BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
 

       Bakı musiqi akademiyası öz 80 illik hüduduna gəlib çatmışdır və 2001-ci il onun üçün yubiley ilidir. Bu tarix hansı hissləri arayır? Şübhəsiz ki, ən müsbət hissləri. Ümumiyyətlə, yubiley məlum olduğu kimi həyatın gündəlik axarına bəzi təmtaraqlıq və ruh yüksəkliyi gətirir. 80 il - möhtərəm yaşdır və özünə qarşı hörmət tələb edir. Əgər nəzərə alsaq ki, 20 ildən sonra Şərqin ilk musiqi təhsil ocağı öz yüz illiyini keçirəcək, bu yubiley tarixindən alınan təsir daha parlaq və daha da inandırıcı olar. Təbiidir ki, bu yaxınlaradək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası adlanan Bakı musiqi Akademiyasının keçdiyi yol nəinki əlamətdar və diqqətəlayiqdir, həmçinin, xüsusən araşdılırmalıdır. Konservatoriyanın tarixinə nəzər yetirsək, bir sıra hadisə və diqqətəlayiq nailiyyətləri qeyd edə bilərik. Bir sözlə, bu tarixi salnamədə yada salınmalı və xatırlanmalı badisələr çoxdur.
       Bununla əlaqədar olaraq 1921-ci ili xüsusilə qeyd etmək lazımdır. Bu dövrdə konservatoriyanın təməlini qoymuş Üzeyir Hacıbəyov Azərbaycanda konservatoriyanın təşkil edilməsi üçün ilk addımlarını atır.
       Azərbaycan bəstəkarlıq musiqisinin banisi haqqında o qədər yazılmış və deyilmişdir ki, belə ilk təsir yaranır ki, onun haqqında, onun fəaliyyəti haqqında tamamilə hər şeyi bilirsən. Bununla bərabər hər dəfə bu mövzuya qayıdanda elə bil ki, onun fəaliyyətini daha incə, daha dərindən dərk edirsən, onu yenidən kəşf edirsən.
       Ü.Hacıbəyov Azərbaycan musiqisində böyük şəxsiyyətdir. Tarixin ona bəxş etdiyi ilk kəşfçi rolunun öhdəsindən o, böyük ustalıqla gəlmişdir. Bu musiqiçinin mülayim, alicənab siması arxasında heç bir çətinlikdən qorxmayan iradəli və cəsarətli insan dayanırdı.
       Ü.Hacıbəyov zəngin və ahəngdar bir şəxsiyyət idi. O, görkəmli musiqiçi olmaqla yanaşı Azərbaycan xalq musiqisini dərindən bilir və onu yeni inkişaf həddinə çıxarmağa cəhd göstərirdi.
       Konservatoriyanın yaranması bəstəkarın yeni axtarışlarından biri oldu. Təqdirəlayiqdir ki, Ü.Hacıbəyov musiqi təhsili ocağının vacibliyini elə-belə dərk etməmişdir: o, Azərbaycanda musiqi təhsilin inkişafı perspektivlərini görmüşdür. Maarifçi-musiqiçinin qeyri-adi professional xüsusiyyəti-dərin dərrakəsi, möhkəm ruhu, musiqi təhsil ocağının yaranması uğrunda apardığı müvəffəqiyyətli mübarizəsinin rəhni oldu.
       Konservatoriya sözün əsl mənasında Ü.Hacıbəyovun övladı idi. Son (1929-1948-ci illər) otuz ilini bəstəkar tamamilə ona həsr etmişdir. Ona görə demək olar ki, konservatoriya onun həyatının mənası idi.
       1920-ci ildə irəli sürdüyü təşəbbüs tez həll olunan məsələ deyildi, çünki heç nə onun xeyrinə deyildi. Düzdür, demək olmaz ki, konservatoriya heç nədən yaranmışdır. Bakıda musiqi məktəbləri mövcud idi, lakin onlarda musiqi təhsilli ixtisasçılar az idi.
       Həmçinin, bu məktəblərdə bir qədər həvəskar ümumi maarifçi xüsusiyyətli tədris hakim idi. Ona görə konservatoriyanın yaranması üçün ciddi professional əsas yox idi. Əslində Ü.Hacıbəyov onu yenidən qurmuşdur.
       Konsertoriyanın yaranması ölkənin iqtisadi vəziyyəti ilə də bağlı idi, maliyyə çatışmamazlığı, binanın olmaması, musiqi alətlərinin, dərs vəsaitinin çatışmaması çətinlik yaradırdı. Bu çətinliklərə baxmayaraq, Ü.Hacıbəyov konservatoriyanın yaranmasını dayandırmır, tədricən öz məqsədinə doğru gedirdi.
       Bu yolda Ü.Hacıbəyov bir çox çətinliklərlə qarşılaşırdı. Professional və iqtisadi səciyyəli obyektiv çətinliklərlə bərabər o, konservatoriyanın yaranma ideyasına qarşı çıxanlarla da mübarizə aparmağa məcbur idi. Onlar çox idilər. Onların arasında Şərq və Avropa musiqisinə tərəfdar olanlar var idi.
       Bildiyimiz kimi, konservatoriya ideyası azərbaycanlı maarifçi-musiqiçinin tarixi uzaqgörənliyini parlaq və yüksək dərəcədə sübut etdi. Ü.Hacıbəyovun ideyasına görə Azərbaycan və Avropa ənənsinin ümumiləşdirilmə tendensiyası yerinə yetirilməli idi.
       Demək lazımdır ki, bəstəkarın yaradıcılığında bu əsas tendensiya 20-ci illərdə tez bir zamanda xüsusilə müəyyən olundu. Bu dövrdə bütövlükdə Azərbaycan musiqisinin taleyi həll olunur, əlbəttə ki, musiqi təhsili ilə əlaqədar məsələlər müzakirə olunurdu.
       Konservatoriyanın tarixinə aid arxiv sənədləri ilə tanış olduqda o dövrdə baş verənləri təsəvvür edirsən və Ü.Hacıbəyovun böyük şəxsiyyət olmasının şahidi olursan.
       Bununla əlaqədar bəstəkarın 1920-ci il 20 oktyabr tarixində Azərbaycan Dövlət konservatoriyasında Şərq musiqisi şöbəsinin yaranması haqqında etdiyi məruzə çox maraqlıdır. Burada qeyd olunur ki, “Şərq musiqisinin əsil musiqi səviyyəsində inkişafı o zaman mümkündür ki, ona ümumi avropa nəzəriyyəsi əlavə edilsin. Yalnız bu nəzəriyyənin vasitəsilə Şərq musiqisinin xüsusiyətləri və ümumi qanunlarının qoyulması mümkündür”1 .
       Bəstəkarın sonrakı fikri də diqqətəlayiqdir. Öz opponentlərinə cavab verərək o qeyd edirdi ki, “Şərq musiqisinin xüsusiləşməsi tendensiyası Şərq musiqisi ilə maraqlanan həvəskarlar arasında nəzərə çarpır, həmçinin ümumi musiqi sənətinin qanunları ilə uyğunlaşmayan bu nöqteyi-nəzər, ümumiyyətlə musiqiyə olan diletant münasibətin nəticəsidir2 ”. Məruzədə gətirdiyi əsaslı dəlillərin əhəmiyyəti göz qabağındadır.
       Ü.Hacıbəyov milli musiqiyə münasibətini dəqiq surətdə ifadə edir. Bu barədə gətirdiyi fikirlərdən xüsusilə tezis şəklində olsa da, Avropa musiqi nəzəriyyəsinin Azərbaycan musiqisinə tətbiq edilməsi fikri xüsusilə əhəmiyyətlidir. Ü.Hacıbəyovun məruzəsində gətirdiyi əsaslı dəlillər “Azərbaycanın musiqi-maarif məsələləri” adlı məqaləsində öz məntiqi əsasını tapmışdır3 .
       Bu məqalədə Ü.Hacıbəyov musiqi təhsilinin problemlərinə, Şərq musiqisinin əsaslarının nəzəri anlayışına və qədim ənənələrə toxunmuşdur. Bəstəkar məqalədə konkret məsələ qoyur: “Biz azərbaycanlı türklərinə vaxtımızı, qüvvəmizi, və vasitələrimizi ümumi avropa, başqa cür desək avropa musiqisinin öyrənilməsinə sərf etməyə dəyərmi?” .
       Onun cavabı eyni ilə konkretdir: “Bəli, bu vacibdir, çünki avropa musiqisini öyrənərək biz əsrlərlə inkişaf etmiş ümumi musiqi sənətinin sirrlərinə yiyələnirik. Bu musiqi dünyaya bir sıra dahi sənətkarlar bəxş etmişdir. Bu dahilərin əsərlərinə heç bir mədəniyyətə malik olan xalq biganə qala bilməz, çünki, onların yaratdığı əsərlər sözün əsl mənasında universal və beynəlxalq əhəmiyyətə malik olaraq bütün dünyada şöhrət tapmış və bəşəriyyətin inkişafında mühüm aparıcı rol oynamışdır.
       Sitat gətirdiyimiz məqalənin hər bir cümləsi musiqi təhsilində aparılan ciddi dəyişikliklərin zəruriliyindən bəhs edir, bütövlükdə isə bunu Ü.Hacıbəyovun yaradıcılıq kredosunun ifadəsi kimi anlamaq olar. Bununla əlaqədar olaraq məqalənin sonu daha əhəmiyyətlidir. Bu bəstəkarların çağırışı kimi səslənir: “Bu təşəbbüsün deyil, ideyanın həyata keçirilməsi üçün tələsmək lazımdır”.
       Tamamilə aydındır ki, zaman keçdikcə Ü.Hacıbəyovun bu ideyası daha da təkmilləşir, püxtələşir, onun həyata keçirilməsi isə tutduğu bu yolun zəruriliyindən bəhs edir.
       Konservatoriyanın yaranmasının mürəkkəbliyi ondan ibarət idi ki, heç kəs, o cümlədən Ü.Hacıbəyov da təsəvür etmirdilər ki, o, necə olmalıdır, Azərbaycan və Avropa musiqisinin ənənələri necə əlaqələndirilməlidir. Buna görə musiqi ocağının yaranması zamanı bir çox axtarışlar etmək, nəyi isə təcrübədən keçirmək, nəyi isə qəbul etmək, nədənsə imtina etmək lazım gəlirdi, yəni konservatoriyanın getdiyi optimal yolun işlənməsində çox ağır, diqqətli iş aparılırdı.
       Şərqdə ilk ali musiqi təhsil ocağının yaranması ölkədə musiqi prosesinin irəliləyişi demək idi, tamamilə yeni ruhda tərbiyələnən musiqiçilərin meydana gəlməsi demək idi. Bu tarixi hadisəni qiymətləndirməmək çətindir.

       XX əsrin 20-ci illərinin əvvəlində mövcud olan konservatoriya nə təşkilat, nə də ki, yaradıcı planda XXI əsrin konservatoriyasına, daha dəqiq desək, musiqi akademiyasına bənzəmir. 20-ci illərin konservatoriyası kütlələrə öz biliyini çatdırmağa cəhd göstərir, planlı surətdə tələbə və müəllim heyətinin artırılması problemini həll edirdi. Unutmaq olmaz ki, konservatoriyanın yaranması və onun sonrakı fəaliyyəti ciddi kommunist ideologiyası şəraitində keçirilirdi və onun rəhbərliyi daima kollektivin yüksək proletar ruhunu saxlamağa və tələbələrin sosial və milli mənşəyinə diqqət yetirməyə çalışırdı və s.
       Qeyd etmək lazımdır ki, konservatoriya heç zaman dar çərçivəli təhsillə məhdudlaşmırdı, lakin milli musiqi kadrlarının hazırlığı ilə əlaqədar olan istiqamətin özü xüsusi ilə vacib və əhəmiyyətli idi. Bununla əlaqədar olaraq konservatoriya Bakının konsert-ifaçılıq həyatında fəal rol oynamış, həmçinin elmi-tədqiqat işini inkişaf etdirmişdir.
       Beləliklə, yarandığı vaxtdan tez sonra konservatoriya Azərbaycanın musiqi mədəniyyətinin özünəməxsus mərkəzinə çevrilir, burada ən yaxşı yaradıcılıq qüvvələri olan müəllim, ifaçılıq və elmi-tədqiqat nümayəndələri birləşir. Burada ən cəsarətli ideyalar irəli sürülür, Azərbaycan musiqisində novator axtarışları həyata keçirilir, müxtəlif nöqteyi-nəzərlər toqquşurdu. Bir sözlə konservatoriyada xüsusi mikro-mühit hökm sürür, yüksək intellektual potensial və bədii zövq həmahəng birləşir, millilik, özünəməxsusluq və novator cəhdi özünü büruzə verirdi. Öz növbəsində, bu, konservatoriyanın fəaliyyətinə genişlik və vüsət gətirərək, onu Azərbaycanın digər təhsil ocaqlarından fərqləndirirdi.
       Qeyd etmək lazımdır ki, ADK-nın təhsil prosesi ifaçılıq, müəllim və tədqiqatçıların fəaliyyətinin birliyi ilə daima fərqlənmiş və hal-hazırda da fərqlənir. Bu mənada konservatoriyada ənənəvi olaraq hərtərəfli istedadlı musiqiçilər müxtəilf sahələrdə fəaliyyət göstərmişlər.
       Konservatoriyanın yaranması dövründə onun tədris-təşkilatı prosesinin təkmilləşməsi istiqaməti sahəsidə mütəmadi və daimi iş aparılmışdır. Məlumdur ki, ilk illərdə onun fəaliyyəti daha çox ümumtəhsil, maarif xarakteri daşıyırdı.
       Təəccüblü deyil ki, 20-ci illərdə, hətta, 30-cu illərdə də konservatoriyaya daxil olanların və bitirənlərin sayı həmişə uyğun gəlmirdi: çünki bir çox tələbələr öz təhsillərini davam etdirmirdilər. Tədricən ADK-nın təhsil həyatı mürəkkəbləşir. Ümumtəhsil iş xarakterindən xilas olaraq, o, daha çox ciddi akademik musiqi təhsili tərəfinə yönəlirdi.
       Hal-hazırda B.M.A-da təhsil sistemi iki pilləli proqram əsasında keçilir və bakalavratura (4 il) və magistratura (2 il) fakültəsini əhatə edir; fortepiano, ifaçılıq, tarix-nəzəriyyə, ixtisasın təkmilləşməsi. Bakı musiqi Akademiyasında 626 tələbə təhsil alır.
       Təhsildə aparılan ixtisasların dairəsi çox geniş və müxtəlifdir; fortepiano, klavesin, orqan, skripka, viola, violoncel, kontrabas, fleyta, haboy, klarnet, faqot, truba, valtorna, trombon,tuba, zərb alətləri, arfa, musiqişünaslıq, bəstəkarlıq, xor dirijorluğu. Bundan əlavə, B.M.A-da aspirantura və doktorantura şöbələri mövcuddur. Hal-hazırda burada 100-dən artıq aspirant və dissertant təhsil alır. Təhsil və elmi tədqiqat prosesində B.M.A-da 316-dan artıq ixtisasçı iştirak edir.
       Ü.Hacıbəyov əmin idi ki, konservatoriyanın müvəffəqiyyətli fəaliyyəti orta təhsil sahəsinin yaxşılaşdırılmasından asılıdır. Konservatoriya 10 illik məktəbi və musiqi texnikumu ilə sıx əlaqə saxlayır və onların içindən ən istedadlı musiqiçiləri seçirdi. Milli musiqi kadrlarının ifaçılıq və bəstəkarlıq ixtisasçılarının təkmilləşdirilməsi üçün bir çox musiqiçilər Moskva və Leninqrad konservatoriyalarına və həmçinin bu tədris ocaqlarının aspirantura şöbələrinə təhsil almağa göndərilirdi. Bu tendensiya 40-cı illərin axırı və 50-ci illərin əvvəllərində həyata keçir və tezliklə ənənəvi xarakter alır, sonrakı illərdə də davam edir.
       Bakı musiqi Akademiyası tələbələrinin digər musiqi təhsil ocaqlarında oxuması ənənəsi müəyyən mənada indi də qorunub saxlanır. Fərqli cəhət ondadır ki, bu ənənə seçilmə yolu ilə aparılır, musiqi təhsilini davam etmək üçün tədris ocağı Paris, Moskva və başqa konservatoriyalar nəzərdə tutulur.
       ADK-da təhsil işinin digər vacib millərindən biri də ixtisasçıların artırılması və yeni kafedraların yaranması idi. Konservatoriyanın direktoru Ə.Abbasovun 1955-ci il yanvarın 15-də SSRI mədəniyyət nazirliyinin təhsil işləri üzrə idarəsində etdiyi məruzəni misal göstərə bilərik. Məruzədə konservatoriyada yeni, xüsusi Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının yaranmasının və bu kaedrada milli folklorun toplanması, öyrənilməsi və tədqiqi sahəsində aparılan işin zəruriliyindən bəhs edilir.
       ADK-nın konsert-ifaçılıq fəaliyyəti öz parlaqlığı və demokratikliyi ilə fərqlənirdi. Bu hal-hazırda da belədir. Əgər 20-30-cu illərdə konservatoriyada keçirilən konsertlərin proqramları əsasən dünya klassiklərinin əsərlərindən tərtib edilirdisə, zaman keçdikcə, milli bəstəkarlıq məktəbi möhkəmləndikcə müxtəlif janrlı əsərlər yaranır və konsertlərdə geniş surətdə səslənirdi. Bunun müqabilində konservatoriya ölkənin mədəniyyətində əhəmiyyətli yer tutur və onun bilavasitə iştirakı olmadan hansısa hadisəni təsəvvür etmək mümkün deyil. Məlumdur ki, elmi-tədqiqat işi hər hansı bir tədris ocağında çalışan müəllimin fəaliyyətinin ayrılmaz hissəsidir. Konservatoriyada aparılan elmi-tədqiqat işi iki istiqamətdə keçirdi. Onlardan biri dünya musiqi sənətinin işıqlandırılması ilə bağlı idi. Tədqiq edilmiş problemlərdən ifaçılıq, metodika, tarixi-ictimai və s. göstərmək olar.
       Azərbaycan Dövlət Konservatoriyasının elmi-tədqiqi fəaliyyətinin ikinci istiqaməti bütövlükdə Azərbaycan musiqisinə yönəlmişdir və təbiidir ki, müəllimləri hər şeydən əvvəl folklor, muğam və bəstəkarlıq yaradıcılığı maraqlandırırdı.
       Qeyd etmək lazımdır ki, bu istiqamətlərdə aparılan axtarışlar həmçinin daimi xarakter daşıyırdı.
       Belə ki, 1928-ci ildə ADK-nın nəzdində Azərbaycanın musiqi folkloru və mahnılarının toplanması və öyrənilməsi üzrə komitə yaranmışdır.
       1932-ci ildə konservatoriyada “Azərbaycan musiqi mədəniyyətinin sonrakı inkişafının konkret yollarının öyrənilməsi məqsədi ilə (xalq musiqisi, opera, simfoniya, radio və kiçik forma repertuarı)” elmi-tədqiqat musiqi kabineti yaranır (ETMK). ETMK-nın fəaliyyəti çox planlı idi, lakin Azərbaycanın müxtəlif rayonlarına olan ekspedisiyalar xüsusi əhəmiyyət kəsb edir. Bu ekspedisiyalarda Azərbaycan xalq musiqisinin nümunələri toplanır, nota yazılır, və elmi cəhətdən yekunlaşdırılırdı. Qeyd etmək lazımdır ki, bu folklor ekspedisiyalarına Bülbül ilə bərabər S.Rüstəmov, Z.Bağırov, T.Quliyev kimi gənc bəstəkarlar da cəlb edilirdi. Azərbaycan xalqının musiqi irsinin öyrənilməsinə olan ciddi münasibətə o dövrdə konservatoriyanın direktoru T.Quliyevin SSRI Ali və orta təhsil nazirliyinə göndərdiyi xahiş ərizəsi sübut ola bilər. Bu ərizədə elmi-tədqiqat folklor kabinetinin yaranmasının zəruriliyindən və onun öhdəsinə düşən vəzifədən, yəni Azərbaycan xalq musiqisinin və muğamların öyrənilməsi, toplanması və nota yazı lmasından bəhs edilir.
       Hal-hazırda BMA-da iki elmi laboratoriya mövcuddur ki, burada Azərbaycan xalq musiqisi və muğamlar ilə əlaqədar bir sıra nəzəri və praktiki məsələlər araşdırılır. Məsələn, onlardan biri Azərbaycan şifahi ənənəvi professional musiqisinin problemlərini öyrənir; ikincisi isə qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsinə aid materialları axtarıb tapır. Bu laboratoriyanın əməkdaşlarının fəaliyyətinin əhəmiyyətini qiymətləndirmək çox çətindir, çünki onlar elə bil ki, “Kitabi Dədə Qorqud” dastanının səhifələrindən, Nizaminin əsərlərindən, orta əsrin alim-nəzəriyyəçiləri olan S.Ürməvi, A.Maraqinin traktatlarından qayıtmış qədim musiqi alətlərinin nümunələrini həyata qaytarırlar. Qeyd etmək lazımdır ki, bu laboratoriyanın əməkdaşları yalnız qədim alətləri deyil, bu alətlərdə səslənən qədim musiqini də qaytarmağa cəhd göstərirlər.
       BMA-nın fəaliyyəti, məlum olduğu kimi, geniş xarakter daşıyır. Onun nəzdində Bülbül adına orta ixtisas musiqi məktəbi, məktəb-studiya və həmçinin Ş.Məmmədova adına opera studiyası fəaliyyət göstərir.
       Əgər Bülbül adına musiqi məktəbi Bakı musiqi Akademiyası ilə bir çox illər ənənəvi surətdə zəngin əməkdaşlıq təcrübəsinə malikdirsə, yeni təşkil edilmiş məktəb-studiyada bu ənənələr indi qurulur. Bununla bərabər hər iki musiqi məktəbləri, A.Zeynallı adına Bakı musiqi texnikumu daxil olmaqla, musiqi akademiyasının gənc kadr bazası vəzifəsini yerinə yetirir. Ş.Məmmədova adına opera studiyasının fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Bu təhsil prosesinin əhəmiyyəti ondan iba0rətdir ki, hələ 1926-cı ildə opera sinfi yaranmış və sonralar opera studiyasına çevrilmişdir. Məhz burada gənc vokalçılar musiqi teatrının ab-havasına daxil olur, opera səhnəsinə alışır, opera partiyalarını öyrənirlər. Bununla bərabər, opera studiyası dövlət opera teatrının fəaliyyətini təkrar etmir, onun öz repertur “siyasəti” var və çox vaxt səhnəsində Bakıda əvvəllər ifa edilməyən tamaşalar qoyulur.

       Musiqi Akademiyası, əvvəllərdə olduğu kimi, Azərbaycanın ictimai-mədəni həyatında mərkəzi yerlərdən birini tutur. Müasir gerçəkliyin mürəkkəbliyi və çətinliyinə baxmayaraq, o, Azərbaycan musiqisinin taleyinə biganə olmayanlar üçün cəzbedicidir. Bununla əlaqədar hər kəsin borcu onun inkişafı və çiçəklənməsinə köməklik göstərməkdir.
       Bakı Musiqi Akademiyasının əhəmiyyəti və müstəsnalığı ondan ibarətdir ki, ölkənin musiqi prosesindəki yaradıcı qüvvələrini birləşdirir, əsasən Azərbaycan musiqi sənətinin gələcəyi olan yeni istedadlı musiqiçilərin bir araya gəlməsini təmin edir.


       Birinci növbədə, çağdaş Azərbaycan musiqi mədəniyyətini, o cümlədən musiqi təhsilinin özülünü qoymuş Üzeyir Hacıbəyovun tariximizdə, - dünənimiz, bu günümüz və sabahımızda danılmaz yeri var. Onun Moskva və Peterburq konservatoriyalarından dəvət etdiyi görkəmli musqiçi-müəllimləri də yada salmamaq mümkün deyil. Mənim ustadım Mayor Rafailoviç Brenner, demək olar ki, bütün yaşlı nəsil pianoçuların ustadı sayılır. Fortepiano ifaçılığı sahəsində Azərbaycan pianoçuluk məktəbinin ilk böyük uğuru Bella Davidoviç olmuşdur. Son uğurumuz isə Tbilisidə keçirilən beynəlxalq müsabiqədə - bildirməliyəm ki, münsiflərin sədri görkəmli pianoçu D.Başkirovdur, - gənc pianoçumuz Murad Adıgözəlzadənin IV tura keçməyidir. Çox güclü rəqabətə baxmayaraq, Murad artıq laureatlar sırasındadır.
       Bizim çox-çox yetirmələrimiz beynəlxalq səviyyədə festivallar, musiqi bayramları və müsabiqələrdə iştirak edir. xarici ölkələrin ən tanınmış kollektivlərində uğurla işləyirlər. Əlbəttə, bizim Dövlət müstəqilliyimiz sayəsində. Keçmişdə bunlar, demək olar ki, mümkün deyildi. Biz mədəni əlaqələr qura bilirik, akademiyamıza ən öncül Avropa ölkələrindən açıq dərs vermək üçün mütəxəssislər dəvət olunurlar. Son günlərdə gənc bəstəkar Rüfət Xəlilov Berlin festivalında iştirak edib, orta nəsil bəstəkarımız Rəhilə Həsənova tez-tez xaricdə çıxışlara dəvət alır. Firəngiz Əlizadə geniş tanınıb. Muğamatımız bütün Avropanı “ələ keçirib”. Çox-çox misallar çəkə bilərəm.
       Sabahımızı mən necə görürəm? Maddi-texniki dəyişikliklər gərəkdir. Kompüterləşmiş kitabxanamız olmalıdır, auditoriyalarda iş şəraiti yenişləşməli, alətlərimiz tam dəyişməlidir. Binanın özü də, orqan da tam təmir olunmalıdır. Moskva və Sankt-Peterburqdan tanınmış nəzəriyyəçilər dəvət etmək məqsədəuyğundur. Xaricdə oxumaq üçün məqsədli təqaüd məsələləri həll olunmalıdır. Mənim şagirdim Murad Hüseynov fransız hökumətinin yardımı ilə Paris konservatoriyasının aspiranturasında fransız pianoçuluq üslubunu öyrənir. Musiqişünas Aida Hüseynova ABŞ-da Indiana universitetində çalışır. Vokalçı Eldar Əliyev Italiyada Luçano Pavarotti ilə eyni tamaşalarda oxuyur. Uğurlarımız var, lakin maddi problemlər onları azaldır. Mütəxəssislərin xaricə axını işi çətinləşdirir. Digər tərəfdən, lovğalıq çox asan işdir. Bizim üçün ən böyük bəla “əyalətçilikdir”. Allah onu bizə göstərməsin. Və onunla bu gün də, sabah da mübarizə aparmalıyıq.
       Bakı Musiqi Akademiya rektoru, Azərbaycan xalq artisti, professor Fərhad BƏDƏLBƏYLI

       Konservatoriyanın dünəni onun yaranışı və bu yaranışda Üzeyirin misilsiz roludur. Əlbəttə, biz Üzeyirin silahdaşlarının və davamçılarını, - Rudolf, M.Brenner, G.Şaroyev, Qara Qarayev, Cövdət Hacıyev, B.Zeydman, N.Usubova, F.Quliyeva, R.Atakişiyev və çox-çox başqalarını unutmamalıyıq. Onların xidmətləri əvəzsizdir.
       Bu günümüz dedikdə konservatoriyanın professor-müəllim heyəti və tələbələridir.
       Mən arzu edərdim ki, gələcək yetirmələr,. Biz ustadlarımızı unutmayıb onların ləyaqətini uca tutduğumuz kimi, onlar da bizləri unutmayıb uca tutduğumuz bayrağı daha da ucaltsınlar.
       Azərbaycan Xalq artisti, professor, Vasif ADIGÖZƏLOV

       Üzeyirbəy uzaqgörən adam idi və konservatoriyaya ən yaxşı müəllimləri dəvət edirdi. Şəxsən mən 30-cu illərin axırında tələbəliyə başayanda konservatoriyada M.Brenner və G.Şaroyev kimi professorlar fortepiano siniflərində dərs verirdilər. Və onların hazırladığı yeni nəsil gələcək nəsli yetişdirən müəllimlər dəstəsinə çevrildi. Həmin illərdə hazırlıq keçmiş Q.Qarayev, C.Hacıyev, T.Quliyev və çox-çox başqaları sonralar Moskva və Peterburq konservatoriyalarını uğurla bitirdilər və tanındılar.
       30-cu-40-cı illərin yetirmələri 60-cı illərin müəllim-professor heyətinin özülü idi və daha yeni nəslin biçimlənməsinə çox böyük əmək sərf etdi. Musiqi təhsili və mədəniyyəti sahələri getdikcə genişlənirdi və sələflərdən mənimsənilən bacarıq, bilik və metodika yaşadılır, inkişaf edir və genişlənirdi. Beləliklə, gələcək keçmişdən qaynaqlanır və sonra özü keçmişə çevrilərək gələcəyi qaynaqlandırırdı. Keçmişlərin təcrübəsi isə yeniləşən nəsli yaşadırdı və indi də yaşadır.
       Bizim bu günümüz gələcəyə örnək olacaq və biz unutmamalıyıq ki, öz uğurlarımızla kimlərə borcluyuq. Doğrudur, hazırda bütövlükdə götürsək, həyatın bütün sahələrində, o cümlədən musiqi sənətində səviyyə aşağı düşüb, çünki burada hazırlıq görmüş mütəxəssislər ölkədən xaricdə çalışırlar. Lakin mən fəxr edirəm ki, bizim yetirmələrimiz istər ifaçılıq, istər pedaqoji fəaliyyətlərində konservatoriyamızın bayrağını uca tuturlar və heç kimdən əskik deyillər. Qeyd etməliyəm ki, bizim musiqiçilər, bizim yetirmələr bütün dünyada bizim ənənələrimiz yayılmayır.
       Gələcəyi mən necə görürəm? Ənənlər gələcəkdə çox məsələləri həll edəcək. Üzeyir ənənələri yaşamalı və işləməlidir. Bildiyimizi, bacarığımızı gələcəyə ötürməliyik və buna var gücümüzlə çalışmalıyıq.
       Professor Ivetta PLYAM

       Məndə N.Nərimanovun dekretinin surəti var. Həmin rəsmi sənəd musiqi akademiyasının yaradılması haqqındadır. Lakin ali musiqi məktəbinin yaradılması çox ağrılı keçmişin bir dövrüdür, çünki milli kadrlarımız yox dərəcəsindəydi. Əlbəttə, Üzeyir bəyi və Müslüm Maqomayevi çıxmaq şərtilə. Lakin qısa zaman kəsimində üçpilləli təhsil sisteminin və onun başında duran Azərbaycan Dövlət konservatoriyasının əsası qoyuldu. Bu böyük quruculuq işində Üzeyirin dəvət etdiyi musiqiçilərin əməyi əvəzsizdir. Mən hər bir ixtisas, hər bir kafedra üzrə çox-çox adlar çəkə bilərəm. Yəqin ki, məndən öncə bu adları çəkənlər var. Lakin bircə faktı açıqlamağı lazım bilirəm. B.Bretanitski skripka üzrə Peterburq konservatoriyasında Auerin sinfini bitirmişdi, bizim konservatoriyanın ilk skripkaçı-professoru olmaqla yanaşı, Azərbaycan üçün ilk kamança dərsliyini işləyib hazırlamışdı. Belə olaylar unudulmamalıdır.
       Ilk milli kadrlar 40-cı illərdə işə başlamışdı. Bizim nəsil öz ustadlarından mənimsədiyini sonrakı nəslə ötürmək üçün az çalışmayıb. Konservatoriyamızın nəfəsli alətlər kafedrası tanınmış musiqiçilərlə hətta o zamanlar da öyünə bilərdi.
       Konservatoriyanın bu günü haqqında nə deyə bilərəm. Əlbəttə, təhsilin, tədrisin səviyyəsi məni qane etmir. Bu da təkcə ali məktəbin özündən asılı deyil. Gəlin aşağı pillələrə nəzər salaq. Musiqi məktəblərindən cəmi bir neçəsində nəfəsli alətlər tədris olunur. O da yalnız Bakıda. Hazırda kollec adlanan A.Zeynallı adına orta ixtisas musiqi məktəbində truba, valtorna, trombon və bir sıra ixtisasları yoxa çıxarıblar. Azərbaycanda artıq valtornaçılar çatışmır. Orkestrləri tamheyətli adlandırmaq mümkün deyil. Opera və balet teatrının və teleradioşirkətin orkestrlərində vəziyyət olduqca acınacaqlıdır. Ən sayımlı deyil, ortabab musiqiçilərimiz də xaricdədir. Deməli, onlar özünküləri deyil, yadelliləri öyrədirlər.
       Biz artıq müstəqil dövlətik. Hazırda bizim bütün dünyaya çıxışımız var və bizlər bundan özümüz üçün faydalanmalıyıq. Sovet dövründə Moskvadan o tərəfə keçmək mümkün deyildi.
       Mən bilə-bilə Bakı Musiqi akademiyası deyil, Azərbaycan Dövlət konservatoriyası deyirəm, çünki Üzeyirlə, onun silahdaşlarıyla bağlı ilk adın saxlanılmasının tərəfdarıyam. Bizim keçmiş səviyyəmizə çatmağa imkanlarımız, getdikcə azalsa da, var. Biz keçmiş beşillik ali təhsil sisteminə qayıtmalı, orta ixtisas təhsilini sağlamlaşdırmalı, uşaq musiqi təhsili üçün şəraiti yaxşılaşdırmalıyıq. Və inanıram ki, gələcək işlərimiz də həmin yöndə gedəcək. Bu mənim ən böyük arzumdur.
       Professor Azər ABDULLAYEV


        Azərbaycan Dövlət konservatoriyası keçmiş SSRI-də ən aparıcı ali musiqi təhsili məktəblərindən biri idi. Demək olar ki, bütün fakültələr formalaşmışdı və onlardan bəzilərinin səviyyəsi olduqca yüksək idi. Ən birincilər isə bəstəkarlıq və tarix-nəzəriyyə fakültələri idi ki, onların yetişdirdiyi kadrlar SSRI miqyasında yüksək dəyərləndirilirdi. Qara Qarayev adının nə olduğunu hamı bilir. Bizim konservatoriyada VV.Jitomirskaya, D.Danilov, E.M.Nikomarova, L.M.Rudolf, E.Muradova, S.F.Şeyn, I.V.Abezqauz, B.I.Zeydman, K.Z.Burşteyn, B.I.Yermolayev kimi nəzəriyyəçilər bir çox illər ərzində müəllimlik ediblər. Yurlov kimi xormeyster, pianoçular G.Şaroyev, K.Səfərəlibəyova, N.Usubova, M.R.Brenner, A.Zülfüqarova, R.Atakişiyev, skripkaçı A.Baron haqqında da həmin sözləri demək olar. Çox-çox adlar çəkə bilərəm.
       Tələbələrimiz də fəal idilər: təkcə dərslər, -mühazirə və seminarlar deyil, opera və filarmoniya da onların artımında iştirak edirdi. Bakının musiqi həyatı kifayət qədər canlıydı.
       Hazırda hər şey dəyişib. Kitabxanamız və fonotekamız olduqca kasıblayıb, kassetlər və Ifalar tək-tükdür, daxil olanların səviyyəsi aşağıdır. Əlbəttə, bu o demək deyil ki, səviyyəni qaldırmağa, problemləri həll etməyə çalışmırlar. Mən ümid edirəm edirəm ki, gələcəkdə çətinliklər aradan qaldıracaq.
       Sənətşünaslıq namizədi, professor Solmaz QASIMOVA

       Mən keçmiş, gələcək və bu günümüz haqqında başçılıq etdiyim simli alətlər kafedrası timsalında danışmaq istərdim.
       Keçmişdə simli alətlər üzrə bircə dənə azərbaycanlı müəllim yoxuydu. Skripka üzrə Bretanitski, Amiton, Qrossman, violadan Reytix, violoncelçalan Turiç, Şvarts, Anşeleviç dərs verirdilər. Üzeyirbəyin böyük igidliyi onda idi ki, Rus imperiyası dövründə təhsil almış ən yetkin mütəxəssisləri Bakıya toplaya bilmişdi. Və onlar bizim üçün milli kadrlar yetişdirmək kimi böyük məqsədə xidmət göstərdilər.
       Hazırda simli alətlərdə ancaq azərbaycanlı profesor və müəllimlər dərs keçirlər. B.Mehdiyev, Atakişiyev, A.Əlizadə skripka sinfi üzrə professordurlar, A.Abdullayeva arfa sinfinə başçılıq edir, violonçel üzrə R.Quluzadə, E.Isgəndərov və bu yaxınlarda rəhmətə getmiş Yuri Abdullayev kimi mütəxəssislərin adını çəkmək olar.
       Məhz bunun nəticəsində bizim musiqiçilərimiz, o cümlədən “simlilər”, dünyanın hansı nöqtəsində istəsən, -sənətdə də, müəllimlikdə də üzüağdırlar”. Ən çətin texniki və bədi tələblərə azərbaycanlı musiqiçi cavab verir. Özü də təkcə Türkiyə, Yaxın və Orta Şərq ölkələrində deyil, bütün dünyada! Onlar az deyil, çoxdurlar.
       Bununla yanaşı, mən inanıram ki, xaricə gedənlərin çoxusu gec-tez qayıdacaq və artıq qayıdanlar az deyil. Çünki, əgər düzünü desək, onların işlədiyi ölkələrin mədəni səviyyəsi də, mənəviyyatı da bizdən aşağıdadır. Yalnız maddi rifah üçün işləmək isə çətindir.
       Lakin problemlər də az deyil. Keçmişdə biz tələbələri istedadlar, ortabablar və zəiflərə bölürdük. Indilərdə “ortabablar” demək olar ki, yox dərəcəsindədir, istedadların və zəiflərin sayı artıb. Bu pis göstəricidir. Ümid edirəm ki, gələcəkdə həmin çətinlik aradan götürüləcək. Bəs nə etməli?
       Ən ilk növbədə “test” sistemi aradan götürülməlidir, çünki o incəsənət çevrəsində bütün irəliləyişləri tormozlayır. Bütövlükdə isə uğurlarımıza inamla baxıram, çünki inamın, ümidin yoxdursa, heç yaşamağa da dəyməz. Mən isə yaşamaq və var gücümlə işləmək eşqindəyəm. Bir müəllim kimi şəxsən mənim üçün tələbəmin məni arxada qoyduğu anları həyatımda ən xoş anlardır. Vaxiı ilə bunuk mənə müəllim Anieleviç demişdi (ilk professor mən oldum, bir aydan sonra Anieleviç). Sonralar mən həmin fikri öz yubileyimdə keçmiş tələbəm F.Bədəlbəyliyə dedim.
       Azərbaycan Respublikasının xalq artisti, professor Azər RZAYEV

       - Bizim kafedramız 1957-də yaranıb. O zaman “Azərbaycan Xalq musiqisi kafedrası”adlanırdı. Ilk müdiri Səid Rüstəmov olub, daha sonra uzun illər kafedraya Məmməd Saleh Ismayılov rəhbərlik edib. 1970-ci illərdə kafedra müdiri Süleyman Ələsgərov idi. 1980-ci ildə kafedra üç kafedraya bölündü: “Xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “Xalq çalğı alətləri” və “Xalq çalğı alətləri üzrə orkestrləşdirmə və dirijorluq”. Birincinin müdiri 1989-cu ilə kimi yenə də M.S.Ismayılov idi. Hazırda ona mən rəhbərlik edirəm.
       Bizim kafedra çox böyük işlər görüb. Indiyədək Azərbaycanın bir çox regionları tədqiq olunub, folklor nümunələri toplanıb və nota salınıb. Toplama işində xalq musiqisi kabinəsi böyük fəaliyyət göstərib ki, onun yaradıcıları keçmiş rektorumuz bəstəkar Soltan Hacıbəyov və tanınmış folklorçu Bayram Hüseynli olmuşlar.
       Kafedramız elmi kadrlar yetirilməsi sahəsində də birincidir. Elmi tədqiqatlar iki istiqamətdə aparılır: folklorun tədqiqi və bəstəkar yaradıcılığında folklorun rolu. Çoxsaylı sənətşünaslıq namizədi və bir neçə sənətşünaslıq doktoru yetişdirmişik ki, onların böyük hissəsi konservatoriyada hazırda dərs deyir.
       Mən “Azərbaycan Xalq Musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasını çox perspektivli görürəm. Artıq biz ölkəmizin hüdudlarından kənara çıxmışıq, Cənubi Azərbaycan, Türkiyə və Şərq musiqi mədəniyyətlərini öyrənir, müqayisəli təhsillər aparırıq. Fikrimcə, gələcəkdə bizim kafedramız “Şərq musiqisi” kafedrası adı daşıyacaq. Mən gələcəyə nikbin baxıram.
       Sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov

        1 Azərbaycan arxivi ¹ 2-3 (25-26) səh. ¹7. Bakı 1985, s. 16-17.
        2 Sənəd ¹7, s.17.
        3 “Azərbaycanın musiqi maarif məsələləri” adlı məqaləsi. “Incəsənət” jurnalında 1921-ci ildə ¹1-də çap olunmuşdur.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70