Ə. Ağaoğlu
özünün "Üç mədəniyyət" traktatında hər hansı dinin,
xüsusilə klassik dünya dinlərinin - Buddizmin, Xristianlığın
və İslamın Şərq və Qərb cəmiyyətlərində sosial-mənəvi baxımdan
inteqrativ rol oynadıqlarını əsaslandırır və bu zəmində onların
mülki-dünyəvi, sekulyar həyatda mövcud olmuş təsirini əsasən
mədəniyyət komponenti kimi səciyyələndirmişdir. Bu səpkidə o,
dinin əxlaqi-praktik yönümünü də təhlil edir və təsadüfi deyildir
ki, dinə münasibətinin tarixi sosioloji və kulturoloji aspektlərini
işləyir. O, dinlərin, xüsusilə xristianlıq və islamın bəşər
həyatının nəinki mənəvi, habelə maddi tərəflərində böyük miqyaslı
ictimai-siyasi, əxlaqi-hüquqi rol və funksiyalarını müəyyənləşdirmək
yolu ilə gedərək, öz kulturoloji araşdırmalarında Qərb-Şərq
dixotomiyasını sosioloji və sosial-psixoloji meyarlarla təfsirə
gətirir. Başqa sözlə desəm mütəfəkkirin mədəniyyət haqqında
ümumi düsturlarından sonra dinin tarixi bir fenomen kimi təhlil
edilməsi, onun xristianlıq və islam forma müxtəlifliyində tarixi
təzahürlərinin Qərb-Şərq mədəniyyətlərinin mühüm komponentləri
kimi səciyyələndirilməsi elmi əhəmiyyət kəsb edir. Çünki bu
iki dindən hər birinin Qərbdə və Şərqdə insan həyatına nüfuz
etməsi böyük tarixi mərhələlərlə bağlıdır. Bu amili xüsusi səriştə
ilə nəzərə alan Ağaoğlu belə bir məntiqi qənaətə gəlir ki, cəmiyyət
həyatına güclü təsir göstərən bu mənəvi atributların funksional
mahiyyətini aşkarlamadan hər hansı dünya bölgəsində inkişaf
və tərəqqi, sivilizasiya və mədəniyyət problemlərinin oxşar
və fərqli cəhətləri haqqında düzgün nəticələrə gəlmək qeyri
mümkündür.
Ə.
Ağaoğlu Şərqin bir çox bölgələrində islamın insanların sosial-psixologiyasına
daxil olan ümumi tərkib hissələrindən bəhs edərkən və bu komponentlərin
müsəlman aləmi üçün, onun mədəniyyəti üçün universal xarakter
daşıdığını göstərərkən belə bir tipoloji nəticəyə gəlir ki,
aralarında minlərcə kilometrlik məsafələrdə yaşayan cins, dil,
irq etibarilə bir-birinə tamamilə yabançı olan və hər hansı
səthi bağlılıqdan məhrum olan xalqların fərdlərini eyni zehniyyətin,
eyni övqatın sahibi, eyni məsələlər, mübahisələr ilə məşğul,
işlər və hadisələr haqqında eyni anlama tərzlərini ifadə edən,
eyni hökmlər verən görmək olar. Təbiidir ki, bu mənəvi-əxlaqi,
mədəni-inteqrativ durum uzun müddət ərzində formalaşan müştərək
bir zəka fəaliyyətinin, müştərək duyum tərzinin, müştərək ümumi
amillərin mütəmadi təsirilə hasilə gəlmiş real regional mahiyyət
daşıyır. Mütəfəkkir bu özünəməxsus fenomenin təfərrüatının təfsirini
verərkən tez-tez işlətdiyi "islam aləmi" anlayışını
yalnız dini-məfkurəvi məkan sahəsinin ifadəsi kimi deyil, eyni
zamanda ondan daha geniş mündərəcəli sosial-coğrafi və sosial-mədəni
atributların toplusu kimi vermişdir. Deməli, mütəfəkkirin təfsirində
"din" məfhumunun daşıdığı real məzmun "islam
aləmi" anlayışının tərkib hissəsi, mühüm komponentlərindən
biridir. Məhz buna görə də o, dini mədəniyyətin ən fəal və təsirli
bir amili olaraq təhlil edir və onun regional, müştərək məzmun
çalarlarının əməli-real tərəflərinin insanların həyatında rolunu
açıqlayır.
Ə.
Ağaoğlu dinin mədəniyyət ünsürü kimi inteqrativ ovqat yaratdığı
bölgələrdə, müştərək sosial-psixoloji məkan formalaşdırdığı
ölkələrdə sənət sahələrinin - ədəbiyyatın, musiqinin, habelə
elmin hər hansı yenilik təzahürlərinin dərhal yayılma dinamikasını
aşkarlayır. Onun fikrincə, bu müştərək zəkalı sosial-psixoloji
şəraitdə meydana gəlmiş hər hansı sənət əsəri və yaxud elmi-fəlsəfi
traktat hələ bir zamanlar mətbəə sənətinin mövcud olmadığına
baxmayaraq, sırf əlyazması şəklində üzü köçürülərək heyrətamiz
bir sürətlə bütün islam dünyasına yayılır və bir neçə ay sonra
bu aləmin ən kiçik guşələrində oxunaraq fikir və duyğuların
birləşməsinə səbəb olur. Ağaoğlu elmi fikir və sənət əlaqələrinin
coğrafiyasının mənəvi genişlik məkanının əhatə dairəsini göstərərkən
konkret tarixi-mədəni, həyati misallardan istifadə edir. Mütəfəkkir
təsvir edir ki, İbn-Sinanın Orta Asiyada işıq üzü görən əsərləri
intensiv bir sürətlə Afrikanın şimalındakı müsəlman ölkələrində
qızğın mübahisələr doğururdu. Fasda doğulmuş, Nişapurda tərbiyə
və təlim almış İbn-Səbbahın fəaliyyət yeri Suriya və Xorasan
olmuşdur. Harunun, Məmunun, Əmir Teymurun və digər görkəmli
hökmdarların başına islam aləminin bütün tərəflərindən alimlər,
ədiblər toplanıb bir növ Əflatunsayağı akademiya təşkil etmişlər.
Osmanlı sultanlarının sarayları Afrika və Asiyanın ucqar guşələrindən
gəlmiş alimlərin əsl toplantısı idi. Əslən Xivədə doğulmuş birisi
Anadoluda qazilik, müftilik edir. Farsca və ərəbcə yazılmış
ədəbi əsərlər eyni sürətlə yayılır və bütün islam millətləri
arasında tərcüməçilər, təqlidçilər, təfsirçilər meydana çıxırdı.
Hafizin, Xəyyamın, Mövlana Cəlaləddin Ruminin, Əkbər Şahın,
Əbu Ləlanın və s. b. k. məşhur alimlərin, şair və ədiblərin
əsərlərini görməyən, bilməyən bilikli bir islam mütəfəkkirinə
təsadüf olunmurdu.
Göründüyü
kimi, Ə. Ağaoğlu özünün mədəniyyət - həyat tərzi konsepsiyasının
söykəndiyi və əsaslandığı bu empirik, tarixi faktları bir orqanizm
kimi birləşdirən, mənəvi şərtləndirici amil olan dini psixologiyaya,
daha geniş mənada desəm, islam dininin maddi və mənəvi ünsürləri
ilə yoğrulmuş, formalaşmış sosial-psixoloji şəraitin mədəni
müştəkirliyə təsirinə çox böyük əhəmiyyət verirdi.