GÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
 


       

DƏYMƏYIN

        (arakəsmə)

       Telli sazı sinəm üstə alanda
       Çala-çala yırğalanım, dəyməyin.
       Ismi pünhan, o qadası dediyim
       Göz eyləsin, gözəl xanım, dəyməyin.

       Adəm cana gəlsin desin «ruh hanı»?
       Səs salmayın, qoyun çalım «Ruhanı».
       Təlatümdə olsun Nuhun tufanı,
       Kömək istər, mən oyanım, dəyməyin.

        «Kərəm»i də Kərəm kimi yanım mən,
        «Dilqəmi»də Dostu xanım anım mən.
        «Cənki» çalım, Misri qılınc anım mən,
       Hünər olsun hər gümanım, dəyməyin.

       Dastan deyim, telli saza calanım,
        «Sarıtel»də bu dağları dolanım.
       Zəmbur olum, çiçək üstə yalanım
       Belə olsun hər bir anım, dəyməyin.

        «Dübeyti»də binələrə baş çəkim,
        «Qəmərcanı» gülfincanı gül əkim.
       Xalq mahnısı, el havası, baş həkim.
       Qoy unutsun dərdi-canım, dəyməyin.

       Segah çalım, Qarabağı dolanım,
        «Çoban bayatı»da dağdan boylanım.
       Şahin olum, zirvələrdə qıylanım,
       Ov axtarsın özcə canım, dəyməyin.

       Muğamda xalqımı yenidən gəzim,
       Hər havada sazdı mənim sağ gözüm.
       Şah Xətai, şah pərdədə, şah düzüm,
       Belə olsun hər bir anım, dəyməyin.

        «Dərbəndi»də mən Dərbəndi yad edim,
       Tufarqan Abbasla Dərbəndə gedim.
        «Səməndəri» uyğun döymü, düz deyim,
       Düz çalmağa var gümanım, dəyməyin.
       Naxçıvana Ağrıdağın başınnan,
       Baxım od yurdunun üzük qaşınan.
       Sazda çalım ox sinəli daşınnan
       Vətənimdi şöhrət-şanım, dəyməyin.

        «Incəgülü» qoy səs versin səsimə,
        «Göyçəgölü» özü gəlsin bəsimə.
        «Şahsuvarı» həm yaxşıma, pisimə,
       Qiymət versin, özüm qanım dəyməyin.

        «Narıncı» da Araz kimi lal axım,
       Araz ovalığına təzədən baxım.
        «Şaqayı gəraylı»da yandırım, yaxım.
       Çoxdu hələ xanimanım, dəyməyin.

       Hamı mərddi, mərddə bilir özünü,
       Naməpd hanı, görən varmı üzünü?
       Ata oğlun, ana qızın sözünü,
       Qoy danışsın, din-imanım dəyməyin.

       Havaların çoxu qalmır yadımda,
       Balabansız yaddan çıxır adım da.
        «Müxəmməs», «Divanı», «Təcnis» dadımda,
       Məzələnim, məzə qanım, dəyməyin.

        «Misri» çalım, qılınc asım belimə,
        «Keşişoğlu» onda keçsin əlimə.
        «Arazbarı», «Nəcəfi»ni dilimə,
        «Məmmədsöynü» düzgün anım, dəyməyin.

       Muğanı dolanım, Milə yollanım,
       El havası şirin dilə yollanım.
       Qayıdım Göyçəyə, Cilə yollanım,
       Zəki olsun hər qurbanım, dəyməyin.

       Aşıq Əsədin Azərbaycana köçməyinin birinci səbəbini aşıqladıqdan sonra ikincisinə keçək. Artıq 1924 –1925-ci illərdə Azərbaycan höküməti onu Bakida yaxud Gəncədə görmək istəyirdi. Ev, məhəllə yaxud da bir bölüm torpaq seçimi qalmışdı. Lakin Aşıq Əsəd şəhər yerində qala bilmirdi, ürəyi sıxılırdı. 1928-ci ildə Qazağın Çaylı kəndində ötəri yurd salıbmış, lakin Bozalqanlıdakı qohumlarının varlığı, Tovuza olan ürək yatımı öz işini görüb. 1930-cu ildə Aşıq Əsəd Tovuzda birdəfəlik yer alıb, ev tikdirir. Maraqlıdır ki, elə həmin ildəcə Cilovdarlı Aşıq Mirzə Kür qıragından köçərək, elə həmin Tatlar məhəlləsində onunla yanaşı yurd salır.
       "Aşıq Əsəd səsi" haqqında dastanlar bağlanıb desək, heç kim heç kimi qınamaz. Bu heç də şişirtmə deyil. Əgər özü və səsi haqqında söhbətləri dastanın nəsr kəsimi, şərləri isə nəzm kəsimi kimi toplasaq, vəlkə də «Şah Ismayıl» yaxud da «Novruz və Qəndab»dan da tutumlu yazılı kitab alınar. Lakin mahiyyətcə Aşıq Əsədin səsi adi yüksək tessituralı, zilə qaxdıqca incələn və geniş nəfəsini, gücünü itirən nə aşıq səsi, nə də mugamatçı-xanəndə səsi deyildi. Bunu onun 1938-ci ildə Moskva çıxışlarından sonra buraxılan və xırıltılı səslənsə də, hazırda bərpası mümkün qrammafon valından duyub yozmaq olar. Belə çeşiddə səs yalnız hazırda əfsanəyə dönmüş italyan opera müğənniləri E. Karuzo və M. Lantsanın səslərilə tutuşdurula bilər, lakin diapazon və reqistr baxımından Aşıq Əsədin üstünlüyü şübhə doğurmur. Məndə olan (və lentə yazılmış) bilgiyə görə, onun səsinin oxşarını, - Aşıq Zeynal Gəncəlinin lap gənc yaşında,1945-ci il noyabrın 6-da opera və balet teatrındakı çıxışını eşi dən Mircəfər Bağırov Üz. Hacibəyovun (və bir sıra vokal üzrə tanınmış müəllimlərin) həmin gəncin Bakıda hazırlıq keçib Italiyaya oxumağa göndərilməsi arzusunu bəyənmişdi.
       Lakin hər halda Aşıq Əsədin oxumagı əfsanəvi gercəklik kimi yozulurdu. Məsələn, özünün oğlanlarına söylədiyinə görə, «1924-ci ildə Bakı filarmoniyasında aşıqlara və xanəndələrə baxış keçirilirdi. Mən də «El bayatısı» ilə çıxıb filarmoniya səhnəsini zəngülə (yaxud boğaz qaynatması! – A.O.) vura-vura iki dəfə hərləndim. Səhnəyə də iki tərəfdən gırış var. Girdiyimə əks tərəfdən çıxanda Cabbar Qaryağdıoğlu yolumu kəsib dedi: «Bir dayan!» Dedim: «Nədi?» Dedi: «Bir ağzını aç!» Dedim: «Nə işə?» Dedi: «Deyirəm ki, abzını aç, sənin boğazinda nəsə başqa bir şey var! O səs bu bədəndən çıxmırdı, sən boğazına nəsə qoyubsan!». Dedim: «A kişi, o boyda böyük sənətkar ola-ola cəfəngiyyat danışırsan!» Dedi: «Yox ey! Səni buraxan deyiləm. Açacaqsan ağzını, baxacağam boğazına!»

       Nə isə, boğazıma baxandan sonra dedi: «Vallah, mən lap məəttəl qalmışam. Belə kiçik bədəndən, belə dar boğazdan elə zil, özü də gur səsmi çıxar?!». Daha bir olayı Sabir müəllim belə xatırlayır:
        «1944-cü ildə məktəblilərin respublika olimpiadasında qardaşim Bahadırla iştirak edirdim. IV sinifdəydim, 11 yaxud 12 yaşım olardı. Olimpiada bitdi və biz radioda çıxışa yollandıq. O zaman atamız da yanımızdaydı. Atam çıxışa hazırlaşanda bir işçi dedi ki, «mikrofonu aralı qoyun, Aşıq Əsədin səsi mikrofonu batırar, cıhazlar işdən cıxar. Qoy mikrofon lərzəyə gəlməsin…». Indiki xanəndələr az qalır ki, mikrofonu udsunlar».
       Tanınmış rus musiqişünası V. Krivonosov yazırdı ki, «aşıqların səs diapazonu adətən 2 + 1/2 oktavaya yaxın olduğu halda, Aşıq Əsədin diapazonu 3 oktavadan artıqdır» (51)… Lakin təkcə diapazonumu? Bəs səsinin gücü?… Axı, lap öncədən deyildiyi kimi, «Əsədin gur səsi qulaqlardadı?» (Zəki Islam).
       Atamın dayısı Rəhim Zaman oğlu (Imranov, 1905 –1992) söyləyirdi ki, «1925-ci il olardı. Aşıq Əsəd hər dəfə Qaraqoyundan Tovuza yaxud Qazağa gedib-qayıdanda bizim kənddə – (Göyçənin Cil kəndinə. – A. O. K.) öncədən qonşum, sonralar yeznəm balabançı Bala Əlinin (Mazanov, Abbas Vəfadağlının atası – A. O. K.) evinə düşüb, orada dincələrdi. Həmin gecələr məclis qurular, Aşıq Əsədlə hələ yeni tanınan Cilli Aşıq Yunus (onun haqqında da sonra ayrıca danışacağıq) səhərədək çalıb-çağırardılar.
       Bir gün gördük ki, Aşıq Əsəd cüt qoşulmuş arabada balabancısı ilə gəlib, özü də Qazağa qarpız almağa gedirlər. Aşıq Yunus atam Zaman kişiyə deyir ki, «gəl öküzlərini qoş mənim arabama, biz də onlarla qarpıza gedək.» Bunlar qoşulub iki araba çıxdılar.
       Aradan bir neçə gün keçdi. Bir dəfə axşama yaxın araba təkəri düzəltməkdə Bala Əliyə kömək edirdim. Birdən uzaqdan, amma lap aydınca «Çobanbayatı» eşitdim:

        «……… , Qarabağdan,
       Gəlmişəm Qarabağdan.
       Dolandım cümlə cahanı,
       Doymadım Qarabağdan».


       O vaxtları yol gədikdən aşirdı, çünki Göyçə gölü dağların, qayaların dibinə dəyirdi. Bizim kəndin günbatandan ən yaxın qonşusu Ardanışdan gəlmək üçün lap öncədən dağa dırmaşıb Dəliağa dərəsinə, ondan sonra isə yenə də dağa dırmaşıb aşardılar Cilə. Sən demə, arabalar gədiyə çıxanda Göyçə gölüynən onu üzük qaşı kimi çevrələyən dağlardan ürəyi qalxıb-coşan Aşıq Əsədlə Yunus sazları köynəkdən çıxarıb ayaq üstə səs-səsə verərək «Çobanbayatı» oxuyurlar. Bunu da bizim kəndimiz eşidir, baxmayaraq ki, evimizlə gədik arası düz xətt üzrə ən azı 2 kilometr olardı (bu sözlərin doğruluğunu 1978, 1985 və 1987-ci illərdə öz gözlərimlə aşkarlamışam).
       Tez Bala Əliylə bir toğlu, çoxlu toyuq-cücə kəsib yemək hazırlatdıq, samovara od saldıq. Saat yarım keçməmiş arabalar həyətə girəndə Əsəd kabab və samovar hazırlığını görüb soruşur ki, «deyəsən, evdə qonağınız var?» Bala Əli də «qonağımız elə sizsiniz, Əsəd əmi» cavabını verir. Aşıq Əsəd bir də soruşur: «Axı qayıtmağımızı hardan bildiniz?» Bala Əliynən birağızdan cavab veririk ki, «sizin bayatınızı eşitdik». Aşıq Əsəd inanmadı: «O hansı bayatıydı, hansı sözüydü?» Mən də sözlərini olduğu kimi təkrarladım. Aşıq Əsəd çiyinlərini çəkib daha bir söz demədi. Nəsə fikrə getdi. Sonralar mən özüm Aşıq Yunusdan xəbər alanda, o gədikdə «Cobanvayatı» oxuduqlarını boynuna aldı. Həmin gecəni, həmişəki kimi, Aşıq Əsədlə Yunus səhərədək oxudular və sirin söhbətlər elədilər».
       Onu da oxucuya çatdırmalıyam ki, Aşıq Əsəd aşıqlar arasında, ən çox dostu və silahdaşı Aşıq Mirzə kimi, muğam sənətini, - xanandəliyi gözəl bilir və, bir sıra hallarda, dinləyicilərin istəyini yerinə yetirirdi. Əlbəttə ki, öz sazının müşayiəti ilə. Onun sazı haqqında ayrıca danışmalıyıq. Oğlanlarının söylədiyinə, atalarının bütün sazları 10 simli imiş. Yəni o zamanki sazların zil simləri 3 idisə, Aşıq Əsəd sazının 4 zil simi varıydı. Əlbəttə, 4 simi barmaqda birləşdirmək (tutmaq) hər çalğıcının işi deyildi, özü də çox zil köklənib son dərəcə gərilmiş 4 simi. Belə sazda adı çalğıçının barmaqları yorulurdu, o isə cavanlığından öyrəşmişdi.
       Sazının simləri zilə kökləndiyindən, adi saz simindən nazik idi və onları ayrıca hazırladardı. Paslanmasınlar deyə, simlər gümüş suyuna salınmışdı. Sazın pərdələrini də yalnız özü bağlayarmış. Özü də hər qoyununkundan deyil, yalnız erkəklərin bağırsağından. Pərdəni də öz əli ilə hazırlayarmış: acı bağırsağı götürüb hey sıyırar, sonra isə ağaca bağlayıb qurudarmış.
       Aşıq Əsədin sazı 17 pərdəli idi. Sabir müəllim söylədiyinə görə, «Zil Qaytağı» oxuyanda, səsi şah və divanı pərdələrin zillərində rahatca işləyirdi. Sazın özü isə «xəttəbənd» sazıydı: qolunun içi boşuydu, içərisində muncuğaoxşar cisimciklər varıydı. Bir torbası da varıydı ki, bütün çalarlarda sədəflə dolu olardı. Sədəfi də özü yonub, özü də bərkidərmiş.
       Bütün bunları yazmaqla, istəkli oxucu, heç də Aşıq Əsədin özəlliklərini açıqlamaq (yaxud da bizim musiqişünasların «yüksək ədəbi və əbədi dili» ilə desək, «səciyyələndirmək»!) məqsədi güdmürəm.Haqqında söhbət gedən ustadın böyüklüyü haqqında çox-çox sözlər deyilib və gerçək əfsanələr söylənilib. Məqsəd bambaşqadır. Aşıq Əsəd milli mədəniyyətimiz tarixində öncəki, çağdaş və gələcək nəsillər üçün Böyük Ustad Aşıq Ələskər ənənələrinin daşıyıcısı, aynası və ən böyük yayımlayıcısı – ötürücülərindən biriydi. Hamımızın Ələskər soyuna bəslədiyimiz hörmətlə yanaşı, boynumuza almalıyıq ki, yerişdə, duruşda, çalğıda, qoçaqlığda, heç kimə boyun əyməməkdə, qorxu-hürkü nə olduğunu bilməməkdə, havacat biliciliyində, yaddaşda, lap elə pərdə hazırlayıb bağlamaqda bütün ustadların ən sayımlı yetirmələri arasında Aşıq Əsəd olayına bənzər parlaq olay olmayıb. Və, yəqin ki, olmayacaq. Əsəd olayı artıq tarixi yaddaşdır, misilsiz örnəklərdən biridir.
       Aşıq Əsədin Tovuz yaşamı saz-söz sənətinin gur qaynaqlanması zamanıdır və bu qaynaqlanmada onun aparıcı yeri şubhə doğurmur. Göyçə aşıq məktəbinin yetirməsi olsa da, o, əslində, Tovuz aşıq məktəbinin fəxri, sevimlisi və yönverici-ustadı kimi daha çox tanınırdı və indi də tanınır. Əldə olan tək-tük sənədlərdən görünür ki, onun fəaliyyət çevrəsi ancaq Aşıq Mirzə və Aşıq Islamla (Yusifov) tutuşdurula bilər. Məsələn, ümumrespublika olimpiadalarında o daim münsiflər heyətinin üzvü olmuşdur (52). Hətta Tiflis radiosunun 1936-cı ildə ilk verilişlərində, daha sonralar Ş. Rustavelinin yubileyi və çox-çox digər mədəni olaylarda Aşıq Əsədlə Aşıq Mirzə cütlüyünün parlaq çıxışları böyük səs-küylə sonuclanmışdı (53). Hazırda sağ qalan Aşıq Mirzənin Tovuz məktəblilər ansamblı iştirakçılarının yaddaşında da o silinməz izlər buraxıb. Söyləyirlər ki, tez-tez ansamblın məşqlərinə gələr, sakitcə qulaq asar, ara-sıra fikrini bildirərdi.
       Mən 1980-ci ildə uzun zaman Respublika xalq yaradıcılığı evində işləmiş, gözəl folklor bilicisi, alim və alovlu vətəndaş Səttar Axundovdan Aşıq Əsəd Rzayevin öz əli ilə qələmə aldığı və yazı maşınında çoxaldılmış 72 sayda aşıq havaları toplusunu əldə etmişdim (54). Sonralar, 1985-ci ildə onu Mikayıl Azaflıya göstərərkən bildirdi ki, «burada göstərilən havacat şəyirdlərə, o cümlədən vaxtı ilə mənə öyrətdiyi havalardır.» Yəni, onun dediyinə görə, Aşıq Əsədin qat-qat geniş, sayı 100-ü ötən havacat saxlancı (repertuarı) var imiş.
       Nəhayət, çox incə mətləbə, - şəyirdlərə də gəlib çatdıq. Mikayıl Azaflının söylədiyinə görə, 1942-ci ildə qaçaq düşərkən Aşıq Əsəd onu gizlədərək başqa ad altında toylarda və məclislərdə yanında gəzdirərmiş. Özü də üstü açılsa, onu nə gözlədiyini bilərəkdən. Lakin, yuxarıda vurğuladığım kimi, Aşıq Əsədə qorxu hissi yad idi. Elə bəlkə də bunun sonuçunda «Koroğlu» qollarını onun kimi, - «Koroğlutək», «Koroğlusayağı» danışan olmayıb. Və bəlkə də həmin sonucdan H. Hüseynzadə (H. Arif) sonralar yazmışdı ki, «Aşıq Əsədi torpağa tapşırarkən, Koroğlu havaçatını da torpağa tapşırdıq».

       Sonralar M.Azaflı xatirlayırdı ki, 1950-ci ilə həbsdən buraxılmasında, görünür, Aşıq Əsədin dolayı yolla köməyi olmuşdusa da , özü bunu boynuna almırdı. Lakin elə həmin Aşıq Əsəd Mikayılı Aşıq Yusif Azaflının yanına apararaq, ona belə bir tapşırıq veribmiş: «Yusif, mən artıq qocalmışam, Mikayılınsa gələcəyi var. Onu elə öyrət ki, Tovuz üçün həm şair, həm də ustaq aşıq yetişsin.»
       M. Azaflıdan öncə Aşıq Əsəd bir neçə yetkin, «ustad silləsi yeməli» aşıq yetişdiribmiş. Doğrusu, M. Azaflı onlardan sonuncusuymuş. Ilk şagirdi isə kiçik qardaşı Məhəmməd olub ki, onu indiyədək Tovuz aşıqları dönə-donə yad edirlər. Hazırda Şəmkirdə yaşayan Ustaq Aşıq Murad Niyazlı (1930) Aşıq Məhəmməd Rzayevin yetirməsidir. Daha sonra, Aşıq Əsədin kürəkəni Daşkəndli Aşıq Ziyad da çox istedadlı imiş, lakin 1941-ci ildə cəbhəyə gedib qayıtmamışdı. Tovuzdan (Öysüzlüdən) Məhəmməd Çodaroğlu (sonralar savadlı mollalardan biriydi, 1922), Qazağın Çaylı kəndindən Aşıq Cəfər (deyilənə görə, çox gözəl oxuyurmuş), Qaraxanlı Aşıq Rza, Şınıxlı Aşıq Məhəmməd də ona «qulluq etmişlər». Bundan savayı, Sabir müəllimin verdiyi bilgiyə görə, Qaraqoyunlu Aşıq Cahad (1930)-da 1949-1950-ci illərdə onların evində qalırdı.
       Ən nəhayət, Aqstafalı Aşıq Əlhəm (Ərəbov) da uzun illər Aşıq Əsədə qulluq etmişdi. Aşiq Əlhəm həm də qoçaqlığı, - daha doğrusu, qaçaqlığı ilə tanınmışdı. Onun yetirməsi, Dağkəsəmənli Aşiq Səhadət (Gülməmmədov) (1928) ustad səviyyəli sənətkardır.
       Aşıq Əsədin 10 yaxud 12 illik Böyük Ustaq qulluğunda durması onun yetirmələrinin söz-dastan yatırı və havacat saxlanclarının geniş tutumunda özünü göstərib və indi də göstərməkdədir. Tutarlı sübüt kimi vaxtı ilə M. Azaflıdan və son illərdə Aşıq Şəhadətdən lentə alınan havaları gətirmək olar. Digər tərəfdən, mən şəxsən adı çəkilən hər iki ustadda gördüyüm dastan biliçiliyini tanıdıqlarım arasında yalnız və yalnız Zərzibilli Aşıq Əlidə gördüm. Onun da ən başlıca ustadı, Böyük Ustadın qardaşı oğlu Aşıq Nəcəf idi ki, yuxarıda vurğulanan sözlərinə görə, «çox materiallı, tutumlu yazılı arxivli sənətkarıydı. Lakin əgər Ələskər soyu əski (yaxud klassik) Göyçə saz-söz ənənələrinin qoruyucusu sayılmışsa və sayılırsa da, Aşıq Əsəd sənətinin yönümü tamam bambaşqadır. Və bu bambaşqalığın özu də Ələskər məktəbinin özəlliyindən irəli gəlir. Aydınlaşdıraq.
       Yuxarıda, Böyük Ustaq haqqında düşüncələrimi açıqlayarkən, onun ustadlığını milli mədəniyyətimiz tarixində yalnız və yalnız böyük bəstəkarımız Qara Qarayevlə tutuşdurula biləcəyini vurğulamışdım. Doğrudan da, hər iki dahinin ustaq şəxsiyyətini yaşadan yetirmələri istənilən saydadır (hətta, deyə bilərlər ki, istəniləndən daha artıqdır! – digər ustadların qoy minnəti olsun!). Lakin eyni zamanda hər bir yetirmənin özünün özəlliyi kimi açıqlanan və bizim də duyub-aşkarladığımız öz dəsti-xətti, səpgisi, üslubu, öz yolu olub və hazırda var. Bu günümüzdə Q. Qarayevin yaşayıb-yaradan və dünyasını dəyişmiş (ölənlərə rəhmət, qalanlarına cansağlığı, - onlar hər zaman Vətənimizə gərəklidirlər!) yetirmələri arasında nə ustadını açaqaydın yam-sılayana, nə də biri-birinə bənzərlərinə rast gəlinməyib (55). Lakin onları təkcə ustadlarının adları deyil, çox-çox başqa deyərlər birləşdirir ki, bu olduqca geniş başlıqdır: yüzlərlə, bəlkə də minlərlə səhifəlik, bitib-tükənməyən, - bir yox, bəlkə də iki-üç müsiqişünaslar nəslinin yaşamını dolduracaq ən dəyərli mövzulardan biridir. Həmin mövzunun mahiyyəti çox qısa yozumla açıqlanır: «Sənətə xəyanət yoxdur!»
       Deyəcəklər: «Bəs axı bu elə Böyük Ustaq Aşıq Ələskərin yüz ildən də öncə dediyi sözlərdir?»… Bəli, Dahiləri də birləşdirən, biri-birinə oxşadan ən böyük ölcü-meyar bu deyilmi? Düzünə varsaq, Göycəli Aşıq Ələskərin boya-başa çatdırdıqları ilə Qara Qarayevin yetirmələrini birləşdirən bircə başlıca dəyər var: Şəxsiyyət. Bir azca qaba çıxsa da, dahi heykəltaraşın yaradıcılığı yada düşür: onun xam materialdan yonduğu heykəldir, - yonulmasa, heykəl olmaz; lakin yonub düzəltdiyi, tişə ilə siğal çəkdiyi hər bir əsəri oxşarsızdır, təkrarsızdır, bənzərsizdir. Və bu baxımdan Böyük Ustaq yetirmələrini birləşdirən Şəxsiyyətdirsə, onları oxşarsızlasdıran hər birinin həqiqətə yön almış öz təriqəti, özəl sənət yoludur. Və ilk sayda Aşıq Əsəd kimilərin.
       Aşıq Əsəd şəxsiyyəti canlı sənət görküdür. Bildiyimiz kimi, XX yüzilliyin ən böyük bəstəkarlarından biri – D. D. Şostakoviçin də yetirmələri az olmayıb (56), lakin arasında parlaqlığı, ümumbəşəri dəyəri və çoçralarlı yaradıcılıq sanbalı ilə seçilən bəstəkar kimi yalnız Q. Qarayev və Alfred Şnitkenin adı çəkilir. Və Aşıq Əsəd olayına da yalnız belə baxımdan yanaşmalıyıq. Onu hətta qocalığı zamanı görüb-dinləyənlər hamılıqla heç bir ölçüyə sığmayan yaddaşını dilə gətirirlər. Adətən hər bir insan yaddaşının hansısa kəsimi digərləri hesabına daha iti işləyir. Aşıq Əsədin isə həm söz, həm dastan, həm musiqi, həm də görüb-götürmədə «sıyırmaqılınc» yaddaşı vardı. Hər deyilən şer, hər dinlənilən dastan və hekayət, hər eşidilən təkcə hava deyil, musiqi parçası həmin an yaddaşına lazer diski ilə tutuşdurula bilən, lakin sirri açılmamış yazı ilə yazılırdı.
       Məhz bunun sonucunda onun dastan-söz yatırı əski Göyçə örnəkləri ilə yanaşı çağdaşlarının yaradıcılığını, bütün «aşıq bölgələrinin» dastan-söz örnəklərini mənimsəyib «özününküləşdirirdi».
       Aşıq Əsədin musiqi yaradıcılığı bir sıra əski havacatın («Irəvan çuxuru», 7 Koroğlu havası və i.a.) özəl şəklidəyişmələrilə (variantları ilə) yanaşı, özünün yaratdığı oxşarsız «Əsədi» və «Əsəd dübeyti» («Göyçə dübeyti» də adlandırırlar) havalarırını çevrələyir. Sonuncu 1986-ci ildə Aşiq Mahmudun ifasında qrammafon valına yazılıb (57), mənim arxivimdə isə 1990-cı ildə dünyasını vaxtsız dəyişmiş misilsiz Aşıq Əkbərin ifası da saxlanılır.
       Nəhayət, bir incə məsələyə toxunmağı da lazım bilirəm. Aşıq Əsədin ölçüyəgəlməz şan-şöhrəti, Quzey Azərbaycan çevrəsini yarıb daha yüksək seviyyədə tanınması və çıxışlarının parlaqlığı istər-istəməz qısqanclıq və paxıllıq doğurmalıydı. Və doğurdu da. Çox yazıqlar olsun ki, ilk növbədə tanınmış göyçəli saz-söz sənətkarları arasında. Həmin göyçəli sənətkarlar Aşıq Ələskər və Növrəs Iman haqqında hekayətlərə Aşıq Əsədin xainliyi, nankorluğu, Böyük Ustadın sözlərini öz adına çıxmağı haqqında uydurmalar artırmağa başladılar. Hətta bu yöndəki azğınlıq o dərəcəyə çatdı ki, onu Növrəs Imanı zəhərləməkdə, ən yaxın dostu və sirdaşı Aşıq Mirzənin səsini batırmaqda və pozğunluqda şərləyənlər də, Göyçədən köçüb getməyini isə ona və ailəsinə qarşı edilən zülmlə deyil, «pis əməllərinin» Göyçədə aşkarlanması və xalq tərəfindən suçlanması ilə bağlayanlar da tapıldı. Aşıq Əsədi, - şair Zəki Islamın «Qoymayın» şerində dediyi kimi, - Tovuzda, Qazaxda şərə saldılar. Özü də öz yerliləri. Şair Hüseyn Hüseynzadə (daha do ğrusu – H. Arif) isə «lap gözündən vurdu». Gəlin onun «Ulduz» jurnalının 1974-ci ildəki 11-ci sayında çap etdirddiyi yazıda (s.33) Aşıq Əsədi «duzaqoyma» çalışmasını bir daha nəzərdən keçirək:
        «...Zarafat səbəbsiz deyildi. Əsəd Koroğlu oxumaqda misilsiz idi. Bəziləri deyirdilər: Ayaqlarını yerə döyəcləyib, hay vurub, qıy vurmaqda o Qızılvəngli Aşıq Alının eynidir. Bəziləri deyirdilər: Əyər Mirzə Əsədlə qabaq-qabağa Koroğlu oxumaqla özünü zora salmasaydı, bağrı vaxtsız yarılmazdı». Vəssalam.
       Demə, Əsəd digər aşıqların, istəsə də, istəməsə də, «bağrını yarırmış». Ilk nəzərdən «deyirdilər» deyimi ilə yazan yaxasını qırağa çəkir, - guya ki, «mən demirəm, belə deyirdilər», özü də «bəziləri». Digər tərəfdən «saman altından su yeridir».
       Mən bütün bunları yazmayacaqdım, bəlkə heç xəbərim də olmayacaqdı, əgər həmin «Ulduz» jurnalının mənə ustadın oğlu Vidadi Rzayev göstərməsəydi. Yeri gəlmişkən bildirməliyəm ki, Aşıq Mirzənin böyük oğlu, 2000-ci ilin başlangıcında dünyasını dəyişmiş Vaqif müəllim (Bayramov) atasının tamamilə bambaşqa xəstəlikdən ( başında qan təzyiqindən!) əzab çəkdiyini vurğulayırdı.
       Mənə elə gəlir ki, «Hüseyn qağanın» bu «tutalqasını» dəyərləndirməyə ehtiyac yoxdur. Təkcə onu deyə bilərəm ki, Aşıq Əsədlə Aşıq Mirzənin oğlanları və qızları ( ölənlərə rəhmət, qalanlara cansağlığı!) bu günün özündə də biri-birini «əmioğlu-əmiqızı» deyə çağırırlar. Keçək Növrəs Imanla bağlı «hallandırmalara».
       Növrəs Imanın bacısı oğlanları (Zərzibilli Aşıq Əli, Yadigar və Səfiyar Imanquliyevlər) söyləyirdilər ki, «Aşıq Əsəd dünyasını dəyişəndən sonra oğlanları bizi axtarıb tapdılar və dayımızın vaxtı ilə atalarına bağışladığı çox bahalı, əl ilə işlənmiş gümüş kəməri bizə Növrəs Imandan qalma yadigar kimi bagışladılar. Belə kəmərlərə yalnız muzeylərdə rast gəlmək olar».
       Birincisi, bağışlamaya da bilərdilər. Ikincisi, sual verirəm: «Əgər aralarında umu-küsü olsaydı, bunun oxşarı baş verərdimi?». Kişi kişiyə kəmər bağışlar, daha paxıllığını çəkənlərə yox! Qaldı ki, Növrəs Imanı şagird götürməməyinə, mən də Aşıq Əsədin yerinə ustad olsaydım, 25-30, bəlkə də daha artıq yaşlını, - hansı istedad olursa-olsun! – şagird götürməzdim. Bir də, bu naşı söhbətdir, Iman artıq məclis aparan yetkin sənətkarıydı. (Ardanışlı Aşıq Niftali haqqında danışarkən biz Imanı bir daha yad edəcəyik!).
       Istəkli oxucu, 1978-ci ildən indiyədək Aşıq Əsəd haqqında bol-bol yaddaş olayları toplamışam ki, bitib-tükənən deyil. Hətta adinı hallandıran aşıqlardan, özlərindən asılı olmayaraq, onun uşaqkən inadcıllığı, dönməzliyi, sənət yolunda fədakarlığı, əyilməzliyi, qorxu-hürkü nə olduğunu anlamamağı haqqında saysız və maraqlı bilgilər əldə edib lentə yazmışam. Və belə düşünürəm ki, öz xalqını, Vətənini tanıtdıran, milli mədəniyyəti yaşadan böyük, azman şəxsiyyətləri şərə qoymamaq hər bir Vətən oğlu yaxud qızının borcudur. Aşıq Ələskərin ən sayımlı yetirməsi haqqında qısa hekayətimi isə ustadın Bozalqanlı Aşıq Hüseynin «Gərək» rədifli şerinə verdiyi mərifətli cavabla (nəzirə ilə) bitirirəm:
       Dünya bivəfadır insanlar üçün,
       Ancaq öz yerini biləsən gərək.
       Faydasız yaşamaq nəyə gərəkdir,
       Faydalı ömr edib güləsən gərək.

       Omür bir binadır, qeybdən tikilir,
       Hər gündə bir kərpic ordan sökülür.
       Insan qocaldıqca beli bükülür,
       Vaxtında qeydinə qalasan gərək.

       Böyük zəfərlərçün cavanlıq ola,
       Ağılnan, kamalnan o yaşa dola.
       Ömrün çiçəyini qoymaya sola,
       Ağsaqqaltək yaşa dolasan gərək.

       Əsəd, qocalığı qoyma yaxına,
       Ağ saçına vurma nə rənq, nə xına.
       Fələk fırlatdığı dövran çarxına
       Ancaq öz vaxtında dalasan gərək (58).



QIZILVƏNGLI AŞIQ QULUNUN YETIRMƏLƏRI

Şişqayalı Aşıq Rəhim və Aşıq Əli.


       Göyçə saz-söz ənənələri yaşamında Böyük Ustad Ələsgərdən sonra ən sayımlı yer Aşıq Alının digər yetirməsi – Qızılvəngli Aşıq Qulunundur ki, bunu öncədən vurğulamışdıq.
       Lakin aşkarlıq xatirinə deməliyik ki, Aşıq Ələsgərlə tutuşdurula bilmədiyindən, onun şagirdlərinin adı-sanı Daşkəndli Nəcəf, Aşıq Əsəd, Kəsəmənli Nağı və Aşıq Talıbla bir tərəzidə ölçülməyib. Halbuki elə həmin şagirdlərin Göyçə saz-söz ənənələrinin qorunub saxlanmasında əməyi öncəkilərdən heç də az deyil. Və əgər Böyük Ustadın yetişdirdiyi ustadlar və onların sonrakı yetirmələrinin ən başlıca maraq dairəsinin mərkəzi Quzey Azərbaycanın 2-ci şəhəri Gəncə idisə, Aşıq Qulunun davamçıları Quzey-Batı və Batı (Şimal-Qərb və Qərb) bölgələrində çıxışlara üstünlük verirmişlər. Ikincilər arasında Şəki – Zaqatala–Qax–Balakən bölgələrində aşıqlığı sıradan çıxmağa qoymayıb yaşadan, ona qol-qanad verən iki ustad, - iki əmioğlunun, - Şişqayalı Aşıq Rəhim və Aşıq Əlinin adları ayrıca vurğulanmalıdır. Çünki yenə də aşkarlıq xatirinə deməliyəm ki, bizim bugünümüzdə onların adı bir sıra başqaları kimi, haqsız unudulub. Baxmayaraq ki, saz-söz sənətinin tarixində azman sənətkar Aşıq Əsədin bir deyimi indi də yaddaşlardan silinməyib: «Nə olaydı Aşıq Islam Yusifovun barmaqları, Şişqayalı Aşıq Rəhimin dili və söhbəti, və bir də öz səsim, öz nəfəsim təkcə məndə olaydı».
       Şişqayalı Aşıq Rəhim (Rəsulov), onun oğlu, saz-söz sənətinin biliciliyi və, həmma, şairliyi ilə seçilən , lakin özünün «aşıq» deyə çağırılması ilə razılaşmayan Valeh müəllimdən (o doğrudan müəllimdir!) aldığımız bilgilərə görə, 1878-ci ildə dünyaya göz açıbmış. 18 yaşına çatarkən özündə qoçaqlıq taparaq Ağkilsəyə, Aşıq Ələsgərin yanına gələrək, onu şagird götürməsini xahiş edir. O zaman da Böyük Ustad Aşıq Əsədi və Daşkəndli Aşıq Nəcəfi aşıqlığa hazırlayırmış. Üç şagirdin bir yerdə yolə getməyəcəyini yaxşı başa düşən Aşıq Ələsgər onu yoxladıqdan sonra deyir ki, «oğul, sən böyük sənətkar ola bilərsən və bunun üçün gərək böyük sənətkara qulluq edəsən».
       Rəhim Böyük Ustadın göndərişi ilə Qızılvəngə, Aşıq Qulunun yanına gedir və hamısını ona danışır. Və həmin gündən Aşıq Qulu onu şagirdliyə götürür. Valeh müəllimin dediyinə, - daha doğrusu, atasından eşitdiyinə görə, adı çəkilən ustad, şairliyi olmasa da, bilikdə Aşıq Ələsgər qədər yetkin imiş, lakin eyni zamanda yaxşı ruhani təhsil görübmüş. Onun Aşıq Alıya şagirdliyi Aşıq Ələsgərdən 10 yaş cavan düşübmüş. Daha doğrusu, Aşıq Qulu ustadının yaxın qohumu olduğuna görə, lap uşaqlıqdan onun yanındaymış.
       Şişqayalı Aşıq Rəhim əsil dastançı kimi tanınıbmış, çox dərin biliyi və möhkəm yaddaşı ilə seçilirmiş. Yaddaşının qeyri-adi kəsərı çoxlarında qıskanclıq oyadırmış.
       Valeh müəllimin sözlərinə görə özündən 25-30 yaş kiçik qardaşı Albaba da çox gözəl sənət bilicisi olsa da, aşıqlıq etməzdi. II dünya savaşından sonra 1948-1952-ci illərdə o tez-tez Aşıq Rəhimgilə gələr və, demək olar ki, onların ailə üzvü sayılarmış. Aşıq Rəhim həmin dövrdə Zaqatala bölgəsini Aliabad kəndində yaşayırmış və elə həmin illərdə ustadlığa başlayıb bölgənin istedadlı gənclərini, o cümlədən gələcək Aşıq Sirac və başqalarını sənətə həvəsləndirir. Aşıq Rəhim 1978-ci il noyabrın 10-da Şişqayada dünyasını dəyişib.
       Aşıq Rəhimin kiçik qardaşı Aşıq Əli isə 1906-cı ildə dünyaya göz açıb, 1988-ci ildə dünyasını dəyişibmiş. Böyük qardaşından təkcə bir üstünlüyü – ancaq şairlik təbii ilə seçirilmiş. Çox parlaq musiqi ifaçılığı da varıymış.
       Aşıq Əlinin II dünya müharibəsində kontuziyadan dili-qulağı tutulur. Lakin 2 il sonra bir aşıq məclisində (dinləyici kimi!) əsəb sarsıntısı sonucunda kontuziyadan azad olaraq yenə də aşıqlığa başlayır. 1962-ci ildə onun yatdığı yerdəyanğın baş verdiyindən yenidən dili-qulağı tutulur və müalicədən sonra dili açılır. Həmin zamandan Aşıq Əli sazı yerə qoyur.
       Şişqayalı Aşıq Rəhimin başladığı işi qardaşı Aşıq Əli ömrünün sonunadək davam etdirirmiş. Onların Şəki–Zaqatala–Qax–Balakən bölgəsində yetişdirdiyi saz-söz sənətkarlarından ən öncülləri aşağıdakılardır:
       1. Bütun Quzey Azərbaycanda və həmma ondan uzaqlarda təkcə aşıq deyil, şair və sazbənd kimi tanınmış Yuxarı Layskılı Aşıq Sirac (Həbibullayev, 1930).
       2. Göynüklü Aşıq Ismayıl.
       3. Yuxarı Layskılı Aşıq Əhmədiyyə.
       4. Hazırda dünyasını dəyişmiş Qımırlı (Zaqatala) Aşıq Ziyəddin.
       5. Zaqatalalı Aşıq Camal Əhmədov.
       6. Varxiyanlı (Zaqatalanın Bəhmədli kəndi) Şair Cahangir Dalğın (Əhmədov Cahangir Əmrullah oğlu, 1929-1981).
       7. Nəhayət, özünü «Aşıq» deyə çağırılmasını istəməyən, lakin ustad oğlu Aşıq Valeh müəllim. Bu deyimimizin nə dərəcədə doğru olduğunu doğrultmaq üçün söhbətimizin gedişində maraqlı bir durğuya yol verək. Daha doğrusu, sözü onun özünə verək:
       Valeh müəllim söyləyir ki, «günlərin bir günü əmimlə talvarı altında çay içirdik. Əmim birdən soruşdu ki, «eşitmişəm, şer-zad yazırsan? Bir bağlama desəm, onu aça bilərsənmi?» Dedim: «Baxır bağlamaya». Amma məni eşitmədi, qulağı eşitmirdi. Əmim Xəyyat Mirzənin samovara qoşduğu qıfılbəndi dedi. Mənsə dəftəri cibimdən çıxarıb qabaqca dediklərini və cavabını bəndbəbənd yazıb qoydum. Əmim oxuyub gülümsədi və alnımdan öpdü».

Xəyyat Mirzə

       Cümənin gunundə bir xoşxanədə
       Abu-atəş bir qalada dayandı.
       Kərkəs öz yerində bərqərar oldu
       Atəş büxrə verdi, abu oyandı.


Valeh

       Eşidəndə ulu ustad kəlamı,
       Ömrüm boyu cismim oda ha yandı.
       Cümə günü deyil, hər gün, hər zaman
       Odla su bir samovarda dayandı.

Xəyyat Mirzə

       Bir cavan ağ geyib var əndamına
       Yüz nazınan çıxdı qala damına.
       Göz yaşını tökdü eşqin camına.
       Mey badəsi hər məclisdə paylandı.

Valeh

       Çay dəstgahın daim ahıllar qurar,
       Çaynik samovarın başında durar.
       Həm ağa, həm nökər, sadə və kübar,
       O əziz ismətdən hey faydalandı.

Xəyyat Mirzə

       Naxışı ayətdi, qaməti əlif,
       Abu-atəş o qalada müxtəlif.
       Dahanından əsir badi müxalif
       Bacalardan dud asimana dayandı.

Valeh

       Od zəbana gələr, çox fəğan eylər,
       Su qızar-qaynayar, gör, çağa neylər.
       Məxməri çay verər, ərməğan eylər,
       Bu sirr deyil, hər bir kəsə əyandı.

Xəyyat Mirzə

       Qapıdan girəndə bəzər otağı,
       Misli Suleymana bənzər növrağı.
       Üç bacası vardır, dörddür otağı,
       Xəyyat Mirzə hər gün ona mehmandı.

Valeh

       Hər evdə samovar var adət-peşə,
       Çaynik yüz nazınan minər dudkeşə
       Bu məclisə gəl salmayaq əndişə,
       Aşıq Valeh böyük-kiçik sayandı.



       Şişqayalı Aşıq Əlinin şerləri əski əlifba ilə yazıldığından indiyədək çap olunmayıb və əlyazmaları ailəsi və Aşıq Valeh tərəfindən qorunur. Ona görə Şişqayalı saz-söz sənətkarları haqqında söhbəti sonuncunun divanısı ilə bitirmək istərdim:

       Mən bir dərdə girifdaram, halım yaman ystədi,
       Axtarıram, yoxdu təbib, xeyli zaman ystədi.
       Əldən getdi cavanlığım, başladı piranəlik,
       Bundan belə şəfa bulmaq xeyli güman üstədi.

       Yüz iyirmi dörd min nəbi gəldi-getdi ibtida,
       Iyirmi səkkizi əfsəldi, yeddisi fərz dünyada.
       Dördü əsas yol göstərir, dörd kitabdan ziyada,
       Incil, Zəbur, Söhvə Torat, sonu Quran üstədi.

       Valeh, gəlsən, ol xudadan dərdinə dərman dilə,
       Çağırginan Şahlar Şahın etiqadla, sidq ilə.
       Gələ yüz min təbib, loğman ya bilməyə, ya bilə,
       Sidqi dilnən haq-taladan istə, aman üstədi.


        Yarpızlı Aşıq Vəli (Əhməd oğlu) də Aşıq Alının tanınmış şagirdlərindən biri olub. 1854-cü ildə dünyaya göz açan Aşıq Vəli Aşıq Alıdan savayı onun ən sayımlı yetirmələrindən biri – Qızılvəngli Aşıq Quludan da dərs almış, cavanlıq illərində uzun zaman onunla birgə çıxış etmişdir. Ilyas Əfəndiyevin «Geriyə baxma, qoca» romanında Qarabağın ən sayımlı, ən kübar toylarının yaraşığı, aparıcı aşığı kimi Göyçəli Aşıq Vəlinin adı vurğulanır ki, bu həmin Yarpızlı Aşıq Vəlidir.
       Onun haqqında yalnız əfsanələr bizə gəlib çatıb: zil oxumağı, çıraq və lampaların «nəfəsini qaraldan» səsi. Aşıq Vəlinin söz yaradıcılığı da, yazıqlar olsun ki, bizə gəlib çatmamışdır. Hətta fotoşəkli də.
       Aşıq Vəli 1929-cu ildə doğma kəndi Yarpızlıda dünyasını dəyişib.
Yarpızlı Aşıq Oruc.


       Aşıq Oruc 1920-ci ildə yuxarıda söhbət açdığımız Yarpızlı Aşıq Vəlinin ailəsində dünyaya gəlib. «Ustad oğlu şagird olmaz» desələr də, aydındır ki, 9 yaşlı uşaq atasından çox az görüb-götürə bilər. Gənc yaşına çatan Oruc isə ən sayımlı Göyçə saz-söz ustadları, - Aşıq Talıb Ələsgəroğlu, Aşıq Əsəd, Cilli Aşıq Müseyibdən çox uzun zaman görüb-cötürdüyünə baxmayaraq, onun əsil və təkcə bir ustadı olub, - Alışanoğlu (Çaxırlı) Aşıq Ibrahim.
       Aşıq Oruc 30-cu illərin 2-ci yarısında, lap erkən yaşlarından Bakı və Gəncədə keçirilən olimpiada və festivallarda çıxış edirmiş. Lakin 1948-ci ildə Azərbaycan türklərinin öz doğma yurdlarından zorla qovulması sonucunda o öz ailəsi ilə Gədəbəyə gəlməli olur. Zəhmət kəndində yeni yurd salan göyçəli sənətkarın çıxış coqrafiyası çox geniş imiş: Göyçə, Dərələyəz, Tərtər, Gəncəbasar, Qarabağ, Qazax-Borçalı. Yetkinləşdikcə onun şairliyi də üzə çıxır: qoşma, gəraylı, təcnisləri onu daha geniş tanıdır. Bir gəraylısında özünün aşıqlığı haqqında o belə deyib:

       Öz eybini bilməzlərə
       Qohum-qardaş, el neyləsin?!
       Zatı xain olan kəcə,
       Düzgün ürək, dil neyləsin?!

       Elmə sinə gərməyənə,
       Ustaq dərsi görməyənə,
       Düzə qiymət verməyənə,
       Alim, şair, bil, neyləsin?!

       Eli sevər ər oğlu ər,
       Qanı təmiz, canda hünər.
       Haqsız ölsə nadan, sərsər,
       Ona külüng, bel neyləsin?!

       Sarvar ümid bağlar nərə,
       Şair olan şah əsərə.
       Səyyah yorğun, çətin bərə,
       Ovun getsə, sel neyləsin?!

       Aşıq Oruc, de sözünü,
       Tərifləmə gəl özünü.
       Bil, çevirsə el üzünü,
       Yüz köməkçi əl neyləsin?!


       1953-cu ildə Aşıq Oruc Gədəbəy bölgəsində ilk dəfə aşıq ansamblı yaradır. Həmin ansamblda hazırda Gədəbəy aşıqlarının öncülü və ağsaqqalı Isfəndiyar Rüstəmov, daha sonralar Aşıq Sədaqət Rəsulov, Aşıq Zahid Aslanoğlu, Fəzail Ismaylov, Şahsuvar Fərzəliyev, Yusif Quliyev, Aşıq Sayad və çox-çox başqaları sənətin sirrlərində yetkinləşmişlər. Bir neçə (11) ən örnək aşıq havası onun ifasında lentə yazılaraq Dövlət teleradio şirkətinin fondunda bu gün də qorunur. Ayrıca vurğulanmalıdır ki, «Qurbani» dastanı ən dolğun şəkildə məhz Aşıq Orucun dilindən yazıya alınıb, bir sıra qoşma, gəraylı və təcnisi, eləcə də Morullu Aşıq Teymurla deyişməsinin aşıq dastan-söz yatırında özəl yeri var.
       Yarpızlı Aşıq Oruc 1976-cı il iyulun 19-da gözlənilmədən dünyasını dəyişib. Araşdırmamızın yönünə baxmayaraq, ustadın bir təcnisi və vaxtı ilə Morullu Aşıq Teymura dediyi, mənimsə hazırda oxuculara ünvanlayacağım qıfılbəndlə onun haqqında qısa bilgiyə sonluq verməyi lazım bilirəm:

       Təcnas

       O hilal qaşını görəndə gözüm,
       Müştaq oldum onun yar sinəsinə.
       Laçın tərpənişli, tovuz cilvəli
       Qaldım qulluğunda, yar, sinə-sinə.

       Gəzib bu qağları lalə üzəsən,
       Insaf eylə, gəl, dərdimi üzəsən.
       Busə nədir, qıymayırsan üzə sən,
       Xəncərlə bağrımı yar sinə-sinə

       Oruc deyir: «Sən gələndə, Yasəmən,
       Gah şad olub, gah batıram yasa mən».
       Nitqi, nəfəsindən qopur yasəmən
       O nədir köksündə, yar, sinə-sinə.


       Qıfılbənd

       Səndən xəbər alım, ay Aşıq Teymur,
       Necə daşdır hər nişanı kölgəsiz?
       O nədir ki, nə dincəlib dayanmaz,
       Nə dolanır bu dünyanı kölgəsiz.

       O nədir ki, nəfəsi yox, qanı var,
       O nədir ki, hər rəngdən donu var?
       O nədir, nə yurdu, nə məkanı var,
       Geşt eyləyər hər bir yanı kölgəsiz.

       Oruc deyər: «Nədir yerin pərgarı,
       O nədir ki, gah qız olur, gah qarı.
       O nədir ki, yerin, göyün ləngəri,
       Əgər bilsən, hər nişanı kölgəsiz?!...»

(ardı var)






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70