Biblioqrafiya:        
Aleksandr Xodzkonun «Koroğlu» eposu (dastanı) haqqında kitabında Azərbaycan xalq musiqisi nümunələri       



Ə. İsazadə          

zərbaycan ən əski zamanlardan öz xalq musiqisi ilə tanınıb. Musiqi folklorunun ayrı-ayrı janrlarının (çeşidlərinin) gəlişməsi (inkişafı) tarixi xalqımızın maddi və mənəvi mədəniyyətinin öyrənilməsində geniş imkanlar aşkarlayır.

Azərbaycan folkloruna geniş marağın çoxsaylı göstəricilərindən biri kimi XIX yüzilliyin I yarısında "Koroğlu" qəhrəmanlıq dastanının çapını göstərmək olar ki, bu yöndə rus etnoqrafiya elminin aparıcılığı danılmazdır.

Belə ki, artıq 1840-cı ildə "Mayak" jurnalında İ.Şopenin qeydləri ilə "Koroğlu" dastanının ayrı-ayrı qolları çap olunmuşdu. İki il sonra rus şərqişünası, Rusiyanın Tehrandakı səfiri Aleksanlr Xodzko dastanı bütövlükdə azərbaycanlı Aşıq Sadığın ifasından yazıya alaraq onu 1842-ci ildə Londonda "Spesimens of popular poetry of Persia as found in the adventures and improvisations of Kurroghlu" kitabında çap etdirmiş, bu da "Koroğlu" dastanının Avropada geniş yayımına yol açmışdır. Sonrakı illərdə adı çəkilən kitab S.Penn tərəfindən rus dilinə tərcümə olunaraq, öncədən "Kavkaz" qazetində, daha sonra isə "Keroqlu, vostoçnıy poet-naezdnik. Polnoe sobranie eqo improvizaüiy s prisovokupleniem eqo bioqrafii. (Tiflis, 1896)" başlığı ilə ayrıca kitab halında işıq üzü görmüşdür.

A.Xodzkonun kitabı aşağıdakı bölmələri birləşdirir: 1. Ön söz; 2. "Kor oğlu" dastanına giriş; 3. Kor oğlu igidlikləri və improvizasiyaları (yəni aşıq şeyrləri); 4. Həştərxan tatarlarının xalq mahnıları; 5. Üç kalmık mahnısı; 6. Türk-mən mahnıları; 7. İran türklərinin (azərbaycanlıların) mahnıları; 8. İran mahnıları; 9. Gilanlıların mahnıları; 10. Rudbar dağlılarının mahnıları; 11. Talış mahnıları; 12. Mazandaran mahnıları; 13. Mətn nümunələri; 14. Antoni Kontskinin fortepiano arxasında aranjimanında 9 azərbaycan mahnısı. Sonuncu bölməyə notlar əlavə olunub.

Kitabın "Tərcüməçi sözü" bölməsində S.Penn yazır: "Kitabın ingilis dilindən tərcüməsi Tiflisdə çıxan "Kavkaz" qəzetinin oxucularını özü-özlüyündə oxşarsız bir əsərlə tanış etmək istəyindən irəli gəlir. Bu yöndə mənim böyük marağım onunla bağlıdır ki, Koroğlunun improvizasiyaları yerli Qafqaz sazandarlarının (yaxud sazəndələrinin) - eldən-elə gəzən müğənnilərin dilindən düşmədiyi halda, bu günədək bütövlükdə toplanmamış və rus dilində çap olunmamışdır. İstisna kimi bir neçə cılız hekayətəoxşar parçaları göstərmək olar ki, burada Şərq orijinallığı, xalq dili və ruhu saxlanılmayıb, itirilmişdir.

A. Xodzkonun kitabının rus dilinə tərcüməsi Rusiyada böyük əks-səda doğurdu. Təkcə onu demək kifayətdir ki, ancaq 1856-cı ildə dövrü mətbuat səhifələrində bu kitabla bağlı bir neçə məqaləyə rast gəlirik.

A. Xodzkonun kitabında bizim üçün ən böyük maraq doğuran bölmə not əlavəsidir ki, burada doqquz xalq melodiyası nümunə gətirilir. Ayrıca vurğulanmalıdır ki, not nümunələrini aranjiman edən şəxs, göründüyü kimi, Şərq musiqisi ilə yaxından tanış olmadığından melodiyaların harmonizəsi tamamilə şərtidir, yəni Şərq məqamlarının qanunauyğunluqları nəzərə alınmalıdır.

İlk üç not nümunəsi ardıcıl olaraq "Koroğlu", "Azərbaycan-sayağı" və "Fincan" başlıqları sonrakılar isə adi nömrələmə ilə verilib.

"Koroğlu" əfsanəvi xalq qəhrəmanının adı ilə bağlı geniş aşıq havacatı toplumundan olan havalardan biridir və tarixi mahnılar janrına aid edilir (not nümunəsi N1):

Melodiyasının quruluşu, melodik gəlişməsinin (inkişafın) özəlliyi və kadension ("ayaq") gedişləri baxımından havanın məqam əsası "Rast"dır. Məqamın mayesini vurğulayan genişləndirilmiş kadensiyalar, - "ayaqlar" "rast"ı olduqca aydın şəkildə aşkarlayırlar. Bundan savayı, "Koroğlu" aydın ritm (vəzn) cizgisi və marşsayağı çaları ilə seçilir.

İçquruluşuna görə bu nümunəni iki bölümlü quraşdırmalara aid etmək olar ki, burada hər bir bölmə saz havalarına xas olan və oxumanı tamamlayan çalğı sonluğu ilə bitir.

"Azərbaycansayağı" başlıqlı ikinci not nümunəsi geniş yayılmış "Qalanın dibində" xalq mahnısının çoxsaylı şəklidəyişmələrindən (variantlardan) biri olub, "yallı"lar janrına aid edilməlidir. Deyilənlər bu mahnının Naxçıvan bölgəsindəki hazırkı ifa şəkli ilə deyil, hələ o zamanlar A.Xodzkonun mahnının rəqslə müşayiəti haqqında qeydi ilə də təstiqlənir (not nümunəsi N2):

Göstərilən melodiyanın rus bəstəkarlıq məktəbinin faydalandığı nümunələrlə böyük oxşarlığı danılmazdır. Bu sırada M.İ.Qlinkanin "Ruslan və Lyudmila", M.A.Balakirevin "Tamara" simfonik poemasının və A.A.Alyabyevin fortepiano üçün "Asiya mahnıları əsasında fransız kadrili" əsərlərini göstərmək olar. A.Xodzkonun və rus bəstəkarlığının yazıya aldığı nümunələrin intonasiya və vəzni (ritmik) baxımdan yaxınlığını nəzərə alaraq, adı çəkilən Azərbaycan mahnısının o dövrdə məhz həmin variantda (şəkildə) geniş yayıldığı haqqında fikir söyləmək olar.

Üçüncü melodiya - "Fincanı" isə geniş yayılmış Azərbaycan oyun mahnıları silsiləsindəndir və, adətən, gənclərin iştirakıyla keçirilən oyunla istər adı, istərsə də məzmunu ilə bağlıdır. Milli muğam opera sənətimizin görkəmli xadimi, respublikamızın xalq artisti Hüseynqulu Sarabski xatirələrində yazırdı ki, "Fincanı" oyunu, adətən, çayxanalarda, çoxsaylı və çoxçeşidli musiqi nömrələrinin müşayiəti ilə keçirilərmiş. Oyun öncədən kənd yerlərində geniş yayılmış, daha sonra şəhərlərə keçərək bir sıra yeniliklərlə zənginləşmişdi (not nümunəsi N3):

Yuxarıda göstərilən nümunə, göründüyü kimi, düzgün nota alınmayıb, çünki melodiyası yazıya alındığı şəkildə Azərbaycan məqam düzülüşlərinə uyğun gəlmir. Bununla yanaşı, melodiyanın çevik uyuşqanlığı, intonasiya zənginliyi, triol fiqurlar sayəsində canlı ritmik (vəzni) özəlliyi qeyd olunmalıdır.

İçquruluşuna görə göstərilən hava, özündən öncəkilər kimi, ikibölməli quraşdırmadır ki, burada hər bölmə, öz növbəsində, iki cümləyə ayrılr. Marağlıdır ki, birinci bölmənin melodiyası daha gərgin səslənir və, "mayeyə" (tonikaya) "ayaq" (kadensiya) gedişinə baxmayaraq, "mayenin" üst kvartasına çevrələyir. İkinci bölmədə melodiya vəzn baxımından daha hamardır, intonasiyalar isə ancaq "mayeni" çevrələyirlər. Bütün bunlar Azərbaycan xalq mahnılarının ən başlıca özəlliklərinə və, ilk növbədə, məzmun yükünün başlanğıc qatılığı, zənginliyinin sonluğa doğru getdikcə artan duruluğu, "sönməyi" qaydasına tamamilə uyğundur. İkinci bölmə birincinin "cavabı" olub, gərginliyi zəiflətmə vəzifəsi daşıyır.

Vəzn baxımından üçsaylı ölçü hamar, müntəzəmliklə triol gedişlərini birləşdirir. Lakin mətnin yoxluğu ücbatından triol intonasiyalarının melodik bəzəmə, səslər arasında yaxud hecalı qlissando, və yaxud bütöv sözün uzadılmış oxunması ilə bağlılığı haqqında fikir söyləmək çətindir. Beləliklə, haqqında söhbət gedən ritmik fiqurun təbiəti aydın deyil, çünki oyun mahnılarında, adətən, musiqi ilə sözün eyni məqamda yaranışı onların qarşılıqlı bağlılığını artırır.

Göstərilən üç mahnıdan hər biri ayrı-ayrı mahnı janrlarına, - daha doğrusu, tarixi, lirik və oyun mahnılarına aid olduğundan, hər bir janra xas olan məqam əsasları, melodik cizgilər, intonasiya gəlişmə (inkişaf) qaydaları və vəzn cizgiləri verilən not nümunələrində öz əksini tapıb. Hər üç mahnı ikibölməli quraşdırma quruluşundadır, lakin "Kor-oğlu" havasının içquruluşu çalğı sonluq-ları sayəsində genişləndirilmiş şəkil alaraq öz janrının özəlliyini daha dolğun əks etdirir.

Nəzərdən keçirilən bu üç mahnıdan savayı, verilən ardıcıllıqda başlıqların yaxud adların yoxluğu digər mahnıların hansısa janra adiyyətini aşkarlamaqda çətinliklər yaradır. Lakin həmin mahnıların çoxsəviyyəli, - yəni quruluş və içquruluşu, melodik məzmun və məqam əsası baxımından araşdırılması onların məhz Azərbaycan xalq mahnı yaradıcılığının nümunələri olduğunu təsdiqləməyə imkan verir. Bu ilk növbədə ikixanəlik və dördxanəliklərə bölünə bilən melodiyanın içquruluşundan irəli gəlir, üstəlik həmin bölümlərin çoxu tamamlayıcı vəzifəsi daşıyan və iki dəfə təkrarlanan sonluqla bitir. Belə içquruluş Azərbaycan mahnılarının çoxu üçün xas olan özəllikdir.

Deyilənlərlə yanaşı, melodiyanın hərəkət qaydaları da bu mahnıları milli folklorumuzla doğmalaşdırır. Demək olar ki, bütün mahnılarda melodiya ən yüksək dayaq səslərin çevrələnməsindən başlayaraq "mayeyə" doğru enişli yol keçir. İntonasiya məzmununda kəskin sıçrayışlara rast gəlinmir, ayrı-ayrı pillələrin çevrələnməsinə, pilləvari hərəkətə, yumşaq sekvent gəlişməyə üstünlük verilir.

Mahnıların məqam aidiyyətində çətinliklər də yox deyil. Bir sıra mahnıda (NN 4, 5, 8) "rast" məqamı çalarları açıq-aydın duyulur. Lakin kadension sonluqların məntiqi uyğunsuzluğu, gözlənilməzliyi və sönüklüyü məqam əsaslarını öyrənməkdə maneçilik yaradır. Çox güman ki, bütün bu çətinliklər vaxtı ilə melodiyaların nota yazılması gedişində yol verilən qeyri-dəqiqliyin, duyumsuzluğun sonucundan irəli gəlir. Lakin bütün bunlarla yanaşı, araşdırma A.Xodzkonun kitabındakı not nümunələrinin Azərbaycan xalq mahnı yaradıcılığını əks etdirdiyini danılmaz bir həqiqət kimi təsdiqləyə bilər.

Tərcümə edəni:
Azad Ozan Kərimli