FIKRƏT ƏMIROVUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏSININ BƏZI MƏQAMLARI HAQQINDA
Ceyran SABITOĞLU
 


       Fikrət Əmirov zəngin melodik istedada malikdir. Melodiya onun yaradıcılığının qəlbidir".

Dmitri Şostakoviç



       Bir əsrlik Azərbaycan musiqisi dünya musiqi mədəniyyətinə bir çox dahi sənətkarlar bəxş etmişdir. Onların arasında Fikrət Əmirovun adı xüsusi yer tutur. F. Əmirov musiqi tarixinə bir çox parlaq əsərlər – simfonik muğamlar, opera və baletlər, bir çox digər dəyərli əsərlərin müəllifi kimi daxil olmuşdur. Lakin hansı janrda əsər yaratmasından asılı olmayaraq, onun bəstələdiyi bütün musiqi nümunələri fitri istedadın daşıyıcısı olan əsərlərdir. F. Əmirov yaradıcılığının təcəssüm formalarından biri də onun mahnılarıdır. Əlbəttə, onu tam mənasında «mahnı bəstəkarı» adlandırmaq düzgün olmazdı, çünkü bu janr Əmirov yaradıcılığında heç vaxt aparıcı istiqamət kəsb etməmişdir. Lakin bəstəkarın mahnılarında, yaratdığı bütün əsərlərdə olduğu kimi, onun dəst-xətti duyulur. Fikrət Əmirov mahnalarını poetik mətnin bütün çalarlarını özündə əks etdirən dolğun, ifadəli melodiya və zəngin fakturalı fortepiano müşayəti səciyyələndirir. Bu mahnıların sayı otuza yaxın olsa da, onların hər biri sözün əsil mənasında sənət əsərləridir. Onu da qeyd edək ki, F. Əmirovun hər bir mahnısı ifa olunduğu andan məşhurlaşaraq dillər əzbəri olmuş, indiyə qədər də müğənnilərin repertuarını bəzəyən musiqi nümunələridir. Hazırki məqalədə bəstəkarın müxtəlif illərdə yazdığı bir neçə mahnıda söz ilə musiqinin qarşılıqlı əlaqəsi nəzərdən keçiriləcək, onların mətn xüsusiyyətləri araşdırılacaq.
       F. Əmirov öz mahnılarını ən gözəl Azərbaycan şairlərinin sözlərinə bəstələmişdir. Onların arasında Nizami, M. S. Ordubadi, H. Cavid, S. Vurğun, M. Dilbazi, N . Xəzri, T. Elçin və başqalarının adlarını çəkə bilərik. Bu mahnılar istər forma baxımından, istərsə də mətnin quruluşu nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Nəzərdən keçirəcəyimiz ilk nümunə Nizaminin sözlərinə( tərcümə edəni C. Xəndandır) yazılmış «Gülüm» mahnısıdır (bu mahnını qəzəl-romans da adlandırmaq olardı, çünkü onun mətn əsasını qəzəl təşkil edir) . Əsər nəqəratsız mahnı formasında yazılmışdır. Mahnının melodik quruluşunu AB VB AB kimi işarə etmək mümkündür. Qəzəlin qafiyə düzümünü – AA BA VA yada salsaq görərik ki, melodiyanın inkişafı ilə mətnin quruluşu arasında birbaşa əlaqə mövcuddur. Əvvəlcə qəzəlin ilk misralarını göstərək:

       Aşiqəm, əmrini ver aşiqi nalanə gülüm!
       Yanına gəlim ya əql ilə, ya divanə, gülüm!

       Nə qədər təndə canım var, səni candan araram;
       Ya ölüb ya yetərəm sən kimi cananə, gülüm!

       Mahnının melodiyasında bu iki beytin hər misrası bir melodik cümlə ilə təkrarlanır:



       Mahnının orta bölməsi eyni zamanda onun kulminasiyasını təşkil edir:



       Nəhayət, mahnının sonuncu bölməsində melodiya öz əvvəlki axarına qayıdır və mahnının ilk melodik cümlələri yenidən təkrarlanır.
       “ Gülüm” mahnısının xüsusiyyətlərindən biri də burada səslənən qəzəlin ritminin (onu da qeyd edək ki, qəzəl Rəməl bəhrinin üçüncü növündə yazılmışdır) melodiyada öz əksini tapmasəndan ibarətdir. Belə ki, melodiya əvvəldən sonadək iki səkkizlik və iki çərək notun ardıcıllaşmasına əsaslanan ritm üzərində qurulmuşdur. Bu ritm, qəzəlin ölçüsünə tam uyğün olaraq, bütün mahnı boyu dəyişməz qalır.
       Fikrət Əmirovun bəstələdiyi mahnılar arasında ən maraqlı və yadda qalan nümunələrdən biri də bəstəkarın Hüseyn Cavidin “ Şeyx Sənan” dramına yazılmış musiqisindən “ Kor ərəbin mahnısı” dır. Bu mahnı istər yarandığı illərdə, istərsə də indiki dövrdə olduqca populyar olan mahnı nümunələrindən biridir. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində həmin mahnıya iki klip çəkilmişdir. Burada da, “ Gülüm” mahnısında olduğu kimi, mahnının mətn əsasını təşkil edən qəzəlin metri melodiyada öz əksini tapmışdır:


       Göstərilən nümunədəki musiqi ölçüsü bütün mahnı boyu dəyişməz qalır. Mahnının melodik inkişafı yuxarıda göstərilən iki melodik cümlənin variant şəklində səslənməsi üzərində qurulmuşdur. “Kor ərəbin mahnısı” elə nadir mahnı nümunələrindəndir ki, burada ən* ənəvi mahnı formalarında olduğu kimi kulminasiya anına təsadüf olunmur. Mahnının aramlı, ağır tempi, ritmik təkrarlılıq sanki dinləyicidə səhrada addımlayan karvanın obrazını yaradır.
       Nəzərdən keçirəcəyimiz digər mahnı M. S. Ordubadinin sözlərinə yazılmış “ Gülərəm gülsən” mahnısıdır. Nəqəratsız formada bəstələnmiş bu mahnının poetik əsasını on bir hecalı mətn təşkil edir. Burada sətirlərin qafiyələnməsi AABB VVVVBB QQQQBB prinsipinə əsaslanır. Şerin ilk bəndini göstərək:

       Gözlərim o qara gözə bənd oldu,
       Saçların boynuma bir kəmənd oldu,
       Ağlasan ağlaram, gülərəm gülsən.
       Ömrümün yazında təzə bir gülsən.


       Yuxarıdakı mətnin son iki misrası mahnının sonunda ona uyğun melodik cümlələrlə birlikdə təkrarlanaraq, kompozisiyada üç hissəli formanın yaranmasına gətirib çıxarır:



       Mahnıdakı kulminasiya anı bir cümləni əhatə edir və yüksək registrdə səslənmə ilə səciyyələnir:


       Beləliklə, mahnıda təkrarlanan poetik sətirlər təkrarlanan melodik cümlələrlə müşayət olunur və bununla da özünəməxsus haşiyə əmələ gətirir.
       Fikrət Əmirovun ən məşhur mahnılarından biri də Mirvarid Dilbazinin sözlərinə yazılmış “Azərbaycan elləri” mahnısıdır. Yeddi hecalı mətnə əsaslanan bu mahnı nəqəratsız formada yazılmışdır. Mahnı hərəsi iki ibarədən təşkil olunmuş iki melodik cümlə ilə başlayır:



       Pilləvari hərəkətli ilk cümlələrdən fərqli olaraq, kulminasiya bölməsi kvarta sıçrayışlı nida xarakterli ifadədən ibarətdir. Həmin anda, mahnıda ilk dəfə olaraq, “ Azərbaycan elləri” ifadəsi səslənir:



       Sonra sekvensiyavari ibarələr vasitəsilə melodiya bir qədər aşağı registrə enir. Kulminasiyadan sonra mahnının əvvəlindəki melodik cümlələr cüzi melodik dəyişikliklərlə yenidən səslənir. Ilk dəfə kulminasiya anında səslənmiş və mahnının adını da müəyyən edən “Azərbaycan elləri” söz birləşməsi bu hissədə dəfələrlə təkrarlanır və bununla da yekun əhvali-ruhiyyəsi yaradır. Mahnının maraqlı xüsusiyyətlərindən biri də odur ki, o, ənənəvi olaraq tonika pərdəsində deyil, onun bir oktava yuxarıda uzadılmış səslənməsi ilə tamamlanır.
       Yuxarıda nəzərdən keçirilən mahnılar daha çox mahnı-romans (“Gülüm” , “Azərbaycan elləri”), mahnı-ballada (“Kor ərəbin mahnısı”) səpkili idisə, indi araşdıracağımız mahnılar bu janrın tipik nümunələrindəndir. Onların arasında ilk növbədə T. Əyyubovun sözlərinə yazılmış lirik xarakterli “ Mən səni araram” mahnısını göstərmək istərdik. Cəmi dörd cümlənin variant şəklində təkrarlanması üzərində qurulmuş bu mahnı ifadəli melodiyaya və mənalı mətnə malik olduğundan maraqlı bir musiqi nümunəsi kimi haqlı olaraq F. Əmirov yaradıcılığının yaddaqalan səhifələrindən birini təşkil edir. Mahnının ilk melodik cümləsinə nəzər salaq. Burada şerin ahənginə uyğun olaraq pauza vasitəsilə misranın sonuncu sözü daha qabarıq səsləndirilir:



       Bu tendensiya sonrakı melodik cümlələrdə də davam etdirilir və, nəhayət, dördüncü cümlədə “cəmləşmə” (“summirovanie”) nəticəsində melodiya artıq pauzasız, aramsız səslənir:



       Bəstəkarın mətnlə məharətlə işləmək bacarığı bu mahnıda özünü bütün parlaqlığı ilə göstərir.
       F. Əmirovun gözəl mahnılarından biri də T. Əyyubovun sözlərinə bəstələdiyi “ Reyhan” dır. Sadə, lakonik melodiyaya malik bu mahnıda bəstəkar minimal vasitələrlə maksimum edə bilmiş və gənc, şıltaq qızın yaddaqalan obrazını yaratmağa nail olmuşdur. Mahnının ilk cümləsi aşağı hərəkətli sekvensiya üzərində qurulmuşdur. Sekvensiyanın hər bölümü “Reyhan” adının təkrarlanması ilə müşayət olunur. Bəstəkar burada bir çox mahnılarda müşahidə olunan tendensiyadan uzaqlaşaraq, mahnının həsr olunduğu şəxsin adını nəqərat bölümündə deyil, birinci kupletdə verir:



       Nəqərat isə sual-cavab xarakterli qısa ibarələrin növbələşməsi üzərində qurulur. Burada da, “Mən səni araram” mahnısında olduğu kimi, bəstəkar melodik cümləni pauzalar vasitəsilə bir neçə hissəyə ayıraraq, mətndə vacib saydığı ifadələri vurğulayır:



       Fikrət Əmirovun kompozisiya və poetik mətn baxımından maraqlı olan digər mahnısı “ Aslanın mahnısı” dır. Bu mahnı bəstəkarın “ Səhər” kinofilminə yazdığı musiqiyə aid olsa da, kino ekranının sərhədlərini aşaraq, tez-tez ifa olunan mahnıya çevrilmişdir:



       Mahnının melodiyasınını araşdırarkən görürük ki, onun inkişafında ən yuksək kulminasiya anı, adətən olduğu kimi, nəqərat bölümünə deyil, kupletin ikinci cümləsinə təsadüf edir. Bu da mahnı janrı üçün heç də səciyyəvi hal sayıla bilməz:



       Nəqərat bölümü isə bütövlükdə kupletin ilk cümləsinin variant şəklində təkrarlanması üzərində qurulur.
       Mətn nöqteyi-nəzərindən də nəqəratın birinci misrası kupletin ilk misrasının təkrarından ibarətdir – “ Mənim yarım Sevdadır” .
       Beləliklə, qısa da olsa, F. Əmirovun bəzi mahnılarında mətn ilə musiqinin qarşılıqlı əlaqələrini araşdırdıq. Göstərilən nümunələrindən aydın olur ki, bəstəkar yaratdığı mahnı nümunələrində kompozisiyanın bütün tərkib hissələrinə diqqət yetirərək, melodiya ilə mətnin həmahəng səslənməsinə nail olmuş, şerin bütün üslub və məzmun çalarlarını musiqidə tərənnüm etməklə kamil musiqi əsərləri yaratmışdır. Bu baxımdan Fikrət Əmirovun mahnıları bu janrda yazılan tam mənasında klassik nümunə hesab oluna bilər. Məqalənin sonunda bir fikri də xüsusi olaraq vurğulamaq istərdik. Indi geniş yayılmış olan yanlış fikirlərdən fərqli olaraq, gözəl, illərlə yaşanacaq və musiqi tarixinə dəyərli örnək kimi daxil olacaq mahnı bəstələmək heç də asan iş deyil. Bunu yalnız əsil musiqi istedadına, söz ilə musiqinin ahəngini hiss etmək bacarığına və yüksək bəstəkarlıq peşəkarlığına sahib olan kəs edə bilər. Yalnız bu cəhətlərin məcmusu yazılan mahnının bir gün ya da bir il yox, onilliklərlə yaşayacağına zəmanət verə bilər. Uz un illər bundan öncə yaranmış və indiyədək öz təravətini itirməmiş Fikrət Əmirovun mahnıları buna ən parlaq nümunədir.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70