INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
 


        Hörmətli oxucular! Jurnalımızın əvvəlki saylarında biz, müasir elektron texnologiyalardan istifadə etməsi sahəsində görülən işlər haqqında söhbət açmışdıq. Məsələn, «Musiqi dünyası» sayt (2000-ci il, ¹ 1, səh. 3), «Vaqif Mustafazadə» (2000-ci il, ¹ 2, səh. 92) və «Azərbaycan bəstəkarları və musiqişünasları» (2000-ci il, ¹ 3-4, səh. 24) saytları sizə artıq məlumdur. Bu gün isə biz, bu istiqamətdə atılan digər addımlardan söhbət açmaq istəyirik.
        Özümüzü təkrarlasaq da, cəsarət edib yenə və yenə də müasir bəşəriyyətin həyatında Ümumdünya kompyuter şəbəkəsinin rolunu vurğulamalıyıq. Çünki bu olduqca mühüm sahəyə maddi vəsaitlərin cəlb etməsi üçün kifayət qədər cəhdlər göstərilmir və bu hal bizi çox təəssüfləndirir.
        Inkişaf edilmiş ölkələrdə əhalinin təxminən yarısı Internetin xidmətlərindən istifadə edir. Yəqin ki, kütləvi informasiyanın bu cür qüdrətli vasitəsini nəzərə almamaq bağışlanmaz səhv olardı. Əlbəttə ki, bu cür yüksək göstəricilərdən biz hələ ki xeyli uzağıq. Lakin, fikrimizcə, dünyada öz real nailiyyətlərimizi təbliğ etmək və özümüzü tanıtdırmaq üçün ən təsirli və effektiv vasitələrdən istifadə etməyi hamımız borcluyuq.
        Bu məqsədə əməl edərək, yuxarıda adları çəkilən saytların müəllif kollektivi bu istiqamətdə fəal işlər görür. Həmin çalışmaların nəticəsində böyük azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş növbəti sayt meydana çıxdı.
        Bu ilin iyunun 26-da «Kapellhaus» zalında keçirilən həmin saytın prezentasiyası ictimaiyyətdə böyük maraq doğurdu. Tədbirdə bir çox görkəmli mədəniyyət xadimləri, o cümlədən bəstəkar Arif Melikov, yazıçı Anar, pianoçu Fərhad Bədalbəyli, tarzən Ramiz Quliyev və başqaları iştirak etmişdir.
        Giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədalbəyli kompyuter texnikasının əhəmiyyətini və onun fantastik imkanlarını xüsusi vurğuladı. Layihənin rəhbərini, sənətşünaslıq doktoru Tariyel Məmmədovu bu işin fanatiki kimi səciyyələndirərək, o, doğma zəngin mədəniyyətimizin təbliğatı üçün Ümumdünya şəbəkənin imkanlarından maksimal fəal istifadə etməyi arzuladı (təki maddi imkanlar olsun).
        Qara Qarayevin əsərlərindən ibarət kiçik konsert keçirilən tədbirə uyğun gələn əhval-ruhiyyə yaratdı. Burada həm gənc istedadlar, həm də tanınmış ifaçı Eldar Iskəndərov iştirak etdilər.
        Sonra isə saytın özünün prezentasiyası başlandı. Tədbirin keçirilməsində Almaniyanın Azərbaycandakı Səfirliyi, Alman-azərbaycan «Kapellhaus» mədəniyyət birliyi, Bakı Musiqi Akademiyası və Azərbaycan bəstəkarları ittifaqı yardım göstərdilər. Saytın böyük ekranda göstərilməsini layihənin rəhbəri Tariyel Məmmədov şərh etdi.
        Sayt azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur. Təəssüflər olsun ki, imkanların məhdud olduğuna görə digər dünya dillərini tətbiq etmək mümkün olmadı. Lakin, Internetdən istifadə edənlərin nəhəng auditoriyasını əhatə etmək üçün bu üç dil də kifayətdir.
        Sayt ən müxtəlif auditoriya üçün nəzərdə tutulub. Bu həm bəstəkarın müasirləri olan yaşlı nəslin nümayəndələri – onlar yəqin ki, saytda öz dövrünün, öz həyatının əksini görəcəklər; bu həm tarixi Vətənindən hər bir xəbəri səbirsizliklə gözləyən azərbaycan diasporasıdır; bu həm sələflərimizlə vəsiyyət edilmiş ənənələrə əməl etməli təhsil alan gənclərdir; bu, nəhayət, dünya musiqisi, o cümlədən azərbaycan musiqisi ilə maraqlanan bütün insanlardır.
        Unvanlandığı auditoriyanın müxtəlifliyinə görə sayt müxtəlif funksiyalara malikdir. Əsas, informativ funksiya ilə yanaşı bunlar həm təbliğatçılıq, həm pedaqoji-tərbiyəvi, həm də estetik funksiyalardır (bədii tərtibatına körə saytı bir növ incəsənət əsəri kimi də qavramaq olar).
        Bu cür müxtəlif məna daşıyan saytın yaradılmasında bu kimi müxtəlif tədqiqat metodları çevrələyən struktur-sistemli metodologiya tətbiq edilmişdir. Bunlar: empirik, sistemli, informativ, statistik və həmçinin kompyuter texnologöyalarına aid metodlardır.
        Göründüyü kimi, əsas məqsədə, yəni böyük müasirimizin xatirəsini əbədiləşdirməyə nail olmaq üçün bir çox vasitələrdən istifadə edilmişdir.
        Struktur cəhətdən sayt üç hissəyə bölünür: Qara Qarayevin həyat yolu, yaradıcılığı və xatirəsi.
        Birinci hissədə çoxsaylı nadir fotoşəkillərlə illüstrasiya edilmiş bəstəkarın əsas həyat mərhələləri göstərilir. Bölmənin oricinal bədii tərtibatı nəzərə çarpır: Qara Qarayevin ta uşaq yaşından yetkin dövrünədək portret fotoşəkilləri sanki kinolent kadrlarında keçir, onun da dünya mədəniyyətinin görkəmli xadimləri ilə birgə fotoları isə açıq kitab kimi səhifələnir. Bununla yanaşı butun bölmə bəstəkarın əsərlərindən parçalarla müşayiət olunur.
        Həmin hissədə həm Qara Qarayevin, həm də digər məşhur musiqiçilərin səsləri yazılıbdır. Məsələn, Qara Qarayev azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun rolu haqqında danışır; Dmitri Şostakoviç, Tixon Xrennikov, Fikrət Əmirov, Niyazi kimi bəstəkarlar isə Qara Qarayevin özünün rolu və yaradıcılığı haqqında öz fikirlərini ifadə edirlər. Bundan savayı, həmçinin bəstəkarın müxtəlif mərasimlərdəki çıxışlarını təsvir etmiş kinoxronika kadrları da verilmişdir.
        Nadir materialların axtarışları və onların zövqlə tərtib edilməsi ilə əlaqədar müəllif kollektivinin səbr tələb edən böyük zəhmətini qeyd etmək istərdim.
        Saytın ən geniş və məzmunlu olan ikinci hissəsi Qara Qarayevin yaradıcılığına həsr edilmişdir. O öz növbəsində bəstəkarın yaratdığı janrlar üzrə bir neçə rubrikaya bölünür. Hissənin quruluşu çox maraqlıdır. Əvvəlcə bəstəkarın yaradıcılığının hər hansı bir sahəsinə, məsələn, kinomusiqiyə həsr olunmuş çoxsaylı kadrlar verilir. Sonra da, kursorla hansısa kadrı seçib kompyuterin muvafiq klavişini basarkən həmin filmdən Qarayevin musiqisi ilə videorolik göstərilir. Digər rubrikalar da məhz həmin prinsip üzrə qurulubdur: balet, müzikl, simfonik yaradıcılıq və kamera-instrumental musiqisi.
        Burada həmçinin bəstəkarın pedaqoji fəaliyyəti də əks etdirilib. Təmsil edilmiş və birgə toplanmış Arif Məlikov, Vasif Adıgözəlov, Xəyam Mirzəzadə, Firəngiz Əlizadə, Fərəc Qarayev, Ismayıl Hacıbəyov, Məmməd Quliyev və sairə bu kimi Qarayevin yetirmələri onu müasir azərbaycan bəstəkarlıq məktəbinin banisi və böyük pedaqoq kimi daha qabarıq şəkildə səciyyələndirir.
         «Yaddaş» adlı üçüncü hissədə maestronun xatirəsini əbədiləşdirməklə bağlı materiallar toplanmışdır. Burada bəstəkarın adı verilmiş Dövlət kamera orkestri, uşaq musiqi məktəbi, metro stansiyası, böyük okean gəmisi və s. göstərilib.
        Həmçinin Qara Qarayevin xatirəsinə həsr olunmuş əsərlərin siyahısı da verilib.

         Əlbəttə, saytla bilavasitə tanış olduqda yaranan təsəvvürünü məqalədə əks etdirmək qeyri-mümkündür. Buna görə də, hörmətli oxucular, sizi imkan tapıb Internetə çıxmağa və saytla bilavasitə tanış olmağa dəvət edirik. Onun elektron ünvanı:
        http://qara-qaraev.aznet.org;
        http://www.qara-qarayev.in-baku.com
        Yeri gəlmişkən, saytın bir xüsusiyyətini də qeyd etmək istərdim. O nəinki kommunikativ, hətta interaktiv funksiyaya malikdir. Yəni hər kəs «forum» adlı bölməyə daxil olub öz fikir və arzuları, bəlkə də Qara Qarayev haqqında dəyərli məlumat ilə bölüşə bilər. Müəllif kollektivi buna görə sizlərə yalnız minnətdar olacaq.
        Sayt haqqında danışdıqlarımızı isə Qara Qarayevin şagirdi, görkəmli bəstəkar Arif Məlikovun bəzi mülahizələri ilə tamamlamaq istərdik.
        Arif Məlikov: Şübhəsiz ki, müasir dünyada Internetin əhəmiyyəti olduqca böyükdür. Inkişaf edilmiş ölkələr üçün o çoxdan (bizdə televizor, yaxud da 009 telefon məlumat xidməti kimi) adi bir məişət ləvazimatına çevrilmişdir. Xaricdə hər hansı bir kifayət qədər imkanlı adam özünçün sayt açdıra bilər. Eşitdiyimə görə, bizim bəzi estrada «ulduzları»mız da öz saytlarına yiyələniblər. Buna görə də bizim zəmanəmizdə Internetdə saytın açılmasını möhtəşəm «inqilabi» hadisə kimi qavramaq düzgün olmazdı. Cəmiyyətdə başa düşməlidirlər ki, indiki dövrdə saytlar üzrə aparılan iş – ən adi bir şeydir. Amma, saytda verildiyi məlumatdan asılı olaraq, bu «ən adi bir iş» hökümətə, xalqa olduqca böyük fayda gətirə bilər. Əgər bizi daha yaxşı tanısaydılar, Azərbaycana qarşı ABŞ Konqressinin 907-ci düzəlişi olardımı? Əminəm ki, yox. Gördüyünüz kimi, xərci o qədər də böyük olmayan bir şeydən nə qədər böyük xeyir görmək olar.
        Təəssüflər olsun ki, bizim millət bu cəhətdən kifayət qədər passivdir. Öz vaxtında «Sovetstki kompozitor» nəşriyyatında bir çox azərbaycan bəstəkarlarının əsərləri nəşr olunurdu. Bəs həmin nəşrləri bütün iri, dünya əhəmiyyətinə malik olan kitabxanalar arasında yaymaq olmazdımı? Incəsənət aləmində azərbaycan musiqisi ilə maraqlananlar çoxdur və bəstəkarlarımızın əsərləri mütləq öz həvəskarlarını tapardı.
         «Qara Qarayev» saytı barədə fikrim müsbətdir – ümumiyyətlə o xoşuma gəldi. Lakin, bəzi qeydlərim də var. Zənnimcə, Qarayevi ən yaxşı tərəfdən təmsil etmək üçün bütün imkanlardan istifadə olunmayıb. Burada bəstəkarın ən gözəl əsərlərindən ən gözəl parçaları vermək lazım idi. Hərçənd mən başa düşürəm ki, müəllif kollektivi əldə olan materiallara əsaslanırdı. Qarayev haqqda sayt artıq çoxdan bəri meydana çıxmalı idi. Lakin gec də olsa, bu bizim üçün çox sevindirici bir haldır.
        Mən saytın müəllif kollektivinə bu istiqamətdə daha fəal və inadla çalışmağı və bu xeyirli işdə dövlət strukturları tərəfindən kəsərli yardım göstərməyi arzulayıram.
        Yuxarıda verilən məqalədə saytlar yaratmaq üzrə fəal işin davam etdirilməsi arzuları ifadə olundu. Sizi inandırırıq ki, bu istiqamgtdg işlər davam etməkdədir. Lakin onu la qeyd etməliyik ki, əgər bir sıra təşkilatların sponsorluq aə partnyorluq yardımı olmasıdı, müəllif kollektivinin entuziazmı yaratdığı saytlar şəklində maddi təcəssümünü tapa bilməzdi. Həmin təşkilatlara minnətdarlığımızı bildirib, onların adlarını çəkməyi özümüzə borc bilirik. Bunlar: ABŞ Dövlət Departamentinin Mədəniyyət və Təhsil bürosu; Nyu-York Kapnegi Korporasiyası; Beynəlxalq Mübadilə və Tədqiqatlar Departamenti (IREX); Açıq Cəmiyyəti Institutu – Azərbaycan – Yardım Fondu; Öyrədici Proqramlara Internet Yolu (IATP); Azərbaycan Məlumat Şəbəkəsi (ADANET), Azərbaycan Bəstəkarlar Ittifaqı, Bakı Musiqi Akademiyası.

Pərviz QULIYEV


* * *


        Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Zemfira Səfərovanın musiqi tariximizə aid kitabları qardaş Türkiyədə də böyük maraq doğurub.
        Musiqişünas, professor Firat Qızıltuğ «Ayulduz» jurnalında Z. Səfərovanın «Azərbaycanın musiqi elmi» kitabı haqqında «Türk dünyası və musiqimiz» adlı məqalə dərs etdirib. Internetdə http://www.aygazete.com/goster.php?yazar=4&tur=0&no=181 də yer olan həmin məqalədə deyilir: «Zemfira Səfərovanın Azərbaycanın «Elm» nəşriyyatı tərəfindən 1998-ci ildə çap edilmiş «Azərbaycan musiqi elmi» adlı kitabını böyük bir həyəcanla qarşıladıq. Çünki Türk musiqisi tarixinin indiyəcən bilmədiyimiz səhifələrindən bir bölümünü işıqlandıran daha bir əsər qazanmış olduq».
        Kitabın birinci və ikinci fəslindəki Səfiəddin Urməvi, Əbdülqədir Marağı haqqında araşdırmalardan bəhs edən F. Qızıltuğ daha sonra yazır «Z. Səfərova üçüncü fəsildə Mir Möhsün Nəvvabın, dördüncü fəsidə Üzeyir Hacıbəyli ustadın üzərində dayanır. Mir Mühsün Nəvvabın, sadəcə, adını bilirdik, haqqında bilgilərimiz yox idi. Zemfira Səfərovanın əsəri sayəsində bu ustadımız haqqında da məlumat sahibi olduq. Zemfira Səfərovanı belə irihəcmli və böyük zəhmət nəticəsində yaranmış əsərinə görə ürəkdən təbrik edirik».
        Z. Səfərovanın bu əsərini, habelə onun hazırladığı «Qədim Azərbaycan musiqi terminləri lüğəti»ni Istambul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri bəstəkar Yalçın Tura da yüksək dəyərləndirib, bu çalışmaların Şərq musiqi elminə önəmli töhfə olduğunu qeyd edib.
        Həmin konservatoriyanın musiqişünaslıq bölümünün müdiri Süleyman Şenel «Azərbaycanın musiqi elmi» kitabını musiqi tariximiz üçün dəyərli bir qaynaq olduğunu yazaraq, vurğulayır ki, «bu əsər təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda dünya musiqişünaslığı üçün də bir qazancdır».

REDAKTOR










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70