daha bir başlanan iş davamsız qalır. Yəqin bir çoxları üçün yeni, gözlənilməz mə'lumat, Üzeyir bəyin "Dədə Qorqud" dastanları mövzusunda "Qaraca çoban" operasını yazmağa başlaması xəbəri ola bilər. Libretto müəllifi əli əsgərov idi. Lakin 40-cı illərdə "Dədə Qorquda" qarşı olan hücumlar Üzeyir bəyi bu fikirdən çəkindirdi.

...Ü.Hacıbəyovun opera janrında sonuncu ciddi işi kimi "Firuzə" operasının adını çəkmək olar. Bu operada, ilk operalarında olduğu kimi, Üzeyir bəy yenə mütləq müəllif idi. Yə'ni, həm libretto, həm musiqi, həm şe'rlər yalnız onun qələmindən çıxmışdı. Lakin bu əsər Üzeyir bəyin yaradıcılıqda tamamilə yeni bir mərhələyə qədəm qoymasını aşkarlayırdı. Libretto personajların cizgilərinin dəqiqliyi, aydınlığı ilə seçilir. Xeyir-şər, ağ-qara qütbləri əsil nağıl, əfsanə, əsatir xislətində təqdim olunurdu. Musiqi parçalarından tamamlanmış Firuzənin ariyası isə istər musiqi dili, istər orkestrovka baxımından Hacıbəyov yaradıcılığında ancaq onun özünə bəlli olan yeni, əlçatmaz sənət sirlərinə işarə vururdu.

Təəssüf ki, bu operanı da başa çatdırmaq Üzeyir bəyə müyəssər olmadı. Qırılan ömür yolu daha nə qədər əsərin yarımçıq, natamam qalmasına səbəb oldu. Artıq partiturası yazılan "Azərbaycan" simfonik poeması bu qəbil əsərlərdəndir. Lakin bu gün bizim üçün məchul aləmdə qalan təkcə bu əsərlər deyil. Üzeyir bəyin nə qədər iri həcmli xor və simfonik orkestr üçün bəstələnmiş, müxtəlif illərdə, müxtəlif mərasimlərdə ifa olunmuş əsərləri də bu gün namə'lum əsərlər sırasındadır. Yə'ni onların bəlkə də adlarından başqa bir nişanələri qalmayıb. Onlardan bə'zilərini xatırlayaq...

1) 1934-cü ildə - Firdovsinin 1000 illiyinə həsr edilən Kantata;

2) 1938-ci ildə - M.F.Axundovun 125 illiyinə həsr edilən Kantata;

3) İ.Stalinin şərəfinə yazılmış kantatalar;

4) Nizaminin 800 illiyinə yazılan kantata və i.a. Bu kimi əsərlərin bu gün olan-qalan nişanələrinin axtarılıb-tapılması, bərpa edilməsi, ifa olunması vacibdir.

Qocaman musiqiçilər xatırlayır ki, II Dünya müharibəsi zamanı Azərbaycan Dövlət Konservatoriyası müvəqqəti olaraq hərbi qospitala çevrilmişdi və konservatoriyanın bütün əmlakını başqa binaya köçürmək mümkün olmamışdı. Xüsusilə, notlar qorunan kitabxanadan, daha doğrusu, kitabxanada qorunan əlyazmaların, kitabların vərəqələrindən yaralı əskərlər maxorka eşmək üçün istifadə edirdi. Bəlkə də bu gün tarixi əhəmiyyət daşıya biləcək neçə əsər maxorka tüstüsüylə havaya sovrulub. Tarixin qəribə təkrarları var. Hələ makedoniyalı İskəndərdən, xəlifə Ömərdən, əmir Teymurdan, Napoleondan, Hitlerdən üzü bəri yazılanlar odlara yaxılır, yarananlar məhv edilir, ancaq nəsə yenə yaşayır, səngiyən kül ocağa, ocaq-oda, od-böyük bir tonqala dönür və kimin bəxtinə fələyin hansı gərdişi düşür, kim hansı mərhələni yaşayır...

Tarixin ağlı-qaralı, qanlı-qadalı illərinin arxasından boy göstərən sənət inciləri, xüsusilə böyük sənətkarların natamam əsərləri daim diqqəti çəkir, tilsimə düşmüş nağıl qəhrəmanları kimi öz xilaskarlarını-tədqiqatçısını çağırır, gözləyir...

Bu həm də sonuncu sirli pərdədir - sənətkarın dəruni aləminə qədəm qoymaq üçün, gizli mə'nalara vaqif olmaq üçün onu qaldırmalısan.


GÜLÜŞ RUBRİKASI

...Sərdar Fərəcovdan üç kəlmə...

15 il ərziyndə Ü.Hacıbəyovun ev muzeyində çalışdığım müddət, çox adamlar görüb söhbət etmişəm və Üzeyir bəy haqda, onun yaşadığı dövr, mühit, yaxınları, dostları haqda bir çox əhvalatlar eşitmişəm. Xüsusilə, Ramazan Xəlilovdan eşitdiyim əhvalatlar daha çox yadda qalıb. Belə əhvalatların bə'zilərini qələmə almışam ki, yaddan çıxmasın. Onlardan bir neçəsini ilk dəfə çapa təqdim edirəm...

20.05.1999 il.

*  *  *

/Ramazan Xəlilovdan eşitdiyim/

I.

...Zülfüqar Hacıbəyov cavanlıqda çox kefcil olub. İçkini, kef məclislərini çox xoşlardı... Üzeyir Hacıbəyov "Azərbaycan" qəzetində işlədiyi vaxt /1919-1920/ bir gün redaksiyanın yaxınlığında yerləşən restorana /indiki S.Vurğun və Nizami küçəsinin kəsişdiyi bina/ nahar etməyə düşür. Elə yenicə nahara başlamışdı ki, bir də görür qardaşı Zülfüqar bəylə jurnalist, köhnə qəzet işçisi olan Məmmədəli Sidqi girdilər içəri, həm də bir balaca keflidirlər.

Əyləşirlər, yemək-içmək sifariş edirlər. Üzeyir bəy görür ki, qardaşı getdikcə lap keflənir, işi olduğunu bəhanə edərək restorandan çıxır.

Aradan 1-2 gün keçdikdən sonra təsadüfən Üzeyir bəylə Məmmədəli Sidqi küçədə rastlaşır. Üzeyir bəy: - Məmmədəli, o gün əhvalat nə ilə qurtardı? - deyə soruşur. Cavabında Məmmədəli:

-Əşşi, yaxşıca kef edirdik, amma onda ki, Zülfüqar bəy tapançanı çıxarıb, güllə ilə restoranın işıqlarını söndürməyə başladı, mən dəxi durmayıb qaçdım. Sonrası nə ilə qurtardı onu bilmədim - deyə cavab verir...

II.

...Bir gün Üzeyir bəy bir neçə nəfərlə ayaqüstü söhbət edirmiş. Bu zaman bir nazənin xanım onların yanından ötüb keçir. Üzeyir bəyin gedən xanımın ardınca zənnlə baxdığını hiss edən həmsöhbətlərindən biri:

-Bu nədir, Üzeyir bəy? Özün Məşədi İbadı lağa qoyursan, amma indi gedən xanımdan gözünü çəkə bilmirsən - deyə zarafat etmək istəyir.

Üzeyir bəy də zarafatından qalmır:

-Düz deyirsən, əgər haqq dünyası var isə Məşədi İbad orada mənim atamı yandıracaq.

*  *  *

Yaxın dostlarından biri Üzeyir bəydən soruşur:

-Üzeyir bəy, axı niyə sən Məşədi İbadı belə rüsvay etdin? 50 yaşlı kişi üçün cavan qıza evlənmək həvəsi təbii bir şeydir...

Üzeyir bəy gülümsəyib deyir:

..."Məşədi İbadı" yazan vaxtı mən cavan idim. 25 yaşım vardı və 50 yaş mənə çox qoca görünürdü. Amma indi özün 60-ı haqlamışam və başa düşürəm ki, kişini çox nahaq incitmişəm.

*  *  *

...Müharibə /II cahan/ illəri idi. Bütün xalq kimi opera teatrının solistləri də ərzaq sarıdan korluq çəkirdilər. Bir gün "Koroğlu" rolunu rusca ifa edən Azərb.SSR-in xalq artisti A.A.Drozdovun səhnədə taqətsiz olduğunu hiss edən Üzeyir Hacıbəyov onu yanına çağırtdırır və zəifliyinin səbəbini soruşur. Cavabında A.Drozdov ac olduğunu və bütün günü heç nə yemədiyini söyləyir.

Bu sözlərdən sarsılan Üzeyir bəy Mircəfər Bağırovun qəbuluna gedir, əhvalatı söyləyib artistlər üçün I kateqoriya ərzaq təchizatı tələb edir. Üzeyir bəyə həmişə hörmət edən və onun fikrilə razılaşan M.C.Bağırov bu haqda tezliklə sərəncam verir.

Bu əhvalatdan bir qədər sonra Üzeyir bəy opera teatrının digər solisti - Yaqub Rzayevə rast gəlir. Boğazını şərflə sarımış və yazıq görkəm almış Yaqubdan Üzeyir bəy soruşur ki, nə var, nə olub?

-Üzeyir bəy, vallah deməyə utanıram, amma deyəsən səsim batır... Həkimə də getmişdim. Dedi ki, sən gərək çoxlu yumurta içəsən, yoxsa səsin lap batacaq. Amma yumurtanı hardan tapım, çörəyi güclə tapırıq...

Yaqubun sözlərində sadəlövh hiylə olduğunu hiss eləyən Üzeyir bəy gülümsəyib deyir:

-Yaqub, xətrinə yumurta düşüb, başqa məsələ... bir təhər taparıq səninçün. Amma səsin batmağı, açılmağı yumurta ilə olsaydı, onda gərək toyuğun gerisi "Şahnaz" oxusun...