|
|
|
EL AŞIĞI
Necə deyərlər, aşığı ölkədə müqəddəs
hesab edirlər, onun ifaçılıq sənətini yüksək qiymətləndirirlər.
Elə bir toy tapmazsan ki, aşıqlar olmasın. Musiqi sevər xalq sanki
aşıqlarla nəfəs alır. Təbrizdə, Urmiyyədə, Qaradağda, Tehranda,
Zəncanda, Ərdəbildə və sair yerlərdə toy büsatlarında aşıqların
deyişməsi adət halını almışdır. Belə hallarda məclislər sübhə qədər,
necə deyərlər, xoruzların sonuncu banınadək davam edir.
Bir çox aşıqlar, o cümlədən Təbrizin adlı sanlı Aşığı Həsən İskəndəri
dünyanın otuzdan artıq ölkəsində qastrol səfərlərində olub, elini-obasını
tərənnüm edib və şöhrət qazanıbdır. O, Şərq ölkələrinin, demək olar
ki, çoxunda olub, dəfələrlə Yaponiyaya dəvət olunaraq orada da maraqlı
konsert proqramı ilə çıxış edibdir. Hələ üstəlik iki aşıq gəraylısını
Yapon dilində ifa edib, dəfələrlə alqışlarla deyişib, tamaşaçıları
valeh edib. Onun oğlu Əli də atasının sənətini davam etdirir. O,
da həm sazda, həm də qarmonda mahir ifaçılıq sənətinə görə İranda
tanınır. Ustad aşıq hər il AFR-ə də dəvət olunur. Orada da maraqlı
proqramla çıxış edir. Alman dilində ifa etdiyi aşıq havaları ona
böyük şöhrət gətirir. Haqlı olaraq İran aşıqları onu özlərinin ağsaqqalı
sayırlar.
Aşıq Çingiz Mehdipuru çoxları İranın
Aşıq Ədaləti adlandırırlar. Ustad
aşığın məharətlə ifa etdiyi "Yanıq
Kərəmi" hamını valeh edir. Məclislərdə
bəzən bu çətin ifa olunan, Kərəmin
ah- naləsini özündə cəmləşdirən
havasını azı 10-15 dəfə, bəzən
də daha çox çaldırırlar. "Yanıq Kərəm"
onun ifasında Aşıq Ədalətin ifa etdiyi
kimidir. Təbrizdə hamı onu Çingiz-Ədalət
deyə çağırır. Bu ifaçılıq
sənətini ona əmisi Eynulla Mehdipur öyrədib.
| |