Azərbaycan incəsənətində Bədəlbəylilərin rolu
N. Rəhimova.
 

         Qədim diyar, odlar yurdu Azərbaycanın füsunkar təbiətli, mədəniyyətimizin laylası Şuşa bu gün tarixinin qara səhifələrini yaşasa da, onun əsrlərdən gələn sazlı, sözlü, nəğməli sadası xalqın yaddaşındadır.
         Aşıqlar, xanəndələr, şairlər yetişdirən bu torpaq Xurşudbanu Natavan, Üzeyir bəy Hacıbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül və dünyaya xalqımızın zəngin mədəniyətini tanıtdıran digər görkəmli şəxsiyyətlərin Vətəni olmuşdur. Bu baxımdan həyat və yaradıcılıqları ilə tariximizdə silinməz iz qoyan möhtəşəm Bədəlbəylilər nəsli haqqında daha ətraflı dayanmaq yerinə düşərdi.
         Bədəlbəylilər nəslinin ən qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli – xalq maarifçisi idi. Qori Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdir. Lakin Bədəl bəyin pelaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakıyla bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdır. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdur. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır. O, "Leyli və Məcnun" operasında Məcnun, Ibn Salam obrazlarını böyük məharətlə ifa etmişdir.
         Lakin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında və Azərbaycanda musiqili teatrın əsasını qoyan Üzeyir Hacıbəyli və onunla çiyin-çiyinə çalışan həqiqətən xalq sənətinin fədailəri Zülfüqar Hacıbəyli, Hüseyn Qulu Sarabski, Hüseyn Bala Ərəblinski, Müslüm Maqomayev, Qurban Primov, Əbdürrəhimbəy Haqverdiyev və Bədəlbəyin qardaşı Əhməd Ağdamski olmuşdurlar.          Əhməd Ağdamski Azərbaycanda milli opera və operettalarımızda qadın obrazlarının ilk ifaçısı olmuşdur. Qadın obrazlarını yaratdığı üçün adını və soyadını tamaşaçılardan gizli saxlamaq üçün "Miri" ləqəbini götürmüş. Lakin müvəffəqiyyətli çıxışından sonra Əhməd Ağdamski kimi özünü təqdim edirdi. Gözəl səsə malik ifaçı "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Ər və arvad"da Minnət xanım, "Arşın mal alan"da Gülçöhrə obrazlarını böyük məharətlə yaratmışdır və bununla ilk opera və operettalarımızı xalqa çatdıraraq professional musiqimizin yaranmasında öz sözün demiş və əvəzsiz rolunu oynamışdır.
         XX əsrin birinci yarısında Azərbaycan musiqili teatr aləmində Əfrasiyab və Şəmsi Bədəlbəylilərin adları özünəməxsus mühüm yer tutur.
         1940-cı il 18 sentyabr günü opera və balet teatrının söhnəsində "Qız qalası" baleti tamaşaya qoyuldu. Baletin müəllifi görkəmli bəstəkar Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Azərbaycanda ilk milli balet məktəbinin yolunu açdı. Yaradıcılığı boyu milli musiqimizin inkişafına xüsusi diqqət yetirən Əfrasiyab Bədəlbəyli xalqın musiqi təfəkküründən yaranan dərin mənalı muğam sənətinə dair geniş tədqiqat aparmış və "Izahlı monoqrafik musiqi lüqəti" kitabını tərtib etmişdir. Həmçinin musiqi sənətinin tarixinə və nəzəriyyəsinə aid "Musiqi lüğəti"ni də məhz bəstəkar yaratmışdır. Digər musiqi əsərləri, dirijorluğu, bir sıra balet və dram tamaşalarına librettoları, xalq musiqisinə dair mülahizələri, tərcümələri və ictimai fəaliyyəti – bunların hamısı bəstəkar, pedaqoq, alim Əfrasiyab Bədəlbəylinin Azərbaycan milli musiqimizin, musiqi elmimizin təşəkkülü və inkişafı yolunda yaratdığı irsidir.
         Azərbaycanda musiqili-komediya teatrının yaranması və onun müasir inkişaf mərhələsi yenə də XX əsrin 40-cı illərinə təsadüf edir. Yeni yaranan mədəniyyət ocağanın direktor və bədii rəhbər vəzifəsini Şəmsi Bədəl oğlu Bədəlbəyliyə həvalə olunmuşdur.
         Azərbaycan Dram Teatrında "Müsyo Jordan və dərviş Məstəli şah", "Ölülər", "Xoşbəxtlər", "Kral Lir", "Iki qardaş" kimi tamaşalara quruluş verən və rejissor kimi püxtələşən Şəmsi Bədəlbəyli Azərbaycanın musiqili-komediya teatrında fəaliyyəti zamanı onun realistik ideyaları həyata keçirilmiş və yaradıcılığın bədii prinsipləri formalaşmışdır. Bəstəkarları teatra dəvət edən rejissor onlara məhz musiqili-komediya janrında əsərlər yaratmağı sövq etmişdir. Bununla operetta janrına yeni həyat verildi. Görkəmli bəstəkarlar F. Əmirov, S. Rüstəmov, S. Ələsgərov, V, Adıgözəlov. A. Məlikov, E. Sabitoğlu yaratdıqları musiqi səhnə əsərləri Üzeyir bəyin bu janrda təməlini qoyduğu ənənələri layiqli davam etdirmişlər. "Ürək çalanlar", "Gözün aydın", "Ulduz", "Durna", "Hacı Qara", "Hicran" və şübhəsiz ki, "Arşın mal alan" və "Məşədi Ibad" və bir çox başqa musiqili komediya tamaşaları Şəmsi Bədəlbəylinin bizlərə qoyduğu yaradıcılıq irsidir.
     Istər dram, operetta, istərsə də opera tamaşalarına quruluş verən Şəmsi Bədəlbəyli ön planda Azərbaycan xalqının aktual problemlərinə, müasir həyatına əsəslanaraq yadda qalan tamaşalar yaratmışdır.
         Azərbaycan Dövlət Filarmoniyasında müdir və bədii rəhbər və son illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri işləyən Şəmsi Bədəlbəyli başqa ölkələrin mədəniyyətiylə xalqımızı mütəmaddi şəkildə tanış edərək qarşılıqlı yaradıcılıq əlaqələrinə lazımi şərait yaratmışdır. Odur ki, Azərbaycan müasir rejissorlar məktəbinin görkəmli nümayəndəsi Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəyli geniş aspektli rejissor fəaliyyətiylə səhnə mədəniyyətimizin quruculuq mərhələsində böyük rol oynamışdır.
         Bədəlbəylilər nəslinin layiqli davamçısı yaradıcılıq fəaliyyətiylə Azərbaycanda ifaçılıq sənətinin ənənələrini inkişaf etdirən istedadlı pianoçu, Beynəlxalq mükafatlar laureatı, xalq artisti, professor Fərhad Şəmsi oğlu Bədəlbəylidir.
         Xalqın yüksək mədəniyyətini dünya miqyasında təbliğ edən, bənzərsiz ifası ilə millətimizin sənət varlığını nümayiş etdirən Fərhad Bədəlbəyli bu gün fortepiano məktəbinin ən parlaq nümayəndəsidir.

         Onun ifaçılıq ustalığı musiqi məzmununu özünəməxsus ifadə tərziylə, təsirediciliylə fərqlənir. Bəstəkar və dirijor kimi özünü dəfələrlə sınamış pianoçu siyasi xadim kimi millətimizi 10 ildən artıq narahat edən Qarabağ problemiylə bağlı mətbuatda və televiziya dalğalarında dəfələrlə öz fikrini söyləmişdir.
         Yüksək ustalıq səviyyəsinə malik müəllim məktəbinin yetirməsi bu gün milli musiqimizin ənənələrini davam edən Bakı Musiqi Akademiyasına rəhbərlik edərək ictimai xadim Fərhad Bədəlbəyli gələcək nəsillərin musiqi, mənəvi və estetik tərbiyəsində öz fəal iştirakını davam etdirir.
         Beləliklə, yola saldığımız yüz illik boyu Bədəlbəylilər öz yaradıcı çalışmalarını milli musiqi sənətimizin inkişafına yönəldərək, mədəniyyətimizin yüksək ideallarına xidmət etmişdirlər. Onlar xalq kütləsini musiqi sərvətimizin tarixinə, onun ölməz gələcəyi naminə hər zaman xidmət etməsinə, qorunub saxlanmasına çağırmışlar və bu ənənə bu gün də böyük məsuliyyətlə davam olunur.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70