GİRİŞ
ƏVƏZİ
sgətirib.
Birincisi sarıdan ona görə ki, II-III minilliklər
keçidində öz əski mədəniyyətinin qaynaqlarını
da deyil, hətta qalıqlarını, - daha doğrusu,
milli sinkretizmi artıq tamamilə itirən, - xərcləyən,
əldən verən və sıradan çıxaran xalqların,
millətlərin mütləq çoxluğunda milli saz-söz
sənətimizin dayaqları laxlasa da, özü korşalsa
da və hazırda aparılan mədəni siyasət, imperiyaçılıqla
tutuşduranda, daha məkrli və qorxunc görünsə
də, yaşamını davam etdirməkdədir. Saz-söz
sənəti bu günkü yarıac və hüquqsuz,
ayaqlarını güclə çəkən, lakin heç
cür ölmək istəməyən, Dəli Domrultək
Ölümə boyun əyməyən, onunla razılaşmayan
Azərbaycan xalqının kiçildilmiş şəklidir.
Məcazi mənada, ideomatik modelidir.
Lakin bunu da
ayrıca yada salıb unutmamalıyıq ki, həm saz-söz
sənətimizin və onun doğma qardaşı muğamın,
həm də Azərbaycan xalqının ən çətin
və ən faciəli anlarda belə ümidsizliyə qapılmağa
haqqı yoxdur. Ölçüyəgəlməz itkilərə
baxmayaraq. Çünki Böyük Yaradanın gözü
üstümüzdədir və II minilliyin son onilliklərində
insan düşüncəsinin gərgin əməyi öncədən
maqnit lent yazısı, daha sonra isə pozulmayan lazer disklərinin,
bərpa texnikasının yaranışı və geniş
yayımı ilə sonuclanıb. Və bu ümumbəşəri
qazanclar, hər zaman olduğu kimi, bizlərə bir qədər
gec gəlib çatsa da, ondan faydagötürməyin işartıları
artıq görünməkdədirlər.
İndi isə
keçək ədəbiyyatçılar sarıdan bəxtimizə.
Türk-islam dünyamızda yazı-pozunu özünə
"çörək ağacı" edənlərin sayı heç
zaman az olmayıb, indi isə bol-boldur. Çoxçeşidlilik
və çoxçalarlılıq da öz yerində. Hələ
lap əskidən Yusif Balasaqunlu, Mahmud Kaşğari kimi
söz azmanları, Nəsimi və Yunus İmrə kimi
haqq aşiqləri, Şah İsmayıl Xətai, Məhəməd
Füzuli, H. Cavid, Ə. Cavad və Xəlil Rza kimi öncəgörücülər
və bilicilərlə yanaşı, Nizami və Xaqanidən
tutmuş M. Şəhriyaradək özgə ocağını
alovlandıran, fars (amma "fors" desək, daha düzgün
olar!) və başqa dillərə üz tutmuş söz
ustalarınadək ucu-bucağı görünməyən,
Gülüstan-İrəm bağını xatırladan
sənət xalısı da bizim bəxtimizə düşüb.
Və bu əvəzsiz xalıya yiyə durmaq heç də
pis deyil, əksinə, böyük xoşbəxtlikdir.
XX yüzillikdə,
sovet icbari təhsil sistemi sayəsində Qüzey Azərbaycanda
yazı-pozu yiyələrindən sayca bütöv ordunun
biçimlənməsi "ən sayımlı" olaylarımızdan
biri kimi yozula bilər. Və sonucda saz-söz sənətinin,
- daha doğrusu, onun "Söz" kəsiminin toplanıb araşdırılması
kimi çox gərəkli bir iş çevrəsinin, maraq
dairəsinin yaranması özünü böyük bir
sıçrayışda aşkarlayır. Lakin bu aşkarlanmanın
özəllikləri arasında naşılıqların
da yeri görünməkdədir. Sual oluna bilər ki, "niyə?",
"nə üçün?".
Şəxsən,
mənim nəzərimcə, ədəbiyyatçı folklorçuların
(jurnalistlər haqqında heç danışılası
deyil!) ən böyük çatışmazlığı
sinkretik sənətin mahiyyətini lazımınca dərk
etməmələrindədir. Əski sinkretik sənətdə,
o cümlədən ən əski ozan sənətində
özünün ilk yaranışından musiqi və plastikanın
(rəqsin) aparıcı, poeziyanın (sözün, şerin)
isə birincilərdən asılı ünsür kimi
biçimlənməsi artıq danılmaz elmi həqiqətdir1
. Tam yəqinliklə demək olar ki, məhz musiqi və
plastikanın ritmi (yaxud vəzni) çoxçeşidli şer
vəzni və ölçülərinin yaranması ilə
sonuclanıb. Və musiqiylə plastikada ayrı-ayrı
ünsürlərin təkrarı, - o cümlədən,
çoxçeşidli, şəklidəyişmiş təkrarı
(variantlılığı), - sonucda şerdə qafiyə
və rədifin yaranmasına, onun quruluş və estetik
çevrələrdə gərəkli amil və ünsür
kimi təsdiqlənməsinə imkan verib2 .
Musiqi, təsviri
sənət və plastikaya saymazyanalıq, qısqanclıq
artıq düşüncə tərzinə çevrilib
desək, yanılmarıq. Məhz həmin baxımdan çox
dayaz "aşıq mühiti" anlamı ayaq açıb yeriyir
və "aşıq məktəbi" anlamı bəyənilmir.
Halbuki mühit anlamı çox genişdir və təkcə
sənətkarları deyil, onlarla birlikdə dinləyici-tamaşaçı
kütləsini də çevrələyir. Digər tərəfdən,
poeziya və eposun geniş yayımı onun bölgə
özəlliyində yaxud ayrıca təlimdən asılı
olmadığına başlıca tutalqadır. Aşıq
saz-söz sənəti nə dərəcədə əski
olursa-olsun, onun musiqi kəsimi ümumbəşəri musiqi
təlim-tədrisi qayda-qanunları ilə sıx bağlıdır.
Əsil, yetkin sənətkar hazırlığı üçün
yetkin ustad, gərgin əmək və uzun zaman lazımdır.
Və belə musiqi ifaçılığı "məktəb"
adlanır. Bütün dünyada belədir və velosipedi
yenidən kəşf etmək gərək deyil. Əgər
ensiklopedik bilgilər baxımından yanaşsaq, "məktəb"
üç anlamda işlədilir:
1) Tədris-təlim
müəssisəsi yaxud təhsil ocağı;
2) Təhsil
(və təlim) sistemi, öyrənmə, qazanılan bacarıq;
3) Elm, ədəbiyyat
və incəsənətdə, eləcə də fəlsəfə
və idmanda başlıca peşəkar görüşlərin
eyniliyi, əsasların və üsulların (yolların)
ümumiliyi yaxud ardıcıl ötürülməsi
(vərəsəliyi) ilə çevrələnən cərəyan
(axar)3.
Birinci anlamda
müəssisə yaxud təhsil ocağı heç kimi
çaşdırmasın. Əgər əski baxımdan
yanaşsaq, onların özülündə "mürid-mürşid"
yaxud "ustad-şagird" münasibətləri durur. Daha doğrusu,
hər bir böyük ustadla şagirdləri və onların
çoxsaylı, şaxələnmiş davamçıları
qırılmaz, zəncirvari ənənələrə
söykənən tədris-təlim ocağını
xatırladır və eyni zamanda "məktəb"in həm
2-ci, həm də 3-cü anlamlarında da öz əksini
tapır4.
Əlbəttə,
yerli ənənələrə söykənən aşıq
məktəbləri siyasi tarixi gəlişmə ilə
sıx bağlı olub, eyni zamanda sənət yaşamının
tarixi özəlliklərindən biridirlər. Məhz
yerli ifaçılıq ənənələri sayəsində
saz havacatı saxlancı (repertuarı) çoxdönümlü
gəlişmə yolu keçmiş, istər çalğı
və oxumada, istərsə də yerli şəklidəyişmələrdə
yaradıcılıq qazancları əldə edilmişdir.
Havacat saxlancının yerli ifaçılıq ənənələri
- aşıq məktəbləri baxımından öyrənilməsi
ümumazərbaycan havacat saxlancı, ənənələrin
özəllikləri, ifaçılıq ünsürlərinin
vəzifədaşıyıcılığı, aşıq
ifaçılığı gedişatında yaradıcılığın
arasıkəsilməzliyinin mahiyyəti və qanunauyğunluqları
kimi özül problemlərin həllinə kömək
edərdi.
İTİRİLMİŞ
OCAQ
Əgər
məndən bir araşdırıcı kimi soruşsalar
ki, "XX yüzillikdə Azərbaycan mədəniyyətinin
ən böyük, ən dəyərli qazancları və
itkiləri hansılardır?", mən sualın birinci yarasına
cavab verməkdə, bəlkə də, çətinlik
çəkərdim. Lakin "Azərbaycan mədəniyyətinin,
Azərbaycan tarixi coğrafiyasının, Azərbaycan
yaşamının ən böyük itkisi Göyçədir!"
- deməkdə heç bir çətinliyim ola da bilməz.
Çünki Göyçə mühiti, Göyçə
yaşamı Oğuz ənənələrinin bizə
gəlib çatan, bəlkə də, sonuncu yadigarları
idilər. Çünki Göyçə aşıq mühiti
özü-özlüyündə Göyçə aşıq
məktəbi və onun özəl ifaçılıq
ənənələri ilə söz, dastan və havacatda
digər bölgələrin orta səviyyəli aşıqları
qədər, onlara bərabər, bəlkə də artıq
savadı, biliyi olan göyçəli tamaşaçı-dinləyici
kütləsinin bütövlüyünü bölünməz
şəkildə çevrələyirdi. Çünki Göyçə
əməkçiliyi, Göyçə torpaqsevərliyi,
Göyçə maldarlığı bütün Azərbaycan
xalqı üçün örnək ola bilərdi və
olmalıydı da. Çünki Göyçə xalq təbabəti,
göyçəlilərin təbiətə qayğısı
əsrlərin qan yaddaşıydı, bu bilgilər yerli
insanların mənəviyyatı ilə sıx bağlıydı:
daha gedib ekoloji təhsil almaq da gərəksizdi. Nəhayət,
Göyçə qonaqsevərliyi hamımıza yaxşı
görk idi və gələcəkdə də görüb-götürməyə
dəyərdi.
Göyçə
təbiətinin gözəlliyi haqqında çox təriflər-gözəlləmələr
yazılıb. Ancaq, - bu mənim şəxsi düşüncəmdir,
- nə Göyçənin oxşarsız, sərt gözəlliyi;
nə başı qarlı Ağmanqan, Ağzıbir və
Şişpilləkən dağları; nə bu dağların
incisi, üzük qaşı olan Göyçə gölü;
nə dişgöynədən bulaqları; nə xalq təbabətinin
ən dəyərli saxlancı, - bitki aləmi o diyarın
ən qiymətli, ölçüyəgəlməz varlığı,
ən əski Oğuz ruhunun daşıyıcıları,
- göyçəlilərsiz xülyadır, nağıldır,
ən cansız əfsanədir. Bu haqda saatlarla, günlərlə,
illərlə danışmaq olar, amma Göyçəni
göyçəlisiz anlamaq, duymaq və yozmaq mümkünsüzdür.
Və dediklərimə başlıca tutalqa kimi Göyçə
gözəlləmələrində həmin Oğuz yurdu
saz-söz sənətkarlarının əvəzsizliyini
gətirə bilərəm. Ağ Aşıqdan, Aşıq
Alı və Aşıq Ələsgərdən bizim günlərədək
Göyçə göyçəlilərin söz yaradıcılığında
tükənməz çalarlarda yaşayıb və yaşadılıb.
Və Ulu Göyçənin coğrafiyası haqqında
bilgi üçün mən kitaba-dərsliyə yox, çağdaş
göyçəli şair Hacı Zəki İslama üz
tuturam5 :
"Sən
Göyçənin ellərinə
Zimistanı çıxanda gəl.
Yamacda tütək səsinə
Maral dönüb baxanda gəl.
Təkağacdan,
Toğlucadan
Ləzzət alır sökülən dan.
Yaşıl çəmən Ağbulaqdan
Döşlərə gül taxanda gəl.
Ensən
Şorcanın başına,
Asta sürət ver maşına.
Ürəkaçan Üçdaşına
Gecikmə, gün çıxanda gəl.
Adatəpə,
Uca yalnan,
Doyunca gəz, ləzzət alnan.
Təzə işqın kababınnan
Çəkib şişə taxanda gəl.
Göyçə
gözəllik diyarı,
Ardanışda dayan barı.
Addımlasan Cilə sarı
Söz sinənə axanda gəl.
Arxa verib
Şah dağına
Nəzər sal bağça-bağına
Cilin Pəri bulağına
Duman dağdan qalxanda gəl.
En aşağı
Babacana,
Bax qonağa canhacana.
Pəmbək, Dərə hər zamana
Dost əlini sıxanda gəl.
Keç
Güneydən Sarınərə,
Şişqayadı xoş mənzərə.
Səcdə qılnan Ələsgərə,
Ustad Kamal baxanda gəl.
İnəkdağı,
Məzrələri
Göysu, Kəsəmənnən bəri.
Şorcalarda gəzən pəri,
El yaylağa çıxanda gəl.
Qaraiman,
Qoşabulaq,
Daşkənddə gəz soraq-soraq.
Qanlı, Kərkibaş, Qırxbulaq
Bu yerlərə axanda gəl.
Könül
istər şirin dili
Dər Keytidə hər bir gülü.
Zod, Nərmanlı, Göyçə gölü
Bəzən şimşək çaxanda gəl.
Sarıyaqub,
Qaraqoyun,
Bu diyardan öyrən oyun.
Bulaqlardan su iç, yuyun
Aran səni sıxanda gəl.
Asta
keçnən Ağkilsədən,
Sazın səsi gəlir hərdən.
İsmixannan Haqverdidən
Şer şölə saçanda gəl.
Burda
olmuş Növrəs İman
Nərmanlıda Şair Bəhman.
Aşıqlardan ilham alsan,
Şirin layla çalanda gəl.
Çaxırlıdan
sərin su iç,
Ağzıbirdən Kəvərə keç.
Axtamardan doymaram heç,
Eşq sinənə çaxanda gəl.
Ağmanqanın
gözəl yazı,
Ağbulaqdan götür sazı.
Toxlucadan seç Eyvazı,
Meyli saza axanda gəl.
Həzin-həzin
əsir külək,
Güllərini şeh öpərək.
Qonağımsan, demə görək,
Gün dağlara yaxanda gəl.
Qızılvəngli
Aşıq Alı
Fəxr edir Göyçə mahalı.
Bəndə salmışdı Yığvalı
Qarsda meydan açanda gəl.
Axtar
mərdi dost tutanı,
Bu diyarı yaxşı tanı.
Arxayın gəz Subatanı
Gün dağlara yaxanda gəl.
Gəz
Göyçəni başdan-başa,
Qon kəklik tək daşdan-daşa.
Zəki İslam yaşdan-yaşa
Ömür yolu axanda gəl.
Şerli-xəritəli
belə geniş coğrafi bilgidən sonra bircə onu
əlavə edərdim ki, Ulu Göyçənin yuxarıda
adı çəkilən (və çəkilməyən!)
hər bir elatı, hər bir yurd yeri Azərbaycana elmin
bütün sahələri üzrə ucsuz-bucaqsız,
tükənməz sıralarla sayımlı alimlər,
mütəxəssislər, təsərrüfatçılar,
ictimai və hətta incəsənət xadimləri
verib və verməkdədir. Bu mövzu şair-jurnalist
Eldar İsmayılın çox gərəkli və
dolğun araşdırmasında öz əksini tapıb6.
Utansam da, boynuma almalıyam ki, bəstəkar və
alovlu insan Rəşid Nəsiboğlunun əslən
göyçəli olduğunu onun sağlığında
bilməmişəm7. Halbuki, bu gün tam yəqinliklə
deyə bilərik ki, xalq şerinin, saz havacatının
XX yüzilliyədək qorunub saxlanması üçün
biz hamılıqla Göyçəyə və göyçəlilərə
borcluyuq. Üzeyirin "Koroğlu"su və "Arazbarı"sı,
Qaranın III simfoniyasının II hissəsi, Fikrətin
"Ovşarı"sı və "Şur"u, Soltanın orkestr
üçün "Konserti" deyilənlərə ən
aşkar, ən aydın tutalqadır.
Lakin bütün
bu "qazanclar" tarixi baxımdan adları bəlli iki şəxsiyyətdən
qaynaqlanır: Miskin Abdal və Ağ Aşıq (Allahverdi)
. Öncəki ustadların varlığı məntiqi
baxımdan danılmaz olsa da, bizim üçün onlar
artıq əsatir və əfsanələrə çevrilmişlər8.
MİSKİN
ABDAL
Miskin Abdal
tarixdə azman ruhlu şəxsiyyət və sufi-dərviş
ocağının mürşüdü kimi yaşasa
da, haqqında yayılan əfsanələr və yayımlanan
uydurmaqondarmalar da, demək olar ki, sonsuz saydadır. Ən
acınacaqlısı odur ki, hələ 30-cu illərdən
başlayaraq Göyçəyə ayaq açan ədəbiyyatçı-folklorçular,
oradan bol-bol materiallarla, - söz inciləri ilə qayıdaraq,
topladıqlarından bol-bol faydalandıqları halda,
Göyçə şöhrətinin, o cümlədən
Miskin Abdal şöhrətinin qeyrətini, az da olsa,
çəkməmişlər. Bunu mənim öz gözlərimlə
gördüyüm azman oğuz qəbirlərinin araşdırılmamış
yazıları deyirdi.
Göyçə
şöhrətinə belə saymazyanalıq Miskin
Abdalı "özəlləşdirmək" istəyənləri,
gec-tez, şirnikləşdirməli idi. Və bu şirniklənmənin
gedişində Göyçə ziyalılarının
pərakəndəliyi, "əl-qollarının bağlılığı",
öz sözünü geniş yayımlamaq imkanlarının,
demək olar ki, yoxluğu sayəsində ustadlar ustadı,
Miskin Abdal adı ilə tanınan Hüseyn Məhəmməd
oğlu Zərgərli gah qazaxlı, gah gədəbəyli,
nəhayət ərdəbilli, ən nəhayət isə,
Şah İsmayıl Xətainin əmisi oğlu kimi
hallanmağa başladı. Bir sözlə, haralı
və kim olursansa ol, təki Ulu Göyçəli olmayasan!
Lakin dəridən-qabıqdan
çıxanlar bircə şeyi anlamaq istəmirlər
ki, əlimizdə olan sənədlərin, hətta,
tam yoxluğunda belə, hər bir insanın, özü
də şəxsiyyətin, - o ki, olsun Miskin Abdal! -
soykökü, törəmələri var. Və onların
verdiyi bilgiləri danmaq heç bir əxlaqa sığmır.
Son söz onlarındır.
Miskin Abdalın
oğul törəməsi Tofiq Hüzeynzadənin dərin,
qeyrətli çalışmaları və filoloji elmlər
namizədi Hüseyn İsmayılovun "Miskin Abdalın
şəxsiyyəti və taleyi" başlıqlı
araşdırması9, nəhayət ki, siyasi və
saz-söz mədəniyyəti tariximizdə ən böyük
qondarmaçılıqlardan birinə son qoydu. Bu yöndə
Hacı Zəki İslamın "Yeni sənəd və
yeni rəsm" başlıqlı araşdırma yazısını
("Günaydın" qəzeti, N126(222), 15-17/XII-1999, c. 5)10
və Abbas Mazanovun "Sarıyaqubdan başlanan yol məqaləsini
(Abbas Vəfadağlı. "Göyçə kimi intizarda
elim var. "Bakı, Gənclik, 1999, s. 108-114) vurğulamaqla
yanaşı, adı çəkilən ilk araşdırmadakılar
haqqında öz araşdırıcı düşüncələrimi
və araşdırmalarımı açıqlamağı
lazım bilirəm. Və lap sondan başlamağı
daha məqsədəuyğun sayıram:
1. H. İsmayılov
yazır: "Miskin Abdal ömrünün ahıl çağlarını
məktəbdarlıqla keçirir. Onun Sarıyaqubda
açdığı ilk məktəb Göyçənin
elm, irfan və sənət dünyasında qazandığı
uğurlarda çox mühüm və həlledici rol
oynamışdır" 9.,s. 118) .
Bəli,
bu ən böyük həqiqətlərdən biridir!
Hazırda "Ermənistan" adlandırılan Qərbi Azərbaycanda
xalqın savadlılıq səviyyəsi 1920-ci ilədək
Şərqi Azərbaycandakından daha yüksək
olub. Və ilk növbədə də Göyçədə!
Şəxsən özümün araşdırmalarıma
görə, əgər başqa aşıq bölgələrində
saz-söz sənətkarlarının çoxluğu
ancaq öz yaddaşlarına güvənmişlərsə,
Göyçəli ustadların çoxluğu, bəlkə
də, Allah vergili Dədə Ələsgəri çıxmaq
şərtilə, hamılıqla öz iti yaddaşları
ilə kifayətlənməyərək, həmişə
az-çox savadlanmağa çalışırmışlar.
Əski mədəni irsi toplayıb yazıya almaq dini-fəlsəfi
kitabları öyrənib gözəl xəttlə
göçürmək Göyçədə təkcə
aşıqların və din xadimlərinin işi deyildi.
Həmin şərəfli işin sadə xalq arasından
çıxmış çoxsaylı həvəskarları
varıydı. Məgər belə sayımlı olay,
özülü Miskin Abdal tərəfindən biçimlənən
ənənənin davamı deyildimi?! Məgər Aşıq
Ələsgərə qulluq etmiş Dərəçiçəkli
Aşıq Alının bacısı oğlu və
şagirdi, təkcə azman sənətkarlığı
ilə deyil, Quranın və hədislərin biliciliyi
ilə də bütün Borçalı və Tiflis
aşıqlarından seçilən Aşıq Sadıq
(Sultanov, ) öz özəlliyi ilə Miskin-Abdal-Göyçə
ənənələri daşıyıcılığını
aşkarlamırdımı?!
2. Miskin
Abdalın havacat yaradıcılığına gəlincə,
deyə bilərəm ki, "Baş divanı" yaxud da "Şah
Xətai divanısı", eləcə də "Şah
Xətai gəraylısı"nın onun adı ilə
bağlamaq məntiqə uyğundur. "Baş divanı"nın
bir sıra özəl şəklidəyişmələri
də var. Məsələn, "Çıldır divanısı".
Lakin həmin havanın dastana giriş şəklində,
şövqlə xunması ancaq Göyçə ifaçılığının
özəlliyidir. "Şah Xətai gəraylısı"
sovet dövründə "Şaqayı gəraylı"
adlandırılırdı ki, bu qondarmaçılıqdan
başqa bir şey deyil. Yeri gəlmişkən, bildirməliyəm
ki, həmin havanın hər bir bəndini "qaytarma" ilə
bitirmək də Göyçə ifaçılıq
ənənələrindən irəli gəlir. Başlıca
elmi məntiqə görə, sinkretik sənətdə
şer quruluşunun yaranması üçün havacatın
varlığı əsas şərt idi. Və, əgər
Miskin Abdal divanı şeri qoşurdusa, deməli artıq
"Baş divanı"nı öncədən yaratmalıydı.
H. İsmayılovun
araşdırmasında adı çəkilən "Şahqalxdı"
havası haqqında mən tərəfdən heç
bir bilgi yoxdur. Lakin, çox güman ki, burada "Şahsarayı"
nəzərdə tutulur. Həmin hava 1920-ci-1930-cu illərdə
Gəncəbasara köçmüş Göyçə
aşıqları tərəfindən yayımlanmışdı.
Hazırda çox az ifa olunur.
3. Miskin
Abdalın göyçəli olmasına başlıca
tutalqa Göyçə yaşamını özəlliyidir.
Tez-tez çap olunan yazılarda Göyçə vaxtı
ilə, Qazax, Tovuz və başqa bölgələrin
yaylaq yeri kimi hallandırılır. Lakin həmin yaylaqlar
ancaq 3 yay aylarını, özü də ancaq dağların
yüksəkliklərini çevrələyirdi. Yaylağa
gələn
Sarıyaqubda,
Ağkilsədə, Zodda, Cildə, Ağbulaqda yaşaya
bilməzdi. Göyçə elatlarının lap əskidən
yarıköçəri həyatı onun "pir" elan olunması9,
s. 114) və məktəbdardlığı ilə heç
cür uyuşmur.
Yuxarıda
sadalanan araşdırma və publisist yazılarda Miskin
Abdal haqqında bilgilər yetərincədir. Göyçə
aşıq məktəbi üçün ən gərəkli
bilgiləri isə qısa şəkildə oxucuya çatdırmaq
istərdim:
O, 1430-cu
ildə Göyçənin Sarıyaqub kəndində
Zərgərli tayfasından Cəfər oğlu Məhəmmədin
ailəsində dünyaya göz açıb, çox
gözəl və hərtərəfli təhsil görüb.
Sonralar Ərdəbilli Şeyx Heydərin mürşidi
və yaxın dostu olmuşdur. 1500-cü ildə Miskin
Abdal gənc Şah İsmayılı Göyçədə
böyük hörmətlə qarşılayıb,
ona saz bağışlayır. Həmin andan onların
ömürlük dostluğu başlayır. 1501-ci ildə
Miskin Abdal Şah Xətainin dəvəti ilə Təbrizə
gəlir və gənc hökmdarın müşaviri
vəzifəsini yerinə yetirməyə başlayır.
Eyni zamanda onun sarayda aşıqlar məclisinə başçılıq
etməsi, Şah Xətai ilə deyişmələri
haqqında bilgilər də var.
Miskin Abdal
1514-cü ilədək qonşu ölkələrdə
çoxsaylı diplomatik tapşırıqlar yerinə
yetirmiş, Çaldıran döyüşündə
Şah İsmayılla çiyin-çiyinə vuruşmuşdur.
Şah Xətai Sarıyaqub kəndini vergidən azad
edərək, daha beş kəndin vergisinin Miskin Abdal
nəslinə çatacağı haqqında fərman
imzalayır.9.,s. 109)
Miskin Abdal
Şah İsmayıl dünyasını dəyişdikdən
sonra birdəfəlik Göyçəyə qayıdaraq,
1535-ci ildə Sarıyaqubda 105 yaşında dünyadan
köçmüşdür. "Miskin Abdal ocağı"
isə ən sınanmış pir kimi indiyədək
göyçəlilərin and və inam yeridir. 1988-ci
ildə azərbaycanlılar "Ermənistan" adlanan Qərbi
Azərbaycandan zorla qovulduqdan sonra, həmin ocaq Goranboy
rayonunun Qaradağlı kəndinə köçürülüb.
Miskin Abdal
tariximizdə Dədə Qorqud səviyyəli azman şəxsiyyətlərdən
biridir. Və, bəlkə də, ondan üstündür.
Çünki haqqında yayılan əfsanələrə
baxmayaraq, kimliyini, haralılığını, əslini-soyunu,
yaşadığı illəri dəqiq-düzgün
bilirik. Çünki o, saz-söz yaradıcılığından,
lap az olsa belə, bizə öz adı ilə möhürlədiyi
pay qoyub gedib. Onun haqqında araşdırmalar, sözsüz
ki, yetərincə deyil. Lakin, hər balda biz Miskin Abdalı
çağdaş anlamda professional, yüksək səviyyəli
Göyçə aşıq məktəbinin (Göyçə
saz-söz sənətinin yox!) ilki, bir növ mürşüdü,
xeyir-dua verəni, ustadlar ustadı saya bilərik. Və
əgər 9 qabırğalı, 9 telli və 9 pərdəli
sazım, eləcə də başlıca havacat saxlancının
Şah İsmayıl dövrünə yaxın başlıca
əsas, prinsip kimi götürsək, gəldi bu sonucda
yanılmarıq11, s.171) .
İndi
isə keçək Ağ Aşığa.
AG
AŞIQ ALLAHVERDİ
Yazıqlar
olsun ki, Ağ Aşıq kimi tanınmış Aşıq
Allahverdi haqqında bilgilər də biri-birinin əksidir.
Miskin Abdal kimi onu da Arazın o tayına bağlamaq həvəsində
olanlar var12. Şəxsən buna qarşı olmasam
da, araşdırıcı üçün arxiv bilgilərinin
yoxluğu durumunda sənətkarın öz nəslindən,
ən yaxın qohumlarından faydalanmağı daha
üstün sayıram. Ağ Aşığın kötükcəsi,
hazırda Bakıda yaşayan Əhmədov Əziz,
nəzərimcə və hər halda daha etibarlı
bilgi qaynağıdır. Və onun söylədiklərindən
sonucda aydınlaşdırdıqlarımız aşağıdakılardır:
I. Ağ
Aşığın, - Allahverdinin babası Şeyx
Osman sufi-dərviş təkkəsinin mürşüdü
imiş və müridləri ilə quzeydən, - çox
güman, Qazax-Şəmşədil yaxud da həmin
bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda,
Arazın qırağındakı Kosacan kəndində
yerləşibmiş. Doğrudan da, vurğulamalıyam
ki, Arazın güneyində və Naxçıvanda,
- qatı fanatik şiə mühitində Osman adı
mümkünsüz idi və indi də belədir.
II. Şeyx
Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar
da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni
onların "... aşıqlığı...təkkə
mərasimi çevrəsindən kənara çıxmayıbmış13
". Lakin Allahverdi "coşub-daşdığından",
xalq yığnaqlarına can atdığından, dindar
çərçivəyə sığmadığından
təkkədən, atasından, babasından üz döndərir,
- bir sözlə, onların üzünə ağ olur.
Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi
ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı
ilə tanınmasını "böyüyün üzünə
ağ olmağı" ilə bağlamaq daha düzgün
olardı. Yeri gəlmişkən deməliyəm ki,
Əziz Əhmədovla tanışlıqdan çox-çox
öncə, Ağ Aşığın "ata-babasının
üzünə ağ olmağını" mənə
dünyalarını dəyişmiş Aşıq
Əkbər və Mikayıl Azaflı söyləmişdilər)
.
III. Atası
Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx
Osmanın söz deməyi var imişsə də, heç
bir nümunəsi bizlərə gəlib çatmayıb.
hər üçü gözəl təhsil görüblərmiş.
Ağ Aşığın bacısı da saz-söz
sənətinin bilicisiymiş və Kosacanda gəlin
olduğuna baxmayaraq, ölənədək sazı yerə
qoymayıb.
IV. Ağ
Aşığın iki oğlu olub: İsmayıl və
Məhərrəm. Həyat yoldaşı Arazın
o biri tayından, Telli Cəfərin qızı Süsənbər
xanım imiş ki, "Süsənbəri" havasını
onun adıyla bağlayırlar. Məhərrəm lap
gənc ikən dünyadan köçür. İsmayılın
(Əziz Əhmədovun anasının babası) oğlunun
adını Allahverdi qoyurlar. Onun da iki oğlu 1914-cü
ildə 13-14 yaşlarında dünyalarını dəyişirlər.
Beləliklə, Allahverdinin qız nəvələrinin
törəmələri 1988-ci ilədək Göyçənin
Qanlı və Kərkibaş kəndlərində,
hətta Tiflis şəhərində yaşayırmışlar.
Bacılarının törəmələri isə
Bala Məzrə, Sətənəxaç kəndlərində
və İrəvanda məskən salıblarmış.
V. Aşıq
Allahverdinin Göyçəyə köçməyinin
iki səbəbi olub: 1) atasının ölümündən
sonra üzərinə düşən ailə ağırlığı;
2) Qacarların İranda və Qafqazda tüğyan etməsi.
VI. Allahverdiyə
Allah vergisi verildiyindən, çalıb-çağırmağı
xəstələri sağaldırmış. Həmin
xəbər Şərqi Anadolu hakimlərindən Sərdar
Hüseyn paşaya çatır. Yuxusuzluqdan əzab çəkən
Sərdar Hüseyn paşa əmr edir ki, aşığı,
nəyin bahasına olursa-olsun, tapıb gətirsinlər.
Göndərilən silahlı dəstə onu Şərurda
(Şərildə) çox axtarır, sonra Göyçəyə
keçib tapır və Ruma aparırlar.
Ağ Aşıq
5 ilə yaxın Rumda qalır. Deyilənlərə
görə, ilk çalıb-çağırmağı
ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın
adamları onu ölmüş bilib, Allahverdini öldürmək
istəyirlər, lakin çağrılan həkim paşanın
nəbzini yoxlayıb, yuxuya getdiyini bildirir. Sərdar
Hüseyn 2 gün 2 gecə yatıb oyanır və
həmin andan Ağ Aşığı yanından buraxmır;
hara getsə, onu da özüynən aparırmış.
Günlərin
birində Sərdar Hüseyn paşa böyük bir
məclis yığır. Qonaqlar soruşurlar ki, "bu
aşığı haradan tapmısan?" Sərdar Hüseyn
deyir: "Mən onu Göyçə mahalından gətirtmişəm.
Yuxum tamam çəkilmişdi, o isə sağaldıb.
İndi 5 ilə yaxındır ki, yanımdadır".
Qonaqlar deyirlər: "Yazıqdır, onun da ailəsi var.
Burax getsin". Sərdar Hüseyn Allahverdiyə qızıl
yəhər-yüyənli at və çoxlu pul bağışlayıb,
yola salır. Ağ Aşıq Göyçəyə
üz tutur. Onun yolda dediyi:
"Durnam,
gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın
halını,
Boynu armud saplaq, canın sağ söylə"
- bəndi
ilə başlanan şeri bizlərə gəlib çatıb.
VII. Əziz
Əhmədov Kərkibaşda yaşı 100-ü haqlamış
ağsaqqalları öz ulu babası haqqında çox-çox
sorğu-suala tutub. Onların söylədiyinə görə,
"Ağ Aşıq başdan ayağadək ağ tük
rəngində idi. Papağı gözünün üstünə
çəkərdi. Tük, sifət, barmaqlar, - hamısı
ağappaq idi. Çuxa, buxara papaq və İran məsti
("əcəmi çarıq" da deyərdilər o zaman!)
geyərdi. Geydiyi çuxa həmişə şabalıdı
rəngdəydi. Kim olursa-olsun, heç zaman hərcayı-hədyan
sözlərə baş qoşmazdı. Çox ağır
dolanan, "şair yolu gözləyən, usta yanında
hərəkət eləyəndi". Ağzından bircə
ağır söz belə qaçırmazdı. Heç
kim və heç nə qarşısında əyilməzdi.
Çox zilnən oxuyardı". Ağ Aşıq ömrünün
son 15 ilini çalıb-oxumazmış, lakin söz qoşurmuş.
Əziz Əhmədovun ata-babası onu beləcə
görüb.
VIII. Yaşadığı
illər haqqında əks fikirlər var. Məsələn,
tanınmış filoloq-araşdırıcı Mürsəl
Həkimov onun ömrünü 1754-1860 arası(14),
Ziyəddin Məhərrəmov isə XVIII yüzilliyin
sonu - XIX yüzilliyin əvvəli (15) kimi göstərirlər.
Mənim araşdırmama görə, Ağ Aşığın
ömrünü 20 il öncəyə çəkiblər
və bu sonuca onun kötükcəsinin verdiyi bilgilər
əsasında gəlmişəm. Həmin bilgilərə
üz tutaq:
a) Ağ
Aşıq Alını 17 yaşında, özü
də Türkiyədən qayıtdıqdan sonra şagirdliyə
götürüb. Deməli, Aşıq Alının
şagirdliyə başlaması, haradasa, 1818-ci ilə
düşür. Digər tərəfdən, Ağ
Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında
qayıdıb. Deməli, o, haradasa, 1770-1775-ci illərdə
dünyaya göz açıb.
b) Əziz
Əhmədovun 1977-ci ildə dünyadan köçmüş
ata babası Babaşov Əhməd söyləyirmiş
ki, "mən 1870-ci ildə dünyaya göz açmışam
və öz gözümlə Ağ Aşığı
görmüşəm. O, bir sinirli kişiydi, artıq
saz çalmırdı. 10 yaşım olanda həmin
kişi rəhmətə getdi".
c) Nəhayət,
əldə olan bilgiyə görə, tanınmış
Tovuz-Şəmşədil ustadı Öysüzlü
Səməd 7 il Ağ Aşığa "qulluq" edibmiş.
Əgər Aşıq Səmədin 1918-ci ildə
70, yaxud bir qədər artıq yaşında dünyadan
köçdüyünü nəzərə alsaq, onun
şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü
aşkarlanacaq. Lakin bircə çətinliyimiz ondadır
ki, Ağ Aşıq son 10-15 ilini çalıb-çağırmırmış.
Bəlkə də, ancaq öyrədirmiş?!
Hər
halda Ağ Aşığın 1775-1880-ci illərdə
yaşaması daha ağlabatandır.
IX. Əziz
Əhmədovun söylədiyinə görə, Keşişoğlu
adlı üç aşıq yaxud şair Ağ Aşığın
çağdaşı olub və hətta onunla deyişib:
I - Borçalıdakı Keşişoğlu; II Naxçıvanlı
Keşişoğlu və III Bala Məzrəli Keşişoğlu.
Deyişmələrdən ancaq biri bizlərə gəlib
çatıb16.
X. Ağ
Aşığın gəzib-dolaşdığı,
çalıb-çağırdığı coğrafi
çevrə özündən sonrakılarla tutuşdurula
bilməz. Misirdən Şərqi Türküstana kimi
gəzib dolaşdığı güman olunur və
bir təcnisində özü buna işarə edir17.
Lakin Məkkəni ziyarət etdiyi haqda heç bir bilgi
yoxdur.
XI. Əziz
Əhmədovun söylədiyinə görə, Aşıq
Alı da öz ustadı kimi, savadlı imiş və
Ağ Aşığın qoşduğu bütün
sözləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə
köçərkən həm öz sözləri, həm
ustadı qoşduqları əlyazmaları yerli şagirdlərdən
birinə bağışlayır. 1937-ci ildə əski
ərəb əlifbası ilə yazılmış
əlyazmalar (oxuya bilmirlərmiş!) cəzalanma qorxusu
altında yandırılır.
XII. Kötükcəsinin
dediyinə görə, Babacanlı Aşıq Qədir
(onun haqqında sonra söhbət açacağıq!)
dünyasını dəyişənədək Ağ
Aşıqdan bildiklərini M. Həkimova tam şəkildə
verməyib və qalanları onun oğlanlarındadır.
Aşıq Alının törəmələrində,
məsələn, Gədəbəyin Slavyanka kəndində
Qaytaran adlı iqtisadçıda və vaxtı ilə
Kəsəmən kəndində yaşamış Molla
Muxtarın oğlanlarında Ağ Aşığın
şerləri və hekayətləri toplanıb. Kötükcəsinin
özü də az-çox topladığını
qoruyub saxlayır.
Ağ Aşıqdan
əldə etdiyim bilgilərin çoxunu açıqlasam
da, araşdırmanın ən başlıca məqsədinə
yaxınlaşıram. Ulu Göyçə yüzilliklər
boyu onlarla, yüzlərlə saz-söz sənətkarı
yetişdirib ki, onların sayəsində öz ənənələrini
XX yüzilliyin sonunadək, çox böyük çətinliklər
və qurbanlar hesabına qoruyub saxlasa da, bütöv
Azərbaycan çevrəsində ən tanınmış,
ən öncül ustadın xalqımıza verdiyi ən
ölçüyəgəlməz faydaya, - onun ləyaqətli
yetirmələrinə üz tuturuq. Çünki Ağ
Aşıq nə dərəcədə Ağ olsa da
və hətta bütün bəşəriyyətin
üzünə ağ olsa da (əlbəttə, əfsanələrdə!)
onun üzünü tariximiz və milli mədəniyyətimiz
qarşısında daim ağardan yetişdirdiyi sənətkarlar
olub. Burada "İman Əlisi" kimi tanınmış Zərzibilli
Aşıq Əlinin dediklərini (maqnit lentə yazılıb!)
olduğu kimi çatdırmağı özümə
borc bilirəm:
"Sən
bir Aşıq Allahverdinin böyüklüyünə
bax ki, ustadlar Ustadı Ələsgər kimi nəhəngin
Ustadı Aşıq Alını ərsəyə çatdırıb".
AG
AŞIGIN YETİRMƏLƏRİ
Bəli,
Aşıq Allahverdi təkcə Aşıq Alını
ərsəyə gətirsəydi belə, adı mədəniyyətimizə
qızıl hərflərlə yazılacaqdı. Lakin,
mənim nəzərimcə, əgər o, təkcə
Qızılvəngli Alıya ustadlığı ilə
kifaylənsəydi, bəlkə də, Ağ Aşıq
olmazdı. Və əgər nəzərə alsaq ki,
arxiv sənədlərinin yoxluğunda, əski əlyazmaların
1905, 1918-1920 soyqırımlarında, 1948 və 1988-dəki
zorakı köçürülmələrdə və
1930-cu illərin tuthatutlarında itib-batmasına baxmayaraq,
bir sıra yetkin, dolu sənətkarın adları bizlərə
gəlib çatıb, - Aşıq Allahverdiyə "qulluq
edənlərin" çoxsaylı olduğunu boynumuza almalıyıq.
Onlardan: Daşkəndli
Şair Məmmədhüseyn el şairi kimi tanınsa
da, onun aşıqlıq edib-etməməsi haqqında
bilgi yoxdur. Bununla yanaşı, Şair Məmmədhüseynin
aşıq şerində yeri olduqca sayımlıdır18.
1800-1880-ci illərdə yaşadığı güman
edilsə də15, s. 14-15), nəzərimcə bu tarixlərə
ciddi yanaşmaq çətindir.
Öysüzlü
Aşıq Səməd (1838 yaxud 1840-1918) Tovuz aşıq
məktəbinin ən azman ustadlarından olub, Qaraçıoğlu
Aşıq İrvaham (1860 və 1973-cü illər
arası - 1967), Əlibəyli Aşıq İsmayıl
(1877-1952), Öysüzlü Aşıq Ələsgər
(1891-1936), Zəyəmli Aşıq Qənbər (1870-ə
yaxın - 1952), Hacıalılı Aşıq Qəhrəman
(1896/97-1968) kimi sayımlı ustad aşıqlar yetişdirmişdir.
Mikayıl Azaflı söyləyirdi ki, Öysüzlü
Səmədlə Aşıq Alı qohum imişlər.
İnəkdağlı
Aşıq Qəhrəman da, araşdırmamıza
görə, Ağ Aşığın şagirdlərindəndir.
Bu həmin Aşıq Qəhrəmandır ki, Aşıq
Ələsgərdən öncə hələ yeniyetmə
Əsədi, - gələcəkdə səsi də,
özü də dağları titrədən Aşıq
Əsədi (1874-1951, Rzayev) şagirdliyə götürmək
istəməyib. Lakin vurğulamaq istərdim ki, Aşıq
Qəhrəmanı heç cür kiçiltmək olmaz.
İslam Ələsgəroğlunun söylədiyinə
görə, o, söz qoşmasa da, sənətin çox
dərin bilicisi və gözəl ifaçısı
imiş, Aşıq Ələsgərlə aralarında
dostluq və qarşılıqlı hörmət olub.
İnəkdağlı
Aşıq Nurəddinin (1916-1994) söylədiyinə
görə, Aşıq Qəhrəman 1920-1922-ci illərdə
Göyçədə dünyasını dəyişib
və yaşı 80-lə 85 arasında imiş. Aldığımız
bilgiyə görə, onun bir neçə şagirdi
olub, onlardan üçünün adı dəqiqdir:
1. İnəkdağlı
Aşıq Kazım həm də ustadının qohumu
imiş. Çox zil səsi varıymış, lakin yetər
qədər sənəti öyrənə bilmədiyindən,
1925-ci ildə Gəncəyə köçərək,
Bala Məzrəli Aşıq Qarayla (Mövlayev, 1893
- 1974) yoldaşlıq edirmiş. Daha sonra Qazaxlı
Telli Məhəmmədlə məclislər keçirən
Aşıq Kazım Goranboyun Faxralı kəndində
yaşayıb və 1930-cu illərin sonunda orada dünyasını
dəyişib. Deyilənə görə, onu zəhərləyiblərmiş.
2. İnəkdağlı
Aşıq Qənbərin 1988-ci ildə yaşı
90-ı keçsə də, hələ də sağ
imiş. Aşıq Nurəddin 1934-35-ci illərdə
ona qulluq edibmiş.
3. İnəkdağlı
Aşıq İsrail (İsmayılov) II dünya savaşından
qayıtmayıb. Dünyaya gəlişi 1895-ci ilə
yaxındır. Aşıq Nurəddin 1935-1941-ci illərdə
ona şagirdlik edib. Deyirdi ki, ustadı havacatda ancaq Aşıq
Talıb və Aşıq İslamdan (Yusifov, 1893-1968)
geri qalardı.
(Ardı
var.)
BİBİLİOQRAFİYA
1. A. N. Veselovskiy.
"İstoriçeskaə pogtika". M., "Vısşaə şkola",
1989, s. 155, 160.
2. a) L. A. Mazelğ, V. A. Üukkerman. Analiz muzıkalğnıx
proizvedeniy. M., Muzıka, 1967, s. 752
b) L. A. Mazelğ. Stroenie muzıkalğnıx proizvedeniy.
M., Muzıka, 1979, s. 534
3. Muzıkalğnaə gnüiklopediə, t. 6. M. SG. 1982.
s. BSG (Bolğşaə Sovetskaə gnüiklopediə).
izd. III. t. 29. M. SG. 1978. s. 425.
4. a) V. Çiçerov. Şkolı skaziteley Zaonejğə.
M., Nauka, 1982.
b) Balandin A. İ. Mifoloqiçeskaə şkola v russkoy
folğkloristike. M., Nauka. 1988.
v) Azad Ozan Kerimli. Tauzskaə şkola aşıqov Azerbaydjana.
Avtoref. dissertaüii na soisk. uç. st. kand. iskusstvovedeniə.
Baku. 1995.
q) L. Blok. Klassiçeskiy taneü. M., İskusstvo, 1987,
d) L. K. Qasanova (sostavitelğ). Katexizis teorii i praktiki klassiçeskoqo
gkzersisa: şkolı, konüepüii (metodiçeskie rekomendaüii).
Min. kulğturı Azerb. respubliki, uç. metod. kab. po muz.
obrazovaniə. 1997.
5. Zəki İslam. Əlim tanrı ətəyində
(şerlər və poemalar) . Bakı, "Önər", 1995,
s. 11-14.
Göyçə və onu çevrələyən türk-oğuz
bölgələri haqqında bilgilər şairin "Hayıf
oldu" (s. 15-16), "Göyçəni" (s. 22-24), "Yaxşıyıq"
(s. 26-27), "Ağrın alım" (s. 28-30), "Səsləmə"
(s. 32-34) şerlərində də öz əksini tapıb.
6. E. İsmayıl. Oğuz yurdun övladları. I kitab.
Bakı, "Təbib", 1999.
7. Yenə də orada: s. 310-311
8. E. İsmayıl. Ağrı dağı qədər
ağrılarım var... Bakı, "Ağrıdağ",
1999. s. 7-14.
9. Bax: H. İsmayılov. "Miskin Abdalın şəxsiyyəti
və taleyi. " Azərbaycan şifahi xalq ədəbiyyatına
dair tədqiqlər. VIII kitab. Bakı, Səda, 1999, s.
100-119.
10. Əlavə olaraq bax: Hacı Zəki İslam. "El
şairi - Miskin Abdal. " Günaydın" qəzeti, N27-28
(38-39), 28-30 aprel və 1-4 may 1998 tarixdə.
11. M. Qasımlı. Aşıq sənəti. Bakı,
"Ozan", 1996. s. 171
12. a) Yenə də orada: s. 171-172.
b) Z. Məhərrəmov. XX əsr Göyçə aşıq
mühiti: s. 13
13. Qasımlı. Aşıq sənəti: s. 171.
14. M. Həkimov. Ağ Aşıq (Allahverdi) . "Ustad aşıqlar"
kitabı. Bakı. Gənclik. 1983. s. 50-54.
15. Z. Məhərrəmov. XX əsr Göyçə aşıq
mühiti: s. 13-14.
16. "Ustad aşıqlar": s. 68-69.
17. Yenə də orada: s. 66.
18. a) Azərbaycan aşıqları və el şairləri.
I cild.
b) "Sazlı-sözlü Göyçə". Bakı, Yazıçı,
1999.
19. Z. Məhərrəmov. XX əsr Göyçə aşıq
mühiti: s. 14.
20. Rəssam Cabbar Quliyev 1922-ci ildə Ermənistanın
Zəngibasar mahalında anadan olmuş, 1941-ci ildə
İrəvan Dövlət pedaqoji texnikumunu bitirmişdir.
İkinci Dünya müharibəsində iştirak edərək,
İtaliya və Yuqoslaviya partizan hərəkatının
fəal üzvlərindən olub. Müharibədən
sonra 45 il müəllimlik edib. 1967-ci ildə Ermənistanın
əməkdar rəssamı adına layiq görülüb.
1988-ci ildə erməni zorakılığı üzündən
Azərbaycana köçüb. Burada o, Azərbaycan Rəssamlar
ittifaqının üzvülüyünə qəbul
olunub, 23 dəfə fərdi sərgisi keçirilib. Dünyanın
20-dən artıq ölkəsinin muzey və şəxsi
kolleksiyalarında əsərləri qorunan sənətkarın
əməyi dövlət tərəfindən dəfələrlə
qiymətləndirilib.
|