ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
 

       Anamın anası, atam atası,
       Babamın babası Göyçədi mənim.
       Vətənim, diyarım, doğma yurd-yuvam,
       Elimin yuvası Göyçədi mənim.

       Gözümün işığı, üzümün nuru,
       Dizimin taqəti, qolumun zoru.
       Ürəyimin atəşi, sinəmin qoru,
       Ciyərim havası Göyçədi mənim.

       Ayrılmır fikirdən, çıxmır yuxudan,
       Ordayam, ordayam hər zaman, hər an.
       Mən Zəki Islamam, ey haqqı divan
       Dərdimin davası Göyçədi mənim.

       Babacan aşıqları

       Babacanlılarının söylədiklərinə görə, onların kəndi daha əski, daha uzun tarix yolu keçmiş Şişqayadan gəlmədir və Şişqayanın tarixi də Sarıyaqubla – Minskin Abdalın kəndi ilə bir ölçülür. Babacanlı aşıqların sayı da heç zaman, lap elə XX yüzillikdə az olmayıb. Onlar arasında ən sayılmalısı, deyilənlərə görə, Aşıq Oruc imiş ki, 1919-cu ildə ermənilərin Göyçə kəndlərində törətdiyi qanlı qırğınlarda həlak olub. Yaşı da 50-yə yaxın imiş. Aşıq Oruc ailədə böyük qardaş imiş, ondan sonrakılar, Aşıq Əli və Aşıq Kərəm, əmisi oğlanları Aşıq Vəli də dolğun sənətkarıymışlar. Babacan aşıqlarının ustadının kimliyi haqqında bilgilər qarşılaşır. Aşıq Xanbutanın söylədiyinə görə, onların ustadı Şişqayalı Aşıq Zaman imiş. Lakin bu bilgə ancaq bir aşığın özəl fikridir. Babacanlı Aşıq Şükürün verdiyi bilgiyə görə, Şişqayalı Aşıq Zaman 1919-cu ildə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb.
       Digər tərəfdən, Babacan aşıqlarından Orucun, Kərəmin, Əlinin doğmaca qardaş, Vəlinin əmisi oğlu olduğunu aydınlaşdırsaq da, bəzilərinin dediyinə görə, onlar hamılıqla Cilli Aşıq Qasıma qulluq etmişlər. Belə bilgi ilə razılaşmaq çətindir, çünki istər Aşıq Qasımla, istərsə də qardaşı Qara Mehdi (1870-ə yaxın – 1943) ilə adı çəkilənlərin yaş fərqi, aşıq ustad – şagirdliyi baxımından, olduqca azdır.
       Nəhayət, yuxarıda haqqında söhbət açdığımız Zərzibilli Aşıq Əlinin verdiyi bilgi daha inandırıcıdır. Onun söylədiyinə görə, Aşıq Oruc, Aşıq Əli və digər qohumlarının ustadı vaxtı ilə Böyük Ustad Aşıq Ələsgərdən sonra ən çox şagird yetişdirmiş və Aşıq Alının Ələsgərdən sonra ən sayımlı şagirdi Qızılvəngli Aşıq Quludur.
       Babacan kəndinin aşıqları haqqında 1983-1985-1987-ci illərdə əldə olunan bilgilər aşağıdakılardır –
       1. Aşıq Oruc, bayaq deyiyimiz kimi, 1919-cu ildə, qaçqınlıq dövründə, 50-yə yaxın yaşında dünyasını dəyişib.
       2. Aşıq Əli, sonrakı qardaşı, 1939-cu ildə, dünyadan köçüb. Deyilənə görə, 1870-lə 1880-ci il arasında anadan olub. Zərzibilli Aşıq Əli Aşıq Quluya qulluq edənlər arasında Qanlılı Mehdi ilə yanaşı, ilk sayda onun adını çəkir.
       3.Aşıq Kərəm 1963-cü ildə 80-ə yaxın yaxud da bir qədər artıq yaşında dünyadan köçüb. Çox gözəl saz-söz bilicisi, havacatda isə öncül imiş. II dünya savaşından sonra, səsi zəiflədiyindən, balabançı kimi çıxış edirmiş. Aşıq Qədir və qardaşı Əlinin oğlu Aşıq Xanbutanın, əmisi oğlu Aşıq Vəlinin ustadı olub.
       4. Aşıq Vəli 1919-cu ildə, qaçqınlıq zamanı, Gədəbəyin Inəkboğan kəndinə köçübmüş və Gədəbəy aşıqları ilə yoldaşlıq edirmiş. 1958-ci ildə dünyadan köçərkən, 70 yaşı varmış.
       5. Aşıq Qədir Vəliyev həm gözəl yaddaşlı, həm də güclü savadı olduğundan, Göyçədən çox-çox uzaqlarda tanınırmış. Özünün söz deməyi də varıymış. Özündən sonra qoyub getdiyi sanballı yazılı yatır oğlanlarındadır. 1986-cı ildə dünyasını dəyişərkən, yaşı 70-i keçibmiş. Bizdə olan bilgiyə görə, şagird yetişdirməyib.
       6. Aşıq Məmmədəli Aşıq Kərəmin bacısı oğlu imiş və 1905-ci ildə dünyaya gəlibmiş. 1940-cı illərdə Qarayazıya köçüb və 1984-cu ildə orada dünyasını dəyişib. Onun oğlu Sadıqov Bilal hazırda tanınmış saz-söz sənətkarıdır. Şagirdi Aşıq Şükür söyləyirdi ki, ustadı Aşıq Məmmədəli yaxşı şer qoşur, qara nağılları sazlı-sözlü hekayətə çevirirdi.
       7. Aşıq Valeh (Xıdırov) (1926-1995) öncəkinin kiçik qardaşı idi və sənəti sonralar həm qardaşı, həm də Aşıq Şükürdən öyrənibmiş. 1950-ci illərdə Tovuzda, Xınna dərəsində yaşayırmış.
       8. Aşıq Şükür (1909-1995), öz sözlərinə görə, uzun zaman qoyun-quzu otarırmış və ilk dəfə əlinə sazı 1929-cu ildə alıb, 3 il Aşıq Məmmədəliyə qulluq edib. Çox geniş coğrafi çevrədə çıxış edirmiş: Borçalıdan və Dağıstandan tutmuş Qazacıstanın və Qırğızstanın ən ucqar kəndlərinədək.
       Aşıq Şükür xatırlayırdı ki, 1933-cu ildən öncədən Basarkeçərdə, sonra isə Böyük Vedidə aşıq olimpiadaları keçirilirdi, çünki azərbaycanlıların sayı ermənilərdən çox idi. 1948-ci ildən türkdilliləri öz doğma yerlərindən açıq-aydın qovmağa başlayanda, olimpiadalarda onun özünü də neçə dəfə lentə yazsalar da, öz səsini heç zaman efirdən eşitməyib. Burada vurğulamaq istərdim ki, mən onunla 1985-ci ildə tanış olanda, səsi yatmışdı, lakin buna baxmayaraq, çalıb-oxumağını və danışığını lentə yazıb, surətini Dövlət səslər arxivinə verdim.
       9.Aşıq Mikayıl (1940-1997) çox gözəl səsli, şıdığı çalğılı, çox bilikli, sanballı sənətkarıyırdı. Şairliyi də vardı. Mən onunla ilk dəfə 1978-ci ildə Babacanda görüşdüm, «Mehdi bəylə Vəli xanın əhvalatı» hekayəti və öz sözlərinə oxuduğu bir neçə havanı dentə yazdım. Daha sonralar, 1985-ci və 1987-ci ildə yenə Babacanda, 1987-ci il dekabrının ilk günlərində isə Bakıda onunla şəxsən görüşdüm. Demə, bu son görüşümüz imiş, lakin olduqca unudulmaz görüş.
       1987-ci il dekabrın 1-də Bakıda, filarmoniyanın səhnəsində Qərbi Azərbaycan saz-söz sənətkarları və el şairlərinin yaradıcılıq görüş gecəsi keçirilirdi. Hamımız üçün yaddaqalan bu toplantıya Islam Ələsgər, Aşıq Haqverdi (Böyük Ustadın nəvələri, Aşıq Talıbın oğulları), Qaraqoyunlu Aşıq Cahad, Daşkəndli Aşıq Hacı, Ağbabalı Aşıq Iskəndər kimi sənət azmanları, şairlərdən Ismixan, Zəki Islam və Eldar Ismayıl buyurmüşdülar. Sonuncu toplantının aparıcısı seçilmişdi, və o sözü Babacanlı Aşıq Mikayıla verəndə, Mikayıl bir an səhnədəki mikrofon qarşısında duruxdu. Lakin tez özünü yığışdırıb belə bir söz işlətdi ki, «ay camaat, mikrofonun qarşısında qoca, 100 yaşlı nənəm də oxuyar!»
       Hamı biri-birinə dəydi, gülüş səsləri eşidildi və bunu qaravəlli kimi yozduq. Eldar Ismayıl Aşıq Mikayıla təpindi ki, «Mikayıl, bura bayağılıq yeri deyil!» Lakin Babacanlı Aşıq Mikayıl səhnənin sol küncünə çəkilib Osmanlı divanısı başladı, nə başladı. Səsi ilə bütün filarmoniyanı doldurub, oranın ab-havasını titrədəndə heç kimin daha cınqırı çıxmırdı. Hətta filarmoniyanın arxa qapılarının şüşələrini belə Göyçəli aşığın səsi əsdirirdi. Və hamının beynindən istər-istəməz, çoxlarının sifətini görmədiyi və tanımadığı, lakin adını eşitdiyi «Aşıq Əsəd əfsanəsinin» işartıları keçdi. Sonralar Aşıq Cahadla yaxın tanışlıqda «o mənə bildirdi ki», gör ki, əgər Mikayıl belə oxuyurdusa, Əsədin qabağında kim davam gətirərdi?!»
       Mən Mikayılla belə razılaşdım ki, Dövlət səslər arxivində görüşək və onun çıxışını lentə yazaq, çünki o zamankı televiziya və radio rəhbərliyinin nə sənət duyumu varıydı, nə də mənəviyyatı. Ancaq kommunist partiyasının göstərişlərini yerinə yetirirdilər.
       Lakin səhərisi gün Dövlət səslər arxivinin qarşısında mən ancaq Ağbabalı Aşıq Iskəndəri və Qaraqoyunlu Aşıq Cahadı gördüm. Mikayılı gecəykən bəzi göyçəlilər (adlarını çəkmək istəmirəm! – A.O.K.) tovlayıb aparmışdılar. Daha sonra, 1988-ci ildə bütün Ermənistan adlanan Qərbi Azərbaycandan bütün yerli xalq, - silahsız, əliyalın – türk xalqı qovulanda, Aşıq Mikayıl Tovuzun Kirzan kəndində yurd saldı. Və biz bir daha görüşə bilmədik….
       Yuxarıda adları sadalananlardan savayı, Babacan-aşıqları arasında Aşıq Taharın adı çəkilir. Aldığım bilgiyə görə, o 1937-ci ildə kənd soveti sədrinin çuğulluq ərizəsi ilə güllələnmişdir. Yaşı 70-i keçibmiş. Deyilənə görə, Aşıq Tahar əyilməz iradəli, sözü uzə deyənlərdən imiş. Onun qardaşı oğlu Aşıq Talıb isə 1941-ci ildə, 50 yaşında cəbhəyə gedib və qayıtmayıb.
       Aşıq Taharın kimə qulluq etdiyi tam bilinmir. Deyilənə görə, onun ustadı Şişqayalı Aşıq Zaman imiş.


       Ardanış işıqları
       Söyləyirlər ki, Ardanışda Aşıq Niftalıdan öncə peşəkər saz-söz sənətkarı yox imiş. Lakin bütün toylar və toplantılar saz-sözlə başlayıb, saz-sözlə bitdiyindən, Göyçə aşıq sənətinin azmanlarının yolu bu kəndə tez-tez düşərmiş. Böyük məclis üçün Ağkilsəyə, Böyük Ustadın qapısına atlı göndərərmişlər, o da tapşırarmış ki, ay filan aşıq, get Ardanış camaatını özü Qazağa gedərkən yolunu Ardanışdan salıb, orada gecələyərmiş.
       Aşıq Niftalı çox boylu-buxunlu, şəxsiyyətli, necə deyərlər, şirin aşıq imiş. Gözəl səsi, yetkin çalğısı var imiş. Yaxşı ustad tərbiyəsi və ustad şilləsi görməklə yanaşı, yaxşı da savadı və gözəl xətti varıydı. Onun ustadı, Aşıq Alının qohumu və yetirməsi, hekayətimizin Aşıq Alının şagirdləri bölməsində adı çəkilən Qızılvəngli Quluydu. Aşıq Qulu onu 4 il evində saxlayıb sənət öyrətsə də, ölənədək Niftalı onun yanına gedərmiş. Və ustadından öyrəndiklərini qələmə alıb saxlayarmış. Yəni, yazılı yatırı, - arxivi varıymış. Ona şagirdlik etmiş, özündən çox-çox kiçik xalası oğlu Aşıq Kərim sonralar belə bir olay söyləyirdi.
       Niftalı deyirdi ki, «bir gün kəndə aşıqlar gəldi. Mən də dədəmnən məclisə getdim. Dədəm dedi aşıqlara ki, «Qurbanın nağılını danışın». Mən də həmin nağılı ustadım Aşıq Quludan yazıb götürmüşəm (bundakı iradəyə, dözümə bax ey! – A.O.K.). Istəyirəm yoxluyam bunların metodunu (yəni ifa yolunu, ifa səpgisi, dəsti-xəttini!)».
       Aşıqlardan biri yekəydi, biri isə xırda. Yekə aşığın danışdığı mənim Quludan yazdığım kimiydi, amma xırda aşığın oxuduğu heç yazdığımnan düz gəlmirdi. Sözün qısası, öz-özümə hirsləndim ki, ya nağılı səhv yazmışam, ya da ustad mənə səhv yazdırıb.
       Məclis dağılanda qaldıq dədəmnən mən və aşıqlar. Dədəm dedi: «Ay aşıq, mənim oğlum sənəti təzə öyrənir. Qurbanın nağılında danışdığın və oxuduğun sözlər bu oğlumda var. Amma sənin yoldaşının, - o xırda aşığın danışıb oxuduğu yerli – dibli yoxdur». Burda xırda aşıq deyir: «Ay qardaş, sən düzgün öyrənibsən nağılı. Mən Qurbanın nağılında sözləri, yeri gəldikcə, özümdən düzəldirəm». Onun sinədəftərliyinə lap məəttəl qaldıq. Sən demə, yekə aşıq Musa imiş, xırdası isə Növrəs Iman. Ikisi də Aşıq Ələsgər tayfasından».
       Niftalı Kərbəlayı Ismayıl oğlu Süleymanov 1913-cü ildə Ardanışda dünyaya göz açıbmış. Ustad şilləsi yeyəndən sonra həm təklikdə, həm də arasıra qonşu kəndlərin sənətkarlarıyla, - ən çoxu isə Cilli Aşıq Yunusla məclis keçirərmiş. Artıq 1930-cu illərdə o dərəcədə tanınmışdı ki, özunə iki Kərim adlı şagird götürmüşdü. Onlardan biri yaxşı ifaçı idi, digəri isə sinədəftər söz deyirdi. Hər ikisi də 1925-ci ildə anadan olmuşdu. Sinədəftən Kərimin atası isə el hairi Mahmud idi ki, 1953-cü ildə 80-ə yaxın yaşında dünyasını dəyişmişdi. 1941-ci ildə II dünya savaşı başlayanda. Aşıq Niftalını cəbhəyə apardılar, daha sonra, - 1943-cü ildə hər iki Kərimi. Onlar bir ordu hissəsinə düşdülər, lakin sinədəftər Kərim komandirlərlə yola getmədiyindən, onu «ştrafnoy», yəni cərimə batalyonuna göndərirlər. Orada da həlak olur. Aşıq Niftalı isə 1944-cü ildə boğazından yaralanaraq qayıdır. 1945-ci ildə ifaçı Kərim də kəndə gəlib çıxır, 1950-ci ildə isə həmin Kərim Niftalıdan «yağlı» bir ustad şilləsi yeyir.
       Aşıq Niftalı, çox yetkin sənətkar olduğuna baxmayaraq, söz demirdi. 1996-ci ildə onun şagirdi, ermənilərin zorla Göyçədən qovduğu, 1988-ci ildən Bakının M. Rəsulzadə qəsəbəsində yaşayan və 2000-ci ildə dünyasını dəyişən Aşıq Kərim mənə belə bir olay söylədi:
        «Mən şagirdliyi təzə başlayanda, - 1939 yaxud 1940-ci il olardı, - Borçalıda, Qaratəhlədəyik. Toyda Aşıq Niftalı Qurbanını danışır, hərdənbir də məni qaldırıb oxudurdu. Kərim sinədəftər də orada idi.
       Məclisin qızğın yerində içəri bir adam girdi, amma yadımda deyil, deyəsəm adı Şair Novruz idi. Dedi: «Aşıq, nədir o yandan, bu yandan danışırsınız?! Aşıqsansa, özündən de!».
       Aşıq Niftalının sinəsi dolu olsa da, şairliyi yoxuydu. Məclisdəki ağsaqqallar dedilər: «Mane olma, qoy nağılı danışsın!». «Həmin şair də iki ayağını dirəyib ki, qoy hərə özünnən desin!».
       Gördüm, ustadım bu şairdən çəkinir. Amma o zamankı şairlərin heç də hamısı sinədəftən deyildi, evdən hazır söznən gələni də varıydı. Bu vaxt Kərim Aşıq Niftalını qapının dalına çağırıb deyir: «A kişi, sən niyə ondan çəkinirsən? Özün çəkil qırağa, məni ver qabağa. Özün də de ki, lap əvvəlcə şəyirdimnən deyiş, hələ görək bir şey qanırsanmı?».
       Aşıq Niftalı gətirib sazı taxtın üstünə qoydu, özü də qəlyan çəkmək adıyla çölə çıxdı. Qayıdanda gördü ki, Kərim Novruzun sözələrinə bəndəbənd cavab verir, Novruz da pərt olub. Ağsaqqallar durub dedilər: «Sən şəyirdiynən bacara bilmirsən, ustadnan neyləyəcəksən? Dur, çölə çıx, bura sənin meydanın deyil». Itələyib çölə saldılar.
       Aşıq Niftalı 1961-ci ildə Bakıda keçirilən Azərbaycan aşıqlarının III qurultayında iştirak edib (Eldar Ismayıl. Oğuz yurdun ovladları. I kitab. Bakı, Təbib, 1999, səh. 290-291) və elə həmin zaman radio fondundu öz yadigar lent yazısını qoyub gedib (31.811. Irəvan cuxuru. 3“. 20«). Və 1976-cı ildə dünyasını dəyişib. Deyilənə görə, ölənədək səsini saxlayıbmış.

       Qaraqoyunlu Aşıq Cahad
       Kimi qan ağlayır, kimi kef çəkir,
       Bilmirəm, bu fələk nə həvəsdədi.
       Sıyırıb qılıncı, alıb əlinə,
       Məqamdı, başımı kəshakəsdədi.

       Tacirəm, mətahım dünyanın qəmi,
       Heç pərgar olmadı işimin cəmi.
       Daima nizamdı könlümün simi,
       Kərəmi kökdədi, Dilqəm üstədi.

       Mən Aşıq Cahadam, dost yorğunuyam,
       Ilqar qədəhinin tam dolğunuyam.
       Elə vurulmuşam, el vurğunuyam,
       Eldən ötrü hey qulağım səsdədi.

       Bəli, eldən ötrü qulağı hər zaman səsdə olan Qaraqoyunlu Aşıq Cahaddır ki, böyük, geniş və yaddaqalan sənət yolu keçib. Aşıq Cahad bizim nəzərimizdə ilk sayda Böyük Ustad Aşıq Ələsgər sənətinin hazırda ən sayımlı və ən dolğun yadigarıdır. Sayımlılığı onun fitri istedadı və şəxsiyyəti ilə ölçülürsə də, dolğunluğa gələndə deməliyəm ki, o yaşamı ən dolğun, ən danılmaz, ən örnək ustadlara, - öncədən, Tovuza könçə belə, 1930-cu illərin sonunadək yay aylarını Göyçədə keçirəm Aşıq Əsədə, daha sonra isə Aşıq Talıb və onun əmisi oğlu Aşıq Nəcəfə can-başla qulluq edib. Buradan da istər-istəməz belə bir deyim ortaya çıxır: «de, ustadın kimdi, - deyim, özün kimsən və, hətta, nəçisən».
       Aşıq Cahad (Nacıyev) 1917-ci ildə Qaraqoyun kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884-1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnmiş. Deyildiyi kimi, havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. Əldə olan bilgiyə görə, o 1947-48-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq Böyük Ustadın oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə, - Aşıq Nəcəflə daha çox.
       Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, lap elə Bakının özündə, tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və ed şairlərinin – Haqverdi Ələsgəroğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar Ismayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum. Məhz onun köməyi ilə Aşıq Cahad və Ağbabalı Aşıq Iskəndər 3 dekabr 1987-ci il tarixdə ilk dəfə səs və çalğılarının studiya lent yazılarını eşidə bildilər.
       Aşıq Cahadın söylədiyinə görə, Kəlbəcərin Gecmək kəndindən Aşıq Bəhmən onun ilk şagirdi olub və sonralar Sarıyaqubdan və Dağıstandan daha bir neçə nəfəri öyrədib. Onun haqqında qısa bilgini elə yuxarıda göstərdiyim unudulmaz tarixdə mənə dediyi qoşması ilə bitirmək istəyirəm:

       Bir sirri-xudadı, bilin, bu dünya,
       Nə tarixi, nə də yaşı bilinməz.
       Bu gün qan ağladan, sabah qan ağlar,
       Bu çərxi-fələyin işi bilinməz.
       Gündüz işıq olur külli-kainat,
       Gecə zimistandı, olur zulumat.
       Yəqin ki, qopacaq bir gün qiyamat,
       Nə bahardı, nə də qışı bilinməz.
       Adam var, hər yerdə öyür özünü,
       Adam var, məclisdə bilmir sözünü.
       Aşıq Cahad deyər sözün düzünü,
       Dar günə düşməmiş işi bilinməz.

       Aşıq Hacı Daşkəndli

       Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq Islamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. Aşıq Hacı çox yetkin, gözəl səsiylə, çalğısı və biliyi, tutumlu dastan və söz yatırı ilə seçilən bir şəxsiyyətdir. Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu iilər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq Islam çox yaxşı söz deyərmiş, - sinədəftər imiş. Islamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.
       Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir.

       Aşıq Hacının şagirdliyi 1951-ci ildə, orduya çağırılanda bitir. 4 il əsgərlikdən sonra 1955-ci il öz doğma vətəni Daşkəndə qayıdaraq aşıqlığa başlayır. Xatırlayır ki, Aşıq Mehdinin, ondan savayı, o zamanlar daha iki şagirdi varıymış. Birincisi, Subasan kəndindən Aşıq Adıgözəl imiş ki, 1965-ci ildə, olsa-olsa 50 yaşında dünyasını dəyişib. Ikincisi isə, Dərələyəzin Sallı kəndindən Aşıq Mirzalıymış (Sallı Aşıq Cəlilin nəvəsi). Hər ikisi ilə yoldaşlıq edib, məclislər keçiribmiş.
       1960-ci illərin başlanğıcında Daşkəndli Aşıq Hacının özü də ustadlığa başlayır. Onun ilk şacirdi, Aşağı Şorcalı Islam (1948-ci ildə anadan olub) 20 il ustada qulluq edəndək sonra dolu bir aşıq kimi tanınıb. Qanlılı Aşıq Qaraş da, Daşkəndli Aşıq Nuriddin də sonralar ondan saz-söz sənətini mənimsəmişlər. Sonuncu hazırda da: «ustadın ətəyini buraxmır».
       Aşıq Hacının Şərqi Azərbaycanda tanınmağı, çox yazıqlar olsun ki, 1980-ci illərin ortalarına düşüb. Həmin dövrdə onun ifasında «Aşıq Alı» dastanının kassetinin xalq arasında geniş yayılması sonucunda adı-sanı yalnız Göyçəylə çevrələnən ustad geniş dinləyici - tamaşası dairəsinin maraq mərkəzində, nəhayət ki, özünə layiq yer tutdu. 1992-cu ildə onun Aşıq Mahmudla Türkiyə səfəri isə, vaxtı ilə Qızılvəngli Aşıq Alının (ustadının ustadı) Türkiyə səfərindən daha uğurla başa çatıb, daha geniş səs-küylə sonuçlandı (1992-ci ilin oktyabrın 24-ü ilə 30-u arası Türkiyənın Konya şəhərində Ümumtürk aşıqlar musabiqəsində Aşıq Mahmud, Aşıq Hacı, Gülarə Azaflı və balabançı Əkbər Həsənov iştirak etmişlər. Hər iki ustad qızıl medallara layiq görülüblər). Və, nəhayət, Daşkəndli Aşıq Hacının ifası radio və televiziyamızın fondunda ən sayımlı sənətkarlarla bir sıradadır.

       Burada ayrıca vurğulamaq istərdim ki, Göyçə ustadlarının özəlliyi olan həddən artıq təvazökarlıq və gurultulu ad-sana soyuqluq Aşıq Hacı simasında özünü daha qabarıq göstərir. Baxmayaraq ki, haqqında söhbət gedən ustadın kökü sazlı-sözlü soydan çıxıb. Əmisi Aşıq Bayram hazırda çıxış eləməcə də, onun oğlanları, - Aşıq Alqayıt və onun kiçik qardaşı Aşıq Seyid artıq tanınmış sənətkarlardır.
       Daşkəndli Aşıq Hacının ifaçılıq sənəti haqqında saatlarla danışmaq olar. Lakin mən bu qısa bilgidən sonra onun qocalıq haqqında şerini, daha sonra isə şagirdi Aşıq Islamın ustada yazdığı şerşəkilli ürək sözlərini oxucunun nəzərinə çatdırmaq istərdim:

       Aşıq Hacı. Indi.

       Qocalığın ovsarından tutmuşam,
       Alıbnan yedəyə çəkirəm indi.
       Yornuğ öküzlərnən, qırıq bir cütnən,
       Ömrün bağçasını əkirəm indi.

       Səhralarım tor görünür gözümə,
       Durammıram, əl vururam dizimə.
       Oğul-uşaq daha baxmır sözümə,
       Ağlayıb göz yaşı tökürəm indi.

       Hacıyam, qocalıqdan giley eylədim,
       Sərgi güddüm, sərçələri teylədim.
       Nə qədər qazandım, axır neylədim,
       Oturub hesabım çəkirəm indi.

       Baş Laysqılı Aşıq Sirac

       Çağdaş saz-söz sənətinin ən parlaq simalarından və ağsaqqallarından biri, - Aşıq Sirac (Abuzər oğlu Həbibullayev) bu günümüzdə də ən yetkin və dolğun, sözün sözün tam yozumunda ustad aşıqlığı, coşqun söz zərgəri səviyyəli şairliyi və ən yüksək bədii zövqlü sazbəndliyi öz sənət azmanlığında birləşdirib yaşatmaqdadır.
       Molla Cumanın doğma kəndi Baş Laysqıda 1930-cu ildə dünyaya göz açan Aşıq Siracın atası Həbibullayev Abuzər (1907-1939) o zamanın ən qabaqcıl maarifçi ziyalılarından olub, Şəkidə müəllimlər seminariyasına başçılıq edibmiş. Özünün söylədiyinə görə, atası kommunist imperiyanın milli ziyalılara qarşı apardığı söyqırımın qurbanı olub.
       Aşıq Sirac 1934-cu ildən Qax rayonunun Qorağan kəndində yaşayan bibisinin tərbiyəsinə keçib, 1955-ci ildə Zaqatalaya köçənədək orada yaşayıb. Yeri gəlmişkən, deməliyəm ki, ilk dəfə saz çamağı da Şorağandan başlayıb.
       1946-cı ildə o Zaqatala baytarçılıq sovxoz-texnikumuna girsə də, məktəbdəki haqsızlıqlara qarşı yazdığı kəskin şerə görə oradan qovulur. 1947-ci ildən isə gənc Sirac Zaqatalada yaşayan Şişqayalı Aşıq Rəhim və Aşıq Əli ilə tanış olub, 1952-ci ildək şagirdlik edir. Həmin illərdə o Şəki-Balakən bölgəsində tez-tez məclis keçirən Babacanlı Aşıq Şükür və Aşıq Bəşir Bayramoğlu ilə yoldaşlıqda bulunur.
       1956-cı və 1957-ci illərdə Aşıq Sirac tələbə və gənclərin respublika festivallarında iki dəfə sayımlı diplom alır, çıxışlarının coğrafiyası Ağbaba və Başkeçiddən Dağıstanın quzey bölgələrinədək genişlənir. 1950-ci illərin II yarısında onun məclis yoldaşı, Molla Cumanın şagirdi Şəkili Aşıq Musa imiş. Nəhayət, 1965-ci ildə ustad aşıq kimi tanınaraq, Gəncədə birdəfəlik yurd salır.
       Azərbaycan aşıqlarının III (1961) və IV (1984) qurultaylarının iştirakçısı olan Aşıq Sirac fitri istedadı ilə yanaşı, misilsiz yaddaşı, dərin bilikləri və yüksək bədii zövqü ilə seçilir. Ifaçı kimi o Azərbaycanın bütün aşıq bölgələrinin havacatını bilir və ifa edir: «Şəki dübeyti», «Alıxanı», «Molla Cuma gəraylısı», «Molla Cuma gözəlləməsi», «Aşıq Cuma dübeyti» kimi havalar hazırda yalnız onun yaddaşında yaşayır. Eyni zamanda o, sazda muğamları böyük yetkinliklə çalır.
       El şairi kimi Aşıq Sirac yaradıcılığında söz örnəklərinə sədaqətlə yaradıcı axtarışlarda yeniçiliyin qırılmaz birliyini əks etdirir. Bütün aşıq şeri quruluşlarında aztapılan sənət inciləri qoşan sənətkar (o cümlədən, müsəlləs, mürəbbə, müsəddəs!) daha çox onların çətin quraşdırmaları (cığalı və cığasız təcnis, qapalı təcnis, nöqtəsiz təcnis, təkrar təcnis, dodaqdəyməz, dildönməz, müstəzad-müsəddəs) çevrəsində çalışır. Aşıq Siracın Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Ələsgər, Molla Cuma və çox-çox digərlərinin təcnislərinə yazdığı nəzirələr də oxşarsızlığı ilə seçilirlər. O həmçinin «Humay xan və Sərgüşə xanım» dastanını yaratmışdır. Bütövlükdə götürsək, Aşıq Sirac şəxsiyyətində Göyçə aşıq ənənələri ilə, korşalmasına baxmayaraq, Molla Cuma ruhunu daşıyan quzeybatı bölgələri saz-söz ənənələrinin çarpazlaşmasından doğan çox özəl və parlaq olay cörünür ki, bu olay onun bitkin savadı, ensiklopedik bilikləri və son dərəcə geniş dünyagörüşü sayəsində gerçəkləşmişdir. Ustad aşıqlardan qalan tükənməz i rslə yanaşı, klassik Şərq ədəbiyyatı və Quran biliciliyi ayrıca vurğulanmalıdır. Cildlədiyi kitablar əsil sənət örnəkləri sayıla bilər.
       Ən nəhayət, Aşıq Sirac Quzey Azərbaycanda ən tanınmış sazbəndlərdən biri və ən öncül sədəf ustasıdır. Onun saz hazırlamağı elmi yaradıcılıq kimi yozulmalıdır-desək, yanılmarıq. Düzəltdiyi sazlar səs çalarlarının zənginliyi, pərdə bağlanışının qeyri-adiliyi və son dərəcə dəqiqliyi ilə seçilir. Sazın çalğı imkanlarını genişləndirməyə çalışan, axtarıb-arayan ustadın öz sazı 22 pərdəlidir və 5 əski kökdən savayı 20-dən artıq saz kökü işlədir ki, onlardan çoxu özünün tapıntısıdır.
       Bir sədəf ustası kimi Aşıq Siracın simasında rəssamlıqla zərgərlik biri-birini tamamlayır.



       Ağbulaqlı Aşıq Məhərrəm (Hacıyev)

       Quzey Azərbaycanın ən yocaman ustad aşıqlarından biri Aşıq Məhərrəm (Məhəmməd oğlu Hacıyev) 22 mart 1913-cü il tarixdə Göyçənin Ağbulaq kəndində (Çəmbərək, - indiki Krasnoselsk rayonu) dünyaya göz açıb. Onun ilk ustadı, öz sözlərinə görə, Ağbulaqlı Şair Kazım imiş. Şair Kazım isə, Aşıq Məhərrəmə söylədiyinə görə, vaxtı ilə Ağkilsəli Aşıq Musa kimi böyük ustaddan ara-sıra dərs alsa da, ilk növbədə özəl fitri yaddaşı sayəsində yetkinliyə çatıbmış. Aşıq Məhərrəmlə 1988-ci il 7 noyabr görüşümüz zamanı ilk ustadı haqqında aşağıdakıları söylədi:
        «Mən 1921-ci ildə Qara Kazımı gördüm. Məni oxutdurub dedi: «Ay bala, səsin xoşuma gəlir. Gəl sənə Qurbanın nağılını yazdırım ki, sinəmdə o dünyaya getməsin. Şair Kazım çox kasıbiydi, Ağbulaq da kartof olan yer. Anamdan gizli 2-3 kisə kartof oğurlayıb onun evinə apardım, yağını, pendirini, şorunu da aparırdım. Sonralar anam biləndə, özü Kazım kişinin payını göndərərdi. Beləliklə, bir neçə dastanı yazıb öyrəndim. Amma Ağbulaqda ən gözəl oxuyan Aşıq Allahyar idi. Qara Kazım mənə dedi ki, Allahyardan əlini üzmə, saz havalarını ondan öyrən. Allahyar və Aşıq Əli (Babayev), daha sonra isə Aşıq Dünyamalıdan saz havalarını da yaxşıca götürdüm.
       Aşıq Məhərrəmin söylədiyinə görə, Ağbulaqlı Şair Kazım 1930-cu ildə dünyasını dəyişibmiş. Göyçənin el ağsaqqalı Mirələkbər ağanın (Mirələkbər Yaqub oğlu Cavadov) (Eldar Ismayıl. Oğuz yurdunun övladları, s. 161) dediyinə görə isə, Aşıq Allahyar da1952-ci ildə dünyadan köçüb və o zaman yaşı 80-dən azça artıq olarmış.
       II dünya savaşınadək Aşıq Məhərrəm çox uzun, gur axarlı yetkinləşmə yolu keçib və bu yolda onun yolgöstəriciləri kimi Aşıq Talıb Ələskəroğlu və onun əmisi oğlu Aşıq Nəcəfin adları bir daha vurğulanmalıdır. Hələ onlardan savayı, Aşıq Mirzə və Aşıq Əsəddən də çox-çox faydalanıbmış. Xatirlayırdı ki, «elə bil ki, başım maqnitofonuydu, hamısı başımda lentə yazılırdı, gecələr isə hamıdan gizli onları yamsılayırdım». Aşıq Məhərrəm II dünya savaşına 1941-ci ildə yollanaraq, 1946-ci ildə doğma Ağbulağa qayıdır. Göstərdiyi igidliyə görə 3 orden, o cümlədən Qızmızı Ulduz ordeni və 20 medala layiq görülür. 1948-ci ildən isə Xanlar şəhərində yaşayır. Həmin alovlu illərin yadigarı kimi «Aşıq Məhərrəm və cəbhəçi qız Mariya» hekayəti də o zaman yaranıb.
       1950-ci illər Aşıq Məhərrəmin ən parlaq ifaçılıq və ustadlıq dövrü imiş. Həmin illərdə onun ustad əməyi saz-söz sənətində Ağbulaqlı Aşıq Imran və Aşıq Mahmud kimi şəxsiyyətlərin yetkinləşib meydana çıxmağı ilə sonuclanıb. Sonraki illərdə də onun bir neçə şagirdi sənətdə tanına bilib (Əmirvarlı Aşıq Ələkbər, 1960-ci illərdə Aşıq Ədalət Nəsibov). Ağbulaqlı Aşıq Məhərrəm çox kəsərli yaddaşı olan sənətkardır. Yaşının çox olduğuna baxmayaraq özünün şairlik yaradıcılığı da yox deyil. Sözüm tam yozumunda o, aşıq sənətinin son cəngavərlərindən, azmanlarından biri sayılmalıdır.
       Bir şair kimi Aşıq Məhərrəm bütün aşıq şer quruluşlarında, o cümlədən ciğalı və cığasız təcnis, qoşaqafiyə, dodaqdəyməz və dildönməz kimi çətin çesidlərində yüksək sənət örnəkləri yaratmışdır. Yuxarda adı səkilənlə yanaşı, bir sıra maraqlı hekayətlər də yaradıb («Aşıq Məhərrəmlə Qumaş xanımın Bakı səfəri», «Imamzadənin ziyarəti» və u.a.).

        (ardı var)







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70