Xurşidbanu Natəvan – parlaq istedada və qabağcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Onun Azərbaycan mədəniyyətində və ictimai həyatında qoyduğu izlər böyük və əhəmiyyətli olmuşdur. Bu fenomenin meydana gəlməsinin, zənnimcə, bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdüiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım-bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar). Natəvan yaradıcılığının böyük tədqiqatçısı, mən deyərdim, əsl mənada "Natəvanşünas" olan mərhum Bəylər Məmmədov "Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitab
larda da açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.). Onu da qeyd edək ki, hal-hazırda Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şer divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Marağlıdır ki, yuxarıda adı çəkilən Bəylər Məmmədovun kitabında Natəvanın uşaqların da adı vardır*. Bununla əlaqədar qeyd edək ki, bu gün məşhur sənətkarımız Xalq artisti professor Arif Babayev Natəvanın qızı Xan-bikə xanımın yaratdığı qəzəli "Segah" muğamı üstündə ifa edəcək. Qeyd edək ki, şairənin bu qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xan-bikə xanım "məclisi-üns"ün iştirakçılardan biri idi.
Diqqətə layiqdir ki, Azərbaycanın böyük sənətkarı Xan Şuşinski da Sarıcalı Cavanşir nəslindəndir (bildiyimiz kimi, onun soy adı Isfəndiyar Cavanşirov olmuşdur). Və bu gün Arif Babayevin ifasında səslənəcək tanınmış "Şuşanın dağları" mahnısının yaranması, məhz, Xan Şuşinskinin adı ilə baqlıdır.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı abı-havası və mühiti də olmuşdur.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şerlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.
Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yəganə varisi deyərmişlər).
Və, nəhayyət, Natəvanın xeyirxahlıqı və xeyriyyəçiliyi də gözə çarpır. Buna aşağıdaki misal zənnimcə, əyani sübut ola bilər. Bəylər Məmmədov "Xurşidbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı.
Məhz, bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şer, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.
Bu məqalə əsas mövzusu ilə əlaqədar qəribə bir məsələyə toxunmaq istərdim. Bəylər Məmmədov yuxarıda ad çəkdiyimiz "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Bununla əlaqədar qeyd edək ki, hal-hazırda bu Muzeyin qeydiyyət kitablarına əsasən, göstərilən inventar nömrə Füzuli adına Respublika Əlyazmalar institutuna verilib. Təəssuf ki, biz həmin materialları bu Institutun fondunda hələlik aşkar edə bilmədik. Buna baxmayaraq, ciddi tədqiqatçı olan Bəydər Məmmədovun əsərində verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin, yuxarıda göstərilən qeyri-muəyyən vəziyyəti nəzərə alaraq, gələcəkdə bu vacib mənbənin saxlanılan yeri mütləq müəyyən olmal
ıdır.
Natəvanın poeziyası azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı Natəvan" operasını artıq yazıb bitirmişdir.
Və məqələnin sonunda qeyd etmək istəyirəm ki, Xurşidbanu Natəvanın surəti Azərbaycan xalqının tarix yaddaşına həkk olub əbəbi yaşayacaqdır.
_______
Əlavə edək ki, bu məqalənin müəllifi Xurşidbanu Nətəvanın kötükcəsidir (redaktor).
p align>
|