AÇILMAMIŞ SƏHİFƏLƏR:        
Qarabağın musiqiçi nəsillər     



F. Əliyeva          

usiqi mədəniyyəti tarixini müxtəlif rakurslardan işıqlandırmaq mümkündür. Hər hansı bir musiqi janrının təkamülünü, bəstəkarlıq məktəbinin inkişafını, müəyyən üslubu, bədii cərəyanı izləmək olar. Musiqi mədəniyyətinə həm də ənənəvi yollardan fərqli orijinal bir bucaqdan - musiqi nəsillərinin taleyi və həyatı baxımından da nəzər sala bilərik. Bir qədər polemik görünsə də musiqi soylarının mövcudluğu onların mənsub olduğu milli mədəniyyətdə yüksək inkişaf səviyyəsinə, möhkəm peşəkarlıq ənənələrinin mövcudluğuna dəlalət edir. Alman musiqisində Bax, İtaliya musiqi sənətində Skarlatti, Berqonun soyadları... Azərbaycan musiqi sənəti də bu gözəl ənənə ilə fəxr edə bilər. Hacıbəyovlar, Bədəlbəylilər, Əliverdibəyovlar, Adıgözəlovlar, Mənsurovlar, Əmirovlar, Bakıxanovlar, Qarayevlər, Rzayevlər, Ələsgərovlar, Bülbül, Mustafazadə... musiqinin bütöv bir soyların həyat amalına çevrilməsi "musiqi istedadı azərbaycanlıların qanındadır" kəlamının heç də metaforik məna daşımadığını sübut edir. Lakin Azərbaycanın musiqi nəsillərinin tarixcəsini XX əsrlə məhdudlaşdırmaq obyektivlikdən uzaq olardı. Əsrlərin yaddaşında silinməz iz qoymuş, adi yaratdığı musiqi havalarında yaşayan neçə-neçə azəri musiqiçiləri nəsli olmuşdur. Elə onlardan biri - orta əsr klassik Şərq musiqisinin parlaq siması, dövrünün nadir istedada malik ifaçısı, müğənnisi, bəstəkarı, musiqişünas - alimi, xəttatı Əbdül Qadir Marağaini xatırlayaq. Onun atası - Qiyasəddin Mövlana Qeybi, Marağa şəhərinin tanınmış musiqiçi-alimi, görkəmli ziyalı şəxsiyyəti idi. Ə.Marağainin övladları da atalarının yolunu davam etdirmişlər. Marağainin üç oğlu - Nurəddin Əbdürrəhman, Nizaməddin Əbdürrəhman və Əbdüləziz musiqiçi peşəsinin sirlərini atalarından öyrənmiş ustad-musiqiçi olmuşlar - "Əslim Qarabağdandır". Mötəbər musiqi soyları - Hacıbəyov, Əliverdibəyov, Bədəl-bəyli, Əmirov, Bülbül, Adıgözəlov, Behbudovların tərcümeyi-halı bu sözlərlə başlanır. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa hələ qədim zamanlardan peşəkar musiqi ənənələri ilə məşhur idi. Təsadüfü deyil ki, virtuoz ifaçılığa, əsrarəngiz səsə malik musiqiçilərin - xanəndə və tarzənlərin sənətindən heyrətə gələn əcnəbilərin biri Şuşanı "Qafqazın konservatoriyası" adlandırmışdı. Qarabağ əslinin nəsildən-nəslə keçən xüsusi musiqi vergisi "əgər oxumursansa, demək şuşalı deyilsən" zərb-məsəlini yaratmışdı. Ana xətti ilə yaxın qohum olan nəsillərdə musiqiçi ənənələrinin binasını qoyan Üzeyir Hacıbəyovun, Ağalar Əliverdibəyovun, Bədəlbəy və Əhməd Bədəlbəylilərin formalaşmasında Şuşanın bədii-mədəni mühiti böyük rol oynamışdır. İlk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov (1885-1948) hər üç nəslin musiqi ağsaqqalı oldu. İlk təhsilini Şuşadakı rus-tatar (o zaman ruslar azəri türklərini tatar adlandırırdılar) məktəbində aldıqdan sonra Qori müəllimlər seminariyasını bitirən, musiqiçi kimi sənətkarlığını Moskva və Peterburqda təkmilləşdirən Ü.Hacıbəyovun musiqi irsində opera, musiqili komediya, mahnı və romanslar, kamera-instrumental janrlar, kantata, oratoriya kimi janrlar təmsil olunmuşdur. Bu janrların əksəriyyətində dahi bəstəkar milli musiqi sənəti üçün ilk nümunələrin yaradıcısıdır. O, Şərq və Qərb musiqi mədəniyyətləri arasındakı "Çin səddi"ni dəf edərək, hər iki musiqi sisteminin sintezinə dayaqlanan, bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. Təkcə Azərbaycanın deyil, ümumiyyətlə müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"da (1908) bəstəkar opera və muğamı "görüşdürərək" yeni muğam operası janrı yaratmışdır. Ü.Hacıbəyovun ən gözəl əsərlərindən biri - "Arşın mal alan" operettası (1913) isə bütün dünyanı dolaşmış, müxtəlif dillərə tərcümə olunaraq, bir neçə dəfə ekranlaşdırılmışdır. XX əsrdə Azərbaycanın qəhrəmanlıq ruhunu hifz və tərənnüm edən əsərlər arasında "Koroğlu" operasına (1937) bərabər ikinci bir əsər tapmaq isə çətindir. Ü.Hacıbəyov yeni musiqi mədəniyyəti sistemini yaratmış, musiqi maarifi və elminin möhkəm təməlini qoymuşdur. Azərbaycan musiqiçilərinin sonrakı nəsilləri bu fundament üzərində ərsəyə gəlirdi. Ü.Hacıbəyov Azərbaycan tarixində milli-azadlıq hərəkatının əzəmətli nümayəndələrindən biri, görkəmli ictimai xadim, publisist, jurnalist, dramaturq, pedaqoq kimi parlaq iz qoymuşdur. Ü.Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyov (1884-1950) da bəstəkar olmuş, Azərbaycan musiqili teatrının təşəkkülündə əhəmiyyətli rol oynamışdır. Z.Hacıbəyov "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Varlı", "Evliykən subay" musiqili komediyalarının, mahnılar, nəfəs alətləri, xalq çalğı alətləri orkestri, simfonik orkestr üçün əsərlərin, dram tamaşaları və kinomusiqisinin müəllifidir. Hacıbəyovların kiçik qardaşı - görkəmli jurnalist, tarixçi, tərcüməçi, Peterburq və Sarbona universitetlərində təhsil almış Ceyhun Hacıbəyov (1891-1962) Azərbaycanın sovetləşməsindən sonra xaricdə yaşamış, Fransada siyasi mühacirətin liderlərindən biri idi. Əsas maraqları siyasət, tarix və jurnalistika ilə bağlı olsa da, musiqi istedadına, məlahətli səsə malik Ceyhun bəy "Leyli və Məcnun" operasının yaranmasında Üzeyir bəyə köməklik etmiş, hətta ilk tamaşada iki rolda - İbn-Səlam və Nofəl rollarında çıxış etmişdir. Ceyhun Hacıbəyov "Arşın mal alan" operettasının ədəbi mətnini fransız və ingilis dillərinə tərcümə etmişdir. Onun "Leyli və Məcnun" operasının yazılması haqda məqaləsi ilk azərbaycan operasının yaranması tarixinə həsr olunmuş qiymətli mənbədir. Hacıbəyovlar soyunun ikinci nəsli də Azərbaycana böyük sənətkarlar bəxş etmişdir. Zülfüqar Hacıbəyovun oğulları - Niyazi və Çingiz Hacıbəyovların adı ilə Azərbaycan dirijorluq sənətinin inkişafı bağlıdır. Niyazi (1912-1984) Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmış, Hacıbəyov imzasını müasir dirijorluq sənəti tarixinə qızıl hərflərlə yazmış böyük sənətkardır. D.Şostakoviç onu "Sovet Şərqinin dünyaya tanınmış ilk dirijoru" hesab edirdi. 40 ilə yaxın Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru olmuş Niyazi xarici ölkələrdə klassik, müasir Avropa və rus musiqisinin, Azərbaycan bəstəkarlarının əsərlərinin təkrarolunmaz təfsirçisi kimi alqışlanmışdır. O, bir çox məşhur musiqi kollektivləri, ifaçılar ilə çıxış etmişdir. Niyazi ilə zəmanəmizin böyük ifaçıları - L.Oborin, S.Rixter, E.Gilels, L.Koqan, D.Oystrax, S.Knuşevitski, M.Rostropoviç, V.Klibern çalmışlar. Niyazi həm də bəstəkar idi: o, Beynəlxalq Nehru mükafatına layiq görülmüş "Çitra" baletinin, "Rast" simfonik muğamının və bir çox mahnıların müəllifidir. Çingiz Hacıbəyov (1913-1971) da XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş sənətkardır. Qardaşı Niyazi kimi dirijorluq peşəsini seçmiş Çingiz Hacıbəyovun yaradıcılıq fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. Ü.Hacıbəyovun əmisi nəvəsi - Soltan Hacıbəyov milli simfonik musiqinin yaranması və təşəkkülündə böyük rol oynamışdır. S.Hacıbəyov musiqiyə Üzeyir bəyin xeyir-duası ilə gəlmiş, Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. S.Hacıbəyov müasir mövzuda ilk milli baletin - "Gülşən" baletinin müəllifidir. Onun "Karvan", "Uvertyura", "Konsert" əsərləri - Azərbaycan simfonizminin parlaq nümunələridir. S.Hacıbəyov həm də görkəmli pedaqoq, musiqi-ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının (indi Bakı Musiqi Akademiyası) rektoru olmuşdur. Müasir dövrümüzdə Azərbaycan musiqisində Hacıbəyovlar soyunu üçüncü nəslin nümayəndəsi - Soltan Hacıbəyovun oğlu - İsmayıl Hacıbəyov təmsil edir. Çağdaş ifadə vasitələri, üslub təmayülləri məcrasında işləyən, simfonik, kamera, vokal, xor, fortepiano əsərlərinin müəllifi İsmayıl Hacıbəyov "Yeni Azərbaycan musiqisinin" parlaq nümayəndələrin-dəndir. O, "Firuzə" operası, simfonik orkestr və fortepiano üçün "Cəngi" rapsodiyası, Konsertino, "Uvertüra" kimi əsərlərin, Dante sözlərinə vokal əsərlərin Stravinskinin xatirəsinə "Memorial" kantatası, fortepiano pyesləri, silsilələrinin müəllifidir. İ.Hacıbəyovun musiqi üslubunda neoklassizm səciyyəsi aparıcı rol oynayır. İsmayıl Hacıbəyov həm də rəssamdır: onun emalatxanasında Ü.Hacıbəyovun, İ.Stravinskinin, D.Şostakoviçin, S.Prokofyevin, Q.Qarayevin portretləri var.

Ceyhun Hacıbəyov xatirələrində yazırdı: "Anam tərəfdən qohumlarımız arasında 4 xanəndə və 3 tarzən vardı". Ü.Hacıbəyovun hər iki dayısı - Ağalar bəy və Bahadur bəy Əliverdibəyovlar həvəskar musiqiçi idilər. Hərbi həkim olan Bahadur bəy gözəl tar çalırdı. Ağalar bəy Əliverdibəyov isə Ü.Hacıbəyovun ilk musiqi müəllimi olmuşdur. Peşəkar musiqi təhsili almasa da, ixtisasca mühəndis olan, Peterburq və arşavada oxumuş, Avropa və şərq dillərini bilən A.Əliverdibəyov klassik muğamlara, xalq musiqisinə dərindən bələd idi. Ömrünün axırınadək A.Zeynallı adına musiqi məktəbində muğam dərsi deyən A.Əliverdibəyov bəstəkarlıq sahəsində də qələmini sınamış, "Harun əl Rəşid" muğam operasını yazmış, Azərbaycan dilində ilk "Musiqi tarixi" kitabının müəllifi olmuşdur. Ağalar bəyin dörd övladı da - Kazım, Rasim, Nazim və Nüşabə Əliverdibəyovlar musiqiçi sənətini seçdilər. Nazim Əliverdibəyov görkəmli pedaqoq, bəstəkar olmuşdur. Onun "Bayatı-Şiraz" muğam kompozisiyası ən populyar orqan əsərlərindəndir. Uzun illər boyu Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru kimi o milli musiqiçi kadrlarının yetişməsində böyük rol oynamışdır. Nazim müəllimin hər iki övladı - Samir və Ləman da musiqiçidirlər. Rasim Əliverdibəyov skripkaçı, Nüşabə Əliverdibəyova pianoçu, musiqi müəllimidir. Kazım Əliverdibəyov görkəmli dirijordur. Uzun illər Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru olmuş, professor Əliverdibəyov hal-hazırda Türkiyədə işləyir. Hacıbəyovlar soyu ilə ana xətti tərəfdən yaxın qohum olan (Ü.Hacıbəyov və B.Bədəlbəyli xalaoğlu idilər) Bədəlbəylilər nəsli də Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar bəxş etmişdir. Bu nəslin də musiqi ənənələri iki qardaş - Bədəlbəy və Əhməd Bədəlbəylilərdən başlanır. Bədəlbəy Bədəlbəyli görkəmli pedaqoq olmuş, rus-müsəlman məktəbində başqa fənlərlə yanaşı musiqidən də dərs deyirdi. Yaxşı səsi olan Bədəl bəy muğam operalarında da çıxış etmişdi. Əhməd Bədəlbəyli (səhnə təxəllüsü Ağdamski) opera artisti idi. Azərbaycanda şəriət qanunlarına görə qadın artistlərinin olmaması şəraitində o, muğam operaları və operettalarda əsasən qadın rollarında çıxış etmişdir. Bədəl bəyin oğlanları - Əfrasiyab və Şəmsi Bədəlbəyli Azərbaycan teatr və musiqi sənəti tarixində böyük iz qoymuş şəxsiyyətlərdir. Dirijor, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletinin müəllifidir. Əfrasiyab Bədəlbəyli Bakıda və Leninqradda mükəmməl musiqi təhsili almış ilk azərbaycan dirijorlarındandır. O, 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru olmuş, azərbaycan və xarici ölkə bəstəkarlarının tamaşaya qoyulan onlarca operalara, baletlərə dirijorluq etmişdir. O, "Nizami", "Söyüdlər ağlamaz" operalarının, ilk milli balet - "Qız qalası" baletinin və başqa əsərlərin müəllifidir. Ə.Bədəlbəyli hərtərəfli istedada malik şəxsiyyət idi. Şərq dillərini gözəl bilən Ə.Bədəlbəyli (o, həm də Bakı Dövlət universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir) ən müxtəlif mövzuda onlarca milli-publisistik məqalələrin, nadir elmi əsər sayılan "Musiqi lüğəti"nin, bir çox azərbaycan operalarının libretto müəllifi olmuşdur. Bədəlbəyin ikinci oğlu - Şəmsi Bədəlbəyli görkəmli teatr xadimi, Azərbaycan Teatr cəmiyyətinin sədri olmuşdur. Uzun illər onun həyatı Azərbaycan Musiqili Komediya Teatrı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, opera və balet teatrı ilə bağlı idi. Onun quruluşunda Azərbaycan və xarici ölkə bəstəkarlarının opera və operettası tamaşaya qoyulmuşdur. Ş.Bədəlbəylinin oğlu - Fərhad Bədəlbəylinin adı ilə Azərbaycan ifaçılıq sənətində yeni mərhələnin başlanğıcı bağlıdır. F.Bədəlbəyli dünya miqyasında tanınan, nüfuzlu Beynəlxalq müsabiqələrin qalibi olmuş (B.Smetana adına Beynəlxalq müsabiqə, 1967,III mükafat; Viana da Mota adına Beynəlxalq müsabiqə, 1968,I mükafat) ilk Azərbaycan pianoçusudur. Qastrol marşrutları dünyanın onlarca ölkəsini əhatə edən professor Fərhad Bədəlbəyli hal-hazırda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektorudur. Bədəlbəylilərin artıq dördüncü nəslinin nümayəndəsi Fərhad Bədəlbəylinin qızı - Dilarə də pianoçudur.