Yeniliklərimiz:        
Azərbaycanda yeni      
«Milli məvətiyyət cəmiyyəti yaranıb»


S. Axundzadə
 

998-ci ilin oktyabrında respublikamızda yeni bir cəmiyyət - Azərbaycan Milli Mədəniyyət Cəmiyyəti yaradılmışdır. Ona respublikanın xalq artisti, BMA-nın professoru, dünya şöhrətli tarzən Ramiz Quliyev rəhbərlik edir. Bu böyük sənətkarın təqdimata ehtiyacı yoxdur. Təkcə onu deyə bilərik ki, R.Quliyevin adı Q.Pirimov, B.Mənsurov kimi ustadların adı ilə yanaşı çəkilir. Ramiz müəllimin əsas xidməti ondan ibarətdir ki, o, ulu tanrımızı dünyada tanıtdırmış və Qərb musiqi alətləri ilə bir səviyyəyə qaldıra bilmişdir.

Biz R.Quliyevlə görüşüb cəmiyyətin fəaliyyəti barədə ona bir neçə sualla müraciət etdik.

-Ramiz müəllim, Azərbaycan Milli Mədəniyyət Cəmiyyətini yaratmaq fikri nə vaxt və hansı zərurətdən meydana gəlib?

-Bilirsiniz ki, müasir dövrümüzdə bütün inkişaf etmiş ölkələrdə ictimai cəmiyyətlər böyük əhəmiyyət kəsb edir, onların fəaliyyətinə geniş meydan açılır. Ona görə biz də elə bir cəmiyyət yaratmağa çalışmışıq ki, o, respublikada keçirilməsi vacib olan bir çox tədbirlərdə yaxından iştirak etsin. Onun imkanlarından istifadə edərək respublikamızın son illərdə əldə olunan müstəqilliyini mədəniyyət sahəsində möhkəmləndirməyə çalışırıq.

1998-ci il sentyabrın 11-də AMMC-nin təsis konfransı keçirildi. Burada mən cəmiyyətin yaranmasının təşəbbüsçüsü kimi gələcək məqsəd və məramımız haqda konfrans iştirakçılarına ətraflı məlumat verdim. Konfransda AMMC-nin təsisçiləri olan Azərbaycan respublikasının xalq artisti, bəstəkar, professor A.Rzayev, R.Mustafayev adına İncəsənət Muzeyinin direktoru, professor, xalq rəssamı İ.Zeynalov, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, professor R.Abdullayev, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətov da iştirak edirdilər. Burada təcrübəmi nəzərə alaraq, idarə heyəti və konfrans iştirakçıları etimad göstərib məni cəmiyyətin ilk sədri seçdilər, Biz tez bir zamanda sənədləri hazırladıq. Artıq 1998-ci il oktyabrın 21-də respublikanın Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçdik. Hal-hazırda cəmiyyətin 15 minə qədər üzvü var.

-Əgər mümkündürsə, cəmiyyətin əsas məqsəd və vəzifələri haqqında oxucularımıza məlumat verin.

-Azərbaycan milli mədəniyyətinin inkişaf konsepsiyasına yardım bizim əsas məqsədimizdir. Buraya indiyə qədər Azərbaycan mədəniyyətində əldə olunmuş bütün nailiyyətləri göz bəbəyi kimi qoruyub saxlamaq və inkişaf etdirmək kimi məsələlər daxildir. Bununla yanaşı, bizim qarşımızda müasir dövrdə başımıza gəlmiş bəlalardan doğan problemlərin həllində, yəni məcburi köçkünlərin və qaçqınların həyatının qismən də olsa yüngülləşdirilməsində yaxından iştirak etmək, cəmiyyətin imkanlarından istifadə edib onlara müəyyən sahələrdə yardımçı olmaq kimi mühüm vəzifələr də durur.

-Artıq bir ildir ki, sizin cəmiyyət fəaliyyət göstərir. Bu müddət ərzində gördüyünüz işlər haqqında daha müfəssəl danışmağınızı xahiş edirik.

-Ötən il biz Azərbaycan İncəsənət Muzeyində T.İsmayılov adına Gənclər Sarayının istedadlı gənc rəssamlarının sərgisini keçirdik. Orada biz 28 nəfər fərqlənən rəssamın işini mükafatlandırdıq. Bundan əlavə, 2 nəfər gənc rəssama təqaüd təyin edildi. Ümumiyyətlə, sərgi çox yüksək səviyyədə keçdi.

Qaçqınlara yardım sahəsində də xeyli iş görmüşük. Məsələn, Ağdamın Biləcəridə yerləşən Xan Şuşinski adına rayonlararası muğam məktəbinə bir piano bağışlamışıq, dərsliklər vermişik. Bundan başqa, bizim cəmiyyətə üzv yazılan təşkilatlara, yəni Füzuli, Cəbrayıl, Laçın, Ağdam, Şuşa, Şəki, Mingəçevir, Bərdə, Tərtər, Sumqayıt və Gəncənin incəsənət və mədəniyyətlə əlaqəsi olan bütün təşkilatlarına imkanımız daxilində yardım etmişik. Hal-hazırda cəmiyyətimiz öz təqaüdü hesabına 50-yə qədər şəhid ailəsinə hər ay 30 min manat məbləğində yardım göstərir. Təxminən bir ay bundan əvvəl Bərdə və Tərtər rayonlarında olduq. Bərdədə yerləşən türk "Qızıl ay" çadır şəhərciyinə getdik. Burada əsasən Ağdam qaçqınları yerləşib. Onlara iki tar, bir kamança hədiyyə etdik. Tərtər rayonunda da qaçqınlarla görüşdük, onların dərdi-səri ilə yaxından tanış olduq. Qaçqın ailələrinə külli miqdarda dərsliklər bağışladıq.

-Cəmiyyətin beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz? Bu vaxta qədər hansı xarici ölkələrlə mədəni əlaqələr yaratmağa müvəffəq olmusunuz?

-Bir il ərzində biz bir sıra xarici ölkələrlə sıx mədəni əlaqələr yarada bilmişik. Məsələn, Türkiyənin İstambul, İzmir, Ankara, ABŞ-ın Çikaqo, İsrailin Tel-Əviv, Almaniyanın Berlin və Dortmund şəhərlərində AMMC-nin şöbələri təşkil olunub.

Bu yaxınlarda isə mən beynəlxalq musiqi festivalında iştirak etmək üçün İsveçrəyə dəvət almışdım. Orada olduğum zaman mən cəmiyyətimizin fəaliyyəti haqqında İsveçrədə yaşayan soydaşlarımıza məlumat verdim. Onlar bununla çox maraqlandılar və tez bir zamanda Bern şəhərində bu cəmiyyətin daha bir şöbəsi yaradıldı. Bir də bizim üçün şöbələrin sayı deyil, onların fəaliyyəti daha vacibdir. Əlbəttə, digər ölkələrdə də cəmiyyətimizin şöbələrini yaratmaq fikrimiz var. Zənnimcə, Azərbaycan xalqının incəsənətini, mədəniyyətini özünə doğma bilən, onu sevən bütün insanlar yaşadığı yerdən asılı olmayaraq bu işə cəlb olunmalıdırlar.

-Gənc istedadlarımızın xarici ölkələrdə tanıtdırılması ilə necə, məşğul olursunuzmu?

-Bunlar hamısı imkanlardan asılıdır. Bu yaxınlarda Türkiyənin İzmir şəhərindən Ege Universitetinin nəzdində yerləşən Konservatoriyanın rektoru Əliheydər Bayat bəy Bakıya gəlmişdi. Burada o, BMA-nın rektoru, hörmətli professor F.Bədəlbəyli ilə görüşdü. Onlar Azərbaycan və Türkiyə arasında sənət mübadiləsi haqda saziş imzaladılar. Bu sazişdə hər iki ölkənin gənc musiqiçilərinin birgə keçiriləcək mədəni tədbirlərdə iştirakı nəzərdə tutulub. Bundan başqa, bizim məşhur sənətkarlarımıza, təcrübəli müəllimlərimizə orada "Ustad sinfi" keçirmək imkanı yaradılacaq. Milli Mədəniyyət Cəmiyyəti də bu işdə yaxından iştirak edir və öz köməyini əsirgəmir. Ümumiyyətlə, bizim cəmiyyət mədəniyyətimizin inkişafı naminə respublikada mövcud olan bütün ictimai və dövlət təşkilatları ilə birgə çalışmağa hazırdır.

-Mədəniyyətimizin bu günü və gələcəyi haqda nə düşünürsünüz?

-Ölkədə mövcud olan vəziyyətlə, yəni müharibə və iqtisadi çətinliklərlə əlaqədar olaraq istedadlı uşaqlarımızın əksəriyyəti pərən-pərən düşüb, sənətdən uzaqlaşıblar. Çörək pulu qazanmaq üçün başqa-başqa sahələr, məsələn, ticarətə, alverə meyl edirlər. Qaçqın və məcburi köçkünlərin arasında da gözəl qabiliyyəti olan uşaqlar var. Amma onlar da imkansızlığın qurbanı olublar. Bu cür vəziyyət məni bir vətəndaş və müəllim kimi çox narahat edir. İndiki şəraitdə mədəniyyətimizdə qalan gəncləri mən fanatik adlandırardım.

-Hər hansı bir təşkilat yaradılan zaman qarşıya çıxan ilk problem bu təşkilatın maddi təminat məsələsi olur. Siz bu kimi problemləri necə həll edirsiniz?

-Çox təəssüf ki, daimi sponsorumuz yoxdur. Biz fəaliyyətimizi əsasən üzvlük haqları hesabına qururuq. Eyni zamanda mən müəyyən idarələrə üz tuturam, bəzi imkanlı adamlara müraciət edirəm. Bundan əlavə, özümüz xeyriyyə gecələri keçiririk. İndiyə qədər bir neçə xeyriyyə gecəsi keçirmişik. Orada əldə olunan vəsait cəmiyyətin görəcəyi işlər üçün sərf olunur. Bu yaxınlarda da Respublika Sarayında oğlum Əyyubla Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə qaçqın və məcburi köçkünlərin indiki problemlərinin həllinə kömək etmək üçün bir xeyriyyə konserti keçirmək fikrindəyəm. Ancaq yaxşı olardı ki, elə bu müsahibənizdə mənim imkanlı adamlara müraciətimi dərc edəsiniz. Qoy sənətini, xalqını, vətənini sevən və onun gələcəyini düşünən şəxslər bizim cəmiyyətə yardım etsinlər. Unutmasınlar ki, mədəniyyətimizin inkişafı naminə görülən işlər onların balalarının gələcəyi üçün də nəzərdə tutulub.

-Ramiz müəllim, Sizin bir ifaçı kimi son nailiyyətlərinizdən danışmasaq, yəqin ki, müsahibəmiz oxucuları tam qane etməz...

-Bir ay bundan əvvəl İsveçrədə festival keçirilirdi. Bu festivalda son zamanlar dünya miqyasında incəsənətin bütün sahələrində əldə olunan gözəl nailiyyətlər nümayiş etdirilir, böyük musiqiçilər, dirijorlar və orkestrlər təqdim olunur. Bu dəfə Azərbaycandan bizim istedadlı bəstəkarımız, dünyanın bir sıra ölkələrində, tanınan və sevilən Firəngiz Əlizadənin 8 əsəri ifa olunurdu. Onlardan ikisinin solisti mən idim. Firəngiz xanımın əsərlərini İsveçrənin Strembellata orkestri müşayiət edirdi, dirijor və qalan solistlər də İsveçrədən idi. Festival böyük müvəffəqiyyətlə keçdi. Burada Azərbaycan musiqisinə həsr olunmuş mətbuat konfransı keçirildi. Firəngiz xanım və mən Azərbaycan bəstəkarlarının bu gün gördüyü işlərdən, gələcək planlarından söhbət açdıq. Bundan sonra bütün gün ərzində Azərbaycan musiqisi səsləndi. Konsertlər çox yüksək səviyyədə təşkil olunmuşdu. Bizim musiqinin dinləyiciləri həddindən artıq çox idi. Onu da qeyd edim ki, Firəngiz xanımın yaradıcılığına, əsərlərinə İsveçrədə böyük maraq var idi. Bu konsertlərdə mən Firəngiz xanımın "İlğım", "Dialoq", bir də N.Hikmətin sözlərinə xor, orkestr, tar və tenor üçün yazılmış əsərini ifa etdim. Çox böyük uğur qazandıq. Ümumiyyətlə, mən həmişə harada səslənməsindən asılı olmayaraq Azərbaycan musiqisinin böyük maraq və alqışlarla qarşılanmasının şahidi olmuşam və bununla fəxr edirəm.

-Yaxın gələcəkdə görəcəyiniz işlər haqda nə deyə bilərsiniz?

-Planlarımız çoxdur. Əvvəla, yeni əsərlər ifa edib Azərbaycan dinləyicilərinə çatdırmaq istəyirəm. Bundan başqa, oğlum Əyyubla birlikdə bir sıra xarici ölkəyə dəvət almışıq. Sonra cəmiyyətimizin həyata keçirəcəyi bir sıra tədbirlər var. Belə ki, musiqi üzrə Ü.Hacıbəyovun, rəssamlıqda S.Bəhlulzadənin, teatr üzrə Ə.Ələkbərovun və digər sənətkarların adı ilə bağlı bir müsabiqə keçirmək arzusundayıq. Bu cür müsabiqələr hər sahədə istedadların üzə çıxarılması, onların fəaliyyətinə yardım məqsədi ilə nəzərdə tutulub. Gələn il bəzi rayonların teatr truppalarının Bakıya gəlişini təşkil etmək istəyirik. Çünki getdiyimiz yerlərdə giley-güzar çox olur. Onlar özlərini unudulmuş hesab edirlər. Əslində bununla mədəniyyət nazirliyi məşğul olmalıdır, ancaq biz də əlimizdən gələn yardımı etməyə hazırıq. Bundan əlavə, xarici ölkə sənətkarlarının dəvəti, bizim sənətkarların xaricə göndərilməsi, yəni sənət mübadiləsini genişləndirmək fikrindəyik. Bunlar hamısı çox vacib və əhəmiyyətlidir. Bununla yanaşı, cəmiyyətin xətti ilə Bakıda Orta Asiya, ümumiyyətlə, Şərq ölkələrinin xalq çalğı alətləri ifaçılarının bir müsabiqəsini keçirmək nəzərdə tutmuşuq.

Pedaqoji fəaliyyətinə gəldikdə, söyləməliyəm ki, 1999-cu ilin "ustad sinfi" kimi BMA-nın Böyük Zalında tələbələrimin konserti keçirilmişdir. İfaçılıq imkanları daha geniş olan tələbələrimizin xarici ölkələrə səfərlərini planlaşdırmışıq. Onu da, inşallah, həyata keçirmək arzusundayıq.

-Ramiz müəllim, son zamanlar ifaçılıq sahəsində gənc bir ulduz parlayır. Bu, Əyyub Quliyevdir. İlk növbədə bir müəllim kimi onu necə qiymətləndirirsiniz?

-Azərbaycan xalqının istedadlı gəncləri çoxdur. Sadəcə olaraq, onları qayğı ilə əhatə etmək lazımdır. Mən bu istedadların şahidi ola-ola onları sevməyə bilmərəm. Tələbələrimin də arasında istedadlı uşaqlar var. Əyyubun istedadını ilk dəfə böyük sənətçi, dünya şöhrətli musiqiçi M.Rostropoviç özü 1997-ci ilin aprel ayında Bakıda olduğu zaman qeyd etmişdi. Biz Əyyubla bir çox konsertlərdə çıxış etmişik, bir sıra xarici ölkələrdə olmuşuq. Onun ifası hər yerdə, yüksək qiymətləndirilib. O, ekstern yolu ilə imtahan verərək BMA-na qəbul olunub. Mən inanıram ki, Əyyub gələcəkdə də öz istedadı ilə Azərbaycan xalqının başını uca edəcək. Təsadüfi deyil ki, ötən ilin avqust ayında möhtərəm prezidentimiz Heydər Əliyevin fərmanı ilə Əyyubun adı respublikanın "İstedadlar" qızıl kitabına daxil olundu və o xüsusi təqaüdə layiq görüldü.

-Özünüzü xoşbəxt hesab edirsinizmi?

-Düzdür, bir insan kimi mənim qürurla danışmağa mənəvi haqqım var. Amma nə qədər ki, bizim torpaqlarımız işğal altından azad olunmayıb özünü Azərbaycan xalqının sənətkarı sayan heç bir kəsin öyünməyə ixtiyarı yoxdur. Əsl sənətçi xalqının acı və xoş günlərini onunla bölməyi bacarmalıdır. Bu bizim borcumuzdur. Yalnız qaçqınlarımız öz yurdlarına qayıdandan sonra mən, sənətkar Ramiz Quliyev də rahat nəfəs alıb deyə bilərəm ki, indi sözün tam mənasında xoşbəxtəm.