Diskoqrafiya:        
Qohumluq


R. Hüseynov

ox adam bu diskin Azərbaycanın müstəqilliyinin daha bir göstəricisi olduğunu bilməyəcək. Amma Niyazi özü indi bir anlıq əbədi uyqusundan oyanıb Yalçın Adıgözəlovun onun xatirəsinə həsr etdiyi kompakt diski görsəydi, məhz həmin diskin hamıya görünməyən bir əlamətinə hər şeydən əvvəl sevinərdi.

O, birinci olmağı sevirdi.
Və bu disk də Birincidir.

Qəribədir ki, Yalçın da mənə o diskdən ilk dəfə söz açanda bütün başqa məziyyətləri bir qırağa qoyaraq həmin diskin Azərbaycan Tarixindəki Hirinciliyini təmin edən xırda bir əlamətdən iftixarla danışdı.

Və Yalçın Adıgözəlovun bu qürurlanmasında Niyazini gördüm.

Baxdım ki, Yalçın əsl mənada musiqimizdə Niyazinin davamıdır.

Yalnız istedadlı sənətilə deyil, həm də bir sıra insani keyfiyyətləriylə, xüsusiyyətləriylə.

Hər ikisinin yaxından tanımasaydım, əsillərinə-köklərinə dərindən bələd olmasaydım, deyərdim ki, qohumdurlar.

Deyərdim ki, Yalçını maestro Niyaziyə bu qədər oxşadan qandır, gendir.

Amma qohumluq məgər yalnız qana görə olurmu?

İstedadların, Allahın öz nurundan pay verdiyi adamların qohumluğu ən əvvəl məhz içərilərindəki İşığa görədir.

Artıq neçənci dəfədir ki, Rusiyanın P. İ. Çaykovski adına Böyük Dövlət Simfonik orkestrinin ifasında Yalçın Adıgözəlovun dirijorluğu ilə buraxılmış, Niyazinin xatirəsinə həsr edilmiş kompakt diskdəki musiqiləri dinləyirəm.

Hər dinləyişdə bir ayrı zövq alıram.

Danışmaya bilməzdim. Çünki, əvvələn həm Niyazi, həm Yalçın mənimçün əziz olan insanlardırlar. İkincisi də həmin disk Amerika Universitetində mənim rəhbərlik etdiyim Azərbaycanşünaslıq layihəsi çərçivəsində gerçəkləşmişdi.

2000-ci ilin astanasında bizimlə görüşə Ustadın daha bir salamı kimi gəlmiş həmin disk məni xəyalən bitən əsrin başlanğıcına qaytardı.

90 il əvvəl hər birimizin və bütün dünyanın həyatında ən həlledici vaxt kəsiklərindən olan XX yüzil təzəcə başlanırdı, o vaxt Avropada, Amerikada qrammafon valları yeni-yeni dəbə girirdi.

Və Azərbaycan xalq musiqisinin, muğamların mahir ifaçılarını, güclü xanəndə və sazəndələri vaxtaşırı dəvət edən "Ekstrafon", "Qrammafon", "Sport rekord" kimi səsyazma şirkətləri onların çılğınlarını, oxularını valların səs cığırlarında əbədiləşdirirdi.

İndi nadir, qiyməti sözlə çətin ifadə edilə biləcək həmin vallar musiqimizin dünəni ilə, bugünümüz arasında körpü yaradır.

XX yüzilin son onillərində səsləri, musiqiləri vaxtın daha uzaqlarına, həm də çox keyfiyyətlə çatdırmağa qadir kompakt disklər erası başlanıb, artıq Azərbaycan musiqisinin belə disklərə köçmüş zəngin bir kitabxanası-fonotekası yaranıb.

Və nə sevindiricidir ki, həmin sıraya XX əsrdə Azərbaycan musiqisini ən atəşin məhəbbətlə sevmiş, ən dərin qeyrətlərlə bu musiqinin təəssübünü çəkmiş, bu musiqinin dünyada bilinməsini və şöhrətini təmin etmiş maestro Niyazinin sənəti və xatirəsini canlandıran daha bir qiymətli disk əlavə olundu.

Kim idi maestro Niyazi?

Bu sualın ensiklopediyalarda, kitablarda, bizdə və xaricdə dərc edilmiş çox-çox yazılarda saysız cavabı var.

XX yüzildə, xüsusən, bitən əsrin ikinci yarısında Azərbaycanın rəmzlərindən biri olmuş maestro Niyazini hər kəs öz gördüyü kimi, şəxsiyyəti və sənətinə öz heyranlığı, öz sevgisi çərçivəsində təsvir etməyə çalışıb.

Maestro Niyazi şərəfli Hacıbəyovlar nəslinin XX əsrdəki son böyük elçisiydi.

Maestro Niyazi Azərbaycan musiqisindəki "qüdrətli dəstənin" - Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Soltan Hacıbəyov, Cahangir Cahangirov. . . sülaləsinin son mogikanlarından idi.

Maestro Niyazi Azərbaycanın XX əsr tarixindəki ən böyük dirijoru, bu sənəti Azərbaycan mühitində təsdiqləmiş, şöhrətlənmiş bir ustad idi.

Maestro Niyazi universal bilikləriylə, zəngin daxili aləmiylə, istedadlı bəstələriylə, qabil təşkilatçılığıyla canlı klassik idi, örnək idi, öndər idi.

Maestro Niyazi xüsusən əsrin son illərində, onun mənsub olduğu yaş nəslinin dəyərli təmsilçiləri bir-bir həyatdan gedəndən sonra musiqimizdə, mədəniyyətimizdə mayak, məhək daşı, səmt küləyi olan vacib bir şəxsiyyət idi və onun gedişiylə sənətimizdə, mühitimizdə heç vəchlə doldurula bilməyəcək çox dərin bir boşqluq yarandı.

Əsrin əvvəlində əl-ələ verib Azərbaycan sənətini, bütvlükdə xalqı dirçəltmək yolunda çalışan Zülfüqar, Üzeyir, Ceyhun Hacıbəyov qardaşlarının bögüyü Zülfüqarın oğlu Niyazinin alnına hələ dünyaya göz açdığı andan musiqiçi olmaq qismət idi.

Musiqi onun taleyi idi, çünki musiqi onun qanında, genində idi.

Çünki musiqi həyatı dərk etməyə başladığı andan, əslində, elə dünyanın səslərini eşitməyə başladığı ilk günlərdən onun yaşadığı evin, ailənin, mühitin ayrılmaz parçasıydı.

Amma Niyazi uşaqkən hərbçi olmağa hazırlaşırdı, kadet məktəbində dərs alırdı.

Hərbçi olmadı.

Amma Niyazi gəncliyində idmançı olmağı arxzulayırdı, ağırlıq qaldırma ilə məşğul idi, hətta ağırlıqqaldırma üzrə "Dinamo" cəmiyyətinin birinciliklərində dəfələrlə Azərbaycan rekordsmeni çıxmışdı. Yaxşı futbol hakimliyi vardı, təyyarə idmanına maraq göstərirdi.

Amma Niyazi həyatını idmanla da bağlamadı.

Niyazi musiqiçi oldu.

Musiqiçi oldu, amma ən güclü bir ağır atlet kimi Azərbaycan musiqisinin ağırlığını başı üzərinə qaldırdı, onillərlə musiqimizin sanbalını ləyaqətlə daşıdı.

Bir hərbçi qətiyyəti və zabitəsi ilə musiqimizin saflığını qorudu, bir adil, hər şeyi görən, eşidən hakim dəqiqliyi ilə başçılıq etdiyi orkestrləri saat kimi sərrast idarə etdi.

Bir mahir təyyarəçi kimi Azərbaycan musiqisini, Azərbaycan dühasının şöhrətini sovet dönəmində, hələ sərhədlərin qapalı vaxtlarında dünya üfüqlərinə uçurdu, ad-sanımızı aləmə qanadlandırdı.

Və bütün etdiklərinin müqabilində ən böyük qazancı bu oldu ki, bütün xalq onu bircə kəlmə sözlə tanıdı, nişan verdi: MAESTRO!

Azərbaycanın ilk dirijoru böyük yazıçımız Əbdürrəhim bəy haqverdiyev olmuşdu.

1908-ci ilin yanvarında Şərqin və Azərbaycanın ilk milli operası "Leyli və Məcnun" səhnəyə gələndə bu sənət incisinin 23 yaşlı yaradıcısı Üzeyir Hacıbəyov özü orkestrdə skripka çalırdı. Əbdürrəhim bəy dirijor idi.

Niyaziyə qədər Azərbaycanda nə dirijor sənətinin böyük şöhrəti olub, nə də şöhrətli dirjorlarımız.

Niyazi özü həmişə əmisi Üzeyir bəyin silahdaşı Müslüm Maqomayevə rəğbətlərindən, onun öz əsərlərinə dirijorluq etməsini gördükcə bu sənətə bağlanmasından danışırdı.

Və Niyazi ilk sevilən dirijorumuz oldu.

Yaxşı nümunəni o yaratdı.

Bu yolun əlifbasını, ilk əyani dərsliyini şəxsi nümunəsiylə o doğurdu.

Dünyada ən çətin şey də ilk olmaq, yolu açmaqdır, sonra o yolla irəliləməyə, zirvələr fəth etməyə nə var ki!

Yeni-yeni dirijorlarımız yaranırdı, lakin incə musiqi duyumu, yüksək artistizm, orkestrdəki hər musiqi alətini eşidə bilməsi, hər musiqiçini öz iradəsi altında saxlamaq gücü ilə Niyazi ötülməz idi, daimi birinciydi.

Ən məşhur bəstəkarlarımız bütün yeni əsərlərini Niyazinin ifasında səslənməsini istəyirdilər.

Çünki Niyazinin yozumunda həmin əsərlər mütləq yeni gözəlliklər, yeni cazibə qazanırdı.

Bu gün universitetlər, özəl təhssil ocaqları yaratmaq bir dəb olub və onların sayı Azərbaycanda bəlkə qədərindən çoxdur.

30-40 il əvvəl ayrı-ayrı adamların universitet yaratmağı bizlərdə mümkünsüz bir iş olduğu zamanlarda isə maestro Niyazi universitet yaradan şəxs idi və bu universitet onun qonaqlı-qaralı mənziliydi.

Azərbaycanın, Sovet İttifaqının, dünyanın ən məşhur sənətçiləri lap tez-tez Niyazinin mehriban, səxavətli mənzilinə, onun həmişə açıq süfrəsinin ətrafına toplaşardılar.

Və o evə yaxın yeniyetmələr, cavanlar üçün bu məşhur insanları, bu mədəniyyət, elm ulduzlarını yaxından görmək, onların söhbətlərini eşitmək, sənət məsələləri barədə düşüncələrini dinləmək, mübahisələrinə qulaq asmaq əsl universitet idi və Niyazi mənzilindəki bu universitet başqa universitetlərin ya heç verə bilməyəcəyini, ya da aylar ərzində verə biləcəyi bilikləri bir neçə saat ərzində silinməz, pozulmaz şəkildə yaddaşa həkk edirdi.

Gerçək universitetini məhz Niyazinin evində keçmiş neçə-neçə insanlar bu gün Azərbaycan mədəniyyətinin, sənətinin, elminin aparıcıları sıramsındadırlar, onlardan neçəsi də bu gün bu zalda əyləşib və mən də Dövlət Universitetindən öncə özümü o darülfünün - Niyazi universitetinin məzunu sayıram.

Niyazi bilavasitə auditoriyalarda dərs demədi, müəllimlik etmədi, amma o, böyük bir məktəb idi.

Onun orkestrdəki hər məşqi bir dərs idi, onun hər konserti bir dərs idi.

Və bu gün neçə müğənnimiz, bəstəkarımız, dirijorumuz Niyazini özünün müəllimi sayır və çox əsaslı, haqlı olaraq belə hesab edir.

Məhz Niyazinin, cazibəli, güclü şəxsiyyətinin, ali sənətinin təsiri ilə neçə istedadlı cavan 50-60-70-80-cı illərdə dirijor olmağı qət etdi.

30-cu illərdə fəaliyyətə başlamış Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Çingiz Hacıbəyov kimi dirijorların sırasına Nazim Rzayev, Kazım Əliverdibəyov, Rauf Abdullayev, Ramiz Məlikaslanov kimi istedadlı sənətçilər qoşuldular, onlar musiqimizdə Niyazi yolunun ləyaqətli davamçıları oldular.

Və bu sırada Yalçın Adıgözəlovun yeri ayrıcadır, seçiləndir.

Yalçın Adıgözəlovu da dirijorluq sənətinə bağlayan Niyazinin parlaq obrazı olub - bu Yalçının öz etirafıdır.

Yalçının babası Zülfü Adıgözəlov XX yüzildə Azərbaycan muğamının ən kamil ifaçılarından idi.

Əslən Qarabağdan olan bu əvəzsiz xanəndə lap cavan çağlarından Bakıya gəldi, muğama xüsusi rəğbətləri ilə seçilən abşeronluların ürəklərini fəth etdi, Abşeronun və bütün Azərbaycanın istəklisinə çevrildi, muğam sənətimizdə yeni bir yol açdı. Zülfü Adıgözəlov bütün varlığıyla xalq musiqisiylə bağlı olsa da 2 oğlunun - Vasifin və Raufun Avropa musiqisinin sirlərinə yiyələnməsini arzulayırmış, "xalq musiqisi, muğamlar onsuz da onların canındadır" deyirmiş və oğlanlarından birini skripka, digərini fortepiano sinfinə qoyubmuş.

Vasif Adıgözəlov Azərbaycanın tanınmış bəstəkarı oldu, Rauf Adıgözəlov tanınmış skripkaçısı və müğənnisi.

Və Vasif Adıgözəlovun oğlu Yalçın sanki babasının sənətimizdə Şərq-Qərb vəhdətini görmək, dünya musiqisinin daha əngin fəzalarına dikəlmək arzularına əməl edərək dirijorluğu seçdi, sənətimizi, musiqimizi, istedadımızı dünyaya tanıtmağın və dünyada təsdiqləməyin bu yolu ilə getdi.

Artıq Azərbaycandan çox-çox uzanqlarda hörmət bəslənən, etiraf edilən Yalçın Adıgözəlov Azərbaycan dirijorluq sənətinin şöhrətini yeni yüksəkliklərə qaldırıb, Niyazi məktəbinin ən yaxşı təmsilçilərindən biri olduğunu sübut edib və bunun daha bir təsdiqi Yalçının dirijorluğu ilə P. Çaykovski adına Rusiya Böyük Simfonik orkestrinin ifasında yazılmış, bayramına toplaşdığımız yeni diskdir.

Niyazi 51 il qoşa olduğu Həcər xanımla son dərəcə dolu, saysız-hesabsız seriyaları olan maraqlı bir filmə bənzəyən ömür yaşadı.

Niyazini tanıyan, o evə, o ailəyə bələd olan hər kəs maestrolu günləri anarkən istər-istəməz yaddaşında yüzlərlə təsirli, hərdən kövrək, bəzən həzin, çox zamansa şaqraq gülüşlərlə, zarafatlarla, şuxluqla ləbələb an canlanır.

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli ilk gənclik illərindən Niyazigillə çox yaxın dost olmuşdular.

Niyaziylə Rəsul Rza nə qədər mehriban, qılıqlı insanlar idilərsə də yeri düşəndə çox sərt idilər, elə sözləri olurdu ki, heç bir batman şəkərlə də yemək mümkün deyildi.

həm ərinin, həm Rəsul Rzanın bu xasiyyətinə də yaxşı bələd olan Həcər xanım bir axşam maestrodan soruşur ki, Rəsulla aranız dəyməyib? Məni küçədə gördü ağızucu, elə yüngülcə başını tərpətməklə salam verib keçdi.

Niyazi həcər xanımın bu gileyini şairə çatdırır, o da and-aman edir ki, vallah görməmişəm, ya da ola bilsin fikirliyəmmiş, heç Həcər xanımla qarşılaşmağımdan xəbərim olmayıb.

Bir neçə gün keçir. Təsadüfən şəhərin ən gur yerlərindən birində Həcər xanımı gendən görən Rəsul Rza dərhal dayanır, küçənin o tayından ikiqat əyilib təzim edir, gendən baxan, şairi tanıyanların hamısı hörmətlə ayaq saxlayır və Rəsul Rza başını qaldırır, gülə-gülə: "hə necədi, Həcər xanım, bu salamımı bəyəndin?".

XX yüzildə, ikinci minillikdə Azərbaycan sənətinin ən parlaq zirvələrindən olan maestro Niyazi, xatirəsinə həsr olunmuş, həmişəcavan sənətini yaşadan yeni diskiylə bir daha görüşümüzə gəldi.

Bu diskdə Niyazinin "Rast"ı var, daim sevə-sevə çaldığı, əksər konsertlərinə daxil etdiyi Vaqnerin "Tristan və İzolda"sından, Çaykovskinin "Romeo və Cülyetta"sından fraqmentlər var.

Bir zamanlar - ömrün xoşbəxt, sağalmaz acıların və itkilərin hələ çox uzaqda olduğu günlərdə Rəsul Rzanın Niyazi ailəsinə, Niyazi sənəti və şəxsiyyətinə ehtiramının əlaməti olaraq təzim etdiyi kimi indi - minilliklər ayrıcında böyük Nizaminin ruhu qarşısında baş əyir, unudulmaz maestroya, onun böyük sənətinə, gələn minilliyə gedən irsinə "salam olsun!" deyirəm.

Çünki o disk Niyazinin bizə daha bir salamıdır.

O salamı cavabsız qoymaq olmaz!

Həmin Niyazi salamını bizə Yalçın Adıgözəlov çatdırıb.

Niyazinin Qohumu, Övladı, Davamı Yalçın.

Niyazilərin başladığı yolları Yalçınlar davam etdirməsəydi Azərbaycan sənəti minilləri adlayıb bunca ucalığa çatardımı?

P.S. Ştrix kod deyilən bir əlamət var.

Xaricdə istehsal edilmiş malların hansına baxsanız, qiymət göstəricisi olan həmin qara cizgilərə rast gələcəksiniz.

Yalçının diskində də həmin cizgilər var.

Və iş ondadır ki, bu Azərbaycanın məhsulu sayılan ilk örnəkdir ki, üzərində ştrix kod var.

Zahirən bəlkə də adi şeydir-sadəcə, qiymət göstəricisi.

Lakin kim deyər ki, Azərbaycanın milli poçt markası adidir, kim deyər ki, Azərbaycan milli manatı adidir, kim deyər ki, Azərbaycanın bayrağı, himni, fəxri nişanları. . . adidir?!

Bunların hər biri dünyada məmləkətimizin, müstəqil dövlətimizin rəmzi kimi tanınır.

Ştrix kod da bütün adiliyinə baxmayaraq əslində böyük bir mənanın daşıyıcısı - müstəqilliyimizin bəliridir.

Ona görə Yalçın Adıgözəlov ustadının, sevimlisinin - Niyazinin xatirəsinə həsr etdiyi diskin üzərindəki bu xırdaca cizgiyə belə qürurlanırdı.

Niyazi də sevinərdi. . .

Axı onların - Niyaziylə Yalçının Tanrı bağışlayan istedad kodları çox bənzərdir. . .