Redaksiyadan      
      
          
1  

Bu ilin yayında "Musiqi Dünyası" jurnalının redaktoru Anna Əmrahova Moskvaya,
yaradıcılıq ezamiyyətinə getmişdi. Bu səfərdən məqsəd - Moskvada yaşayıb yaradan musiqişünas xadimlərlə əlaqə yaratmaqdan və dövlətlərimizinin - istər Rusiyanın, istərsə də Azərbaycan ictimai-siyasi quruluşunun yeniləşməkdə olduğu son illər ərzində yaranmış informasiya vakuumunu (Azərbaycan Rusiya haqda, Rusiyada isə Azərbaycan haqqında informasiya vakuumunu) mümkün qədər aradan qaldırmaq üçün musiqişünaslıq elminin ən maraqlı yeniliklərini bizim jurnalın səhifələrində dərc etməyə hazır olduğumuzu bildirməkdən ibarət idi.

Ezamiyyət müddətində "Musiqi dünyası" jurnalını populyarlaşdırmaq üçün müəyyən işlər görülmüşdür: Rusiyanın tanınmış musiqişünas alimləri və musiqi nəzəriyyəçiləri ilə Rusiya paytaxtının kitabxanalarında, jurnal redaksiyalarında, Rusiya Konservatoriyasında çoxsaylı görüşlərin iştirakçıları yeni nəşrə böyük maraq göstərdiklərini bildirmişlər.

A. Əmrahova öz həmkarları - moskvalı tələbələrin ən sevimli müəllimlərindən olan
Y. N. Xolopov, V. N. Xolopova, V. V. Meduşevski, İ. A. Barsova, S. İ. Savenko, V. S. Tsenova və bir sıra başqa tanınmış musiqişünaslarla görüşüb söhbət etmiş, müasir musiqişünaslığın ən aktual problemləri barədə ətraflı fikir mübadiləsi aparmışdır.

Bəzən saatlarla davam edən bu söhbətlərdə moskvalı musiqişünaslar "Musiqi dünyası" jurnalı üçün müsahibə vermək barədə xahişimizi çox samimi qarşılamış, bu jurnalın səhifələrində məqalələr dərc etdirmək haqda təkliflərimizi məmnuniyyətlə qəbul etmişlər, Azərbaycan musiqisinin bugünkü vəziyyəti, bəstəkarlarımızın son illərdə yaratdığı yeni əsərlər, bizim musiqişünasların hazırda hansı problemlər üzərində işləmələri, Azərbaycan Opera teatrında hansı əsərlərin tamaşaya qoyulması barədə çoxsaylı suallar Azərbaycan musiqişünaslığının problemlərinə moskvalı həmkarlarımızın biganə olmadığını, bu problemlərə moskvaların səmimi marağını əks etdirirdi. Biz də, öz növbəmizdə, müasir musiqinin ən yeni istiqamətləri, musiqi sahəsində yeni üslub və ifadə vasitələri ilə maraqlandırdıq.

Əziz oxucu! Jurnalımızın bu nömrəsindən başlayaraq moskvalı musiqişünasların silsilə məqalələrini dərc edəcəyik. Bir qismi (məsələn, V. V. Meduşevskinin və S. İ. Savenkovun işləri) məxsul olaraq bizim jurnal üçün yazılmış, bir qismi isə (məsələn, İ. A. Barsovanın və V. N. Xolopovanın 1995-ci ildən sonra yazdıqları məqalələr bu yaxınlarda çap edilmiş olsa da, onlar xalis ixtisaslaşmış nəşrlərdə dərc edildiyinə görə, oxucuların əksəriyyəti üçün əlçatmazdır) moskvalı həmkarlarımızın öz arxivlərindən seçərək lütfən bizə təqdim etdikləri bu məqalələrdə müasir musiqişünaslığının ən aktual problemlərindən söhbət açılır.
V. S. Tsenova da eyni dərəcədə lütfkarlıq göstərərək, S. Qubaydulina haqqında yazdığı, hələ işıq üzü görməmiş yeni monoqrafiyanın ayrı-ayrı fəsillərini bizə təqdim etməyə söz vermişdir. Y. N. Ştokhauzen haqqında məqaləsi isə postsovet dövlətlərinin mədəni arealı ərazisində hələ işıq üzü görməyib. Orijinalı alman dilində yazılmış həmin məqalə məxsusi olaraq bizim jurnal üçün rus dilinə tərcümə edilib.

Fikrimizcə, bu genişmiqyaslı mədəni aksiya bizim nəşrin beynəlxalq status qazanması yolunda daha bir ciddi addım olacaqdır.

Redaksiyadan


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home About site