Müəllif və hüquq:        
Ā«Milli rəqs       
sənətimizin ilduzuĀ»  

S. Əzizova

      

II məqalə
Əvvəli ötən sayımızda

u bölmədə baxılan hüquqlar müəllif hüququ ilə bağlı olan, yaxud onunla "əlaqəli" hüquqlardır. Bu hüquqlar ona görə əlaqəli hüquqlar adlanırlar ki, onların tətbiqi əksər hallarda müəllif hüququnun tətbiqi ilə bağlıdır. Əlaqəli hüquqların üç müxtəlif növü vardır:

1.İfaçıların öz ifalarına olan hüquqları,

2.Fonoqram istehsalçılarının öz fonoqramlarına olan hüquqları.

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun (bundan sonra "Qanun") 32, 33, 34 və 35-ci maddələri bütünlüklə əlaqəli hüquqlara həsr edilmişdir.

Əlaqəli hüquqların qorunması deyilərkən müəllifin yaradıcılıq nəticələrinin müxtəlif üsullarla geniş auditoriyanın nəzərinə çatdırılmasında bilavasitə iştirak edən adamların hüquqlarının qornuması başa düşülür. Bəs əlaqəli hüquqların qorunması vacibliyi necə yaranmışdır?

Məlumdur ki, yaradıcı adamlar həmişə öz əsərlərinin geniş dairədə yayılmasında maraqlıdırlar və buna çalışırlar. Pyes səhnədə oynanmaq, mahnı müğənni və digər profesionalların ifası, yaxud yazılmaq və ya efirə verilmək üçün yazılır. Lakin müəlliflərin bunları müstəqil etmək imkanları məhdud olduğundan əsərin müvafiq formada və üsullarla təqdim edilməsi prosesində vasitəçi profesionalların iştirakına zərurət yaranır. Təbii ki, belə vəziyyətdə əsərlərin nəticələrindən istifadəyə hüquqlar sistemi formalaşır.

Son onilliklər ərzində texniki tərəqqinin sürətinin artması müəllif və auditoriya arasındakı vasitəçilərin bu kateqoriyasının maraqlarının qorunması problemlərini getdikcə daha çox ön plana çıxarmışdır.

Əsrin əvvəllərində aktyorun ifası teatr tamaşası ilə, musiqiçi - ifaçının işi isə konsertin qurtarması ilə başa çatırdısa, bu gün fonoqramın, kinematoqrafın, radionun, televiziyanın, peyk rabitəsinin və videomaqnitafonların ixtira edilməsi ilə vəziyyət tamamilə dəyişmişdir.

Səs yazılmasının ixtirası ifaçılıq sənətinə böyük təsir göstərmiş, fonoqram, radio, televiziya və kinematoqraf ifanın ən müxtəlif daşıyıcılarda - qramplastinkalarda, kasetlərdə, maqnit lentlərində, kino lentlərində və s. fiksə edilməsinə imkan vermişdir. Əvvəllər məhdud auditoriya qarşısında qısamüddətli ifa üçün nəzərdə tutulan əsər indi hətta milli sərhədlərdən kənarda belə qeyri-məhdud auditoriya qarşısında dəfələrlə təqdim edilə bilən əsərə çevrilmişdir. Səslərin yazılması və saxlanması kimi onların istənilən vaxt qeyri-məhdud sayda tirajlanması da artıq adi hala çevrilmişdir. ideoyazılmanın ixtira edilməsi isə səslərlə birlikdə obrazların da maddi daşıyıcıda əks olunmasına və saxlanmasına imkan yaratmışdır.

Beləliklə, ifaçının əməyinin nəticələrinin maddi daşıyıcılarda yazılması, saxlanması, təkrar istifadəsi və tirajlanması bir sıra əlavə hüquqların yaranmasına əsas verdi.

Elə bu qaydada da efir yayımı sahəsində tərəqqi əsərdən istifadəyə öz təcirini göstərdi. Ədəbi və bədii əsərlər səslərə və obrazlara çevriləndən sonra ifaçı olduğu ölkənin sərhədlərindən kənarda belə auditoriya üçün əlçatan oldu. İfaçıların əməyinin nəticələrinin tirajlanmasına və bəzi hallarda ifaçıların özünün iştirakı olmadan istifadəsinə imkan verən bu texniki nailiyyətlər son nəticədə ifaçıların maraqlarının qorunması zərurətini yaratmışdır.

Audio və video kassetlər, kompakt-disklər istehsalı sahəsində yüksək texniki tərəqqi də onların istehsalçılarının hüquqlarının qorunması vacibliyinə gətirib çıxarmışdır. Çünki fonoqramların qısa müddətdə yazıla və yayıla bilməsi, həmçinin yazma qurğularının qiymətinin getdikcə aşağı düşməsi bu sahədə piratçılığın artmasına zəmin yaradır. Misal üçün, hər il dünyada həddən artıq sayda qeyri-qanuni audio və video kassetlər, SD-lər istehsal edilir ki, bu da fonoqram istehsalçılarının, ifası fonoqrama yazılmış ifaçıların və fonoqrama yazılmış əsərlərin müəlliflərinin hüquqlarının pozulması ilə müşahidə olunur. Bundan başqa, efir yayımı təşkilatları səsyazmalardan geniş şəkildə istifadə edirlər. Bu, bir tərəfdən ifaçılar və fonoqram istehsalçıları üçün reklam olsa da, digər tərəfdən efir yayımı təşkilatlarının da proqramları onlarsız ötüşə bilmir. Belə halda ifaçıların öz maraqlarının qorunması üçün mübarizə aparması ilə fonoqram istehsalçılarının onlara məxsus mülkiyyətin qeyri-qanuni tirajlanmasına yol verməmək və efir yayımı təşkilatlarından və digər istifadəçilərdən istifadəyə görə qonorar almaq istəyi üst-üstə düşür.

Nəhayət, efir yayımı təşkilatları da haqlı olaraq, özlərinin hazırladığı proqramların qorunmasını, onların digər efir yayımı təşkilatları tərəfindən retranslyasiya edilməməsi tələbini qoydular.

Qeyd edilən tendensiyalar ifaçıların, fonoqram istehsalçılarının və efir yayımı təşkilatlarının xüsusi maraqlar sisteminin sosial mahiyyəti əsasında onların qorunmasını nəzərdə tutan hüquqi bazanın yaradılması zərurətini qarşıya qoydu və həmin hüquqlar sistemi milli qanunvericiliklərdə öz əksini tapmağa başladı. Məsələnin beynəlxalq əhəmiyyət kəsb etməsi həmin hüquq sahiblərinin maraqlarının qorunmasına təminat verən beynəlxalq hüquqi institutların yaradılması ideyasına təkan verdi və nəticədə 1961-ci ildə Roma Konvensiyası təcis edildi.

Milli qanunvericiliklərin sintezindən ibarət olan bir çox beynəlxalq konvensiyalardan fərqli olaraq, Roma Konvensiyasının təsis edilməsinin əsas məqsədi milli qanunvericilikləri təzə formalaşan ölkələri yeni fəaliyyət dairəsini tənzimləyən beynəlxalq normalar sisteminə daxil etmək idi. Konvensiya qəbul ediləndən sonra dövlətlərin bir çoxu (60-dan artıq) Konvensiyanın baxdığı məsələlər üzrə qanunvericilik qəbul etdilər, bir sıra dövlətlər isə bu cür qanunların qəbul edilməsi imkanlarını nəzərdən keçirdilər. Beləliklə, Roma Konvensiyasının qəbul edilməsi nəticəsində əlaqəli hüquqların qorunması da öz beynəlxalq-hüquqi təsdiqini aldı.

N 2. POZULMUŞ HÜQUQLARIN BƏRPASI TƏMİNATLARI

Müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının müxtəlif alətlərinin olmasına və bu sahə üzrə müxtəlif institutların yaradılmasına baxmayaraq, hazırda müəllif-hüquq pozuntularına qarşı mübarizə bütün dünyada bir problem kimi durmaqdadır. Müəllif hüquqlarının pozulması o zaman baş verir ki, digər şəxs tərəfindən əsərə münasibətdə edilən hərəkət xüsusi icazə və razılıq olmadan edilir. Qorunan əsərlərin nüsxələrinin kommersiya məqsədi ilə hazırlanması, həmçinin qanunla nəzərdə tutulmuş icazə olmadan əsərlə bağlı hər hansı kommersiya əməliyyatının aparılması "piratçılıq" adlanır.

Kommersiya məqsədi ilə qanuna zidd hərəkətin həyata keçirilməsi faktı piratçılığın ayrılmaz hissəsidir. Bu o deməkdir ki, piratçılıq, əsasən təşkil olunmuş qaydada həyata keçirilir. Yəni əsərin icazəsiz surətçıxarılmasından sonra onun qeyri-qanuni buraxılmış nüsxələri satılmaqla və ya hər hansı başqa formada yayılır. Bunun üçün müəyyən satış şəbəşkəsinin, yaxud alıcılarla xüsusi əlaqə formasının yaradılması tələb edilir. Bu cür piratçılıqla səmərəli mübarizə vasitəsi kimi nəzərə almaq lazımdır ki, belə qeyri-qanuni tirajlanması və satışın kompleks şəkildə təşkil edən bütöv cinayətkar müəssisə dayanır.

Piratçılığın əvvəllər də mövcud olmasına baxmayaraq, son illər bu pozuntu növü bir az da geniş yayılmış, müəllif hüquqlarının qorunması sisteminin əsasını sarsıtmağa qadir olan bir prosesə çevrilmişdir. Bunun da müəyyən səbəbləri vardır. Bunlardan biri əsərlərin kütləyə çatdırılmasının texniki vasitələrinin tərəqqisi sahəsində əldə edilən böyük nailiyyətlərdir. Adi çap prosesi öz yerini getdikcə daha çox fonoqram, kompakt-kasset, kinofilm, videofilm kimi audio və videoyazmaların texniki vasitələrinə verir. Kompüter bu texniki vasitələrin siyahısını artırmışdır. Rəqəmli texnologiyaların heyrətamiz inkişafı da yaradıcılıq əməyinin nəticəsi olan əsərdən istifadə prosesinə böyük təcir göstərmişdir.

Şübhəsiz, əqli mülkiyyət obyektlərinin yayılması üsullarındakı tərəqqinin nəticələri bütün cəmiyyət üçün faydalıdır və müəllif və onun auditoriyası arasındakı qarşılıqlı münasibətlərin təbiətini zənginləşdirir. Lakin bu nailiyyətlərin müəlliflərin və əlaqəli hüquq sahiblərinin maraqlarına ciddi ziyan vuran piratçılığa geniş imkanlar açması da faktdır.

Müəllif hüquqlarının qorunma sistemi bu cür tendensiyalara tədricən qorunma obyektlərinin (artıq çap olunub) siyahısının artırılması ilə cavab verir. Qanunun 6-cı maddəsinə əsasən müəlliflik hüququnun obyektlərinə aşağıdakılar daxildir:

-ədəbi əsərlər (kitablar, broşuralar, məqalələr, kompüter proqramları və s.)

-dram, musiqili-dram və başqa səhnə əsərləri;

-xoreoqrafiya əsərləri və pantomimlər;

-mətnli və ya mətnsiz musiqi əsərləri;

-audiovizual əsərlər (kino-, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);

-heykəltəraşlıq, rənkkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

-dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;

-arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;

-fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

-coğrafiya, topoqrafiya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;

-törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

-toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları və materialın seçilməsinə və ya düzəlməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr);

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur;

-digər əsərlər;

Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

Qeyd etmək vacibdir ki, hazırki milli qanunvericiliklərdə müəllif hüquqlarının pozulmasına görə cəza tədbirlərinin nəzərdə tutulması adi normaya çevrilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi də istisna təşkil etmir. Burada müəllif hüququ və əlaqəli hüquqların pozulmasına görə mülki, inzibati və cünayət məsuliyyəti nəzərdə tutulur.

Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər.

1.Mülki Məcəllənin 6, 491-493 maddələrinə əsasən, mülki-hüquqi müdafiənin ümumi vasitələri ilə yanaşı (mülki hüquqların tanınması, hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və hüquqları pozan hərəkətlərin qarşısının alınması, zərərin ödənilməsi və s.), "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun 45-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə aşağıdakı sanksiyalar da tətbiq edilə bilər:

a) Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

b)Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50.000 mislinədək məbləğdə kompensasiya ödənilməsi.

2.Müəlliflik hüququ və əlaqəli hüquqların pozucularının hərəkətlərində cinayət tərkibinin olduğu hallarda Cinayət Məcəlləsinin 140 maddəsinə əsasən:

a)İki ilədək müddətdə islah işləri;

b)Minimum əmək haqqı miqdarının 250 mislindən 280 mislinədək cərimə cəzası tədbiq edilə bilər.

3." İnzibati hüquqpozmalar haqqında" Məcəllənini 186 -1 maddəsində müəlliflik hüququ və əlaqəli hüquqları pozanlara qarşı nəzərdə tutulur:

a)Minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə.

b)Səlahiyyətli dövlət orqanlarının müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasının tələb edilməsi.

Həmçinin Mülki Prosessual Məcəlləsinin 137-ci maddəsində iddianın təmin edilməsi tədbirləri müəyyən edilmişdir. Hakim tərəfindən qərarlar çıxarılarkən müvəqqəti tədbirlər kimi cavabdehdə və ya sair şəxslərdə cavabdehə məxsus olan əmlak, yaxud pul məbləği üzərinə həbs qoymaq, müəyyən hərəkətləri və ya ona olan münasibətdə sair öhdəçilikləri yerinə yetirməyi başqa şəxslərə qadağan etmək və s. nəzərdə tutula bilər.

Pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpa edilmə proseduraları Azərbaycanda aşağıda göstərilən ümumi qaydalarla həyata keçirilir. Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri pozulmuş hüquqlarının bərpası üçün birbaşa özləri həmin hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Hüquqları pozulmuş müəllif və əlaqəli hüquqların sahibləri həmin hüquqların bərpasını müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı və həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatlar vasitəsi ilə də həyata keçirə bilər. Bununla yanaşı, səlahiyyətli dövlət orqanları və həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatlar da müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər (Qanunun 44-cü maddəsi).

(Ardı var)