1989-cu ilin noyabrı. Bakıda «Üzü zirvəyə» devizli Yeni Musiqi Günləri keçirilir. Azərbaycan paytaxtına Norveç, Kuba, Polşa, Yuqoslaviya, Rusiya, Gürcüstan, Özbəkistandan bəstəkarlar axışıb gəliblər. Konsertlər, mühazirələr, görüşlər və paralel olaraq şəhərin mərkəzi küçə və meydanlarında nümayişlər, ədalətə, müstəqilliyə çağırışlar. Bakıdakı hadisələrə qonaqların münasibəti müxtəlifdir: ukraynalı L. Yakub və A. Şetinski yaranmış vəziyyətin bütün təfərrüatları ilə canlı şəkildə maraqlanır, gürcü Z. Nadareyşvili problemlərimizi daha yaxşı anlayaraq dərdimizə tam şərik çıxır, köhnə dostumuz yuqoslav D. Mixalek gördüklərini, eşitdiklərini sakitcə, müdrikcəsinə araşdırmağa çalışır. «Azadlıq adası» ndan qonaqlar: «Kubada belə məzmunlu mitinqlər qeyri-mümkündür. Biz Fidel ataya etibar edirik», - deyə bir qədər karıxmış halda söyləyirlər. Biz, məclis sahibləri, gərgin intizar, dəhşətli təşviş və həyəcan vəziyyətindəyik. 1990-cı ilin qara yanvarına iki aydan az vaxt qalır ..
.
80-ci illərə retrospektiv baxış Azərbaycanın musiqi həyatını həmişə rəngarənglik və zənginlik fərqləndirirdi: burada eyni zamanda bir çox cərəyanlar təmsil olunmuş, müxtəlif üslub və ənənələr – akademik musiqi və caz, avanqard və şifahi ənənəli professional sənət «dic yanaşı yaşamış», səslənən məkanın məxsusiliyini, əlvanlığını doğurmuşdur. Respublikanın mədəni həyatında xüsusi bir canlanma 80-ci illərin ikinci yarısında müşahidə edilirdi. Məhz həmin dövrdə bu rəngarənglik irimiqyaslı tədbirlərin geniş vüsət almasına gətirib çıxardı. Mən müasir musiqi festivallarını, «Xarı bülbül» folklor baxışlarını, V. Mustafazadənin adını daşıyan caz forumlarını nəzərdə tuturam. Özü də Bakıda avanqard sənətin statusu həmişə yüksək olmuşdur. Başqa respublikalarda müasir musiqini təbliğ edən tanınmış ifaçıların qastrolları təxirə salındığı, proqramlardan avanqardçı bəstəkarların əsərləri çıxarıldığı vaxtlarda belə Bakı bir növ yeni musiqi gəmilərinin maneəsiz lövbər saldığ
ı sakit liman rolunu icra edirdi. Həmin vəziyyətin başlıca təminatçısı isə Azərbaycan bəstəkarlıq məktəbinin öndəri – «patriarx-novator», «patriarx-üsyankar» (I. Abezqauz) Qara Qarayevin şəxsiyyəti idi. Öz çıxışlarında Q. Qara-yev aşağıdakı fikri dəfələrlə vurğulayırdı: «Biz dünya təcrubəsini daha dərindən öyrənməliyik. Lakin «budur biz, budur dünya nailiyyətləri» - belə düşünmək səhvdir. Axı biz də dünyanın bir hissəsiyik və bizim bugünkü işimiz ümumbəşər işinin bir hissəsidir».
Dəyərli və layiqli musiqinin böyük hissəsinin Bakıdakı orkestrlərin repertuarından xaricdə qaldığını nəzərə alaraq Qarayev hələ 70-ci illərin sonunda Azərbaycan Konservatoriyasının Opera studiyası nəzdində kamera orkestrini yaratmaq təşəbbüsünü irəli sürdü. Rauf Abdullayevin başçılıq etdiyi həmin kollektivin repertuar siyasəti ilk növbədə müasir sənətin təbliğinə yönəlmişdir. Bu işdg dirijora onun məsləkdaşları bəstəkarlar F. Qarayev və O. Felzer həm təşkilati, həm də yaradıcı yardım göstərirdilər. Orkestr mövcud olduğu illər ərzində Stravinski, Vebern, Ayvz, Keyc, Şnitke, Qubaydulina, Denisovun, habelə dövlət orkestrləri tərəfindən hətta qurultay və plenumlarda ifa olunmayan Azərbaycan müəlliflərinin bir sıra əsərlərini səsləndirdi.
Müasir musiqinin təbliği işində bəstəkar və pianoçu Firəngiz Əlizadənin səyləri vurğulanmalıdır. Onun məxsusi konsepsiyaya malik, dramaturji baxımdan orijinal quruluşlu konsertləri çoxsaylı auditoriyanı, ilk növbədə ziyalılar və tələbələr sırasından dinləyiciləri cəlb edirdi.
Bir çox Azərbaycan musiqiçilərinin məqsədyönlü fəaliyyəti 1986-cı ildə məşhur ifaçıların, xarici qonaqların iştirak etdiyi Q. Qarayev adına «XX əsr musiqisi» festivalının keçirilməsi ilə nəticələndi. 1989-cu ildə isə Azərbaycan Bəstəkarlar Ittifaqının gənclər birliyinin təşəbbüsü ilə daha bir sanballı layihə – «Üzü zirvəyə» adlı Yeni Musiqi Günləri reallaşdırıldı. Gənclərin forumunu Qarayev festivalları ilə növbələşdirmək nəzərdə tutulurdu.
Lakin 1990-cı ilin faciəvi yanvarı Azərbaycanda genişlənməkdə olan festival hərəkatını müvəqqəti olaraq ləngitdi. Sonrakı hadisələrin xronikası belədir: 1990-cı ilin fevralında konsert və yaradıcılıq diskussiyalarından kənarda, tələm-tələsik Azərbaycan bəstəkarlarının VII «təşkilati» qurultayı, həmin ilin dekabrında isə bir növ ətalət üzrə, daha yığcam formada üçüncü və hələ ki axırıncı «XX əsr musiqisi» festivalı keçirildi.
Çaşqınlıq, məyusluq, itkilər – sonrakı bir neçə ilin musiqi həyatını məhz bu sözlələ səciyyələndirmək olar. Başqa ölkələrlə yaradıcılıq tellərinin qırılması, informasiya qıtlığı, təcridolunma, yüksək ixtisaslı musiqiçi kadrlarının xaricə axını ... Lakin əvvəlki onilliklərin nəhəng təcrubəsi, Azərbaycan musiqi sənətinin Üzeyir bəy tərəfindən dəqiq müəyyənləşdirilmiş başlıca istiqamətləri qısa müddətdə problemləri dəf etməyə kömək göstərdi. Musiqimiz əfsanəvi Feniks quşu kimi küldən dirçəlib yenidən həyata qayıtdı.
Dünya musiqisi ilə inteqrasiyaya doğru Respublikanın müstəqillik əldə etməsi ilə milli musiqi sənətinin dünya musiqi mədəniyyətinə inteqrasiyası prosesi sürətləndi. Azərbaycan professional musiqi mədəniyyəti daha açıq məkanda, Avropa və dünya incəsənəti kontekstində mövcüdiyyətini davam etdirdi. Bəstəkarlarımızın xarici ölkə ifaçıları, səsyazma firmaları və nəşriyyatları ilə əlaqələri, istedadlı gənclərin sənətlərini xaricdə təkmilləşdirmək imkanları, azərbaycanlı müəlliflərin beynəlxalq festival və müsabiqələrdə müntəzəm iştirakı yeniləşmiş sistemdə musiqi mədəniyyətinin inkişafına təkan verdi.
MDB ölkələrindən birinci olaraq Azərbaycan ISCM (Beynəlxalq müasir musiqi cəmiyyəti) və ACL (Asiya bəstəkarları cəmiyyəti) kimi nüfuzlu təşkilatlarda təmsil olundu. ISCM-in 1922-ci ildən, yəni yarandığı ildən müntəzəm keçirdiyi «Dünya musiqisi günləri»nə 90-cı illərdə Azərbaycan bəstəkarları da (F. Əlizadə, C. Quliyev, Z. Fərhadov) qoşuldu. Məsələn, 1999-cu ildə Buxarestdə ISCM-in növbəti tədbirində I. Hacıbəyovun fleyta və orkestr üçün «Konzertstück» əsərinin Buxarest radiosunun milli simfonik orkestri (dirijor Lüdviq Baks) və dünya miqyasında tanınmış fleytaçalan Pyer-Ayvz Arto tərəfindən ifası əlamətdar hadisə adlandırıla bilər.
ACL-ə üzv seçilərkən Azərbaycanın coğrafi mövqeyi ilə bağlı problemlər üzə çıxdı. Təşkilatın rəhbərliyinin fikrincə, Azərbaycan Asiyanın uzaq qərbində yerləşir, daha çox Avropaya aid edilməlidir. Lakin nəticədə məsələ müsbət həll olundu. ACL-in işində iştirak Azərbaycanın yeni musiqisini daha geniş təbliğ etmək imkanı verdi ki, bəstəkarlarımız da bu şansı əldən buraxmadılar.
Cəmi bir neçə il ərzində təşkilatın Banqkok (1995), Manila (1997), Taybey (1998), Cakarta (1999), Yokohamadakı (2000) festivallarında Azərbaycan musiqisini A. Məlikov, X. Mirzəzadə, I. Hacıbəyov, C. Abbasov, Ə. Əlizadə və E. Mirzəyevin əsərləri təmsil etmişdir.
Müəlliflərimizin Şərq və Qərb musiqi mədəniyyətlərinin, müxtglif təfəkkür tiplərinin sintezi ideyasına əsaslanan bir sıra irimiqyaslı layihələrdə iştirakı da önəmlidir. Məsələn, Hollandiyanın «Nieuw Ensemble» kollektivinin təşəbbüsü ilə keçirilən «Tokkelfestival»ın, habelə məşhur Amerika violonçelçalanı Yo-Yo-Manın «Ipək yolu» layihəsinin əsas məqsədi Avropa və Şərq musiqi alətləri, daha geniş götürsək, ənənələri arasında ümumi nöqtələrin aşkarlanmasıdır.
ilə yanaşı, ud (F. Əlizadənin «Ilğım» kompozisiyası) və Azərbaycan tarı (F. Qarayevin «Xütbə, Muğam və Surə» əsəri) də təmsil olunmuşdur (sonuncu əsər barədə daha müfəssəl bax: Dadaşzadə Z. Etiraf anı. «Qobustan», 2000, ¹2).
1994-cu ildə Amsterdamda «Minilliyə rekviyem» adlı irimiqyaslı festivalda «Nieuw Ensemble» «Yeni dini musiqi» proqramı ilə çıxış edib həmyerlimiz
R. Həsənovanın – sufiliklə bağlı mövzunu musiqidə ardıcıl təcəssüm etdirən müəllifin «Səma» əsərini ifa etmişdir.
Yo-Yo-Manın uzunmüddətli «Ipək yolu» layihəsinə isə Azərbaycandan C. Quliyev (fleyta, saz və violonçel üçün «Karvan») və F. Əlizadə (skripka, viola, violonçel, zərb, ney və qiraətçi üçün «Dərviş») cəlb olunmuşdur.
2001-ci ilin payızında Almaniyada ABŞ, Avropa ölkələri və Azərbaycanın görkəmli musiqiçilərinin (təkcə onu demək kifayətdir ki, dərviş partiyasını Alim Qasımov təfsir etmişdir) ifasında səslənən F. Əlizadənin kompozisiyası «Ipək yolu» layihəsinin ən uğurlu əsəri kimi qiymətləndirilmişdir. Hal-hazırda Firəngiz xanımın beynəlxalq miqyasda reytinqi çox yüksəkdir. Bəstəkarın adı müasir musiqinin ən önəmli fiqurları (məsələn, S. Qubaydulina, A. Pyart, G. Kançeli) ilə bir sırada çəkilir, onunla ümumdünya şöhrətli ifaçılar (Yo-Yo-Ma, I. Monigetti, «Cronos», «The Hilliard Ensemble») əməkdaşlıq edir, həmyerlimiz haqqında ən nüfuzlu ensiklopediyalar, jurnal və qəzetlər (bu sırada «The New York Times» qəzetinin yüksək rəyi xüsusən seçilir) geniş məqalələr dərc edirlər. Bütün bunlar son nəticədə Azərbaycan musiqisinin nüfuzunun artmasına xidmət edir. Ümumiyyətlə, bu gün Azərbaycan bəstəkarlarının əsərləri müxtəlif festivallarda səslənərək qərb musiqisinin ən yeni, ən təravətl
i nümunələri ilə bərabər əsaslarda, uğurla rəqabət aparır.
«Yeni musiqi»
Inteqrasiya proseslərinin tənzimlənməsində «Yeni Musiqi» adlı cəmiyyətin rolu əhəmiyyətlidir. Rəsmən 1995-ci ildən fəaliyyət göstərən bu cəmiyyətə müasir musiqi aləmində böyük nüfuza malik məşhur Azərbaycan bəstəkarı F. Qarayev və yeni sənətin əla bilicisi musiqişünas C. Səlimxanov rəhbərlik edir.
Buradaca qeyd edim ki, «Yeni Musiqi»heç də Bəstəkarlar Ittifaqına alternativ kimi nəzərdə tutulmayıb. Təşkilatlardan hər birinin öz yolu, məqsəd və vəzifələri var. Belə ki, Ittifaq daha çox öz üzvləri haqda informasiyanı toplayıb ümumiləşdirir, bəstələnən əsərlərin plenumdan-plenuma ifasını təmin edir, öz fəaliyyətində yaradıcılıq məsələlərinin müzakirəsinə diqqət yetirir, müxtəlif, o cümlədən maddi problemlərin həllində bəstəkarlara yardım edir. Yeni cəmiyyətin əsas məqsədi isə Azərbaycan musiqisinin dünyada geniş təbliğindən, çoxçeşidli beynəlxalq əlaqələrin yaradılmasından, XX əsr sənətinin ən yaxşı, çox zaman ən yeni nümunələrinin Bakıda ifası yolu ilə səslənən məkanımızda «ağ ləkələr»in ləğvindən ibarətdir. Onu da deyim ki, ISCM və ACL-də Azərbaycanı elə «Yeni Musiqi» təmsil edir.
Dərhal belə bir sual meydana çıxır: bu nəhəng vəzifələrin həlli üçün maliyyə vəsaiti haradan tapılır?
«Hər bir konkret halda konkret sponsorlar axtarıb tapırıq, - deyə C. Səlimxanov sualımı cavablandırarkən qeyd edir. – Bizə müəyyən fondlar, xarici dövlətlərin səfirlikləri, gənclərlə bağlı tədbirlərdə Azərbaycanın Gənclər və Idman Nazirliyi yardım göstərir. 1998-ci ildə AMOK Neft konsorsiumu «Sibelius - 7» sistemli ən yeni kompyuter avadanlığının tam komplektini cəmiyyətə hədiyyə etmişdir. Bir çox təşəbbüslərimizdə bizi dəstəkləyən Açıq Cəmiyyət Institutunun (Soros fondu) yardımnı isə xüsusi vurğulamaq istərdim».
F. Qarayevin fikrincə, dövrün özünəməxsus nişanəsi – kiçik, mütəhərrik təşkilatlar mütləq bir-birilə əlaqədar işləməlidir. Məsələn, «Yeni Musiqi» Hollandiyada qeydə alınmış, mərkəzi ofisi Tbiliisdə yerləşən Qafqaz fondu Moskvanın Yeni Musiqi Studiyası, «American voices» təşkilatı ilə əməkdaşlıq edir. Bu yaxınlarda cəmiyyətə Rudəki adına Tehran Opera və Balet teatrının balet truppasının bərpasında partnyor kimi iştirak etmək barədə təklif daxil olub. Bu truppanın «Fars baletləri» («Rus baletləri», «Fransız baletləri» ilə analogiya mümkündür) adı ilə Isveçdə fəaliyyət göstərməsi nəzərdə tutulub. Gənc Iran xoreoqrafı Nima Kiannı Azərbaycan bəstəkarlarının yaratmaları – Q. Qarayevin «Yeddi gözəl»i, A. Əlizadənin «Babək»i maraqlandırmışdır.
«Yeni Musiqi» çox zaman Azərbaycan musiqiçiləri və xarici ölkələrin tanınmış ifaçıları və kollektivləri (məsələn, Isveçrədən TaG, Hollandiyadan «Nieuw Ensemble» və s.) arasında vasitəçi kimi çıxış edir.
Isveçrə gitaraçalanı Kristof Yaqqin Bakıda olarkən aşağıdakı fikri vurğulayırdı: «Mənim üçün incəsənətdə ən önəmli olan insandır. Fikrimcə, birbaşa dostcasına ünsiyyət yad musiqini də qavramağa yol açır».
Ifaçının Azərbaycan həmkarları ilə dostluq ünsiyyəti gitara üçün bəstəkarlarımız X. Mirzəzadə, F. Qarayev, F. Əlizadə, E. Mirzəyev, Ə. Əlizadə tərəfindən əsərlərin yazılması ilə nəticələndi.
«Yeni Musiqi» həmişə öz fəaliyyət formalarını təzələyir, müxtəlif təşkilatların maraqlı təkliflərinə həvəslə qoşulur. Məsələn, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təklifi ilə 1998-ci ildə Bakıda Insan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin beş illiyi münasibətilə musiqi əsərinin bəstələnməsinə həsr olunmuş müsabiqə keçirildi. Müsabiqəyə təqdim olunan əsərlər Bəyannamənin ideal və prinsiplərinə uyğun gəlməli, onun ruhu və ideyalarını əks etdirməli idi. Münsiflər heyətinin qərarı ilə laureat adına M. Quliyev. F. Hüseynov, C. Abbasov, Z. Fərhadov, E. Mirzəyev layiq görüldü. Əsas mükafat isə Ə. Əlizadənin «Serenate Dolore» əsərinə verildi.
Bir cəhəti də vuruğulamaq lazımdır. Cəmiyyət «yeni musiqi» anlamını geniş təfsir edir, ancaq avanqard və ya postavanqard musiqi çərçivəsi ilə məhdudlaşmır. Prinsipcə, cəmiyyət bütün qeyri-adi, maraqlı sənət hadisələrinə öz qapılarını açır: olsun caz, Olsun muğam və ya olsun akademik musiqi. F. Qarayevin fikrincə, əsas məsələ musiqinin müxtəlif növlərinə yeni baxış bucağından nəzər salmaq iqtidarıdır.
Yarandığı gündən «Yeni musiqi» Cabbar Qaryağdı adına muğam üçlüyü, «Bakustik Jazz» qrupu ilə müntəzəm əməkdaşlıq edir.
Mini-festivallar
90-cı illərin ortalarında hələ iri, tammetrajlı festivalların təşkili qeyri-mümkün idi. O zaman cəmiyyətin rəhbərliyi şəraitdən maraqlı çıxış yolu tapdı, formaca daha mütəhərrik, yığcam tədbirlərə – vahid ideyaya tabe olunan, cəmi iki və ya üç konsertdən ibarət mini-festivallara müraciət etdi.
1996-cı ildə keçirilən ilk mini-festival sadə, lakin kifayət qədər mənalı və qabarıq bir ada malik idi – «Onlar və biz». Onlar – XX əsrin Qərb bəstəkarları, biz – Azərbaycanın müasir sənətçiləridik.
Isveçrənin «TaG» ansamblının iştirakilə həmin ildəcə keçirilən ikinci mini-festival «Sükutla dialoq» adlanırdı. Bu kollektivin bədii rəhbərliyi ilə danışıqlar zamanı bəlli oldu ki, ansamblın repertuarında məxsusi estetikaya malik – sakitlik aşılanmış, pauzalarla zəngin əsərlər əksəriyyət təşkil edir. Odur ki, gənc Azərbaycan bəstəkarı Aliyə Məmmədovanın əsərinin adı – «Sükutla dialoq» festivalın konsepsiyasına cavab verdiyi üçün bir ümumi başlıq kimi istifadə olundu.
Yeri gəlmişkən qeyd edim ki, 2001-ci ildə Moskvada, gənc bəstəkarların P. Yurqenson adına kamera musiqisi müsabiqəsində A. Məmmədova öz Ikinci simli kvartetinə görə laureat adına layiq görülmüşdür.
1996-cı ilin payızında daha bir mini-festival «Rusiyanın yeni musiqisi»ni təqdim etdi. Festivalın məğzi onun təşkilatçıları tərəfindən belə açıqlanır: «Uzun illərin bahəm (mahiyyətcə məcburi, reallıqda isə kifayət qədər üzvi) yaşayışından sonra biz yeni enerji ilə uzaq ölkələrdə həmkar və dost axtarmağa başladıq. Keçmiş həmvətənlərimizə marağımız bir növ soyudu, aktuallığını itirdi, onlarla ünsiyyət imkanları mürəkkəbləşdi. Odur ki, indiki şəraitdə rus musiqisi ilə bağlı festivalın keçirilməsi az qala qəfil bir aksiya kimi qarşılana bilər. Bu layihə arxasında «Böyük qardaşla dostluq günləri»nin ətalətini, uzun illər boyu nəhəng ərazilərdə insanların ümumi hesab etdiyi dəyərlərin bərpasını, və ya itirilmiş vəhdətə görə nostalgiya hissinin əlamətlərini axtarmaq əbəsdir. Belə bir festivalın təşkili daha çox musiqi avanqardı adlı cazibədar aləmlə görüşmək tələbatından irəli gəlir».
«Yeni Musiqi»nin fəaliyyəti Q. Qarayevin 80-illiyi tamam olduğu 1998-ci ildə daha məhsuldar və zəngin idi. Bütün kollektiv və ifaçıları eyni vaxtda, eyni yerdə toplamaq və ilk növbədə zəruri maliyyə vəsaitini tapmaq qeyri-mümkün olduğu üçün «Yeni Musiqi» festivalı bütün il ərzində keçirilən tədbirlər sırası kimi qurdu.
Dövlət səviyyəsində bu əlamətdar tarix qeyd olunmasa da, Bakı həmin il bir növ böyük konsert meydançasına çevrildi: məxsusi Qarayev marafonunda Fransadan (Quatuor Danel), Avstriyadan («Ensemble XX Jahrhundert» və skripkaçalan
P. Kopaçinskaya), Isveçrədən («Ensemble fuer Neue Musik Zurich» və gitaraçalan K. Yaqqin) ifaçılar, habelə Azərbaycan musiqiçiləri – pianoçular R. Rzayeva, Ü. Hacıbəyova, orqançalan R. Ismayılova, «SoNoR» ansamblı iştirak etdi. V. Ibrahimoğlunun rejissor olduğu ilk tədbir isə simvolik bir ad daşıyırdı – «Qayıdışa prelüd».
YUNESKO-nun qərarı ilə Bax musiqisi ili elan olunmuş 2000-ci ili «Yeni Musiqi» «Irəli ... Bax!» adlı konsertlər silsiləsi ilə qeyd etdi. Bu ad XX əsrin əvvəlində geniş intişar tapan «Geriyə, Baxa doğru!» şüarı ilə paralellər doğurdu. Xatırladım ki, o zaman yaranmaqda olan neoklassisizm cərəyanı romantik musiqi ənənələrinə kəskin inkar mövqeyi tutaraq, öz mübarizəsində bir ali nümunə kimi Baxın yaradıcılığına müraciət edirdi. Bakıdakı konsertlərdə XX əsr musiqisinin kifayət qədər geniş panoramı (O. Messian, K. Ştokhauzen, L. Berino,
A. Şnitke, S. Qubaydulina və b.), Azərbaycan bəstəkarlarının əsərləri (X. Mirzəzadə, F. Qarayev, C. Abbasov, E. Mirzəyev, A. Məmmədova) təqdim olundu. Hər şeyin fövqündə isə Baxın həmişəcavan, əlçatmaz sənəti ucalırdı.
Nəhayət, 2000-ci ildə Avropa bəstəkarlarının qeyri-formal görüşü də Bakıda, yığcam festival şəklində keçirildi. Bu görüş, doğrudan da, qeyri-formal xarakter daşıyırdı. Bütün iştirakçılar Zağulbada, «Gənclik» istirahət mərkəzində yerləşdirilmişdi. Burada onlar – Azərbaycan, Ukrayna, Polşa, Makedoniya, Rusiya, Isveç, Finlyandiya, Ingiltərə, Gürcüstan, Fransa, Avstriyadan gənc sənətçilər dəniz sahilində, al-əlvan payız təbiəti qoynunda bir-birinin əsərlərini dinləyir, fikir mübadiləsi aparır, mübahisə edir, öz təcrübəli həmkarları – Köln Konservatoriyasının professoru Kşiştof Meyer və bizim Fərəc Qarayevindən səriştəli məsləhətlər alırdılar.
Görüşün yekunlarını qiymətləndirərək K. Meyer aşağıdakı fikri vurğuladı: «Bakıda təmasda olduğum gənclərin bir hissəsi Qərb musiqiçilərindən fərqlənirlər. Onlar öz kökləri – Azərbaycan, Ukrayna, rus kökləri ilə daha sıx bağlıdır. Özü də mən «köklər» dedikdə, yalnız xalq musiqisini deyil, daha geniş – milli mədəniyyətin xüsusiyyətlərini, milli ənənələri nəzərdə tuturam. Diqqətimi cəlb edən bəstəkarların əsərlərində bədahətin mövcudluğu vacibdir. Onlar abstrakt sistemlərə qapanmır, ürəkdən yazıb-yaradır, başqa insanlarla ünsiyyət yollarını axtarırlar. Həmin rabitənin qurulması isə incəsənətdə həmişə ən vacib məsələ olmuş və bundan sonra da olacaqdır».
Yeni musiqinin təbliğatçıları. "SoNoR"
«Yeni Musiqi»nin tədbirlərini kim icra edir? Əlbəttə, ifaçılar. Azərbaycanda XX əsrin sənəti ilə maraqlanan, onu sevə-sevə ifa edən musiqiçilərin sayı, konservatoriyadakı ənənəvi akademik təhsilə baxlamayaraq, get-gedə artır.
Pianoçu Rəna Rzayeva. Onun qastrol marşrutları bir çox ölkələrdən – Rusiya, ABŞ, Almaniya, Avstriya, Hollandiya, Isveçrə, Ingiltərə, Türkiyədən keçir. Rənanın konsert proqramları, məsələn «Qarayevin dövrəsi», «Musiqi – şerlərdə» müəyyən ideyaya tabe olunur, quruluşca maraqlı, qeyri-adidir, çoxsaylı auditoriyanı müasir sənət dünyasına cəlb etmək kimi mühüm bir missiya yerinə yetirir.
«Yeni Musiqi»nin «SoNoR» ansamdbı – sırf müasir musiqinin ifasında ixtisaslaşan ifaçılar birliyi ilə əlaqələri daha sıx və müntəzəmdir.
SoNoR – abbreviaturadır. 1995-ci ildə Samir Mirzəyev (piano), Nizami Zeynalov (klarnet) və Rövşən Məmmədovun (gitara) təşəbbüsü ilə yaranmış və adı həmin ifaçıların adlarının baş hərflərinin birləşməsindən quraşdırılan və çox uğurlu tərzdə «sonor» (yəni səslənmə) sözünə uyğunlaşdırılan bu ansamblın tərkibində BMA-nın birinci kurs tələbəsi və professorlar, məsələn, violonçelçalanlar R. Abdullayev və E. Isgəndərov, təcrübəsiz və tanınmış musiqiçilər bahəm, çiyin-çiynə çıxış edir, müasir musiqinin ideyalarını dinləyicilərə çatdırmaq naminə çalışırlar.
Kollektivin bədii rəhbəri bəstəkar Elmir Mirzəyevin fikrincə, «SoNoR»u ansambl yox, müasir musiqi təşəbbüs mərkəzi adlandırmaq daha düzgün olardı. Çünki kollektiv öz işini təkcə gənc bəstəkarların əsərlərinin təbliği ilə bitmiş hesab etmir, müasir musiqi prosesinin önəmli problemlərini də müzakirə etməyi nəzərdə tutur. «Digər tərəfdən bizim məşq üçün daimi meydançamız, öz alətlərimiz yoxdur: biz ancaq tədbirdən – tədbirə yığışırıq», - deyə Elmir qeyd edir. Düzdür, həmin «tədbir»lərin sayı ildən-ilə artır. Bakıdakı bütün festivalların fəal iştirakçısı olan «SoNoR» dəfələrlə Azərbaycanı beynəlxalq səviyyədə, özü də çox ləyaqətlə, təmsil etmişdir. Həmin forumlar, çıxışlar sırasında GIFT – festival (Tbilisi, 1998), Yeni Musiqi Marafonu (Praqa, 1999), «Ilham XX» (Daşkənd, 2000), «Yeni musiqinin iki günü və iki gecəsi» (Odessa, 2001) festivalları, habelə keçmiş sovet respublikalarının şəhərlərini (Moskva, Tallinn, Tartu, Kişinev) və Avropa ölkələrini (Almaniya, Hollandiya, Belçika) əhatə edən iki turne (
hər ikisi 2000-ci ilə aiddir) qeyd olunmalıdır. 2001-ci ilin avqustunda isə Almaniyanın bir sıra şəhərlərində, o cümlədən Berlində maraqlı proqramla (F. Qarayev, E. Mirzəyev, Ə. Əlizadə,
A. Məmmədova ingilis C. Klark, fransız F. Sərxan, isveç F. Osterlinqin əsərləri) çıxış edən «SoNoR» "Youngö Euro. Classic" festivalının rəhbərliyi tərəfindən «ən avanqardçı ansambl» adlandırılmışdır.
Ansambl daim təcrubəli, tanınmış dirijorlarla əməkdaşlıq edir ki, bu da səslənmənin keyfiyyətinə, bədii səviyyənin artmasına, təfsirlərin dolğunluğuna təsir göstərir. Avstriyalı dirijorlar R. Frayzitser (o, 1998-ci ildən kollektivlə mütəmadi olaraq işləyir),
P. Koyşniq (2000-ci ilin turneləri), ukraynalı V. Runçak (2001-ci ilin Almaniya qastrolları) ilə çıxışların, «XX Jahrhundert» ansamblının dirijoru P. Burvikin Bakıdakı ustad dərslərinin səmərəsi göz qabağındadır.
«SoNoR»un tərkibi mütəhərrikdir. Lakin bu tərkib nə qədər yeniləşsə də, kollektivin əsas yaradıcılıq nüvəsi sabit qalır. Ansamblın musiqiçilərindən hər biri öz-özlüyündə maraqlıdır: Samir Mirzəyev – araşdırmaya meylli pianoçu; Rövşən Məmmədov – Azərbaycanda çeşidli gitara repertuarına ardıcıl yiyələnən nadir ifaçı; Soltan Məmmədova – öz texniki ustalığını günbəgün təkmilləşdirən skripkaçalan. Zərif cüssəli bu qız bir neçə vaxt əvvəl Q. Qarayevin mürəkkəb Skripka konsertinin öhdəsindən uğurla gələrək qeyri-adı enerji və əzəmət nümayiş etdirdi.
Ansamblın digər üzvlərinin məziyyətlərini heç də azaltmayaraq mən hər halda klarnetçalan Nizami Zeynalovun və vokalçı Fəridə Məmmədovanın adlarını xüsusi vurğulayardım.
Istedadlı, həssas musiqiçi N. Zeynalovun öz alətinə kövrək, məhəbbət dolu münasibəti valeh etməyə bilməz. Onun «Irəli ... Bax!» festivalı çərçivəsində təqdim etdiyi «Klarnet plyus ...» proqramı (burada solo əsərlər ansambllarla ardıcıllaşırdı) 2000-ci ilin konsert həyatında əlamətdar hadisə oldu. Ən çətin texniki fəndlərdən (klapanlarda çalğı, multifoniya, səslə çalğı və s.) bacarıqla istifadə edərək, musiqiçi rəngarəng, müxtəlifçeşidli – zərif, xışıldayan, nərildəyən, ovsunlayıcı səslənmələrə nail olur: elə təsəvvür yaranır ki, səhnədə tək deyil, bir neçə alət yerləşir. Ümumiyyətlə, N. Zeynalovun solo konsertlərini vahid, lakin çoxobrazlı çoxçalarlı personajın – klarnetin iştirak etdiyi teatr tamaşası ilə müqayisə edərdim.
Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsinin laureatı F. Məmmədova geniş dünyagörüşünə, bir neçə Avropa dillərinə bələd müğənnidir. Fəridənin hər bir musiqi ibarəsinə diqqəti, dramaturji duyumu, intonasiya zənginliyi, aydın tələffüzü, nəhayət, əsl aktyor məharəti yaddaqalan obrazların yaranmasını doğuran amillərdəndir. Bütün bu keyfiyyətlər özünəməxsus səhnəciklər – isveç bəstəkarı
F. Osterlinqin «Love: formal aspects» və fransız
F. Sərxanın «CRWTH» kompozisiyalarının təfsirində özünü daha bariz göstərir.
«SoNoR»un bədii rəhbəri E. Mirzəyev Azərbaycan bəstəkarlarının gənc nəslinin ən maraqlı, axtarışda olan nümayəndələrindəndir. Onun adətən orijinal, musiqidənkənar ideyası olan, teatrlaşdırmaya meylli, fərdi formada təcəssüm edilən əsərləri Azərbaycandan kənarda rəğbətlə qarşılanır. Bir dəfə mən R. Frayzitserə «Siz Elmirin məhz azərbaycanlı olduğunu duyursunuzmu?» sualı ilə müraciət edib belə bir cavab aldım: «Intonasiya səviyyəsində musiqinin milli mənsubiyyətini axtarmaq indi mənasızdır. Amma mənə bir şey aydındır: sözsüz ki, Elmir fərqli zaman-məkan ölçülərində yaşayıb-yaradır, milli təfəkkürün üst deyil, daha dərin qatlarına enməyə çalışır».
Hal-hazırda «SoNoR»un professional dairələrdə nüfuzu artmaqdadır. Rusiya, Ukrayna, Polşa, Avstriya, Fransa, Ingiltərə, Isveç, neçə-neçə başqa ölkələrin bəstəkarlarının ansambla ithaf etdiyi əsərlər (onların sayı 30-u adlayır) həmin nüfuzun ən bariz inikasıdır.
«Keçmiş əsrdən yeni musiqi»
Toplanan təcrubə, mini-festivalların artan sayı gec-tez, kəmiyyətin keyfiyyətə keçidi qanununa əsasən, tammetrajlı festivalın təşkili ilə nəticələnməli idi. Bu, 2001-ci ilin iyununda baş verdi. Onillik fasilədən sonra sonuncu (Qarayev adına «XX əsr musiqisi» festivalı 1990-cı ilin dekabrında olub) Bakıda, nəhayət, «Keçmiş əsrdən yeni musiqi» adlı böyük layihə həyata keçirildi. Bu, ilk nəzərdə paradoksal adın izahını festivalın bukletində tapmaq olardı: «Keçmiş əsr» dedikdə biz son vaxtlaradək XIX əsri təsəvvür edirdik. Bir neçə aydan bəri bu anlamı XX əsrə aid etmiş oluruq.
«Yeni musiqi» deyildikdə XX əsrdə yaranmış məfhumu xatırlayırıq. O əsrədək musiqinin yenisi-köhnəsi olmamışdı. Indiki əsrin astanasında «yeni musiqi»nin gerçəkliyi artıq sual doğurmağa başlayır və indi o, tarixə qovuşan əsrin daha bir əlçatmaz utopiyası, daha bir devrilmiş inqilabına çevrilməkdədir. «Keçmiş əsrdən yeni musiqi» ifadəsi səthi mənada məntiqsiz görünsə belə onun daxili əsaslanması məhz belə açıqlama ilə verilə bilər».
Festivalın bukleti və afişalarında XX əsrin ortalarının sovet memarlığında konstruktivizmin nadir nümunəsi – Azərnəşrin binasının təsviri rəmzi məna daşıyırdı. Doğan günəşin qızılı və çəhrayı şüaları altında çəkilmiş bu foto Azərbaycanın ən çağdaş, ən yeni, naməlum sənət ideyalarına açıqlığı fikrini ifadə etməli idi.
Festival proqramlarının orijinallığı ondan ibarət idi ki, bu proqramlar adətən olduğu kimi Avropanın hüdudları ilə məhdudlaşmır, dinləyicilərə dünya musiqi fəzasının müxtəlif bölgələrini təqdim edirdi. Həmin özünəməxsus «sivilizasiyalar, mədəniyyətlər polifoniyası»nda XX əsr Amerika bəstəkarlarının əsərləri («Continuum» ansamblı) və koreyalı Cin-A Anın musiqisinə performans (müəllif və ifaçı – Yanq-Ca Banq Ço idi), Norveçin «Kyberia» qrupunun təqdimatında ekstravaqant musiqili – multimedia şousu və yapon bəstəkarlarının elektron-akustik əsərləri (danimarkalı fleytaçalan Lars Qrauqaard) təbii surətdə «yanaşı yaşayır», bir-birini tamamlayırdı. «Uzaq ölkələr» adlı bütöv bir proqram isə dinləyiciləri Latın Amerikasının – Argentina, Meksika, Çili, Venesuelanın musiqisi ilə (arfaçalan Sofiya Asunsyon Klaro və L. Qrauqaard) görüşdürdü.
Bu gün ənənəvi konsert forması – statik və darıxdırıcı – dinləyici auditoriyasını cəlb etmək iqtidarında olmadığından öz aktuallığını itirir. Odur ki, festivalın təşkilatçıları konteksti gücləndirməyə, musiqini incəsənətin müxtəlif növləri – kino, teatr, təsviri sənətlə sintezdə təqdim etməyə, texnoloji yeniliklərin geniş tətbiqinə səy göstərirdilər. Maraqlıdır ki, festivalın dramaturgiyası janr spektrinin ardıcıl olaraq genişlənməsi, finala doğru sırf musiqi aksiyalarından tədricən uzaqlaşmaq istiqamətində qururlmuşdur. Belə ki, festival marafonunun iki kənar nöqtəsini «Continuum»un kamera və orqan musiqisi zalında kifayət qədər «ənənəvi» konserti və Yanq-Ca Banq-Çonun Gənc Tamaşaçılar Teatrında «Yaşama sənəti» performansı təşkil etdi. Milliyyətcə koreyalı olan bu sənətçi Almaniyada yaşayır. O, Hamburqda təsviri sənət Kollecini bitirib. Yanq-Ca Banq-Ço dünyanın bir sıra ölkələrində keçirilən sərgi və tamaşalarda iştirak etməklə yanaşı, çeşidli festivalların (məsələn, 1997-ci ildə Hamburqda buddist
festivalın, 65-ci Beynəlxalq «Paper art» festivalının) kuratoru olmuşdur. Ipəkdən, kağızdan installyasiyaların istifadəsinə əsaslanan Bakıdakı performansda musiqi daha çox qeyri-adi, ekzotik tamaşanın komponentlərindən biri, hətta tamamlayıcı vasitə kimi çıxış edirdi. Belə ki, «Zen painting of my tongue» performansında ifaçı – qoy oxucular məni bir qədər qeyri-estetik təfərrüatlara görə bağışlasınlar, - ağzına mürəkkəb alıb dili ilə qurtarmaq bilməyən kağız rulonlarında yarım saat müddətində (!) heroqliflərəbənzər işarələr «yazırdı». Tamaşadan sonra T. Cuvarlı bu aksiyanı uğurlu şəkildə «kütləvi hipnoz seansı» ilə müqayisə etdi.
Gəncləri, tələbələri müasir sənət aləminə cəlb etmək məqsədilə festival təşkilatçıları qeyri-ənənəvi, bəzən gözlənilməz yerlərdən, məsələn, «Qız qalası» rəsm qalereyası, dənizkənarı mehmanxana, Milli Olimpiya Komitəsinin zalı, klub-diskotekadan konsert meydançası kimi istifadə etdilər. Bu, daima dəyişən, mütəhərrik «dekorasiya» dinləyici marağını birə on artırır, hər tamaşada təkrarsız, xüsusi atmosfer, ovqat bərqərar edirdi.
Səssiz kino, mavi dəniz, improvizasiya
Azərbaycan kinematoqrafçıları tərəfindən 1930-cu ildə çəkilmiş «Lətif» səssiz filminin (ssenari müəllifi və rejissor M. Mikayılov) «Bakustik Jazz» qrupunun (pianoçu S. Qəmbərov, kamançaçalan F. Dadaşov, nağaraçalan E. Qafarov) improvizasiyaları altında nümayişi, məncə, festivalın əsl kulminasiyası adlandırıla bilər. Məhz burada axtarılan sintez əldə olundu: təsvir, musiqi, landşaft («Crescent Beach Hotel»in yaz meydançası) ahəngdar sürətdə uzlaşıb vahid tam yaratdı.
Məşhur Azərbaycan kinoşünası və rejissoru, bu tədbirin təşəbbüskarlarından biri olan Ayaz Salayevin «Musiqiyə qulaq asmaqla məhdudlaşmayıb ekrana da baxmaq» çağırışlarına cavab olaraq toplaşanlar ilk növbədə məhz təsviri sıranı maraqla izləyirdi. Bu işdə isə onlara musiqi kömək edirdi. Ayaz müəllimin narahatçılığına yer qoymayaraq tamaşaçılar bir qədər sadəlövh bu lentin qeyri-adı poetikliyini lazımınca qiymətləndirmək iqtidarında oldular. Filmin başlıca məziyyəti isə ondadır ki, müəlliflər dünyaya uşağın, Lətif adlı oğlanın gözləri ilə çox təbii, səmimi, lirik tərzdə baxa bilmişlər. «Lətif»ə tamaşa etdikcə qeyri-iradi olaraq çox-çox sonra çəkilmiş başqa bir filmi – A. Tarkovskinin «Ivanın uşaqlığı»nı xatırlayırdım. Hərçənd mənə tam aydın idi ki, bu iki film sənətkarlıq baxımdan müqayisə olunmazdır.
«Bakustik Jazz»ın ixtiraçılıq, təxəyyül, bəzən incə yumor hissi ilə aşılanmış improvizasiyaları ekrandakı hadisələrlə (filmdə isə xalq-janr, rəqs səhnələri kifayət qədərdir) bir unison yaradır, bəzən isə bu və ya digər kadrın təsir qüvvəsini artırırdı. Belə ki, epizodlardan birində pianoçu Salman Qəmbərov səssiz filmlərin sabit atributu – valsın bayağı motivlərini, A. Zeynallının şairanə «Ölkəm» romansından ayrı-ayrı ibarələri və ... dövrün məxsusi rəmzi – «Vzveytesğ kostrami» pioner mahnısının səciyyəvi dönümlərini (bu, sonuncu, kənddə kollektivləşdirmənin ilk illərindən bəhs edən filmin ideoloji tərəfinə incə eyham kimi qavranılırdı) virtuozcasına bir-birinə calayıb auditoriyanın alqışlarını qazandı.
Gözəllik bir xəyaldır ...
«SoNoR» ansamblı Azərbaycan Bəstəkarlar Ittifaqının foyesində çıxış etdi. XX əsrin əvvəllərinə aid bu memarlıq abidəsi – Ittifaqın binası bərbad bir vəziyyətdədir: qırılmış şüşələr, çat vermiş divarlar, uçulmaqda olan tavan – bu mənzərə heç də könül açmır, acınacaqlı təəssürat doğurur.
«SoNoR»un «Gözəllik bir xəyaldırmı?» çoxmənalı başlığı altında Ittifaqın ürəksıxıcı, tozlu, ustəlik zəlzələdən zərər çəkmiş binasında keçirdiyi tədbir, «Kosmopolitika» rəssamlar qrupu tərəfindən buradaca təşkil olunan performanslar, uzlaşmayan anlamlar – gözəllik, harmoniya və dağıntı, miskinliyin paradoksal tərzdə uzlaşdırılması, daha dəqiq desək, qarşılaşdırılması güclü effekt yaratmalı, ictimaiyyətin diqqətini binanın problemlərinə cəlb etməli idi. Yəni tədbir adi konsertdən çox bir aksiya kimi düşünülmüşdü. Bəstəkarlar Ittifaqının girəcəyində qəmli «Sarı «Gəlin»i tütəkdə çalan dilənçinin tənha fiquru bu kontekstdə rəmzi məna kəsb edirdi.
Mühümdür ki, «SoNoR»un aksiyası üçün ingilis C. Klark, ukraynalı I. Qromadski, fransız F. Sərxan xüsusi əsərlər bəstələyərək öz azərbaycanlı həmkarlarının (F. Qarayev, E. Mirzəyev) etirazına qoşuldular. Həmin axşam ifa olunan bütün əsərlərdə bir nostalgiya, itirilmiş idealdan ötrü nisgil hissi duyulurdu. Bu ovqat istedadlı gənc ukraynalı bəstəkar I. Qromadskinin «Cizgilər» kompozisiyasında daha bariz üzə çıxdı.
Ingilis Ceyms Klarkın «Concetto spaziale» əsəri də rəğbətlə qarşılandı. C. Klark «new complexity», yəni «yeni mürəkkəblik» cərəyanının ardıcıl tərəfdarıdır. Həmin cərəyanın nümayəndələri sırasında onun həmvətəni, XX əsr musiqisinin ən önəmli fiqurlarından biri B. Förnihounun adı seçilir.
«Concetto spaziale» italyan minimalist rəssamı Luçio Fontanonun sərgisindən alınan təəssürat nəticəsində yazılıb. L. Fontano öz lövhələrini çox qeyri-adi tərzdə, bıçaqla «çəkir», Klarkın yozumunda gözəlliyi zorakılıqla yaradırdı. Ingilis müəllifinin kompozisiyasının təməlində məhz bu ideya durur: burada ayrı-ayrı alətlərin kəskin fərdiləşdirilmiş kəskin şaxələri (klarnet, skripka, percussion, fortepianoya maqnitofon yazısı əlavə edilir) qarşılıqlı əlaqəyə girərək əcaib bir tam, özünəməxsus «səslər qalereyası» yaradır. Özü də bu səsləri həm ayrı-ayrılıqda, həm də bir-birilə rabitədə izləmək maraqlıdır.
Yeni musiqinin təbliği yollarının müxtəlifliyi
Əlbəttə, festival konsertlərinin heç də hamısı eynilə inandırıcı adlandırıla, müsbət qiymətləndirilə bilməz. Məsələn, «Tunnel» gecə klub-diskotekasında «Kyberia» Norveç qrupunun «Navigations» adı ilə göstərdiyi musiqili multi-media şousu ziddiyyətli hisslər doğurdu. Proqrama minilliyin sonu ərəfəsində qrupun xüsusi sifarişi ilə Norveç bəstəkarlarının yazdığı qısa pyeslər daxil idi.
«Biz yeni minilliyin naviqatorlarıyıq, məqsədimiz də müxtəlif sənət sahələrinin, heterogen oyun fəzasının yaranmasına istiqamətlənib. Biz eyni zamanda musiqiçi, bəstəkar, dizayner və memarıq. Müasir Norveç landşaftında yeni musiqinin heç bir xəritədə qeyd olunmamış yolunu açmaq arzusundayıq». «Kyberia» qrupu – Tanya Orninq (violonçel), Viktoriya Yonson (skripka) və Rendi Neylor (digital – xoreoqrafiya və saksofon) öz yaradıcılıq kredosunu bir qədər nümayiş karanə tərzdə belə müəyyənləşdirir. Norveçlərin şousunda hər şey sanki qəsdən qeyri-akademik xarakter daşıyırdı: T. Orninq və V. Yonsonun kosmos aləmi ilə assosiasiya doğuran gümüşü, işıq saçan kostyumları, əcaib makiyaj, pank üslubunda saç düzümü, sərbəst davranış tərzi. Belə sərbəstlik populyar skripkaçalan V. Meyin çıxışlarından bizə tanışdır.
O saat qeyd edim ki, qrupun musiqiçilərinin professional səviyyəsi əsla şübhə doğurmur, onların virtuozluğu isə hətta heyrətləndirirdi. Lakin, fikrimcə, nəyin bahasına olursa-olsun gənclərdən ibarət auditoriyanın xoşuna gəlmək niyyəti bədii nəticənin aşağı enməsinə, zövq baxımdan qüsurlara gətirib çıxarırdı. Belə ki, finalda qrup öz kollektiv yaradıcılığının bəhrəsini – «Play learning sequence» adlı «kompozisiya»nı təqdim edərkən musiqi oyuncaqlarını – uşaq qarmonları, tütəkləri, klaksonlarını işə salıb, küy effektlərindən bolluca istifadə edib hamını karıxdırdılar. Göstərilən səhnəçik (burada musiqiyə çox cüzi bir yer ayrılmışdı) hal-hazırda dəbdə olan sirk tamaşası estetikası ilə səsləşsə də, bədii nəticəni inandırıcı adlandırmaq çətindir.
Şəxsən mənə, eləcə də festivalın digər dinləyicilərinə XX əsr Amerika musiqisinin üslub müxtəlifliyini və hətta əlvanlığını – proqrama A. Koplend,
E. Karter, C. Kramb kimi məşhur bəstəkarlarla yanaşı, bizə bəlli olmayan müəlliflər – H. Kouell,
P. Şönfild, U. Mamlok, R. Syerranın əsərləri salınmışdır – nümayiş etdirən «Continuum»un konserti daha güclü təsir bağışladı. Ansamblın çıxışı səs nüanslarının tükənməz müxtəlifliyi, üslub duyumu, sərbəstlik, daha dəqiq desək, unikal ifaçılıq təbiiliyi, artistizmi ilə heyran etdi. Bu keyfiyyətlər F. Şvartsın «Kannibal-Kaliban» kompozisiyasının təqdimatında – məxsusi «emosiyalar teatrı»nda özünü daha parlaq büruzə verdi: müxtəlif musiqi replikalarına müvafiq olaraq ansambl uzvlərinin sifətləri dəyişir, qorxu, qəzəb, sevinc, heyrət ifadə edirdi ...
Fleytaçalan Lars Qrauqaardın yapon müəlliflərinin (T. Rai, M. Haşida, Ş. Matsuda) əsərlərindən ibarət konsertində dinləyicilər səsin kompüter vasitəsilə dəyişdirilməsini, səsin «sərgüzəştlər»ini maraqla izləyir, özlərini ecazkar bir aləmə düşmüş kimi hiss edirdilər. Danimarkada K. Nilsen adına Musiqi Akademiyasının kompüter musiqisi şöbəsinin müdiri, görkəmcə xeyirxah cəngavər – Don Kixotu xatırladan professor L. Qrauqaard konsertdən sonra sualıma cavab verərkən aşağıdakı anları vurğuladı: «Mən kompüteri adi bir alət kimi qiymətləndirirəm, onu fleyta və yə fortepianodan fərqləndirmirəm. Əslinə qalsa, məni həqiqətən narahat edən məsələ bədii nəticə, musiqinin keyfiyyətidir. Yaradıcılıqda mənim üçün nə daha əsasdır – ifaçılıq və ya bəstəkarlıq? – sualına isə belə cavab verərdim: fleytaçalan kimi mən daha geniş üslub diapazonunu, müxtəlif region və ölkələrin musiqisini əhatə edə bilərəm. Odur ki, özünüz nəticə çıxarın».
Əslən Çilidən olan, hal-hazırda Danimarkada yaşayan arfaçalan Sofiya Asunsyon Klaronun konserti də bizim üçün faydasız olmadı. O, stereotip təsəvvürlərə əks olaraq nümayiş etdirdi ki, Latın Amerikası ölkələrində nəinki gözəl romanlar və sentimetal seriallar, habelə kifayət qədər maraqlı «akademik» musiqi bəstələnir. Belə ki, arfanın özünəməxsus imkanlarını audioyazı ilə orijinal tərzdə uzlaşdıran meksikalı Havyer Alvaresin «Acuerdos por Diferencia» kompozisiyası yadda qaldı. Onu da qeyd edim ki, proqramın bir neçə nömrələrində
S. A. Klaronun partnyoru kimi onun həyat yoldaşı
L. Qrauqaard çıxış etdi.
Mənimlə söhbətimdə bu məlahətli, gülərüz, temperamentli sənətçi xanım aşağıdakı məqamlara diqqət yetirdi: «XX əsrin sonu bütün dünyada arfa sənətinin renessansı dövrü adlandırıla bilər. Latın Amerikasında isə arfa, onun folklor növü olduqca geniş intişar tapıb. Odur ki, regionumuzun bəstəkarlarının bu alətə müraciəti təbiidir».
«Bəstəkarlarınızın təxəyyülü heyrətamizdir...»
Coel Saks, «Continuum» ansamblının həmdirektoru: «Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkə üçün bu qədər istedadlı bəstəkarların mövcudluğu çox əlamətdar və səciyyəvidir. Mən həyatının son illərini Amerikada yaşamış həmyerliniz mərhum
O. Felzerlə tanış idim. O, vaxtilə Azərbaycan musiqisi haqda məni mə lumatlandırmış, Q. Qarayevin milli bəstəkarlıq məktəbinin inkişafında görkəmli rolunu açıqlamışdır.
Ansamblımız müxtəlif illərdə O. Felzer, F. Qarayev, F. Əlizadənin əsərlərini həvəslə çalıb. Etiraf edim: bu müəlliflərin hamısı heyrətamiz təxəyyülə malik sənətçilərdir. Müasir musiqidə isə mən təxəyyül hüdudsuzluğunu xüsusən qiymətləndirirəm. Bəzi əsərlərdə, məsələn, F. Əlizadədə milli ənənələrdən, məsələn, muğamdan çox təravətlə istifadə olunur ki, bu da valeh etməyə bilməz. Onu da deyim ki, mən sizin regionun ənənəvi musiqisi ilə yaxşı tanışam, özüm hətta zərbdə çalmağa çalışıram. Azərbaycan sənətçiləri ilə əməkdaşlığımı davam etdirmək, istedadlı gənclərinizlə tanış olmaq istərdim».
Ceyms Klark, bəstəkar: «Rəngarənglik – Bakıdakı festivaldan aldığım başlıca təəssüratı bir sözlə məhz belə ifadə edərdim. Məncə, festivalın konsertləri müasir musiqini hansı yollarla təqdim etməyin, dinləyici auditoriyası ilə dialoq problemini necə həll etməyin gözəl nümunəsidir. Festival yaxşı planlaşdırılmışdır: hər bir proqram müəyyən mövzuya tabe idi, konsertlər hər dəfə tamamilə qeyri-adi, hətta gözlənilməz yerdə keçirilirdi ki, bu da tədbirin özünəməxsus intriqasını, əlavə mətnaltı qatını yaradırdı.
Mənim Azərbaycan musiqi mədəniyyəti ilə tanışlığım on ilə yaxın müddəti əhatə edir. Deməliyəm ki, musiqiniz məni çox maraqlandırır və yaxşı mənada təəccübləndirir. Vaxtaşırı müxtəlif beynəlxalq festivallarda olarkən, orada bu və ya digər bəstəkarın musiqisini dinləyərkən öz-özümə sual verirəm: müəllifin kökü, görəsən, haradandır? O, dinləyicilərinə hansı mətləblərdən söz açır? Əfsus ki, çox zaman bu suallar cavabsız qalır.
Açığını söyləyim ki, Bakıda eşitdiyim, tanış olduğum nümunələr, məsələn, A. Məlikovun partituraları, X. Mirzəzadə, F. Qarayev, gənc müəlliflərin əsərləri mənə qərb müəlliflərinin bir çox yaratmalarından daha maraqlı göründü. Azərbaycanda yaradıcılıq iradəsinə, dərin daxili enerjiyə, qüvvəyə malik parlaq şəxsiyyətlər az deyil. Bu isə yalnız əzəmətli ənənələrə malik güclü bəstəkarlıq məktəbinin mövcudluğu şəraitində mümkündür.
Mənim «SoNoR» ilə əməkdaşlığım çox uğurlu oldu. Zənnimcə, ansamblın zəngin yaradıcılıq potensialı, inkişaf, artım üçün yaxşı imkanları var.
Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri də göz qabağındadır. Mən qarşılıqlı ünsiyyət tellərinin inkişafı üçün əlimdən gələni etmək niyyətindəyəm. Belə ki, mən Azərbaycan musiqisinin Britaniyada, Avropa ölkələrində təbliğinə, onun beynəlxalq yaradıcılıq təşkilatları, BBC kanalları vasitəsilə ifasına yardım göstərə bilərdim. Fikrimcə, musiqiniz dünyada daha geniş təqdim olunmaq haqqını qazanıb. Öz növbəmdə mən təcrübə və biliklərimi gənc Azərbaycan musiqiçiləri ilə bölüşmək, onlara hər bir məsləhət verməyə hazıram. (2001-ci ilin payızından C. Klark BMA-nın fəxri professorudur).
Başqa sahələrdə deyə bilmərəm, ancaq musiqidə siz hələ ki total standartlaşma – mən bunu «koka-kolalaşdırma» adlandırıram – təhlükəsini dəf edə bilmisiniz. Indi əsas məqsədiniz özünəməxsusluğunuzu, unikal mədəniyyətinizi, zəngin xalq yaradıcılığınızı qoruyub saxlamaqdır».
Bəzi nəticələr
Bu gün respublika dünya siyasəti, iqtisadiyyatı, mədəniyyətinə sürətlə inteqrasiya olunur. Müxtəlif problemlərə baxmayaraq Azərbaycanın musiqi həyatı, deyəsən, heç vaxt olmadığı kimi fəaldır. Bakıda ən müxtəlif musiqi nümunələri – klassika, caz, pop, folklor səslənir, dünya miqyaslı görkəmli sənətkarlar – həmyerlilərimiz M. Rostrapoviç, B. Dividoviç, D. Sitkovetski və eyni zamanda mədəniyyətimizin real professional səviyyəsini təsəvvür etməyən təsadüfi ifaçılar çıxış edir BMA-da tanınmış mütəxəssislər tərəfindən vaxtaşırı verilən ustad dərsləri gənclərimizin yaradıcılığını stimullaşdırır.
Lakin musiqi həyatının bütün rəngarəngliyinə baxmayaraq proqramlarda ənənəvi konsert repertuarına aid əsərlər üstünlük təşkil edir. Qastrolçuların çıxışlarını dinləyərkən, onlarla söhbətləşərkən əmin olursan ki, konservatoriya təhsili, özü də təkcə Azərbaycanda yox, daha artıq dərəcədə ənənəvi akademik səciyyə daşıyır, əsasən klassik musiqi irsinin mənimsənilməsinə yönəlib.
Belə şəraitdə «Yeni Musiqi»nin fəaliyyətini yalnız təqdir etmək olar. Axı hər bir sivilizasiyalı cəmiyyət öz həmvətənlərini dünya, o cümlədən müasir dünya sənətinin ən yaxşı nümunələri ilə tanış etməlidir. Bugün tam aydındır ki, «Yeni Musiqi»siz Azərbaycanın səslənən məkanı xeyli dərəcədə cazibəsiz, maraqsız, hətta sönük olardı. Cəmiyyətin keçirdiyi festivallar təhsilimizdəki çatışmazlıqları ləğv edir, müasir sənətdəki proseslər barədə bizi məlumatlandırır, mənəvi həyatımızı zənginləşdirir, Azərbaycan və dünya arasında körpü salır.
p align>
|