zərbaycan
musiqi sənətinin şərəfli tarixində elə şəxslər var ki, onların adı
bizim qəlbimizdə daim xoş duyğular oyadır. Bunlardan biri də istedadlı
bəstəkar, yorulmaz təşkilatçı, xeyirxah və səmimi insan Rauf Hacıyevdir.
Artıq yarım
əsrdir ki, onun musiqisi həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Tükənməz enerjiyə malik olan, həyatı hədsiz dərəcədə sevən bu insan
onun rəng çalarlarını və gözəllliyini bütün incəliklərinədək duyaraq
yaşadığı gerçəkliyin real musiqi salnaməsini yaratmağa çalışmışdır.
Müasir
dövrün nəbzi bütün rəngarəngliyi-təzadları, insanpərvərliyi ilə
R.Hacıyevin əsərlərində öz əksini tapmış, doğma yurdun mənzərəsini,
təbiətini, xeyirxah, fədakar insanlarını vəsf edən musiqisi isə
Azərbaycanın simvoluna çevrilmişdir.
Bütün yaradıcılıqı
boyu Azərbaycanın milli mədəniyyətinin zəngin ənənələrindən bəhrələnmiş,
əsərlərinin hamısına milli melodiya hopdurmuş R.Hacıyev özünün fərdi,
orijinal üslubunu yaratmışdı. Böyük istedada malik olan görkəmli
bəstəkar həqiqətən "ürəkdən-ürəyə" yol tapan musiqi yaratmışdı.
Təsadüfi deyil ki, "onun həyat janrı" məhz mahnı oldu
və bəstəkar musiqi sənətində öz yolunu nəğmələrdə taparaq, ömrü
boyu da bu janra sadiq qaldı.
R.Hacıyevin
bəstəkarlıq tərcümeyi-halı konservatoriyaya qəbul olmamışdan çox-çox
qabaq başlanmışdı. Xatırladım ki, onun ilk müəllimləri musiqi sənətimizin
korifeylərindən sayılan K.X.Səfərəliyeva və dahi bəstəkar Ü.Hacıbəyov
olmuşlar1.
1940-cı
ildə, 18 yaşında gənc bəstəkar özünün ilk sifarişini - "Tələbələrin
kələyi" adlı operettasını yazdı. Bu vaxta qədər onun mahnıları
melodikliyi, obrazlılığı və yumoru ilə seçilərək, populyarlıq qazanmışdı.
R.Hacıyevin maraqlı bəstəkarlıq yolu beləcə - Üzeyirbəydən musiqi
aləminə aldığı "xeyir-dua" ilə başlandı.
R.Hacıyevin
digər görkəmli ustadı Qara Qarayev olmuş, konservatoriyada bəstəkarlıq
təhsilini ondan almışdır. Məhz belə diqqətli, təcrübəli ustadın
səyi nəticəsində R.Hacıyevin bəstəkarlıq istedadı geniş və yüksək
peşəkarlıq səviyyəsinə qalxmışdı. R.Hacıyevin janrlar dairəsinə
marağı haqqında danışsaq, deyə bilərik ki, onun yaradıcılığı geniş
janr diapzonu ilə fərqlənir. Əlbəttə, belə müxtəliflikdə özünün
sevdiyi janrlar da var. Onlar geniş dinləyici auditoriyasına yaxşı
tanış olan mahnılar və operettalardır. Mahnı yaradıcılığı, şübhəsiz,
bəstəkarın vizit vərəqəsidir. O, 150-dən artıq mahnı yaratmışdı:
"Mənim Azərbaycanım", "Gənclik valsı", "Yaz
gəlir", "Abidə", "Sevgilim", "Bənövşə"
və s. bu kimi adlar obraz, xarakter, əhval-ruhiyyənin yüksəkliyindən
xəbər verir.
R.Hacıyevin
mahnıları həmişə parlaq rənglər harmoniyasına, zərif naxışlı səs
palitrasına görə tanınır və sevilir. R.Hacıyevin bəstəkar dəsti-xəttinin
yaranması və kristallaşmasında mahnılar onun üçün bir laboratoriya
olmuşlar. Digər tərəfdən mahnı bir "tikinti materialı"
kimi başqa janrlara sızaraq məşhur ustadın yaradıcılıq zirvəsinin
əsasını təşkil etmişdir.
R.Hacıyevin
bəstəkarlıq dəsti-xətti musiqili-teatrda da özünü göstərmişdi. Mahnı
kimi bu da onun yaradıcılığının sevimli bir sahəsi olmuşdur. Əlbəttə
ki, üstünlük operettaya verilirdi. Onu da qeyd edək ki, Azərbaycan
musiqisinin həmin janrının inkişafı məhz R.Hacıyevlə bağlıdır. Əgər
jurnalistlərə inansaq, belə meyl əsasən bəstəkarın xarakteri - onun
enerjisi, həyatsevərliyi, güclü yumor hissi ilə izah olunur.
Operettalardan
6-sı (bunlardan beşi Moskva Operetta Teatrının səhnəsində tamaşaya
qoyulmuşdur) öz problemləri, pafosu, obrazlar dünyası ilə bütöv
bir teatrdır. Onlardan - "Romeo mənim qonşumdur" (1960)
lirik mövzuda, "Təbəssümü gizlətmə" (1969), "Ana,
mən evlənirəm" (1971), "Kuba - məhəbbətim mənim"
(1963) qəhrəmanlıq mövzusunda, "Yolayrıcı" (1981) komediya
janrında, "Dördüncü fəqərə" (1971) adlı operetta-pamfleti
isə Fin satiriki Martti Larninin romanı əsasında yazılmışdır. R.Hacıyevin
hər operettası - respublikadan kənarda belə maraqlı bir hadisə olmuşdur.
Keçmiş ittifaqın neçə-neçə teatrları bunları səhnələşdirmiş və primyeralar
çox böyük uğurla keçmişdir. Onların musiqisi koloritinə görə ifadəlidir,
milli ritm və melodiyası ilə zəngindir, müasir caz, estrada elementiləri
ilə xalq musiqisinin üzvi birləşməsinə bir nümunədir.
1971-ci
ildə R.Hacıyev milli musiqi kadrlarının hazırlanması və professional
musiqi təhsili sisteminin yaradılması məqsədilə Əlcəzairə göndərilmişdi.
O, bu ölkəni qarış-qarış gəzərək, milli musiqini öyrənir, orada
olduğu 5 il müddətində Əlcəzairin ilk 3 baletini yaradır: "Üç
inqilab" (1973), "Alov" (1976), "Hürriyyət"
(1979), Tunisdə, Mərakeşdə, Parisdə, Kubada tamaşaya qoyulmuş bu
əsərlər böyük maraqla qarşılanmışdı2.
Bəstəkarı
xalq rəqslərinin ünsürləri, eləcə də onların yüksək emosional ritm
tonusu xüsusi cəlb edirdi. Konservatoriyanı bitirdikdən sonra o,
"Rəqs lövhələri" əsərini (1954) yazır, sonradan isə "Xoreoqrafik
süita"nı bəstələyir. 60-cı illərin 2-ci yarısında Azərbaycan
balet sənətində bəstəkar və baletmeysterlərin kiçik miniatürlərin
yaradılmasına meylliliyi müşahidə olunurdu. R.Hacıyev də buna bənzər
kompozisiyalar yaratmışdı: "Ləzgihəngi" (1969), "Yallı"
(1970). Bunların səhnə taleyi gözlənilməz dərəcədə müvəffəqiyyətli
idi. Məsələn, "Ləzgihəngi"nin ilk tamaşası Parisdə keçirilən
VII Beynəlxalq rəqs festivalında olmuşdu. Tanınmış Azərbaycan yazıçısı
Anar bu hadisə haqqında belə demişdi: "Başgicəlləndirici hərəkətlər
silsiləsi, ağlasığmaz sıçrayışlar, kişilərin rəqsində mümkün olmayan
cəld hərəkətlər tamaşaçıları heyrətə gətirib, barabanın ruhlandırıcı
ritmi alqışların ritmi ilə üst-üstə düşürdü. "Ləzgihəngi"
rəqsinə edilən alqışlar nəticəsində pərdə 8 dəfə tamaşaçılar qarşısında
açılmışdır."
R.Hacıyev
həmişə çox həvəslə teatr3 və kino musiqisi4 üzərində işləmişdi,
burada onun sözləri ilə desək, "hər bir an saniyələrlə ölçülür
və bəstəkardan maksimum diqqət, bacarıq, professional ustalıq tələb
olunur."
R.Hacıyevin
bəstəkar marağından kənarda qalmayan daha bir dəyərli sahə-simfonik
musiqidir. Onun simfonik üslubunun əsas "əlaməti" mahnı
və rəqs janrlarının buraya fəal nüfuz etməsidir. Bunlar artıq parlaq
və bədii cəhətdən mükəmməl şəkildə bəstəkarın iki erkən əsərində
- indiyədək repertuarlarda qalan5 "Gənclik" simfoniyası
(1953) və Skripka konsertində (1952) həyata keçirilmişdir.
Daha yetkin
yaşlarında bəstəkar üç simfonik poemanı - "Şeyx Sənan"
(1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984)
poemalarını yazmışdır. Poema janrı R.Hacıyevin diqqətini kamera
tərkibli orkestrlər üçün də cəlb edirdi: M.Maqomayevə həsr olunmuş
"Poema-ekspromt", C.Cabbarlı və D.Şostakoviçə həsr olunmuş
digər poemalar buna gözəl misaldır6.
Simfonik
və vokal janrların qovuşuğunda R.Hacıyev kantata-oratorial janra
müraciət etmişdir. 1976-cı ildə yazılmış "Səməd Vurğun"
kantatası bu baxımdan çox maraqlıdır. Bu əsər Azərbaycan musiqisində
həmin janrda yaranmış ən yaxşı nümunələrdən biridir.
Gənc yaşlarından
klassik musiqi ilə yanaşı, Rauf Hacıyev cazla da maraqlanmağa başlamışdır.
18 yaşında ikən o, artıq Tofiq Quliyevin yaratdığı və rəhbərlik
etdiyi ilk Azərbaycan Dövlət caz orkestrinin tərkibində çalırdı.
Bu orkestrdə işləməsi cavan musiqiçi üçün böyük caz və improvizasiya
məktəbi olmuşdur.
Müharibədən
sonra orkestrin rəhbəri R.Hacıyev olur, onun sözlərinə görə bu,
"yüksək dərəcəli orkestr idi".
1948-ci
ildə verilən "İncəsənətdə formalizm haqqında Qərar" bütün
caz kollektivlərinin ləğvinə səbəb olsa da, ancaq caz həm estrada
mahnılarının harmoniya və aranjimanında, həm də musiqiçilərin qəlbində
yaşamaqda davam edirdi. Bir çox caz musiqiçiləri kinoteatrlarda
çalırdı. "Vətən" kinoteatrında "Salon orkestri"
kimi tanınan kollektivə 1949-cu ildən 1956-cı ilə kimi R.Hacıyev
rəhbərlik etmişdi. Bu orkestrin ifaçılarının əsas tərkibi 1954-cü
ildə R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada orkestrinin
özəyini təşkil etdi.
Orkestr
özünün 18 illik fəaliyyəti dövründə (1954-cü ildən 1972-ci ilədək)
demək olar ki, keçmiş İttifaqın bütün şəhərlərində, tez-tez isə
xarici ölkələrdə qastrollarda olmuş, beynəlxalq festivallarda iştirak
etmişdir. Haraya getmişlərsə onları qastrol boyu gurultulu alqışlar
müşayiət etmişdi. Orkestrin nəzdində "Qaya" vokal kvarteti
yarandı: sonralar bu kvartet Azərbaycanın ən məşhur bir musiqi kollektivinə
çevrildi.
Tükənməz,
qaynar enerjili insan R.Hacıyevin musiqi-ictimai fəaliyyəti-onun
istedadının yeni, başqa bir tərəfi idi. 1964-cü ildə o, filarmoniyanın
direktoru, bir ildən sonra isə Mədəniyyət naziri olmuşdur. Bu vəzifə
Rauf Sultan oğluna milli mədəniyyətin bir çox problemləri ilə yaxından
məşğul olmağa imkan vermişdi. Dövlət xor kapellası, Mahnı teatrı,
Dövlət rəqs ansamblı - bu kimi yeni kollektivlər məhz onun təşəbbüsü
ilə yaranmışdı. R.Hacıyevin təşəbbüsü ilə dünyada ilk dəfə Bakıda
xalça incəsənətinin nadir xəzinəsi sayılan xalça muzeyi açılmışdır.
Həmin dövrdə respublikada konsert-qastrol həyatı nəzərə çarpacaq
dərəcədə fəallaşır, bir çox yubileylər, mədəniyyət dekadaları, caz
festivalları keçirilir.
R.Hacıyev
ən şərəfli titullara, o cümlədən SSRİ xalq artisti adına layiq görülmüşdü.
Öz yaradıcılığı ilə Azərbaycan musiqisini dünyanın bir çox qitələrində
təbliğ edən, dinləyicilərin qəlbini ovsunlamış Azərbaycan sənətkarlarının
sırasına onun adı qızıl hərflərlə yazılmışdır. R.Hacıyevin musiqisi
bu gün də bizim əməllərimizdə, fikrimizdə, ürəklərimizdə yaşayır.
Bu nəğmələr bizi daha xeyirxah, gələcəyə daha inamlı, bir-birimizə
mehriban olmağa səsləyir... Bütün bunlar - Rauf Hacıyevin bizə bəxş
etdiyi ən qiymətli xəzinədir.
Müğənnilər
onun mahnılarını bu gün də əvvəlki tək həssaslıqla oxuyur, onun
simfonik əsərləri konsert zallarında səslənir. Onun yaradıcılığına
Azərbaycandan uzaqda da müraciət edilir. Haqqında məqalələr yazılır
və verilişlər hazırlanır.
Bu yaxınlarda
görkəmli bəstəkarın populyar əsərlərindən ibarət yeni kompakt-diskin
həyat üzü görməsi bir daha sübut edir ki, əsl musiqi həmişəyaşar
və əbədidir.
QEYDLƏR
1. Üzeyir
və Zülfüqar Hacıbəyov qardaşları R.Hacıyevin babası - böyük alim
və maarifçi Həsənbəy Zərdabinin ən yaxın dostlarından biri idilər.
2. Əlcəzairdə
yaşadığı dövrdə R.Hacıyev eləcə də fortepiano üçün "Əlcəzair
rəqsi", skripka və fortepiano üçün "Əlcəzair poeması"nı
yazmış, xor və orkestr üçün 15 xalq mahnısını işləmişdir.
3. R.İsmayılovun
"İki ailə", Ş.Qurbanovun "Sənsiz", İ.Şıxlının
"Müxtəlif yollar" və s.
4. Kinofilmlərdən:
"Qara daşlar", "Kölgələr sürünür", "Əhməd
haradadır?", "Mən rəqs edəcəyəm" və b.
5. Çox
sonra yazılmış, İkinci simfoniya (1982) mahnıvari rəqsli simfonizm
ənənələrini davam etdirir.
6. R.Hacıyevin
yaradıcılıq portfelində maraqlı kamera
instrumental əsərləri çoxdur.
|