Diskoqrafiya:
Azərbaycan Qrammofon Valları Evinin tarixindən T. Məmmədəliyeva |
|
X əsrin artıq sona yetdiyi bir dövrdə istər dünya, istərsə də Azərbaycan musiqi sənəti və mədəniyyətinin inkişafında texnikanın əvəzsiz rolu hamıya məlumdur. Bizə də məlumdur. Amma heyf ki, bütün təfərrüatları ilə yox... Məsələn, bilirik ki, hansısa ildə filan val buraxılıb. Lakin respublikamızda bütün bu proseslərin necə baş verdiyindən tamamilə bixəbərik. Bu səbəbdən də musiqi mədəniyyətimizin tərəqqisi üçün çox böyük rol oynamış Azərbaycan Qrammofon Valları Evinin tarixindən söhbət açmağı zəruri hesab edirik. İlk qrammofon yazı studiyaları hələ XIX əsrin 80-cı illərindən etibarən fəaliyyətə başlamışdı. Yeni, XX əsr qədəm qoyduqdan sonra isə Rusiyada da bu cür studiyaların (məsələn, Riqada ingilis səhmdar cəmiyyəti tərəfindən təşkil edilmiş "Qrammofon" adlı qrammofon valları fabrikinin) fəaliyyət göstərməsi qeyd olunur. Musiqi ictimaiyyətimizin daim maraq obyekti olan xalq musiqi nümunələrimizin, xüsusilə görkəmli xanəndələr, muğam ustalarımızın valları da həmin studiyalar tərəfindən artıq yazılmağa başlayırdı. Məsələn, 1901-1902-ci illər Riqada bir sıra tanınmış xanəndə - C. Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İ. Abdullayevin qrammofon vallarının buraxılması, 1916-cı ildə Ü. Hacıbəyovun "Leyli və Məcnun" operasının vala yazılması kimi faktlar məlumdur. Bəlkə də elə bu cür faktların çoxalması, uzun bir müddətdən sonra həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Qrammofon Valları Evininin yaranmasına zəmin olub. Cünki milli musiqi xəzinəmizə, onun muxtəlif incilərinə yetirilən xüsusi diqqət, onların axtarılıb tapılması və çoxlu tirajlarla yazılıb yayılması kimi məqsədlər hələ atdığı ilk addımlardan bəri bu müəssisənin əsas fəaliyyət prinsipi kimi özünü büruzə verir. Azərbaycan Qrammofon Valları Evi 1975-ci ildən etibarən SSRİ Mədəniyyət Nazirliyinin 26 May 1975-ci il 332N-li və Ümumittifaq "Melodiya" qrammofon valları firmasının 29 May 1975-ci il 28N-li əmrinə əsasən fəaliyyət göstərməyə başlayıb. On beş il fəaliyyəti ərzində Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməyə və plana (repertuar və miqdar etibarilə) əsaslanaraq özünün "Şur" firma mağazasında valların, sonralar musiqi kassetlərinin buraxılışını, topdan və pərakəndə satışını həyata keçirib. Habelə digər ölkələr - Kuba (1976), Macarıstan (1978), Çexoslovakiya (1979), Hindistan (1984), Bolqarıstan (1986), Yuqoslaviyanın (1987) da qrammofon vallarının və musiqi kassetlərinin Azərbaycanda sərgi-satışını təşkil edib. 1988-ci ilin noyabr ayında isə Moskvada keçirilmiş səsyazma firmalarının I beynəlxalq sərgi-yarmarkasının iştirakçılarından, daha doğrusu təşəbbüskarlarından biri olub. Qrammofon Valları Evininin və şübhəsiz ki, onun bilavasitə ideya rəhbəri olmuş Mədəniyyət Nazirliyinin qarşısına qoyduğu və həyata keçirdiyi məsələlər müasir dövrümüzdə də öz mütərəqqiliyi və uzaqgörənliyi ilə fərqlənir. Onların böyük rolu xüsusilə Azərbaycan milli və professional bəstəkar musiqisinin inkişafında daha aydın nəzərə çarpır. Belə ki, milli musiqi nümunələrimiz: xalq mahnıları, rəqs havaları, aşıq musiqisi, muğamlarımızın bir çox hissəsinin vallara yazılması məhz Qrammofon Valları Evininin, onun bu cür çətin, qızğın iş prosesində bir çox, o cümlədən maliyyə problemlərini həll etmiş işçilərinin xidmətidir. Bundan əlavə, onlar məhz azərbaycan musiqisini dinləyicilərə təqdim edən disklərin 612-ni kataloqlaşdırıb. Valların repertuarları üzərində xüsusi dayanmağın zəruri və oxucularımız üçün maraqlı olduğunu zənn edirik. Musiqi növləri və janrları etibarilə geniş assortimentə malik olmasına baxmayaraq, azərbaycan milli və professional bəstəkar musiqisinə aid disklər üstünlük təşkil edir. Bunlardan birincisini daha diqqətlə nəzərdən keçirək. Burada milli musiqi xəzinəmizin muxtəlif sahələri, janrları təqdim edilib: muxtəlif alətlər tərəfindən çalınan rəqs havaları, təranələri (qarmonçu Z. Mirzəyev, A. İsrafilov, Y. Cabbarov, Q. Nəzərov, Z. Məmmədov; klarnetçi V. Mirzəyev, B. Bağırov; qaboyçu K. Cəlilov; nağaraçı Ç. Mehdiyev, qara zurnaçı M. Məmmədovun və başqalarının ifasında), aşıq musiqisi (muxtəlif aşıqların - Ə. Neftalıyev, R. Məmmədov, X. Məhərrəmovun və başqalarının diskləri; 1987-ci ildə aşıqlarımızın ifasında yazılmış "Koroğlu" dastanı; 1991-ci ildə buraxılmış "Azərbaycan aşıq havaları" 7 diskdən ibarət komplekt), muğamlar (muxtəlif çalğıçılar, xanəndələrin - Cabbar Qaryağdıoğlu, B. Mənsurov, T. Bakıxanov, A. Babayev, Y. Məmmədov, A. Qasımov, A. Abdullayev, T. Qasımov, H. Əliyev, Ə. Əhmədov, E. Bədəlov, K. Əhmədov, C. Əkbərov, Q. Quliyeva və başqalarının ifasında muğam və təsniflərimiz) . Professional bəstəkar musiqisinə aid disklər isə muxtəlif nəslə mənsub bəstəkarlarımız - Ü. Hacıbəyov, M. Maqomayev, Z. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, C. Hacıyev, S. Hacıbəyov, Niyazi, T. Quliyev, R. Hacıyev, R. Mustafayev, A. Əlizadə, X. Mirzəzadə, A. Məlikov, V. Adıgözəlov, A. Rzayev, S. Ələsgərov, A. Dadaşov, F. Qarayev, L. Vaynşteyn, E. Sabitoğlu, Ş. Axundova, A. Bəbirov və başqa bəstəkarların opera, simfoniyadan tutmuş mahnı, operetta, müzikllara qədər muxtəlif janrlardakı əsərlərini əhatə edir. Əhəmiyyətli bir hissəni azərbaycan musiqisinin qeyd olunmuş əsas sahələrinə aid bir çox ifaçıları, sənət ustalarına (Bülbül, H. Ərəblinski, C. Qaryağdıoğlu, X. Şuşinski, Niyazi, Ş. Məmmədova, R. Atakişiyev, Ş. Ələkbərova, F. və X. Qasımova bacıları; pianoçular F. Bədəlbəyli, A. Əliyeva, E. Zeynalova; skripkaçı A. Əliyev, A. Süleymanov; fleytist T. Hacıyev; Azərbaycan Dövlət Simfonik və kamera orkestrləri, Dövlət Kvarteti, Azərbaycan Xor cəmiyyətinin kamera-instrumental xoru və bir çoxlarına) həsr olunmuş vallar təşkil edir. Uşaq yaradıcılığı, onların estetik tərbiyəsi məqsədilə buraxılmış muxtəlif vallar da (məsələn: azərbaycan xalq nağılları; uşaq mahnıları; N.Əliverdibəyovun "Cırtdan" nağıl-operası; uşaq auditoriyası üçün nəzərdə tutulmuş məktəb tədris repertuarlarına daxil olan əsərlərdən ibarət "Dinlə və çal" və s. disklər) diqqət mərkəzindən yayınmır. Həmçinin respublikamızın, muxtəlif yazıçı və şairlərimizin (məsələn: S. Vurğun, M. İbrahimov, S. Rüstəmin) yubileyi münasibətilə buraxılmış "Azərbaycan yazıçılarının yaradıcılıq portretləri" seriyası; aktyorlar Ə.Ağayev, H.Bağırov, H. Turabovun ifasında C.Məmmədquluzadə və M.F.Axundovun məşhur yumoristik hekayələrindən ibarət disklərə də təsadüf olunur. Və əlbəttə ki, estrada (P. Bülbüloğlu, F. Kərimova, "Sevil" vokal - instrumental ansamblı, S.Sərxan, T. Vəlizadə, R. Behbudov adına Azərbaycan dövlət Mahnı teatrının diskləri) və caz (V. Mustafazadənin albomları) musiqisi də unudulmamışdır. Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığı da muxtəlif ifaçılar - Ş. Ələkbərova, Z. Xanlarova, İ.Quliyeva, F. Kərimova, E. Rəhimova, N. Məmmədova, Y.Rzazadənin vallarında geniş nümayiş etdirilib. Xüsusi olaraq bir faktı nəzərinizə çatdıraq: 1986-cı ildə xalq mahnısı sahəsində ən çox satılmış diskin ifaçısı kimi Zeynəb Xanlarovaya "Melodiya" Ümumittifaq qrammofon valları firmasının "Qızıl val"ı təqdim olunmuşdur və qeyd edək ki, həmin sahə üzrə bu mükafatı Rusiya və Ukraynadan sonra məhz Azərbaycan artisti almışdır. Sadaladığımız muxtəlif tematikalı bu disklərin bir qismi (1970-cı illərədək) "Melodiya" Ümumittifaq qrammofon valları firması, digər hissəsi (70-ci illərdən sonra) onun Gürcüstandakı filialı tərəfindən yazılıb. Ümumiyyətlə 70-90-cı illərin əvvəlinədək yazılmış disklərin çoxu məhz Tbilisi qrammofon yazı studiyasının sayəsində həyata keçirilib. O zamanlar, həmin studiyanın əməkdaşları ildə iki dəfə Bakıya gələr, indi Şəhriyar adına mədəniyyət mərkəzi adlandırılan klubda bir çox musiqiçi və aktyorlarımızın ifasında muxtəlif disklər yazardılar. Tbilisi qrammofon yazı studiyasının ən fəal əməkdaşlarından səs rejissoru Georq Qvişiani, onun köməkçisi Xaqani Məmmədov və mühəndis Valeri Şvetsovun adları çəkilməlidir. Disklərin annotasiya müəllifləri isə bizim bir çox musiqişünaslar - R. Zöhrabov, R. Fərhadova, Z. Qafarova, T. Məmmədov, A. Əmrahova, M.Şahbazbəyova və başqaları olub. Qrammofon Valları Evinin səmərəli fəaliyyətində vacib məqamlardan biri də Azərbaycan milli musiqisinin audio-video vasitələrlə təbliği, öyrədilməsi məqsədilə yaradılan ilk komplektli proyektlərin yayılmasıdır. Belə proyektlər hər hansı bir milli musiqi janrını təqdim edən kitablarla yanaşı onlardakı musiqi nümunələrini canlandıran səs yazıları, vallar və onlar barədə muxtəlif dillərdə məlumat verən annotasiyalardan ibarət komplektlərdən təşkil edilirdi. Buna misal kimi, 1988-ci ildə C. Qaryağdıoğlunun anadan olmasının 127-ci ildönümü münasibətilə keçirilmiş müsabiqəni səsləndirən iki vallı komplekt, 1991-ci ildə buraxılmış beş valdan ibarət "Azərbaycan dilini öyrənirik" (tərtib edənlər Y. Seyidov, T. Məmmədov, R. Cəfərova) yaxud həmin ildə musiqişünas T. Məmmədovun "Azərbaycan aşıqlarının ənənəvi havaları" kitabına musiqi əlavəsi kimi buraxılmış yeddi vallı "Azərbaycan aşıq havaları" silsiləsini göstərmək olar. Yeri gəlmişkən Qrammofon Valları Evinin fəaliyyətinə çox böyük köməklik göstərmiş, onun çətin anlarda taleyini həll edən direktoru Eyvaz Məmmədov, habelə o zamanlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bəzi məsul işçilərinin həlledici rolunu qeyd etməliyik. Xüsusilə Davud Qədimov, nazir Zakir Bağırov, onun müavinləri Teymur Əliyev, Məmməd Ziyadov, sonralar Tariyel Məmmədov, Polad Bülbüloğlunun adını çəkməliyik. Belə ki, azərbaycan milli musiqisini təqdim edən bir sıra disklərin yaranmasında, taleyində onların sözü bütün çətinliklərin qarşısını ala bilmişdir. 1990-cı illərdən başlayaraq evin fəaliyyəti zəifləyib və demək olar ki, dayanıbdır; əgər bir qism valların (məsələn: F. Qarayevin "Tristessa-I"; Ü. Hacıbəyov adına Dövlət Simfonik orkestr solistlərinin ifasında Ç. Ayvz, V. Lyutoslavski, S. Bussotti, F.Qarayevin əsərləri; həmçinin qeyd olunmuş komplektlərin), eyni zamanda Evin Almaniyanın "E" və Bakı maqnitofon kassetləri zavodu ilə birlikdə yaratdığı "Şur" müştərək müəssisəsində musiqi kassetlərinin buraxılışını nəzərə almasaq. Və müəssisənin gələcək planlarına daxil olan lazer disklərinin buraxılışı, habelə bir çox xanəndələrimiz - S. Şuşinski, İ. Abdullayev, Y.Kələntərli, M. Behbudovun Moskva arxivlərində qalıb köçürülməmiş yazılarının axtarılıb tapılması, yayılması kimi məsələlər artıq bir niyyət halını alaraq keçmişdə qalıb. Son olaraq bildirmək istəyirik ki, məqalənin yazılması müddətində Azərbaycan Qrammofon Valları Evinin direktoru Eyvaz Əli oğlu Məmmədov vəfat edib. "Musiqi dünyası" jurnalının bütün kollektivi və redaksiya heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.
|