«Musiqi Dunyası»nın        
təqdimat mərasimi   
   
          
1  
make printcopy print copy

oyabr ayının 8-də "Açıq Cəmiyyət İnstitutu - Azərbaycan" ın mədəniyyət və incəsənət Mərkə-zində, respublikamızda ilk professional musiqi jurnalı - "Musiqi dünyası"nın prezentasiyası keçirilib. Burada ilk dəfə olaraq jurnalın İnternet variantının da ictimai baxışı oldu.

Mərasimə çoxsaylı mətbuat nümayəndələri - "Xalq", "Azadlıq", "Musavat", "Nedelə" qəzet-lərinin, "İrs" və "Azerbaycan International" jurnallarının, AzərTAC-ın, radio və televiziyanın - AzTV-nin musiqi redaksiyasının, "Səhər" proqramının əmək-daşları toplanmışdı. Sonrakı günlərdə, bir sıra qəzet-lərdə, AzT-1 və AzT-2 telekanallarında, "Azadlıq" radiokanalında Azərbaycan musiqi mədəniyyətinin tarixində belə vacib və mənalı hadisə ətraflı işıqlandırıldı.

Təqdimat mərasimində Azərbaycan Respublikasının öncül ziyalıları, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Elmlər Akademiyası,

Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası, Bəstəkarlar İttifaqı, SOROS, IREX, IATP, BP-AMOKO, Avrasiya fondu, Müəllif Hüquqları Agentliyi, Qərb Universiteti, İncəsənət Universiteti kimi təşkilat və şirkətlərin nümayəndələri iştirak edirdilər.

Jurnalımızın redaktoru Leyla FƏRƏCOVAYA mərasimlə balgı materiallar hazırlamaq tapşırılmışdır. Gəlin, ilk müsahibimiz kimi "Musiqi dünyası" jurnalının baş redaktoru və təsisçilərindən biri, sənətşünaslıq elmləri doktoru Tariyel MƏMMƏDOVU dinləyək:

L.F.:-Siz Azərbaycanda birinci peşəkar musiqi jurnalının baş redaktorusunuz. Belə bir jurnalı yaratmaq ideyası sizə haradan və necə gəldi?

T.M.:-Hər bir ideya kimi, bu ideya da çox uzun zaman yetkinləşib, hərtərəfli cilalanmışdı. Demək olar ki, buna çox çətinliklə nail olduq.

Mən daim özümə sual verirdim: "Ola bilərmi ki, suveren ölkədə musiqi xadimlərinin öz tribunası olmasın? Ola bilərmi ki, müstəqil ölkədə musiqi elmi, bütün özünəməxsus tutumu ilə mövcud olsun, lakin, ümumdünya elmi paradiqmasına daxil olunmasın? Ola bilərmi ki, demokratik ölkədə musiqi təhsili və tərbiyəsi demokratik prinsiplərsiz həyata keçirilsin? və s. və i.a. Bütün bu məsələlərin həll olunması üçün çıxış yolu axtarıb tapmaq lazım idi.

Bu günkü hadisə isə, mənim inamımın düzgün yolda olmağını təsdiq edir: belə bir peşəkar musiqi jurnalının nəşr edilməsi çox gərəklidir.

L.F.:-Jurnalın fəaliyyət dairəsi nədən ibarətdir və o hansı vəzifələr daşıyır və daşımalıdır?

T.M.:-Bizim yaxşı yadımızdadır ki, keçmiş sovet dövründə, hər hansı bir musiqi yaradıcılığının hüdudu cürbəcür jurnallarda differensiasiya olunmuşdu. Məsələn: "Sovetskaya muzıka" jurnalı - peşəkar musiqişünaslar üçün; "Muzıkalğnaə jiznğ" - musiqili-maarifçi jurnalı; "Muzıka v şkole" - musiqili -pedaqoji, metodik jurnal; bundan başqa, bir sıra ayrı-ayrı elmi və akademik toplular və s. və i.a. çap olunurdu.

Azərbaycan musiqisinin tarixində heç zaman belə jurnallar buraxılmayıb və biz uzun zamanlar həmin adı çəkilən və rus dilində çap olunan jurnallardan məlumat almaqla kifayətlənirdik. Əgər Azərbaycan musiqişünaslarından kimsə həmin nəşrlərdə öz məqalələrini dərc etdirirdisə, bu hamı üçün çox sevindirici bir hal olurdu.

Belə bir nəşrin artıq dərəcədə zəruri olması ona gətirib çatdırdı ki, "Musiqi dünyası" jurnalı bütün musiqi yaradıcılığının hüdudlarını özündə cəmləşdirdi, yəni bu jurnal həm elmi-pedaqojidir, həm tənqidi-publisistikdir, həm də mədəni-maarifçi funksiyası daşıyır.

Əlbəttə, son nəticədə, jurnal öz məğzindən irəli gedərək, əlavə jurnallar buraxa bilər, yəni ayrı-ayrı ixtisaslaşdırmalara bölünmək şərti ilə. Məsələn, musiqi elmini və pedaqogikasını götürsək, bu iki elmin bir neçə nəşrdə eyni zamanda mövcud olması və eyni məqsədləri izləmək imkanları var. Bu həm musiqişünaslıqdır, həm musiqi nəzəriyyəsi, həm musiqi psixologiyası, həm musiqi təhsili və s. və i.a.

L.F.:-Jurnalın başlıca məqsədi nədir?

T.M.:-Birinci: jurnal böyük bir proyektə daxil olunub. Onu "III minilliyin Azərbaycan musiqisi" adlandırmaq olar. Bu nə deməkdir? Bu o deməkdir ki, III minilliyə biz Azərbaycan musiqi mədəniyyətini, yəni xalq musiqisindən, şifahi ənənəli professional musiqidən tutmuş, ifaçılıq və bəstəkarlıq yaradıcılığına qədər bütün dəyərli irsi qorumalıyıq və gələcək nəsillərə çatdırmalıyıq.

İkinci: jurnal təkcə Azərbaycanın musiqi həyatını yox, dünyada ən əsas, ən başlıca musiqili hadisələri işıqlandırmalıdır.

Üçüncü: jurnal gənc musiqişünaslarımıza qarşı münasibətdə tərbiyəçi vəzifəsi daşımalıdır. Onlara öz fikirlərini mədəni şəkildə izah etmək bacarığı aşılamalı, musiqişünaslıq fikir və düşüncələrini düzgün ifadə etməkdə yol göstərməli, lazımi analiz metodikası, publisistika və tənqidi materiallarla təmin etməlidir.

Dördüncü: jurnalın beynəlxalq statusu olmalıdır. Burada mən qeyd etmək istərdim ki, "Musiqi dünyası" jurnalı türk musiqisi dünyasının jurnalıdır və bütün türk xalqlarını mənəvi baxımdan birləşdirir, lakin bununla yanaşı, biz bütün dünyanın ən məşhur musiqişünaslarının yazılarını da çap etmək fikrindəyik. Bu da olduqca vacibdir.

Demək istərdim ki, 2000-ci ilin 1-ci nömrəsində tanınmış özbək musiqişünası A.Cumayevin məqaləsini (rus dilində) verəcəyik və artıq bu fakta görə jurnalı beynəlxalq dərgi saymaq olar.

Beşinci: jurnal, hökmən, beynəlxalq aləmdə nüfuz qazanmış, məşhur musiqi jurnallarıyla birgə, Azərbaycanda öncül musiqi fikirlərinin aparıcısı və yayımlayıcısı olmalı və bütün dünyanı Azərbaycan musiqi sənətinin ən yüksək nailiyyətləriylə tanış etməlidir.

L.F.:-Sadaladıqlarınız nə dərəcədə realdır? Həmin məsələlərin həllini necə görürsünüz?

T.M.:-Bu günkü prezentasiya - sualınıza cavabdır. Bu gün jurnalın İnternet versiyası meydana çıxıb. Əslində, biz iki jurnal nəşr etmişik - çap və elektron variant, yəni İnternet - jurnal. Jurnalın nəşr olunan çap variantı 18 sentyabrda, Azərbaycanda təntənəylə qeyd olunan Musiqi Günü bayramında, Azərbaycan professonal musiqisinin klassikləri, Ü.Hacıbəyovun və M.Maqomayevin ad günündə təqdim edilmişdir. Jurnalın həcmi 22 ç.v.-dir (172 səh.). və o, Azərbaycan əlifbasının latın qrafikası versiyasında çap olunub.

Bu gün isə faktiki olaraq, onun 2-ci nəşridir - İnternet-jurnal şəklində. İndiki zamanda 2-ci variant bütün dünyada Azərbaycan musiqisi ilə maraqlanan şəxsləri qane edə bilər.

Deyilənlərdən başqa, bizim İnternet - jurnalın çox dəyərli cəhəti odur ki, orada Azərbaycanda və, ümumiyyətlə, keçmiş sovetlər birliyi məkanında ilk dəfə olaraq, tekst tək mətn halında yox, olduqca maraqlı musiqi səsyazısıyla verilib və indi bütün Azərbaycan musiqi sənətinin janrlarından, tanınmış xanəndələrdən tutmuş, professional bəstəkarların musiqisinədək geniş çeşidli musiqini dinləmək olar. (L.F.:Bu nömrənin çapa hazırlandığı ərəfədə "Musiqi dünyası" İnternet-jurnalının oxucu və dinləyici kütləsinin sayı 319 nəfər olmuşdur.)

Əlbəttə, İnternet - jurnalı nöqsansız saymaq olmaz, çünki o təkcə Azərbaycan dilinin latın qrafikasında çap olunub və bu o deməkdir ki, bütün dünyada onu yalnız Azərbaycan dilini bilən şəxslər oxuya bilərlər. Gələcəkdə biz çalışacağıq jurnalı 2 dildə çap edək - Azərbaycan və ingilis dillərində. Bu günkü zamanda həmin məsələ də olduqca zəruridir.

Bu gün hamı görür ki, belə bir jurnalın çap olunması necə vacib və mənalıdır, jurnalın nə qədər müsbət cəhətləri var. Məni hədsiz şadlandıran odur ki, bizim, Azərbaycanda ilk dəfə olaraq belə bir jurnalın çap edilməsi fikrimiz hazırda həyata keçirilib və bu işin iştirakçıları əllərindən gələni əsirgəməyiblər.

L.F.: - Jurnalın meydana çıxmasında kimlər Sizinlə əməkdaşlıq göstərib?

T.M: -Birinci növbədə mən Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqına öz dərin minnətdarlığımı bildirmək istərdim: İdarə heyətinin sədri T.Quliyevə, I katib V.Adıgözəlova və katib R.Zöhrabova. Onlar jurnalın təşkilində, formalaşmasında və ideoloji istiqamət seçməkdə çox mühüm köməklik göstərdilər. Yeri gəlmişkən, demək istərdim ki, jurnalın adını V.Adıgözəlov təklif etmişdir.

Bundan savayı, jurnalın yaradılmasında redaksiya heyətinin üzərində böyük məsuliyyət vardı. Baxmayaraq ki, redaksiya heyətinin üzvlərindən hər birinin hər bir problemə öz şəxsi fikirləri və nöqteyi-nəzərləri vardı, sıx əməkdaşlığımızın nəticəsində istənilən harmoniya yarandı ki, belə hadisə birlik və mübarizə dialektik qanunuyla xarakterizə olunur. Redaksiya heyətinin üzvlərinə öz təşəkkürümü və minnətdarlığımı bildirmək istərdim.

SOROS fonduna və IREX təşkilatına da jurnalın İnternet-versiyası üzərində aparılan işlərə görə dərin minnətdarlığımı bildirirəm.

Mən öz minnətdarlığımı jurnalın redaksiyasına da çatdırmaq istərdim. Jurnalın gələcəkdə yüksək nailiyyətlərə çatması üçün, redaksiyanın əməkdaşları çox çalışıb və zəhmət çəkiblər.Xüsusi qeyd edilməli və çox xoşa gələn bir faktdır ki, bu qısa vaxtda iki variantlı jurnalın çap olunması üçün bütün görülən işlər ancaq sırf ruh yüksəkliyi ilə, yəni əvəzsiz, pulsuz görülüb. Jurnalın yaradılmasının humanizm ideyası məhz bu məqamda özünü tam qabarıqlığı ilə açıqlayıb.

Bir daha hamıya "çox sağol"umu bildirirəm.

Hörmətli oxucular! Sizə mərasim iştirakçılarının çıxışlarını, təbrik və arzularını təqdim edirik:

Azərbaycan Respublikasının xalq artisti,
Azərbaycan Bəstəkarlar İttifaqının I katibi,
professor Vasif ADIGÖZƏLOV:

-"Musiqi dünyası" jurnalının çıxışı bizim ictimai həyatımızda çox mühüm bir hadisədir, çünki Azərbaycanda indiyə qədər bu həcmdə, bu məzmunda heç bir jurnal olmayıb və ona görə də musiqimiz musiqişünaslığımız ümumiyyətlə mədəniyyətimiz haqqında söz deməyə, rəy söyləməyə, fikir söyləməyə bizim belə böyük tribunamız olmayıb. Bu gün bütün Azərbaycan musiqisevərlərinin, bəstəkarların, musiqişünasların əllərində belə bir jurnal var və orda onlar öz ürək sözlərini deyə bilərlər.

Daha çox maraqlandıricı cəhət, məncə, odur ki, jurnalın səhifələrində Azərbaycanın musiqi sənəti, musiqi folklorundan tutmuş musiqili bu günümüzə qədər - geniş işıqlandırılsın və sağlam tənqidə yer verilsin, çünki bu tənqidə bizim böyük ehtiyacımız var.Xüsusən son zamanlar Azərbaycanda əmələ gəlmiş üzdəniraq "bəstəkarlar", "ifaçılar", "mətn yazanlar" bizim ümumi musiqi səviyyəmizlə düz gəlmirlər və bunlara qarşı möhkəm tənqid, kəskin etiraz lazımdır. Və belə etiraz, mənə elə gəlir ki, məhz jurnalın əsas vəzifələrindən biri ola bilər.

Mən, təbiidir ki, bu jurnalın yaranmasında, az da olsa, iştirak etmiş bir şəxsəm, ona görə də bu gün çox sevinirəm və bütün Azərbaycan xalqını, bütün musiqisevərləri, bütün mədəniyyət işçilərini - hamımızı ürəkdən təbrik edir və bu jurnala uzun ömür, böyük uğurlar arzulayıram.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Sevda MƏMMƏDƏLİYEVA:

-Əvvəla, mən Mədəniyyət Nazirliyinin adından, Mədəniyyət naziri Polad müəllimin adından jurnalın əməkdaşlarını təbrik etmək istərdim. Birinci dəfədir ki, bizim respublikamızda yüksək səviyyəli musiqi jurnalı çap edilib. Jurnal bütün musiqi aləmi üçün vacib və lazımlıdır, xüsusən, musiqi təhsili üçün də. Musiqi məktəblərində vəsaitlərin çatışmamazlığını gərginliklə hiss edirlər və güman edirik ki, "Musiqi dünyası" jurnalının fəaliyyəti onlara əsaslı bir kömək olacaq.

Jurnalın, hələ ki, bir nömrəsi çıxıb və onun meydana gəlməsinin nəticəsi hələ gələcəkdədir. İnternetə çıxmağınız isə bu jurnalı daha da gərəkli və əhəmiyyətli edir, və demək olar ki, Avropaya və ümumiyyətlə bütün dünyaya, "pəncərə" açmısınız.

Mənim bir istəyim var ki, jurnalda tənqidi məqalələr də olsun. Onlara bizim ehtiyacımız çox böyükdür. Çox vaxtlar insan öz yaradıcılığına qapanır və dərin, mənalı tənqid ona dəyərsiz xeyir verərdi.

Mən Sizi təbrik edib, gələcəkdə böyük müvəffəqiyyətlərə çatmaq arzulayıram.

Ü.Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru, Azərbaycan
Respublikasının xalq artisti, professor
Fərhad BƏDƏLBƏYLİ

-Biz həmişə informasiya çarpışmalarını uduzuruq: həm siyasətdə, həm də mədəniyyətdə. Bu səbəbə görə "Musiqi dünyası" jurnalının İnternetə çıxışı bizim bütün musiqi ictimaiyyəti üçün çox faydalıdır. Jurnal öz üzərinə çox vacib bir vəzifə götürüb - dünya auditoriyasına Azərbaycan musiqi mədəniyyətinin, Vətənimizin səsini çatdırmaq. Bu isə olduqca məsuliyyətlidir.

Yaxın gələcəkdə "İnternet" anlayışı bizim üçün bu günkü televiziya sistemi ilə eyniləşəcək və əgər İnternetdə Azərbaycan musiqisindən bir səhifə də olmayacaqsa, bu o deməkdir ki, bizi heç bir kəs tanımayacaq. Məhz buna görə də, baxmayaraq sözlərim çox ucadan səslənir, mən hesab edirəm ki, bu gün, həqiqətən tarixi gündür. Bizim əllərimizdə bu günədək belə bir nəşr olmayıb. Əlbəttə, "Qobustan" jurnalı var, lakin o, ümumiyyətlə, mədəniyyət toplusudur. Yalnız musiqi sənəti üzrə ixtisaslaşmış jurnalımız indiyə kimi yox idi, hazırda isə var.

"Musiqi dünyası" jurnalına yeganə arzum budur ki, sözün düzgün, sağlam mənasında tənqidi olsun. Bizim mədəniyyətimizdə sənət, sənətkarlıq meyarları və anlamları gözdən salınıb və silinib yoxa çıxmaq üzrədirlər. Hər hansı bir bacarıqlı və qabiliyyətli şəxsi, musiqiçini, "dahi", yaxud "görkəmli" adlandırırlar. Belə gediş çox zərərli və təhlükəlidir. Məsələn, mən hər bir konsertimdən sonra həmişə tənqidi rəyləri də eşitmək, bilmək istərdim. Yalnız beləliklə, biz irəliləyəcəyik. Hamı "dahi" olandan sonra nəyə cəhd etməliyik və nəyə can atmalıyıq?

Həmin məsul vəzifəni jurnal öz üzərinə götürməlidir. Yüksək professional və dərin mənalı tənqidi tədqiqatlara geniş yer verilməlidir. Bu həm bizim bəstəkarlarımız üçün, həm də ifaçılarımız üçün böyük kömək olardı.

Lakin, yenə də, əsas niyyət - jurnalın İnternetə çıxışıdır. Buna görə də mən bu gün çox şadam, və xoşbəxtəm və jurnalın əməkdaşlarına mümkün ola bilən bütün uğurları arzulayıram.

Sənətşünaslıq doktoru, professor Zemfira SƏFƏROVA:

-Jurnalın çapdan çıxmağı diqqətəlayiq bir hadisədir. Əvvəla, Azərbaycanda birinci dəfədir ki, musiqi jurnalı çap olunub; ikincisi - jurnal Azərbaycan dilində çıxır (latın qrafikası ilə); üçüncüsü isə - bu jurnalın İnternetə çıxışı var və bu, olduqca vacibdir.

Jurnaldan hər hansı bir musiqi sənətinə aid olan bilikləri almaq olar. İndiyədək biz - musiqişünaslar, öz tədqiqatlarımızı tam şəkildə çap olunmasını illərlə gözləyirdik, baxmayaraq ki, həcmin, cizgilərin, cədvəllərin, not materiallarının məhdudlaşdırılması bizim işimizi çətinə salırdı. Bütün bu adı çəkilən problemlər "Musiqi dünyası" jurnalı meydana çıxmağı ilə yox oldular. Biz çoxdan belə bir jurnalı gözləyirdik, həm də tarixdən bilirik ki, bəzi jurnallar, məsələn "Molla Nəsrəddin", bir sıra kitablardan daha mənalıdır.

Bundan başqa, jurnal 18 sentyabr - Musiqi Günü bayramı ərəfəsində çıxıb və bu fakt həm çox əhəmiyyətli, həm də çox mənalıdır. Mən özümü xoşbəxt his edirəm ki, jurnalın 1-ci nömrəsində Ü.Hacıbəyovdan yazılan məqalənin müəllifiyəm. Mən xüsusən də bu jurnalın gələcək tarixinin bir növ azarkeş və təəssübkeşiyəm, çünki redkollegiyanın üzvüyəm. "Musiqi dünyası" jurnalına böyük uğurlar və uzun ömür arzulayıram.

SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Arif MƏLİKOV:

-"Musiqi dünyası" jurnalının çapı respubikamızın həyatında mühüm bir hadisədir. Mən elə hesab edirəm ki, Azərbaycan xalqının incəsənət tarixində ən böyük nailiyyətlərə məhz musiqi sənəti çatıb. Bu həm Azərbaycan milli musiqi mədəniyyətinin zəngin tarixidir, həm dahi şəxsiyyətlərimizin irsidir, həm professional səviyyədə təşkil edilmiş musiqişünaslıq elmidir və s. və i.a. Burada artıq öz xalqımızın qarşısına və həm də dünya səviyyəsinə nə ilə, hansı nailiyyətlərlə çıxmağımızdan söhbət gedə bilər və gedir.

Ola bilər, biz yaxşı təsəvvür etmirik ki, İnternet nədir, lakin fakt odur ki, "Musiqi dünyası" jurnalının dünyaya səsimizi çatdırmaq istəyi ən böyük tərifə layiqdir.

Mən bütün işıqlı, çoxçalarlı dünyanı şəxsən görmüş insanam və bilirəm ki, başqa ölkələrdə "Azərbaycan anlamı" nədir və nə deməkdir. Təəssüflər olsun ki, bizi çox vaxt tanımırlar və bu baxımdan hər hansı dünya səhnəsinə çıxışımız çox mənalıdır və son dərəcə gərəklidir. Buna görə də istəyirəm ki, jurnalın səhifələrində bizim musiqi sənətimiz bütün aspektlərdə geniş və ləyaqətlə təqdim edilsin.

"Musiqi dünyası" jurnalına çox rəğbətlə yanaşıram. Mən başa düşürəm ki, nəşr fəaliyyəti, yazılar üzərində yaradıcılıq işi nədir və arzu edərdim ki, belə xeyirli işə başlamış adamlar öz üzərinə götürdükləri məsuliyyəti daim anlasınlar.

Akademik Bəkir NƏBİYEV:

-Ədəbiyyatın, mədəniyyətin, xüsusən mətbuatın tarixindən bilirik ki, hər bir cəmiyyətin inkişafında elə bir mərhələ gəlir çatır ki, orada mətbuat orqanının yoxluğu daha mümkün deyil.

Bir zaman Azərbaycanda cəmi-cümlətanı bir qəzet var idi - "Əkinçi" qəzeti. Elə bir vaxt gəlib çatmışdır ki, Azərbaycanın və xüsusən, Bakının gündəlik həyatında "Əkinçi"siz dolanmaq olmurdu. "Əkinçi"dən bizim bütün digər mətbuatımız doğuldu və yetişdi. İndi isə, belə bir vaxt gəlib çatıb ki, musiqişünaslıq elmimizi, bizim, ümumiyyətlə, musiqi həyatımızı, bu gün təqdim edilən "Musiqi dünyası" jurnalı olmadan təsəvvür edə bilmirik.

Mən jurnalı varaqladım və çoxsahəli bir jurnal olduğu inamı məndə möhkəmləndi. Doğrudan da, klassik musiqidən tutmuş, bizim bu günkü musiqi həyatımıza qədər, istər elmi baxımdan, istər sırf sənətin özünün incəlikləri baxımından, çox dəyərli, ürəyə yatan bir jurnal meydana çıxıb. Bu münasibətlə mən öz həmkarlarımızı, yoldaşlarımızı təbrik edirəm ki, belə bir məzmunlu jurnalın birinci nömrəsi işıq üzü görüb.

Bir vaxt, Mirzə Fətəli Axundov "Viflisdən Bakıya, Həsən bəy Zərdabiyə, həmin "Əkinçi" qəzetinin birinci, baş və yeganə redaktoruna, məktub yazmışdı və orada deyirdi ki, "Bakıda məktəblər azdır, demək olar ki, yoxdurg." Yəni məktəblər Bakıda olmayan vaxtda, M.F.Axundov Həsən bəy Zərdabiyə müraciət edirdi ki, o, bir axşam evində bir çay dəstgahı düzəltsin və Bakının ziyalılarını və bir qədər imkanlı adamları çağırsın və bu mətləbi açsın ki, bizim məktəblərimiz yoxdur və məktəb açmaq lazımdır. Görsünlər ki, kim nə ilə kömək edə bilər: qələmi olan - qələmiynən; ağlı, intellekti olan - intellektiynən; kimin ki, imkanı var maddi cəhətdən - maddi köməyini əsirgəməsin və belə məktəbləri yaratmaq mümkün olsun. Bəlkə bu anologiya bir az uzaqdan gəldi, amma bu gün, bura gələrkən, qəlbimdə M.Fətəlilərə, H.Zərdabilərə rəhmət oxudum ki, onların səpdikləri toxumlar bu gün beləcə cücərir və özünü göstərir.

Məni fərəhləndirən məqamlardan biri də odur ki, jurnalın bütün materialları İnternetə verilib. Gəlin, razılaşaq ki, biz bəzən qalın-qalın, ciddi kitablar yazırıq və bu kitablar, əlbəttə lazımdır. Lakin, onlar çox təəssüf ki, Bakı şəhərinin kənarına çıxmır. Yəni onların dili, məzmunu, yayılma üsulları istər bizim xeyrimizə, istər zərərimizə danışan ölkələrə, millətlərə kifayət qədər çatmır. İndi isə, "Musiqi dünyası" jurnalının İnternetə verilməsi, mən inanıram ki, bizim musiqişünaslıq elmimizi, bizim bəstəkarlıq sənətimizi və ümumiyyətlə, milli musiqi sənətimizin geniş yayımlanma və tanınmasına çox ciddi kömək edəcək. İndi materiallara baxmaq da olar, musiqi nömrələrinə qulaq asmaq da. Və bundan mənim ürəyim dağa dönür.

Sizin hamınızı təbrik edirəm, hamınıza böyük uğurlar arzulayıram. Çox olsun belə jurnalımız. Yaşasın "Musiqi dünyası" jurnalı.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru,
professor Ramiz ZÖHRABOV:

-"Musiqi dünyası" jurnalının I sayının işıq üzü görməsini biz musiqişünaslar, habelə musiqi ictimaiyyəti üçün əlamətdar hadisə saymaq olar. Axı, bu günümüzə qədər öz doğma respublikamızda professional musiqi jurnalımız olmamışdır. Bəstəkarlar İttifaqının təsisi ilə XXI əsrin astanasında geniş təmayüllü mündəricəyə malik jurnalın çapı musiqi ictimaiyyətimiz, geniş oxucu kütləsi, musiqi sahəsində təhsil alan tələbə və müəllimlər üçün gözəl töhfədir.

Bu jurnaldan biz çox şey gözləyirik: elmi-tənqidi, elmi-publisistik, mədəni-maarif, pedaqoji-metodik məqalələr, musiqinin müxtəlif problemlərinə həsr olunmuş "Dəyirmi masalar", kulturoloji, incəsənətin ayrı-ayrı sahələri ilə musiqinin əlaqəsi məsələlərinə aid yazıların dərc olunması və i.a.

Mən əminəm ki, baş redaktor daxil olmaq şərtilə, redaksiya heyəti bu işin öhdəsindən bacarıqla gələcək, jurnalımız uzunömürlü olacaq və o, Beynəlxalq statusa layiq görüləcəkdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi
hərbi-orkestr xidmətinin rəisi, baş hərbi dirijor, Azərbaycan Respublikasının xalq artisti,
professor, polkovnik Yusif AXUNDZADƏ:

-"Musiqi dünyası" jurnalının çap olunması respublikamızın ictimai həyatında çox mühüm bir hadisədir.

Şəxsən məni, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin rəisi və baş dirijoru kimi bu fakt çox sevindirdi. Güman edirəm ki, jurnalın səhifələrində Azərbaycanın hərb musiqisi tarixindən, hərbi dirijorlardan və orkestrlərdən maraqlı məqalələr veriləcək.

Ən əsası isə odur ki, respublikamızın çox çətin vaxtında, müharibə aparılan vəziyyətdə, gənclərə vətənpərvərlik ruhu aşılanmasında, onların estetik tərbiyəsində jurnalın fəaliyyəti böyük kömək göstərə bilərdi. Məsələn: vətənpərvər hərbi mahnıların, marşların çap olunması; hərbi-musiqi yazan bəstəkarların məqalələri və onların yaradıcı portretləri; ifaçılarla müsahibələr və s. və i.a.

Jurnalın İnternetdə çıxması da olduqca əhəmiyyətlidir. İndi bütün dünya Azərbaycan musiqisinin müvəffəqiyyətlərini öyrənə bilər.

Mən hamını ürəkdən təbrik edirəm və yaxın gələcəkdə böyük nailiyyətlərə çatmağı arzulayıram.

Respublika Müəllif Hüquqları Agentliyinin sədr müavini, Natiq İSAYEV:

-Bu gün Azərbaycanın musiqi ictimaiyyətinin həyatında xoş, əlamətdar bir gündür. Nəhayət ki, böyük və zəngin bir irsə malik olan musiqi dünyamızın elmi-nəzəri məsələlərindən və ümumiyyətlə, qabaqcıl dünya musiqi mədəniyyətindən yazan bir jurnal nəşrə başlamışdır. Təəssüflər olsun ki, indiyədək respublikamızda musiqi incəsənəti ilə bağlı belə bir nəşr yox idi.

Jurnalın "Milli musiqimizin korifeyləri", "İrsimiz", "Musiqili teatr", "Poeziya və musiqi", "İfaçılıq", "Musiqi təhsili", "Ustadlarımızın xatirəsinə" və s. bölmələrində verilən yazılar günün nəbzini tutan materiallar səviyyəsindədir.

Bundan başqa, jurnalda müəllif hüquqlarına da xüsusi diqqət yetirilib və mən əmin edirəm ki, gələcəkdə də bu suallarla bağlı materialların çapı davam etdiriləcək və jurnalın səhifələrində həmin problemlərin müzakirəsi üçün imkan yaranacaq.

İlk addımlarını atan "Musiqi dünyası" jurnalının birinci nömrəsində belə geniş və ciddi problemlərə işıq salmağa cəhd göstərməyi böyük bir tərifə layiqdir və həmin cəhətlər jurnalın gələcəyinə ümid verir.

Jurnalın yaradıcı kollektivini ilk uğur münasibəti ilə ürəkdən təbrik edirəm. Onların hər birinə cansağlığı və çiyinlərinə düşən şərəfli məsuliyyətin öhdəsindən gəlməkdə müvəffəqiyyətlər arzulayıram.

IRTP proqramının koordinatoru,
Adil AXUNDZADƏ:

-Mən burada IREX təşkilatının nümayəndəsiyəm. IREX-ABŞ hökumətinin humanitar təşkilatıdır və həmin təşkilat Azərbaycanda IRTP İnternet layihəsini, yəni Azərbaycanın İnternetə daxil olması və bu yöndə təhsil proyektini həyata keçirir. Təşkilatımız ABŞ hökumətinin maliyyə yardımı ilə təmin edilir.

"Musiqi dünyası" jurnalının elektron variantı üzərində IRTP-dən üç mütəxəssis bir aydan çoxdur ki, fəaliyyət göstərirlər. Bu proyekt bir neçə nəzər-nöqtədən qeyri-adidir, çünki elektron proyekti üçün ilk dəfədir ki, belə geniş işlər görülüb. Əvvəla, Azərbaycanda birinci musiqi jurnalıdır ki, İnternetə çıxışı var. İkincisi, birinci İnternet saytıdır ki, Azərbaycan dilinin əlifbasının təzə standartlarını həyata keçirib. Həmin iş SOROS fondunun və IREX-in əməkdaşları ilə birlikdə aparılıb. Hesab edirəm ki, həyata keçirilən proyekt, bizim IRTP kollektivinə saysız-hesabsız fayda verib və verəcək. İş təkcə onda deyil ki, biz bu proyektlə əlaqədar yeni texnoloji dünyaya daxil olmuşuq. Biz yeni işıq üzü görmüş jurnalın sayəsində Azərbaycan mədəni irsinin çox-çox tanınmış səhifələriylə tanış oluruq və başqa xalqları tanış edirik.

Musiqi sənəti - hərtərəfli, universal bir anlayışdır. Və İnternet sistemiylə musiqi sənəti elə bir orijinal birləşmədir ki, bizim zəngin mədəniyyətimizi bütün dünyaya çatdıracaq. Həmin proyektin əsas xüsusiyyəti də budur.

Bu gün mən çox şadam və fərəhlənirəm ki, "Musiqi dünyası" jurnalının dünyaya çıxışında mənim də müəyyən əməyim olub. Hamımızı təbrik edir və jurnalın baş redaktoru T.Məmmədova təşəkkürümü bildirmək istərdim. Qeyd etmək lazımdır ki, jurnalın hazırlanması və çap işinin həyata keçirilməsində məhz onun professionalizmi və tükənməz qüvvəsi özünü büruzə verib.

Bununla belə, mən ABŞ hökumətinə, SOROS fonduna və onun nümayəndəsi cənab Devid Stabbsa elektron proyektin həyata keçirilməsində texniki və maddi köməyə görə minnətdarlığımızı bildirirəm.

Bir daha hamını təbrik edirəm.

Azərbaycan Respublikasının xalq artisti,
bəstəkar Ramiz MUSTAFAYEV:

-XX əsrdə Azərbaycan musiqisi Avropa musiqisinin 500 illik tarixi yolunu keçib və mən elə hesab edirəm ki, heç bir sahədə musiqimizdəki kimi inkişaf olmayıb. Baxmayaraq ki, bizim musiqi sənəti tariximiz çox zəngindir, tarixi hadisələr nəticəsində itkilərimiz də az deyil. Belə bir jurnal çoxdan olmalı idi. Jurnal öz fəaliyyətini bu gün başlayıb və güman edirik ki, gələcəkdə indiyədək olan informasiya boşluğunu dolduracaq.

Bundan başqa, axır vaxtlar radioda və televiziya efirində çox xoşagəlməz səslər, qeyri-professional bəstəkarlar və onların qondarmaları səslənir. Bunların qabağını almaq çox vacib bir vəzifədir. Buna görə, mən təklif edərdim ki, jurnaldan başqa, qəzet də olsun, heç olmasa həftədə 1 dəfə, ya da 2 həftədə bir dəfə. Bu da hamı üçün lazımi və xeyirli bir yenilik olardı.

"Açıq Cəmiyyət İnstitutu - Azərbaycan"
incəsənət və mədəniyyət proqramının müdiri,
musiqişünas Cahangir SƏLİMXANOV:

-"Musiqi dünyası" jurnalının nəşr edilməsi vaxtında baş vermiş bir hadisədir. Biz bilirik ki, indiki zamanda bir neçə nəşriyyatlar müəyyən səbəblərə görə bağlanır və belə bir jurnalın çapdan çıxmağı üçün, birincisi, bu niyyətə mübtəla olmaq lazımdır və ən əsası, özünə inam olmalıdır.

Gərək öz aləmində təsəvvür edəsən ki, hər-halda vəziyyət elə də pis deyil və qabağa addımlamaq üçün hələ ki, imkan var.

Olduqca tərifə layiqdir ki, jurnal dərhal 2 variantda çıxıb: nəşr və elektron, yəni İnternetdə. Gələcək üçün İnternet variantı daha əhəmiyyətlidir.

Azərbaycanda musiqi mədəniyyətinin inkişafına təkan vermək üçün yüksək səviyyədə ixtisaslı dövrü ədəbiyyat çox gərəklidir. İnsanlar artıq dərəcədə oxumalıdırlar ki, onlarda teatrlara, konsertlərə və ümumiyyətlə, musiqi sənətinə maraq artsın. Və bu mənada, madam ki, belə bir jurnal var, bizim musiqi mədəniyyətimizin gələcəyi üçün başlıca ruhlandırıcı amillərdən biri haqqında danışmaq olar.

Fəlsəfə elmləri doktoru, professor
Rəhman BƏDƏLOV:

-"Musiqi dünyası" jurnalının meydana çıxması Azərbaycanın musiqi həyatında çox vacib bir hadisədir. Jurnalın əməkdaşlarının qarşısına çətin bir məqsəd qoyulmuşdur: qədim dövrlərdən başlayaraq bu günədək toplanan Azərbaycan musiqi mədəniyyətinin böyük potensialını ümumiləşdirmək və onu geniş yaymaq.

Bunun üçün jurnalın geniş fəaliyyət dairəsi var: müxtəlif bölmələr, sərlövhələr, not yazısı və s. və i.a.

Belə geniş dünyagörüşlü jurnalın İnternetə çıxışı olduqca vacibdir. Bu o demək deyil ki, sabahdan bütün dünya Azərbaycan musiqisinin dərk edilməsi ilə məşğul olacaq, lakin, hal-hazırda İnternetin vasitəsi ilə Azərbaycan musiqi sənəti haqqında müxtəlif məlumatlar almaq olar.

Ona görə də, belə bir nəşrin gərəkli olması barədə iki fikir ola bilməz. Jurnal bizə çox lazım idi və mən ona ən böyük uğur və nailiyyətlərə çatmağı arzulayıram.

"Açıq Cəmiyyət İnstitutu - Azərbaycan"
icraçı müdiri, Devid STABBS:

-SOROS Fondunun Azərbaycan bölməsi 3 ildir ki, Bakıda çalışır. Biz "Musiqi dünyası" jurnalının baş redaktorunu, T.Məmmədovu, gördüyü böyük və gərəkli işinə görə rəğbətlə qarşılayırıq. Çox sevindirici bir haldır ki, bu gün belə bir jurnal var və o, İnternetə verilib. Jurnalın elektron variantı ilə yayılması imkanları hədsiz və hüdudsuzdur.

Jurnalın tirajı bu günə 500 dənədir və hər bir sürəti 5 ABŞ dollarına başa gəlib. Jurnal 172 səhifəlikdir, ağ-qara, bərk cilddə çap olunub. İnternet vasitəsi ilə bütün dünya bu jurnalı oxuya bilər və oradakı yazılara baxmaqla musiqini dinləyə bilər. Bunlar, doğrudan da XXI əsrin informasiya qaynağıdır.

Saytın ünvanından görmək olar ki, İnternet proyektini SOROS Fondu və IREX təşkilatı hazırlayıblar və mən güman edirəm ki, bu "Musiqi dünyası" jurnalı Azərbaycanda, Azərbaycan dilində çıxan yeganə bir proyekt olmayacaq və bu yalnız birinci nümunədir. Arzu edirəm ki, Azərbaycanda 100-dən çox belə jurnal çap olunsun: həm musiqidən, həm tarixdən, həm təhsildən və s. və i.a.

Bizim IREX-nən birlikdə aparılan fəaliyyətimizin çox əhəmiyyətli bir nəticəsi odur ki, İnternet üçün Azərbaycan dilinin drayver standartlarını hazırlamışıq. Bütün dünyada və hər hansı kompyüter sistemində Azərbaycan dilinin drayverləri yox idi və hərflərin əvəzinə iueroqliflər çıxacaqdı. Biz isə bir neçə kod cədvəllərinin formalarını təşkil etmişik. Beləliklə, latın və kiril qrafikasında indi dünyanın hər hansı bir ölkəsində bu jurnala baxmaq olduqca əlverişlidir.

Bundan başqa, demək istərdim ki, bizim musiqiçi gənclərimiz və ya hər hansı şəxslər - 10 nəfərə qədər - SOROS fondunun yerləşdiyi binada İnternetdən pulsuz istifadə edə bilərlər. Biz, xüsusilə də, hörmətli Fərhad Bədəlbəyliyə - Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoruna - böyük minnətdarlığımızı bildirmək istərdik ki, həmin SOROS Fondunun yerləşdirilməsi üçün Ş.Məmmədova adına Opera Studiyası binasının bir bölməsindən istifadə etməyimizə icazə verib.

"Musiqi dünyası" jurnalına böyük uğurlara çatmağı ürəkdən arzu edirəm.


s
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site