ƏLAQƏLI HÜQUQLAR
Kamran IMANOV
 

       1. Əlaqəli hüquqlar anlayışı və yaranma səbəbləri.
       Əlaqəli hüquqların özünü Azərbaycan qanunvericiliyində təsbit etməsi yalnız 1996-cı ildən, yeni «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun qüvvəyə minməsi ilə bağlıdır. Təbiidir ki, müəllif hüququ məkanında əlaqəli hüquqlara dair problemlər ilk növbədə nəzəri cəhətdən kifayət qədər işlənməmiş problem kimi qalır və nəticə etibari ilə hüquq-tətbiqi təcrübəsi zəif olan sahə kimi səciyyələnir.
        Qeyd etmək lazımdır ki,əqli mülkiyyət hüquqlarının bu vacib növünün hüquqi anlayışa çevrilməsi və onun tənzimlənməsi Azərbaycan rəhbərliyinin son illər apardığı müəllif-hüquq sahəsindəki uğurlu addımlardan biri kimi səciyyələnməlidir. Həqiqətən, müəllif-hüquq qanunvericiliyinin 3-cü bölməsi əlaqəli hüquqlara aiddir və bu normaların yaranması, təsnifatı və tənzimlənməsi bir neçə səbəblərlə izah olunur.
       Müəllif mənafeyinin qorunma və müdafiəsi onun əsərlərinin yalnız qeyri-qanuni istifadəsinin qarşısını almaqdan ibarət deyil. Əsərlərin əksəriyyəti son nəticədə, geniş auditoriyaya çatdırılmaq məqsədi ilə yaranır. Pyes səhnədə qoyulmaq üçün, mahnı ifa edilmək, yaxud səsyazma, eləcə də efirdə səsləndirmək məqsədi ilə yaradılır. Həmçinin elmi və ədəbi əsərlər də bu qəbildəndir. Lakin bu təbii, şübhəsiz ümumi mədəniyyətin yüksəlişinə yönəldilmiş istəyin həyata keçirilməsi heç də bilavasitə müəllifin gücü ilə mümkün olmur. Elə bu səbəbdən əsərlərin müxtəlif növləri ayrı-ayrı üsullarla auditoriyaya yol tapırlar, bu yolları arayanlar və əsərləri ütlərə çatdıranlar müəyyən vasitəçilərdir. Vasitəçilərin əsərləri kütləyə çatdırmaq üçün çalışmaları təqdirə layiq olduğu kimi, bu vasitəçilik qeyri-qanuni istifadədən də qorunmalıdır. Məsələn, əgər naşirlərin maraqları onlara müəllif müqaviləsi əsasında müəlliflərin verdikləri hüquqlar və müəllif-hüquq qanunvericiliyi çərçivəsində q orunursa, bu, təbii hal kimi qəbul olunur, ona görə ki, naşir müəllif yaradan əsərə heç bir əlavə etmir. Buna görə bu hal üçün müəlliflik hüququ bir tərəfdən yaradıcı fəaliyyətin stimulu kimi, digər tərəfdən isə nəşriyyat işinin ittisadi əsası kimi qanunla tanınır. Lakin dramaturgiya, musiqi və digər əsərlərə münasibətdə vəziyyət dəyişilir: bu əsərlər gütləyə çatdırılmaq üçün səhnədə qoyulmalı və ifaçıların vasitəçiliyi ilə ifa olunmalıdır. Beləliklə, ifaçılar öz fərdi interpretasiyasının istifadəsinin maraqlı tərəfinə çevrilirlər və onların fərdi maraqlarının qorunması aktuallaşır. Elm və texnikanın tərəqqisi, o cümlədən rəqəmli texnologiyanın inkişafı nəticəsində səsyazmanın, televiziya və videoyazının imkanları artmış və məntiqi olaraq fonoqram istehsalçılarının və radio-televiziya təşkilatlarının verilişlərinin istifadəçilərinin sayı və tərkibi genişlənmiş və beləliklə, ifaçıların maddi maraqları da formalaşmaqa başlamışdır. Əslində səsyazısının, radio, kino, TV-nin, videoyazının, peyklərin ixtirası ilk növbədə ifaçıların maraqlarına böyük zərbə vurdu. Artıq, ifanın bitməsi ilə onun nümayişi bitmirdi və istənilən saylı auditoriya qarşısında istifadə oluna bilərdi. Deməli, reproduksiya imkanlarının inkişafı ifaçı olmadığı halda, ifaçıdan istifadə ilə bağlı icazə almadan, ifaların geniş istifadəsinə gətirdi və nəticədə peşəgar artistlər arasında texnoloji işsizliyə səbəb oldu. Oxşar səbəblərlə bağlı olaraq fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması məsələsi də araya atıldı.
       Beləliklə, istər fonoqram istehsalçılarının, istərsə də yayım təşkilatlarının xüsusi maraqlarının qorunması əqli mülkiyyət problemi kimi qarşıya çıxdı.
       Ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqları müəlliflik hüququ ilə sıx əlaqədə olduğuna görə sonuncu ilə oxşar, yaxud qonşu olması səbəbindən beynəlxalq müəlliflik hüququ məkanında əlaqəli hüquqlar kimi izah olunmağa başlandı. Əlaqəli hüquqların tanınması beynəlxalq Saziş-Roma Konvensiyası ilə bağlıdır. Roma Konvensiyası milli qanunların toplusuna, sintezinə əsaslanan digər beynəlxalq Konvensiyalardan fərqli olaraq, yeni dairəni təmzimləyən beynəlxalq normaların irəli sürülməsi cəhdi idi. Özü də o zaman ki, bu sahəyə aid milli qanunvericiliklərin əksəriyyəti ibtidai vəziyyətdə idi. Yeni əksər ölkələr bu Konvensiyaya qoşulmaq üçün ilk növbədə milli qanunvericiliklərində əlaqəli hüquqlara aid əlavələr və əsaslı dəyişiklər aparmalı idilər. Nəticədə belə də oldu və deməliyik ki, əlaqəli hüquqlar beynəlxalq arenada tanınması üçün məhz Roma Konvensiyasına minnətdar olmalıdır.
       Milli müəllif-hüquq qanunvericiliyimiz əlaqəli hüquqların sahiblərini qeyd etdiymiz 3 kateqoriyaya ayırmaqla da həmin 1961-ci ildən fəaliyyətdə olan əlaqəli hüquqlara dair Roma Konvensiyasının ənənəsinə əsaslanmışdır.
       Qeyd etdiyimiz kimi, həmin hüquqlar əqli mülkiyyət hüquqları tərkibində yeni bir növdür. Ədalət naminə deməliyik ki, keçmiş Sovet Ittifaqı dövlətində əlaqəli hüquqların mahiyyəti ilə bağlı geniş və uzunmüddətli diskussiyalar aparılmışdır. Mütəxəssislərin bir qismi həmin anlayışı müəlliflik hüququna daxil etmək məqsədilə belə qənaətdə idilər ki, əsərin yaradıcı istifadəsi nəticəsində yeni müəlliflik hüququ obyekti yaranır, lakin onun qorunması müəyyən məhdudiyyətlərlə bağlanmalıdır. Digərləri isə bunu rədd edərək, bu hüquqların müəlliflik hüququna aid olmamasının tərəfdarları kimi çıxış edirdilər.
       Ümumiyyətlə beynəlxalq məkanda əlaqəli hüquqların xronologiyasına əsasən ilk tanınan ifaçıların hüquqları olmuşdur. Lakin bu hüquqlar heç də şübhəsiz qəbul edilmirdi. Bunun səbəbləri ifanın ötəri, müvəqqəti xarakteri, onun digər tərkibilə təkrarlanmaq imkanları, ifaçıların böyük sayı və kontrakt ilə işləmə statusu və s. idi. Nəhayət, müəllif hüquqları ilə ifaçı hüquqlarının nəzərə çarpmayan gizlin ziddiyyət təşkil edən münasibətlərdə olması. Deməli, ifaçılar statusunun şübhəli olması və onların müəlliflik hüququ ilə ziddiyyətə girməsi qanunvericiləri bu hüquqların tanınmasında ehtiyatlı olmağa vadar edirdi.
       Bir sözlə, beynəlxalq müəllif-hüquq məkanında əlaqəli hüquqların ayrıca hüquqlar kimi yaranması və inkişafı ilk addımlardan başlayaraq onların müəllif hüquqlarından törəmə xarakteri, lakin həmin hüquqların sahiblərinin bilavasitə müəlliflərdən alınmış hüquqlarının gətirilməməsinə əsaslanması vurğulanmışdı. O xüsusiyyət də vacibdir ki, yaradıcı xarakter daşıyan ifaçıların hüquqları digər əlaqəli hüquqlardan fərqlənərək yalnız texniki xarakter daşımırdılar.
        2. Əlaqəli hüquqların xüsusiyyətləri.
       Müstəqil olmağına baxmayaraq əlaqəli hüquqlar müəlliflərin hüquqlarından törəmə və asılı əqli mülkiyyət növüdür. Müəllif-hüquq Qanunun 32-ci maddəsində əlaqəli hüquqların bu səviyyədə qəbul olunmasına bir-başa göstəriş mövcuddür, belə ki bu hüquqlar «müəlliflik hüququna, zərər vurmadan həyata keçirilir», ifaçı öz hüquqlarını ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir» və fonoqram istehsalçısı (yayım təşkilatları) nəzərdə tutulan hüquqları «ifaçı və fonoqrama yazılan və ya efirə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir».
       Beləliklə, ifaçının hüquqları yalnız onun müəllifin hüquqlarına riayət etdiyi halda tanınır. Fonoqram istehsalçısı və ya yayım təşkilatı ifaçı və müəlliflə sazişdə təyin edilən hüdudlarda onlara keçən hüquqları həyata keçirirlər.
       Digər tərəfdən, əlaqəli hüquqlar o zaman müstəqil əhəmiyyətə malik olurlar ki, ifa olunan, yazılan və yaxud efirlə (kabel ilə) yayımlanan əsər qorunmayan əsərdir və yaxud ümumiyyətlə yaradıcı fəaliyyət olmayan obyekt kimi çıxış edir.
       Nəhayət, əlaqəli hüquqlara məxsus olan digər vacib xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, geniş miqyasda hüquqların konkret növlərinin bir hüquq sahibləri kateqoriyasından digərlərinə keçid üçün qanunverici xususi imkanlar yaradır. Qeyd edilməlidir ki, belə müxtəlif hüquq növlərinin keçməsi bir tərəfdən müəyyən hüquqi faktların əmələ gəlməsi ilə, digər tərəfdən isə avtomatik surətdə yaranır.
       Məsələn, ifaçının fonoqram yazısı ilə bağlı surət çıxarma və fonoqram yazısını kirayəyə vermə hüquqları ifaçının ifasının yazılmasına verilən razılıq anından fonoqram istehsalçısına keçir. Burada hüquqi fakt kimi hüquq sahibləri arasındakı müqavilə çıxış edir. Müqavilənin məqsəd və təyinatı hüquqların keçidinin təmzimlənməsini nəzərə alaraq, qeyd etdiyimiz kimi sadə və təbii görünə bilər. Lakin əsas xüsusiyyət elə bundan ibarətdir ki, qanuna əsasən hüquqların geçidi imperativ xarakter daşımaqla tərəflərin məsələnin həllində ayrı bir variant seçimini inkar edir. Səbəb ondan ibarətdir ki, ifaçının ifasının fonoqram yazısının istifadəsi, yaxud efirlə yayımlanması hüquqları həyata keçirilərkən qanunla qorunan yeni əlaqəli hüquqlar obyektləri yaranırlar. (fonoqram, veriliş). Təzə yaranan əlaqəli hüquqlar obyektlərinə istifadə hüquqları, təbii olaraq, onları yaradanlara məxsus olmalıdır (fonoqram istehsalçısı, yayım təşkilatı). Elə buna görə də yeni hüquq sahibləri öz hüqu qlarını həyata keçirmək imkanlarına malik olmalıdırlar. Bunun üçün isə bu hüquq sahiblərinə yeni yaranan obyektin tərkib hissəsi olan ilkin əlaqəli hüquqlar obyektinin istifadəsi ilə bağlı müəyyən hüquqların əldə edilmə imkanları verilməlidir.

       2000-ci ilin dekabr ayındakı Audiovizual ifalara həsr olunmuş ÜƏMT-nin Diplomatik Konfransında bu məsələ yenidən qızqın mübahisə obyektinə çevrilmişdi. Bir sıra ölkələr ilk növbədə ABŞ, Hindistan və Banqladeş dövlətlərinin mövqeyinə əsasən, ifaçının audiovizual əsərdə çəkilməsinə razılığı onun ifaçı hüquqlarının mexaniki surətdə prodyuserə (audiovizual əsərin istehsalçısına) keçməsini təsdiq edir və beləliklə, prodyuser bu hüquqların sərəncamçısına çevrilir. Digər dövlətlərin, xüsusən Avropa ölkələrinin mövqeyinə əsasən, ifaçıların hüquqlarının prodyuserə keçməsi aralarındakı müqavilə ilə tənzimlənir. Beləliklə, prinsipal nöqteyi-nəzərdən ifaçıların hüquqlarının keçməsi müzakirə obyekti deyildi, mövqelərin fərqi həmin keçidin mexanizmi ilə bağlı idi və bu fikir ayrılığı son ana qədər mövcud olduğundan, Diplomatik Konfransda yeni «Audiovizual ifalar haqqında» ÜƏMT-nin beynəlxalq Sazişinin tam mətninin qəbul olunması mümkün olmadı.
       Gətirilən misallar milli müəllif-hüquq qanunvericiliyimizdə ifaçılardan müəyyən hüquqların digər hüquq sahiblərinə geçidinin də vacibliyini vurğulayır.
       Əlaqəli hüquqların son xüsusiyyəti isə ondan ibarətdir ki, ifaçıların əmlak hüquqları ilə yanaşı şəxsi, qeyri əmlak hüquqları da mövcuddur. Bu isə ifaçıların yaradıcılıq fəaliyyətini hüquqi cəhətdən təsdiqləyən amildir. O ki qaldı fonoqram istehsalçılarına və yayım təşkilatlarına, onların yalnız əmlak hüquqları mövcuddur. Bu isə onların fəaliyyətinin texniki aspektlərini vurqulayır.
        3. Əlaqəli hüquqların yaranması, mahiyyəti, tətbiq sahəsi və qorunma müddəti.
Əlaqəli hüquqların yaranması və həyata keçirilməsi üçün heç bir əlavə formal qayda tələb olunmur və əlaqəli hüquqlar obyektinin (ifa, fonoqram, veriliş) yaranması faktı kifayətdir. Fonoqram istehsalçısının və ya ifaçının öz hüquqlarını bildirməsi üçün həmin əlaqəli hüquqlar sahibləri qoruma nişanından istifadə edə bilərlər. Həmin nişan fonoqramın hər nüsxəsində və ya onun içinə qoyulduğu qutuda köstərilməklə üç ünsürdən ibarətdir: dairəyə alınmış (R) hərfindən, əlaqəli hüquqların sahibinin adından və ilk dəfə dərc olunduğu ildən.
       Ifaçının əlaqəli hüquqları aşağıdakı hallarda tanınır:
       - ifaçı Azərbaycan vətəndaşıdır;
       - ifa ilk dəfə Azərbaycan ərazisində dərc edilib;
       - ifa öz əksini qanunla qorunan fonoqramda tapıb;
       - fonoqrama yazılmamış ifa qanunla qorunan yayım təşkilatının verilişinə daxil olub.
       Fonoqram istehsalçısının hüquqlarının qorunması isə istehsalçının Azərbaycan vətəndaşı, yaxud Azərbaycan qanunvericiliyi üzrə hüquqi şəxs sayıldığı, həmçinin fonoqramın ilk dəfə Azərbaycanda dərc edildiyi hallarda nəzərdə tutulur.
       Nəhayət, yayım təşkilatlarının əlaqəli hüquqlarının tanınması həmin təşkilatın Azərbaycan qanunvericiliyi üzrə hüquqi şəxs sayıldığı, və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücüləri göməyi ilə həyata geçirdiyi hallarda mövcuddur.
       Xarici fiziki və hüquqi şəxslərin əlaqəli hüquqları Azərbaycan ərazisində Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələr əsasında qorunur.
       Əlaqəli hüquqların qorunma müddəti müəllif hüququnun qorunma müddətinə münasibətdə gifayət qədər azaldılıb və ifanın, fonoqramın ilk dərc olunmasından (dərc olunmadığı halda ilk yazısından), ilk efir və (və ya) kabel verilişinin həyata keçirildiyi andan sonra 50 il müddət təşkil edir, özü də müddətlərin hesablanması həmin müddətin əvvəli üçün əsas hüquqi faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlanır.
       Yuxarıda qeyd etdiyimiz kimi ifaçılar üçün səciyyəvi cəhət onların qeyri-əmlak, şəxsi hüquqlarının mövcudluğudur. Müəlliflik hüququna uyğun olaraq ifaçının ad hüququ və şöhrətinə hörmət edilməsi şəxsi hüquqlarının qorunması müddətsizdir. Müddətli olan isə əlaqəli hüquqlar sahiblərinin əmlak hüquqlarıdır. Əlaqəli hüquqların vərəsələrinə (hüquqi şəxs olduğu halda varislərinə) əmlak hüquqlarının həyata keçirilməsi qorunma müddətlərinin qalan hissəsi həddində keçir.
       Xüsusi qeyd edilməlidir ki, müəlliflik hüququ kimi əlaqəli hüquqların təbiəti də müstəsnadır. Bu müstəsna hüquqlar əlaqəli hüquqlar obyektinin istifadəsi ilə bağlıdır və digər haqlar ilə yanaşı qonorar alma haqqını da nəzərdə tutur.
       Misal üçün, ifaçının ifadan istifadəyə müstəsna hüququ aşağıdakı hərəkətləri həyata keçirməyə və ya həyata keçirilməsinə icazə vermədiyini bildirir:
       - əvvəllər yazılmamış ifanın yazılması;
       - ifaçının razılığı ilə ifanın yazılması halından başqa, yazılmış ifanın istifadə məqsədilə sürətinin çıxarılması, yəni nüsxələrin tirajlanması;
       - ifanın efirlə, kabel televiziyası vasitəsilə və ya digər gütləvi bildirişi (əvvələr gütləvi bildirilmiş və ya efirlə kabel ilə ifanın yazılmasının istifadəsi ilə həyata keçirilən kütləvi bildiriş halları istisna olmaqla)
       - ifaçının iştirak etdiyi ifanın dərc edilmiş fonoqramının kirayəyə verilməsi.
       Bu isə o, deməkdir ki, hazırda efirlə yayılması nəzərdə tutulan, lakin əvvəllər efirlə yayılmış ifalara, həmçinin hazırda yazılması nəzərdə tutulan, amma əvvəllər yazılmış və həmçinin hazırda ifanın yazılmasının surət çıxarılması nəzərdə tutulmuş, lakin əvvəllər ilkin yazılmaya ifaçı tərəfindən icazə verilmiş və ifaçının razılığına uyğun istifadə olunan və nəhayət, əgər ifanın surətçıxarılması ifanın yazılması məqsədi ilə həyata keçirilir-bütün bu hallar ifaçının müstəsna ifaçı hüquqlarına şamil edilmir və icazə tələb etmir.
       Əlaqəli hüquqlar sahəsində təcrübənin kifayət qədər olmaması mütəxəssislərdə istər hüquqların mahiyyəti və idarəçiliyi ilə, istərsə da hüquqların tətbiqi ilə bağlı çoxlu suallar doğurmaqdadır. Bu sualları metodik cəhətdən bir neçə qrupa ayrıraraq, aşağıdakı izahatlarda lakonik şəkildə cavablandırmağa çalışaq.
       1. Kütləvi ifa zamanı ifaçının onun ifası ilə bağlı qonorar almaq hüququ mövcuddurmu?
       Cavab mənfidir, o səbəbdən ki, kütləvi ifa ilə bağlı ifaçının qanunla müstəsna istifadə hüquqları nəzərdə tutulmamışdır.
       2. Ifaçının ona məxsus olan ifası ilə bağlı efirlə verilmiş, yaxud digər kütləvi bildirişə aid hüquqları varmı?
       Cavab müsbətdir, lakin bayaq qeyd etdiyimiz kimi, onun ifasının əvvəllər efirlə yayımlanması, yaxud ifanın yazılması ilə həyata keçirilməsi halları istisna olmaqla. Qeyd olunan şərt o səbəblə bağlıdır ki, təkrarən efir və ya kabel vasitəsilə yalnız ifanın yazılması, yaxud retranslyasiyası gedə bilər. Bunlar isə müəyyən (hüquqları qanuni əldə etmiş) yayım təşkilatının icazəsi ilə həyata keçirilir.
       3. Ifaçının öz ifalarını yazması hüququ mövcuddurmu?
       Cavab müsbətdir, lakin bayaq qeyd etdiyimiz kimi bu ifalar əvvəllər yazılmamış olmalıdır. Bu şərtin səbəbi ondan irəli gəlir ki, əgər ifa əvvəllər yazılmışdırsa, o yazılmanın öz hüquq sahibi mövcuddur.
       4. Ifanın ilk yazılması və təkrar yazılması arasındakı fərq nədən ibarətdir?
       Məsələ ondadır ki, təkrar yazılma ifanın yazılmasının surətçıxarılması kimi nəzərdə tutulur.
       5. Ifaçının öz ifasının yazılmasından surətçıxarma hüququ varmı?
       Cavab müsbətdir.
       6. Ifaçının həmin əsərin ifası ilə bağlı əvvəllər yazılmamış hər hansı yeni ifaya aid yazılma hüququ varmı?
       Cavab müsbətdir, hər hansı yeni ifa yeni əlaqəli hüquqlar obyektini yaradır.
       7. Ifaçının öz ifasının yazılmasını efir və ya kabel vasitəsilə yaymaq hüququ varmı?
       Müsbət cavab yalnız bir halda mövcuddur, o da, əgər ilkin ifanın yazılması kommersiya məqsədilə həyata keçirilməmişdirsə (məsələn, öz fərdi arxivi üçün). Əks halda ifaçının icazəsi zəruri deyil, lakin ifaçı qonorar almaq hüququna malikdir.
       8. Kommersiya məqsədi ilə dərc edilmiş fonoqramı ifaçının kirayəyə vermək hüququ mövcuddurmu ?
       Əslində yox, lakin ifaçının haqq almaq hüququ qüvvədə qalır və həmin hüquq ifaçı və fonoqram istehsalçısı arasındakı müqavilə ilə tənzimlənir.
       9. Kirayəyə vermək hüququ ifanın videoyazısı olduğu halda kimə məxsusdur?
       Bu hüquq, burada müəlliflik hüququnun olması nəzərə alınmaqla audiovizual əsərin yaradıcılarına (adətən prodyusera) məxsusdur, lakin, əgər ifaçı ilə hüquq sahibləri arasındakı müqavilədə nəzərdə tutulubsa, ifaçının haqq almaq hüququ qüvvədədir.
       10. Yazılmış müxtəlif təbiət səslərindən, o cümlədən heyvanların səslərini cəmləşdirən fonoqramlar qanunla qorunurmu?
       Cavab müsbətdir, ona görə ki, istənilən maddi formasından və keyfiyyətindən asılı olmayan, o cümlədən burada yaradıcı əsər və yaxud musiqili effektlərin yazısından ibarət olan fonoqramlar qanunla qorunur.
       11. Fonoqram istehsalçısının hüquqlarının mahiyyəti və tərkibi nədən ibarətdir?

       Fonoqram istehsalçısının əlaqəli hüquqları əmlak hüquqlarından ibarətdir, o cümlədən:
       a) Surətçıxartma hüququ. Bu konkret hüququn mahiyyəti fonoqramda fiksə olunmasından və fonoqramın yazılması şərtlərindən asılıdır. Misal üçün, fonoqramda qorunmayan ifa, yaxud hansısa səslər əks etdirilmişdirsə, onda surətçıxarma hüququ məhdudiyyətsizdir. Əgər fonoqramda ifaçının razılığı əsasında ifanın yazılması öz əksini tapmışdırsa, onda surətçıxartma hüququ yazılma üçün ifaçının razılığı alınan məqsədlərə arxalanır. Tutaq ki, surətçıxartma digər məqsədlə (ifaçının razılığına uyğun olmayan hal) həyata keçirilir. Bu cür halda surrətçıxartma üçün fonoqram istehsalçısı ifaçının razılığını əldə etməlidir.
       b) Yenidən işləmək hüququ. Bu hüquq fonoqramın müxtəlif hissələrini ayırmaq, birləşdirmək və digər məqsədlərdən ibarətdir. Lakin bu hüququ həyata keçirərkən, yaxud kiməsə icazə verdiyi halda, fonoqram istehsalçısı fonoqrama yazılmış əsərin yaradıçısının müəlliflik hüququnu nəzərə almalıdır və həmçinin ifaçının şöhrətinə hörmət edilməsi şəxsi hüququna də riayət etməlidir. Bir sözlə, bu hüquq üçün sahiblərin icazəsi əldə edilməlidir.
       v) Yayım hüququ (satış və kirayəyə vermə). Kirayəyə vermək hüququnu həyata keçirərkən fonoqram istehsalçısı, ifaçı ilə müqavilədə nəzərdə tutulduğu halda, ifaçıya da müəyyən qonorar ödəməlidir.
       q) Ixrac hüququ. Bu hüquq yayım hüququna oxşar bir hüquqdur və fonoqramın nüsxələri sərhəd hüdudlarından çıxdığı halda aktuallaşır.
       d) Fonoqramın istifadəsi ilə bağlı digər hüquqlar. Misal üçün fonoqramın kütləvi ifası, efir-kabel yayımı, yaxud digər kütləvi bildiriş ilə bağlı haqq alma (mükafatlanma) hüququ. Əslində bu hüquq ifaçı ilə birgə həyata keçirilir və qonorarın yığılması, bölünməsi və sahiblərinə çatdırılması fonoqram istehsalçıları ilə ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, göstərilən qonorar ifaçı və fonoqram istehsalçısı arasında bərabər bölünür. Nəhayət, qonorarın məbləği və ödənilməsi şərtləri istifadəçilər, fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə Respublika Müəllif hüquqları Agentliyi tərəfindən müəyyən edilir.
       Onu da qeyd etməliyik ki, kommersiya məqsədi ilə mülki dövriyyəyə buraxılan qanuni dərc edilmiş fonoqram nüsxələrinin sonradan fonoqram istehsalçısından razılıq almadan və haqq vermədən yayılmasına yol verilir.
       12. Yayım təşkilatlarının hüquqları və onların mahiyyəti nədən ibarətdir?
       Yayım təşkilatlarının hüquqları-əmlak hüquqlarından ibarətdir və bu hüquqlar əsər yaradıcılarının müəlliflik hüququndan törəmə və asılı hüquqlardır.
       Yayım təşkilatları altında radio-telestudiyalar və səsləri və ya təsvirləri efir və kabel vasitəsilə həyata keçirdən digər təşkilatlar nəzərdə tutulur. Yayım təşkilatlarının verilişlərini praktiki cəhətdən yalnız o zaman müstəqil əlaqəli hüquqlar obyekti kimi nəzərə almaq məqsədə uyğundur ki, onlar yaradıcı əsərlər kimi çıxış etməsinlər.
       Misal üçün TV-nin verlişlərini müəllif-hüquq mövqeyindən nəzərdən keçirdək. O zaman bütün verilişləri 3 qrupa parçalamaq mümkündür:
       - sifarişlə kənar təşkilatlar, yaxud xidməti tapşırıq ilə yayım təşkilatının işçiləri tərəfindən yerinə yetirilən müəlliflik hüququ obyektləri;
       - hüquqları digər təşkilatlara məxsus olan və lisenziya müqaviləsi ilə yayım üçün yayım təşkilatı tərəfindən hüquqları alınmış müəlliflik hüquqları obyektləri;
       - bilavasitə əlaqəli hüquqlar obyektləri, yəni qorunmayan müəlliflik hüququ obyektlərinə aid və yaxud yaradıcı fəaliyyət nəticəsi olmayan obyektlərlə bağlı verilişlər.
       Deməli, əgər ilk iki qrup müəlliflik hüququ ilə qorunan obyektlərdən ibarət verilişlərdirsə, yalnız üçüncü qrupa aid verilişlər bilavasitə əlaqəli hüquqlar obyektləridir. Xüsusi qeyd edilməlidir ki, yalnız həmin üçüncü qrupa aid olan verilişləri müəllif-hüquq qanunvericiliyinin əlaqəli hüquqlara aid hissəsi tənzimləyir, ilk iki qrup verilişlər zamanı heç bir əlaqəli hüquqlar yayım təşkilatında yaranmır. Lakin bu ilk iki qrupa aid olunan verilişlərin, yayım təşkilatına məxsus şərhlər, süjetlər və digər mudaxilələrlə müşaiyət olunduğu halda, yaradıcı əsərə bir hissə kimi daxil olan həmin verilişə əlaqəli hüquqlar yaranır.
       Bir xüsusiyyət də ondan ibarətdir ki, qanunla verilişlərin bir başa (canlı yayım), yaxud yazıda aparılması yayım təşkilatı üçün heç bir fərq təşkil etmir. Beləliklə, qanunverici əlaqəli hüquqlar altında verilişlərin istər birbaşa yayılan, istərsə də yazılmış surətdə yayım üçün hazırlanmış proqramları nəzərdə tutur.
       Yayım təşkilatlarının hüquqları verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla istənilən formada istifadəyə müstəsna hüquqlar kimi tanınır. Qanun əsas müstəsna hüquqları aşağıdakı şəkildə təsbit edir:
       - verilişi yazmaq;
       - verilişin yazılmasının surətini çıxartmaq;
       - verilişin kütləvi bildiriş üçün kabel və efir vasitəsi ilə verilməsi;
       - verilişlərin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsilə bildirişi (retranslyasiya);
       - verilişin pullu kiriş olan yerlərdə kütləvi bildirişi;
       Tamamilə aydındır ki, qanunla təsbit olunan konkret hüquqlar ən vacib hüquqlardan olsa da, yayım təşkilatının bütün hüqüqlarını tamamlamır. Misal üçün, yayım təşkilatının özünün işıq üzü görmüş verilişlərini digər yayım təşkilatına efir (kabel ilə) yayımı üçün icazə vermək hüququ təbii olaraq şübhə yaratmır.
       Sonda qeyd etməliyik ki, qanunla əlaqəli hüquqların bir sıra hallarda sərbəst istifadəsi nəzərdə tutulur. Bütün bu istisnalar və məhdudiyyətlər cəmiyyətin məlumatı sərbəst əldə etmək maraqlarına və elm və təhsilin inkişafına xidmət kimi halları nəzərdə tutur.
       4. Əlaqəli hüquqların qorunmasının qüvvəyə minməsinin müxtəlif halları.
       Qeyd etdiymiz kimi əlaqəli hüquqlar qanunvericiliyi yeni fenomen olduğuna görə bu hüquqların hansı andan qorunması məsələsi də tətbiqi cəhətdən həddindən artıq vacib rol oynayır.
       Bildiyimiz kimi, keçmiş müəllif-hüquq qanunvericiliyi yalnız radio və tele verilişlərə onların sahibi olan efir yayım təşkilatlarının hüquqlarını tanıyırdı, özü də hüquqi şəxslərə məxsus olan müəlliflik hüququ obyektləri kimi. Yeni qanun 1996-cı ildən başlayaraq həmin verilişləri ilk qanuni kütləyə çatdırılması anından 50 il keçməmək şərti ilə əlaqəli hüquqlar obyektləri kimi qoruyur. O ki, qaldı kabel yayımı verilişlərinə, onlar keçmişdə qorunmamışdı və yalnız yeni qanunun qüvvəyə minməsi ilə qorunmağa başladılar.
       Deməli, qanuna uyğun olaraq, 1 yanvar 1997-ci ilə qədər yuxarıda söhbət açılan əlaqəli hüquqlar obyektlərinin 50 illik qorunma müddəti bitmədiyi halda onlar qorunmalıdır. Lakin burada bir problem var ki, müəlliflik hüququ obyektləri keçmişdə də mövcud idi, əlaqəli hüquqlar obyektləri isə keçmişdə tanınmırdılar və beləliklə hüquqi cəhətdən qüvvədə deyildilər. Lakin keçmiş qanunvericilikdə əlaqəli hüquqlar obyektləri anlayışı olmadığına baxmayaraq, ifalar, fonoqramlar və verilişlər mövcud idi və qanunun tətbiqi üçün hüquqi qorunmanı qanunun qüvvəyə minməsi anından başlayaraq yaradılmış və yaxud ilk dəfə kütləyə çatdırılmış əlaqəli hüquqlar obyektləri ilə yanaşı əvvəllər həyata kətirilmiş, 1 yanvar 1997-ci ilə qədər 50 il qorunma müddəti bitməyən kütləyə çatdırılmış və ya yaradılmış və kütləyə çatdırılmamış obyektləri də nəzərə almaq lazımdır.
       Buradan belə nəticəyə kəlmək olar ki, 1996-cı ilin oktyabr ayından başlayaraq əlaqəli hüquqların obyektlərinin, o cümlədən əvvəllər yaranmış və sərbəst istifadə olunanlar da daxil olmaqla hər-hansı istifadəsi onları yaradanların hüquqlarına riayət etməklə həyata keçirilməlidir.
       Bir sözlə, qanunun əlaqəli hüquqlara aid olan hissəsindəki qorunmaya geriyə tətbiq etmə qüvvə imkanları verilir.
       Digər mühüm məsələ ifaların və verilişlərin yazılmasının surətçıxarılması ilə bağlıdır. Qanuna istinad edildiyi halda məlum olur ki, ifaçıların və yayım təşkilatlarının müstəsna istifadə hüquqları aşağıdakı hallarda şamil edilmir:
       - ifanın və yaxud verilişin ilkin yazılması ifaçının, yayım təşkilatın razılığı ilə əldə edilib və ifanın, yaxud verilişin yazılmasından surətçıxartmaya verilmiş razılığa uyğun məqsədlərlə həyata keçirilir.
       Bu istisnanı nə dərəcədə əvvəllər yazılmış, lakin 50 ildən artıq müddət keçməklə, yazılmaları aparılmış ifalara və yaxud verilişlərə şamil etmək mümkündür? Qanunda bu məsələ ilə bağlı birbaşa göstəriş yoxdur, lakin bunun əhəmiyyəti mövcud praktika çox vacibdir: qanunun qüvvəyə minməsindən əvvəllər istər ifaların, istərsə də verilişlərin çoxlu yazıları mövcud idi və şübhəsiz ki, indi onların kommersiya məqsədi ilə tirajlanmasına və yayımına təşəbbüskarlıq köstərmək niyyətindədə olan şəxslər kifayət qədərdir.
       Təbiidir ki, keçmiş qanunvericiliyə uyğun olaraq, istər ifaların, istərsə də verilişlərin yazılması üçün hüquq sahiblərindən heç bir icazə tələb olunmurdu və qeyd etdiymiz əlaqəli hüquqlar obyektlərinin yazılması sərbəst həyata keçirilirdi. Digər tərəfdən yeni qanun kütləyə çatdırılması müddəti 50 ildən artıq olmamaq şərti ilə qorunmanı əvvəllərki obyektlərə də şamil edib.
       Buradan belə qənaətə gəlmək olur ki, keçmiş illərdə aparılmış ifanın, verilişin yazılması heç də hazırda onların sərbəst tirajlanmasına şərait yaratmır. Bu gün bu obyektlərin yazılmasının tirajlanması (surətçıxarılması) ifaçının və ya yayım təşkilatının, yaxud onların varislərinin icazəsi verildiyi halda həyata keçirilə bilər.
       Beləliklə, demək olar ki, əvvəl yaradılmış əlaqəli hüquqların bütün obyektləri hazırda müəllif-hüquq məkanındadır və hüquqi qorunma ilə əhatə olunur.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70