AÇILMAMIŞ SƏHİFƏLƏR:
Ədəbi bir qünü yada salarkan… L. Şirməmmədqızı |
|
urnalımızın bu sayında "Açılmamış səhifələr" rubrikası ilə böyük öndərimiz, alovlu publisist və jurnalist M.Ə.Rəsulzadənin "Əbədi bir gün" məqaləsini təqdim edirik. Məqalə 1914-cü il, mayın 11-də, "İq-bal" qəzetinin 649-cu sayında dərc olunmuşdur. Burada söhbət Azərbaycanın məşhur ziyalı nəsillərindən biri - Bədəlbəylilər nəslinin nüma-yəndəsi Bədəl Bədəl-bəylinin rəhbərlik etdiyi Altıncı rus-müsəlman məktəbində təşkil olunmuş ədəbi-bədii gecədən gedir.Xatırladaq ki, Bədəl Bədəlbəyli tanınmış musiqi və teatr xadimləri Əfrasiyab və Şəmsi Bədəlbəylinin atası, görkəmli pianoçu Fərhad Bədəlbəylinin babasıdır. Üzeyir Hacıbəyovun ən yaxın qohumlarından olan Bədəl-bəyli qardaşları - Bədəl, Mah-mud və Əhməd XX əsrin əvvəllərində təhsillərini başa vurduqdan sonra (Bədəlbəy müəllimlər seminariyasını bitirmişdi) Şuşadan Bakıya köçmüş, burada şəhərin tərəqqipərvər ziyalıları ilə dostlaşmış və geniş mədəni, tərbiyəvi işlə məşğul olmuşlar. Bədəlin və Mahmudun xalq maarifi sahəsində fəal çalışdıqları, ictimai konsert və teatr tamaşalarında iştirak etdikləri barədə o dövrün yerli mətbuatında xeyli xəbərə rast gəlmək mümkündür. Məsələn, 1903-cü ilin fevralın 10-da Tağıyev teatrında Ə.Haqverdiyevin "Tamah", həmin ilin iyul ayının 13-də yenə Tağıyev teatrında N.Vəzirovun "Döymə qapımı, döyərlər qapını" kimi əsərlərin tamaşalarında iştirakı qəzet səhifələrində qeyd olunmuşdur. "Kaspi"qəzetinin 1907-ci il 23 fevral 18-ci nömrəsində daha bir xəbərə rast gəlirik: yanvar ayının 20-də artistlər cəmiyyəti binasının salonunda böyük bir konsert verilmişdi ki, bu konserti təşkil edən Bədəlbəy idi. Konsertin maraqlı cəhətlərindən bir o idi ki, gecədə uşaqlardan ibarət bir xor dəstəsi iştirak edirdi. Qubad Qasımovun mülahizəsinə görə, bu xor dəstəsi Bədəlbəyin rəhbərlik etdiyi Altıncı rus-müsəlman məktəbinin şagirdlərindən ibarət olmuşdur. Ümumiyyətlə, haqqında söhbət açılan bu məktəb o dövrdə Bədəlbəy məktəbi kimi məşhur idi. Məktəbin binası indiki Vaqif küçəsində yerləşirdi. M.Ə.Rəsulzadənin məqaləsində məktəbin keçirdiyi tədbirlərdən biri-iki hissədən ibarət ədəbi-bədii-musiqili məclis barəsində heyranlıqla danışılır. Müəllif incə zövqlə tərtib edilmiş gecəni, şagird və müəllimlərin istedadlı çıxışlarını yüksək qiymətləndirir. Tədbirdən xüsusi həzz alan böyük öndərimiz hətta, "keçən cümə günü dəxi ömrümün bəxtiyar günlərindən ədd edəcəyəm" deyir. Zənnimizcə, 86 il bundan öncə qələmə alınmış bu yazı XX əsr Bakısının mədəni ab-havasını hiss və dərk etmək baxımından, maarifçilik tariximizin salnaməsini bərpa etmək nöqteyi-nəzərindən çox dəyərli və maraqlıdır. ƏBƏDİ BİR GÜN Altıncı rus-müsəlman məktəbində keçən cümə günü ədəbi və mənəvi bir ziyafətə dəvət olunmuşdum. Bu ziyafəti 6-cı rus-müsəlman məktəbinin şagirdləri veriyorlardı. Məzkur məktəb heyəti-müəllimini mərifəti ilə şagirdləri tərəfindən vücuda gətirilən bu ədəbiyyat günü bu vaxta qədər gördüyüm bu qəbil məclislərin ən mükəmməli idi. Günün proqramı olduqca mütənəvve1, maraqəngiz və təbii bir surətdə tərtib verilmişdi. Proqram iki məclisdən ibarət idi. Hər məclis bu günə məxsus hazırlanan müvafiq səhnədə icra olunur və uşaqların müctəma2 və münfərid3 oxuduqları nəğmələr, şerlər, hekayə və lətifələrdən ibarət idi. Və oxunan nəğmə və şerlərin, oylə də hekayə və lətifələrin məzmunu, məna və təbiiliyincə uşaqların zehninə, tamaşaçıların zövqünə müvafiq gəldiyi kimi, ifadə olunan dili də sadə və sadəliyi ilə bərabər ədəbi idi. Müxtəlif muğamat üstündə sırf bu günə, məktəbə, elm və mərifətə, xülasə mövzuca hal və mövqeyə münasib inşad olunan nəğmələrin məzmunu məktəb müəllimi-müqtədiri Ağaəli Qasımovundur. Özləri də proqramın gözəl aparılmasını idarə ediyorlardı. Bu nöqteyi-nəzərdən bu günə başqa bir təbirlə Qasımov günü də deyilə bilər. Nəğmələr, şerlər və lətifələrdən bəziləri rusca, əksəri isə türkcə oxunuyordu. Onlardan əlavə hər məclisin axırında qayət faydalı, yenə məzmunu məktəbli bir uşaq zövq və təbinə müvafiq bir məzhəkə oynanıyordu. odevilin baş rolu çoban Dursunu oynayan Abbasov Kazım məşhur komikimiz Mirzağa Əliyevi o qədər kopiyə ediyordu ki, gəl görəsən... Günün bilcümlə iştirak edənləri yaxşı idilər məəmafe aralarında bir neçə qoçaqları vardı ki, tamaşaçılara fövqəladə hüsn təsir etdilər. Bunun nəticəsində də alqışlana-alqışlana nömrələrini ikinci dəfə təkrar etdilər. Böylə müvəffəqiyyətə nail olanlara "Qaranquş balaları" mənzuməsini oxuyan 2-ci şöbə şagirdi Ağayev Allahverdi, "Küçə uşağı" şerini oxuyan 3-cü şöbənin şagirdi Məhəmmədov Əlihüseyn və Sabir mərhumun "Ana və oğul" deyişməsini gözəl bir surətdə icra edən 4-cü şöbə şagirdləri Kazımov İskəndərlə Babayev Süleyman idilər. İkinci qismdə düdük balaban çala-çala şikəstə, segah oxuyan qoçaqlar da alqışlandılar. Nədənsə bu gözəl musiqi istedadı göstərən şagirdlərin adları proqramda göstərilməmişdir. Xülasə bu günkü mühassən zərafəti, milli və təbii gözəlliyi sadalamaqla qurtarmaz. Mən öz nəfsimə o qədər məmnun qaldım və o qədər bu gözəl məclisə valeh oldum ki, əgər mümkün olsaydı ömrümü başdan-başlar böylə həyat və fəaliyyətilə sərşar olan məktəblərə davamla özümü bəxtiyar ədd edərdim. Keçən cümə günü dəxi ömrümün bəxtiyar günlərindən ədd edəcəyəm. Bunun təşəkkürünü də məktəb heyəti-müəlliminə təqdim ediyoram. Altıncı rus-müsəlman məktəbi Bədəlbəy Bədəlbəyovun təhti nəzarətindədir. Mövqecə şəhərin lap kənarında, xüsusi şəhər binasında vaqedir. Şəhərin ya mərkəz mədəniyyətindən uzaq olmasına rəğmən cümə günkü məclisi-ədəbi ilə məktəb özünün mənən nə qədər mədəniyyətə baqi və ruhi-mədəniyyət və maariflə nə əndazə pəri-həyəcan olduğunu, rəna bir surətdə isbat etdi. Sağ olsun müəllimlər! Məclislər arasında müddəvin məktəbin böyük salonunda qurulan çay süfrəsinə dəvət olundular. Müddəvin əksəriyyətlə müəllimələrlə müəllim-lərdən və sair maarifməndlərdən ibarət idi. Məhəllə əhlindən dəxi bəziləri görünüyordu. Uprava maarif dairəsinə mənsub olan zatlardan da bəziləri hazır idilər. Məktəbin naziri4 Bədəlbəyov hazıruni istiqbal və təşyi5, buyurduqları kimi məktəbi - ibtidaiyyə naziri Soltanməcid Qənizadə həzrətləri də qonaqlar haqqında ayrıca bəzl - iltifat6 və təvəccöh7 buyurmaqda idilər. M.Ə.RƏSULZADƏ "İqbal" qəzeti, N649, 11 may 1914 1. mütənəvve - müxtəlif 2. müctəma - toplanmış, birləşmiş 3. münfərid - tək başına, sərbəst 4. nazir - burada müdir mənasındadır 5. təşyi, - yola salma 6. bəzl-iltifat - bağışlar etmək 7. təvəccöh - rəğbət, meyl |