itab
və müəlliflik yaranma anından bir-biri ilə ayrılmaz əlaqədə, daimi
təmasda olan və bir-birini tamamlayan anlayışlar, məfhumlardır.
Əslində isə müəlliflik hüququ əsər anlayışı ilə bağlı olduğundan
onun tarixi daha qədimdir, insan mədəniyyətinin və biliklərin
uzaq keçmişindən bəhrələnən məhsuldur.
Volterin
kitablarla bağlı sözləri tam mənada müəlliflik hüququna da aid
edilə bilər: "Bunlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan
götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə hamıya
məxsus olur".
Müəlliflik
hüququnun tarixi "müəlliflik" anlayışından irəli gəlir.
Bu uzun yol əsrlər boyu ibtidai icma, təbii anonim (adsız), tanrılaşdırılmış
təxəllüs mərhələlərini keçmiş və nəticədə şəxsi müəlliflik səviyyəsinə
çatmışdır.
Antik
zamanlarda yazının kəşfi, ieroqlifik yazının əlifba yazısına çevrilməsi
şəxsi müəlliflik dərketməsini təsdiqlədi. Elə bu səbəbdən də tam
haqlı olaraq, müəlliflik hüququnun başlanğıcları antik zamanlardan
hesablanız.
Həmin
ənənə orta əsrlərdə daha da zənginləşdi, artıq fiksə edilmiş folklor
deyil, öz müəlliflərinin adlarını bu günə qədər bizə çatdırmış
yazılı əsərlər də qeydə alınmağa başladı.
Azərbaycanın
Orta əsr müəllifləri - aşıqlar müəllifliyi təsdiqləyən və bütün
Şərqdə qəbul olunmuş orijinal forma kəşf etmişdilər. Əsər yaradıcısının
həqiqi və ya poetik adı şer-mahnının son sətrinə salınmaqla tapşırma
yaradılırdı. Əslində bu yenilik müəllif hüququnun səmərəli qorunma
formasına çevrilmişdi. Həqiqətən, aşıq poeziyasının tarixi müəllif
hüquqlarının pozulmasını və plagiatı tanımır. Tapşırmanın özbaşına
dəyişdirilməsi, yaxud təhrif olunması adi hüquq-adət tərəfindən
qorunurdu, təmin edilirdi və ictimaiyyət məhkəməsinə verilirdi.
Bu gün
Tasit və Herodotun, Arximed və Tusinin tarixə, coqrafiyaya və
digər təbii elmlərə aid şəxsi müəlliflik əsərləri müəllif hüququnun
qorunması nümunələrindəndir. Homerin "İliada"sı, Horatsinin
"Poeziya sənəti" və digər nümunələri də misal gətirmək
olar.
Azərbaycanda
kağız istehsalının inkişafı VII-XII-ci əsrlərdə əlyazma nəşrlərin
geniş yayılmasına səbəb oldu.
"Kitabi
Dədəm Qorqud"un əlyazmaları artıq həmin vaxtlardan yazılı
şəkildə tanınmağa başladı, onun bir sıra sonrakı əlyazmaları (XV
əsr) bu günə qədər də Drezden və Vatikan kitabxanalarında saxlanılır.
Xətib
Təbrizinin, Həbibullah Gəncəvinin, Marağayinin, Naxçıvaninin,
Xaqaninin, Beyləqaninin, Məhsəti Gəncəvinin, Nizaminin və digərlərinin
müəlliflik hüququnun qorunması ilə müşayiət edilən əlyazmaları
bizim günlərə qədər gəlib çatmışdır. Dünyanın ən zəngin kitabxanalarında,
o cümlədən Parisin Milli kitabxanasında Təbərinin "Qurani
- Kərimin şərhi" (1220-1225 illər), Londonda Nizaminin "Sirlər
xəzinəsi"nin (1239 il) əlyazmaları bu günə qədər qorunub
saxlanmışdır. Ümumiyyətlə, Füzuli əsərlərinin 800 əlyazma nüsxəsi,
Nizami "Xəmsə"sinin isə 792 əlyazma nüsxəsi dünyanın
ən məşhur muzey və kitabxanalarının yaraşığı kimi qiymətləndirilir.
Şəxsi hüquqlarla yanaşı, Azərbaycan müəlliflərinin əmlak hüquqlarının
qədim dövrlərlə səsləşən qorunması da nəzərə çarpır. Təbii ki,
sərbəst bazar münasibətlərinə qədər müəlliflərin iqtisadi haqları
o illərdə hökmdarlar tərəfindən tə"min olunurdu. Qay Mesenatdan
başlayan mesenatçılıq hesabına yaradıcılıq nümünələri kimi Qərbdə
Vergili, Horatsi, Marsial və digərlərinin adlarının çəkilməsi
kifayətdir. Azərbaycanda isə Şirvanşahlar III Manuçöhr və I Axsitan
dövründəki Fələki və Xaqani kimi şairlərin yaradıcılığını, Həliullahın
köməyi ilə fəlsəfəçi və alim Səid Yəhya Bakuvinin tədqiqatlarını,
"Xosrov və Şirin" poemasının yaradılmasına görə Qızıl
Arslanın Nizamiyə verdiyi hədiyyəni və s. xatırlatmaq yerinə düşərdi.
Fikir
verək, indiki dillə deməli olsaq, sifarişlə yaradılan ilk müəlliflik
əsərlərinin də ənənəsi Şərqdə qoyulub. Firdovsinin "Şahnamə"sini
Sultan Mahmud Qəznəvi, Nizaminin "Leyli və Məcnun" poemasını
isə Şirvanşah I Axsitan sifariş etmişlər.
Beləliklə,
müəllif-hüquq sahəsində Azərbaycanın qədim və zəngin tarixi vardır.
Bəllidir ki, müasir müəlliflik hüququnun formalaşması isə məhz
XV əsrdə kitab nəşri və tipoqrafiya işinin ixtirası ilə bağlıdır.
Qutenberqin kəşfi müəllifliyi çap formasında kütləyə çatdırma
imkanını yaratdı. Əslində isə kitab nəşrinə olan marağı əqli ehtiyacları
təmin edən XV əsrdə yaranan və kitabı əmtəə vasitəsinə çevirən
bazar münasibətləri tərəfindən stimullaşdırıldı.
O zamanlar
Venetsiya Respublikasında geniş miqyasda kitablar dərc olunurdu.
Ağqoyunlu və Səfəvi Azərbaycan dövlətlərinin rəhbərlərinin fəal
xarici əlaqələri sayəsində bir sıra Azərbaycan müəlliflərinin
əsərləri də kitab şəklində çıxdı. Misal üçün, 1248-ci ildə N.
Tusi tərəfindən yazılmış Həndəsə və cəbr üzrə dərslik (əslində
Orta Şərq və Asiya dövlətlərində XIX-cu əsrə qədər ən yaxşı dərslik)
1598-ci ildə yenidən Mediçi mətbəəsində həyat üzü gördü və latın
dilinə tərcümə olunandan sonra 1657-ci ildə Londonda da nəşr edildi.
Səfəvilər
Azərbaycan dövlətində XVIII-ci əsrdən başlayaraq, əvvəl şriftli
kitab nəşri, sonralar isə Təbrizdə litoqrafiya üsulu ilə kitab
nəşri özünə geniş yol açdı və ana dilimizdə ilk nəşrimiz Füzulinin
"Leyli və Məcnun"u oldu.
Beləliklə,
artıq 5-çi əsrdir ki, müəlliflik hüququ və kitab dünyada birgə,
yanaşı addımlayırlar.
Bu cütlüyün
müasir nüfuzu cəmiyyətin intellektuallaşmasında və mədəniyyətin
zənginləşməsindəki rolu ilə izah edilir. Müəllif hüququ əqli mülkiyyətin
ən vacib, mürəkkəb və dəyərli elə bir hissəsidir ki, onun qorunması
və idarə edilməsi ilə dünya miqyasında iki böyük Beynəlxalq Təşkilat
- 160-a yaxın üzvü olan ÜƏMT-nın Bern Konvensiyası və digər sazişlər
vasitəsilə və YÜNESKO-nun 80-dən artıq üzvü olan "Müəllif
hüquqları haqqında" Ümumdünya Konvensiyası məşğul olur.
Bunlardan
YUNESKO özünün 25 oktyabr - 16 noyabr 1995-ci il tarixində keçirilmiş
28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ
günü elan edilməsi bərədə qərar verib.
Həmin
bayramla əlaqədar Azərbaycan Respublikasında artıq üç ildir ki
tədbirlər keçirilir və bu sahəyə aid tədbirlər seminar - disskusiyalarla
tamamlanır. YUNESKO-nun məlumatına əsasən 23 aprel tarixi İspaniya
əyaləti Kataloniya ilə bağlıdır və Müqəddəs Georgi günü kimi səciyyələnir.
Həmin gün hər hansı satılan kitaba ənənəvi olaraq bir qızılgül
qoşulurdu. Aydındır ki, 23 aprel gününün bayram kimi qeyd edilməsi
üçün digər əsaslı səbəblər də mövcuddur. Bir sıra məşhur yazıçı
və şairlərin anadan olma və ya vəfat etmə günü (Migel de la Servantesin,
Vilyam Şekspirin, Moris Dryüonun, Vladimir Nabokovun, Azərbaycanın
məşhür sərkərdəsi, artilleriya üzrə dərsliklərin müəllifi general
Şıxlinskinin) bu tarixlə bağlıdır.
YUNESKO-nun
İNTERNET-dəki WEB-saytında bayramın qeyd edilməsi ilə bağlı gözəl
bir kəlam vardır: "Kitab və oxumaq həmişəki kimi vacibdirlər.
Bunlar mətnin müəllifi tərəfindən virtual aləmlə (kainatla) interaktiv
dialoq yaranması alətləridir və yaranan intellektual təsəvvürlər
unikal, hər hansı oxucu təxəyyülündən asılılıqdadır".
Müəlliflik
hüqunun qorunması ilə əsər yaradıcılarını stimullaşdırmaq və oxucuları
oxumağa cəlb etmək məqsədi ilə YUNESKO hər il 2000-dən artıq adda
nəşrlər buraxır, yeganə sayılan Beynəlxalq Tərcümələr Biblioqrafiyasını
(100 ölkəni təmsil edən və müəllif haqqında, onun hansı əsəri,
hansı dilə və kim tərəfindən tərcümə edilməsini işıqlandıran kataloq)
aparır, Ümumdünya Müəlliflik hüququ haqqında Konvensiyaya başçılıq
edir.
Azərbaycanın
müasir müəllif-hüquq dairəsi çox maraqlı və mürəkkəb bir sistemdir.
"Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ
qanunla qorunur". Azərbaycan Respublikasının yeni Konstitusiyasından
götürülən bu sözlər (30-cu maddə) Azərbaycan rəhbərliyinin gənc
müstəqil dövlətimizin qurulmasında bu sahənin vacib və prioritet
olduğunu təsbit edir. Həqiqətən, demokratik hüquqi sivilizasiya
normalarına uyğun dövlət quruculuğunda əqli mülkiyyətə, yaradıcılığa,
əqli əməyə ictimai münasibət çox vacib atributlardan biridir.
Müəllif-hüquq
sahəsində son illər qazanılmış müvəffəqiyyətlər ilk növbədə Respublika
rəhbərliyinin müəlliflik hüququ ilə bağlı uğurlu daxili və xarici
siyasətinin təzahürudur.
Beynəlxalq
standartlara uyğun olaraq, milli müəlliflik hüququ institutu üç
vacib tərkib hissədən ibarətdir:
hüquqi-normativ
baza (qanunvericilik aktları);
icra
mexanizmi (səlahiyyətli milli idarəetmə orqanı);
hüquqların
təminatı (üsullar, metodlar, proseduralar).
"Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Qanun 8 oktyabr 1996-cı
il tarixdən qüvvədədir. "Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı
il tarixli Sərəncamının böyük əhəmiyyəti vardır. Nazirlər Kabinetinin
2 may 1997-ci il tarixli 38 ยน-li Qərarı və bir sıra digər qərarlar
müəllif-hüquq məsələlərinin həllində vacib rol oynayır.
Azərbaycanın
bu günkü müəllif hüququ müasir informasiya, ilk növbədə rəqəmli
texnologiya və multmedia kompüter sisteminə əsaslanır. Milli müəllif-hüquq
sistemi ÜƏMT-nın yaratdığı intellektual mülkiyyətin qlobal dünya
sisteminə və INTERNET-ə qoşulmaq üçün hazırlanmışdır. İlk dəfə
olaraq Azərbaycan müəlliflərinə könüllü olaraq öz əsərlərini əlyazmasından
başlayaraq CD ROM-lara qədər hər hansı maddi daşıyıcıda qeydiyyatdan
keçirmək, Dövlət reyestrinə daxil etmək, kompüterdə saxlamaq və
arxivləşdirmək imkanı yaradılmışdır. Əsərlərini qeydiyyatdan keçirən
müəlliflərə "Qeydiyyat haqqında Şəhadətnamə" verilir.
Agentliyin kompüter-TV-video-akustik sistem-skaner şəklində komplektləşdirilmiş
multmediya sistemi radio - televiziya efirinin manitorinqini həyata
keçirməyə, intellektual mülkiyyətin statistikası və müəllif -
hüquq pozuntularının diaqnostikasının müxtəlif məsələlərini həll
etməyə imkan verir. Son illər Azərbaycan rəhbərliyinin uzaqgörən
daxili və xarici siyasəti nəticəsində məllif-hüquq sahəsində ölkəmizin
beynəlxalq əlaqələri genişlənmiş, o, bir sıra Konvensiya və beynəlxalq
təşkilatların üzvü olmuşdur. Azərbaycan 1996-cı ildən Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının üzvüdür. Ədəbi - bədii əsərlərin qorunması
haqqında Bern Konvensiyasına və Müəllif hüququ haqqında Ümumdünya
Konvensiyasına daxil olmuşdur. Bir sıra digər ikitərəfli və çoxtərəfli
müqavilələrin iştirakçısıdır.
Əlavə
etmək lazımdır ki, beynəlxalq mübadilə və əlaqələrlə bağlı son
vaxtlar Azərbaycanda bir sıra tədbirlər keçirilmişdir. O cümlədən:
1998-ci ildə Azərbaycanda ilk dəfə ÜƏMT ilə birgə keçirilən seminar-müşavirədə
müəllif - hüquq məsələləri müzakirə edilmişdir. 1998-ci ildən
yalnız Rusiya, Azərbaycan və Gürcüstanın daxil olduğu TACIS -
əqli mülkiyyət Proqramı çərçivəsində 1999-cu ildə "Azərkinovideo"
İB ilə birlikdə audiovizual əsərlərə həsr olunmuş seminar keçirilmişdir.
2000-ci ilin mart ayında Ədliyyə Nazirliyi ilə birlikdə keçirilən
"Müəlliflik hüququ: onun qorunması və təminatı" mövzusunda
beynəlxalq seminarda polis, məhkəmə və kömrük orqanlarının nümayəndələri
də iştirak etmişlər.
Bu ilin
may ayında ÜƏMT ilə birgə keçirilməsi planlaşdırılan "Müəlliflik
hüququ və piratçılıqla mübarizə" mövzusunda Beynəlxalq seminarda
müəllif - hüquq sisteminin müasir problemləri müzakirə ediləcək.
Onu da
xüsusi qeyd etmək lazımdır ki, hüquqi bazanın (hüquqların qorunma
modelinin) və səlahiyyətli idarəetmə orqanının mövcudluğu ilə
yanaşı, mütləq olaraq hüquqların təminatı da zəruridir. Mükəmməl
qurulan sistem əgər hüquqi təminatı, hüquqların müdafiəsini nəzərdə
tutmursa, heç cür öz funksiyalarını həyata keçirməyə qadir olmaz.
Əslində
bu sahədə müdafiə olunan hüquq məkanı potensial hüquq pozanlar
üçün profilaktik maneə, sipər kimi çıxış etməlidir. Bununla bağlı,
Fransız yazıçısı Rene Şatobrianın: "Hüquq borcu doğmur, borc
hüququ doğar" sözlərini təkrar etmək yerinə düşərdi.
Dünyaya
dahi Nizamini, Füzulini, Bakuvini, Tusini, Nəsimini, Xətaini,
Vaqifi, Sabiri bəxş edən Azərbaycan cəmiyyəti bu gün də yaradıcı
şəxslər qarşısında öz borcunu tam aydınlıqla dərk edərək, əqli
mülkiyyət yaradıcılarına münasibətdə zəngin ənənələrini davam
və inkişaf etdirir.
Onu da
qeyd emək lazımdır ki, əqli mülkiyyət və xüsusən də müəlliflik
hüququ öz-özlüyündə çoxşaxəli bilik sahəsidir. Kompüter proqramları,
məlumat bazaları, multimediya və s. də buraya daxildir. Bu elə
fəaliyyət növüdür ki, onun tərkib hissələri özündə müxtəlif fəaliyyət
başlanğıclarını təmsil edir: onun mahiyyəti menecer, texniki və
humanitar sahələrin məhsuludur, forması yalnız hüquqidir, təyinatı
isə - iqtisadidir.
Müəlliflik
hüququnun təbiəti - müstəsnadır.
Hüquqların
pozulması iki istiqamətdə mövcuddur: əqli zəhmətin nəticələrini
tam və yaxud qismən mənimsənilməsi - plagiat və əqli nəticələrin
icazəsiz istifadəsi - kontrafaksiya.
Bunların
müdafiə mexanizmi mülki, inzibati və cinayət məsuliyyətini nəzərdə
tutur.
Beləliklə,
yaradıcılıq imkanları Tanrıdan verilmiş, şəxsiyyətdən ayrılmaz
varidatdır və elə bu da müəllifin şəxsi müəlliflik hüququ deməkdir.
Yaradıcı şəxs konkret mahiyyətlərin fəlsəfəçisi, abstrakt mahiyyətlərin
isə rəngkarıdır.
Yaradıcısından
ayrılan əsər öz "müstəqil", sərbəst dövranına başlayarkən
dövlətin və cəmiyyətin müəllifə, onun şəxsiyyətinə göstərdiyi
ehtiram müəllifin həmin əsərə hüququnun tanınmasında təzəhür edir.
Müəlliflik hüququnun əsasını isə məhz bu təşkil edir.