Yeniliklərimiz:        
CIOFF beynalxalq təşkilatının       
prezidenti cənab Kari Berqhomla mühasibə
   


 

ısa bilgi: CIOFF ənənəvi musiqi, folklor (o cümlədən rəqs), muzey işi, dekorativ-tətbiqi sənət növləri, kitabxanaçılıq və i.a. üzrə beynəlxalq şuradır. Onun başlıca fəaliyyəti əməli (praktiki) işlərlə bağlıdır və folklor festivallarının, sərgilərin keçirilməsi, ölkələr arasında folklor qrupları mübadiləsi şəklində həyata keçirilir.

CIOFF-un Azərbaycandakı nümayəndəsi Respublika Mədəniyyət Nazirliyi elmi-metodiki mərkəzinin direktoru Azər Əhmədzadədir. 1966-cı ilin mayından Azərbaycan CIOFF-un tamhüquqlu üzvüdür. Bundan öncə isə CIOFF-un yalnız Moskvada nümayəndəliyi var idi. Təşkilatın illik üzvlük haqqı 500 dollardır.

Azərbaycanın beynəlxalq festival keçirmək təcrübəsi öncədən də var. 1990-1991-ci illərdə burada "Xarı bülbül" uşaq yaradıcılığı festivalları və uşaqlar üçün "Musiqili sentyabr" keçirilmişdi. "Xarı bülbül"ün 20-dən çox iştirakçısı olan ölkələr arasında ABŞ, Türkiyə, Əfqanıstan, Avstriya kimilərin adlarını çəkmək olar. İştirakçıların ümumi sayı 300-ə yaxın və daha artıq idi. Təşkilati işlərə Mədəniyyət nazirliyi başçılıq edirdi.

Azərbaycanın CIOFF-da səs hüququ da var. Bütün məsələlər ancaq ümumi razılıq (konsensus) əsasında həll olunduğundan bu olduqca vacibdir. CIOFF-un hazırkı prezidenti cənab K.Berqholm Bakıda keçirilən beynəlxalq tədbiqi-dekorativ sərgi və bu sərgi ilə bağlı beynəlxalq konfransda iştirak edib.

Ölkəmizin bir sıra kollektivləri indiyədək CIOFF-un bir sıra tədbirlərində çıxış etmişlər. Bu ilk növbədə "Cəyyah" (bədii rəhbər-Azərbərbaycan Respublikasının xalq artisti Təranə Muradova), "Lökbatan" (9N-li musiqi məktəbi: direktoru - Tubu Daşdəmirova, bədii rəhbər - Rövşən Məmmədov) və 21N-li musiqi məktəbinin "Bəri bax" (direktor Rafiq Əzizov, bədii rəhbər Rauf Babayev) uşaq qruplarıdır.

1966-cı ildən mədəni mübadilələr başlanılıb. İsrail (1997), Türkiyə (1997), Tayvan (1999), Braziliya (1999) və Yaponiyada (1999) festivallar keçirilib. 1996-cı ildən Azərbaycanın özfəaliyyət uşaq kollektivləri ümumdünya uşaq folkloriadasında iştirak edirlər. Mədəniyyət nazirliyi elmi-metodik mərkəzi nəzdində "Səyyah" rəqs qrupu ilk dəfə Hollandiyada keçirilən folkloriadada iştirak edib. "Qaradağ" Tayvan və Braziliyada, "Bəri bax" isə Misirdə çıxış edib.

Maraqlı ənənədir ki, Ümumdünya uşaq folkloriadaları 2 ildən bir keçirilir. 2000-ci ilin folkloriadasının təşkilatçısı Yaponiyadır. Azərbaycanın nümayəndəsi Azər Əhmədzadə, iştirakçısı isə artıq dəvət almış "Səyyah" ansamblıdır. Bundan savayı, bizim uşaq kollektivləri ABŞ, Çin, Kanada, Macarıstan, Bolqarıstan, Meksika və Yunanıstan dəvətlər alıblar.

Sevindirici haldır ki, bizim uşaq özfəaliyyət kollektivləri öz repertuarlarını xarici ölkələrin musiqili-folklor materialları ilə zənginləşdirməkdə çətinlik çəkmirlər. Məhz bu səbəbdən onların hər hansı bir ölkədə çıxışı böyük ruh yüksəkliyi ilə qarşılanır. Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında Azər Əhmədzadənin böyük vətəndaşlığı və gərgin əməyi daim hiss olunur.

Bu günlərdə CIOFF təşkilatının prezidenti cənab Kari Berqholmun Bakıya işgüzar səfəri zamanı biz onunla tanış olub müsahibə apardıq:

Tariyel Məmmədov.: Mən Sizi Azərbaycanda görməyə çox şadam. Dünən Sizinlə söhbətimiz baş tutmasa da, jurnalımızı gördünüz. İstərdim ki, jurnalımız haqqında təəssüratınızı bölüşəsiniz...

Kari Berqholm: Mən Azərbaycan dilini bilməsəm də, jurnalla tanışlıqdan başa düşdüm ki, o çox geniş informasiya, bilgi qaynağıdır. O cümlədn bizim üçün...

T.M.: Ən başlıcası odur ki, "Musiqi dünyası" INTERNET-lə yayımlanır və onun öz "saytı" var. İşimizin qarşıdakı mərhələsində jurnalımızı INTERNET-də ingilis dilli variantını da yayımlamağı nəzərdə tutmuşuq.

K.B.: Əlbəttə, çox yaxşı olardı ki, çox-çox ölkələr və xalqlar sizi oxumaq və dinləmək imkanı qazansınlar...

T.M.: Bəli, nəinki oxumaq, eyni zamanda bizim musiqini dinləmək imkanı. Əgər bizim "sayta" "girsəniz", orada özəl işarə görəcəksiniz. Onun vasitəsilə 2 dəqiqəlik musiqi parçalarını dinləmək olar. Məhz Azərbaycan musiqi parçalarını. Burada təkcə bizim bəstəkarlarımız deyil, ənənəvi musiqimiz də geniş çeşiddə təmsil olunub.

Cənab Berqholm, mən istərdim ki, Siz CIOFF təşkilatının prezidenti kimi "Musiqi dünyası" jurnalının oxucularını təşkilatın yaranıb-biçimlənmə tarixçəsi və şəxsən özünüzün fəaliyyəti ilə tanış edəsiniz.

K.B.: CIOFF beynəlxalq mədəniyyətşünaslıq yönlü təşkilatdır ki, öz başlıca vəzifələrini beynəlxalq folklor festivallarının təşkili və keçirilməsində, eləcə də milli ənənəvi incəsənət və sənət növlərinin inkişafında görür. Bizim fəaliyyət çərçivəmizə musiqi, rəqs, tətbiqi sənətlər və i.a. daxildirlər. Yeri gəlmişkən, Azərbaycanın nümayəndələri də bizim üzvlərimiz arasındadır. CIOFF bir qurum kimi 1970-ci ildə yaranıb. Başlıca məqsəd folklor festivallarını əlaqələndirmək olub. Belə əlaqələndirmə festivallara ən yaxşı, ən özəl qrupları seçmək imkanı verirdi. Və indiyədək "ən yaxşıların seçimi" işimizin ən başlıca məqsədi və prinsipi olaraq qalır.

Hazırda bizim fəaliyyətimiz daha da genişlənib və genişlənməkdədir. 2 il öncə CIOFF öz yeni mədəniyyət proqramını hazırlayıb. Bu proqram əslində bütün ölkələrə aiddir və ənənəvi milli-mədəni tədbirlərin keçirilməsi üçün tövsiyyələrdən ibarətdir. Bundan savayı folklor yönlü konqres, simpozium və seminarların keçirilməsi nəzərdə tutulur. Lakin bu ayrıca mövzudur. Daha bir proqramımız uşaqlar və gənclər üçündür.

CIOFF lap öncədən öz işini UNESKO ilə əlaqələndirir.

T.M.: Məgər Siz UNESKO-nun tərkibindəsiniz?

K.B.: UNESKO ilə "məsləhətləşmə sazişimiz" var.

T.M.: Bəs Sizin həmin təşkilatdakı mövqeyiniz (status) necə müəyyən olunur?

K.B.: Biz UNESKO-dan fərqli qeyri-hökumət təşkilatları ilə işləyirik. Həmin qeyri-hökumət təşkilatlarının bir neçə məsləhət şurası fəaliyyət göstərir. Birincisi və ən nüfuzlusu "Musiqi üzrə beynəlxalq şura"dır. İkinci yerdə milli ənənəvi sənət növləri üzrə şuradır. Qalan şuralar digər məsələləri həll etmək üçün lazım olan zaman toplaşırlar.

Demək olar ki, birinci şuranın bütün bölmələri Beynəlxalq musiqi təşkilatının üzvləridirlər. UNESKO-nun binasında ofisimiz var. Beynəlxalq musiqi təşkilatı ilə birgə. Bizim birgə proyektlərimiz həyata keçirilir. Məsələn, Afrika ölkələrindəki təşkilatların qurulmasına biz hətta maliyyə yardımı da göstəririk. UNESKO-nun köməyi sayəsində Afrika ölkələri beynəlxalq folklor festivallarında iştirak edə bilirlər.

T.M.: Sizin folklor dairəsindəki proyektlər ancaq praktiki fəaliyyəti çevrələyir? Nəzəri və elmi əsaslandırmalarla bağlılıq varmı?

K.B.: Elmi-nəzəri işlərə ənənəvi musiqi üzrə beynəlxalq şura baxır. Biz isə ancaq operativ məsələlərlə məşğuluq. Və fəaliyyətimizi sıx əlaqələndiririk.

T.M.: Bəs keçirdiyimiz simpozium və konfranslar? Onlar mahiyyətcə hesabata bənzəmirlərmi?

K.B.: Xeyr, burada çox geniş dairədə məsələlər öz əksini tapır. Başlıca olaraq təşkilati məsələlər. Həmin təşkilatlara biz mütəxəssisləri dəvət edir və geniş məsləhətləşmələr aparırıq.

T.M.: Siz Azərbaycanın iştirakından da danışdınız. Mən bilirəm ki, bizim nümayəndəmiz Azər Əhmədzadədir...

K.B.: Azərbaycan bizim tam hüquqlu, özü də "aktiv" üzvümüzdür. Yəni, Azərbaycanın səs hüququ var. Sizin ölkənin folklor qrupları bizim təşkilatın üzvü olan ölkələrdə vaxtaşırı çıxış edirlər. Və bu çıxışlar çox yüksək qiymətləndirilir.

Lakin deməliyəm ki, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan heç bir ölkəyə dəvət göndərmir. Bizim təşkilatımızın fəaliyyəti mədəni mübadilə, qarşılıqlı gediş-gəliş və bir-birindən öyrənmə üzərində qurulub. Və indiki vəziyyət çox davam edə bilməz. Əgər Azərbaycan bizim tamhüquqlu üzvümüzdürsə, o da digər ölkələrin folklor qruplarını dəvət edib, onların çıxışları üçün şərait yaratmalıdır.

T.M.: Sizin gileyləriniz haqlı olsa da, indiki vəziyyət iqtisadi çətinliklərlə bağlıdır. Vaxtı ilə biz də folklor festivalları təşkil etmişik. Məsələn, "Xarı bülbül" uşaq musiqi yaradıcılığı festivalı bir neçə dəfə keçirilib və onların təşkilində mən də yaxından iştirak etmişəm. 20-dək ölkə və 500-dən çox adam siyahıda var idi və bütün işlərə Respublika Mədəniyyət nazirliyi başçılıq edirdi.

Hazırda isə, ağır iqtisadiyyat, Qarabağ müharibəsi və yüz minlərlə qaçqın imkanlarımızı son dərəcə daraldıb. III minillikdə, ümidvaram ki, problemlərimiz həll olunduqca, imkanlarımız da genişlənəcək.

K.B.: Mən sizin çətinlikləri yaxşı başa düşürəm. Son illərdə Azərbaycanın folklor qrupları çoxlu dəvətlər alıb, çıxışlar etmişlər. Mən istərdim ki, biz Azərbaycanda da festivallarımızdan birini təşkil edək. Buna çalışırıq və çalışacağıq.

T.M.: Xahiş edərdim ki, cənab Berqholm, bizim oxuculara özünüz haqqında danışasınız. Sizin peşə yönünüz, ictimai fəaliyyətiniz haqqında bilmək olduqca maraqlıdır.

K.B.: Mənim başlıca sənətim elektron mühəndisliyidir. Uzun zaman Finlandiya Respublikasının xarici işlər nazirliyində işləmişəm. Əsasən ticarət məsələləri üzrə. Hazırda pensiyaçıyam və müstəqil məsləhətçi işləyirəm. Mənim Azərbaycana səfərim də, başlıcası, bununla bağlıdır. Folklor musiqisi isə mənim ən çox sevdiyim sahədir. Cavankən rəqqas da olmuşam və indiyədək özümün folklor assosiasiyasının (birliyinin) prezidentiyəm. Bir neçə il öncə CIOFF-un prezidenti seçilmişəm. Çox şadam ki, Azərbaycan mənim namizədliyimi irəli sürənlərdən biri olub.

T.M.: Azərbaycan musiqi mədəniyyəti və ümumiyyətlə Azərbaycan xalqı haqqında hansı yaşantılar keçirirsiniz?

K.B.: Bu mənim Azərbaycana ikinci səfərimdir. Hər iki halda bir həftəlik səfər zamanı xalqın musiqi mədəniyyəti ilə tanışlıq mümkünsüzdür. Bu haqda geniş danışa bilmərəm. Lakin sizin musiqi mədəniyyətiniz və ilk növbədə, ənənəvi musiqiniz, Şərq musiqi mədəniyyətinin bir kəsimi sayılsa da, özəlliyi və parlaq milli üslubu, dəsti-xətti ilə seçilir. Məhz bu baxımdan sizin ənənəvi musiqiniz bütün dünyada yüksək qiymətləndirilir. Və bu da təkcə mənim fikrim deyil.

T.M.: Bizdə olan bilgiyə görə, xanəndəmiz Alim Qasımov noyabrın ortalarında Parsidə UNESKO xətti ilə mükafatlandırılmalıdır.

Nəhayət, son və ənənəvi sualımız: "Musiqi dünyası"na arzularınız?

K.B.: Mən sizin jurnala böyük uğurlar və böyük müstəqillik arzulayıram. Və öz təşkilatımız adından bildirirəm ki, biz folklor, ənənəvi musiqi sahəsində əməkdaşlığa hazırıq.

Materialları hazırladı:
Tariyel Məmmədov