Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti
haqqında

F. Xalıqzadə.
 

         Məlumdur ki, Azərbaycan milli mədəniyyətinin keçmişini, bu gününü və gələcəyini unikal Şuşa şəhərinin ictimai-tarixi və bədii mühitindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Şuşanın füsunkar təbiəti və yüksək mənəvi ab-havası şəraitində saysız-hesabsız xanəndə və sazəndələr yetişmiş və böyük şöhrət qazanmışdır. "Qafqazın konservatoriyası" kimi şərəfli bir ada layiq görülmiş bu şəhərin zəngin musiqi ənənələri və eləcə də mütərəqqi maarif xadimlərinin fəaliyyəti musiqi elminin inkişafı üçün də son dərəcə əlverişli olmuşdur.
         Müasir Azərbaycan musiqişünnaslıq fikrinin təşəkkülü və inkişafında görkəmli Şuşa ziyalılarından sayılan Ağalar bəy Əliverdibəyovun da mühüm xidmətləri olmuşdur. Onun bu sahədəki fəaliyyəti bir sıra mütəxəssislər tərəfindən (S. Rüstəmov, A. Məmmədov, F. Əliyeva, A. Xəlilova) qeyd edilsə də, deyə bilərik ki, hələ tam mənasında dəyərləndirilməmişdir.
         Ağalar bəy Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə anadan olmuşdur. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Nətavanın süd qardaşı Kərbəlayi Ələkbərlə Telli xanımın altı övladından biri idi. Kərbəlayi Ələkbərin birinci nigahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar Nətavanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər.
         Ağalar bəy muğamın sirlərini məşhur xanəndə Hacı Hüsünün ustadı sayılan Mir Baba Mir Abdulla oğlu Vəzirovdan öyrənmişdi. Onun musiqiçi kimi yetişməsində xanəndələrdən Şükür Aruşanzadə və Muxtar Bədəlbəyli ilə ünsiyyəti və tarzən Cavad bəy Xazalanski ilə birgə çıxışları da böyük rol oynamışdı. Öz növbəsində Ağalar bəy Üzeyir Hacıbəyovun ilk müəllimi olmuş, dahi bəstəkarın qəlbində xalq musiqisinə və muğam sənətinə qarşı böyük məhəbbət hissi oyatmışdı.
         Ağalar Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olmuşdur. O, 1901-ci ildə Peterburq Texnoloji Institutunu, sonra isə Varşava Inşaat Institutunu bitirmişdir. Gənc mütəxxəssis 1813-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdir. O, həmçinin gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdir.
         A. Əliverdibəyov ixtisasca inşaat mühəndisi olsa da, Şuşanın mədəni mühiti onun bir musiqişünas kimi yetişməsində həqiqətən konservatoriya rolunu oynamışdır. Bu aydın zəkalı maarif xadiminin musiqi görüşlərində orta əsr nəzəriyyəçilərinin müəyyən təsiri özünü göstərsə də, o özünün yüksək bilik səviyyəsi və cari musiqi həyatına sıx bağlılığı sayəsində Azərbaycanda müasir musiqişünaslıq təfəkkürünün formalaşmasında müsbət rol oynamışdır.
         Gənc yaşlarından A. Əliverdibəyov müxtəlif xalqların musiqi tarixinə böyük maraq göstərmiş, bu mövzuya aid ədəbiyyatı diqqətlə mütaliə etmiş, Qarabağın və ümumiyyətlə, Azərbaycanın musiqi həyatı sahəsində qiymətli müşahidələr aparmış, öz fikir və mülahizələrini daima qələmə almağa səy göstərmişdir. A. Əliverdibəyov müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən "Musiqi tarixi" adlı dolğun məzmunlu kitab yazmışdır (əlyazma, 339 səh.)1.
         Həmin kitab, eləcə də xalq mahnı və təsniflərinin toplanılmasına böyük qayğı göstərməsi bu gözəl ziyalının musiqişünaslıq fəaliyyəti barədə danışmağa əsas verir.
         A. Əliverdibəyovun zəngin dünyagörüşü, geniş bilik dairəsi və eləcə də Şuşa mühitində qazandığı musiqi səriştəsinə müvafiq olaraq musiqişünaslıq maraqları da çox rəngarəng olmuşdur. Müxtəlif xalqların musiqi tarixinə yaxşı bələd olması, musiqinin təbiəti, yaranışı, təsir xüsusiyyətləri (bədii, psixoloji, müalicəvi və b.) kimi böyük problemlərin qaldırılması, milli musiqi mədəniyyəti ilə yaxından maraqlanması və bir sıra fikirləri A. Əliverdibəyovun geniş əhatəli musiqişünaslıq görüşlərini əks etdirir.
         "Musiqi tarixi" kitabı Çin, Yapon, Hind, Misir, Israil, yunan, Roma, ərəb, fars, türk, Azərbaycan xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş bölmələrdən ibarətdir. Bu bölmələrin yazılmasında müəllif istər rus və Avropa musiqi tarixçilərinin kitablarından, istərsə də bəzi Şərq musiqi risalələrindən yaradıcılıqla bəhrələnmişdir.
         Kitabın Azərbaycan musiqisi haqqındakı bölməsi həm müstəqil müşahidə və düşüncələrin məhsulu olmaqla, həm də dolğun məzmunu ilə böyük əhəmiyyət kəsb edir.
         A. Əliverdibəyov Şuşanın yüksək bədii atmosferini geniş tarixi-ictimai və mədəni şərait fonunda parlaq şəkildə əks etdirmişdir. Şəhərin təhsil müəssisələri (o cümlədən məşhur musiqi məktəbləri), şer və musiqi məclisləri ("Məclisi-üns", "Məclisi-fəramuşan"), bütövlükdə sənayei-nəfisənin inkişafı Şuşa musiqi mədəniyyətinin çiçəklənməsinə səbəb olmuşdur. Bir çox xanəndələr, tar və kamança ustaları, aşıqlar, habelə qaval və qarmon ifaçıları haqqında verilmiş dəyərli bilgilər, toy-düyünlərin və rəngarəng folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatının açıb göstərir.
         A. Əliverdibəyov Qarabağın musiqi salnaməsini yazmaqla yanaşı, başqa muğam məktəblərinin (Şirvan, Bakı) nümayəndələrini də qeyd edir, bundan başqa Irəvan, Lənkəran, Nuxa və Salyanın muğam ifaçıları haqqında dəyərli faktlar göstərir.
         Müəllifin Azərbaycan xalq musiqisinin bir sıra məsələlərinə fəal münasibəti elmi musiqişünaslıq baxımından da böyük əhəmiyyət daşıyır. Xalq musiqi həyatının ətraflı şərhi, janr təsnifatı məsələsində uğurlu cəhd göstərməsi, mürəkkəb folklor proseslərini izləməsi, çalğı alətləri və ifaçılıq sənətini işıqladırması şifahi ənənəli nümunələrin nota alınmasında yaxından iştirakı bunu parlaq sübut edir.
         Ağalar bəy özünün ifaçılıq təcrübəsində muğam, mahnı və təsniflərə əsas yer ayırsa da, xalq musiqisini küll halında öyrənməyə çalışmış, müasir elmi təsəvvürlərlə həmahəng səsləşən təsnifat növünü ortaya qoymuşdur. Onun sadaladığı dörd xalq musiqi yaradıcılığı sahəsindən birincisi ("əğnyaların və əyanlar arasında istemal olan musiqi") muğamat sənətini, digəri isə aşıq havalarını nəzərdə tutursa, "Qaraçılar musiqisi" adlandırılan və geniş kütlələrə ("qara camaata") aid edilən üçüncü növə həm mahnı, həm də oyun havalarını şamil etmək olar. Adları çəkilən musiqi növləri hal-hazırda geniş yayılmış təsnifat sistemilə əsasən üst-üstə düşür. Mahnı və rəqs musiqisinin A. Əliverdibəyov tərəfindən bir qrupda birləşdirilməsi, çoban musiqisinə isə xüsusi bir yer ayrılması bəzi fərqli cəhətlər kimi göstərilə bilər.
         Müəllif həmin musiqi janrlardan başqa, "Şəbeh" tamaşalarında istifadə olunan dini musiqini, idman yarışlarını müşayiət edən cəngi havalarını və yaslarda ağıların oxunmasını da qeyd etməyi unutmur. "Musiqi tarixi" əsərinə görə demək olur ki, ağılar xidməti məqsədlərdən başqa həmçinin estetik funksiya da daşıyırdı: "nəzm və əşarın o dərəcədə xalq kütləsinə nüfuzu olubdur ki, hətta yas mərasimi şairanə, müəyyən bir rəng-rövnəq qazanmışdı ("Qobustan", 1987, 3, s. 4).
         Təhlil olunan əsərə əsasən bir sıra musiqiçilərin keçmişdə müxtəlif vəzifələr daşıdığı məlum olur. Belə ki, xanəndələr həm muğam dəstgahlarını ifa edər, həm də şəbeh tamaşalarının musiqi tərtibatında fəal rol oynayardılar. Və ya toylara dəvət olunmuş kamançaçalanlar eyni zamanda zurnada da çalmağı bacarırdılar. Müəllif yazır: "Oxuyanlara məlum olsun ki, Şuşa şəhərində nə qədər kamançazən var idisə, onların hamısı da zurnaçı olmuşdu"2.
         Bundan başqa, zurnada çalınan muğam parçalarının nəvağət termini ilə adlandırılmısı da bəyan edilir. "Belə ki, muğamatı tar və kamançada çalanda dəstgah, zurnada isə çalanda nəvağət adı verirlərdi"3.

A. Əliverdibəyov müxtəlif musiqi janrları arasındakı əlaqələri və təsirləri də çox incəliklə sezə bilmişdir. Məsələn, "qaraçılara" məxsus qədim və sadə folklor mahnılarının xalq musiqisində bünövrə rolunu oynaması aşağıdakı qeyddən məlum olur: "Bu mahnılar ağızdan-ağıza keçib, nöqsanları təkmil olunub və gələcək ədəbi və vəznli mahnılar üçün məvad (material) ədd olunurdu"4. Müasir folklor tədqiqatları göstərir ki, arxaik nəğmələr və nisbətən sonralar yaranmış xalq mahnıları arasında lad və melodik əlaqələrin olmasına baxmayaraq, onların mətni təkmilləşdirilmiş, vəzn əsası isə daha mütəşəkkil keyfiyyət qazanmışdır.
Tədqiqat əsərinin "Azərbaycan musiqisi" bəhsində milli muğam sənətimizin özünəməxsus növü sayılan zərbi-muğamların tarixinə işıq tutan bir maraqlı qeyd də vardır. A. Əliverdibəyov "Mənsuriyyə" və "Səmai-şəms"in zərbi-muğam şəklinə düşməsini Sadıqcanın adı ilə bağlayır ki, bu da janrın son əsrlərdə təşəkkül tapdığını düşünməyə əsas verir: "Bunun (Sadıqcanın – X. F.) təşəbbüsatına görə "Mənsuriyyə"ni və "Səmai-Şəms"i dairənin dəm tutması ilə ifa edirlər"5.
Nəzərə çatdıraq ki, göstərilən nümunələrin hal-hazırda iki ifa variantı məlumdur (zərb ilə və zərbsiz).
A. Əliverdibəyov musiqinin heyvanlara göstərdiyi təsiri məsələsini Şərq xalqlarının (hind, ərəb, Azərbaycan) təcrübəsi əsasında şərh edir. Bu baxımdan Qarabağ folklorundan alınma nümunələr xüsusi əhəmiyyət daşıyır. "Qarabağ atları musiqiyə o dərəcədə alışmışlar ki, cıdıra çıxan vaxtı zurnada "Koroğlu" havasını çalanda atları yerlərində saxlamaq mümkün deyildi. Musiqinin başqa növlərə təsiri şayani-diqqətdir. Qarabağ atları su içən vaxtı bunlara məxsus müəyyən bir mahnı, fit çalınmasa, su içməkdən çəkinirlər"6.
Yaxud, qoyun sürülərinin bəsit bir qamış tütəyi ilə idarə olunmasını söyləyən müəllif günün müəyyən vaxtlarında "Yaylımı", "Yığılma" və "Qayıtma" havalarının çalındığını qeyd edir. Bu kimi nümunələrin əldə edilib ciddi araşdırılması Azərbaycan folklorşünaslığının mühüm vəzifələrindən olmalıdır.
A. Əliverdibəyov Azərbaycan musiqi folklorunda baş verən proseslərin mahiyyətinə varıb olduqca dərin və qiymətli müşahidələr aparmış, yeni dövrün tələblərinə uyğun olaraq, xalq mahnılarının Avropa not sistemi vasitəsilə yazıya almaq zərurətini qeyd etmişdir. "Azərbaycanda hər bir yeni ləhnlərin və mahnıların vətəni Qarabağ olub, buradan cəmi Qafqaziyaya ağızdan-ağıza tövsiyə olunmuşdu. Belə üsulla nəşr bəzi qəzalarda mövcud ləhnlərin və mahnıların təğyir və təbdil (dəyişdirmə) tapmağına, bir müddətdən sonra bilmərrə (tamamilə) məhv olmağına səbəb olmuşdu. Bu mahnıların və ləhnlərin nota köçürülməyin və həmişəlik qeyd etməkliyin lüzumu və ehtiyacı görünürdü. Bu niyyəti hüsula gətirmək üçün bu sahədə birinci qədəm qoyan Üzeyir Hacıbəyov olmuşdu" (s. 9).
Üzeyir bəyin bu işə hələ gənc yaşlarından başlaması faktı da son dərəcə diqqətəlayiqdir. "Hələ seminariyada oxuyarkən bir neçə Azərbaycan xalq mahnılarını nota salmışdı" (s. 9).
Bu sahədə A. Əliverdibəyovun özünün fəaliyyiəti hələlik yalnız ümumi şəkildə bəllidir. Görkəmli bəstəkarımız S. Rüstəmov onun vəfatından xeyli sonra çıxmış mahnı toplusunun ön sözündə yazmışdır: "Böyük musiqi həvəskarı Ağalar bəy Əliverdibəyovun əlyazmasında altı yüzdən artıq xalq mahnı və təsniflərinin mətnləri var idi. Ağalar bəy mahnıların mətninə baxan kimi melodiyasını yada salıb oxuyardı. Mən onların içərisindən iki yüz mahnı seçib nota köçürmüşdüm"7.
Təssüf ki, A. Əliverdibəyovun ifasından konkret olaraq hansı mahnıların yazıya alınması və onların hansı not məcmuələrində yayınlanması tam aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası EA Memarlıq və Incəsənət Institutunun arxiv materialları məsələni bir qədər işıqlandırır. Burda saxlanılan bir musiqi qovluğunun iki hissəsində müvafiq olaraq 50 və 49 xalq mahnısının əlyazması toplanmışdır. Birinci hissənin ilk səhifəsində nümunələri oxumuş (A. Əliverdibəyov) və nota yazmış (S, Rüstəmov) şəxslərin adları və tarix (25/V-8/VI-36 q.) qeyd olunmuşdur. Mahnıların üslub etibarı ilə yaxınlığını nəzərə alsaq, onların (cəmi 99 nümunə) bir nəfər tərəfindən təqdim olunduğunu ehtimal etmək olar. Bu əlyazmaların böyük qismi ikicildlik məcmuədə çap olunmuşsa da, digər məcmuədəki (1967) nümunələrin "tərcümeyi-halı" gizli qalır və tərtibatçının "Ön söz"də ifa etdiyi fikri hələlik konkret misallarla təsdiqlənmir.
A. Əliverdibəyov sadəcə olaraq zəngin bir informant deyil, doğma musiqi folklorunun qayğıkeş toplayıcısı hesab edilməlidir. Həmin musiqi nümunələri hər hansı bir zümrəyə mənsub olmadığına görə, onlara bu və ya başqa xanəndənin, yaxud el nəğməkarının repertuarı kimi baxmaq olmaz. Toplama işi isə müxtəlif üsullarla həyata keçirilə bilər – xalq mahnılarını kimi texniki vasitələrlə, kimi də müəyyən yazı işarələrinin köməyi ilə toplaya bilər. Ağalar Əliverdibəyov isə el havalarını əvvəlcə özünün qeyri-adi musiqi hafizəsinə köçürmüş, sonra da onların nota yazılmasında bəstəkar S. Rüstəmova böyük yardım göstərmişdir.
A. Əliverdibəyovun oxuduğu mahnılar arasında bir çox məşhur nümunələri göstərmək olar: "Söhbət saz ilə", "Yaxan düymələ", "Çalpapaq", "Kəklik", "Nəzr eyləmişəm", "Üçtelli durna", "Xumar oldum", "Neylərsən", "Dedim bir busə ver" və s. Həmin məcmuədə müasir dinləyicilərə az tanış olan mahnılar da vardır: "Gəl, gəl ay ellər gözəli", "Altımda madyan", "Ay loylu", "Can qurban eylər", "Tirmə şalım", "Qızım", "Pinəçi mənəm" və b.
Eyni zamanda A. Əliverdibəyovun səsindən nota yazılan bəzi nümunələr hələ indiyə qədər işıq üzü görməmişdir. Onların nəşri və araşdırılması da milli musiqişünaslığımızın mühüm vəzifələrindəndir.
Gördüyümüz kimi, "Qafqazın konservatoriyası" sayılan gözəl Şuşanın yetirdiyi mütərəqqi Azərbaycan ziyalısı Ağalar bəy Əliverdibəyov həm musiqi tarixçisi, həm də doğma musiqi folklorunun toplayıcısı və bilicisi kimi maraqlı musiqinünaslıq fəaliyyəti göstərmişdir. Onun qələmindən çıxmış sanballı "Musiqi tarixi" və səsindən nota köçürülmüş xalq mahnıları tədqiq olunduqca bu görkəmli şəxsiyyətin bir musiqişünas kimi parlaq siması daha aydın görünəcək və onun milli musiqi elminin inkişafında oynadığı rolu daha yaxşı dərk olunacaqdır.

1 A. Əliverdibəyovun "Musiqi tarixi" kitabı Azərbaycan dilində (ərəb əlifbası ilə) yazılmış və Respublika Əlyazmaları Institutunda saxlanılır (Inv. B-50 07-25967). Kitabın "Azərbaycan musiqisi" adlı bölməsi filoloq-alimlər prof. Arif Məmmədov və dos. Vəli Məmmədov tərəfindən kirilə transkripsiya olunmuş və "Qobustan" jurnalının 1987-ci il, 3-cü sayında dərc edilmişdir. Məqaləmizdə irəli sürülən əsas məqsədlə əlaqədar biz həmin mənbəyə istinad etmişik. "Musiqi tarixi"nin qalan bütün hissələri (türk musiqisinin ritmləri haqqında bölmə istisna olunmaqla) A. Xəlilovanın diplom işində kiril əlifbasına çevrilmişdir. "Aqalar Aliverdibekov i eqo "Istoriya muzıki", Baku, 1997.
2 Göstərilən mənbə, s. 10.
3 Göstərilən mənbə, s. 10.
4 Göstərilən mənbə, s. 4.
5 Göstərilən mənbə, s. 5.
6 2 Göstərilən mənbə, s. 4.
7 Azərbaycan xalq mahnıları (nota yazanı S. Rüstəmov). Bakı, 1967.
8 Azərbaycan xalq mahnıları. I-II cild, Bakı, 1956-1958.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70