usiqi
sənətinin simfoniya kimi mürəkkəb bir janrında bəstələnmiş hər bir
dəyərli əsərin dərin təhlili və bədii estetik şərhi tədqiqatçının
səviyyəsini parlaq əks etdirirsə, iyirmi illik dövr ərzində müxtəlif
nəsillərə mənsub bəstəkarlarımızın rəngarəng üslublu və ciddi ideya-bədii
məzmunlu bir çox simfonyaları haqqında sanballı elmi əsər yaratmaq
qat-qat böyük hünər və əsl peşəkarlıq tələb edir. Monoqrafiyada
Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mizazadə, Vasif
Adıgözəlov, Aqşin Əlizadə kimi məşhur sənətkarlarımızın əsərləri
ilə yanaşı nisbətən az (və ya çox az) tanınan bəstəkarların yaradıcılığına
da yer verilməsi göstərilən dövrdə ən mühüm "simfonik" prosesləri
işıqlandırmaq baxımından təqdir olunmalıdır. Qarşıya qoyulmuş bu
çətin, məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmiş "Simfoniyanın
fəzası" adlı elmi monoqrafiya Azərbaycan musiqişünaslıq məktəbini
müasirliyin aydın üfuqlərinə aparmaq iqtidarında olub, yəqin ki,
bəstəkarlarımızın da diqqətini cəlb edəcək və onların yaradıcılığına
təsirsiz qalmayacaqdır.
Kitabda
simfoniya janrının müasir vəziyyəti, XX əsrin ikinci yarısında keçirdiyi
müxtəlif səciyyəli və güclü təbəddülatları imkan daxilində dünya
musiqi kontekstində nəzərdən keçirilmiş, bu barədə son zamanlar
meydana gələn yeni elmi-nəzəri baxışlara şəxsi münasibət bildirilmiş,
məsələyə fəal müdaxilələr edilmişdir. Nəticədə Azərbacan simfoniyasını
dərindən tədqiq etmək üçün möhkəm elmi-metodoloji zəmin hazırlanmışdır.
Zümrüd
Dadaşzadə tədqiqat obyekti kimi götürdüyü əsərlərə çox vaxt geniş
sənətşünaslıq miqyasında nəzər salmış, zamanın əsas bədii-estetik
ideyalarından və onların müxtəlif sənətlərdəki təcəssüm xüsusiyyətlərindən
çıxış etmişdir. Mövzunun problematikası o qədər geniş və mürəkkəbdir
ki, bir tədqiqat daxilində Azərbaycan simfoniyalarının ümumi mənzərəsi
və ya tarixi-xronoloji qaydada izlənilməsi kimi məsələlərlə də kifayətlənmək
olardı. Lakin müəklif dövrün əsas təmayüllərini əks etdirən simfonik
partituraları həmçinin "iri planda" da nəzərdən keçirməklə, onların
incəliklərinə varmış, təhlil etdiyi əsərlərin bədii məzmununu dəqiq
və ya aydın şəkildə aça bilmişdir. Musiqişünas Azərbaycan simfoniyalarının
təsnifatı kimi geniş əhatəli bir məsələnin həlli üçün yenə də zərgər
dəqiqliyi ilə apardığı təhlillərə əsaslanmış, iri və ümumi planlı
tədqiqat metodlarını uzlaşdırmışdır. Ənənəvi simfonik silsiləyə
və onun dramaturji tiplərinə (dramatik, epik, lirik) yaradıcı münasibət
C. Hacıyevin V simfoniyasında, V. Adıgözəlovun III simfoniyasında,
X. Mirzəzadənin "Triptix" əsərində araşdırılmışsa, A. Məlikovun
Simlilər üçün IV simfoniyasında, A. Əlizadənin "Muğamvari", M. Quliyevin
"Muğam" simfoniyalarında muğamın güclü təsirləri sayəsində janrın
yeniləşdirilməsi sübut edilmişdir. Bir sıra simfoniyalarda (Q. Qarayev
və F. Qarayev - "Qoyya", A. Məlikov - "Təzadlar"; F. Qarayev - "Tristessa")
teatrallıq prinsiplərinin aşkarlanması da uğurlu nəticələr vermişdir.
Müasir
musiqidə, o cümlədən Azərbaycanda simfoniyanın daha genişlənmiş
və həm də sərbəstlik qazanmış bədii imkanları, bənzərsiz üslub keyfiyyətləri,
milli ənənələrin parlaq təzahürü, sənətlərarası əlaqələrin (xüsusən
də, teatrallığın simfoniyaya təsiri) və s. tədqiqatın çoxplanlı
şəkildə aparılmasını tələb etmişdir. Müəllif metodoloji səciyyəli
məqamları da, seriya, aleatorika, sonorika, minimalizm və başqa
texnoloji vasitələr arsenalını da, muğam təfəkkürünün təsirlərini
də eyni dərəcədə də məharətlə təhlil etmiş, mühüm estetik ümumiləşdirmələrə
nail olmuşdur. Müxtəlif üsullarla araşdırılan, sakit, lakin daxilən
təsirli şəkildə oxuculara təqdim olunan inandırıcı bədii həqiqətlər
düz hədəfin mərkəzinə dəyir.
Musiqişünasın
bu nailiyyəti, şübhəsiz, boş yerdə qazanılmamışdır. Onun tanınmış
sələflərinin, hörmətli müəllimlərinin, eləcə də sonrakı nəslə mənsub
həmkarlarının da əməyi danılmazdır. Zümrüd Dadaşzadə öz elmi rəhbəri
və hazırkı nəşrin elmi redaktoru Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovaya
xüsusilə minnətdardır.
Əsərin
çoxsaylı və sanballı biblioqrafiyasında Azərbaycan musiqişünaslarına,
o cümlədən yeni qüvvələrin adlarına rast gəlirik. Xüsusən qapalı
peşəkar "sexi" daxilində qələm çalan nisbətən gənc musiqişünaslarımızın
"Simfoniyanın fəzası" işığında ehtiramla təqdim olunması xoş təsir
bağışlayır. Eyni zamanda mövzu üzrə geniş ədəbiyyat yaxşıca öyrənildiyi
üçün, elə bilirik ki, monoqrafiyada adlar indeksinə müəyyən ehtiyac
duyulur.
Zümrüd
Dadaşzadə müxtəlif milli məktəblərin simfonik ədəbiyyatına və onların
musiqi-estetik şərhinə böyük diqqət göstərmiş, ilk növbədə sabiq
İttitfaqın görkəmli mütəxəssislərinin tədqiqatlarından yaradıcılıqla
bəhrələnmiş, beləliklə də, əhəmiyyəti Azərbaycanın hüdudlarını aşan
dəyərli elmi əsər yaratmışdır.
Musiqişünas
sovet məkanının mərkəzi orqanlarında Azərbaycan simfoniyalarına
kifayət qədər diqqət verilməməsindən gileylənir, "paytaxt" musiqişünaslığından
öyrənməklə yanaşı, onlarla açıq polemikaya girir, fikir və mülahizələrini
inandırıcı şəkildə sübuta yetirir. Belə tədqiqatlardan sonra dahi
Qara Qarayevin əsasən bəstəkarlarımıza şamil etdiyi "Biz də dünyanın
hissəsiyik" kimi dərin mənalı sözlərini təkrar etməyə musiqişünaslarımızın
da haqqı xeyli artır.
Müəllif
düzgün təhlil metodlarının və polad məntiqin əsasında incə mətləblərə
nüfuz edə bildiyi üçün kitabda obyektiv ruh hökm sürür. Eyni zamanda
oxucu tədqiqatçının alicənab tənqid ədasından da zövq alır. Daha
çox musiqişünaslıq yazılarına ünvanlaşmış iradlar çox vaxt başqa
nöqteyi-nəzər və ya müəyyən təshihlər şəklində söylənilsə də mühüm
məsələlərə yenilik gətirir. Zənnimcə, belə bir xeyirxah tənqidlə
"şəxsən" qarşılaşanlar bunca nəzakətli davranışdan inciməz.
Monoqrafiyanın
ən qiymətli və sevindirici cəhətlərindən biri də onun səlis və zəngin
bir dildə yazılmasıdır. Simfoniya kimi ciddi musiqi janrının müasir
təmayülləri haqqında sırf elmi əsərin dilimizə yatan, ruhumuzu oxşayan,
şüurumuza nur saçan parlaq ədəbi üslubu, sözsüz ki, müəllifin böyük
nailiyyətidir. Gücsüzlər bu dildə musiqişünaslıq üslubunun hələ
də axsadığından, terminoloji aparatın tam təsdiq olunmadığından
gileylənirsə, əsl peşəkar həmin maneələri, həmin çətinlikləri məharətlə
dəf edir. Zümrüd Dadaşzadə demək olar ki, termin yaradıcılığı ilə
məşğul olmasa da, araşdırdığı mövzunu və dilin tükənməz ehtiyatlarını
gözəl bildiyindən öz fikirlərinin kamil ifadəsinə müvəffəq olmuşdur.
Bu
gün dünya şöhrətli bəstəkarlarımızın ənənələri layiqincə davam etdirilərkən,
musiqişünaslarımızın da beynəlxalq səviyyəyə çıxması həyati əhəmiyyət
daşıyır. Sənətkarlarımızın əsərləri müxtəlif ölkələrin konsert salonlarında,
müvəffəqiyyətlə səsləndirilir, onların bədii məziyyətləri, milli
koloriti və s. cəhətləri xarici mütəxəssislər tərəfindən dərhal
qavranılır. Azərbaycan ziyalıları isə Məmməd Quliyev, Afaq Cəfərova,
Azər Dadaşov, Rəhilə Həsənova (hələ cavanları demirik) kimi yaradıcıların
olsa-olsa adları ilə tanışdırlar. Korifeylərimizin əsərləri barədə
isə tez-tez eşitdiyimiz "fəlsəfi məzmunlu konsepsiya, müasir problemlərin
həlli, zəngin mənəvi aləmin inikası" və başqa abstrakt anlayışların
müfəssəl elmi şərhinə böyük ehtiyac vardır.
Azərbaycan
simfoniyası dünya mədəniyyətinə qovuşmuş olan milli mədəniyyətimizin
aynasıdır. Onlar sənətkar qəlbinin odu ilə güclü zəkanın vəhdətindən
yaranıb, öz dərin fikir və hisləri ilə, ən ülvi duyğular aləmi ilə
öz müasirlərinə və ilk növbədə həmvətənlərimizə ünvanlanıb. Bəstəkarlarımızın
ən mürəkkəb əsərləri haqqında son və qəti söz Azərbaycan musiqişünaslarına
məxsusdur. "Simfoniyanın fəzası" ilə aydınlığa doğru inamla addımlayan
müəllif bu fikri əməli təsdiq edir.
Musiqişünaslıq
qarşısında son dərəcə məsuliyyətli və çoxsaylı vəzifələr durduğu
bir zamanda əyalət düşüncəsi ilə yaşayan mənsəbpərəstlərin elm sahəsinə
üz tutması və bəzən heç bir maneə ilə rastlaşmaması həqiqətən acı
təsadüflər doğurur. Lakin bu cür "alimlər" əsl yaradıcı qüvvələr
qarşısında məhkum edilmiş, onların elmi "məlumatları" da gec-tez
aradan çıxacaqdır. Nə yaxşı ki, belə bir ağır şəraitdə müasir tələblərə
cavab verən yüksək səviyyəli tədqiqatlar da yaranır.
Vaxtında
meydana gəlmiş "Simfoniyanın fəzası" əsasən fəaliyyətdə olan görkəmli
bəstəkarlarımızın simfoniyalarına həsr olunmuşdur. Zümrüd Dadaşzadə
Azərbaycan simfonik məktəbinin bütün nümayəndələri ilə əməkdaşlığa
can atır, onların yaradıcılıq laboratoriyalarına bir qonaq kimi
deyil, əsl ekspert kimi baş vurur, gözəl sənət əsərlərini müasirlərmizə
anlatmaq üçün gərgin əmək sərf edir.
Ümumiyyətlə,
bədii təcrübənin ardınca gedən sənətşünaslıq elmlərinə elə əzəldən
təqibedən rolu nəsib olmuşdur. Bu sahə mütəxəssisləri zamanə ilə
ayaqlaşmağa ciddi cəhd göstərməli, ən aktual ictimai və bədii ideyaları
dərk etmək üçün bütün qüvvələrini səfərbər etməlidirlər. Etiraf
olunmalıdır ki, musiqişünaslıq sahəsində bu ağır və məsuliyyətli
vəzifənin icrası daha böyük çətinliklərlə bağlıdır. Öz peşəsi ilə
sənətə, mədəniyyətə və xalqa xidmət etmək istəyən musiqişünaslar
bu gerçəyi yaxşıca bilməli, bəstəkarlar isə onlara həm tələbkarlıqla,
həm də düzgün anlayışla yanaşmalıdırlar.
Musiqi
dilinin immanent xassələrini açıqlamaq, yeni ahəng və səslənmələrdə
onları doğurmuş fikir və duyğuları "eşitmək", simfoniyanın qeyri-adi
və bir-birinə bənzəməyən dramaturgiyasında mənəvi dəyərlərin inikasını
görmək zəhmət və peşəkarlıqdan başqa, şübhəsiz, müəyyən vaxt da
istəyir. Rəy verilən kitab dövrün qaynar bədii hadisələri hələ soyumamış
halda yazılmış, onun əsasını təşkil edən dissertasiyanın müdafiəsi
və müvafiq məqalələrin yayınlanması isə bir az da əvvəl baş vermişdir.
Elmi və publisistik fəaliyyəti ilə zəmanəsinin nəbzini tutmağa çalışan
müəllif hələ öz kitabının bir on il qabaq çıxmamasına təəssüflənirsə,
onun yaradıcılıq əzmini və amalını başa düşmək çətin deyildir. Bu
istək bədii təcrübə ilə nəzəriyyə arasındakı qaçınılmaz zaman məsafəsini
qısaltmaq məqsədindən xəbər verir.
Musiqişünaslıq
işləri ilə müqayisədə həmin ixtisasın tədrisi bir qayda olaraq müasir
bəstəkarlıq sənətindən daha geri qalır. Bu baxımdan mövcud proqramlarla
kifayətlənməyib, dövrün yaradıcılıq proseslərini dərk etmək arzusunda
olan tələbələr üçün "Simfoniyanın fəzası" öyrədici bir vəsait də
ola bilər. Monoqrafiya - "Müasir tədqiqat və müasir tədqiqatçı necə
olmalıdır?" - kimi həmişə aktual olan suala əyani cavab verir, bu
yolda gəncləri (və təkcə onları yox) gözləyən çətinliklərin nələrdən
ibarət olduğunu parlaq şəkildə açıb göstərir. Ənənəvi nəzəriyyənin
qüsurlarını dəf etməkdə müəllifin səmərəli peşəkar fəaliyyəti də
şəxsi nümunə kimi baxıla bilər. Onu da xatırladaq ki, Zümrüd Dadaşzadənin
bir musiqişünas kimi püxtələşməsində, mühüm ictimai və mədəni vəzifələrə
can atmasında genlərinin və ailə tərbiyəsinin də rolu olduqca əhəmiyyətli
olmuşdur.
Əlbəttə,
resenziya vasitəsilə böyük tədqiqatların məzmununu bütün dolğunluğu
ilə əks etdirmək mümkün deyildir. Biz heç belə bir məqsəd də güdməmişik.
Əminik ki, kitab özünə geniş oxucular dairəsi qazanacaq. Musiqi
mütəxəssisləri və tələbələr, sənətşünas və filosoflar, ziyalı və
musiqisevərlər "Simfoniyanın fəzası"nda özləri üçün mütləq nəyisə
kəşf edəcəklər.