ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
 


       Musiqi mədəniyyəti tarixini müxtəlif rakurslardan işıqlandırmaq olar. Biz bu tarixə ənənəvi yollardan bir qədər fərqli, musiqi nəsillərinin taleyi baxımından nəzər sala bilərik. Musiqi tarixində silinməz iz qoymuş nəsillərdən biri – Rostropoviçlər nəslidir.
       Əsrlərin yaddaşında qalan və həmişəyaşar Rostropoviçlər nəsli kökü etibarı ilə bir neçə dövrü əhatə edir. Bu nəslin layiqli davamçıları indi də yaşayır və yaradırlar. Məqalədə Rostropoviçlər nəslinin ilk nümayəndələri haqda söhbət açarkən, müasir dövrdə yaşayan M. L. Rostropoviç yaradıcılığının əsrarəngiz aləmi anmaya bilməz.
       Demək olar ki, Rostropoviçlər nəslinin hər bir nümayəndəsinin musiqi istedadı və musiqiyə hədsiz marağı olmuşdur. Musiqi ifası Rospropoviçlər ailəsi üçün bir ənənə idi. Onlar gözəl oxuyur və fortepianoda çalırdılar. Bu nəslin bir neçə nümayəndəsi öz həyatını tam musiqiylə bağlamış və professional musiqiçi olmuşlar.
       Buna görə də bu nəsli musiqiçilər nəsli adlandırmaq olar. Nəslin hər bir nümyəndəsinin üstün cəhətləri, musiqi istedadı, insani keyfiyyətləri bütünlüklə Mstislav Leopoldoviç Rostropoviçdə cəmlənmişdir. Məhz buna görə də M. L. Rostropoviç nadir istedada malik musiqiçi, gözəl insan, "Dünya vətəndaşı" – bir sözlə Rostropoviçlər zadəgan nəslinin layiqli nümayəndəsi kimi bütün dünyada tanınınr.
       Rostropoviçlərin uluları Polşa və Litvada yaşamış və Rostropoviçyuslar adlanırdılar. Rostropoviçyusların əsaslı nəsl tarixləri Yan Rostropoviçyusdan (I nəslin nümayəndəsi) gəlir. Qeyd etmək istərdik ki, bu nəsildə rus, polyak, litva və çex xalqlarının nümayəndələri olmuşdur. II nəslin nümayəndəsi – Matvey, III nəslin nümayəndəsi – Simon və IV nəslin nümayəndəsi Yan Rostropoviçyuslar olmuşlar. Onların nəsli qədimdən "Inam, Namus, Vəzifə" şüarı altında "Boqorıya gerbi" ilə qeyd olunurdu.
       1851-ci ildən Varşava deputatlarının ümumi iclasında (V nəslə aid olan) polyak Iosif Rostropoviçyus və uşaqları zadəgan rütbəsi ilə təltif olunurlar. Iosif Rostropoviçyus milliyətcə çex olan qızla – Fransişka Qauşild ilə evlənir və şəhər hakimi vəzifəsinə qədər yüksəlir. Iosif və Fransişkanın oğlu Hannibal Vladislav Rostropoviç (VI nəslin nümayəndəsi) Varşavada yerləşən malikanədə məskunlaşmışdı. 1856-cı ilin aprelində o, Florensiya Bronislava ilə (1834–1915) nigah bağlayır. Hannibal Vladislavdan başlayaraq Rostropoviçyuslar nəsli artıq Rostropoviçlər adlanırlar. Hannibal Vladislav Rostropoviçin 5 oğlu: Vitold (1858–1913), Hedemin Konstantin (1859–1903), Keystut Vladislav (1866–1937), Olgerd Mstislav (1866–1891), Boleslav Hannibal (1868–1923) və 4 qızı dünyaya gəlir. Demək olar ki, hal hazırda Polşada bu ailənin nümayəndələri yaşayırlar.
       Ailənin böyük oğlu Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Hannibaloviç Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-cı ilin sentyabr ayında V. Rostropoviç "Oğlanlar gimnaziyasında" fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən V. Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar.
       1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu V. Rostropoviçin də böyük rolu olmuşdur. 1880-ci illərin ortalarından başlayaraq V. H. Rostropoviç musiqi əsərlərinin müəllifi və redaktoru kimi məşhurlaşır. Musiqinin əsrarəngiz aləminə qapılan V. Rostropoviçin bütün həyatı boyu bu sahədə fəaliyyət göstərməsi, onun musiqiyə qırılmaz tellərlə bağlı olduğunu təstiq edir. V. H. Rostropoviç 1913-cü il sentyabr ayının 25-də qəflətən vəfat edir. V. H. Rostropoviçin yaradıcılıq fəaliyyətindən göründüyü kimi musiqi Rostropoviçlər nəslində aparıcı mövqe tutur.
       Əvvəlki nəsillərdə musiqiyə olan məhəbbətə isə V. Rostropoviçin kiçik oğlu (VIII nəslə aid olan) Leopold varis olmuşdur. O, 1892-ci il fevralın 26-da dünyaya göz açmışdır. Leopold hələ kiçik yaşlarından atasından fortepianoda çalmağın, bəstələməyin yollarını öyrənirdi, lakin onun professional gələcəyini violonçelist A. Lukiniçlə görüşü təyin etdi. Milliyyətcə çex olan A. Lukiniç Vitold Rostropoviçlə ansamblda çalırdı. Məşqlərdə iştirak edən kiçik Leopold violonçel alətinə vurulur. Lukiniç Leopoldla ciddi məşğul olur. Və 1904-cü ildən artıq 12 yaşlı Leopold konsertlərdə çıxış etməyə başlayır. Leopoldun yükcək eşitmə qabiliyyəti, gözəl yaddaşı və nəsildən nəslə keçən artistizmi, estradaya məhəbbəti var idi. Əgər zalda tamaşaçılar çox olurdusa, o daha da yaxşı çalırdı. 1905-cı ildə Leopoldun 13 yaşı tamam olur və atası onu Peterburq Konservatoriyasına imtahanları verməyə aparır.
       Leopoldun ifasına Peterburq violonçel məktəbinin o vaxtkı baş rəhbəri A. Verjbiloviç qulaq asır, və o saat onu öz sinfinə götürür. Fortepianonu atmaq istəməyən Leopold fortepiano ilə parallel məşğul olmağı qərara alır və A. Yesipovanın sinfinə qəbul olunur. Yesipova ilə məşqlər çox davam etmirdi, lakin bu qısa zamanda Leopoldun ifa etmə texnikası möhkəmləndi. O, bütün ömrünü fortepiano ilə bağladı və öz tələbələrini müşayət edərkən hesab edir və deyirdi ki, fortepiano hər bir professional musiqiçinin təkmilləşməsi üçün əsasdır.

       Maddi vəziyyətə görə Leopold 18 yaşından dərs deməyə başladı. O, 1910-cu ildən N. Bıstrov adına Peterburq musiqi məktəbində müəllimlik edirdi. Uşaqları violonçeldə çalmağı öyrədirdi.
       Erkən pedaqoji səriştəsi sonralar ona çox kömək elədi. 1910-cu ildə konservatoriyanın qızıl medalla bitirən L. Rostropoviç qastrol səfərlərinə çıxır. Bir çox ölkələrdə, o cümlədən də Parisdə müvəffəqiyyətilə çıxışı haqda nəinki fransız mətbuatında, həmçinin amerika və ingilis mətbuatında da məlumat verilir. Və L. Rostropoviç üçün "Violonçelist solist L. Rostropoviç" adlanan xüsusi reklam prospekti buraxılır. Orada resenziyalar yazılır və onun artistlik məharəti xüsusi qeyd edilirdi. Yazırdılar ki, L. Rostropoviç nadir texnikası ilə, ahənkgdarlığı, melodikliyi, ifaçılıq temperamenti və virtuozluğu ilə dinləyiciləri valeh etmişdir. L. Rostropoviçi "musiqi sənətində yeni bir hadisə hesab edirdilər" və bu isə, 18 yaşlı musiqiçinin parlaq gələcəyindən xəbər verirdi. Bir qədər pul yığıb L. Rostropoviç məşhur ispan violonçelisti Pablo Kazalsdan" master-klass "dərsləri alır. 1911-ci ilin yayında o, Rusiyaya qayıdır və payızdan konsert verməyə başlayır. Rostropoviç Voronejdə olarkən konsert sifarişləri alır . Sevastopolda o, A. Qlazunovun rəhbərlik etdiyi orkestrlə bərabər K. Davidovun 1-ci konsertini ifa edir, Rostov-Don və Kazan şəhərlərində isə gələçəkdə sovet bəstəkarı kimi tanınan S. Vasilenko ilə qastrol səfərlərində olur. 20-yaşında ikən artıq onun gələcəyi parlaq və müvəffəqiyyətli görünürdü.
       Peterburq həyatı çox dolğundu, iş təkcə orkestrlə tamamlanmırdı. Rostropoviç çox zaman Rusiyanın bir sıra şəhərlərində, Tiflisdə, Bakıda qastrol səfərlərində olurdu. O, "fitri istedada malik bir musiqi nəhəngi kimi" yaddaşlara həkk olunmuşdur. Onun daimi repertuarında Sen-Sansın konserti, I. S. Baxın süitaları, P. I. Çaykovskinin pyesləri, A. Arenskinin, S. Massnenin əsərləri vardı. Rostropoviç hamı tərəfindən an sambılçı kimi də qiymətləndirilirdi.
       Pedaqoji fəaliyyəti ilə bu illərdə o məşğul olmurdu. Gözəl, çazibədar, musiqi cəmiyyətini sevən bir insan sevinclə yaşayır, yaradır, bütün mənalı həyatını incəsənətə, musiqiyə həsr edirdi.
       1918-ci ildə oktyabr çevrilişindən sonra o işsiz qalır. Petroqradda aclıq başlayır və Rostropoviç məcburiyyət qarşısında Saratova köçür, orada ona Povoljye şəhərlərinin violonçel lideri rolu hazırlanırdı. Saratovda H. Rostropoviç 4-il çalışır. Onun tələbələri arasında gələcəkdə tanınmış violonçelist Raya Qarbuzova da var idi.
       Konsert turnelərindən biri Leopoldu Orenburqla bağlayır. Burada konsertdə istedadlı musiqiçi Sofya Fedotova muşayiət edirdi. S. Fedotova şəhərin musiqi həyatının inkişafında misilsiz xidmətləri olan pianoçu Olqa Fedotovanın kiçik qızı idi. S. Fedotova Moskva Konservatoriyasında professor K. Iqumnovun sinfində məşğul olurdu. Iki gənc arasında bir-birinə qarşı olan böyük məhəbbət tezliklə Sofya və L. Rostropoviçin ailə qurmasına səbəb olur.
       L. Rostropoviç bu seçimdə özünə əks xarakterli bir qız seçmişdi: səbrli, dinməz, çalışqan. S. Fedotova ilə ailə quran L. Rostropoviçin Veronika adlı qız övladı dünyaya gəlir. 1925-illərin ortalarında gənc ailə böyük bəstəkar Ü. Hacıbəyovun dəvəti ilə Bakıya gəlir və Azərbaycan Dövlət Konservatoriyasına işləməyə dəvət olunur. L. Rostropoviç bu dövrü həyatının ən maraqlı səhifəsi hesab edir. Azərbaycan Dövlət Konservatoriyası nəzdində ilk simli kvarteti yaradanlardan biri kimi L. Rostropoviçin Azərbaycan professional violonçel məktəbinin inkişafında əvəzsiz xidmətləri olmuşdur. O, həyatının Bakıda keçən dövründə ifaçı, bəstəkar və pedaqoji fəaliyyətlərini birləşdirmişdir. L. V. Rostropoviçin bəstəkarlıq fəaliyyəti romantik xarakter daşıyırdı. O, 4 violonçel konsertinin, fortepiano və violonçel üçün pyeslərin, fortepiano əsərlərinin müəllifi kimi sözsüz ki, öz tələbələrinə təsir göstərib. Bakıda olarkən çox mahnılar bəstələyib. L. V. Rostropoviçin şagirdləri arasında Asəf Zeynallının adını çəkmək lazı mdır. O, Rostropoviçin sinfində violonçel dərsi alır və onun ən yaxşı tələbələrindən biri sayılırdı. Həyat yoldaşı S. Rostropoviç də Azərbaycan Dövlət Konservatoriyasında fortepiano fakultəsi üzrə çalışırdı. Rostropoviçlərin mənzilində daim görkəmli incəsənət xadimləri toplaşır, musiqi axşamları keçirirdilər.
       Azərbaycanda yaşadığı illər ərzində L. Rostropoviç görkəmli Azərbaycan musiqiçiləri ilə dostlaşmış, onların dostluq əlaqələri uzun müddət davam etmişdir. Belə dostluq əlaqələrindən biri dahi bəstəkar Ü. Hacıbəyovla olmuşdur.
       Elə bu dövrdə, 1927-ci il martın 27-də Rostropoviçlər ailəsinin oğlu Mstislav dünyaya gəlir (IX nəslin nümayəndəsi).
       Rostropoviçlər nəslində musiqiyə olan maraq L. Rostropoviçin və onun övladlarının həyatında özünü daha qabarıq biruzə vermişdir. Evdə ki musiqi ab-havası, Sofya və Leopold Rostropoviçlərin gözəl ifası Veronika və Mstislavın hələ kiçik yaşlarından musiqini sevməsinə səbəb olmuşdur. Veronika skripkada çalır, Slava isə hələ 4 yaşında olarkən royalda çətin əsərlər çalmağa çalışırdı. Onun musiqi qabiliyyəti çox tez aşkar olunmuşdu və o, hətta bəstəkarlığa da can atırdı. Birinci əsəri "Polka" rəqsi idi.

       Bir müddətdən sonra Slava və Veronikanın təhsilini artırmaqla əlaqədar L. Rostropoviç Moskvaya getməyi qərara alır. Və 1931-ci ilin payızında ailəsi ilə Bakını tərk edir.
       Moskvada Leopoldu parlaq artist kimi tanıdılar. O, tez-tez konsertlərdə çıxış edirdi və Qnesin adına musiqi texnikumunun nəzdindəki məktəbdə dərs deyirdi.
       1935-ci ildə L. V. Rostropoviçin çoxillik və məhsuldar yaradıcılığına görə – RSFSR-in Əməkdar Artisti adı verilmişdir. 1942-ci ildə o qəflətən ürək xəstəliyindən vəfat etmişdir.
       Leopold Rostropoviçin ilk övladı Veronika Leopoldovna (1925) gələcəkdə gözəl sənətkar, skripkaçı, Moskva Dövlət Filarmoniyası Dövlət simfonik orkestrinin ifaçısı kimi çalışır, həm də professor-müəllim vəzifəsində işləyirdi (1995–1998).
       M. Rostropoviçin yaradıcılığını isə Rostropoviçlər nəslində olan musiqi istedadının tam zirvəsi kimi qiymətləndirmək olar. M. Rostropoviçin dünya musiqi mədəniyyətindəki rolunun tam şəkildə qiymətləndirmək çox çətindir. Istedadı böyük, yüksək professional səviyyəli sənətkar incəsənətdə nəhəng simadır. Incəsənət aləmində istedadının ən şərəfli zirvəsinə çatan M. Rostropoviç demək olar ki, dünyanın bütün dövlətlərinin ən yüksək orden və medallarına, mükafatlarına, eləcə də fəxri doktor rütbələrinə layiq görülmüşdür.
       50-ci illərin əvvəllərində M. Rostropoviçin həyatında mühüm hadisə baş verir. Tanınmış opera müğənnisi Q. P. Vişnevskaya ilə M. Rostropoviçin bir-birinə qarşı olan hədsiz məhəbbəti gələcək xoşbəxt ailənin yaranmasına səbəb oldu. Onları ailə münasibətləri ilə yanaşı yaradıcılıq münasibətləri birləşdirirdi. "Böyük teatr"da çalışan Q. P. Vişnevskaya istedadlı və insani keyfiyyətlərinə görə çoxlarının hörmətini qazanmışdı. Səhnədə böyük müvəffəqiyyət qazanan Q. Vişnevskaya xarici ölkələrə qastrol səfərlərinə dəvət olunur. Məhz belə səfərlərdən ilki və uğurlusu Praqada olmuşdur. Bu qastrol səfəri onun ifaçı kimi daha yüksəlməsinə, eyni zamanda şəxsi həyatında xoşbəxtliyə çatmasına səbəb olmuşdur.
       Öz eçazkar ifası ilə hamını riqqətə gətirən M. Rostropoviç ilə Q. P. Vişnevskayanın tanışlığı Praqada baş vermişdir. Bu hadisəni Q. Vişnevskaya belə qiymətləndirir. "Mən məhəbbət gözləyirdim, elə bir məhəbbət ki, operada rollarını ifa etdiyim qadınlar kimi məhəbbətim naminə ölməyimə dəysin". Bu məhəbbət isə 1955-ci ildə M. Rostropoviçlə Q. Vişnevskayanın ailə qurmasına gətirib çıxarır. Valideynlərin musiqi istedadı bu ailənin davamçılarına da öz təsirini göstərmişdir. Belə ki, onun böyük qızı Olqa Mstislavovna (1956) atasının yolunu davam etdirərək, violonçelist və müəllim, kiçik qızı Yelena Mstislavovna isə pianoçudur. O, Evian (Fransa) şəhərində keçirilən Beynəlxalq musiqi festivalının baş direktorudur.
       Bütün deyilənlərdən belə nəticəyə gəlmək olar ki, zadəgan nəslinə aid olan Rostropoviçlərin həyatında musiqi aparıcı mövqe tutmuşdur. Hal-hazırda bu nəslin davamçıları, M. Rostropoviçlərin nəvələri Amerikada yaşayırlar. Onlar arasında M. Rostropoviçin şərəfli adını daşıyan Olqa Rostropoviçin övladı kiçik Mstislav vardır. Və şübhəsiz ki, onlar bu nəslin layiqli davamçılarıdırlar.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70