Ustadlarimizin xatirəsinə:        
Bəstəkarlar ustadı  

N. Abdullayeva  
 

əstəkar Midhət Əhmədovun adı, müasirləri olan Q.Qarayev, C.Hacıyev, F.Əmirov kimi, Azərbaycan musiqisini dünya miqyasına çıxaran bəstəkarlar tək məşhur olmasa da, milli bəstəkarlıq məktəbimizin inkişafında onun əvəzsiz rolu danılmazdır. O, yaşlı nəsil Azərbaycan bəstəkarlarının istedadlı nümayəndələrindən biri idi. M.Əhmədov çoxsaylı simfonik, kamera-intrumental, vokal, xor üçün əsərlərin müəllifidir. Onun simfonik orkestr üçün "Cəngi"si, "Bəhram Gur" simfonik poeması, violonçel konserti musiqi xəzinəsinin qiymətli inciləri sırasındadır. M.Əhmə-dovun yaradıcılığı Azər-baycan musiqi incəsənə-tində uşaqlar üçün yazılmış əsərlərin miqdarına, janr müxtəlifliyinə və rəngarəngliyinə görə xüsusi vacib yer tutur. "Şəngülüm-Məngülüm" nağılı əsasında süita, çox sayda mahnılar, pyeslər - uşaqlar üçün yazıb-yaradan sələfləri üçün böyük bir məktəbdir. Yaradıcılığında müxtəlif janrlara müraciət edən bəstəkar, həmçinin musiqiçi-ictimai xadim və istedadlı pedaqoq kimi də öz sözünü deyə bilmiş, Azərbaycan musiqi mədə-niyyəti tarixində özünə-məxsus yer tutmuşdur.

1914-cü ildə Bakıda neftçi - mühəndis ailəsində dünyaya gələn M.Əhmədov orta məktəbi bitirdikdən sonra işçi fakültəyə, - kontrabas sinfinə daxil olur. O illər Azərbaycanda milli musiqiçi kadrların yetişdirilməsi məsələsi aktual idi və elə bu məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada (Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyən (həmçinin D.Şestakoviçin dərslərində də könüllü iştirak edən) M.Əhmədov çox sonralar, Bakıda o illərin təəssüratını, dahi müəllimlərindən öyrəndiklərini, onlarla ünsiyyətdən qazandığı dəyərli anları öz tələbələri ilə bölüşəcək. Yeri gəlmişkən qeyd etməliyəm ki, M.O.Şteynberq Rimski-Korsakov məktəbinin görkəmli nümayəndələrindən biri olması ilə yanaşı, rus bəstəkarlarının böyük bir qisminin, o cümlədən D.Şostakoviçin də müəllimi olmuşdur. M.Əhmədovun ilk əsərləri də elə burada, Leninqradda yaranır. Bunlar kamera, vokal janrda yazılmış kiçik həcmli əsərlər idi.

İkinci Dünya Müharibəsi M.Əhmədovu təhsilini yarımçıq qoyub Bakıya dönməyə məcbur etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov genişmiqyaslı işlər aparır.

Bu 10 il ərzində (41-50) bəstəkarın gözəl simfonik əsərləri yaranır. Onlardan "Qəhrəmanlıq uvertürası", "Bəhram Gur" simfonik poeması, "Bakı komissarları"na həsr olunmuş simfoniya və s. əsərlər müəllifin gözəl janr ustası olduğunu sübut edir. Lakin bu, M.Əhmə-dov yaradıcılığının yalnız bir istiqaməti idi. 50-ci illərdən başlayaraq onun yaradıcılığında simfonik musiqi ilə yanaşı, yeni bir şaxə əmələ gəlir. Bu da uşaqlar üçün yazılmış müxtəlif əsərlərdir. Bir-birinin ardınca fortepiano konserti, pyeslər, müxtəlif müəllif-lərin mətninə yazılmış ayrı-ayrı mahnılar və mahnı məcmuələri yaranır. Ümumiyyətlə, M.Əhmə-dov yaradıcılığının bu yönü haqqında geniş söhbət açmaq olar.

Uşaq yaradıcılığına müraciət edən bəstəkarlar az deyil. Lakin ilk baxışdan sadə görünən bu janrda dəyərli əsərlər yazmaq heç də hər kəsə nəsib olmur. Çünki əslində bu janr bəstəkardan, yüksək peşəkarlıqla yanaşı, sadə nitq ilə dolğun söyləmə, uşaqların anladıqları, danışdıqları dildə danışmaq məharəti tələb edir. Uzun müddət konservatoriyanın nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbində "Uşaq yaradıcılığı" sinfini aparan M.Əhmədov bu sahədə yaranmış gözəl əsərlərin müəllifliyi ilə yanaşı, yetişməkdə olan gənc bəstəkarlarda da bu janra böyük maraq oyada bilmişdir. Onun yetirmələri olan İ.Məmmədov, L.Vaynşteyn və bir çox başqa bəstəkarlar uşaq yaradıcılığı sahəsində yazılmış maraqlı əsərlərin müəllifləridir.

Milli musiqi mədəniyyətimizdə M.Əhmədovun ən böyük əməyi isə onun Azərbaycan bəstəkarlarının böyük bir nəslini yetişdirməsindədir.

İstər konservatoriya nəzdində 10 illik orta ixtisas musiqi məktəbində, istərsə də musiqi texnikumunda dərs dediyi müddətdə M.Əhmədov böyük sayda istedadlı gəncləri və yeniyetmələri aşkar etmiş, onların gələcəkdə bəstəkar kimi yetişməsində böyük rol oynamışdır. Bu gənclərdən bir çoxlarının gələcəkdə məhz bəstəkarlıq ixtisasını seçməsinə M.Əhmədov bais olmuş, ilk xeyir-duanı M.Əhmədov vermişdir.

Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Yusif Səmədoğlu, Elmira Paşayeva, Araz Dadaşzadə, Aqşin Əlizadə, Oleq Felzer, Nəriman Məmmədov, Əziz Əzizov, Leonid Vaynşteyn, Oqtay Kazımov, Azad Ozan Kərimli və 30-a yaxın digər bəstəkar M.Əhmədov məktəbinin yetirmələridirlər.

Azərbaycan Dövlət Konservatoriyasında M.Əhmədov əsasən alətşünaslıq fənnini aparırdı. Gözəl partitura ustası olan bəstəkar alətşünaslığın incəliklərini orkestr çalarlarının sirlərini yetişməkdə olan gənc musiqiçilərə sevə-sevə öyrətmişdir.

Onun təkcə musiqiçilər arasında deyil, ümumiyyətlə insanlar arasında az rast gəlinən bütün alətləri ayrı-ayrılıqda səsləndirmək istedadı var idi.

Avropa, rus musiqi incəsənətinin zəngin ənənələrini mükəmməl bilən M.Əhmədov eyni zamanda müasir musiqi üslublarının geniş təbliğatçısı olmuşdur. O, musiqidə mövcud olan yazı texnikasını tələbələrinə dərindən öyrədirdi. Lakin bəstəkar bununla kifayətlənmir, onları musiqi bəstələnməsi sahəsində meydana çıxan hər bir yeniliklə yaxından tanış edirdi. Proqressiv insan - M.Əhmədov böyük uzaqgörənliklə tələbələrini daima yenilik axtarışlarına sövq edir, onlardan qarşıya çıxan sualların qeyri-adi, ənənəvi olmayan üsullarla cavablandırılmasını, maraqlı həlli yollarının tapılmasını tələb edirdi.

M.Əhmədovun qazandığı bir çox dövlət mükafatları sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı onlardan bəlkə də ən qiymətlisidir. Çünki hər bir istedadlı yaradıcı şəxs, incəsənətin hansı sahəsində çalışmasından asılı olmayaraq, öz sənəti ilə sələfləri üçün nümunə, pərəstiş obyekti ola bilər. Yalnız çox nadir hallarda əsil sənətkar peşəkar müəllimə, ustada çevrilir. M.Əhmədov da o nadir sənətkarlardandır ki, ona bu şərəfi yaşamaq nəsib olmuşdur.

Bu gün Azərbaycan musiqisini dünyanın ən mötəbər salonlarında səsləndirən müasir bəstəkarlarımızın yaradıcılığı ilə öyünməyimizdə biz görkəmli pedaqoq, istedadlı bəstəkar, səmimi və xeyirxah insan - M.Əhmədova borcluyuq. Lakin çox yazıqlar olsun ki, belə gözəl insanın nə xatirə lövhəsi var, nə də heç olmasa, Bakıdakı musiqi məktəblərindən biri onun adını daşımaq şərəfinə layiq görülməyib. Lakin buna baxmayaraq, ustadın Əziz xatirəsi Azərbaycan musiqisevərlərinin qəlbində əbədi olaraq yaşayacaqdır.