ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV
 

       …Onunla şəxsi tanışlığım 1984-cü ilin yayında oldu. Hərbi xidmətdən qayıtmışdım, iş axtarırdım. Musiqişünas dostum Namiq Abdullayev təklif etdi ki, onun çalışdığı yerə - Üzeyir Hacıbəyovun memorial ev muzeyinə gəlim, bəlkə bir şey alındı...
       Doğrusu bu təklifə bir az ürəksiz yanaşdım. Çünki özümü heç cür muzey işçisi kimi təsəvvür etmirdim. Iş barədə başqa təkliflər, variantlar olsa da muzeyə gəldim. Dahi Üzeyir Hacıbəyovun yaşadığı ev, burdakı şərait, ömrünün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə-səhmanın, təmizliyin içində bərqərar olmuş sakitlik, əmin-amanlıq sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, burdakı saflığa, dəruni qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmən an burada qalib çalışmağa özlüyümdə qərar verdim...
       ... Namiq Abdullayevlə - muzeyin direktoru Ramazan Xəlilovun kabinetinə gəldik. Namiq məni təqdim edib: - «Ramazan Qamzatoviç, Sizə haqqinda danışdığım gənc bəstəkar budur”... - dedi.
       R.Xəlilov bizə oturmağı təklif etdi və mənə təhsilim, müəllimlərim, ən başlıcası Üzeyir Hacıbəyova münasibətim barədə suallar verdi. Mən suallara cavab verir və özlüyümdə qarşıda oturmuş bu qəd-qamətli, nurani simalı, əsil aristokrat görkəmi olan bu ağsaçlı kişiyə heyranlıqla baxırdım. Söhbətimizdə ilk dəqiqədən səmimi bir ab-hava yaradan R.Xəlilov zarafatından da qalmadı. ... «Indi cavan bəstəkarların çoxu musiqi əvəzinə, «daranq-durunq» yazır... Sən də eləsən, ya yox?».
       «Qismət olar eşidərsiniz» - dedim.
       O gün Ramazan Xəlilov məni Ü.Hacıbəyovun dövlət memorial ev-muzeyində, fonoteka müdiri vəzifəsinə işə qəbul etdi. Fonoteka köhnə «kometa» maqnitofonundan və Ü.Hacıbəyovun musiqisi yazılmış, 10 il qatı açılmayan lentlərdən ibarət idi. Mən bütün bu lentləri dinləməli və yararsız hala düşənləri səs arxivindən və ya dövlət radiosunun səs fondundan yenidən köçürüb bərpa etməli idim. Mən işə başladım. Bu lentlərin içində dahi bəstəkarın mənə məlum olmayan bəzi əsərlərini, eləcə də müxtəlif musiqiçilərin təkrarsız ifalarını aşkar etdim. Böyük bəstəkarın ecazkar musiqisinə təkrar-təkrar qulaq asır və hər dəfə onda yeni-yeni gözəlliklər kəşf edirdim.
       Bir gün otağımın pəncərəsi onündə Ramazan Xəlilovun «var-gəl» etdiyini gördüm. Bunun səbəbini bilmək üçün otaqdan çıxıb onun yanına gəldim. Məni görüb gülümsədi: - «Çoxdan bu musiqiləri səsləndirən yox idi. Neçə gündür mən də burdan qulaq asıram, ləzzət eləyir» dedi. Getgedə Ramazan bəylə münasibətimiz daha səmimi, daha isti, daha etibarlı olurdu. Hər gün görüşmək, söhbətləşmək, mədəniyyət tariximizin dəyərli səhifələrini yada salıb çözələmək artıq mənim üçün mənəvi bir ehtiyaca çəvrilmişdi. Ramazan Xəlilov böyük bir məktəb, bilik mənbəyi idi. Çünki şərəfli və mənalı bir ömür yaşayab çox şeyi görmüşdü...».
       ... O (Ramazan Həmzət oğlu Xəlilov) XX əsrin ilk ilində 1901-ci ildə dünyaya göz açmışdı. Uşaqlıq illəri Qroznı, Tiflis şəhərlərində keçmişdi. Məhz Tiflisdə ana babasının evində o ilk dəfə Üzeyir Hacıbəyovu görmüşdü. Dayısı Əli Terequlovun Qori müəllimlər seminariyasından tələbə dostu olan Üzeyir bəy 1910-cu ildə bu ailə ilə qohum olmuşdu. Üzeyir Hacıbəyovun zövcəsi Məleykə xanım isə Ramazan Xəlilovun kiçik xalasi idi. Məhz Üzeyir Hacıbəyov ilə qohumluq, yaxınlıq, zaman keçdikcə mətinləşən dostluq münasibəti onun həyatını mənalaşdıran, gözəlləşdirən amillərdən oldu. Maraqlıdır ki, 1908-ci il yanvarın 25-də «Leyli və Məcnun» operasının ilk tamaşasına baxanların içərisində yeddi yaşli Ramazan Xəlilov da var idi və həmən günü o, 90 il sonra da çox yaxşı xatırlayırdı.
       Ümumiyyətlə, tanrının ona bəxş etdiyi əsil sərvətlərdən biri də onun gözəl yaddaşı, iti hafizəsi idi. 98 il ömür sürmüş bu insan sanki həyatının bütün anlarını yaddaşına köçürmüsdür. 1913-cü ildə Tiflisdə, gimnaziyada oxuduğu zaman, çar II Nikolayı görməsi, 1917-ci ildə Moskvada tələbə ikən fevral inqilabının şahidi olması, 1918-20-ci illər «Ləzgi alayında» və ADR-in Milli ordusunda xidmət etməsi, general Şıxlinskinin mühafizə dəstəsində olması və bu qəbildən neçə-neçə xatirələr onun yaddaşında tez-tez çözələnirdi.
       1923-cü ildən onun jurnalist kimi fəaiyyətə başlaması, Bakıda çıxan «Yeni yol», «Kommunist», «Bakraboçi», eləcə də SSRl-nin bir çox şəhərlərində nəşr olunan qəzetlərdə uğurla çıxış etməsi onsuz da coşğun həyatına yeni dinamika, yeni temp gətirir. Məhz bu illər bir çox yazıçı şair, mühərrirlərlə, o cümlədən C.Cabbarlı, Məmmədəli Sidqi, M.S.Ordubadi, H.Cavid, Əzim Əzimzadə va b., təmasda olur. Bir jurnalist kimi bir-çox tarixi şəxsiyyətlərlə: S.M.KirovIa, Əfqanistan kralı Əmənulla xanla, akademik Pavlovla, Orbeli ilə, şair S.Yeseninlə, D.Bednıy ilə və neçə-neçə dövrünün maraqlı insanları ilə görüşür, məqalələr dərc etdirirdi. Yazılarını bəzən R.Avarski, Roman Çoxski imzaları ilə də mətbuata çixarırdı.
       Jurnalist bacarıği, səriştəsi, intelektual səviyyəsi tezliklə ona rəsmi dövlət xəbərlərinin, hesabatlarının işlənməsinin etibar edilməsi ilə nəticələnir. Bunlarla əlaqədar istər-istəməz o dövrün siyasi rəhbərlərindən M.C.Bağırovla, Ruhulla Axundovla va b. görüşməli olur.
       O günləri hərdən yada salan Ramazan bəy köks otürüb: «Eh, bu dünyada kimləri mən görmədim?» deyərdi.Həqiqətən onun bəxtinə XX əsrin nəhəng simalarını yaxından görüb müşahidə etmək kimi bir qismət düşmüşdu. I.V.Stalin, general Ş. de Qoll, xəstə Çiçerin, Z.Molotov və bu kimi onlarla şəxslər onun hafizəsində yaşayırdı. Ancaq həmişə xatirələrini yekunlaşdıran Ramazan Xəlilov: «Gördüklərimin arasında Üzeyir bəyə tay ola bilən ikinci adama rast gəlmədim» - dəyə kədərlə xəyala dalardı...
       Onun Üzeyir bəyə sevgisi bənzərsiz və sonsuz idi. Düşünmək olardı ki, burada axı qəribə nə var? Üzeyir Hacıbəyovu hamımız sevirik. Uşaqlıqdan onun füsünkar musiqisi ilə böyümüşük. Sonralar təhsil alıb, musiqiçi kimi yetişərək bu dahi insanın ölçüyə gəlməz böyük əməllərinin heyranlıqla dərk edib ona səcdə etmişik, Ancaq Ramazan Xəlilov sevgimizə daha yeni keyfiyyətlər aşılaya bildi: mübarizlik, dönməzlik, mətinlik Üzeyir bəy sevgisi onun üçün həyat meyarı idi. Üzeyir bəyi səmimi sevənlər onun dostu, Üzeyir bəyə biganə olan, ona xor baxanlar isə Ramazan bəy üçün ən rəzil insanlar idi.
       25 il Azərbaycan musiqi fondunun direktoru vəzifəsində çalışan R.Xəlilov bütün bəstəkarlarla ünsiyyətdə olmuş, özü demişkən onları «jarennı», «varennı», «parennı» halda yaxşı tanıyırdı. Üzeyir bəyə münasibətə görə bütün bəstəkralar onunçun iki qütbə bölünmüşdü. Böyük ustada qarşi işlənən hər hansi hörmətsiz sözü, əməli o, heç vaxt cavabsız qoymazdı. Bu «cavablar» da müxtəlif olurdu. Heç yadımdan çıxmır: ... Bir dəfə filarmoniyada gedən konsert zamanı özünü «avanqardist» hesab edən bir bəstəkar ona yaxnlaşıb yaltaqcasına salam verdi... Ramazan bəy bu salami cavabsız qoyaraq düz onun gözələrinin icinə baxmağa başladı. Naqolay vəziyyətə düşən bəstəkar pərt halda soruşur - «Siz məni tanımadınız? Mən bəstəkar O.F. - yam». R.Xəlilov onu ikrahla süzüb - «Mən belə bəstəkar tanımıram» - deyərək çevrilib getdi.
       Xarakterindəki mübarizlik ömrünün sonuna kimi onunla yaşadı. Hər şeyə maraq göstərir, reaksiya verirdi. Xüsusilə Üzeyir bəylə bağlı heç nə diqqətindən yayılmazdı. Zaman-zaman araya çıxan təhrifləri və ya mətbuatda gedən yalnışları dərhal sezər, tez də cavablandırardı.

       1938-ci ildən o bütünlüklə öz həyatını Üzeyir Hacıbəyovla bağlayır. Moskvada keçən tarixi Azərbaycan mədəniyyəti və incəsənəti ongüluyündə o, həm Azərbaycan musiqi incəsənətinin, həm də dahi Üzeyir bəyin ümumittifaq miqyasda yüksələn şöhrətinin qəti qələbəsinin şahidi olur Bu illər həm bəstəkar həm ictimai xadim, həm də dövlətin yüksək rütbəli məmuru kimi olduqca ağır, çətin vəzifələr daşıyan Ü.Hacibəyovun yaxın dosta, sirdaşa ehtiyacı var idi.
        Ramazan Xəlilova ürəkdən inanan Üzeyir bəy ona şəxsi köməkçisi olmaq təklifi ilə müraciət edir. Bu təklifi can-başla qəbul edən R.Xəlilov Üzeyir bəyin seçiminin çox düzgün olmasını tezliklə sübut edir. Dahi bəstəkarın istər şəxsi, istər elmi ictimai həyatında Ramazan bəy ona layiqli arxa, həyan olur. Üzeyir bəyin rektor olduğu dövlət konservatoriyasında R.Xəlilov prorektor, Ü.Hacıbəyovun sədr olduğu Bəstəkarlar Ittifaqında Ramazan bəy musiqi fondu direktoru, Üzeyir bəy SSRI Ali Soveti deputatı olarkən R.Xəlilov rəsmi köməkçi kimi vəzifələr daşıyır. Azərbaycan musiqi incəsənətinin xüsusi yüksəliş dövrü olan 30-50-ci illərdə R.Xəlilov gənc bəstəkar və ifaçıların təhsilində, həyat şəraitlərinin yaxşılaşmasında, onların yüksəlişində Üzeyir bəylə yanaşı müstəsna xidmətlər göstərir, Görkəmli musiqişünasların mühazirələrlə, dirijor və ifaçıların konsertlərlə Bakıya dəvət olunaraq bizim musiqi həyatımızı canla ndırmasında R.Xəlilov həmişə maraqlı olmuşdur. Hətta onun təklifi ilə Üzeyir bəy konservatoriyanı bitirən bəstəkarların diplom işinin sinifonik orkestr ilə ifa olunması ənənəsini yaradır. Moskva, Leninqrad konservatoryalarının bir sıra professorlarını Bakı konservatoriyasına dərs deməyə də’vət edir, onları maraqlandırır.
       1991-ci ilin fevralında Moskva ətrafında «Ruza» bəstəkarların yaradıcılıq evində tanış olduğum Qorki (Nijni Novgorod) konservatoriyasının dosenti Aleksandr Sergeyeviç Benditski söhbətimiz zamanı bildirdi ki, II Dünya müharibəsi illərində o 10 yaşında olarkən bir müddət Bakıda yaşamışdır. Onun anası - professor Marans - Sverdlovsk konservatonyasında fortepiano üzrə ə’la mütəxəssis olduğu üçün Üzeyir bəy tərəfindən Bakıya, işləməyə də’vət olunur. Aleksandr Sergeyeviç xatırlayırdı ki, «o vaxt anamla məni dəmiryol vağzalında Xəlilov familiyalı gözəl, ziyalı bir kişi qarşıladı. O kişinin görkəminə, nəcib davraışına ilk andan məftun olduq...» Ramazan Xəlilov professor Maransı Üzeyir bəyin qəbuluna aparınb, ev-eşiklə tə’min olunmasına, digər şəraitlərin yaradılmasında yardımçı olub. Mən Benditskiyə deyəndə ki Ramazan bəy hal-hazırda (1991) Üzeyir Hacıbəyovun ev-muzeyinin direktorudur, o heyrətləndi, axı aradan 50 ilə yaxın vaxt keçmişdi. Israrla xahiş etdi ki, Ramazan bəyə onun, ailəsinin salamını və minnətda rlıq hisslərini yetirim. Bakıya dönərkən bu əhvalatı Ramazan bəyə danışdım. Gülümsədi... O da həmən günləri gözəl xatırlayırdı...
       Tanrı onu xoşbəxt yaratmısdı. Hətta həyatında kifayət qədər ağıllı-acılı günlər olsa da...
       Gözəl simasi, uca və mütənəsib qəd-qaməti, dərin zəkasi, zəngin nitqi, sadəliyi, mehribanlığı onu həmişə sevdirən cəhətlərdən olub. Ən maraqlısı bu idi ki, həmən keyfiyyətləri Ramazan bəy ömrünün sonuna qədər qoruyub saxlaya bilmişdi. Cavanlığında işvəkar qadınların ona marağı haqda əfsanələr bu günə kimi yaşayır. Lakin ona qarşı təkcə qadınlar deyil, kişilər də xüsusi maraq göstərmişlər. 1995-ci ildə Respublika Mədəniyyət Fondunda Bakı ziyalılarının onunla keçən görüşü zamanı yazıçı-yumorist Cahangir Aslanoğlu etiraf etdi ki: «Biz cavanlığımızda Ramazan Xəlilova bir ideal kimi baxırdıq. Onun gözəl görkəmi, zövqlü geyimi, kübar davranışı cavanları ona bənzəməyə sövq edərdi. Hətta o vaxtlar yazdığım «Gündəlikdə»də də bu hisslər öz əksini tapmışdır...»
       Ramazan Xəlilovun muzeydəki kabineti hər gün qonaqlı-qaralı olurdu: kimi nə haqdasa soruşurdu, kimi köhnə fotolarda əks olunan şəxsləri tanımaq istəyirdi, başqa birisi hansısa bir tarixi dəqiqləşdirirdi... Hamı bilirdi ki, ən doğru, düzgün, səhih məlumatı məhz R.Xəlilovdan almaq olar. Bilik və təcrübəsinə baxmayaraq o ömrünün sonuna kimi mütaliə edir, öyrənir, maraqlanırdı. Onunla həmsöhbət olmaq özü zövq mənbəyi idi. Yoldaşlığına isə söz ola bilməzdi. Iş günü ərzində ancaq bir dəfə çay içərdi. Ancaq hərdən məni yanına çağırıb deyərdi:
       - «Sərdar, nəsə bu gün könlümə plov düşüb, rəhmətlik anam da mənə deyərdi ki könlünə nə düşsə onu et. Gəl mənimlə birgə gedək...».
       Sözündən çixmazdım. Yaxşı aşxanaların birinə gedərdik. Hər yerdə onu yaxşi tanıyır, ürəklə qulluq edərdilər. Ancaq stolun pulunu özu verərdi... Cavanlıqdan adəti belə idi.
       Üzeyir bəylə Moskvada restorana getmələrini xatırlardı. «40-cı illərin ortalarında Moskvaya növbəti səfəri zamanı mehmanxanaya Üzeyir bəyin yanına orda təhsil alan azərbaycanlı tələbələr gəlir.Üzeyir bəyin işarəsi ilə R.Xəlilov hər tələbənin cibina 500 rubl pul qoyur. Tələbələri yola saldıqdan sonra ikilikdə restorana düşüb nahar etmək istəyirlər. Qara kürü sifariş vermək istəyən Üzeyir bəy onun baha olduğunu görüb, fikrindən daşınır. Bundan heyrətə gələn R.Xəlilov: «Üzeyir bəy, bir saat əvvəl 10.000 manat pul bağışladınız, indi özün-üzə 10 manat qıymırsınız» - deyə zarafat edir».
       Üzeyir bəyin tələbələrini R.Xəlilov xüsusi məhəbbətlə sevərdi. O tələbələrin çoxunun artıq xalq artisti, professor, dövlət mükafatı laureatı kimi fəxri adlar almiş, görkəmli, tanınmış bəstəkarlar olmasına baxmayaraq Ramazan bəy onlara özü tez-tez zəng edər, keflərini soruşar, qayğısına qalardı, Əşrəf Abbasov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Hökömə Nəcəfova və başqaları onun üçün Üzeyir bəyin yadigarı kimi çox əziz insanlar idi.
       1998-ci ilin yay ayları idi. Bir gün məni yanına çağırdı ki, gəl, Hacı Xanməmmədovun ad günüdür, bir təbrik-adres yazaq. Sonra telefonla Hacı müəllimə zəng vurub, muzeyə dəvət etdi. Görünür H.Xanməmmədov səhğbətindən şikayət edirmiş ki, R.Xəlilov təəccüblə soruşdu: «Ay Hacı, sən nə danışırsan, sən ki cavan oğlansan?».
       Məni gülmək tutdu. Axı o günlər Hacı müəllimin 80 yaşi tamam olacaqdı. Sadəcə Ramazan bəy onları 30-cu illərdə olduğu kimi elə o cür, cavan görürdü... Ancaq onlara qarşı daim diqqətli idi. Onların əlamətdar günlərində və ya yeni əsərlərinin ifasında R.Xəlilov mütləq iştirak edərdi, Eləcə də o öz işçilərinə qarşı bir ata kimi qayğıkeş, himayədar idi. Bir bəstəkar kimi mənim də əsərlərimlə maraqlanır, konsertlərimdə iştirak edirdi. Əsərlərimdəki milii ruhu məmnunluqla qeyd edərdi. Sonralar o Üzeyir bəyin bir-neçə yarımçıq qalmış əsərlərini tamamlamaq üçün, eləcə də «Milli marşı» yenidən redaktə edib, orkestr üçün işləməyi mənə sifariş etdi. Onun təşəbbüsü ilə filarmoniyada Məleykə xanım Hacıbəyovanın 100 illiyi münasibətilə xatirə-konserti keçirildi. Məhz bu konsert üçün mən xüsusi olaraq «Oxunmamış layla» simfonik poemasını bəstələdim.
       R.Xəlilovun Opera teatrı ilə də gözəl münasibəti var idi. Vaxtıylə bu teatrda icraçı - direktor kimi çalışan Ramazan bəy Üzeyir Hacıbəyovun operalarının ifaçıları ilə də həmişə maraqlanardı. Istər tanınmış, istər gənc ifaçıları muzeyə dəvət edər, ya da onların iştirakı ilə keçən tamaşalara gedərdi. Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Sara Qədimova, Gülxar Həsənova, Qəndab Quliyeva, Lütfiyar Imanov və başqaları tez-tez muzeyin qonağı olardılar. Gənc ifaçı Nəzakət Teymurovanın Leyli rolunda debütü olan premyerada R.Xəlilov da iştirak edirdi. Biz ikimiz lojada oturmuşduq. Qonşu lojada isə Türkiyəli qonaqlar əyləşmişdi. Anasının Məcnuna nəsihət etməsi səhnəsində Məcnunun anası rolunda çıxış edən Səfurə Əzimi öz qırmızı paltarı, çiyninə tökülmüş saçları ilə görünür Ramazan bəyin diqqətini cəlb etdi. Xeyli baxıb – «Sərdar, bu kimdir?» - deyə məndən soruşdu. Mən də cavabında - «Məcnunun anasıdır» - dedim. Bir az susub əlavə etdi: «Yaman cavan anası var». Zalda sükut hökm sürdüyü üçün bu sözlər ətra fda aydın eşidildi və qonşu lojadan türklərin biri yanındakından soruşdu: «Ne diyor, ne diyor?». Yanındakı izah etdi: «Diyor ki, annesi çok gencdir», Görünür həmən türk də məzəli adam imiş, tez əlavə etdi: «Böyle anneye kurban olurum» ətrafda gülüş qopdu. Ramazan bəy özü də qayğısız gülənlərə qoşuldu.

       1985-ci ildən bir bəstəkar kimi tez-tez yaradıcılıq ezamiyyətlərinə getməli olurdum. Keçmiş SSRI-nin və bir-neçə xarici ölkənin müxtəlif şəhərlərində keçən bir-sıra musiqili tədbirlərin iştirakçısı olmuşdum. Hər səfərdən qayıdanda təəssüratlarımı Ramazan bəylə bötüşürdüm. Hərdən bu təəssüratlar onun özüylə bağlı olurdu... 1988-ci ildə Özbəkistanın gənc bəstəkarları ilə görüşmək üçün Daşkəndə getmişdik. Orda M.Əşrəfinin ev muzeyinə dəvət olunmuşduq. Muzeyin divarlarında Üzeyir bəyin şəkillərini görüb, baş mühafizdən bu şəkillərin necə bura gəlib çıxmasını soruşdum. Bakıdan olduğumu bilən baş mühafiz (o M.Əşrəfinin qohumu idi) sevindi və bu şəkillərin Bakıdan Ü.Hacıbəyovun ev-muzeyindən aldığını dedi. Məlum oldu ki, M.Əşrəfinin ev muzeyini necə təşkil etmək üçün baş mühafiz dəfələrlə Bakıya gəlib və məhz Ramazan Xəlilovun özündən dəyərli məsləhətlər alıbmış və Ramazan bəyi böyük xeyirxah kimi onlar həmişə yad edirdilər. Doğrusu onun neçə-neçə şəhərlərdə hörmətlə məhəbbətlə xatırlanmasının şahidi olmuşam. Onu bir dəfə görən, heç vaxt unutmazdı.
       O,Üzeyir Hacıbəyovun səxavətindən, alicənablığından, geniş ürəyindən təvazökarlığından saatlarla söhbət edərdi. Bu keyfiyyətlər onun özündə də əksini tapmışdı. Onda hər kəsə nəsib olmayan bütovlük, tamlıq, harmoniya mövcud idi. Çox nadir hallarda işə gəlməyən Ramazan Xəlilov hər ilin son həftəsində mütləq 1-2 gün evdən çıxmazdı. Çünki dekabrın 27-də onun ad günü idi. Təvazökar və alicənab olduğu üçün istəməzdi ki, işçiləri onu təbrik edəndə hədiyyə alsınlar, xərcə düşsünlər. Belə şeyləri qəbul etməzdi. Özü isə əksinə, işçilərin ad günündə, xeyir-şərində mütləq özünü göstərərdi. Ancaq bir dəfə 1991-ci ildə onun 90 illik yubileyi xüsusi təntənə ilə keçdi. Bunun da məzəli tarixçəsi vardı. O dövrdə Ramazan bəyin oğlu Rüfət ABŞ-da yaşayıb-işləyirdi. Atasının həmişə son dəblə və zövqlə geyinməyi sevdiyini bilən Rüfət ad günü ərəfəsində ona gözəl bir kostyum göndərmişdi. Ramazan bəyin qızı Nərgiz xanım da atasının geyimlərini xüsusi olaraq Fransadan, Izraildən, ABŞ-dan gətirərdi. Kostyum Bakıya gəlib-çıxandan sonra Rüfət atasına telefon açıb, soruşur ki, kostyum xoşuna gəldi ya yox... Atası kostyumu geyinib, bəyəndiyini dedikdə Rüfət -«əlin cibində olsun» - deyir.
        Ata-oğul arasında həmişə zarafatla işlənən bu sözdən sonra Ramazan bəy əlini təzə kostyumun cibinə salır və orda xeyfi ABŞ dolları olduğunu görür... Rüfət isə atasından israrla xahiş edir ki, bütün dostlarını, ürəyi istəyən kəsləri restorana dəvət edib, öz 90 illik yubileyini keçirsin...
       … Yubiley «Köhnə Inturist»də keçirildi. Bu qeyri-adi, gözəl səmimi bir məclis idi. Məclisin tamadaları xalq yazıçısı Mirzə Ibrahimov və xalq artisti bəstəkar Tofiq Quliyev idi. T.Quliyev məclisdə R.Xəlilovun Azərbaycan Bəstəkralar Ittifaqının fəxri üzvü seçildiyini bəyan edib üzvlük kitabçasını sahibinə verdi. Məclisdə xalq rəssamı Mikayıl Abdullayev, bəstəkar Vasif Adıgözəlov, şair Vladimir Qafarov və onlarla teatr, kino, musiqi, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdi. Demək olar ki, bütün məclis boyu Ramazan bəy ayaq üstdə olaraq, qonaqlardan heç kimi diqqətindən kənar qoymadı, hər kəsin ünvanına mənalı, layiqli, gözəl sözlər söylədi. O axşam Ramazan Xəlilovun ünvanına deyilən sözlər də bu böyük insanın şərəfli, çoxşaxəli fəaliyyətinə və həyat yoluna çıraq tutdu, onun Azərbaycan xalqı üçün, cəmiyyətimiz üçün, mədəniyyətimiz üçün nə qədər dəyərli, əziz olmasını dönə-dönə vurğuladı.
       Ancaq R.Xəlilov öz ömrünə hələ yekun vurmaq fikrindən uzaq idi. Çünki görmək istədiyi işIəri, həyata keçməyən arzuları çox idi və o hər gün onlara yetmək üçün çalışırdı. Müxtəlif instansiyalara məktublar yazır, telefon açır, başa salır, tələb edirdi...
       ... Ən böyük arzusu Ü.Hacıbəyovun xatirə ev-muzeyini genişləndirib, təmir etdirmək, yeni ekspozisiya zalları, konsert-kino salonu daha nələr, nələr yaratmaq idi. 1975-ci ildə muzeyin açılışı zamanı Heydər Əliyevin dediyi sözləri tez-tez təkrar edərdi: «Bu muzey Üzeyir Hacıbəyov üçün çox darısqaldır...». Sözünün əvvəli də, sonu də Üzeyir bəy idi. Onu ulu məbədlərin səcdəgahında duran müdrik kahinlərə bənzətmək olardı. Sağlığında Üzeyir bəyin özünə, ailəsinə, sonra isə onun əməllərinə, müzeyinə, xatirəsinə bütün qəlbiylə sadiq olmuşdu. Və bu saf xidmətində öz həyat amalını görür, ondan zövq alırdı. Özünə qarşı heç bir təltif, xüsusi diqqət ummayan Ramazan Xəlilov istər-istəməz şöhrətin zirvəsinə ucalmışdı. Əməkdar mədəniyyət işçisi, professor fəxri adları və nəhayət respublikamızın prezidentinin əlindən «Şöhrət» ordeni alması, onun həyət və fəaliyyətinə verilən ədalətli qiymət idi. Kinorejissor Zaur Məhərrəmov onun haqqında sənədli film yaratdı. Şair Səyavuş Məmmədov ona neçə şer həsr etdi. Mstislav Rost ropoviç atasının Üzeyir bəyə yazdığı naməlum məktubu aşkar etdiyi üçün Ramazan Xəlilovu bağrına basdı... Neçə-neçə jurnalitstlər, teleproqramlar onun haqqında oçerklər hazırlamaq üçün növbədə durdu... O isə öz işində idi. 1996-cı ildə Üzeyir bəyin «Ensiklopediya»sının işıq üzü görməsində, sonra isə Üzeyir bəyə həsr olunmuş şerləri toplayıb «Şöhrət tacı» kitabının nəşrində (Səadət Qarabağlı ilə) böyük zəhmət, səy və əzmkarlıq göstərmişdi.
       98 yaşına qədər hər gün işə gələn Ramazan Xəlilovun son zamanlar üzündə yorğunlur, kədər hiss olunurdu. Ümumiyyətlə, şikayət etməyi sevməyən Ramazan bəy hərdən «yorulmuşam» - deyə piçıldayırdı. Biz bunu yaşı ilə əlaqəli bilirdik. Ancaq demə məşum xəstəlik onu içindən kəsə-kəsə yeyirmiş.
       Bütün ağrılara mərdənəliklə dözən Ramazan bəy çəkdiyi əzabları heç biruzə vermirdi. Son aya qədər işə gəlib-gedirdi. 1998-ci ilin dekabrında məni bir bəstəkar kimi Istanbula əsərimin ifasına dəvət etmişdilər. Səfər ərəfəsində bəzi sənədləri hazırlamaq üçün ora-bura «qaçmalı» olurdum. Hətta 1-2 gün işə də çixa bilmədim. Evinə zəng vurdum. Telefonu Ramazan bəy özü götürdü. Hal-əhval tutdu. Soruşdu: «Eşitdim Istanbula gedirsən?». ... Görünür mənim həmişəlik və ya uzun müddətə gedəcəyimi zənn edibmiş. Birdən kədərli, ağrılı bir səslə - «Yəni mən səni daha görməyəcəyəm?» - deyə soruşdu. Bu günə kimi qulaqlarımda hüznlə səslənən o səs ürəyimi yerindən oynatdı. «Iki həftəlik gedirəm, mütləq görüşəcəyik» - dedim.
       Istanbulda isə bizim hamımız üçün ağrılı-acılı, təəssüf döğuran bir həqiqətdən agah oldum; Türk musiqişünası Şənel Önaldı Üzeyir Hacıbəyovun «Azərbaycan musiqisinin əsasları» kitabını türkcəyə çevirib və öz adına çıxarıb nəşr etdirərək dərs vəsaiti kimi universitetlərdə tədris üçün yaymışdı... Həmən kitabı və bu xəbəri yayan «Hürriyyət» qəzetini əldə edib, Bakıya qayıtdım. Ilk öncə bu xəbəri Ramazan Xəlilova necə çatdıracağımı götür-qoy edirdim. Muzeydə mənə dedilər ki, «Ramazan bəy xəstədir, evdə yatır». Mən hələ də xəstəliyin ciddiliyinə inana bilmirdim. Evinə telefon açdım. Özüylə danışıb, məsələni xəbər verdim. Narahat oldu. Təcili məqalə yazıb, qəzetə verməyimi, sabah isə mütləq görüşməyimizi tapşırdı. Ancaq nə sabah, nə o biri gün mən onu görə bilmədim. 12/1-1999 tarixli «Xalq qəzeti»ndə «Üzeyir bəyin əsərləri talan olunur» adlı məqaləm çıxdığı gün, bütün Bakı ziyalıları, mədəniyyət və incəsənət xadimləri XX əsrin yaşıdı, canlı tarix, Üzeyir bəyin yadigarı olan Ramazan Xəlilovu son mənzilə yola s alırdı. Ölkə prezidenti Heydər Əliyevin imzatadığı nekroloq bu böyük insanın şərəfli həyatını, gözəl əməllərini, geniş fəaliyyətini bir daha bəyan edirdi.
       O, Bakıda, Fəxri xiyabanda, xalqımızın bu dünyadan göçmüş ən layiqli övladlarının, elmi, sənət, mödəniyyət xadimlərinin arasında dəfn olundu.
       XX əsr öz yaşıdını, özündə saxladı.
       Ramazan bəy muzeyin işçilərinə bir gözəl adət aşılamışda. Əlamətdar tarixlərdə, bayramlarda, müqəddəs, əziz günlərdə hamılıqla Üzeyir Hacıbəyovun, Məleykə xanımın və digər görkəmli şəxsiyyətlərimizin məzarını ziyarət edib, ruhlarını şad edərdik. Indi isə ziyarətimizə daha bir ünvan əlavə olunub ... Onun məzarı...
       ... Ruhun şad olsun - Ramazan bəy.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70