ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
 


       Biz “ yuvarlaq” tarixləri, “ yubiley”ləri qeyd etməyi sevirik. Bəzən adları illərdən bəri unudulmuş insanlar yalnız anadan olmasının və ya vəfatının hansısa ildönümü ilə bağlı olaraq xatırlanır. Elə sənətkarlar da var ki, onların adları təvəllüd tarixindən asılı olmayaraq, həmişəlik yaddaşlara həkk olunur, xatirələrdə yaşayır. Belə xoşbəxt sənətkarlardan biri də xalq artisti, professor Cahangir Cahangirovdur. Onun şəxsiyyəti, yaradıcılığı Azərbaycan musiqisində daim anılan, xatırlanan hadisədir. C. Cahangirov musiqisi xalq yaradıcılığı, ümumiyyətlə, milli köklərimiz ilə üzvi surətdə bağlı olmuş, ondan bəhrələnmişdir. Bəstəkarın həyat yoluna nəzər salsaq görərik ki, bu heç də təsadüfi hal deyil. Gələcək bəstəkar kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir, musiqi məktəbində ibtidai təhsilini alandan sonra Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində, dahi bəstəkarımız Ü. Hacıbəyovun rəhbərliyi ilə şifahi ənənəli musiqimizin öyrənilməsi ilə məşğul olmağa başlayır. Cəsarətlə demək olar ki, bu illər Cahangirovun bir bəstəkar kimi formalaşmasında həlledici rol oynamışdır. Bu, bir tərəfdən Ü. Hacıbəyovun təsiri ilə, digər tərəfdən isə gənc bəstəkarın xor musiqisi ilə maraqlanması ilə müəyyən olunur. O xalq mahnılarını xor üçün işləyir, Filarmoniyanın mahnı və rəqs ansamblının xor bölməsinə rəhbərlik edir və s. Tələbəlik illərində qazanılan bu zəngin təcrübə gələcəkdə Cahangirovun bütün yaratdıqlarında, xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində öz parlaq əksini tapmışdır. Bu baxımdan heç də təsadüfi deyil ki, bəstəkar ilk növbədə xor musiqisi sahəsindəki əsərələri – “Füzuli”, “Nəsimi” və “Aşıq Alı” kantataları, “Arazın o tayında” vokal-simfonik poeması, xor və simfonik orkestr üçün bir sıra əsərləri ilə musiqi tariximizə daxil olmuşdur.
       “Füzuli” kantatası, ümumiyyətlə, Cahangirovun yaradıcılığında xüsusi yer tutur. Dahi şairin 400 illik yubileyi ilə bağlı bəstələnmiş bu əsər istər musiqi, kompozisiya, istərsə də mətndən istifadə nöqteyi-nəzərindən bəstəkarın istedadının parlaq nümunəsidir. Kantatanın solo partiyasını ifa edən gözəl müğənni, xalq artisti Şövkət xanım Ələkbərovanın unudulmaz ifası əsəri dinləyən hər bir kəsin yaddaşına həmişəlik həkk olunmuşdur.
       Cahangir Cahangirov yaradıcılığı haqqında danışarkən onun operaları haqqında da xüsusi söz açmağa dəyər. O iki operanın – müasir mövzuya həsr olunmuş “Azad” (1957) və Cənubi Azərbaycan həyatı ilə əlaqədar olan “ Xanəndənin taleyi” (1979) operalarının müəllifi olmuşdur. Qeyd edək ki, bu operalar fərqli üslub xüsusiyyətlərinə malikdir. Belə ki, “Azad” operası ənənəvi opera kimi yazılmışdırsa, “Xanəndənin taleyi” Üzeyir bəyin yaratdığı muğam operası janrını davamı kimi nəzərdə tutulmuşdur. “Xanəndənin taleyi” bu səpkili əsərlər arasında özünəməxsus yer tutur – o Cənubi Azərbaycan həyatı timsalında “pulun əsl sənəti məhv etməsi “ ideyasının tərənnümünə həsr olunmuş bir səhnə əsəridir. Operada məşhur xanəndə Seyid Mirbabayevin keşməkeşli həyatının təsviri verilmişdir. Onu da qeyd edək ki, bu ilk milli operadır ki, baş qəhrəman kimi məhz xanəndə göstərilmişdir. Operanın yazılmasında bəstəkarın 40-cı illərdə Cənubi Azərbaycanda yaradıcılıq ezamiyyəti də əhəmiyyətli rol oynadı. Məhz o dövrdə C. Cahangiro v Arazın o tayında həmvətənlilərimizin həyatı ilə yaxından tanış olmuş, oradan unudulmaz təəssüratlarla qayıtmışdır.

       Məlum olduğu kimi, muğam operalarını bəstələnməsində ən mürəkkəb an klassik opera nömrələri ilə muğam parçalarının ahəngdar uyğunlaşmasını əldə etməkdən ibarətdir. Ü. Hacıbəyov məktəbinin layiqli davamçısı olan Cahangirov bu çətin vəzifənin öhdəsindən məharətlə gələrək maraqlı və yadda qalan səhnə əsəri yaratmağa nail olmuşdur. “Xanəndənin taleyi” Azərbaycan dövlət Opera və balet teatrının səhnəsində böyük müvəffəqiyyətlə səhnəyə qoyulmuşdu.
       C. Cahangirovun yaradıcılığında xüsusi yeri onun mahnıları tutur. Bəstəkar mahnı janrına, müxtəlif illərdə müraciət etmiş, bu janrda bir çox yadda qalan əsərlər yaratmışdır. O istər xor üçün, istərsə də solo ifa üçün nəzərdə tutulan bir sıra yadda qalan mahnılar yaratmışdır. Bunların sırasında Nizaminin qəzəlinə yazılmış “Gül camalın” qəzəl-romansını, Xəqaninin sözlərinə “Nazənin”, Molla Pənah Vaqifin sözlərinə “Durnalar”, Islam Səfərlinin sözlərinə “Ana”, “Zərif gülüşlüm”, “Buludlar”, “Zəriflik”, “Ağ şanı,qara şanı”, Rəfiq Zəkanın sözlərinə “Məhsul nəğməsi”, “Nigar qızım” və bir çox başqalarını qeyd etmək olar. Onların arasında eleleri də var ki, bu janrın klassik nümunələri sayıla bilər. C. Cahangirov mahnılarını, digər vokal əsərlərində olduğu kimi, geniş nəfəsli melodiya, xalq musiqi dilinə yaxınlıq, poetik mətnlə məharətlə işləmək bacarığı kimi cəhətlər fərqləndirir. Onun mahnıları səsləndikdə o dəqiqə bu mahnının kim tərəfindən bəstələndiyini təyin etmək m ümkündür: Cahangirov dəst-xətti hər ifadədə, hər musiqi cümləsində duyulur.
       Cahangir Cahangirov şəxsiyyətini yad edərkən onun həyat və yaradıcılığının mühüm sahələrindən biri olan pedoqoji fəaliyyətini də qeyd etmək lazımdır. Bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) xor dirijorluğu kafedrasına rəhbərlik etmiş, neçə-neçə tələbələrə xor musiqisinin incəliklərini tədris etmişdir. Onu da qeyd edək ki, heç də həmişə istedadlı bəstəkar yaxşı müəllim ola bilmir. Cahangir müəllimə şamilən demək olar ki, onun simasında istər gözəl bəstəkar, istərsə də gənclərə sənətin sirrlərini səbrlə öyrədən müəllim birləşmişdi.
       …Deyirlər ki, əlyazmalar məhv olmur. C. Cahangirov musiqisinə tətbiqən demək olar ki, bəstəkarın özü on ildən artıq həyatda olmasa da, onun yaratdığı istedadlı, yaddaqalan əsərlər indiki zamanda da yaşayır, yaşayacaqda. Məqalə çapa hazırlanan zaman Cahangir Cahangirovun 80 illiyi ilə bağlı Kamera musiqisi zalında musiqi gecəsinin keçirilməsi haqda xəbər aldıq. Orada bəstəkarın, əsasən, xor üçün əsərləri ifa olunacaq. Zənnimizcə, Cahangirov musiqisi bir deyil, bir neçə silsilə konsertlərə, musiqili-bədii gecələrə layiq olan sənətkarlardandır. Son zamanlar yeni bir tendensiya - Azərbaycan musiqisində dərin iz buraxmış opera və balet əsərlərinin yeni quruluşda səhnəyə qoyulması prosesi başlanmışdır. Əminəm ki, tez bir zamanda biz Cahangirovun operalarını da yeni quruluşda Opera və balet teatrımızın səhnəsində görəcəyik. Sonda bir təkliflə də çıxış etmək istərdim. C. Cahangirovun Azərbaycan musiqi sənətində rolunu və xidmətlərini nəzərə alaraq, onun adını daşıyan xor əsərləri müsabiqəsinin keçirilməsi məqsədəuyğun olardı. Bu, bəstəkarın xatirəsinin əbədiləşdirilməsi və ölkəmizdə xor musiqisinin daha da inkişaf etməsi üçün gözəl töhvə olardı.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70