“CAHARGAH” ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
 

        «Şur» nəşriyyatında respublikamızın tanınmış musiqişünası, Azərbaycanın Əməkdar incəsənət xadimi sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun «Cahargah» muğam dəstgahının nəzəri əsasları»1 adlı yeni elmi əsəri çapdan çıxmışdır. Müəllif uzun illər boyu özünün elmi yaradıcılığında işlədiyi metodlar zəminində ən geniş yayılmış muğam dəstgahlarından olan «Cahargah»ın musiqi dilini hərtərəfli nəzəri təhlilə cəlb etmşdir. Nəzərdən keçirilən bütün məsələlərin (lad, melodika, çoxsəslilik, ritm, forma) müxtəlif təzahürləri aydın elmi dildə şərh olunmuşdur. Anlaşıqlı ifadə tərzi, kifayət qədər not misallarından istifadə olunması əsəri oxunaqlı edir, onun nəinki müxtəlif ixtisaslı musiqiçilərdə, habelə muğam həvəskarlarında da maraq oyadacağına zəmin yaradır. Kitab bir dərslik kimi düşünülməsə də tədris prosesində də bir vəsait kimi istifadə oluna bilər.
R.Zöhrabov tədqiqat obyekti kimi «Cahargah» muğam dəstgahının ən gözəl ifa nümunələrindən birini-respublikanın xalq artisti Bəhram Mansurov, əməkdar artist Tələt Bakıxanov və xalq artisti Yaqub Məmmədov üçlüyünün bənzərsiz təfsirini əsas götürmüş, bəstəkar və musiqişünas Nəriman Məmmədovun 1970-ci ildə Moskvada çapdan çıxmış not yazılarını diqqətlə incələmişdir.
       Bildiyimiz kimi, klassik muğam sənəti Azərbaycan milli musiqi mədəniyyətinin ən uca zirvəsini təşkil edir. Dünya miqyasında böyük rəğbət qazanmış bu möhtəşəm sənət əsrlər boyu şifahi ənənələr əsasında inkişaf etdirilərək heyrətamiz peşəkarlıq keyfiyyətləri əldə etmişdir. Ən istedadlı ifaçılarımızın, xanəndə və sazəndələrimizin neçə-neçə nəsli muğamatın təkmilləşdirilməsində, daha da cilalanmasında əvəzsiz xidmətlər göstərmiş, ona öz məharətini, zövqünü və hərarətli nəfəsini qatmışdır. Ifaçıların bədii təxəyyülünü qanadlandıran muğam sənətkardan sənətkara, ifadan ifaya dəyişir, hər dəfə sanki yenidən doğulur. Muğam ənənələri, muğam təfəkkürü özünün əsl mahiyyətini bütün dəyərli ifaların məcmusunda göstərir.
       Ramiz Zöhrabov öz elmi əsərində tədqiq etdiyi muğamın gözəl bir örnəyinə müraciət etmişdir. Tədqiqatın beş bölməsi oxuculara bütün dəstgah boyu bələdçilik edir, «Cahargah» aləmində gəzişmələr kimi qavranılır.
       Kitabda ilk növbədə araşdırılmış olan musiqi ifadə vasitəsi laddır. Təsadüfi deyil ki, Ü.Hacıbəyov muğamın ciddi lad qanunauyğunluqlarını Azərbaycan milli musiqisinin əsasları hesab edərək özünün məşhur elmi təlimini yaratmışdır. Bütöv bir sistem halında öyrənilmiş və sonradan da inkişaf etdirilmiş lad nəzəriyyəsi R.Zöhrabov tərəfindən «Cahargah» dəstgahına uğurla tətbiq edilmişdir. Lad məfhumu təkcə muğam melodikasının əsasını təşkil etmir, eyni zamanda onun quruluş arxitektonikasının və dramaturji inkişafının da başlıca aləminə çevrilir. Zəngin lad proseslərinə həmçinin pərdələrin dəyişkənliyindən doğan rəngarəng intonasiya çalarları da daxil olur.
       Rəy verilən kitabda dəstgahın hər bir hissəsində istifadə olunan diapazon, ladın iki növ səs sırası, istinad pərdələri, alterasiya xüsusiyyətləri, şöbədən şöbəyə keçid və modulyasiyalar özünün konkret və dolğun təzahürləri ilə araşdırılır və geniş şərhini tapır. «Cahargah» ladında mayenin üst aparıcı tonunun yüksəldilməsi, son təsnifi təqib edən «Mənsuriyyə»nin keçmişdə istifadə olunmaması maraqlı qeydlər kimi diqqəti cəlb edir.
       Növbəti bölmə, «Cahargah» muğamının bütün melodik xüsusiyyətləri toplusuna-melodikaya həsr olunmuşdur. Bundan əvvəl nəzərdən keçirilmiş lad təzahürləri ilk növbədə intonasiya və avaz cəhətində aşkarlandığı üçün ilk bölmələr bir-biri ilə qırılmaz tellərlə əlaqələnir.
       Ikinci bölmə öz daxilində iki qismə ayrılır:
       1) Musiqi tematizmi,
       2) Melodiyanın formaları.
       Musiqi əsərlərinin obrazlı emosional məzmununu yaradan tematizm məntiqi forma inkişafınının başlıca cəhətlərindən biri hesab olunur. Muğam tematizmi Avropa musiqisinin meyarlarına uymadığından bir zamanlar onun varlığı da ciddi mübahisələrə səbəb olurdu. Daha sonralar bu anlayışın muğam sənətinə də xas olması, fəqət özünəməxsus formalarda təzahür etməsi təsdiq olundu.
       Naxışlarla bəzədilmiş, bir növ ornamentalizm örtüyünə bürünmüş muğam tematizmi içərisindən onun cövhərini tapmaq və bütün dəstgah daxilində fəaliyyətini izləmək tədqiqatçıdan yəksək səriştə, hissiyyatla məntiqin sıx birliyini tələb edir. Professor R.Zöhrabov bu məsələyə həssaslıqla yanaşmış, hissələr arasında dərin intonasiya-tematik əlaqələri üzə çıxara bilmişdir.
       Müəllif «Cahargah»ın baş mövzusunu ən tipik lad pərdələri ilə səciyyələndirmiş, onun şəkli dəyişmələrini Rəng (¹4), Təsnif (¹6), «Hasar» və «Mənsuriyyə» hissələrində incələmişdir. Dəstgaha daxil olan iki təsnif nömrəsinin (¹3 və ¹6) özündən əvvəlki şöbələrlə bağlılığı, xüsusilə də ikincinin, «Bəstə-Nigar»ın ayaq intonasiyalarından cucərməsi və dəqiq ölçü qəlibinə salınması maraqlı müşahidələrdəndir. Dəstgahın şöbələrində, əlavə nömrələr adlandırılan təsnif və rənglərdə tematik məzmunun heç bir elementi müəllifin diqqətindən yayınmayaraq təhlil nümunələrində öz şərhini tapmışdır.
       Muğama daxil olan melodiyaların formaları birinci növbədə iki növə ayrılır- vokal və instrumental. Onlar eyni lad-tematik məzmuna malik olsalar da, bir-birindən kifayət qədər fərqlənir. Hətta gələcəkdə hər bir alətə məxsus (tar, kamança, ud, balaban və s.) ifa variantlarının ayrılıqda öyrənilməsi perspektivi də görünməyə başlayır.
       Kitab oxucuları muğamatın zəngin melodiya formaları ilə tanış edir. Ümumən qəbul edilmiş reçitativ və mahnıvari oxumalarla yanaşı muğamın vokal toxumasına avazlı və instrumental səciyyəli ifa tərzləri də daxil olur və bir-biri ilə sıx əlaqəyə girirlər. Məsələn, xanəndənin partiyasına instrumental ünsürlərin daxil edilməsi və onların yarışı konsert üslubunu meydana gətirir.
       Muğam ifaçılığına xas olan çoxsəslilik təzahürlərinə agrıca bir bölmə həsr olunmuşdur. Ümumiyyətlə, Azərbaycan milli musiqisində çoxsəslilik məsələsinin öyrənilməsi bir qədər gec başlanılmış və buna görə də təksəslilik tərəfdarlarının stereotip görüşlərini dəf etməli olmuşdur. Hal-hazırda belə mübahisələr faktiki olaraq aparılmasa da mövzunun başqa bir müstəviyə köçürülməsi monodiyada çoxsəslilik məsələsini aktuallaşdırmış və hələlik onun tam aydınlığa qovuşduğunu söyləmək çətindir. Səs toxumasının görünən tərəfi ilə daxili mahiyyətinin tam üst-üstə düşməməsi həm qavrayış və təfəkkür prinsiplərinə marağı artırır, həm də məsələyə sadəcə olaraq faktura mövqeyindən yanaşmağı tələb edir. Lakin bütün üsullar və baxışlar konkret musiqi nümunələrinin yazıya alınıb səliqəli təhlilinə əsaslanmalıdır.
       Bu baxımdan tədqiqatın «Çoxsəslilik» bölməsi maraq doğurur. Burada oktavalı unison, kontrast tipli iki-üçsəsli burdon (dəm səsi), polifonik ikisəslilik, imitasiyalı ikisəslilik, kanonlu imitasiya üsullarının istifadəsi göstərilir və müəllif öz mövqeyini kifayət qədər musiqi misalları ilə açıqlayır.
       Ümumiyyətlə, muğamın şöbələrində musiqi toxumasının eyni bir şəkildə qalmaması, əksinə, canlı orqanizm kimi daima fəaliyyətdə olması oxucunun nəzərinə çatdırılan mühüm fikirlərdəndir. Tar və kamançanın canlı dialoqu, öz funksiyalarını dəyişə bilməsi, xanəndənin onlara qoşulması, burdonun hərəkət etməsi, haçalanması, partiyalar arasında yeni uzlaşmaların meydana gəlməsi və əvvəlkilərin bərpası bunu sübut edir. Bütün bu proseslərin dinləyici üçün gözlənilməz olması, elə ifaçının özü üçün də bədahətən baş verməsi muğam sənətinə qarşı göstərilən canlı marağın daha bir amili hesab edilə bilər.
       Daha sonra bütün dəstgah boyu təcəssüm etdirilən müxtəlif səciyyəli ritmik xüsusiyyətlər izah edilir. ««Cahargah» muğam dəstgahının ritm quruluşu instrumental hissələrdə (rənglərdə), vokal-instrumental nömrələrdə (təsniflərdə) və bilavasitə muğam şöbə və guşələrində rast gəlinən ritmlərin məcmusundan təşkil olunur» (səh. 64).
       Qeyd etmək lazımdır ki, əruz vəzninin muğam şöbələrində tətbiqi və eləcə də, dəqiq ritmli hissələrə təsiri professor E.Babayevin əsərlərində geniş və xüsusi şəkildə tədqiq olunduğu üçün (bax. «Ritmika azerbaydcanskoqo dastqəxa», Baku 1990) müəllif «Cahargah» dəstgahında zaman təşkilinin başqa cəhətlərinə diqqət vermişdir.
       Məsələn, dəfin partiyasında təsadüf olunan 2/4, 3/4, 6/8 ölçülü ritmik formullar (üsullar) özünün daxili quruluşu və variantlaşma imkanları ilə təqdim olunurlar. Həmin variantları bir-birindən ayırmaq üçün burada zaman vahidləri mənasını verən «payların» sayı göstərilir (məsələn, üçpaylı, dördpaylı və s. ritmik quruluşlar). Bu kəmiyyət göstəriciləri öz-özlüyündə kifayət olmadığından nəzərdə tutulan ritmik ardıcıllıqlar hər dəfə not işarələri ilə açıqlanmışdır.
       Əsərdə müğam şöbələrinin sərbəst ritmik quruluşu müxtəlif ölçülərin (şərti mənada) ardıcıllaşması kimi, yəni qeyri-müntəzəm metrik dəyişkənlik kimi izah edilir.

       Sərbəst ritmika şəraitində tətbiq olunmuş ritmik fiqurlar da vahidlərin (payların) sayı ilə səciyyələndirilir. Üçpaylıdan tutmuş on dördpaylıya qədər fiqurların sıralanması çoxsaylı misallarla əyani şəkildə təqdim olunur və muğamın zaman axarında baş verən proseslərin zənginliyini bir daha göstərir.
       Əsərin son bölməsi (Musiqi forması) hər bir hissənin daxili quruluşunu təyin etmək məqsədi ilə əlaqədar yığcam alınmışdır. Lakin burada meydana gələn ayrı-ayrı formaların heç biri nəzərdən yayınmamışdır. Bu formalar quruluş etibarı ilə milli musiqi təfəkkürünün özünəməxsus nəticəsi kimi qavranılır.
       Məsələn, dəqiq ölçülü nömrələrdə dördhissəli (təsnif ¹3 və Rəng ¹8), beş cümləli (Dəraməd), altıhissəli (Rəng ¹4), yeddihissəli (Təsnif ¹12) formaların qeyri-adi quruluşu dərhal nəzərə çarpır. Improvizə təbiətli muğam şöbələrinin quruluşu isə daha az dərəcədə reqlamentə salınmış, hərçənd ki, lad qanunauyuğunluqları həmişə ciddi şəkildə gözlənilir. Təkcə «Zərbi-Mənsuriyyə» məlum forma-sxemlərindən biri kimi izah olunur –kodalı rondo. Eyni zamanda onun bir sıra quruluş xüsusiyyətləri, məsələn, refrenin yeri (girişin ikinci hissəsi) orijinal milli üslubdan xəbər verir.
       Bütün yuxarıda deyilənlər oxucuları rəy verilən tədqiqat əsərinin başlıca məzmunu ilə ümumi şəkildə tanış edir. Ümidvaram ki, «Cahargah» muğam-dəstgahının nəzəri əsasları» kitabı musiqi ictimaiyyətinin marağına səbəb olacaqdır.
       Professor Ramiz Zöhrabovun yaradıcılığına başqa ölkələrdə də maraq göstərilir. Bu yaxınlarda musiqişünasın «Muğam» kitabı Iranda «Musiqiye-məqami Azərbaycan (Muğam)» adı ilə nəşr olunmuşdur. Kitabı fars dilinə Əlaüddin Hüseyni tərcümə etmişdir.


        1 Ramiz Zöhrabov. «Cahargah» muğam dəstgahının nəzəri əsasları. Bakı, «Şur» nəşriyyatı, 2000. 85 s.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70