Azərbaycan etnomusiqişünaslığının «ağ ləkələri» kifayət qədərdir. Hələ müxtəlif bölgələrimizdə mövcud olan folklor materialları tam əldə edilməmiş, onların sistemləşdirilməsi, öyrənilməsi və müqayisəli təhlili başa çatdırılmamışdır. Xalq musiqisinin alt qatlarını üzə çıxarmaq, təkamül proseslərini diqqətlə izləmək, tarixi inkişafın həm ictimai-mədəni səbəblərini, həm də musiqi dilində təzahür edən üslub dəyişmələrini təhlil etmək folklor tədqiqatlarının mühüm və çətin vəzifələrindən yalnız bir qismini təşkil edir.
Həmin vacib məsələlərin yerinə yetirilməsi sahə araşdırmaları ilə bilavasitə bağlıdır. Ötən il Qax, Dəvəçi, habelə Abşeron rayonunun Mehdiabad qəsəbəsində aparılmış ekspedisiyalar Bakı Musiqi Akademiyasının 80 illik yubileyinə həsr olunmuşdu. Hazırkı məqalə Qax rayonunun şimalında yerləşən Ilisu kəndində əldə edilmiş folklor nümunələrindən və musiqi-etnoqrafik bilgilərindən qaynaqlanmışdır. Bu gözəl diyarın qədim el havacatına ümumi nəzər salınmış, onların mövcudluq şəraiti, hazırkı durumu, eləcə də musiqi dilinin başlıca özəllikləri aşkar edilmiş, bir sıra perspektiv vəzifələr müəyyənləşdirilmişdir. Əhalisi müəyyən səbəblər üzündən Qaxın mərkəzinə, başqa kəndlərinə (Cəlair, Yeni Ilisu) və Zaqatalaya köçdüyü üçün Ilisu folklorunu həmin yerlərdə də axtarmaq lazımdır. Müqayisə üçün hələlik qonşuluqdakı Ağçay və Sarıbaş kəndlərinin, habelə Zaqatalanın musiqi folkloru örnəklərinə müraciət olunmuşdur. Rayonun aşağı (cənub) hissəsinin və qohum etnosların məskunlaşdığı Göynük və Biləcik (Şəki rayonu) kəndlər
inin xalq yaradıcılığı ilə paralellərin izlənilməsi isə sonraya saxlanılmışdır.
Ilisu ekspedisiyasında əldə edilmiş maraqlı materiallar, məsələn, mövsüm və mərasim folkloru nümunələri, zənnimizcə, müəyyən elmi əhəmiyyət daşıyır.
Qaxın qədim musiqi folkloru tarixi-sosial səbəblərlə əlaqədar olaraq tədricən sönməkdə olsa da, onun ara-sıra parlayan zəif işartıları bir sıra janr-üslub keyfiyyətləri daşıyan özünəməxsus məhəlli folklor tipindən danışmağa əsas verir, eyni zamanda çoxsaylı folklor örnəklərinin tapılıb öyrənilməsi kimi mühüm bir vəzifəni irəli sürür.
Qaxa məxsus ən’ənəvi el havaları bir çox Azərbaycan bölgələrinin (Şirvan, Muğan, Qarabağ, Lənkəran, Quba, Naxçıvan, Gəncə, Qazax, Abşeron) musiqi dialektlərindən, hətta qonşu Şəki rayonunun xalq musiqisindən dərhal seçilir. Bunun səbəbini, ilk növbədə, rayon əhalisinin soykökü və yerli folklor mədəniyyətinin tarixi gedişatı ilə izah etmək lazımdır.
Hal-hazırda rayonda yaşayan digər millətlərdən gürcüləri və saxurları nəzərə almasaq belə, təkcə Qax azərbaycanlılarının etnik mənşəyi məsələsi də çox maraqlı və çətin görünür. Məsələ ondadır ki, onların etnogenezisi müxtəlif türk tayfalarından ibarətdir (leqlər, gellər, saklar, qıpçaqlar, hunlar və b.), Ilisuda Dədə Qorqud dilinə yaxın olan oğuz ləhcəsində danışılsa da, Anadolu və qıpçaq türklərinin elementləri də açıq şəkildə təzahür edir. Elə buna görə də təkcə ilisuluların soysökündə müxtəlif etnik ünsürlərin çarpazlaşdığını ehtimal etmək olar. Yerli musiqi folklorunun dərhal nəzərə çarpan özünəməxsus koloriti də elə həmin amillərlə bağlıdır. Bu mahalın əhalisi xüsusi bir ləhcədə danışdığı kimi, bənzərsiz və seçkin «musiqi dialektində» çalıb-oxuyurlar. Bu üslubun kənardan gətirilməsi və guya, şimal qonşulardan alınması barədə tələsik və əsassız düşüncələrdənsə, folklor nümunələrini sə’ylə toplayıb, müxtəlif aspektlərdən (tarixi, etnoqrafik, ədəbi və xüsusilə də musiqişünaslıq) araşdırılması daha
məqsədəuyğun olardı. Yalnız bundan sonra qarşılıqlı tə’sirlər və həmin prosesdə tərəflərin qatqıları və payı barədə daha düzgün və obyektiv nəticələrə gəlmək mümkündür.
Qax-Zaqatala bölgəsinə məxsus bu məsələ yerli musiqi folklorunun ən vacib və xüsusi məsələlərindən biri kimi ortaya çıxır. Əhalisi etnik cəhətdən əsasən yekcins olan digər bölgələrimizdə xalq musiqisinin mənşəyi adətən bu qədər kəskin şəkildə üzə çıxmır.
Təsadüfi deyil ki, Azərbaycanın Şimal-Qərb regionuna məxsus xalq musiqi yaradıcılığı musiqişünas və bəstəkarların diqqətini çoxdan özünə cəlb etməyə başlamışdır. 1934-cü ildə Niyazi özünün ilk əsərlərindən birini – simfonik orkestr üçün «Zaqatala suitası»nı yazır. 1937-ci ildə Elmi-tədqiqat musiqi kabinetinin təşkil etdiyi Şəki ekspedisiyası (Q.Qarayev – rəhbər, C.Hacıyev və M.S.Ismayılov), ola bilsin ki, yuxarı kəndlərə də gəlib çıxmışdır. Müxtəlif illərdə Soltan Hacıbəyov (1956) və Bayram Hüseynli (1976) Zaqatalada folklor axtarışları aparmış, bu sətirlərin müəllifi macar etnomusiqişünası və türkoloqu Dr.Janos Siposla birlikdə eyni rayonda ekspedisiyada olmuş (1999), daha əvvəl isə (1986) etnomusiqişünas T.Kərimova Qax rayonunun bir sıra kəndlərindən maraqlı nümunələr toplamışdır.
...2001-ci il Ilisu (Qax) ekspedisiyasının başlanğıcı ovqatımı heç də nikbin ahəngə kökləmədi. Şənbə günü olduğundan mədəniyyət şö’bəsinin müdirini görmədən kəndlərə gedib tam sərbəst işləməli olduğumu anladım. Qaxın ümumtəhsil məktəbinə (¹2) və incəsənət məktəbinə baş vurub elə həmin günü Ilisuya yollandım. Səngər tabunda (məhəllədə) toy olduğunu eşitcək, doğrusu, əvvəlcə, sevindim. Eyni zamanda məhəlləyə doğru addımladıqca ürəyimə dammışdı ki, orada yerli mərasim nəğmələrini eşidə bilməyəcəyəm.
Toy-büsatın qurulduğu həyətdə Bakının şadlıq evlərindəki kimi dəbdə olan çalğıçılar dəstəsini görəndə ağlıma gələnlər başıma da gəldi. Insafla deməliyəm ki, hamısı gözəl musiqiçilər idi. Lakin həmin gün bütöv bir Şimal-Qərb kəsiminə aid yalnız bir nümunəyə rast gələ bildim – ilk variantı bizə hələ Zaqatalanın Suvagil kəndindən tanış olan «Şeyx Şamil» haqqında mahnıya.
Eyni zamanda toyun gedişatı və müasir musiqi tərtibatı mənə bə’zi gerçəkləri çox gözəl və əyani surətdə anlatdı:
– folklorun durumu və inkişafı iradə və istəyimizdən, hətta əməli sə’ylərimizdən asılı olmadan obyektiv qanunauyğunluqlara tabedir;
– bəlkə də gözümüzün önündə bütün məhəlli xüsusiyyətlərin fövqündə dayanan, onları öz içində əridən və vahid milli üsluba yönəldən müasir folklor prosesləri baş verirdi;
– toyda iştirakçıların, xüsusilə də gənc oğlan və qızların yorulmadan, böyük zövq və məharətlə rəqs etməyi yerli əhalinin psixologiyasını, hər cür kompleksdən azad şəkildə şənlənə bilməsini, dini-mövhumat hisslərindən uzaq olduğunu göstərdi;
– ən’ənəvi toy folklorunun aşındığı bu şəraitdə üzərimə götürdüyüm vəzifənin bütün məs’uliyyətini hiss etdim.
Uğursuzluq uçurumuna lap yaxın olduğumu nəzərə alaraq, elə ertəsi günü sabahdan Ilisunun mərkəzi küçəsini başı yuxarı–başı aşağı, çiynimdəki çantamla dəfələrlə «ölçməyə» başladım. Hər halda kənardan belə görünə bilərdi...
Əslində isə Qaxın məktəblərindən başladılmış ən gərəkli qeydlərin ardı davam etdirilir, rast gəldiyim havalar və dəyərli mə’lumatlar kasetə yazılır, Ilisunun xalq musiqi həyatının dünəni və bu günü yerindəcə imkan daxilində araşdırılırdı.
Təəssüflə qeyd olunmalıdır ki, tədqiq olunan rayonun, o cümlədən Ilisunun ən’ənəvi musiqi folkloru müasir vəziyyətlə əlaqədar olaraq aradan çıxmaqdadır. Bir çox musiqi nümunələri xalqın məişəti və həyatında, bayram və mərasimlərində əvvəllər olduğu qədər eşidilmir, onları zövqlə ifadə edə bilənlərə cavan nəsil nümayəndələri arasında az-az rast gəlirik. Buna görə də sahə araşdırmalarının verimli olması üçün sə’ylə çalışmaq, xüsusi vasitə və yöndəmlərdən istifadə etmək lazımdır.
Yaxın keçmişdə Qax və Ilisu folklorunun sinkretizm keyfiyyətləri özünü qabarıq şəkildə göstərmiş, xalq musiqisini şe’r, oyun, hekayət, tamaşa, mərasim və ümumiyyətlə, həyatdan ayırmaq çox çətin olmuşdur. Buna görə də bölünməz bir bütöv olan folklor mədəniyyətinin öyrənilməsi musiqi folklorunun axtarılması yollarına işıq sala bilər. Məsələn, söz mətni, mərasim, hekayət və s. cəhətlərlə əlaqələr xalq musiqi nümunələrinin tapılmasına kömək edə bilər. Və yaxud, aradan çıxmış bə’zi folklor mahnılarının bərpası işində onların hal-hazırda mövcud olan instrumental (zurna, tütək, saz) versiyaları böyük rol oynayır.
Qax musiqi folklorunun sinkretizm xüsusiyyətləri və hazırkı vəziyyəti musiqi etnoqrafiyasının öyrənilməsini irəli sürür. Milli musiqi folklorunda çox az işlənilmiş bu məsələnin əhəmiyyəti hələ dahi Ü.Hacıbəyov tərəfindən göstərilmişdi: «Azərbayjan xalq mahnılarının əhəmiyyəti [...] etnoqrafik (kursiv bizimdir – X.F.) tarixi, psixoloji və sairə bu kimi elmlərə aid bəhs və müzakirələr üçün də zəmin təşkil edə bilər» (3, 247-248). Bə’zən konkret el havaları nümunələrini üzə çıxarmaq məqsədilə onları yaşadan (və ya yaşatmış olan) musiqi-etnoqrafik mühitin işıqlandırılmasından başlamaq lazım gəlir. Belə ki, Ilisuda yaxın keçmişlərə qədər fəal şəkildə işlənilmiş müəyyən havaları yada salmaqda bu və ya başqa çətinliklərlə qarşılaşırıqsa, onları öz qoynunda bəsləmiş folklor həyatının müxtəlif sahələri haqqında kifayət qədər mə’lumat və xatirələr indi də söylənilməkdədir.
Ən’ənəvi toy mərasimində musiqi
Ilisuda qız ilə oğlan bir-birini sevəndə əvvəlcə adət üzrə elçi gedirlər. Razılıq əldə edilərsə, toy günü tə’yin olunur. Oğlanın yaxın adamları mətləbi mahnı ilə açırlar.
Misal ¹1.
Xına gecəsi. Toydan bir gün əvvəl gəlinin qohumları, rəfiqələri, qonum-qonşu, cavan qızlar axşamdan qız evinə yığılır. Gecədən nə qədər keçsə də yatmağa, yuxulamağa imkan verilmir. Xına gecəsinə toplaşanlar sabahı oradaca açmalıdırlar. Yatan adamın paltarı döşəyə tikilir – o sabah duranda döşək arxasınca gəlir və camaatın qəhqəhəli gülüşünə səbəb olur.
Xına gecəsində yerli nəğmələrdən oxuyurlar, çalırlar, oynayırlar. Burada oğlan üçün xına aşı bişirilir, boğça yığılır və onun payını nağara-zurna çala-çala gedib bəy evinə verirlər.
Ümumiyyətlə, keçmişdə toylar nağara-zurna ilə keçirilərdi. Bu dəstə 4 nəfərdən ibarət idi: zurnaçalan, mil tutan (dəmkeş), yekə nağara və kiçi nağara (qazax dilində kişi kimi tələffüz edilir).
Çalğıçılar kəndin aşağı başındakı Səngər məhəlləyə çatanda çalmağa başlayardılar. Onda bütün el-oba bilirdi ki, toya nağara-zurna dəstəsi çağırılıb. Onlar «danqıdı, danqıdı, danqıdı» çala-çala qız evinin darvazasının qabağında dayanıb bir hava çalır. O zaman qapıdan içəri girəndə çalınan musiqi ayrı idi, buna müqəddimə deyilirdi.
Bəyin qohumları – anası, xalası, dayısı, əmisi və başqaları xonça ilə gəlirdilər. Qız-gəlinlərin əlində ya kələğayı, ya da iki metr ipək parça olurdu. Onlar çalançıların boynuna toxuma parçaları qoyur, sonra da durur «Tərəkəmə»ni oynayır, nə oynayır! Bəyin kişi qohumları isə çalğıçılara şabaş verərdilər.
vvəllər gəlini atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi. «Vağzalı» havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.
Toyda, qəşəng bəzənmiş yaxşı bir atı olan qazax da iştirak edirdi. Qoçaqlığı ilə seçilən bu qazax atını gəlindən qabaq çapır. Bəy evinin darvazasını açaraq şad xəbər gətirir: «Gəlin gəlir, verin muştuluğumu!» O, oğlan adamlarından bir qırmızı kəlağayı alıb, öz atının boynuna bağlayır.
Gəlini gətirəndə ayağının altında qoç kəsirlər. Gəlin ayağını qana basır, qandan adlayır, sonra ayağı ilə bir boşqabı sındırır və yerə qoyulmuş bir iti baltanı da adlayıb keçir. 40 nəfər atlının bir havası var. Onlar atdan düşüb elə oynayırlar, elə oynayırlar...
Gəlinin başı üzərindən üç dəfə güllə atılır. Sonra başına noğul, konfet, kişmiş, xurma, qəpik-quruş və s. atılır. Onun əlindən tutub evə çıxardırlar. Lakin oturmağa icazə yoxdur. Gəlin və ya yengə otursalar, cərimə olunurlar. Gəlini oturtmağa dastar salmaq deyilir.
Qaxın toylarında adamları oynatmaq üçün bir nəfər ayaqçı tə’yin olunurdu. Toyun əsas şənliyi də ayaqçıdadır. Əlində bir çubuq gəzdirən ayaqçı adamları oynatmağa də’vət edir, istədikləri havanı çaldırır, özü də başqaları ilə oynamağa başlayır. Ayaq üstündə gəzməkdən ayaqçının üzündən tər su kimi süzülür – həm zurnaçılara pul yığır, həm də toy şən keçir.
Bəyi gətirəndə keçmişdən qalma «Gəldi ha, gəldi» havasını oxuyurlar.
Misal ¹2.
Misal ¹2a.
Anası, xalası, bacısı və b. gəlib bəyin boynuna kələğayı və ipək parça yığırlar. Mərasimin bu anını əks etdirən həmin sözlər eyni bir ritmik motiv əsasında təkrar-təkrar oxunur. Keçmişdə (və bəlkə də haradasa indinin özündə də) həmin sözlərin və mərasimin məzmununa uyğun gələn şerin da oxunması ehtimal oluna bilər. Buna görə də gələcək sahə araşdırmalarında mahnının müxtəlif variantlarının sorağı ilə maraqlı nəticələr əldə etmək olar. Hələlik isə qısa bir melodik parçaya rast gəlmişik. Zurna və tütək ifaçıları bu havanı, daha doğrusu, onun ritmik motivini əxz edir, tipik inkişaf üsulları (təkrar, variant, sekvensiya və s.) ilə həcmini genişləndirir və ona müəyyən bir biçim verirlər. Məsələn, Ağçay kəndinin sakini Eldar Yusifov eyni havanın maraqlı bir variantını tütəkdə təqdim etmiş, misal ¹ 2a. Ilisulu Ibrahimxəlil Rüstəmov isə özünün instrumental ifasında (tütək) aramlı tempdə gedən birinci hissədən sonra melodiyanın tempini və xarakterini dəyişmişdir. Yerli əhalinin dilində buna yeyrək hava (yə’n
i yeyin hava) deyilir.
Belə bir temp dəyişməsi mərasimin gedişatı ilə müəyyən olunur. Informantların (E.Yusifov, I.Rüstəmov) dediyinə görə, gəlini bəyin evinə gətirib oturtduqdan sonra oynaq və şən bir hava ilə rəqs edirlər. Bunun üçün məşhur oyun havalarından «Tərəkəmə» istifadə oluna bilər.
Təsvir edilən mərasim musiqisinin hər üç variantını (bir vokal, iki instrumental) müqayisəli təhlilinə gələcək işlərdə diqqət ayrılacaq. Belə bir müqayisə folklor təfəkkürünün açıqlanması üçün, şübhəsiz, mühüm əhəmiyyət daşımalıdır.
Toy gecəsindən sonra sabahın açılmasına bir saat qalmış adət üzrə yenə də üç dəfə güllə atılır, nağara-zurna çalmağa başlayır. Həyətə işıq düşsün deyə 20-30 fənəri ipə çəkirlər.
Bəy ilə gəlini bir hava ilə oyadırlar. Bəyin bacısı içində bal, halva, kişmiş olan bir xonça ilə oxuya-oxuya qapıya yaxınlaşır.
Misal ¹3.
Bəy evdən çıxandan sonra bütün qadınlar gəlinin yanına gedir, yaxşı süfrə açılır, yemək-içmək olur. Gəlini görməyə gələnlərə şirni, bal, bir stəkan çay verirlər.
Kişilər, cavan oğlanlar bəyi təbrik edirlər. Bəyi görməyə gec gələnlər isə cəzalandırılır və təpəsi aşağı kəndirdən asılır.
– Sen meni gej görməyə gelmisin. Cərimə olunursan.
Balaca uşaq olanda cəriməni atasından istəyirlər. Yığılan pula bir qoç alınır, yeməklər bişirilir.
Ertəsi günü toy mərasiminin sona çatdırılmasına «Qazax dağıtdı» deyilir.
Ilisu mərasim folklorunun orijinal nümunəsi «Tonqay/Tunqay Məlik» – adlanan yarış ruhlu mahnı-oyun bir zamanlar yerli toyların ən sevincək səhnələrindən birini təşkil edərdi. Indi əsasən hafizələrdə yaşayan bu mahnını toy şənliyində müşahidə etmək bizə nəsib olmadı. Lakin Səngər məhəllədəki toyda gənc qızların hərarətli rəqslərini gördükdən sonra «Tunqay Məlik» oyununun göstərdiyi tə’siri təsəvvür etmək çox da çətin deyildir.
Bildiyimiz kimi, Alp-ər Tonqay türk qəhrəmanlıq dastanlarının baş qəhrəmanı olan Əfrasiyabın əsl adı olmuşdur. Xalqın şüuruna toyun hamısı kimi daxil olmuş Tonqay Məlik obrazının türk mifologiyası ilə bağlılığı musiqişünas A.Abduləliyev tərəfindən öyrənilmiş (5), tarixçi-etnoqraflar T.Rəsulzadə və C.Qurbanov isə oyunu tam bərpa etməklə musiqi folklorçularına yardımçı olmuşdur (9).
Üç mərhələdən ibarət olan bu oyun əsasən qızlar tərəfindən icra olunur.
Oyun, «Tunqay Məlik» mahnısı ilə başlanır. Qarşı-qarşıya dayanmış dəstədən hər biri növbə ilə bayatı deyə-deyə irəliyə hərəkət edir, sonra yenə də əvvəlki vəziyyətə qayıdır. Dəstələr hər dəfə yeni bayatı mətnləri tapıb oxumalıdır və bu deyişmə uzun müddət davam edir.
Misal ¹4.
Əgər hər hansı bir dəstə dərhal bayatı deyə bilmirsə, öz oyunçularından birini rəqiblərə verməlidir. Oyunda yeni mərhələnin (ikinci) başlandığını bildirən bu hadisə başqa mahnı ilə («Ay Zəri») müşayiət edilir. Bu melodiyaya T.Kərimovanın toplamalarında rast gəlirik. Təbii ki, daha çox bayatı bilən dəstə yarışda üstün gələ-gələ sayca çoxalır, bu qayda son həddə, yə’ni məğlub tərəfdə bircə oyunçu qalana qədər davam edir.
Misal ¹5.
Növbəti hissədə tək qalmış oyunçu qaliblərə «Qıza diləyə gəlmişəm» deyə müraciət edir. Bu hissə toy mərasiminin elçilik mərhələsi ilə, elçi gedib qız istəməklə səsləşir və bütün oyunçuların qayıtması ilə, yə’ni tarazlığın, ədalətin bərpası ilə başa çatır. Melodik cəhətdən II və III hissənin uyğunluğu barədə mə’lumatımız dəqiq deyildir. Bə’zi mənbələr burada eyni melodiyanın istifadə olunduğunu göstərir, eyni zamanda musiqinin dəyişə bilməsi də istisna edilmir.
Zaqatala folklor mahnılarında «Tonqay Məlik» toy hamisi olaraq, Toylu Məlik şəklinə düşmüş və indi başqa bir melodiya ilə həm azəri, həm də saxur dillərində istifadə olunur. Hətta Şamaxı ekspedisiyası zamanı (YS-FX-99) yaşlı bir qadının dilindən eşitdiyimiz «Toy Məlik getmək» ifadəsi də eyni ən’ənələrdən xəbər verir.
Yaz mərasim oyunları və nəğmələri
Qaxda və aşağı (cənub) kəndlərdə Novruzdan qabaq qurşağatdı və ya papağatdı mərasim oyunu keçirilərdi. Bu oyun Azərbaycanın, demək olar ki, bütün yerlərində eyni qayda da keçirilir.
Ilisuda isə keçmişdə Novruzqabağı əyləncələrdə böyüklər də iştirak edərdilər. Onlar quru ət, yağ, yumurta, düyü götürüb çayın o tayındakı güneyə gedirdilər. Özləri ilə tava, sini, çömçə, qazan da aparırdılar. Ocaq qalayıb, düyünü süzürdülər, aş bişirirdilər. O aşı yeyib, ağacın kölgəsində ay saz çalıb oynayırdılar ha! Camaat gəlib kənardan onlara tamaşa edərdi.
Çömçə xatun mərasimi. Son zamanlara qədər Ilisuda uşaqlar «Çömçə xatun» və «Qodu-qodu» mərasimlərini böyük sevinclə keçirər, ovsun nəğmələri oxuyar, kəndin küçələrini gəzib şənlənərdilər. Digər bölgələrimizdə də mə’lum olan bu mərasim və nəğmələr iqlim şəraitinə bağlı olaraq müxtəlif məzmun daşıyar, məsələn, təbiəti quru olan yerlərdə yağış duası oxunar, yağmurlu-çiskinli bölgələrdə isə (məsələn, Ilisuda) günəşin çıxması arzulanardı. Bu ayin Ilisu sakini Ayna Əzizovanın (1931) dilindən yazıya alınmış, melodiyası isə gözəl səsindən qeyd olunmuşdur.
«Bizim Ilisu dağlar qoynunda yerləşən gözəl bir kənddir. Hava həmişə dumanlı, çəmrəli (çənli) olur, tez-tez yağış yağır. Bizim dağlara qoyun gedir. Şimşək çaxanda vəziyyət çox çətin olur. Onda bizim arvadlar ağacdan qayrılmış çömçə götürüb, başına yaylıx bağlayır, aşağısına don geydirirlər. Yeddi nəfər qız çömçə xatunu götürüb bu mahnını oxuya-oxuya qapı-qapı gəzirlər.
Misal ¹6.
Gəlin gəldi düşürün
Quzulu aşı bişirin.
Quzulu aş da olmasa,
Quzu başı bişirin.
Bu gün bizə un gərək,
Sabah sizə gün gərək.
Uşaqlara buğda ilə un verirlər. Sonra buğdanı gətirirlər, ocaq qalayıb sacın üstündə qavurğa qavururlar. Bir kəs o qavurğadan dilinə vurmamalıdır. Vursa ehsanı keçməz. «Günəş babanın ruhunan sərçələrin payıdır» – deyib qavurğanı həyətə atırıq. Sərçələr gəlib yeyəndə gün çıxır».
Qodu-qodu. Novruza üç-dörd gün qalmış bir dəstə uşaq (8-10 nəfər) yığışıb təzə ili qarşılamaq şənliyi keçirirdilər. Birisi kürkünü tərs çevirir, birisi başına papaq qoyur (guya keçidir), biri bığ çəkir. Beləliklə də, mifik surətləri təmsil edirlər. Uşaqların içində biri də gödü (Qodu) olur.
Kiçik bir qutudan düzəldilən nağara, iki dənə çubuxla vurulur. Uşaqlar bu mahnını xorla oxuya-oxuya gödü kəllə-mayallaq aşır.
Misal ¹7.
Uşaqlar bir həyətə çatanda, papağını tərs çevirən oğlan üzü aşağı yatanda, yerdə qalanları çığırır:
- Qodu, ne istiysin?
- Yumurta istiyəm.
- Qodu, ne istiysin?
- Quru ət istiyəm.
- Qodu, ne istiysin?
- Şəkərbura istiyəm.
- Qodu, ne istiysin?
- Ev yiyəsinin sağlığını, cavanların toyunu.
Bundan sonra uşaqlar çalıb-oynamağa başlayırdılar. Bu mərasim Novruz bayramından təxminən bir həftə qabaq keçirilərmiş.
Ilisuluların yaşayışı təbiətlə sıx bağlı olduğundan açıq havada keçirilən çal-çağır səhnələri xalqın folklor həyatına xüsusi yaraşıq verir. Yaz aylarında cincara çıxan qızların lirik nəğmələri buna parlaq misal ola bilər.
«Cincar» gicitkan deməkdir və girs adlı yerli xörək növünün bişirilməsində istifadə olunur. Həmin xörəyə atılan digər göylərə ala deyilir.
Ala yığmaq üçün Ilisu kəndinin yezili dağına çıxan qızlara tapşırılır ki, yaxşı geyinsinlər. Çünki gəzintiyə çıxan oğlanlar bu qızlara baxacaqlar. Cincara çıxan qızlar yazın ilıq nəfəsindən, gül-çiçəklərin qoxusundan ilhamlanaraq dəf çala-çala mahnı oxuyurlar. Oğlanlar da dəf, tütək və ya saz çalıb mahnı oxuyur, baharın gəlişi münasibətilə şənlənərdilər.
Təəssüf ki, hal-hazırda belə əyləncələr yavaş-yavaş aradan çıxır, yeni nəsil onlar barədə nənələrindən şirin söhbətlər eşidir, müvafiq mahnılara da olsa-olsa mərasim və oyunlardan ayrılmış halda qulaq asırlar. Bu şəraitdə folklor mütəxəssisləri yerli nəğmələri əsasən hafizələrdən toplamaq məcburiyyətində qalırlar.
Bənövşə. Keçmişdə gözəl baharın ilk müjdəsi olan zərif ətirli bənövşəyə həsr olunmuş oyunlar Azərbaycan gənclərinin sevimli məşğuliyyəti olmuşdur. Mərasimdə mühüm rol oynayan nəğmələrin yerini, əhəmiyyətini və növlərini öyrənmək üçün etnoqrafik yanaşmanın rolu böyükdür. Məsələn, tədqiqatçılardan R.Tahirzadə və C.Qurbanov oyunun iki mərhələsini bərpa etmiş, bir sıra etnoqrafik xüsusiyyətlərini açıb göstərmişlər. (9)
Ilisuda aldığımız mə’lumat, burada yaxın keçmişlərədək hər iki mərhələnin mahnılarla birlikdə icra edildiyindən xəbər verir. Əldə etdiyimiz «Bənövşə» mahnısının ifası ilə əlaqədar onu qeyd etmək olar ki, həmin çiçəyi təmsil edən qız söz mətninə uyğun olaraq müəyyən hərəkətlər edir, bənövşənin açılıb-yumulmasını qolları ilə təsvir edir. Maraqlıdır ki, eyni mahnının başqa bir melodik variantı yeni sözlərlə oxunduqda öz janr məzmununu dəyişə bilir. (4)
Misal ¹8.
Qax musiqi həyatinin başqa sahələri
Qax rayonunda qədim əmək nəğmələrinin çoxu aradan çıxmaqdadır. Bu baxımdan Ilisu kənd məktəbinin müəllimi Osman Abdullayevin mə’lumatı diqqətəlayiqdir. Onun ulu nənələrindən biri vaxtikən cəhrə və nehrə ilə əlaqədar müəyyən havalar oxuyarmış:
Süd gəl, yağ olsun
Yağ olsun, bal olsun.
Bu nehrəni çalxayan
Görüm, üzün ağ olsun.
Uşaqlar arasında yayılmış bə’zi oyunlar da, məsələn, qursana fırlatma nəğmələrlə (və ya) ritmik şe’rlərlə bağlı olmuşdur ki, onları not işarələri ilə yazıya almaq olar. Qursana ucu iti yonulmuş ağac parçasıdır. Onu daha uzun müddət fırlada bilən uşaq oyunun qalibi hesab olunur. Oyun əsnasında qursanaya tə’sir göstərmək məqsədilə ritmik sözləri təkrar edirdilər.
A qursana, qursana,
Çox fırlandın, yatsana.
və ya
A qursana, qursana,
Ləngər vurma, yatsana.
Qursana öz oxu ətrafında yaxşı və iti fırlandıqda, hərəkətsiz və yatmış kimi görünərmiş. Ləngər vuran qursana isə tezliklə dayanarmış.
Qaxda icra edilmiş ovsunların əksəriyyəti nəğmə ilə bağlı olduğu üçün diqqətlə araşdırılmalıdır. Məsələn, qurdağzı bağlamaq, pir deşmə, köpağac (yerməşov) vasitəsilə heyvanın köpünün yatırılması ayin-nəğmələri ilə müşayiət olunarmış. Uşaqların səpkisini (zinzilə) müalicə etmək məqsədilə də ovsun səjiyyəli ayin keçirilərdi. 7 qız əlində uşaq olan ananı dövrəyə alıb mahnı oxuyarlarmış:
Zinzilə, zinzilə
Zinzilə narda olar.
Zinzilə dağda olar, daşda olar.
Viranə bağlarda olar
Yıxıq dəyirmanda olar.
Vaxtikən Qax folklorunun inkişafında «oturmax» adlanan yığıncaqların da az əhəmiyyəti olmamışdır. Qadınlar, qız-gəlinlər uzun qış gecələrində yeknəsək və bezikdirici işləri görmək üçün bir evə toplaşar, yun darayanda, ip əyirəndə, corab toxuyanda başlarını qatmaq üçün nağıl və rəvayətlər danışar, söhbətlər edər, bayatı deyib nəğmə oxuyardılar. Təbii ki, mahnı ən’ənələrinin yaşadılmasında və mə’nəvi ehtiyacın ödənilməsində və həmin «oturmax»ların mühüm rolu olmuşdur. «Gəl bura, mahnı deyək», «Mahnı yaraşır», «Ay çinə dağlar», «Ceyranım» mahnısı buna misal ola bilər.
Misal ¹9.
Misal ¹10.
Ümumi ahəngi qulağımıza yad olmayan «Ceyranım» mahnısı əslində xanəndələrin oxuduğu məşhur bir el havasının ilkin variantıdır - «Əzizim keçmə məndən» (1.70.). Bu yaxınlıq cavab cümlələrin melodik məzmunundan, eləcə də, şe’rlə musiqinin uzlaşma qaydasından bəllidir. Eyni zamanda, «Ceyranım» məqam baxımından həmcinsdirsə («Şur»), xanəndə versiyasında məqam dəyişkənliyi özünü göstərir («Segah» və «Şur»).
Ayna xalanın və eləcə də bütün yaşıdlarının gəncliyi ağır müharibə illərinə təsadüf etmişdi. Kəndin əli silah tutan bütün kişiləri ordu sıralarına çağırıldığı üçün qız-gəlinlər çox ağır zəhmətə qatlaşmalı olurdular. Qız uşaqları həm çöl işlərində işləyir, həm də qoyuna gedirdilər. Qoyunu sağıb südündən pendir qayırırdılar, quzuları bəsləyirdilər. Vaxtı gələndə gündə 100 başa qədər qoyunu qırxırdılar. Müharibə illərində yerli mahnılar xalqın dərdinə şərik çıxaraq, onların ürəyini ovundururdu. Bu barədə A.Əzizovanın söhbətləri çox maraqlıdır.
«Biz ta 50-ci illərə qədər Ilisudan 38 km aralıda Alazan çayına yaxın olan Ağyazı çöllərində xışla yer şumlamış, əkin əkmişik, biçin biçmişik, xırmanda öküzlərlə taxıl döymüşük. Üç aydan bir evə gəlirdik. Biçin biçəndə qızlarla özümüz üçün mahnı oxuyurduq. «Ceyranım» kimi mahnılar hələ çoxdur. Oxuyurduq, oxuyurduq, sonra da oturub ağlayardıq. Çünki günümüz xoş keçmirdi, əynimizdə əlvan paltar yox, qarnımızda yaxşı yemək yox, lampa yox, işıq yox. Işdən gəlib qaranlıqda hərəmiz bir parça çörək çıxardıb yeyirdik. Bax, bu bizim günümüz idi».
Qaxda aşıq sənəti bə’zi bölgələrdə olduğu qədər inkişaf etməsə də, rayonun əhalisi və ilk növbədə Azərbaycan türkləri arasında bu sənətə səmimi rəğbət bəslənilir. Keçmişdə buraya tez-tez Şəkidən aşıqlar gələrmiş.
Yerli sakinlər arasında Molla Cümənin, Şıx Əmirin (?) aşıq şe’rlərini bilənlərə rast gəlmək olur. Molla Cümə qoşmalarından birində Güllük, Tasmalı, Şotavar, Almalı (Qax), Qımır və Çobankol (Zaqatala) kəndlərinin adını çəkməklə bu yerlərdə özünün və sənətinin rəğbətlə qarşılandığını qeyd etmişdir. Adına rast gəldiyimiz yerli sənətkarlardan aşıq Kazımın yalnız şe’r qoşmaqla tanındığı söylənirsə, Aşıq Mustafa saz çalmağı da bacarmışdır. Ilisu sakini Murtuzəli Müridovun mə’lumatına əsasən bu yerlərdə «Kərəmi», «Təcnis», «Baş Sarıtel», «Misri», «Divani» və b. saz havaları çalınarmış. Saz çalmaq ustadlardan başqa folklor mühitində də yayılmışdı. Məsələn, yaz gələndə Yezili (Yazılı) dağının çəmənliklərində gəzməyə çıxan cavanlar öz oxumalarını tənbur, tütək və ya sazda müşayiət edərdilər.
Ilisuda yaşayan Kərimova Qızyetər bizim üçün namə’lum olan aşıq Şıx Əmirin cığalı qoşmasını söylədi:
Aşıq Şıx Əmirəm, bəs nə gərəkdir,
Yürəgi yuxalı ana gərəkdir.
Mənə yüz yaşamış nənə gərəkdir,
Yaş töküb ağlasın günümə mənim.
Aman, aman oldu gəl,
Halım yaman oldu gəl.
On günə və’də verdin,
Günlər tamam oldu gəl.
Son zamanlar meylini saz çalmağa salmış iste’dadlı çalğıçılardan mərhum Vahid Vahidzadəni göstərmək olar. Onun ifasında bir sıra aşıq havaları və eləcə də yerli xalq musiqi nümunələri yüksək təcəssümünü tapmışdır. Bu havalardan bə’zilərinin lent yazıları Azərbaycan Radiosunun Fonotekasında saxlanılır və vaxtaşırı efir dalğalarında səsləndirilir.
V.Vahidzadənin repertuarına daxil olan havaların siyahısında aşıq havalarına rast gəlirik (məsələn,«Misri», «Divani» «Qafiyə», «Əvvəl-axır»). «Koroğlu» dastanı ilə bağlı olan havalardan «Dəmirçioğlu» və «Kövsəri» («Eyvazı») nümunələrinin hansı melodiyalara oxunması çox maraqlıdır.
Təqdim olunan repertuar yerli havaların öyrənilməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə də unudulmaqda olan musiqi nümunələrini tapılmasında bu siyahı bir çıxış nöqtəsi ola bilər («Səngəri», «Gəlin köçdü», «Ilisu marşı», «Örpeyi», «Canan yar», «Əlixanı»). Məsələn, burada rast gəlinən havalardan «Avari» («Tala avarusu») və «Şəki avarusu» tütəkçalan Eldar Yusifovun (Ağçay) ifasından lentə yazıldı.
Ümumiyyətlə, Şimal-Qərb bölgəsində aşıq sənətinin daha əski mərhələlərinin yayılması istisna edilmir. Belə ki, tədqiqatçı-alim M.Qasımlı təmburlu aşıqları əslində «axıradək aşıqlaşmamış ozanlar qanadına» daxil edir, hətta onların baxşı olduğunu da fərziyyəi şəklində irəli sürür (6,195). Bu zəmin Qərb zonasına məxsus (Borçalı, Qazax, Tovuz və b.) əsl aşıq tə’sirlərinin asanlıqla qəbul edilməsində bir şərt olmuşdur. Bundan fərqli olaraq muğam sənətinin, xanəndə və sazəndə ifaçılığının yayılması üçün bölgədə dayaq nöqtələri zəif olmuş və ara-sıra nəfəsli alətlərdə çalınan muğam parçaları ən’ənəvi musiqi mühitinin ümumi mənzərəsini dəyişməmişdir.
Azərbayjanın hər yerində olduğu kimi, Qaxda zurnaçılar və digər nəfəsli xalq çalğı ifaçıları yenə də fəaliyyət göstərir, xalqın toy və bayram şənliklərində yaxından iştirak edirlər. Bu sənətin inkişafında şübhəsiz öz zurnaçıları ilə məşhur olan Şəki ilə yaxın qonşuluq əlaqələrinin də böyük əhəmiyyəti olmuşdur. Alətin püxtələşmiş çalğıçıları içərisində ilk növbədə Tasmalı kəndindən olan sənətkar Qurbanın adı çəkilir. O, rəqs havalarının mahir ifaçısı olmuş, həmçinin mərasim folkloru nümunələrini öz repertuarına daxil etmişdi (məsələn, «Yol havası», «Gəldi, ha gəldi» və s.). Hazırda Ağçayda yaşayan, əslən Ilisulu olan tütək və zurna ifaçısı Eldar Yusifov həmin havaları Yadulla Musayev vasitəsilə öyrənib bizə təqdim etmişdir. Mərasim folklorunun nisbətən zəifləməsi şəraitində zurna sənətinin hələ də davam etdirilməsi Qaxın yerli musiqi folklorunun öyrənilməsində bir mənbə rolunu oynayır.
Çobanların fəaliyyəti ilə sıx bağlı olaraq Ilisuda tütək (yerli ləhcədə düttək) və sipsi alətləri də istifadə olunmaqdadır. Keçmiş zamanlarda Tulum zurnanın da mövcud olması söylənilir.
Yeri gəlmişkən sipsi haqqında müəyyən mə’lumat verək. Qaxda (və həmçinin Zaqatalada) yayılmış bu alət üç hissədən ibarətdir: qamışdan qayrılan dilçək, nazik boru hissəsi və səsi gücləndirən buynuz.
Alətin boru şəkilli gövdəsi qamışdan, hal-hazırda isə həmçinin mis metaldan hazırlanır. Ön tərəfdən 7, arxadan isə 1 dəlik açılır. Təxminən 15 sm uzunluqda olur. Sipsi tütəklə müqayisədə bir qədər tünd tembr çalarına malikdir.
Ilisulu Əli dayı (Kərimov Əli Məhəmməd oğlu) adətən sipsidə çaldığı «Nadigülü» adlı nümunədən bir parçanı sözləri ilə zümzümə etdi:
Çöllərin ceyranı, bala, Nadigülü,
Güllərin tərlanı, bala Nadigülü.
Bu kiçik mətn həmin havanın mahnıdan törəməsinə tutarlı bir dəlildir. Eyni sözləri nəfəsli alətlərdə (zurna, tütək) çalınan «Gəldi ha, gəldi», «A dostlar» havalarına da aid etmək olar (onlar unudulmaq üzrədir) Ibrahimxəlil Rəhimov bütün sə’ylərinə baxmayaraq ekspedisiya zamanı bəzi havaları xatırlaya bilmədi və yalnız onlara aid kiçik rəvayətləri söylədi:
1. «Çoban qayada qaldı»
2. «Paxasın qızı»
Ağçayda yaşayan Eldar Yusifov isə «Ovçu qayada qaldı» hekayəsini söylədi. Bu musiqi nümunələri hədəfə alınarsa, ümidvarıq ki, yaxın zamanlarda əldə oluna bilər. Beləliklə, zurna havaları şe’r, mahnı, hekayə ilə sıx bağlı olmaqla, folklorun bütöv bir tam olaraq öyrənilməsini tələb edir və bu mə’nada ip uju verir. Aşağıda musiqili hekayələr təqdim olunur:
Çoban qayada qaldı. Çoban qoyun sürülərini dağlarda otaranda möhkəm yağış yağmağa başlayır. Çoban sürünün dalınca irəliləyir və gəlib qayaya çıxır. O, sıldırım qayadan keçə bilmədiyi üçün yaxınlıqdakı binədə olan kəndliləri haraya çağırır. Onlar da köməyə yetişib dar bir yol ilə çobanı qayadan keçirə bilirlər.
Qayıdandan sonra çoban başına gələn bu əhvalatı öz tütəyinin vasitəsilə dilə gətirir. Sonradan bu hava bütün çobanlar arasında yayılır.
Təəssüf ki, bu hekayəti söyləmiş tütək çalan Ibrahimxəlil Rüstəmov onun havasını həmin gün xatırlaya bilmədi.
Paxasın qızı. Ilisu kəndinin aşağı məhəlləsində Ulu məscid vardır. Bu məscidi tikəndə çox ağır tirləri qaldırıb, divarın üstünə qoymaq lazım gəlir. Heç kəsin də həmin tirlərə gücü çatmır. Fikirləşirlər ki, bunu nə təhər eləyək, nə təhər qoyaq.
Kənddə yaşayan Paxas adlı varlı bir bəyin çox gözəl bir qızı olur. Deyirlər ki, həmin qızı gətirsinlər, durub kənardan baxsın. Cavan oğlanlar nəhayət onun eşqinə o tirləri qaldıra bilsinlər.
Elə də olur. Qızı Ulu məscidin yaxınlığına gətirirlər. Bunu biləndə işçilər tirləri götürüb məscidin divarları üstünə qaldıra bilirlər. «Paxasın qızı» adlı hava elə həmin münasibətlə meydana gəlmişdir.
Ovçu qayada qaldı. Bu musiqili hekayənin adı birinciyə yaxın olsa da, məzmunu tamamilə ondan fərqlənir. Müvafiq olaraq havasının da başqa olduğunu düşünmək olar.
Yoxsul bir ovçu varlı bəyin qızını sevir. Bəy qızını oğlana vermək istəmədiyi üçün onun qarşısında mümkün olmayan bir şərt qoyur: ovçu ən uca və sıldırım qayaya qalxıb orada bir ceyran vurmalıdır.
Ovçu qayanın üstünə çıxıb ceyranı ovlayırsa da, heç cür geriyə dönə bilmir. Sevgilisi ona baxanda, ovçu sanki qanadlanıb aşağıya enir. Qız bunun sirrini soruşanda oğlanın ürəyi partlayır. Qız da özünü öldürür.
***
Ilisunun xalq musiqi həyatını, tətbiqi əhəmiyyətli mərasim və mövsüm folklorunu və digər sahələrə işıqlandırdıqdan sonra musiqi üslubunun ən mühüm cəhətlərinə ümumi nəzər salaq.
Bütövlükdə respublikamızın Şimal-Qərq regionunun xalq musiqi üslubu indiyə qədər xüsusi şəkildə araşdırılmamış, bunun üçün gərək olan tədqiqat üsulları da hələlik işlənməmişdir. Buna görə də bölgənin lokal yerlərinə, məsələn, Ilisuya məxsus folklorun zərif üslub çalarları barədə qəti mühakimə yürütmək bu mərhələdə doğru olmazdı. Sadəcə olaraq, toplanılmış materiallar üzərində aparılmış müşahidələr bə’zi qənaətlərə gəlməyə imkan verir.
Araşdırılan bölgədə məhəlli musiqi-folklor üslubunu incələməkdən qabaq onun iki başlıca cəhətinə – lad-intonasion və ritm-ölçü xüsusiyyətlərinə diqqət yetirək.
Bütün regionda olduğu kimi, Ilisu və onun yaxınlığındakı Ağçay və Sarıbaş kəndlərində Şur məqamı daha geniş yayılmışdır. Eyni zamanda bir sıra hallarda qeyri-adi intonasiya dönümləri belə bir məqam tə’yininin şərti olduğunu göstərir. Belə ki, Şur mayəsi və əsas tonu bə’zən natural minorun müfatiq olaraq tonikası (I) və VII pərdəsi kimi tə’sir bağışlayır, hətta müvafiq modal-harmonik dönümü ehtiva edə bilir.
Misal ¹ 11.
Digər nümunələrdə Rast, Segah, nadir hallarda isə Şüştər məqamı da qeyd olunur.
Təhlil etdiyimiz nümunələr xanə ölçüləri e’tibari ilə ümumazərbaycan musiqi üslubundan bir o qədər də fərqlənmir (2/4, 3/4, 4/4, 3/8, 6/8 və b.). Lakin şe’rlə avazın ritmik münasibətlərində müəyyən fərqləri də görmək olar. Belə ki, melodik məzmunu Şüştər məqamına əsaslanan «Gəl bura mahnı deyək» (Bax: Misal ¹9) məhz ritmik quruluşu sayəsində özünəməxsus tərzdə səslənir. «Ceyranım» mahnısında da ölçünün (6/8 ) xalq musiqisi üçün tipik olmasına baxmayaraq, misraya uyğun ritmik formul digər bölgələrin (Qarabağ, Lənkəran, Şirvan) musiqi üslubundan fərqlənir.
Bundan başqa olduqca maraqlı və nadir ölçülərə rast gəlinmişdir ki, nümunələri hələlik çox az sayda bəlli olduğundan əsl mahiyyəti və mənşəyi burada təhlilə uğradılmamışdır. Lakin bu nadir nümunələrin formul tipli modal ritmika ilə əlaqəsi heç bir şübhə doğurmur.
Məsələn, «Layla»da modal ritmikanın iki maraqlı təzahürünü qeyd etmək olar. Başlanğıc ibarənin 4/4 və 5/4 ölçülərindən təşkil olunmasına Zaqatala (Tala) folklorunda da təsadüf olunmuşdur. Hər iki halda növbəti xanə bir vahid dəyərində (çərək not) böyümüşdür.
Misal ¹ 12.
Eyni «Layla»nın başqa xanələrində isə başlanğıc ölçü (4/4) əksinə, bir vahid (çərək) əksilməklə 7/8 ölçüsünə çevrilir və onun daxilində axsaq ritm xüsusiyyəəti özünü göstərir 2/8, 2/8, 3/8. Musiqi üslubunun çox tə’sirli amili sayılan axsaq ölçüləri türkoloji baxımdan öyrənməyə ehtiyac vardır. Istər-istəməz böyük bəstəkarımız Cövdət Hacıyevlə söhbətlərimiz yada düşür. Unudulmaz sənətkar konkret nümunəni göstərməsə də, Şəki ekspedisiyasında yeddi çərəkli ölçüsü olan bir el havasına təsadüf olunduğunu qeyd etmişdir.
Ilisuda Yunus baba kimi çox böyük ehtiramla anılan Yunus Əmrənin şe’rlərinə oxunan ilahilər də eyni ritmik üsluba malikdir. Çobankol (Zaqatala) və Ilisuda (Qax) böyük mütəsəvvüf şairin məşhur bir şe’ri eyni bir vəzn sistemində (axsaq) oxunur. Ilisu sakini Nəzirə Abdullayeva bu ilahini Türkiyədən gəlmiş bir din xadimindən öyrəndiyini söylədi. Lakin bu, yenicə mənimsənilmiş üslubmudur, yoxsa qan yaddaşının təzələnməsi? Sualı hələlik cavabsız qoyuruq.
Misal ¹ 13.
Aydın məsələdir ki, musiqi üslubu, lad və ritm intonasiyalarının qısaca şərhi ilə tam şəkildə açıqlana bilməz. Bunun üçün gələcəkdə musiqi dilinin bütün elementləri, eləcə də, musiqidən kənar amillər (ləhcə, şe’r mətni, mərasim, rəqs və s.) də mütləq nəzərə alınmalıdır.
Məhəlli musiqi üslubunun şərhi folklor yaradıcılığının ən ümdə şərtlərindən biri olan variantlıq prinsipinin fəaliyyətindən ayrı şəkildə təsəvvür oluna bilməz. Qaxın musiqi folklorunda variantlaşma özünün zəngin şəkilləri ilə seçilir və heç də digər bölgələrdə olduğu kimi melodik bəzək və xırdalıqlarla məhdudlaşmır. Variantlıq havaların həm başqa bölgə nümunələri ilə müqayisəsində, həm də yerli, məhəlli folklor daxilində özünü göstərə bilir. Eyni bir ifaçı eyni bir mahnını ayrı-ayrı hallarda müxtəlif şəkildə oxuya bilər. Bə’zən eyni bir mahnının müxtəlif bəndləri də bir-birindən kifayət qədər seçilir.
Yuxarıda «Ceyranım» və «Əzizim keçmə məndən» mahnılarının oxşar və fərqli cəhətləri ötəri qeyd olunmuşdu. «Ceyranım» mahnısının Ilisu və Zaqatala (saxur dilində olan) variantları bir-birinə daha yaxın olsalar da, onların başlanğıcı fərqlidir. Variantlıq təkcə Ilisu nümunəsinin müxtəlif kupletləri arasında da mövcuddur və bayatı misralarına əlavə olunmuş «Ceyranım» sözlərinin yerdəyişməsi ilə müəyyən olunur.
Ekspedisiya zamanı müəyyən olundu ki, Qaxın ən’ənəvi folkloru tədricən aradan çıxaraq alt qatlara çəkilir və müxtəlif mövcudluq formalarında çıxış edir (nəğmələrin instrumental versiyaları və ya ayrıca mətnləri, musiqili hekayələr, hafizələrdə və lentlərdə yaşayan nümunələr və s.) Sahə araşdırmaları aparmaq hələlik üç məntəqədə müyəssər olsa da (Ilisu, Ağçay və Qax) digər kəndlərdə də buna bənzər vəziyyətin olduğunu təxmin etmək olar. Lakin belə bir şərait, Qax musiqi folklorunun toplanılıb araşdırılması işinin əhəmiyyətini şübhə altına almamalıdır. Əksinə, həmin istiqamətlərdə tə’xəirəsalınmaz vəzifələri yerinə yetirmək lazımdır. Ekspedisiya xalq musiqi nümunələrinin necə və harada tapılması yollarını göstərən təcrübi iş kimi sonrakı axtarışlara da istiqamət verə bilər. Qax, eləcə də, Zaqatala, Şəki, Balakən rayonlarında daha əvvəllər keçirilmiş ekspedisiyalar da tədqiqatı çox gərəkli komparativ (müqayisədən ötrü) materialla tə’min edir.
Toplama işinin davam etdirilməsi zərurəti ilə yanaşı artıq gələcək tədqiqatın başlıca istiqamətləri də görünməyə başlayır. Bu baxımdan çoxcəhətli təzahür formalarına malik olan variantlıq hadisəsi, yerli folklor musiqisinin ümumazərbaycan və məhəlli üslub keyfiyyətləri böyük maraq oyadır.
ƏDƏBIYYAT
1. Azərbaycan xalq mahnıları (Not yazısı S.Rüstəmovundur), Bakı, 1967.
2. Azərbaycan xalq mahnıları (Not yazısı və fortepiano ilə oxumaq üçün işləyəni Soltan Hajıbəyovdur).
3. Ü.Hacıbəyov. Azərbaycanda musiqi tərəqqisi. Əsərləri, II cild, Bakı, 1965, s.239-250.
4. T.Kerimova. Women’s love and life. Female folklore from Azerbaijan. PAN 2028 CD. Netherlands.
5. A.Abduləliyev. Xalq musiqisində Toğay Məlik və Tonqay Məlik obrazları. «Qobustan», 1991, ¹1. S.3-7.
6. M.Qasımlı. Aşıq sənəti. Bakı, 1996.
7. A.Nəbiyev. El nəğmələri, xalq oyunları. Bakı, 1988.
8. Letifova G. M. Severo-Zapadnıy Azerbaydcan: Ilisuyskoe sultanstvo. Baku, 1999. R.Tahirzadə., C.Qurbanov. Azərbayjan milli oyunları və onların mədəniyyətimizin tarixində yeri, Bakı, 1997.
MUSIQI MISALLARININ SIYAHISI
Misal 1. Sizə diləyə gəlmişəm, Ayna Əzizova, 1931, Qax, Ilisu k.
Misal 2. Gəldi, ha gəldi. Ayna Əzizova.
Misal 2a. Gəldi, ha gəldi. (tütək), Yusifov Eldar, 1957, Qax, Ağçay k.
Misal 3. A gülüm sabahdır. Qax, Sarıbaş k. («Female folklore from Azerbaijan». Müəllif – T.Kerimova.
Misal 4. Tunqay Məlik. Ayna Əzizova
Misal 5. Ay Zəri.«Female folklore from Azerbaijan».
Misal 6. Çömçə xatun. Ayna Əzizova.
Misal 7. Qodu-qodu. Ayna Əzizova.
Misal 8. Bənövşə. Məhəmməd Sofiyev. 1934, Qax, Ağçay k.
Misal 9. Gəl bura mahnı deyək. Səlahəddin Abdul-layev. 1934, Ilisu k.
Misal 10. Ceyranım. Ayna Əzizova.
Misal 11. Layla. Ayna Əzizova.
Misal 12. Ay çinə dağlar. Məhəmməd Sofiyev. 1934, Ağçay k.
Misal 13. Ilahi. Nəzirə Abdullayeva, 1934. Tavla Tala, Ilisu.
p align>
|