Bizim Yubilyarlar:        
Ā«Milli rəqs       
sənətimizin ilduzuĀ»  

S. Əzizova

      

Ə.P.Dilbazinin "İstiqlal" ordeni ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanı

Azərbaycan milli xoreoqrafiya sənətinin inkişafında böyük xidmətlərinə görə Əminə Paşa qızı Dilbazi "İstiqlal" ordeni ilə təltif edilsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 dekabr 1999-cu il.

Xalq artisti Əminə xanım DİLBAZİYƏ

Hörmətli Əminə xanım!

Sizi - Azərbaycan xoreoqrafiya məktəbinin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz milli rəqs sənətimizin inkişafında, təbliğində və dünya şöhrəti qazanmasında əvəzsiz xidmətlər göstərməklə xalqın rəğbət və məhəbbətini qazanmış böyük sənətkarlardansınız. Çoxşaxəli istedadınız həm lirik, həm də qəhrəmanlıq rəqslərini daim böyük ustalıqla ifa etməyinizə imkan vermişdir. Azərbaycan xalq rəqsini qoruyub saxlamaqla yanaşı, yüksək ifaçılıq məharəti ilə yeni həyat verdiyiniz sənət inciləri milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Siz ölkəmizdə təkcə ifaçı deyil, həm də bir çox rəqslərin quruluşçusu kimi yaxşı tanınırsınız. Xalq rəqslərimizin Sizin quruluşunuzda ifası Azərbaycan xalqına xas olan həyat eşqi, əməksevərlik və coşğunluqla səciyyələnir. Bunu yaratdığınız və rəhbərlik etdiyiniz rəqs kollektivlərinin, xüsusilə "Çinar" qızlar ansablının fəaliyyətində görmək olar. Bununla yanaşı, müxtəlif kütləvi tədbirlərdə xalq rəqslərinə verdiyiniz quruluşlar da diqqətə layiqdir.

Şərəflə keçdiyiniz mənalı həyat yolu sənət adamlarının hələ neçə-neçə nəsli üçün gözəl bir örnək, böyük bir məktəb hesab olunur. Zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik böyük rəqs ustadı kimi Siz xalq rəqsləzrimizin incəliklərini gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı üçün bu gün də əlinizdən gələni əsirgəmirsiniz. Əminəm ki, qaynar yaradıcılıq həyatı yaşamış yorulmaz sənət fədaisi kimi milli rəqslərimizin gənc ifaçılarının yetişdirilməsi üçün bundan sonra da var qüvvənizi sərf edəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 25 dekabr 1999-cu il.

zərbaycan torpağı-rəqs torpağıdır" - Bu, respublikanın xalq artisti, görkəmli sənətkarımız Əminə xanım Dilbazinin sözləridir. Bəli. Doğrudan da, təbii sərvətləri ilə bərəkətli olan torpağımızdan tanrı mənəvi sərvətləri də əsirgəməyib. Azərbaycan torpağı bütün sənət sahələrində dahilər, görkəmli şəxsiyyətlər yetirdiyi kimi, milli rəqs sənətimizi bütün dünyaya tanıtmış Əminə Dilbazinin simasında öz rəqqasəsini də yetişdirdi. Məhz Əminə xanımın ifasında xalq rəqsləri yüksək sənət səviyyəsinə çatdı. Milli rəqs ifaçılığının bütün xüsusiyyətlərinə və incəliklərinə dərindən bələd olan Əminə Dilbazi oyun havalarımızı özünəməxsus şövqlə ifa etmişdir. Onun hər bir rəqsi bu sənətdə deyilmiş yeni bir sözdür. Əminə xanımın bənzərsiz ifası bir-birindən rəngarəng olan xalq rəqslərini daha da məzmunlu, daha da mənalı etmişdir. Bəlkə də, rəqsə əyləncə gözü ilə baxanların, onu yalnız toy məclislərində oynamaq kimi qiymətləndirənlərin çoxu məhz Əminə Dilbazi səhnəyə çıxandan sonra rəqsə olan münaisbətlərini dəyişməyə, onu ciddi sənət kimi qəbul etməyə başladılar. Rəqs sənətinin fədaisi olan Ə.Dilbazi bütün ömrünü bu sahəyə həsr etmişdir.

Əminə xanım 1919-cu ildə aşıq musiqisinin, saz havalarının vətəni, şer-sənət ocağı olan Qazax mahalında dünyaya göz açmışdır. Lakin qardaşının xəstəliyi ilə əlaqədar onun ailəsi 1924-cü ildə Bakıya köçməli olur. Hələ 1928-ci ildə tale Əminə xanımı Üzeyir bəylə qörüşdürür. O illəri yada salan Əminə xanım həmin görüşü böyük qürur hissi ilə xatırlayır: "Xoşbəxtlikdən mən dahi sənətkarlar yaşayan bir dövrdə yetişmişəm, onların yanında böyüyüb boya-başa çatmışam. Üzeyir bəylə ilk dəfə görüşəndə mənim 9 yaşım var idi. Anam məni və bacımı Üzeyir bəyin yanına gətirdi ki, bizi fortepiano şöbəsinə qəbul etsinlər. İndiki kimi yadımdadır. Biz içəri daxil olanda Üzeyir bəy masa arxasında əyləşmişdi. Anam Üzeyir bəyə dedi ki, mən bu iki qızımı Sizə tapşırıram. Anamın sözləri Üzeyir bəyi çox sevindirdi. Çünki o zaman azərbaycanlı uşaqlarından musiqi sənətinə gələn az idi. Bir neçə il biz fortepiano sinfində oxuduq. Lakin 1932-ci ildə atamın vəfatından sonra ailəmizin vəziyyəti çətinləşdiyindən biz musiqini atmalı olduq. Sonradan isə mən Üzeyir bəylə 1938-ci ildə filarmoniyada rastlaşdım."

Əminə xanımın rəqsə gəlişinin qəribə bir tarixçəsi var. Məktəbdə oxuduğu illərdə o, idmanla məşğul olur, yarışlarda uğurlar qazanırdı. Bir gün məktəb direktorunun yanına bir nəfər gəlir və rəqs ansamblının təşkili ilə əlaqədar keçirilən müsabiqədə iştirak etmək üçün ona gənc qız və oğlanların lazım olduğunu bildirir. Direktor isə Ə.Dilbazini məsləhət görür.

-Məni "26-lar" bağı yanındakı gürcü məktəbinə apardılar. İçəri girəndə gördüm ki, hamı rəqs edir. Fikirləşdim ki, məni bura səhvən gətiriblər. Aradan çıxmaq istəyəndə məni gətirən adam saxladı. Nə qədər and-aman etdimsə ki, mən rəqqasə deyiləm, idmançıyam, məni eşidən olmadı. Nəhayət, növbə çatdı mənə. Kommissiya üzvləri oynayacağım rəqs havasını soruşdular. Mən də bildirdim ki, oynayan olmadığım üçün havam da yoxdur. Əl çəkmədilər. Əlacsız qalıb dedim ki, mən "hopsa" mahnısı oynayıram. Musiqiçilər heyrətlə mənə baxıb dedilər ki, axı belə rəqs yoxdur. Mən öz-özümə sevinməyə başladım ki, "deyəsən yaxamı qurtara bildim". Elə bu vaxt komissiya üzvlərindən biri təklif etdi ki, özüm oxuyum, həm də oynayım. Gördüm daha çıxış yolum yoxdur. Düşdüm ortaya, necə deyərlər, dədəm mənə kor dedi, gələnə-gedənə vur dedi". "Hopsa" deyə-deyə, əslində isə "Ləzgi hənği"nı çalıb oynamağa başladım. Musiqiçilər bunu eşidən kimi mənə qoşuldular. Ayaqlarımla bir oyun çıxardım ki, gəl görəsən. Başımı qaldıranda gördüm ki, gülməkdən komissiyanın gözləri yaşarıb. Tez paltomu götürüb qaçdım. Evdə isə anama heç bir söz demədim. Üstündən bir həftə keçəndən sonra həmin adam yenə gəlib məni özü ilə apardı. O, rəqs ansamblını təşkil edən rəhmətlik Əşrəf Səfərov idi. İçəri daxil olan kimi hamı bir ağızdan dedilər: "Hopsa, salam!" Mənə bildirdilər ki, ansambla qəbul olunmuşam, 200 rubl da təqaüd alacağam. Pul deyəndə, sevindim. Çünki atamın vəfatından sonra bütün ailənin ağırlığı anamın üzərinə düşmüşdü. Bu pulun isə ona xeyli köməyi dəyə bilərdi. Əhvalatı anama danışanda sevindi və razılıq verdi.

Əminə Dilbazinin sənətə qoşulduğu dövr Azərbaycan mədəniyyəti və incəsənətinin gur çiçəkləndiyi bir dövr idi. "Mən dahi sənətkarlarımızn yaradıcılığını izləməyi çox xoşlayırdım. Onların konsert qabağı məşqləri xüsusilə maraqlı idi. Bülbülün öz sənətinə olan münasibəti məni heyran edirdi. Mövsüm Sənaniyə xüsusi fikir verirdim. Onun səhnədə odlu-alovlu oynamağı, zarafatı mənim çox xoşuma gəlirdi. Mən onların hər birindən nə isə götürürdüm." (Ə.D.)

1935-1936-cı illərdə yaranmış Azərbaycan Dövlət rəqs ansamblının tərkibində bir sıra tanınmış rəqqaslar fəaliyyət göstərirdi. Ümumiyyətlə, Ə.Dilbazi tezliklə tanınaraq xalqın qəlbinə yol tapa bildı. Görəsən, bunun sirri nədə idi?

-"Mənim bir xüsusiyyətim var ki, əgər mən hər hansı bir işdən yapışıramsa, gərək onu elə öyrənəm ki, bu sahədə məndən yaxşısı olmasın. Məsələn, uşaqlıqda gərək ağaca hamıdan birinci dırmaşaydım, qaçmaqda da birinci idim. Mən öz rəqslərimlə bütün Azərbaycan torpağını qarış-qarış gəzmişəm. Ona görə bu sənətdə də birinci olmuşam."

Xalqın məhəbbətini qazanmaq asan iş deyil. Ə.Dilbazinin böyük populyarlığa nail olmasının ən başlıca səbəbi budur ki, o hər bir rəqsini bütün varlığı ilə yaradırdı. Bu baxımdan Ə.Dilbazinin rəqsləri sözün əsl mənasında sənət nümunələridir. "Tərəkəmə", "Uzundərə", "Turacı" və s. rəqslərin təkrarolunmaz ifası da bununla izah olunur.

Əminə xanımın yaratdığı hər bir əsər öz məzmunu və mənası olan bir tamaşaya bənzəyir. O özü isə bu tamaşaların yeganə ifaçısı kimi çıxış edərək bir-birindən rəngarəng obrazlar yaradırdı. Bu zaman Ə.Dilbazi müxtəlif vəziyyətlərə düşməli, hətta bəzi işcəngələrə dözməli olurdu:

-"Bir dəfə İ.Arbatov məşq zamanı bizim üçün bir rəqs ifa etdi. Biz hamımız heyran qaldıq. Onu alqışladıq, soruşduq ki, bu nə rəqsdir. O dedi ki, bu "Turacı" rəqsidir, sən gərək bunu oynayasan. İlya İliç əvvəllər də mənə bu rəqs barədə işarə edirdi, deyirdi: "Ürəyimdə bir rəqs qalıb, gözləyirəm, görüm sən onu nə vaxt oynayacaqsan." Mən onun ifasında "Turacı"nı görəndən sonra oynamağa ürək eləmirdim. Çünki rəqs çox çətin rəqs idi, dərin məzmunu var idi: "Turac çıxır meydana, oynayır, sağa-sola baxır ki, görsün ovçular var, ya yox. Özü üçün çəmənlikdə şellənə-şellənə gəzir və özünü xoşbəxt hiss etdiyi bir vaxtda ovçu gizləndiyi yerdən çıxıb onu vurur. Güllə qoluna dəyir. Turac yerə yıxılır, ölümlə çarpışır. Allaha, Günəşə yalvarır ki, onu sağaltsın. O, yerdə çox müsibət çəkir, ha qalxmaq istəyir, qalxa bilmir, neçə dəfə yerə dəyir. Nəhayət, qalxır, uçmaq istəyəndə yenə yıxılır. Axırda qalxa bilir, uçur Günəşə sarı və təbiətə qovuşur." "Turacı"nı oynamaq üçün mən gərək dizlik taxaydım. Lakin mən heç bir tədarük görmədim. Düzdür, çox əziyyət çəkdim. Ancaq mən Turacın yaralanmasını hiss etmək, duymaq istəyirdim. Mən yerə dəyəndə sağ dizimin üstünə düşürdüm. Hər məşqdə də yaramın üstü açılırdı. Bu, mənim ən ağır rəqsimdir. "Turacı"nı mən artıq püxtələşmiş, yetkin rəqqasə olduğum bir vaxtda, yəni sənətə gələndən 12 il sonra oynadım. Onu oynamazdan əvvəl çoxsaylı müxtəlif cür rəqslər oynamışdım. Bir də çətin ərəb rəqsi oynamışam, hansı ki, 7 dəqiqə çəkirdi."v

Ə.Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət.Hacıyev kimi bir şəxsiyyətin həyat yoldaşıdır. Bu iki sənətkarın hər biri öz sahəsində zirvəyə çatıb. Lakin 2 zirvəyə doğru aparan 2 yolun birləşdiyi bir vacib nöqtə var ki, bu da ailədir:

-"Biz Cövdətlə bir musiqi məktəbində oxumuşuq. A.Zeynallının dərsində şəklimiz də var. Kiçik olduğumuza görə bizi qabaqda oturtmuşdular. Cövdət müəllim mənim sağ tərəfimdə əyləşib. Bu şəkildə T.Quliyev və başqa sənətkarlarımız da var. Taleyin qismətinə baxın ki, mən Cövdət müəllimlə bir də filarmoniyada rastlaşdım. Cövdət müəllim Qarayevlə birgə filarmoniyaya bədii rəhbər təyin olundular. Müharibə vaxtı Qarayev bizim rəqs ansamblı ilə yaman maraqlanırdı. Cövdət isə xasiyyəti tünd olduğundan məşqlərimizə gəlmirdi. Nəhayət, bir dəfə Qara onu məşqə baxmağa məcbur edir. Deyir "orda bir qırmızı uzunboğaz çəkməli bir qız var, bilirsən necə oynayır!" Ə.Dilbazi və C.Hacıyev münasibətləri, beləcə yaranır".

Maraqlıdır, coşğun yaradıcılıq yolu keçmiş iki görkəmli şəxsiyyətin bir ailəyə bağlı olması ailə münasibətlərinə mane olub, yoxsa əksinə?...

-"Mən həmişə Cövdət müəllimə dayaq olmağa çalışmışam. Onun oxumağına, inkişafına şərait yaratmışam. Əsərlərinin ilk dinləyicisi də mən idim. Bizim çətin günlərimiz çox olub. Cövdət Moskvada oxuyanda mənə teleqram vurdu ki, vəziyyətim gərgindir, qayıdıram. Mən də filarmoniyadan başqa 4 yerdə işləyirdim. Hətta 1945-ci ildə Azərbaycan sirkində də işə girdim. Cövdət müəllimə pul göndərirdim. O da oxuyub qurtardıqdan sonra Bakıya qayıtdı. O zamanlar onu çox incidirdilər. 1951-ci ildə Moskvada qurultay keçirilirdi. Cövdəti bu qurultaya aparmadılar. O zaman o, "Sülh uğrunda" simfonik poemasını yenicə bəstələmişdi. Şostakoviç isə bu əsərin qurultayda səslənmədiyini görəndə bizim Bəstəkarlar İttifaqına teleqram vuraraq öz narazılığını bildirdi. Mən bu teleqramı əlimə alan kimi heç kimə bir kəlmə söyləmədən Moskvaya bilet aldım, Musiqi fondundan da əsəri götürdüm. Axşam Cövdət evə gələndə əhvalatı ona danışdım və dedim ki, şeylərin hazırdır, əsərini götürmüşəm, biletini də almışam. O çox sevindi. Əsər Moskvada böyük uğur qazandı. "

Hər iki sənətkarın sənət yollarında qarşılaşdıqları çətinliklərə sinə gərməsi bir çoxları üçün örnək ola bilər. Ə.Dilbazi xalq artisti adını da aldı, sənət ustası adını da. Lakin özünün dediyi kimi:

-"Bircə mənimlə iş bitmir axı. Mən gənc nəslə tərbiyə verirəm. Mənim "Çinar"ım respublikanın başını ucalara qaldırıb. Mən istərdim ki, rəqsi sənət kimi qiymətləndirsinlər. Bu çox çətin sənətdir, ömrü də azdır - 20 il. Mən səhnədə 40 ildən artıq oynamağıma peşman deyiləm. Yeri gələndə, indi də oynayıram. Mən sənətimin vurğunuyam. Mənim pərəstişkarlarım indi öz övladlarını rəqsə qoyurlar. Mən isə çox şadam ki, rəqsi xalqıma bir sənət kimi sevdirə bilmişəm."

Biz isə öz növbəmizdə Əminə xanımı qarşıdan gələn yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və bol-bol sənət sevincləri arzulayırıq.