Yeniliklərimiz:        
Lyusernada keçirilən musiqi       
festivalının «Composer in Residence»      

N. Axundova
 

axmayaraq ki, musiqi festivallarının sayı ildən-ilə çoxalır, Lyüserna şəhərində keçirilən beynəlxalq musiqi festivalı müasir musiqi həyatında xüsusi yer tutur. Həmin festivalı ləyaqət, əsaslılıq, ifa olunan musiqinin və ifaçıların seçimində ciddi tələbkarlıq fərqləndirir. Festivalın şüarı dinləyicilərə dünya musiqi mədəniyyətinin klassik və müasir repertuarından ən əhəmiyyətli və mənalı əsərləri təqdim etməkdir. Bu il klassik musiqi Q.Malerin bütün simfoniyaları ilə təmsil olunub və onların ifası bütün dünya musiqi həyatında böyük və mühüm bir hadisəyə çevrilib.

Müasirlik baxımından Lyüserna festivalının maraqlı bir xüsusiyyəti var.

Hər il, müasir musiqi əsərlərinin geniş yayımı məqsədi ilə bir (yaxud iki) bəstəkara festivalın aparıcısı statusu verilir - "composer in residence". Bu o deməkdir ki, həmin bəstəkarın musiqisi daha tam və ətraflı, retrospektiv şəklində təqdim olunur.

Festivalın 30-illik tarixində birinci dəfə olaraq bu status qadın bəstəkara verilib. Çox sevindirici bir haldır ki, bu statusa bizim istedadlı həmvətənimiz, bəstəkar və pianoçu, Firəngiz Əlizadə layiq bilinib. Maraqlıdır ki, Firəngiz xanım ilə bərabər, həmin şərəfə gürcü musiqisinin korifeyi Qiya Kançeliya layiq görülüb.

Qeyd etmək lazımdır ki, bu aksiyaya festivalın təşkilatçıları çox ciddi yanaşırlar. Festivalın başlanmasına bir ay qalmış Bakıya İsveçrədən jurnalist Priska Keterer gələrək, qısa bir vaxtda F.Əlizadə haqqında materialları toplayıb hazırlamalı, Firəngiz xanımın yaşadığı və işlədiyi şəraiti öyrənməli idi. Bir neçə gün ərzində İsveçrə jurnalisti 40-dan çox kasset çəkmiş, Bakı şəhəri və onun ətraflarındakı tarixi abidələrlə tanış olmuş, müxtəlif peşə ilə məşğul olan adamlarla danışıb, əlaqə saxladıqdan sonra, F.Əlizadənin "milli interyerdə yaradıcılıq portretinin" yaradılmasına başladı və, demək lazımdır ki, bu işin öhdəsindən uğurla gələ bildi. Bəlkə də elə onun "yüngül əli" ilə bəstəkarımıza bir titul da (doğrudur, rəsmi olmayan) verildi - müasir musiqinin Şahrizadı.

Firəngiz Əlizadəni uzun illər ərzində tanıyaraq, təxmin edə bilərdik ki, festivalda onun çıxışı həmişəki kimi yüksək səviyyəli olacaq. İsveçrə dinləyicilərinin qarşısına çıxarılan vahid silsilə "İpək yolu" adlandırılmışdı. Silsilənin əsərlərindən bir neçəsi əvvəllər səslənmiş, digərləri yenidən redaktə olunmuşdu, lakin silsilənin kulminasiyası və tamamlayıcısı - zərb alətləri və orkestr üçün Konsert müasir musiqidə super-star adlanan zərb alətlərinin məşhur ifaçısı, Evelin Qlennin sifarişi ilə Lyüserna festivalı üçün xüsusi yazılıb. Bəstəkarın E.Qlenniya konsertdən bir neçə ay əvvəl bağışladığı əsil Azərbaycan zərb alətləri həmin əsərdə səslənir - qaval, qoşa nağara, zərb. Onu da demək lazımdır ki, ingilis musiqisinin super-star adlandırılan ifaçısı Azərbaycan milli alətlərin öhdəsindən gələrək və Azərbaycan musiqisinin milli ruhu və cazibədarlığını qavraya bilmişdir.

F.Əlizadə və E.Qlenninin əməkdaşlığı təntənəli və parlaq nəticə ilə bitmiş, "İpək yolu" Konsertinin ifası isə festivalın kulminasiyalarından biri kimi yekdilliklə qarşılanmışdır. F.Əlizadənin və məşhur violençalan İvan Moni Qettinin birgə keçirilən konserti də xüsusi diqqətə layiqdir. Konsertdə bəstəkarımızın əsərlərindən başqa ("Habil sayağı" və "Aşıq havası"), Silvestrov və Krambın əsərləri də səslənmişdir.

Firəngiz xanım müasir musiqi həvəskarları arasında təkcə bəstəkar və ifaçı kimi yox, həm də öz konsertlərinin rejissoru kimi tanınıb. Dinləyiciləri həmişə konsertin maraqlı dramaturji həlli gözləyir. Bu dəfə də səhnə orijinal qaydada quraşdırılmışdı; işıq effektləri; fasiləsiz səslənən musiqi; bütün axşam dinləyici - tamaşaçıların diqqət-nəzərində yerləşən ifaçı aktyorlar və s. "Ciddi" əsərlərin arasında pauza və səhnəni tərk etmələr yox idi. Fasilə yerinə "başqa" musiqi səslənirdi. Həmin intermediyalar vəzifəsini Avropada çox geniş tanınan bəstəkarın - Pyatsallının çox ehtiraslı və həssas musiqisi yerinə yetirirdi.

Festivalda F.Əlizadə yeni bir simada da çıxış etdi - şair kimi. Kamera ansambl və soprano üçün "İtirilən vaxtın axtarışında" əsərində bəstəkarın öz şerləri səslənir. Soprano partiyasını Silviya Xopster, orkestr partiyasını isə "Colleqium novum" Sürix orkestri yüksək səviyyədə ifa etdilər. Və yenə də Avropa musiqiçiləri əsəri Azərbaycan milli alətlərindjə ifa edərək, onlara indiyədək məlum olmayan musiqinin cəzbedici qüvvəsi ilə zalı ovsunladılar.

Festivalın əhəmiyyətli bir hadisəsi də Nazim Hikmətin sözlərinə yazılmış "Əbədiliyə səyahət" əsərinin ifası olmuşdur. "N.Hikmətin poeziyası son zamanlar mənim ən böyük maraq dairəmdədir. Mədəniyyətlərimizin yaxınlığı Türkiyədə keçirdiyim illər, yaradıcılıqda bir sıra cəhətlərin bitişikliyi-bütün bunlar N.Hikmətin şerlərini mənim üçün müstəsna yaxın və cəlbedici etmişdir. Bu əsərdə isə mən sənətkarın həyat yolu ardıcıllığını musiqi dili ilə göstərməyə çalışmışam: yaranış, yaradıcılıq, ölüm, əbədilik..."- deyə F.Əlizadə əsər haqqında məlumat verir.

Əsər "La strimpellata" İsveçrə ansamblı, Bazel şəhərin madriqalçılar xoru və bariton Martin Brunsnan tərəfindən ifa olundu. İfanın mühüm bir komponenti İslam Rzayevin maqnitofon lentinə yazılmış səsi idi. Məşhur muğam ifaçısının ifa üsulları və səsin tembri Avropa dinləyicilərini heyran etmişdi.

Bəstəkarın "Xəyal" əsəri isə Lyüsern festivalı üçün yenidən redaktə edilmişdir. Əvvəlcə ud və orkestr üçün yazılmış əsər, tar ilə orkestr üçün köçürülmüş və, solosu virtuoz tarzən Ramiz Quliyev tərəfindən ifa olunmuşdur. Əsərin ifası müəllifin, ifaçının və, ümumiyyətlə, Azərbaycan musiqisinin əsil təntənəsinə çevrilmişdir.

"Mən F.Əlizadənin musiqisinin ifası ərəfəsində ajiotajın şahidi olmuşam. Bu sadə, adi bir uğur deyildi, bu Azərbaycan müəlliflərinin və, ümumiyyətlə, Azərbaycan musiqisinin böyük bir uğuru idi - deyə R.Quliyev qeyd edərək davam edir:

-"Balaca boylu, kövrək bir qadın məcbur etdi ki, bütün dünya tək onun musiqisinə yox, onun ölkəsinə təəccüblənsin, heyran olsun və onu ayaq üstə alqışlasın.

Mən birinci dəfə olaraq Firəngiz xanımla işləyirəm və birlikdə aparılan işin təsiri altındayam. O, çox incə bir musiqiçidir. Avropa klassik musiqisinin ruhunda tərbiyələndirilmişsə də o eyni zamanda milli musiqinin bütün nüanslarını ustalıqla hiss edir və milli alətlərin imkanlarını yaxşı bilir.

Bir də, xüsusi demək lazımdır ki, Firəngiz xanım Azərbaycan mədəniyyətinin təbliğatçısıdır və bunun üçün hər bir imkandan istifadə edir...

Mən eşitmişdim ki, Firəngiz xanım Qərbdə çox tanınıb, lakin gördüklərim mənim bütün ümidlərimi ötüb keçdi. Mən çox şadam ki, belə bir hadisənin şahidi və iştirakçısı olmuşam."

Lyüsernada keçirilən festivaldakı triumfun əks-sədası hələ ki, sakitləşməyib, lakin F.Əlizadə artıq gələcəklə yaşayır. Berlində, Bonnda solo konsertləri, ABŞ-da müəllif konsertləri, İtaliyada turne - bunlar qısaca olaraq ən yaxın ayların planlarıdır.

Arzu edirik ki, bizim həmvətənimizin yaradıcılıq planlarında doğma şəhərində konsert verilməsi imkanı da olsun.

Tərcümə etdi: Leyla FƏRƏCOVA