MUĞAMLARIN NOT YAZILARINA DAİR
Rafael MUSAYEV
 

Məlum olduğu kimi, Azərbaycan muğamı YUNESCO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siyahısına daxil edilmişdir. Müasir dövrdə dövlət səviyyəsində muğamla bağlı layihələrin həyata keçirilməsi bu sənətin dünya miqyasında təbliğində və yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir.

        Muğam sənətinin öyrənilməsində əsas mənbə səsyazıları və not yazıları hesab olunur. Xüsusilə not yazıları təxmini olsa belə yenə də onların qiyməti əvəzsizdir. Hər bir muğam ifaçısının özünəməxsus üslubu və ifa tərzi vardır və o, ifa etdiyi muğama müəyyən fərdi cizgilər gətirir. Buna görə də muğamları nota salmaq böyük çətinlik yaradır.

        Şifahi-ənənəli professionl musiqidə, muğam sənətində variantlılıq böyük rol oynayır. Başqa sözlə desək, hər bir muğam ifaçısı öz ifaçılıq variantını yaradır. Meydana gələn not yazılarının hər biri isə müəyyən bir ifaçının oxuduğu və ya çaldığı muğam variantını əks etdirir.

        Muğamların nota salınması məsələsi bir çox musiqi alimlərinin və bəstəkarların diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar Ramiz Zöhrabov yazır: “Muğam sənətinin, eləcə də digər şifahi-professional musiqi janrlarının dərindən, hərtərəfli, elmi surətdə öyrənilməsi və tədqiqi üçün onların not sistemi ilə yazılmasının böyük əhəmiyyəti vardır… Şifahi ənənəyə əsaslanan professional musiqinin daşıyıcılarından muğam dəstgahlarının, təsniflərin, zərbi-muğamların yazılması, nota köçürülməsi və nəşri bu günümüzün vacib və təxirəsalınmaz məsələlərindəndir.” 1.

        Əlbəttə ki, bu sözlərdə böyük həqiqət vardır. Doğrudan da əsrlərdən bəri bizə şifahi ənənə əsasında gəlib çatmış muğamların nota alınması çox çətin və məsuliyyətli bir işdir. Elmi ədəbiyyatdan məlumdur ki, hələ qədim zamanlarda Şərqdə özünəməxsus notasiya mövcud olmuşdur. Özbək musiqişünas alimi F.Karomatov bu barədə yazır: “Məlumdur ki, musiqinin fiksasiya vasitələri sahəsində Şərq aləmində axtarışlara qədim dövrdən başlanmışdır. Məsələn, belə məlumat var ki, Yaxın və Orta Şərqdə bizim eranın əvvəlində musiqi yazıları mövcud idi. VIII-X və ondan sonrakı əsrlərin not yazıları bizə gəlib çatmışdır. Bu, Fərabi və Şirazi tərəfindən işlənən hərfi notasiyadır” 2.

        Musiqişünas Zemfira Səfərova XIII əsrdə Səfiəddin Urməvinin əbcəd hərfləri əsasında not yazı sistemini icad etdiyi haqqında məlumat vermiş və göstərmişdir ki, həmin not yazı sistemindən sonrakı dövrlərdə Səfiəddin Urməvinin tələbələri və davamçıları da istifadə etmişlər 3.

        Not yazısının təkmilləşdirilməsi sahəsində axtarışlar XIX əsrdə də davam etmişdir. F.Karomatovun məlumatına görə, Xorəzm makomları 1886-cı ildə Niyazi Mirzəbaşi – Kamil tərəfindən on yeddi sətirli tanbur tabulaturasının təsvirinə əsasən yazıya alınmış və XX əsrdə V.Belyayev onları müasir not sisteminə köçürmüşdür.

        XX əsdə muğamların Avropa not sistemi ilə yazılması prosesi genişlənmişdir ki, bu da onların öyrənilməsi üçün vacib bir mərhələnin başlanğıcını qoymuşdur. Bu dövrdə müxtəlif ölkələrdə muğamın not yazıları həyata keçirilmişdir. Məsələn, İranda Mehdi Barkeşlinin redaktorluğu ilə nota yazılmış yeddi dəstgahın, Tunisdə Saleh əl-Mehdi tərəfindən nubaların nota yazılmasını qeyd etmək olar.

        Azərbaycan şifahi ənənəli musiqi nümunələrinin – xalq mahnılarının və aşıq havalarının nota yazılması işi ilə XIX əsrin sonu – XX əsrin I yarısında rus etnoqrafları və musiqişünasları məşğul olmuşlar. Bu barədə elmi ədəbiyyatda kifayət qədər məlumatlar vardır. Məsələn, musiqişünas alim Əhməd İsazadə öz tədqiqatlarında rus etnoqrafları İ.Dobrovolski, A.Xodzko, P.Siyalski, A.Koreşenko, P.Vostrikov tərəfindən nota yazılmış və Rusiyada çıxan jurnallarda çap olunmuş xalq mahnı və rəqslərini səciyyələndirir. Rus musiqişünas alimi V.Belyayevin tədqiqat əsərlərində də həm rus, həm də Azərbaycan musiqiçiləri tərəfindən nota alınmış Azərbaycan xalq musiqi nümunələri öyrənilmişdir. Bundan əlavə, İ.Sviridova da Azərbaycan folklorunun öyrənilməsi məsələlərinə diqqət yetirərək, XIX əsrin sonu – XX əsrin birinci yarısına aid xalq musiqi nümunələrinin və muğamların not yazılarını xarakterizə etmişdir 4.

        Azərbaycandan kənarda çap olunmuş daha bir xalq musiqi nümunəsi haqqında məlumata rast gəlirik. Tədqiqatçı Firidun Şuşinskinin yazdığına görə, görkəmli tarzən və musiqi xadimi Məşədi Cəmil Əmirov biliyini artırmaq məqsədilə 1911-ci ildə Türkiyədə olmuş, orada görkəmli türk musiqişünası Rauf Yekta bəy ilə görüşmüş, onunla Azərbaycan və Türk musiqi mədəniyyətinin özünəməxsus cəhətləri ilə bağlı söhbətlər etmişdir. Rauf Yekta bəyin təşəbbüsü və köməyi ilə Məşədi Cəmil Əmirov “Heyratı” zərbi muğamını nota salmış və onun redaktoru olduğu “Şahbal” məcmuəsində çap etdirmişdir 5. Bu, bir fakt olaraq, Azərbaycan şifahi ənənəli professional musiqisinin – zərbi muğamın nota salınmasının ilk nümunəsi hesab oluna bilər.

        Azərbaycan muğamlarının nota köçürülməsi işi 1920-ci illərin sonlarında geniş vüsət alaraq, tədricən sistemli şəkil kəsb etmişdir. Xüsusilə Azərbaycan bəstəkarlarının bu sahədəki fəaliyyəti və onlar tərəfindən muğam ustadlarının ifaçılıq təfsirində muğamların not yazıları əlamətdardır.

        Sonrakı illərdə də muğam dəstgahlarla yanaşı, kiçik həcmli muğamların, zərbi-muğamların, təsnif və rəng kimi şifahi ənənəli professional musiqiyə aid janr nümunələrinin nota yazılması bəstəkar və musiqişünaslar tərəfindən həyata keçirilmiş və tədqiqat obyektinə çevrilmişdir.

        Azərbaycanda ilk dəfə olaraq, 1927-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən “Azərbaycan türk el nəğmələri” məcmuəsi çap olunur ki, burada əsasən Cabbar Qaryağdı oğlunun ifasından bəstəkarlar tərəfindən nota yazılmış 33 xalq mahnısı toplanmışdı. Həmin mahnı nümunələrindən bir hissəsi səs və fortepiano və ya xor üçün işlənilmiş, digər hissəsi isə birsəsli şəkildə verilmişdir.

        Azərbaycanda ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuşdur. O, 1928-ci ildə Qurban Pirimovun ifasından «Rast» muğamını nota salmışdır. Həmin not yazısı çap olunmamışdır və AMEA-nın Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır. Muğamların nota yazılması sahəsində Niyazinin də adı qeyd edilməlidir. Lakin onun «Rast» və «Şur» dəstgahlarını vokal-instrumental şəkildə Cabbar Qaryağdı oğlunun ifasından nota köçürdüyü muğamlar da çap olunmamışdır.

        1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərliyi ilə yaranmış elmi-tədqiqat musiqi kabinetinin əməkdaşları tərəfindən də xalq musiqi nümunələrinin və muğamların toplanması sahəsində mühüm işlər görülmüşdür.

        Bülbül Elmi – Tədqiqat Musiqi Kabinetində işləri elə səmərəli şəkildə qurmağa nail olmuşdu ki, onun təşkil etdiyi ekspedisiyalardan toplanılan folklor nümunələri aşağıda göstərilən dörd istiqamətdə həyata qaytarılırdı.

        1.Toplanılan musiqi nümunələri fonovalikə, səsyazma lentlərinə köçürülərək hifz olunurdu.

        2.Toplanılan musiqi nümunələri nota köçürülərək tədqiqatlara cəlb edilirdi.

        3.Toplanılan musiqi nümunələri nəşr edilir və tədrisə daxil olunurdu.

        4.Toplanılan musiqi nümunələri əsasında bəstəkarlara faktiki yardım göstərilir və əldə edilən materiallar əsasında bəstəkarlar yeni əsərlər yazmaqla musiqi mədəniyyətimizi öz əsərləri ilə zənginləşdirirdilər.

        Bülbül göstərirdi ki, muğamatı və istərsə də xalq havalarını nota yazarkən qarşıya aydın məqsəd qoyulmalıdır. Birincisi odur ki, nota yazılmış havalar musiqişünas və bəstəkar üçün material olsun. Bəstəkarlar həmin yazıları genişləndirsin, öz yaradıcılığında istifadə edərək, həmçinin məktəblər üçün dərsliklər yaratsın. İkincisi, bu not yazılarından klublarda, dərnəklərdə, ümumiyyətlə piano olan yerlərdə musiqi həvəskarları çala bilsin. Üçüncüsü, bu yazılardan tədris materialı kimi məktəblərdə tələbələr istifadə edə bilsinlər, çalsınlar və i.a. Dördüncüsü, bu yazılar tarix etibarı ilə qiymətli olub, xalqımızın mədəni inkişafını göstərə bilsin 6.

        Bülbülün mülahizələrindən aydın olur ki, o dövrdə folklor nümunələrinin, muğamların, aşıq havalarının toplanmasına elmi şəkildə yanaşılırdı. Toplanılan materialların dəyərinin, peşəkarlıq baxımından yüksək tələblərə cavab verə bilməsi üçün onların əsl xalq sənətkarlarının - xanəndələrin, instrumental ifaçıların və musiqişünasların ifasından nota yazılmasına da xüsusi diqqət verilirdi. Məhz bunun nəticəsi idi ki, o, Elmi– Tədqiqat Musiqi Kabinəsinə rəhbərlik etdiyi dövrdə kabinə çox məhsuldar işləmiş və milli musiqi nümunələrimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlər göstərmişdir.

        Elmi-Tədqiqat Musiqi Kabinetinin fəaliyyəti dövründə və sonrakı illərdə kabinetdə toplanılan materiallar və səsyazıları əsasında bir sıra not yazı məcmuələri meydana gəlmişdir. Bunlardan Səid Rüstəmovun “50 Azərbaycan xalq mahnısı” (B., 1938), “Azərbaycan rəqs havaları” (B., 1937), “Azərbaycan aşıq mahnıları” (B., 1938), S.Rüstəmov, F.Əmirov və T.Quliyevin not yazılarını əhatə edən və Bülbülün redaktəsi ilə çap olunmuş “Azərbaycan xalq mahnıları” (2 cilddə, I cild – 1956, II cild - 1958) məcmuələrini göstərə bilərik.


1.Zöhrabov R. Muğam. B., 1991. s. 61.

2. Êàðîìàòîâ Ô. Ìàêîìàò â óñëîâèÿõ ñîâðåìåííîñòè. / Ïðîôåññèîíàëüíàÿ ìóçûêà óñòíîé òðàäèöèè íàðîäîâ Áëèæíåãî è Ñðåäíåãî Âîñòîêà è ñîâðåìåííîñòü. Ñá. ìàòåðèàëîâ ìåæäóíàðîäíîãî ìóçûêîâåä÷åñêîãî ñèìïîçèóìà ìåæäóíàðîäíîãî Ñîâåòà ÞÍÅÑÊÎ. Òàøêåíò, 1981. ñ. 14.

3. Səfərova Z. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). B., 1996.

4. İsazadə Ə. Azərbaycan musiqi folklorunun öyrənilməsi tarixindən. / Azərbaycan xalq musiqisi. Oçerklər. Bakı, 1981. s.5-19.; Áåëÿåâ Â. Î÷åðêè ïî èñòîðèè ìóçûêè íàðîäîâ ÑÑÑÐ: â 2-õ âûï. Ì.: Ìóçãèç. Âûï. 1: 1962. 330ñ. Âûï. 2: 1963. 340ñ.; Ñâèðèäîâà È. Èç èñòîðèè çàïèñåé è ïóáëèêàöèé àçåðáàéäæàíñêîãî ôîëüêëîðà. / Ìóçûêàëüíàÿ ôîëüêëîðèñòèêà. Ì., Ñîâ. êîìïîçèòîð, 1973, âûï.1, ñ.187-209.

5. Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B., 1983. s.226.

6. Bülbül. Seçilmiş məqalə və məruzələri. B., 1963. s. 180-181.


        Azərbaycan milli musiqi nümunələrinin toplanılmasında bəstəkarlarla işin hansı şəkildə qurulmasını, eyni zamanda bu məsələnin vacibliyini, məqsəd və vəzifələrini Bülbül «Muğamın nota yazılması haqqında» məqaləsində göstərərək qeyd edir ki, muğamın nota yazılışı və öyrənilməsi çox ciddi və böyük məsələdir. Bu məsələ elmi əsas üzrə qurulmalıdır; indiyədək bu işə birtərəfli baxmışlar. Xalq yaradıcılığını toplayarkən, Azərbaycanın bütün rayonları nəzərə alınmamışdır. Qocaman musiqişünaslar, çalanlar, oxuyanlar bu işə cəlb edilməmişlər. Bülbülün təşəbbüsü ilə gənc musiqiçilər T.Quliyev və Z.Bağırov tərəfdən bir ay içərisində üç muğam dəstgahı nota yazılmış və nəşr edilmişdir. Bu da milli musiqişünaslığın inkişafında irəliyə doğru mühüm addım idi.

        Muğamların 1936-cı ildə nəşr olunmuş ilk not yazıları – Tofiq Quliyevin «Rast» «Zabul», Zakir Bağırovun «Dügah» muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır və L.Rudolfun harmonizasiyasında, daha doğrusu, fortepiano üçün işləməsində verilmişdir. Bu nəşrlər muğamların çap olunmuş ilk not yazıları kimi çox qiymətli idi və musiqi ictimaiyyəti tərəfindən təqdir olunmuşdu.

        Azərbaycanın zəngin musiqi irsini - aşıq havalarını və şifahi ənənəli professional musiqi nümunələri olan muğamları tədqiqatçılara nümayiş etdirən sənətkarlar arasında instrumental ifaçılar və xanəndələr fəal iştirak etmişlər. Həmin sənətkarlar muğam ifaçılıq sənətini, musiqi folklorunu dərindən bildikləri üçün bu sahədə illər hesabına topladığı nadir musiqi nümunələrini ifa edib lentə yazdırmaqla milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.

        Bəstəkarlardan Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Zakir Bağırov və musiqişünas Məmməd Saleh İsmayılov tanınmış xanəndələr Seyid Şuşinski (1889-1965), Cabbar Qaryağdıoğlu (1861-1944), Zülfü Adıgözəlov (1899-1963) və tarzən Qurban Primov (1880-1965) kimi ustadlardan muğam və təsniflər nota salmışdır. Belə ki, Q.Qarayev «Şur» muğamını, F.Əmirov xanəndə Bilal Yahyadən «Rast», «Segah», «Şur» muğamlarından bəzi şöbələri, T.Quliyev Z.Adıgözəlovun ifasında «Rast» muğamını, M.S.İsmayılov isə C.Qaryağdıoğlu və xanəndə Əlizöhabın ifasında bir sıra təsnifləri nota yazmışlar. Onu da qeyd etməlyik ki, T.Quliyevin yazdığı «Rast» vokal-instrumental şəkildə muğamın ilk not yazısıdır.

        1938-ci ildə Qara Qarayev tərəfindən Qurban Primovun ifasından «Şur» muğamının not yazısı muğam melodiyalarını orijinalda olduğu kimi, heç bir işlənmə elementlərinə yol verməyərək, dəqiq əks etdirir. Bəzi hallarda ikisəsliliyə yer verilmişdir ki, bu da tarın səslənməsini daha dəqiq ifadə etmək məqsədindən irəli gəlirdi.

        «Şur» muğamının haqqında danışdığımız not əlyazması AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun arxivində saxlanılır və çap olunmamışdır. Onun yalnız bir hissəsi – “Mayə” şöbəsi V.Belyayevin «Oçerki istorii muzıki narodov SSSR» (“SSRİ xalqlarının musiqi tarixinə dair oçerklər”) kitabında nümunə kimi təqdim edilmişdir. Bu da həmin not yazısının elmi-metodik dəyərini bir daha sübut edən amildir.

        V.Belyayevin adı çəkilən kitabında Qurban Primovun ifasından nota salınmış daha iki muğam parçası verilmişdir. Bunların hər ikisi “Rast” muğamının not yazılarıdır. Birincisini - instrumental şəkildə “Rast” muğamını rus musiqişünası V.Krivonosov nota yazmışdır. İkinci not yazısı isə bəstəkar Tofiq Quliyevə məxsusdur. Bu not yazısı “Rast” muğam dəstgahının vokal-instrumental şəkilini əks etdirir, Zülfü Adıgözəlovun və Qurban Primovun ifasından yazılmışdır.

        Azərbaycan muğamlarının nota yazılması təşəbbüsü dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən çox dəyərləndirilmişdir. Bu haqda o yazmışdı: «Muğamların yazılması sahəsində uğurlu təcrübə professional musiqidə Azərbaycan musiqi folklorundan istifadə edilməsi yolunda geniş perspektivlər açır» 7.

        Qara Qarayev Azərbaycan muğamlarının Tofiq Quliyev və Zakir Bağırov tərəfindən nota köçürülməsini böyük hadisə kimi qiymətləndirirdi, çünki o zamana qədər belə bir fikrə haqq qazandırmaq istəyirdilər ki, mürəkkəb intonasiya əsasına və sərbəst metro-ritmik ölçüyə malik muğamları nota köçürmək qeyri-mümkündür.

        R.Zöhrabov da muğamların nota yazılmasının və nəşr olunmasının muğamların tarixi cəhətdən öyrənilməsində və Azərbaycanın şifahi ənənəyə əsaslanan professional musiqisinin tədqiqində böyük əhəmiyyətini qeyd edir. O yazır ki, görkəmli bəstəkarlar Q.Qarayev, F.Əmirov, T.Quliyev, Z.Bağırov və başqaları tanınmış xanəndələr Seyid Şuşinski, Cabbar Qaryağdı oğlu, Zülfü Adıgözəlov və tarzən Qurban Primov kimi ustadlardan muğam və təsnifləri nota salmışlar. Bu da təsadüfi deyil. «Doğrudan da bu ustadlar xalqımızın klassik musiqisini, onun muğamlarını bütün şöbə və guşələri ilə hafizələrində yaşadıb bizə çatdırmışlar» 8.

        Bülbülün fikrincə, Cabbar Qaryağdı oğlu, Əbdülbağı, Seyid Şuşinski, Sadıqcan, Qurban Primov kimi Qarabağın qocaman müğənni və musiqiçilərinin ifaçılıq ustalığı ənənələrini saxlamaq vacibdir. Onun fikrincə, muğamların və çoxdan unudulmuş təsnif və rənglərin nota yazılması qocaman müğənni və çalğıçıların ən yaxşı ənənələrini bərpa etmək deməkdir 9.

        Rus musiqişünası V.Vinoqradov da Azərbaycan muğamlarının nota yazılmasının və nəşrinin elmi əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, bunları təhlil edərkən yaddan çıxarmaq olmaz ki, bu muğamlar başqa ifalardan, məsələn Qurban Primovun ifasında ilk mətbu variantdan xeyli fərqlənsə də, hər iki tarzənin məqam və forma seçməsində, intonasiya ardıcıllığında ümumi cəhətlər çoxdur. Bizcə, bu fikirlər muğamların not yazı variantlarının təhlili zamanı çox əhəmiyyətlidir.

        Şifahi ənənəli xalq və professional musiqinin ayrı-ayrı janrlarına aid nümunələrin nota salınması və məcmuə şəklində nəşr olunması XX əsrin II yarısında çox genişlənir. S.Rüstəmovun “Azərbaycan xalq rəngləri” (2 dəftər, I – 1954, II - 1956), “Azərbaycan xalq mahnıları” (B., 1967), Ə.Bakıxanovun “Azərbaycan xalq rəngləri” (1964), “Ritmik muğamlar” (1968), “Muğam, mahnı, rəng” (1975), R.Zöhrabovun “Azərbaycan təsnifləri” (M., 1983), “Azərbaycan zərbi muğamları” (B., 1986), T.Məmmədovun “Azərbaycan aşıqlarının ənənəvi havaları” (B., 1988) və s. məcmuələri qeyd etmək lazımdır.

        Muğamların nota yazılması işinin yeni mərhələsi də 1950-1970-ci illərə təsadüf edir. Bu illərdə bəstəkar Nəriman Məmmədovun muğamları nota yazıb nəşr etdirməsi diqqətəlayiqdir.

        N.Məmmədovun not yazısında çap olunmuş muğamlar: “Çahargah” və “Hümayun” (Bakı, 1962), “Bayatı-Şiraz” və “Şur” (Moskva, 1962), “Rast” və “Şahnaz” (Bakı, 1963), “Segah-Zabul” və “Rahab” (Bakı, 1965) instrumental şəkildə, “Çahargah” (Moskva, 1970), “Rast” (Moskva, 1978) vokal-instrumental şəkildə not yazılarıdır. Lakin N.Məmmədov instrumental muğamların not yazılarına da bir sıra təsnif və rəngləri daxil etmişdir.

        İnstrumental muğamlar görkəmli tarzən Əhməd Bakıxanovun ifasından yazılmışdır. Vokal-instrumental muğamlar isə Bəhram Mansurovun, xanəndə Hacıbaba Hüseynovun ifasından nota yazılmışdır, təsnif və rənglərin nota salınmasında tarzən Həbib Bayramovun, xanəndələr Yaqub Məmmədov, İslam Rzayev və Əlibaba Məmmədovun ifaçılıq təfsirinə də müraciət edilmişdir.

        Musiqişünas L.Karagiçeva N.Məmmədovun muğamları nota yazması ilə əlaqədar olaraq qeyd edir ki, “bəstəkarın məqsədi, hər şeydən əvvəl, muğam silsiləsinin dramaturgiyasının təşəkkülü prosesini göstərmək idi. N.Məmmədovun nəşr etdirdiyi muğamları cəsarətlə şedevr adlandırmaq olar. Belə ki, onlar muğamın təbii lad məhtiqini, hissələrin mütənasibliyini tam şəkildə qiymətləndirməyə imkan verir” 10.

        N.Məmmədovun not yazılarında muğamlar, rəng və təsnif nümunələri xalq çalğı alətlərinin səslənməsindən və xanəndənin oxumasından nota salınaraq, fortepianoda ifa olunmaq üçün işlənilmişdir. N.Məmmədovun əsas məqsədi təkcə muğamın texniki cəhətdən müxaniki olaraq üzünü köçürtməkdən ibarət olmamışdır. O, dəstgahın əsas şöbə və guşələrini nota salmağı və müxtəlif ifaçılar tərəfindən muğamın təfsirini əks etdirməyə çalışmışdır.

        Muğamların hər bir nəşrinə N.Məmmədovun yazdığı müqəddimədə müəllif not yazısının xüsusiyyətlərini izah edərək göstərir ki, muğamın özünəməxsus improvizasiya üslubunu saxlamaq məqsədilə mürəkkəb, arasıkəsilmədən dəyişən xanə ölçülərindən, xalq musiqisi üçün səciyyəvi olan rəngarəng metro-ritmik özəklərdən istifadə etmək zəruridir. Bu halda müəllif ənənəvi ifaçılıqda olan dəqiq frazalaşmanı pozmağa çalışmışdır. Eyni zamanda, o, tarda səsləndirilən ladın iatinad pərdələrini saxlamaq məqsədilə orqan punktundan istifadə etmişdir. Təsnif və rənglərdə isə melodiyanın oktavalarla ikiləşməsi özünü göstərir ki, bu da muğamın ansambl ifasının təzahürüdür.

        N.Məmmədov 1978-ci ildə çap olunmuş “Rast” muğam dəstgahının not yazısında daha mürəkkəb bir məsələni - tarda səslənən və muğamı rövnəqləndirən dörddəbir tonları da göstərməyi qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Not yazısında dörddəbir tonların qeyd olunması üçün müəllif bir neçə şərti işarədən istifadəni də tövsiyə edir.

        R.Zöhrabov N.Məmmədovun “Rast” vokal-instrumental muğamının not yazısını daha kamil və dəqiq olduğunu hesab edir. R.Zöhrabov “Azərbaycan muğamının nəzəri problemləri” (B., 1992), “Rast” muğam dəstgahının nəzəri əsasları” (B., 2002), “Çahargah” muğam dəstgahının nəzəri əsasları” (B., 2000) tədqiqat əsərlərində N.Məmmədovun nota yazdığı “Rast” və “Çahargah” vokal-instrumental muğamlarının not yazılarına əsaslanmışdır ki, bu da N.Məmmədovun not yazılarının elmi əhəmiyyətini sübut edir.

        Həqiqətən də milli musiqi sənətimizin ustadları sayılan xanəndə və instrumental ifaçılarımızın bir çoxunun yaddaşlarında hifz edib yaşatdıqları muğamlar, təsniflər və rənglər bəstəkarlarımızın yaradıcılığında yeni inkişaf mərhələsinə ucalmış və milli musiqimizin şöhrətini bütün dünyaya yaymışdır. Qeyd etmək lazımdır ki, bütün bu not yazılarının mühüm elmi-etnoqrafik və tədris-metodiki əhəmiyyəti vardır. Bu not yazıları gənc bəstəkar və musiqişünaslara Azərbaycan xalqının klassik sənət inciləri ilə tanış olmaq üçün imkan yaradır, həm də xalqımızın milli-mənəvi sərvətlərinin gələcək nəsillər üçün qorunub-saxlanmasını təmin edir.

        Şifahi ənənəli musiqi nümunələrinin nota yazılması və nəşri XXI əsrdə də musiqişünasların diqqət mərkəzindədir. Eyni zamanda, muğamın nota salınması işi də davam etdirilir. Bu baxımdan 2003-2006-cı illər ərzində çap olunmuş “Azərbaycan xalq musiqisi antologiyası”nın 7 cildi özündə əvvəlki illərin not nəşrlərini cəmləşdirməklə yanaşı, yeni not yazılarını da əhatə edir. Xalq mahnıları və rəqslərlə, aşıq havaları, zərbi muğamlarla yanaşı, bu dövrdə muğamların da yeni not yazıları meydana gəlmişdir. Bunlar sənətşünaslıq namizədi, kamança çalan Arif Əsədullayev tərəfindən nota salınmış “Bayatı-Şiraz” və “Hümayun” (2002), “Rast” və “Çahargah” (2004), “Şur”, “Şüştər” və “Zabul Segah” (2005) instrumental muğamlarıdır.

        Göründüyü kimi, əsas Azərbaycan muğamlarının bir neçə variantda not yazıları mövcuddur. Bu not yazıları müxtəlif bəstəkarlar və musiqişünaslar tərəfindən müxtəlif ifalardan həyata keçirilmişdir. Bu baxımdan görkəmli muğam ifaçılarının ənənələrini özündə əks etdirən və yaşadan muğam dəstgahlarının instrumental və vokal-instrumental şəkildə not yazıları etnomusiqişünaslığı zənginləşdirən qiymətli mənbələrdir.


7. Sitat: Êåðèìîâ Ñ. Õóäîæíèê óäèâèòåëüíîãî òàëàíòà. Á., 1972. c.13.

8. Zöhrabov R. Muğam. B., 1991. s. 65-66.

9. Bülbül. Seçilmiş məqalə və məruzələri. B., 1963. c. 81-82.

10. Sitat: Ôàðõàäîâà Ð. Íàðèìàí Ìàìåäîâ. Á., 1982.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70