MUSİQİLİ TEATR:
«Qız Qalası»: III miniliyə vəsiqə L. Həsənova |
|
3 oktyabr 1999-cu il tarixdə Azərbaycan Dövlət opera və balet teatrının bütün yaşamı dövründə çox az-az rastlaşdığımız və çox maraqlı bir olay baş verdi. "Çox maraqlı olay" dedikdə, təkcə opera və balet teatrımızın keçirdiyi son ağır illəri nəzərdə tutmuruq. Böhran öz yerində, lakin əgər tarixi, daha doğrusu, mədəniyyət tariximizi varaqlasaq, milli örnəklərimizin yeni, özü də köklü redaktələrinin azsaylılığı aşkarlanacaq. Və belə çətin dövrdə öncədən F. Əmirovun "Sevilinə", daha bir il sonra ilk milli baletimiz olan Ə. Bədəlbəylinin "Qız qalasına" yaradıcı, sözün ən yaxşı mənasında "əl gəzdirmək" təşəbbüsünün qoçaqlığı göz qabağındadır. Əlbəttə, "Sevil" tamam başqa söhbətdir, amma "Qız qalası"nda yeni redaktə anlamının yozumu daha dərin, bəlkə də, daha cəsarətlidir. Və haqqında danışılan olayın başlıca iştirakçılarına söz verməmişdən öncə gəlin tarixə qayıdaq. "Qız qalası" baletinin o zamankı M. F. Axundov adını Azərbaycan Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, respublikanın əməkdar incəsənət xadimi F.Qusak idi. Həm rejissor, Həm baletmeysterin quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq, - xalq rəqsləri ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdı. Yəni milli çalarlar mütləq saxlanmalı idi. Və baletin musiqisi də həmin məqsədə imkan verirdi. Baletin məzmunundan irəli gələn "divertismentli" səhnələşdirmələrə baxmayaraq, burada maraqlı və kəskin-dramatik səhnələrə də yer verilmişdi. Lakin quruluşda əsas vurğulanma Poladla Gülyanağın alovlu və mətin sevgisi çevrəsinə düşürdü. Tamaşada məzmunun açıqlanması yönündə pantomimadan geniş faydalanmışdılar. Eyni zamanda baletin quruluşunda "variasiya" və "adajio"-lar, "Sonalar gölü", "Raymonda", "Don Kixot" baletlərində olduğu kimi, klassik ənənələrə uyğunlaşdırılmışdı. Gülyanağın ilk ifaçısı - ilk azərbaycanlı balerina Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirmişdi. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri (açması), gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən, biri-biri ilə səsləşən, coşğun heyranlıqla qarşılanmışdı. 25 aprel 1940-cı il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov baletin tamaşaya qoyulması ilə bağlı çıxış edərək yazırdı: "İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən "azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır. " Baletin ilk quruluşunda Cahangir xanın surəti sırf pantymima kimi düşünülmüşdü və A. Urvantsevin ifasında olduqca yaddaqalan surət kimi tanınırdı. Poladın igid, barışmaz surəti isə sonralar respublikanın xalq artisti adı qazanmış, o zaman gənc Konstantin Bataşova tapşırılmışdı. "Qız qalası"nın 1959-cu ildə daha yeni, - ikinci quruluşunun baletmeysteri, sonralar SSRİ xalq artisti və professor adına layiq görülmüş Q. Almaszadə idi. Onun qardaşı Ənvər Almaszadə tamaşaya yeni bədii tərtibat vermişdi. 1959-cu ilin yeni redaksiyasında Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalım yaramazlığı daha kəskin vurğulanmışdı. Bununla bağlı "Sovetskaə kulğtura" qəzetinin 28 may 1959-cu il tarixli sayında çap olunmuş tənqidçi - sənətşünas N. Elyaşın "Azərbaycan baletinin tamaşaları" başlıqlı məqaləsində oxuyuruq: ..."Baletmeyster əfsanəvi surətləri genişmiqyaslı, el gücünü əks etdirən, onun daşıyıcıları olan qəhrəman surətlər kimi təfsir edir. Səmimi, coşğun gənc Poladın da, zərif, həyəcanlı Gülyanağın da səhnə yaşamında biz lap öncədən yenilməzliyi, barışmazlığı duyuruq. Və əsərin faciəli sonluqla bitməsinə baxmayaraq, məhz belə təfsir sayəsində "Qız qalası" qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir. " 1959-cu il quruluşunda xan surətinin tamamilə yeni təfsiri ilə rastlaşırıq ki, bu da əsərin bədii kəsərini qat-qat artırır. 2-ci redaktənin uğurlarından elçilik edən qadın surətini göstərmək olar. Xumar xanım Zülfüqarovanın ifasında həmin surət də olduqca bədii kəsərli və yaddaqalan idi. Baletin ən gərgin dramatik məqamları hadisələrin gedişində rəqs yolları ilə öz həllini tapırdı. Əlbəttə, belə tapıntılar ilk növbədə baletmeyster istedadından irəli gəlirdi. "Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları arasında SSRİ xalq artisti Leyla Vəkilovanı ayrıca vurğulamaq lazımdır. Onun səmimiyyət və ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi Poladla səhnələrdə şairanəliyi, Cahangir xanla səhnələrdə isə yenilməzliyi ilə seçilirdi. Əsərin proloqunda bədbəxt ananın ümidsizliyini də, sonrakı səhnələrdə gənc qızın düşdüyü çıxılmaz vəziyyəti də Leyla Vəkilova rəqs dili ilə tamaşaçılara inandırıcı çatdıra bilirdi. " L. Vəkilovanın oyundaşları arasında Cahangir xanın öz qəddarlığı qədər parlaq surətini yaratmış K. Bataşovun və öz sevgisini xanın pəncələrindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı, respublikanın xalq artisti Məsud Məmmədovun adları balet tariximizdə silinməz izlər qoymuşlar. Beləliklə, "Qız qalası" baleti 60 illik səhnə ömrü sürdü və yüzilliklərin, daha doğrusu, minilliklərin keçidində... . tamamilə yeni libretto ilə yeni quruluşda, yeni orkestr çalarları və yeni bədii tərtibatla səhnə ömrünə yenidən başladı... . ...Baletin ilk librettosu onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxan bütün ədəbi, publisistik və elmi əsərlərə xas olan düzgün biçimliliyi ilə seçilirdi. Gəlin qısaca da olsa, yada salaq. Proloq. Qəddarlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, oğlu - varisi doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının dünyaya gəlişini qəzəblə qarşılayır. O uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu dayəsinə verib, saraydan gizlicə çıxmalarına kömək edir... ...Artıq 18 il keçmiş və körpə qızcığaz füsunkar gözələ çevrilmişdir. Həmişə şən, gülərüzlü Gülyanaq xoşbəxtdir, çünki onun sevib-seçdiyi Polad adında igid var. Və talelərinin birləşəcəyi gün artıq yaxınlaşıb. Xatırlayıram ki, toy adətlərimizin bəzilərini biz həmin baletin gedişindən öyrənmişik. Məsələn, gəlinin başına noğul və başqa şirniyyat səpələmək adəti və çox-çox başqaları. Və unudulmaz Leyla Vəkilova, Konstantin Bataşov, Məsud Məmmədov indi də gözlərimiz önündədirlər. Təbii ki, Sizin keçmişin xoreoqrafiyası və ifaçılarına öz baxımınız və görüntüləriniz var?... Mədinə Əliyeva: - Xoreoqrafik mətnə gəlincə, deyə bilərəm ki, imkan daxilində istər klassik rəqs səhnələrini, istərsə də milli çalarlı rəqsləri qoruyub saxlamağa çalışmışıq. Çünki, "Qız qalası" baleti necə olursa-olsun, - səhnədə yaşamalıdır və biz onu yaşatmalıyıq. "İlk milli baletimiz" deyimi ilə kifayətlənmək çox azdır, bu əsər Azərbaycan klassik irsinin incilərindən biridir. Bu balet milliliyi ilə özündən sonra yaradılan bütün baletlərdən, mənim fikrimcə, çox fərqlənir. Azərbaycan baletinin başlanğıc nöqtəsi, milli xoreoqrafiyanın örnəyi "Qız qalası"dır. Və bu gün də həmin əsər öz əhəmiyyətini, bədii dəyərini nəinki itirməyib, əksinə, bu dəyər getdikcə böyüyür, artır. "Qız qalası" Azərbaycan balet ustalarının korifeylər qalereyası, milli mədəniyyətimizin ölməz yaddaşıdır. ...Belə bir teatr deyimi var ki, "ifaçı-son nəticədir". Və belə deyimdən irəli gedərək, sənət dalğıcı kimi bir az "dərinə baş vurmağı" qarşıya məqsəd qoyduq. Sözü, arxadan başlamaq şərtilə, yaradıcı qrupun iştirakçılarına veririk. Yulana Əlikişizadə - Balet truppasının bədii rəhbəri. Sual: Yeni redaktə üzərində yaradıcılıq işinin çətinlikləri, həyəcan və sevincləri, yəqin ki, olub? Cavab: Librettonun yeniliyi özünü doğruldur, tamaşanın mahiyyətcə uduşu göz qabağındadır. "Qız qalası" çox uzun səhnə ömrü sürüb, tamaşaçı alqışları qazanıb. Lakin məzmunda "ata-qız" xətti həmişə təəccüb doğurur, milli mənəviyyata heç cür uyğun gəlmirdi. Hazırki baletin başlıca ideyası isə zülmkar hökmdarın məhəbbət, sədaqət və mənəviyyatla, saflıqla mübarizədə məğlubiyyətidir. Baletin xoreoqrafiyasına gəldikdə isə, Qəmər xanım Almaszadənin quruluşundan mümkün olanı saxlamışıq. Yeni partitura və libretto ilə bağlı bir sıra lazımsız bölümləri çıxarmaq şərtilə. Bir sıra rəqs bölümləri, mən deyərdim, uğurlu alınıb. Məsələn, I və III pərdələrdə. Dövlət rəqs ansamblının iştirakına gəldikdə isə, milli baletdə belə rəqqasların çıxışları maraqlıdır və lazımdır. Uğurlarımızdan biri də budur ki, biz çox qısa zamanda, Polad və Cahangir xan surətlərinin yaradıcıları olmuş iki cəngi - Gülağası Mirzəyev və Yuri Lobaçovu hazırlaya bilmişik. Onlar üçün belə böyük yaradıcılıq işi çox böyük peşəkarlıq imtahanıdır. Burada hər iki gəncin inadcıllığı və ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının əməkdar artisti Mədinə Əliyevanın təcrübəsini və köməyini əsirgəmədiyini ayrıca vurğulamalıyam. Əlbəttə, tamaşadan-tamaşaya qazanclarımızı, bir növ, cilalamağa çalışırıq. Sual: Yeni tamaşa və onun hazırlığı ümumilikdə teatra, eləcə də balet truppasına nə verdi? Və deyilənlərlə bağlı hansı planların işartıları görünür? Cavab: Bu günkü günümüzdə hər bir yeni tamaşa çox sayımlı hadisədir. Lakin "Qız qalası" qeyri-adi hadisədir. Bir tərəfdən, uşaqlıqdan tanıdığımız və sevdiyimiz, digər tərəfdən tamamilə yeni balet. Truppa böyük ruh yüksəkliyi ilə, maraq və tam qüvvəsilə çıxış edir. Və belə qeyri-adilik gələcək üçün ilhamlandırıcı, həvəsləndirici amildir. Gələcəkdə isə Q. Qarayevin "Yeddi gözəl" və F. Əmirovun "Min bir gecə" baletlərini bərpa etmək əzmindəyik. Əlbəttə, maliyyə çətinlikləri aradan qalxsa, çünki dekorlar və kostyumlar teatrın səviyyəsinə uyğun deyil. Qısası, teatrın rəhbərliyi və daha "yuxarıların" köməyinə ümid edirik. Son hökumət qərarı belə ümidlərin hazırda əsaslı olduğunu göstərir. Afaq MƏLİKOVA
- Azərbaycan Dövlət rəqs Sual: - Afaq xanım, Sizin ansambl ilə gərgin məşqləriniz, rəqslərin yeni quruluşu və Qəmər Almaszadədən sonra belə böyük məsuliyyəti öz üzərinizə götürməyiniz, tamaşaya, xüsusilə də xoreoqrafiya məktəbi divarları arasında belə böyük maraq, - bütün bunlar bütövlükdə bizi olduqca həyəcanlandırdı. Bilmək istərdik ki, belə məqamda hansı çətinliklərlə ilk növbədə qarşılaşdınız: xoreoqrafiya baxımından, yaxud psixoloji baxımdan? Cavab: - Bu ilin (1999!) may ayında professor Fərhad Bədəlbəyli mənə müraciət edib, öz ideyası ilə bölüşdü. İdeyanın mahiyyəti belə idi ki, Dövlət rəqs ansamblı yeni quruluşda iştirak etsin. Təklif çox gözlənilməz idi və məndə çaşqınlıq hissi yaratdı. Öncədən razılaşmadım, çünki: 1) balet tamaşası qarşısında böyük məsuliyyət; 2) klassik balet truppası ilə birgə çıxışın öz çətinlikləri; 3) simfonik orkestrlə uyuşmağın çətinlikləri razılaşmağa imkan vermirdi. Baxmayaraq ki, kollektivimizdə hər bir rəqqas və rəqqasə ixtisasçı, - sənətçidirlər və xoreoqrafiya məktəbi bitiriblər. Lakin sonra Ə. Bədəlbəylinin xatirəsinə, Q. Almaszadənin əvəzsiz sənətkarlığına, ilk milli baletimizə və F. Bədəlbəylinin qeyrətinə hörmətim bütün inamsızlıqlara üstün gəldi və mən məzuniyyətdən sonra qərara gələ bildim. İş elə gətirdi ki, sentyabrın 10-da məşqlərə başladıq. Musiqinin kassetini bizə verdilər və tərbiyəçi-müəllimimiz, Respublikanın xalq artisti Yusif Qasımovun köməyi ilə ansamblla hər gün, o cümlədən bazar günləri 4-5 saat gərgin məşq keçirdik. İstədiyimiz alınırdı. Təkcə balet truppası ilə birgə məşqlərin başlanğıcında əsəblərim bir qədər pozuldu. Sonrakı məşqlər kollektivimizin baletin yeni quruluşuna həm marağını, həm də məsuliyyətli yanaşdığını aşkarladı. Daha sonra orkestrlə məşqlərə başladıqda yenə də çətinliklər ortaya çıxdı, çünki simfonik səslənməyə öyrəncəlilik lazımdır. O ki, qaldı xoreoqrafiya baxımından çətinliklərə, tam arxayınlıqla deyə bilərəm ki, rəqs bizim sənətimizdir və "bizimkilər" uğurla çıxış etdilər. Mən I pərdədəki "Şalaxo" rəqsini, III pərdədə isə "Gürcü rəqsi" və "Nəlbəki" rəqsini nəzərdə tuturam. Bir sözlə, ansamblımızın tamaşada iştirakı ən xırda ünsürlərədək mükəmməl işlənmişdi. Elə böyük çətinliyimiz olmadı. Sual: - Mütəxəssislər və tamaşaçılar arasında biri-birinin əksi olan iki fikir dolaşır. Birincilərə görə, Dövlət rəqs ansamblının iştirakı tamaşanı daha canlı görməyə imkan yaratdı, ikincilər isə 40 il öncəki quruluşun toxunulmazlığını əsas gətirirlər. Sizin fikrinizcə, yeni tamaşada qarşıya qoyulan bədii məqsədlərə çatmaq üçün daha nələr etmək, hansı dəyişikliklər aparmaq lazımdır? Yaxud da hər şey yerli-yerindədirmi? Cavab: - Əks fikirlərin varlığı təbiidir. Fikirlər həmişə çarpazlaşacaq. Lakin mənim üçün ən başlıcası mütəxəssis fikri, daha doğrusu, balet aləminin sayımlı ustaları kimi tanınan Rəfiqə Axundova və Məsud Məmmədovun rəyləri hamıdan, hər şeydən daha önəmlidir. İlk tamaşadan sonra Rəfiqə xanım məni təbrik etdi və bir sıra arzularını bildirdi ki, mən onları gələcəkdə sözsüz nəzərə alacağam. Burada deməliyəm ki, balet truppası ilə rəqs ansamblının birgə çıxışı onların bədii tapıntısıdır. Biz birgə böyük xoreoqrafik süita hazırladıq və o zamanlar Moskvada bir ay ərzində böyük uğurlar qazandıq. Yəni bu, ilk belə çıxışımız deyil, lakin balet tamaşası tamamilə ayrı bir məsələdir. Sual:- "Qız qalası"nda birgə yaradıcılıq işində Dövlət ansamblı hansı qazanclar əldə etdi? Və bu təcrübədən Siz gələcəkdə də, başqa tamaşalarda faydalanmaq istərdinizmi? Cavab:- Əlbəttə ki, bizim kollektiv üçün bu həvəsləndirici amildir. Daha doğrusu, yaradıcı həvəsləndirmə. Belə birgə çıxışlar ansamblın üzvlərində məsuliyyət hissini artırır, ruh rüksəkliyi aşılayır. Və mən çox istərdim ki, gələcəkdə də, bizim özəl yerimiz olsun, yeni tamaşalar, quruluşlar görək. Ən başlıcası isə, bu şəkildə əməkdaşlıq təkcə bizə yox, baletə və hər birimizə lazımlıdır. Cavanşir
CƏFƏROV - Opera və balet -Baletin yeni redaksiyası əsərin yeni variantıdır. Mən məzmunu nəzərdə tuturam. O ki, qaldı orkestrləşmə məsələsinə, bu tamamilə yeni partituradır. Və çox gözəl işlənib. Musa Mirzəyev özüllü, "azman" partituralar yaratmağı sevir və onları sevə-sevə yaradır. Əlbəttə, həmin partituranı hazırlamağın ən başlıca çətinliyi, onun tutumu, sanballığından savayı, vaxtın azlığı idi. Mən partituranın köçürülmüş əlyazmasını ancaq sentyabrın ilk günlərində gördüm. Orkestr partiyaları isə sentyabrın 15-də əldə olunub orkestrə paylandı. Yəni əslində bircə aya baletin musiqi kəsimini hazırladıq. Çox ağır, lakin çox maraqlı iş oldu. Simfonik inkişafın arasıkəsilməzliyi tamaşanın dinamik alınmasına imkan yaratdı. Orkestr çalarlarının gözəlliyi mənim lap belə özümü ovsunlamışdı. Balet truppası və Dövlət rəqs ansamblı ilə birgə məşqlər isə cəmi on gün çəkdi. Doğrudur, 4, 5, hətta 6 saat məşq edirdik və hamılıqla boynumuza düşən məsuliyyəti başa düşürdük. Ümumiyyətlə, dirijor üçün asan-çətin partitura, fikrimcə, yoxdur və ola da bilməz. Klassik partituralar nə qədər "duru", "şəffaf" olsalar da, böyük diqqət tələb edir. Bununla yanaşı, deməliyəm ki, "Qız qalası" baletinin yeni redaksiyasını, tutumuna görə, ancaq hazırda dirijorluq etdiyim "Min bir gecə" baletinin partiturası ilə tutuşdura bilərəm. Və bu baxımdan, qazandığımız uğur şəxsən məni arxayın salmır. Əksinə, belə düşünürəm ki, hər tamaşa bu partitura üzərində yaradıcılıq işinin davamıdır. Musa MİRZƏYEV,
bəstəkar, Azərbaycan -Əfrasiyab Bədəlbəyli ilə məni yaşamımızın istər yaradıcılıq, istər təşkilati, istərsə də, insani münasibətlər kəsimlərində çoxsaylı qırılmaz tellər biri-birimizə bağlayırdı. O, uzun zaman operamızın baş dirijoru və SSRİ musiqi fondu Azərbaycan şöbəsinin sədri vəzifələrində çalışmaqla yanaşı, fəal ictimai xadim idi. Və bəstəkarlar ittifaqı xətti ilə iş birliyimiz tez bir zamanda səmimi dostluğa çevrilmişdi. Elə gün olmazdı ki, biz telefonla hal-əhval tutmayaq. Məhz bütün deyilənlərin sonucundan mən ilk Azərbaycan milli baletimizin yaranması tarixçəsində bizim musiqi tarixçilərimiz - musiqişünaslarımızdan daha geniş bilgiliyəm. 1937-ci il "Koroğlu" operasının tamaşaya qoyulduğu, 1940-cı il isə ilk milli baletimizin - "Qız qalası"nın yaranışı illəri sayılır. Üzeyirbəylə bir yöndə, bir axarda üzmək, - özü də bir gəmidə üzmək,- həm ozaman üçün, həm də bugünkü baxımdan, sözsüz ki, böyük yaradıcı qoçaqlıq, sənət igidliyi sayılmalıdır. Və ilk milli janr yaradıcısı təşəbbüsündə bulunmaq da o cümlədən. Deyilənlərlə yanaşı, "Qız qalası"nın meydana gəlişi tamamilə qanunauyğundur. Ə. Bədəlbəylinin söylədiyindən mən dəqiq bilirəm ki, artıq 1938-ci ilin başlanğıcında, Moskvada keçiriləcək "Azərbaycan mədəniyyəti ongünlüyü" astanasında əsərin partiturası hazır imiş, lakin, göstəriləcək tamaşaların siyahısı təsdiqləndiyindən, baletin tamaşaya qoyulması məsələsi sonraya saxlanıldı. Burada o zamankı yerli hakimiyyətin milli kadrlara şübhə ilə yanaşması da öz işini görmüşdü. Yalnız 1940-cı ildə "Qız qalası", nəhayət, böyük çətinliklərdən sonra işıq üzü görmüşdü. Və ayrıca vurğulamalıyam ki, əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster, füsünkar Qəmər Almaszadə idi. O zamanlar müəllifin özü gənc dirijor olsa da, sonrakı illərdə opera və balet teatrımızın demək olar ki, bütün repertuarını,- tamaşalar toplumunu öz gənc çiyinlərində "daşımalı", daha doğrusu, yaşatmalı idi. Burada yada salmaq yerinə düşərdi ki, Ə. Bədəlbəyli cavanlığında çox fəal təfsirçi dirijorluğu ilə seçilirdi. Onun dirijor çubuğu D. Şostakoviçin I, P. İ. Çaykovskinin VI, N. Myaskovskinin XVIII simfoniyalarının, F. Əmirovun "Şur" simfonik muğamının və çox-çox digər şah əsərlərin öhdəsindən gəlibmiş. Ə. Bədəlbəyli çox savadlı və geniş dünyagörüşü olan sənətkar, iti qələmli publisist və hətta alim idi desək, yanılmarıq. Məhz onun çox yetkin etnoqrafik bilikləri və bilgiləri sonucunda baletin ilk redaksiyasının quruluşundakı bütövlük aydın nəzərə çarpırdı. Baletin librettosu ədəbiyyatçı və siravi librettoçuların yazdıqlarından köklü seçilirdi. Bu məzmunun bütün xırdalıqları, ifaçılıq ünsürlərinin aydın, geniş açıqlandığı əsil quruluşçu baletmeyster librettosu idi. Baletin ilk tamaşasınadək çox böyük təşkilatı və psixoloji çətinlikləri aradan qaldırmaq lazım gəlmişdi. Və belə ağır məqamda dahi Üzeyir bəy öz köməyini əsirgəməmişdi. İlk tamaşadan sonra Üzeyir bəy Hacıbəyov "Pravda" qəzetindəki çıxışında "Qız qalası"nı yüksək qiymətləndi-rərək, baletin gələcək taleyinə irəlicədən xeyir-dua vermişdi. Yeri gəlmişkən deməliyəm ki, müəllifin özü əsərin 300-dən artıq tamaşasına şəxsən dirijorluq edibmiş. Bir neçə söz də baletin klaviri haqqında. 1959-cu ildə Moskvada keçiriləcək mədəniyyət ongünlüyümüzlə bağlı klavir çap olunmalıydı. Lakin çiyninə düşən işin çoxluğundan müəllif klavirin çapa hazırlığını daim gecikdirirdi. Əslində, əsərin əsil klaviri yox dərəcəsində idi, çünki Ə. Bədəlbəyli ilə çoxillik dostluğumuz sayəsində dəqiq bilirdim ki, bəstəkar əsəri klavirsiz, birbaşa partitura şəklində yazmışdı. Bunun oxşarlarını Q. Qarayevin baletlərindən misal gətirmək olar. Klavirlər çox sonralar, partituralar əsasında "biçimlənir", yaxud "işlənirdilər". Sözün qısası, mənə müraciət etdilər, çünki yaxın olduğumuzu hamı bilirdi. Lakin mən nəşriyyata məsləhət gördüm ki, bəstəkarın müəllimi və köhnə dostu, professor B. İ. Zeydmanı bu işə qoşsunlar. Doğrudan da, bu iş alındı. Lakin burada ayrıca vurğulamalıyam ki, - (professionalizm öz yerində!) - klavir partituranın bütün incəliklərini əks etdirə bilməyib, "rəqs üçün yararlı" səpgidə hazırlanıb. Əlbəttə, hər bir dövrün öz tələbləri, öz görüntüləri var. Və məhz bu baxımdan və bu səbəbə Fərhad Bədəlbəyli artıq 16 ildir ki, məni ələ alaraq, baletin yeni redaktəsi işinə həvəsləndirməyə çalışırdı. Nəhayət, o arzusuna çatdı. Lakin deməliyəm ki, mən uzun zaman, bu arzuya hörmət bəsləsəm də, baletin partiturasına əl gəzdirməyə girişmək istəmirdim. Çünki Ə. Bədəlbəylinin xatirəsi mənimçün olduqca əzizdi. Nə isə, Fərhad məni dilə tuta bildi. Bildiyiniz kimi, atanın öz qızına evlənməyi əfsanəsi kommunist rejiminin bizə, mədəniyyətimizə "sırıdığı" qondarmadan başqa bir şey deyil. Belə məzmun bizim mənəviyyatımıza yaddır, hətta ən əski folklorumuzda onun oxşarlarına rast gəlmirik. Beləliklə, yeni librettoya görə, əsərin proloqu tamamilə aradan qaldırılmalı, yəni həmin proloqun musiqisi də həmçinin. Lakin mən musiqini "qoruyub saxlamaq" qərarına gəldim. Bütövlükdə götürsək, yeni ikipərdəli balet biçimləndi ki, onun artıq proloqu yox, yeni epiloqu - sonluğu var. II və III pərdələrin birləşdirilməsi, yaxud arasıkəsilməz ifası beynəlxalq standartlara yaxud qəliblərə uyğun yeni tamaşanın başlıca cəhətlərindən biridir. Üçpərdəlilik ancaq sovet dövrünə xas idi. Əsərin musiqisində ciddi yığcamlamalar, ixtisarlar yeni librettodan, - F. Bədəlbəylinin redaktəsindən irəli gəlir. Bir sıra, sözün əsil mənasında, "dramatik balet" bölümləri aradan götürülüb. Məzmun dəyişikliyi pantomimalar üçün yazılmış musiqi bölümlərini lazımsız etdi. Yeni redaktəli I pərdədə arasıkəsilməz simfonik-rəqsi inkişaf gedir. Və tam məsuliyyətlə deyə bilərəm ki, yeni redaktənin bir sıra bölümləri simfonik konsertlərdə ifa oluna bilər və inanıram ki, gələcəkdə biz onları eşidəcəyik. Musiqinin parlaq, əvəzsiz milli çaları belə deməyə əsas verir. Məhz uvertüranın materialının belə əvəzsizliyi onun əsasında yeni sonluq (epiloq) bəstələməyimə imkan verib. Burada vurğulamaq lazım gəlir ki, Ə. Bədəlbəylinin musiqi mövzuları onu Ü. Hacıbəyovun ləyaqətli şagirdi kimi dəyərləndirir. Müəllifin musiqi mövzularına xas olan "üslub təmizliyi", "zövqi naqislik və xətaların" yoxluğu onu bir sıra bəstəkarlardan, o cümlədən, istedadlardan daha seçimli görməyə imkan yaradır. I pərdədə məzmun birbaşa toya hazırlıqdan başlayır. Bu səbəbdən ananın qızı ilə III pərdədəki görüşü başqa məna daşıyır. Yeni redaktədə qonaqların gəlişi genişləndirilib. Yeni librettoya görə yerdəyişmələr çoxdur. Təkrarlamalara yol verilmir. Cəmi bir təkrar var ki, onun da orkestr çalarları öncəkindən tamamilə seçilir, - mən xanın çıxışını (III pərdədəki) nəzərdə tuturam. Vaxtı ilə xanın mövzusu dəfələrlə səslənirdi. Sevgililərin "Adajio"-su genişləndirilib və konsertlərdə ayrıca ifa oluna bilər. Əsərin orkestrləşməsinə gəldikdə, redaktənin istər harmonik, istər polifonik, istərsə də orkestr çalarları baxımlarından ölçüyəgəlməz zənginliyi "gün kimi aydındır. " Orkestr dolğun səslənir. Məsələn, əski partiturada "pedallıq" anlamı yox dərəcəsində idi. Yeni redaktə "pedallıq"ların geniş çeşidli toplumundan faydalanır. Hətta çalğıçılar üçün əlverişsiz tonallıqlar əlverişliləri ilə əvəzlənib. Burada tamamilə yeni harmonik dil və yeni orkestrləşmədən danışmaq daha düzgün olardı. Məsələn, valtornaların yeri və vəzifələri ən böyük bəstəkarların yaradıcılığı səviyyəsində ən yüksək və ən nəfis tələblərə cavab verir. Digər tərəfdən, "Gülyanağın rəqsi"ndə mis alətlər susur, simlilər çox tutumlu səslənir, və rəqs daha yaddaqalan, daha yaşantılı görünür. Əslində bütün toy rəqsləri tamamilə yenidən bəstələnib. Düzünü desəm, bu əsər üzərində mən əski partitura, yaxud çap olunmuş klavir üzrə və əsasında deyil, bir elmi-yaradıcılıqla məşğul olan araşdırıcı kimi işləmişəm. Qarşımda böyük, uzun ifaçılıq yolu keçmiş, çoxsaylı dirijorlara xidmət etmiş partitura dururdu. Və mən musiqi mövzularını imkanım çatanadək saxlayaraq, Ə. Bədəlbəyli mövzuları əsasında tamamilə yeni partitura yarada bildim. Olduqca çətin iş oldu, bəstəkarın adı, onun nurlu siması lap başlanğıcdan axıradək məni tərk etmir, bütün ağırlıqlara, çətinliklərə sinə gərməyə çağırırdı. Musiqinin ən əskidən indiyədək keçdiyi çoxminillik tarixdə görünməmiş işdir ki, əldə olan partitura əsasında yeni, beynəlxalq, dünya səviyyəli partitura yaradasan. Mən dedim ki, partitura ən yüksək ümumdünya tələblərinə cavab verir. Və doğrudan da, bir sıra xarici səfirliklər əsərlə maraqlanmağa başlayıblar. Hətta, Norveçin səfiri baletin öz ölkəsində tamaşaya qoyulmasını arzuladığını bildirdi. FƏRHAD BƏDƏLBƏYLİ, Azərbaycan Respublikası xalq artisti, professor, tamaşanın bədii rəhbəri və librettoçusu. - Baletin yeni redaksiyası ideyası uzun illərdir ki, məni düşündürürdü. Əlbəttə, köhnə libretto çox gözəl yazılmışdı, mən deyərdim ki, çox "intriqalı" libretto idi. Hamı böyük maraq və gərginliklə izləyirdi ki, "görəsən tamaşanın axırı nə ilə qurtaracaq?". Lakin milli mənaviyyata bu bir növ sataşmaq deməkdi. Sovet dövrünün məhsulu idi. Əfrasiyab əmim özü deyərdi ki, ədəbiyyatçılar, tarixçilər, tənqidçilər bizim tarixdə, folklorda belə məzmuna rast gəlinmədiyini, yad ünsür olduğunu tez-tez onun nəzərinə çatdırardılar. Aydındır ki, kommunist sinfi mübarizə ideologiyası xanı lap binamus etmək üçün dəridən qabıqdan-çıxmalıydı. Gəlin düzünü deyək. 50 yaşında xan cavan bir qıza aşiq olub, onu alsaydı, yaxud hərəmxana saxlasaydı, böyük günah işlətməzdi. Təbii bir şey olardı... Lakin atanın öz doğma övladına ehtirası..., yolverilməzdir. Və belə məzmun, açığını deyim məni çox-çox illərdir ki, incidirdi. Hazırda milli dövlətimizi qururuqsa, milli mənəviyyatı bərpa etməli və qorumalıyıq. Digər tərəfdən, əsərin orkestr səslənməsi. "Qız qalası" baleti Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri və tələbə ikən yazdığı diplom işi idi. Sonrakı operalarında orkestr tamamilə başqa cür, daha dolğun səslənir. Dövr dəyişdikcə, bədii tələblər də dəyişir. Özünüz bilirsiniz ki, hətta İ. Stravinski kimi böyük bəstəkar da öz əsərlərini neçə dəfə redaktə edib, hətta əldə olan musiqi materialını saxlamaqla köklü dəyişikliklər aparıb. M. Musorqskinin "Boris Qodunov" operasının 2 redaktəsi var: N. Rimski-Korsakovun və D. Şostakoviçin. Buna oxşar misallar çoxdur. Mənim məhz Musa Mirzəyevə müraciət etməyimin səbəbi onun çox yüksək zövqü və dərin orkestr bilicisi kimi tanınmağındadır. Ən nəhayət, o, Əfrasiyabın dostu idi, bu isə çox vacibdir. Bu baletin çox maraqlı taleyi var. Nəinki 1938-ci ildə, hətta 1959-cu ildə Moskvada mədəniyyət ongünlüyünə hazırlıq zamanı çoxları istəməyib ki, baleti Böyük teatrda göstərsinlər. Sonra qəsdən günorta vaxtına salmışdılar ki, gedən az olsun. Lakin görəndə ki, günorta tamaşasında camaat bashabas salıb, axşam baleti bir daha təkrarlamalı olublar. Ümumiyyətlə, Ə. Bədəlbəyli ömrü boyu belə ədalətsizliklərin ağrısını çox çəkib. Məsələn, konservatoriyaya onu yaxın buraxmırdılar. Baxmayaraq ki, çox gözəl alim və musiqişünas idi. Fəxri ad məsələsində və çox-çox başqa məsələlərdə də həmçinin böyük ədalətsizliklər görüb. Nə isə, bir il öncə fikrimi, səbrimi bir yerə yığıb, özüm oturdum və yeni libretto yazdım. Yəqin ki, köhnə tamaşanı görənlər bilir: proloqda baletdən çox pantomima var idi. Və proloqsuz balet nə musiqi, nə rəqs baxımından heç nə itirmədi. Əksinə, birbaşa musiqili-xoreoqrafik inkişafın gedişinə yol açdıq. Yadınızdadırmı, vaxtı ilə 10 dəqiqə gözləyirdik ki, Qız qalası səhnədə haçan tikilib qurtaracaq? Klaviri gözdən keçirdikdə də görünür ki, xanə-xanə, - dram əsərinə yazılmış musiqini xatırladırdı "Qız qalası". Bütövlük çatmırdı. İndi isə baleti hər yerdə, istənilən ölkədə göstərmək, tamaşaya qoymaq olar. Çünki dinamiklik artıq var. Lakin nə dərəcədə var, - onu mütəxəssislər və tamaşaçılar deyə bilər. Hələ ki. tamaşaçılardan razılıq edənlər daha çoxdur. Burada bir məsələni açıqlamaq istərdim. Bizim opera və balet teatrımızın bu günü böyük çətinliklər dövrüdür. Əlbəttə, tənqid edirik və lazımdır da. Ümumiyyətlə, hər şeyi tənqid etmək olar. Mənim dahi müəllimim Yakov Zak həmişə deyərdi ki, "Konsertdən sonra mütləq səni tənqid edənlərə qulaq as və mütləq tərifləyənlərə qulaq asma. Çünki tənqidçilərin sənə xeyri var və bu xeyir sənə lazımdır. " İndi biz də tənqid edə bilərik, lakin təhqir və hədyanlara yol vermək olmaz. Teatrın belə çətin, ağır günündə direktordan tutmuş qapıçıyadək hamı tamaşanın uğuru üçün bacardığı qədər çalışıb. Maliyyə cəhətdən böyük sıxıntıları aradan qaldırmaq lazım gəldi. Mənim özümü də tənqid etdilər ki, "niyə xalq rəqs ansamblını tamaşaya salmısan?... "Axı milli və "xarakter" rəqslərin, necə deyərlər, "şirinliyi", "şirin çıxması" üçün niyə biz rəqqaslarımızdan faydalanmayaq? Digər tərəfdən də, mən balet truppasındakı kişilərin sayca azlığını nəzərə alaraq belə qərara gəldim. Və yanılmadım. İlk tamaşadan sonra tənqidçilərim də haqlı olduğumu boyunlarına aldılar. Partitura dirijor Cavanşir Cəfərovun böyük əməyi sayəsində səsləndirilib. Orkestr köhnə partituraya öyrəşmişdi, köhnə basmaqəliblər 40 ildir ki, orkestri sanki "ovsunlayıb". Bütün bunları aradan qaldırıb, simfonik səslənmə səviyyəsinə qalxmaq heç kimə asan görünməsin. Artıq üç tamaşa gedib və həmin tamaşalara maraq getdikcə artır. Beynəlxalq təşkilat və şirkətlərin, xarici ölkə səfirliklərinin fəal iştirakı göz qabağındadır. Yazıqlar olsun ki, həmin günlərdə bəstəkarlarımızı az görürəm. Əlbəttə, belə səviyyədə bədxahlıq və, hətta, düşmənçilik bizlərə yaraşmaz. Lazımsızdır. Sovet dövründə çox məsələlər daha asan idi və mən bəstəkarlarımızı başa düşürəm. İndi yaşamaq da, işləmək də əzab və əziyyətdir. Sifarişlər var idi, indi isə yoxdur. Rəqabət, qoy lap yaradıcı paxıllıq olsun!... Amma qoy gözü götürməməzlik, düşmənçilik olmasın. Bunlar insanın özünü içəridən "gəmirir". Dağıdıcı yaşantıları insan özündən uzaq etsə, ancaq qazanar... Mən istərdim ki, yeni-yeni işlərimiz, əsərlərimiz işıq üzü görsün. Keçən il F. Əmirovun "Sevili" yeni quruluşda səhnəyə qayıtdı. Mən hətta istərdim ki, "Sevili" lap bizim günlərə gətirib çıxarım, lakin oradakı çadra əhvalatı imkan vermədi. Amma əslində "Sevil" hər bir dövr, o cümlədən, bizim dövr üçün də aktualdır, bugünümüzlə səsləşir. Özünüz fikirləşsin, bankir yaxud biznesmen kredit götürür, hansısa cavan qıza, yaxud pozğun qadına "ilişir" və ailəsini dağıdır və unudur. Bu çox çağdaş mövzudur və biz sənətlə insanları tərbiyələndirməliyik. Hər halda mən çox xoşbəxtəm ki, "Sevil" və "Qız qalası" tamaşalarının yeni quruluşunda bədii rəhbər olmuşam və bu tamaşalar "yaşayır və nəfəs alır. "Çox istərdim, bu mənim şəxsi, böyük arzumdur ki, opera və balet teatrımızda "Koroğlu"da, "İldırımlı yollarla"da, "Yeddi gözəl"də həyata yeni vəsiqə alsınlar. Allah qoysa, "Koroğlu"dan başlamaq istəyirəm, özü də cavan solistlərin ifasında. Həsən Enamiyə tapşırmışam ki, Koroğlunu hazırlasın. Və əgər bəyənsəm... bu tamaşanı səhnəyə çıxarmağa çalışacağam. Teatra kömək etmək hamının borcudur. Və mən də hamını bu işə, - xeyir işlərə dəvət edirəm... Biz də öz növbəmizdə, 2000-ci ildə professor Fərhad Bədəlbəyliyə onun böyük, xeyirli işlərində daha böyük uğurlar arzulayırıq.
|