XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ
 

       Söz və kitab – şifahi ən’ənə və yazı mədəniyyəti... Əsrlər boyu mədəniyyətin bu iki qolu paralel xətlər üzrə inkişaf etmişdir: hərəsinin öz fəaliyyət qanunauyğunluqları, yaddaş mexanizmi mövcud idi... Müəyyən tarixi məqamlarda bu mədəni axınların qarşılıqlı əlaqəsi də müşahidə olunmuşdur. Neçə-neçə nəsillər tərəfindən şifahi yolla yaşadılmış və XV əsrdə qələmə alınmış «Kitabi-Dədəm Qorqud» eposunu yada salsaq kifayət edər. XX əsrdə isə şifahi ən’ənə yazı mədəniyyəti ilə daha sıx təmasa girir... Belə geniş mədəni-tarixi kontekstdə götürülsə, qeyd edə bilərik ki, T.Məmmədovun bu günlərdə işıq üzü görmüş «Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti» başlıqlı dərs vəsaiti şifahi və yazılı mədəniyyətin təmasının artıq XXI əsrə təsadüf edən yeni bir təzahürüdür. Bu əsərdə Azərbaycan aşıqlarının neçə-neçə qərinələrdən bəri şifahi yolla ötürülmüş zəngin bilgilər toplusu ümumiləşdirilərək dərs vəsaiti şəklind ə təqdim edilmişdir. Sənətşünaslıq doktoru Tariyel Məmmədov Azərbaycan etnomusiqişünaslığında özünəməxsus yer tutmuş bir neçə elmi əsərin müəllifidir. Lakin hazırki dərs vəsaiti müəllifdən daha çox məs’uliyyət tələb etmişdir: çünki gərgin elmi fəaliyyətin sonucunda əldə edilmiş nəticələri oxuculara sistemləşdirilmiş şəkildə və səlis dillə çatdırmaq o qədər də asan iş deyil.
       Istənilən şifahi ən’ənəvi professional səciyyəli sənət növündə özünəməxsus qavrama üsulları və nəsildən-nəslə ötürülmə mexanizmi işlənilib biçimlənmişdir. Bu baxımdan aşıq sənəti də istisna təşkil etmir. Bu qədim yavradıcılıq növü ilə az-çox tanış olan şəxslər təsdiqləyə bilərlər ki, onun özünəməxsus terminoloci sözlüyü mövcuddur. Yeri gəlmişkən, vurğulayaq ki, aşıqlar tərəfindən xüsusi istilahların işlənməsinə Azərbaycan etnomusiqişünaslığında ilk dəfə olaraq hörmətli alimimiz Ə.Eldarova diqqət yetirmişdir. Lakin, zənnimizcə, bu istilahlar toplusu o dərəcədə mükəmməl və əhatəlidir ki, biz tam qətiyyətlə aşıq sənətində bitmiş nəzəriyyəni mövcudluğu haqqında da söhbət aça bilərik. Əsrlərin süzgəcindən keçmiş və cilalanmış bu nəzəriyyə aşıq musiqisinin bütün qatlarını - xırda seqmentlərdən (xallardan, güllərdən) başlayaraq dastan səviyyəsinə qədər anlamları əhatə edir. Səciyyəvidir ki, haqqında rə’y yazdığımız kitabda da bütün bu qatları aşkarlamaq və araşdırmağa cəhd göstərilmişdir.
       Belə ki, kitabın giriş hissəsində aşıq sənətinin xalq-professional mədəniyyət növünə aidliyi sübuta yetirilir. Önəmlidir ki, bu məqamda «şifahilik», «ən’ənə», «variant», «invariant» və digər bu kimi istilahların özəllikləri anlaşıqlı tərzdə izah olunur. «Xalq-professional musiqisinə» həsr olunmuş I fəslin müddəaları yuxarıda adlarını sadaladığımız anlayışların açıqlanması kimi qəbul olunur. Burada bizim nəzərimizi xüsusilə I fəslin başlanğıcında verilmiş xalq mədəniyyətilə professionla mədəniyyətin müqayisəsi təhlilinin cədvəli cəlb etdi. Bu analitik üsulun təqdirəlayiq cəhətlərindən biri də ondan ibarətdir ki, ondan istifadə edən müəllif tavtologiyaya yol vermədən, məsələni tamamilə yeni nöqteyi-nəzərdən təhlil edir. Söhbət müasir elmin ən yayılmış axınlarından biri olan kommunikasiya nəzəriyyəsindən gedir. Zənnimizcə, məhz bu nəzəriyyənini tətbiqi müəllifə xalq və professional mədəniyyətinin dərin özəlliklərini üzə çıxarmağa imkan vermişdir.
       Ilk fəslin digər üstün cəhətlərindən biri də ondan ibarətdir ki, aşıq sənəti təbii bir kontekstdə, yə’ni bütün Azərbaycan xalq yaradıcılığı əhatəsində təsvir olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, istənilən folklor örnəyinin onun üçün təbii olan bir durumda təhlili də müasir etnoqrafiyanın əsas tələblərindən biridir. Məhz belə olan halda xalq təfəkkürünün ümumi qanunauyğunluqlarını üzə çıxarmağa imkan yaranır.
       Dərs vəsaitinin II fəsli bilavasitə aşıq sənətinin özəlliklərinə həsr olunmuşdur. Şübhəsiz ki, bu fəsildə öz əksini tapmış hər bir məsələ («aşıq» sözünün etimologiyası, ustad-şagird ən’ənəsi, sazın morfologiyası və s.) ayrıca bir söhbət mövzusu ola bilərdi. Lakin biz iki məsələ üzərində daha müfəssəl dayanmaq istərdik. Ilk öncə onu qeyd edək ki, təqdim olunan kitabda aşıq sənəti Azərbaycan xalqının soykökündə duran etnik qəbilələrin tarixi ilə əlaqədar işqıqlandırılmışdır. Bu fakt öz-özlüyündə böyük əhəmiyyətə malikdir. Çünki türk ellərində epik ifaçılar yalnız müğənni funksiyasını icra etməmiş, onlar etnik kodeksin qoruyucuları / daşıyıcıları olmuşdular. Məhz buna görə də aşıq sənətinə həsr olunmuş dərs vəsaitində şaman ayinlərinə, mifoloci təsəvvürlərə, sufi təriqətlərə üz tutmaq təbii və son dərəcə gərəklidir. Belə olan tərzdə aşıq sənətinin qədimliyi tələbələrə bir aksioma kimi deyil, canlı tarixi proses kimi təqdim olunur.
       Hazırki fəsildə öz əksini tapmış ikinci önəmli məsələ isə - aşıq məktəblərinə aiddir. Aşıq sənətinin ərazi-regional rəngarəngliyi - Azərbaycan etnik tarixinin zənginliyinə dəlalətdir. Məhz buna görə də müasir etnomusiqişünaslığımızın ən ümdə vəzifələrindən biri Azərbaycan aşıq musiqisinin dialektologiya məsələsi olmalıdır.
       Dərs vəsaitinin növbəti fəsli aşıq havalarının musiqi quruluşu problemlərinə həsr olunmuşdur. Aşıq havalarının uzun təkamül yolu keçmiş musiqi dili müxtəlif baxış nöqtələrinin - məqam, melodiya, quruluş və digərlərinin tədqiq edilməsi yolu ilə işıqlandırılmışdır. Sırf nəzəri səciyyə daşıyan bu fəslin məziyyətlərindən biri ondan ibarətdir ki, təhlil zaman ümumi musiqişünaslıq istilahlar ilə yanaşı, aşıq sənətində qəbul olunmuş anlayışlar da geniş şəkildə tətbiq edilmişdi. Ən nəhayət də qeyd olunmalıdır ki, vəsaitin son fəsli aşıq yaradıcılığının zirvəsi sayılan dastana həsr olunub. Bu fəsildə Azərbaycan dastanlarının təsnifatından sonra «Koroğlu» dastanının qollarından birinin mətni verilib.
       Dərs vəsaiti məsləhət görülən ədəbiyyat, notoqrafiya və diskoqrafiya siyahıları ilə təchiz olunmuşdur. Beləliklə, təqdim olunan kitabda aşıq sənəti uzunmüddətli təkamül yolu keçmiş çoxçeşidli bir sistem kimi təsvir olunmuşdur. Lakin bununla belə arzu etmək istərdik ki, kitabın gələcək nəşrlərində müəllif bə’zi təhlil təfsilatları (III hissə nəzərdə tutulur) əvəzində «aşıq musiqisi Azərbaycan musiqi mədəniyyət kontekstində», yaxud «türkdilli xalqların epik yaradıcılığının ortaq nümunələri» kimi önəmli məsələlərə də toxunsun.
       Tariyel Məmmədovun ərsəyə gətirdiyi bu dərs vəsaitinin praktiki əhəmiyyəti danılmazdır. Bu baxımdan biz iki məsələ üzərində ətraflı dayanmaq istərdik. Heç kəs üçün sirr deyil ki, çox vaxt tədris prosesində müasir tələblərə cavab verməyən dərs vəsaitləri tətbiq edilir. Belə olduğu halda çağdaş elmin müxtəlif axınları, zəngin istilah sözlüyü tələbə üçün «terra incoqnita» olaraq qalır. Zənnimizcə, artıq XXI əsrə aid olan dərs vəsaitlərində bu amil mütləq nəzərə alınmalıdır. Irəlidə göstərdiyiniz kimi, «Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti» dərs vəsaiti bütövlükdə müasir elmin nailiyyətlərindən bəhrələnmişdir.
       Ikinci məsələ. Resenziya janrından uzaq olsa da, qeyd olunmalıdır ki, aşıq sənəti hal-hazırda öz tənəzzül dövrünü keçirdir. Bunun səbəbini respublikanın daxili və xarici durumunda, miqrasiya proseslərində, televiziya tərəfindən aparılan aşıq musiqisinin əks-təbliğatında və digər məqamlarda axtarmaq lazımdır. Bütün bunların nəticələrində gənc nəsildə aşıq musiqisinə qarşı nəinki laqeydlik, hətta müəyyən mə’nada istehza hissi də yaranmışdır. Bu təhlükəli prosesi aradan götürmək üçün aşıq sənətinin düzgün təbliğinə və tədqiqinə böyük ehtiyacı var. Şübhəsiz ki, bu baxımdan Tariyel Məmmədovun «Azərbaycan xalq-professional musiqisi: aşıq sənətin» başlıqlı dərs vəsaiti xüsusi əhəmiyyətə malikdir.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70