AÇILMAMIŞ SƏHİFƏLƏR:        
Üzeir Hacibyovun
«Azərbaycan xalq musiqisinin       
əsasları» elmi əsərinin yaranma tarixinə dair       



N. Şəfiyeva           

4 il öncə, 1945-ci ildə milli professional musiqimizin banisi dahi bəstəkar Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elmi-nəzəri əsərinin işıq üzü görməsi musiqi ictimaiyyəti tərəfindən bir hadisə kimi qarşılandı.

Bəstəkarın elmi irsinin və ümumən Azərbaycan musiqi elminin ilk zirvə əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabı, milli lad-nəzəriyyə elminin formalaşmasında mühüm fundamental mən-bə olmuş, onun inkişafı prosesinə zəmin yaradaraq, yeni tədqiqatlara yol açan təkan amilinə çevrilmişdir.

Ü.Hacıbəyov, birinci olaraq, milli məqamlarımızı müasir musiqi elmi əsasında tədqiq edərək sistemləşdirmiş, özünün lad konsepsiyasını yaratmağa müvəffəq olmuşdur.

Lad konsepsiyası kontekstində lad-nəzəri qanunauyğunluqlarının tətbiqetmə məsələləri ilə yanaşı, bəstəkar-alimin yenilikçi fikir-düşüncələri, müasir elmi-nəzəri baxımdan öz aktuallığı, uzaqgörənlik mövqeyilə heyrətamizdir.

Son 25 il ərzində Ü.Hacıbəyovun elmi irsinə dair müxtəlif aspektlərdə elmi-nəzəri, elmi-metodiki əsərlər yaranmış, işlənmələr dərc edilmişdir.1

Sirr deyil ki, musiqişünaslarımızın Ü.Hacıbəyovun lad nəzəriyyəsinə olan maraq və diqqətinin başlıca səbəbi milli musiqişünaslığın hər bir sahəsinin lad məsələləri ilə bağlılığıdır.

Hal-hazırki məqalədə əsas diqqət Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elmi-nəzəri əsərinin yaranma tarixi mövzusuna yönəldilmişdir və qarşıdakı məqsəd, kitabla bağlı bəstəkarın elmi fəaliyyətinin işıqlandırılmasından ibarətdir.

Hələ 1917-ci il çevrilişindən əvvəl Azərbaycan xalq musiqi yaradıcılığı janrlarının hərtərəfli tədqiqinə başlayan Ü.Hacıbəyov, əsərin yazılışına qədər geniş hazırlıq işləri aparmışdır. Kitabın üzərində 20 ildən artıq işləyən bəstəkar böyük təcrübə məktəbini, çətin və tərəddüdlü axtarışlar yolunu keçərək, yaradıcılıq nailiyyətlərini, yenilikçi nəticələrini elmi-nəzəri prinsiplərlə əsaslandırmışdır.

1920-ci ilədək altı muğam operasının, operetta və iki musiqili komediya müəllifi olan bəstəkar daxili duyumuna istinadən, Şərq-Avropa sintezləşmə xətti ilə əldə olunan, hələ çox bəsit, lakin yeni imkan vasitələrini əsərlərində tət-biq etməyə çalışırdı.

Ü.Hacıbəyovun yaradıcılığında, bəstəkarlıq fəaliyyətinin üstünlüyünü təşkil edən 1908-1920-ci illər dövrü, həm də elmi potensialının toplanılması prosesi illəri kimi səciy-yələndirmək düzgün olardı. Məhz yaradıcılığının bu dövrü bəstəkarın musiqi-dil-üslub konturlarının müəyyənləşməsi ilə əlaqədardır. Bunun müqabilində, ilkin yaradıcılıq müşahidələrinin nəzəri ümumiləşmələri bəstəkar-alimin məqalələrində öz əksini taparaq, "Azərbaycan xalq musiqisinin əsasları" üçün hazırlıq materialı zəminini yaratmışdır.

Maraqlıdır ki, hələ 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində yaranan Şərq Musiqisi şöbəsinin musiqi seksiyasına rəhbərlik edən Ü.Hacıbəyov "Şərq musiqisi", "Türk xalq musiqisinin əsasları" və i.a. mövzularında məruzə və müsahibələrlə çıxış edirdi.2

"26-lar" teatrında təşkil olunan məruzəyə Nəriman Nərimanov dəvət olunmuşdu. Səhərisi günü həmin məruzə rus dilində təkrar oxunulmuşdu.

Şərq musiqi şöbəsinə aid məruzədə "Şərq musiqisinin həqiqi musiqi səviyyəsinədək inkişaf etməsi, onun yalnız Avropa musiqi nəzəriyyəsi əsasında qurulması şərtilə mümkündür"...3 fikrini sürən Ü.Hacıbəyov qarşıda qoyulan məqsədə nail olmaq üçün praktiki tədbirlər haqda geniş söhbət açmışdı.

Növbəti çıxışında (6 iyul-1923) XMK4 nəzdindəki Bədaye Şurasının təşəbbüsü ilə bəstəkarın "Şərq musiqisinin əsasları" məruzəsi oxunmuşdu. İştirak edən musiqi mütəxəssisləri tərəfindən çıxarılan qərara görə "Üzeyirin {Üzeyir Hacıbəyov-k.m.} məruzəsi son dərəcə şayanidir. Bu günkü şərq musiqisinin həqiqətən halı Üzeyirin məruzəsində nəzəriyyat cəhətlərinə tamamilə müvafiqdir."5

Bu kimi rəylər bəstəkarın elmi fəaliyyətinin professional musiqiçi dairələr tərəfindən rəğbətlə qarşılandığını göstərir.

Ladlar üzərində tədqiqat işləri apararkən Ü.Hacıbəyov xalq musiqisi yaradıcılığının janrları sırasında, xüsusən muğama əsaslanmasını dəfələrlə qeyd etmişdir. Bəstəkarın fikrilə ifadə etsək - "Azərbaycan musiqisini öyrəndikdə, ondan istifadə etdikdə, muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir"6 tövsiyəsi həmişə aktualdır. "Lad sisteminin əsasını muğam sistemi təşkil edir" - birmənalı müddəa, lad nəzəriyyəsinin qanuni şərtlərindən biri kimi qəbul olunmalı aksiomadır.

Məhz bəstəkar - alim özünün lad konsepsiyasını muğam sisteminə istinadən yaratmışdır.

Ü.Hacıbəyov lad-muğam ilə paralel istiqamətdə qədim və zəngin çalğı alətimiz tarın üzərində araşdırmalar aparırdı. Tarixi ənənəyə əsaslanan Azərbaycan tarının və muğamların təmaslığı dərin köklərə söykənir. Musiqi elmi nöqteyi-nəzərindən Azərbaycan musiqisində səs sisteminin tədqiqi tar ilə bağlılığı ən ümdə səsalınma texniki-konstruksiya, akustik imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Bir-birilə təmas və asılılıq münasibətində olan muğam və tarın birgə araşdırmaları, "Azərbaycan xalq musiqisinin əsasları"nda lad-nəzəriyyəsinin müxtəlif aspektlərinə çıxış idi.

Bu xüsusda {6 iyul 1924 "Kommunist" qəzeti, N 124}7 XMK-nın təşkil etdiyi yığıncaqda, şərq aləti tar və Avropa aləti fortepianonun səs sistemləri arasında olan fərq xüsusiyyətlərinə dair müqayisəli təhlili Ü.Hacıbəyov aparırdı.

Tar haqda "Azərbaycan musiqisinin tərəqqisi" məqaləsində Ü.Hacıbəyov yazırdı: "...Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan muğamatın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına daxil edir..."8

1925-ci il Ü.Hacıbəyov lad-nəzəriyyə tədqiqatlarının strateji xəttini müəyyənləşdirir:

-"Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə, mən ancaq öz şəxsi müşahidələrimə, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum". Bununla belə aydın görünür ki, 1925-ci ildən tədqiqatın mövzu istiqaməti tam surətdə müəyyənləşdirilir, təhlil və araşdırmalar artıq elmi səviyyədə aparılır. Dəqiq müşahidələrin müqabilində, bəstəkar mühüm əhəmiyyət kəsb edən nəticəyə gəlir; Ü.Hacıbəyov yazırdı: "Azərbaycan xalq musiqisi bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir və tamamilə formalaşmış bir incəsənətdir..."9

"Sistemləşdirmə" üsul-qaydalarının "Azərbaycan xalq musiqisinin əsasları"nda tətbiqi bəstəkarın illər boyu apardığı təhlil və araşdırmalar yolunun mətləb-məqsədlərindən biri idi.

Musiqisi sərhədlərdən çox uzaqda səslənən, eyni zamanda qonşu xalqların musiqi həyatına maraq göstərən Ü.Hacıbəyov, bu sıradan Uspenskinin "Şeşmakom" adı ilə nəşr edilmiş Türküstan makomları ilə tanış olur. 11 fevral 1925-ci il "Kommunist" qəzetəsində N3410 makomların izahının verilməsi ilə kifayətlənərək, bu haqda özünün qənaətli rəylərini bildirir - Ü.Hacıbəyov qəzet səhifələrində bir daha Şərq musiqisində Azərbaycan ladlarının tam müstəsnalığını etiraf edir.

1926-cı ildə elmi-nəzəri baxımdan mühüm əhəmiyyət kəsb edən iki məqalə ("Maarif və mədəniyyət" jurnalı N5 və N6) dərc edilmişdir, - "Şərq musiqisi və Qərb musiqi aləti"11 və "Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri". 12 Məzmun etibarilə hər iki məqalədə Şərq musiqisinə dair elmi və sənət haqqında məlumatlar verilir. Ərəb, İran alim-musiqişünaslarının məqam-muğam sənəti və alətşünaslıqla bağlı səs sisteminə aid tablolar və s. "Azərbaycan xalq musiqisinin əsasları" kitabına, haqqında danışılan məqalənin müəyyən parçaları daxil edilmişdir.

1928-ci il Ü.Hacıbəyov yaradıcılığının mühüm həddinə çatmış, artıq lad nəzəriyyəsi istiqamətində aparılan tədqiqatlar, nəzəri ümumiləşmələr elmi əsaslanmalarda öz əksini tapır.

"Bakinski raboçi" N54, 70, "Kommunist" N60, N65 qəzetlərində bildirilir ki, mart ayının 3, 10, 20 və 26-sı Azərbaycan Dövlət Konservatoriyasının binasında Dərulmusiqinin prorektoru Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" haqqında məruzənin oxunuşu olacaqdır".13 İki hissədən ibarət olan məruzənin müzakirəsi martın 26-na təyin edilmişdi. Dinləyişdə musiqi mütəxəssisləri, Azərbaycan Dövlət Universitetinin professorları, bir sıra partiya və ictimai işçilər iştirak edirdilər.

Hesabat məruzəsi bəstəkarın son illərdə (1925-1928) elmi fəaliyyətinin şərhi idi. Lad-nəzəriyyə metodoloji xəttinin təyinləşməsi, nəzəri-işlənmə prinsiplərinin formalaşma prosesinin işıqlandırılması, aparılan geniş müzakirələrdə Ü.Hacıbəyovun müfəssəl izahatları, məntiqi dəlillərin musiqi nümunələri ilə müşayiət olunması dinləyicilərdə canlı təəssürat yaradır, inandırırdı.

Haqqında danışılan çıxış və 24 may 1929-cu ildə xüsusi təşkil olunan Şərq konsertində ilk dəfə ifa olunan Ü.Hacıbəyovun "Aşıqsayağı" triosu - Azərbaycan kamera instrumental janrının incisi ilk -bəstəkarlıq və elmi yaradıcılığının mühüm mərhələsi kimi musiqi ictimaiyyəti arasında böyük rezonansa səbəb olmuşdu.

20-ci və 30-cu illərdə, sənətkarlıq baxımından bəstəkarın musiqi dil-üslubunun formalaşması müşahidə olunur. Yeni üsul - imkan vasitələri Ü.Hacıbəyovun "Aşıqsayağı"nda öz təzahürünü tapır.

Xüsusən də 30-cu illər təkamül dövrünü keçirən bəstəkar, misilsiz, parlaq təcrübi nəticələr əldə edir. Qlobal əhatəli lad tədqiqatları nəticə etibarilə Ü.Hacıbəyovun dahiyanə "Koroğlu" operasında özünü biruzə verir.

Ü.Hacıbəyovun daima təmasda olan bəstəkarlıq və elmi fəaliyyətləri, istisna etmədən bir-birində öz əksini tapmışlar. Bu haqda onun özü deyirdi: "Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (...) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi"...14

Milli əsasda yaranan lad-melodik qurumların, harmonik birləşmələrin, metro-ritmik komplekslərin və musiqisində mövcud olan başqa cəhətlərinin nəzəri ümumiləşmələri, bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları" kitabının mahiyyəti ilə sıx əlaqədardır.

Əslində tədqiqat materialının mətni hər iki dildə - azərbaycanca və rusca-paralel yazılırdı. Bir sıra məqalələr, o cümlədən "Şərq musiqisi və Qərb musiqi aləti "Şərq musiqisi haqqında qərb alimlərinin təfsiri" sırf azərbaycan dilində yazılmış və yuxarıda qeyd etdiyimiz kimi məqalələrin bir çox fikirləri

"Əsasların" mətnini təşkil edir. Tədqiqatın mühüm tərəfi olan azərbaycan dilində musiqi terminlərinin işlənilmə məsələsini Ü.Hacıbəyov kompleks şəkildə həll edirdi.

4 iyul 1934-cü il "Kommunist" qəzetindəki məqalənin, zənnimizcə, çox vacib hissəsinə nəzər salaq:

"Azərbaycan türk xalq musiqisi əsasları" adında yazmaqda və üzərində işləməkdə olduğum əsas ən mühüm məsələlərdən biridir. Bu əsər üzərində mən 10 ildən artıqdır ki, işləyirəm. Bu müddət içərisində həmin əsərimi əməlli tərcümə və sınanma nəticəsində bir neçə dəfə dəyişib yeniləşdirmiş və bir növ yerini təshih etmişəm".15

Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" Ü.Hacıbəyovun ciddi elmi hesabatı üçün hazırlıq materialı idi.

Nəhayət 1935-ci ilin mart ayında Azərbaycan Dövlət Konservatoriyasında təşkil edilən elmi musiqi müşavirəsində Moskvadan dəvət edilmiş professor V.M.Belyayevin iştirakı ilə Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat əsərinin müzakirəsi oldu. Müzakirədə Ü.Hacıbəyov, professorlardan - V.M.Belyayev, S.Ştrasser, M.Rudolf, Həmçinin Bülbül, Əli Kərimov, Mənsur Mənsurov, Səid Rüstəmov və mətbuat nümayəndələri iştirak edirdilər.

Müzakirədə həmçinin Ü.Hacıbəyov tarın rekonstruksiyası və Azərbaycan musiqisinin inkişafı tarixindən və müasir Azərbaycan musiqi elmi haqqında söz açmış, mühüm əhəmiyyət kəsb edən məlumatlar vermişdir.

Professor Belyayevin - 1945-ci il 20 iyul tarixli - Moskvadan göndərdiyi məktubunda Ü.Hacıbəyovun elmi əsərinə verdiyi rəydən sitat:

"..Bu kitabla tanış olmağım mənə böyük zövq verdi, çox məmnun qaldım. Əsər öz adına tamamilə uyğundur: "Azərbaycan xalq musiqisinin əsasları". Burada Azərbaycan musiqi yaradıcılığının kompozisiya əsaslarının həqiqi izahı verilir..."16

Elmi müşavirədən sonra Ü.Hacıbəyov kitabın nəşri ilə əlaqədar hazırlıq işləri aparır.

Lakin bir sıra obyektiv səbəblərə görə, əsərin nəşri ləngiyirdi:

a) 1935-1937-ci illərdə bəstəkarın ölməz əsəri "Koroğlu" operası üzərində işi və səhnəyə qoyulacaq tamaşanın qayğıları;

b)1938-ci il, Moskvada təntənəli surətdə keçiriləcək Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin ongünlüyü (Ü.Hacıbəyov dekadanın hazırlıq işlərinə məsul rəhbər vəzifəsinə təyin edilmişdi);

v)1941-1945-ci illər II Dünya müharibəsi illərində yaranmış fövqəladə şərait.

Həmin illər Ü.Hacıbəyov həyatının ən gərgin dövrünü keçirmişdir; bəstəkarlıq və elmi fəaliyyəti ilə bahəm, ictimai, təşkilatçılıq, rəhbərlik və s. çiyninə düşən məsul işlər idi.

1935-1940-cı illər ərzində artıq bitirilmiş kitabın üzərində, bəstəkarın ifadəsilə, "sınanmalar", korrektivlər edilir və bir daha yaradıcılıq axtarışları ilə bağlı yeniləşdirmələr nəzəriyyələşdirilirdi. Ü.Hacıbəyov ona xas olan təvazökarlıqla qeyd edirdi:

"Əsər özü nisbətən kiçik bir şey olsa da, mündəricəsində bəhs edilən məsələlər ümumi musiqi xadimləri üçün əhəmiyyətlidir..."17

Müharibənin başlanğıc illərində Ü.Hacıbəyov öz yetirməsi - Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbinin müdiri, professor Kövkəb xanım Səfərəliyevanı "Azərbaycan xalq musiqisinin əsasları" kitabının nəşrilə əlaqədar redaktə işlərinə cəlb edir.

K.Səfərəliyevanın və nəşriyyat işçilərinin fədakar əməyi nəticəsində kitab çap edilərək işıq üzü görür.

Bununla əlaqədar Ü.Hacıbəyov birinci nüsxənin üzərində professor K.Səfərəliyevaya xatirə sözləri yazmışdır: "Çox hörmətli Kövkəb xanım, Sizin tükənməz enerjiniz və qayğınız sayəsində hal-hazırki əməyimin bitirilməsi, çapa hazırlanmasında və mənim sistematik işim üçün bütün imkanları yaratdınız. Əsərimin işıq üzü görməsi üçün, Siz tam surətdə, özünüzə məxsus inadkarlığınızı, səliqə, dəqiqlik, yüksək dərəcədə diqqət və səyinizi göstərdiniz. Kitabımın hər bir səhifəsi Sizin nurlu şəxsiyyətinizi mənə xatırladır! Səmimi minnətdarlıqla".

10.VI.45. Bakı - HACIBƏYOV.

Beləliklə, xalq dastanının yaranışına bənzər, XX əsrin misilsiz kəşfi, "Azərbaycan xalq musiqisinin əsasları" kitabı Azərbaycan və ümumən Şərq musiqisi miqyasında istiqamətverici mahiyyət daşıyan, mühümlüyü və əhəmiyyətliyi baxımından hələ axıradək dərk edilməyən, bir çox fikirləri açıqlanmayan bu titanik əsərin nəhayət son nöqtəsi qoyuldu. Onillər, yüzillər keçdikcə yeni nəsillər Antey qüdrətli bu elm abidəsinin sirlərini öyrənməyə daima cəhd edəcəklər.


1.M.S.İsmayılov. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər. Z.Səfərova - Üzeyir Hacıbəyovun elmi irsində nəzəri problemlər.
2.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. 25, 26 iyul.Bakı.Səh.263.
3.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. 20 oktyabr. 1920-ci il. Bakı. Səh.266.
4.Xalq Maarif Komissarlığı.
5.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı.Səh.292.
6.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqalə. Səh.324.
7.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı. Səh.302.
8.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqalə. Səh.249.
9.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Musiqidə xəlqilik" məqaləsi. səh.323.
10.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı. səh.316.
11.Ü.Hacıbəyov. Əsərləri. II cild. Səh.226.
12.Ü.Hacıbəyov. Əsərləri. II cild. səh.233.
13.Q.Məmmədli. Ü.Hacıbəyov. Həyat və yaradıcılığının səlnaməsi. Bakı.Səh.341, 342.
14.Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. "İlk söz" səh.10.
15.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Mən nə yaradıram" məqaləsi. səh.260.
16.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Qeydlər" çıxışı.
17.Ü.Hacıbəyov. Əsərləri. II cild. "Mən nə yaradıram" məqaləsi. Səh.261