Şuşa musiqi təhsili
Y. Vəliyev
 

         Vətənimizin tarixində böyük bir zaman kəsiyində incəsənətimizin, ilk növbədə poeziya və musiqimizin ən öncül mərkəzlərindən biri olan Şuşa şəhərimiz əsirdir. Bu şəhər 250 illik tarixi boyu öz adı ilə, dünyanın müxtəlif yerlərində məskən salmış yüz minlərlə şuşalının hər birini yaşatmışdır. Və onlar yaşadıqları yerdən asılı olmayaraq daima Şuşa adlı doğma diyarı öz qəlbində saxlamışlar. Artıq 8 ildən çoxdur ki, müxtəlif məkrlər nəticəsində bu füsunkar diyarın ruhu bədənindən ayrı salınmışdır. Hazırda Şuşa öz həyatını müvəqqəti olaraq Azərbaycanın müxtəlif bölgələrində və ilk növbədə paytaxtımız olan Bakı şəhərində yaşayır.
         Elm və incəsənətin bütün növlərinin zirvələrinə gedən çətin yolların əsasən başlanğıc mərhələləri üçün vacib olan təhsil sahəsinə keçməzdən əvvəl, Şuşada musiqi təhsilinin əmələ gəlməsinə zəmin yaratmış bir neçə tarixi faktorlara müraciət etmək istərdim.
         XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni həyatında böyük yüksəliş var idi. Məşhur ədəbiyyatşünas alim Firudin bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq "Azərbaycan ədəbiyyatı" kitabında yazmışdır:
         "...Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi- dil yatağı hesab olunur".
         Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi möğqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı:
         "...Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır".
         XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firudin bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında "Məcnun Leylinin qəbri üstündə" səhnəsini musiqili tamaş a kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur. O vaxt 12 yaşlı Ü. Hacıbəyovun bu tamaşadan aldığı təəsüratlar gələcəkdə "Leyli və Məcnun" operasının yaranmasına öz təsirini göstərmişdir. XIX əsrin birinci yarısı teatr və musiqi sənəti ilə yanaşı Şuşada elm və maarifçilik sahəsi də geniş vüsət tapmışdır. Burada 1830-cu ildə qəza məktəbi, 1838-ci ildə seminariya, 1876-cı ildə şəhər və ibtidai məktəb, 1880-ci ildə altısinifli qəza məktəbi və 1886-cı ildə isə rus-tatar məktəbləri yaranmışdı. Belə məktəblərin açılması və təminatı Peterburq dağ institutunu bitirmiş mühəndis Fərrux bəy Vəzirovun xidmətləri idi. Bununla yanaşı şəhərdə Gövhər-ağanın, Səməd bəy Ağayevin şəxsi məktəbləri də fəaliyyət göstərirdi. 1894-cü ildə isə qız məktəbi olan – Mariin məktəbi açıldı. 1910-cu ildə artıq Şuşa məktəblərində təxminən 2000-nə qədər şagird və tələbə təhsil alırdı. Maarifçiliyin inkişafı söz yox ki, gələcəkdə musiqi məktəblərinin əmələ gəlməsinə də zəmin yaradır dı. XIX-cu əsrin 70-ci illərində Şuşada musiqi məktəbinin ilk yaradıcısı Xarrat Qulu olmuşdur. Professor Bülbül Məmmədov qeyd edirdi ki, tələbələr 13-14 yaşına kimi Molla Ibrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsini öyrənirdilər. Xarrat Qulu 1823-1883-cü illərdə Şuşa şəhərində yaşamışdır. O, klassik xalq musiqisini mükəmməl bilir və həm də ilhamlı şerlər yazırdı. O gözəl səsə malik idi. Məhərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulu təşkil etdiyi məclisə, Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib, şəbih səhnələrini oynamaqla yanaşı, eyni zamanda onlara muğamatın sirlərini də öyrədirdi. Dini məqsəd daşımasına baxmayaraq haqqında bəhs etdiyimiz məclis Azərbaycanda xanəndəlik və instrumental musiqinin inkişafında müəyyən yer tutmuş, Hacı Hüsü, Məşədi Isi, Sadıqcan, Əbdül Baği Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd kimi sənətkarların yetişməsinə səbəb olmuşdur. Firudin bəy Köçərli Xarrat qulunun sənətinə yüksək qiymət verərək yazırdı: "Kərbəla Qulunun sənəti xarr atlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz və mehriban tutardı. Öz sənətində artıq məharətli olduğu kimi elmi musiqidə dəxi baxəbər idi. Qarabağın məşhur xanəndələri onun yetirmələridir. "Molla Ibrahimin məktəbində də bir çox musiqiçilər dərs almışdır. Sevimi müğənnəmiz Bülbül də ilk təhsilini məhz bu məktəbdə almışdır.
         XIX əsrin ikinci yarısında yaranan musiqi məktəblərindən biri də Kor Xəlifənin məktəbi olmuşdur. O tələbələrə muğam oxumağı, tarda və kamançada çalmağı öyrədirdi. Kor Xəlifənin ölümündən sonra Şuşada məşhur xanəndə Hacı Hüsü və görkəmli alim, musiqişünas Mir Möhsün Nəvvabın "Məclisi fəramuşan", Xurşudbanu Natəvanın "Məclisi-üns" ədəbi-musiqili məclisləri yaradılmışdı. Bu məclislərdə şer, musiqi və sənətin estetik problemləri müzakirə olunar, xanəndələrin düzgün oxumağına və ustalığına diqqət verərdilər. Şairlər tərəfindən yeni yazılan qəzəl və şerlər burada musiqiçilər tərəfindən ilk dəfə dinləyicilərə çatdırılardı. XX əsrin əvvəllərində Şuşanı Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi adlandırırdılar. O zaman Qafqazın harasına getsəydin orada çalıb oxuyanın şuşalı olduğunu görərdin. Məşhur rus şairi Sergey Yesenin məktublarının birində yazırdı: "Əgər o oxumursa, demək şuşalı deyil".
         XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində professional musiqi təhsilinin bünövrəsi qoyulur. Azərbaycanın digər şəhərlərində olduğu kimi Şuşada da dövlət tərəfindən musiqi ocaqları açılmağa başlayır. Bunların da professional musiqimizin inkişafında, görkəmli bəstəkar və ifaçılarımızın yetişdirilməsində rolu böyük olmuşdur.
         1930-cu ilin əvvəllərində Şuşada ilk musiqi texnikumu təşkil olunur. Texnikumun ilk direktoru məşhur tarzən-pedaqoq Həmzə Əliyev olmuşdur. (O, skripkaçı Azad Əliyevin atasıdır). Texnikumda o vaxt tar ixtisasından bəstəkar Qəmbər Hüseynli (S. Ələsgərovun ilk müəllimi), musiqi nəzəriyyəsindən Fatma Zeynalova, nəfəs alətlərindən Nikolay Sergeyeviç Sergeyev, onun həyat yoldaşı Polina Nikolayevna musiqi nəzəriyyəsindən, pianoçu, professor Aleksey Platonoviç Raxmanov fortepiano ixtisasından, onun həyat yoldaşı Zoya Vladimirovna musiqi nəzəriyyəsindən dərs demişdir. Bəstəkarlardan Əşrəf Abbasov, Suleyman Ələsgərov, dirijor Kamal Məmmədov və başqaları ilk təhsillərini bu məktəbdə almışlar. 1938-39-cu illərdə bu məktəbdə Süleyman Ələsgərov tələbələrdən ibarət xalq çalğı alətləri orkestri təşkil etmişdir. Xanəndələrdən Bahadur Mehralıoğlu, qəssab Abış (o müğənni Flora Kərimovanın babasıdır) və başqaları bu məktəbdə dərs demişlər. Tanınmış xanəndələrdən Isa Rəhimov, Tofiqə və Şəfəqə Abdullayeva bacıları, Şamil Məmmdov və başqaları bu məktəbin yetirmələridirlər. Isa Rəhimov hazırda Şuşa incəsənət məktəbində xanəndəlik ixtisasından dərs deyir.
         1948-ci ildən həmin texnikum uşaq musiqi məktəbi kimi fəaliyyət gustərməyə başlayır. Yalnız 25 ildən sonra Şuşa Rayon Partiya komitəsinin 1-ci katibi Qəşəm Aslanovun və bəstəkar Suleyman Ələsgərovun böyük səyi nəticəsində 1974-cü ildə musiqi texnikumu yenidən fəaliyyət göstərməyə başlayır. M. M. Nəvvabın adını daşıyan Şuşa musiqi texnikumunda fortepiano, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndəlik və xalq çalğı alətləri şöbələri fəaliyyət göstərir. Texnikumda 150-yə yaxın tələbə təhsil alır və 80 nəfərə qədər muəllim işləyir. Musiqi texnikumunun Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyi tərəfindən bağlanması haqqında edilən təzyiqlərə baxmayaraq məktəbin direktoru Eldar Əliyevin çox böyük səyi və təşkilatçılığı nəticəsində, buna imkan verilməmişdir.

         Texnikumun təşkil olunmasında və kadrlara olan ehtiyacın edənilməsində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) və şəxsən bəstəkar Süleyman Ələsgərovun böyük xidməti olmuşdur. Ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq 1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının məzunlarından Nadir Əlişovu – musiqi nəzəriyyəsi və harmoniya fənlərindən, Mixail Suxomyası – fortepiano ixtisasından və başqalarını dərs deməyə Şuşa musiqi texnikumana göndərilmişdir. Məktəbin rəhbərliyi o dövrdə ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq bəstəkar Xəlil Cəfərovu – orkestr və dirijorluq fənlərindən, Hafiz Sədirzadəni – xanəndəlik ixtisasından, Rəsul Ismayılov və Təyyar Xəlilovu tar ixtisasından dərs demək üçün musiqi texnikumuna dəvət etmişdir. Texnikumun tələbələri indiyədək vaxtaşırı respublika müsabiqələrində və şəhərin mədəni-kütləvi tədbirlərində fəal iştirak edirlər.
         Şuşada 1922-ci ildən mədəni – maarif texnikumu da fəaliyyət göstərir. Burada kitabxanaçılıq, ibtidai sinif müəllimi, klub işçisi və musiqi fakultələri vardır. Texnikumda 80-nə yaxın müəllim 600-dən çox tələbənin təhsili ilə məşğuldur. Bu texnikumun məzunları nəinki Şuşada, Qarabağın başqa şəhərlərində də fəaliyyət göstərirlər.
         Şuşada XX-ci əsrdə ilk musiqi məktəbi məhz indiki Şuşa incəsənət məktəbidir. Hansı ki, bu məktəb ilk musiqi məktəbinin davamçısıdır. Müxtəlif vaxtlarda musiqi məktəbində Əhməd Əlişov, Əlipaşa Daşdəmirov, respublikanın əməkdar artisti Əlikram Hüseynov, Məmməd Nəbiyev, Kamil Cəfərov, respublikanın əməkdar mədəniyyət işçisi Səid Hacıyev, Zöhrab Bayramov direktor işləmişlər. Hal-hazırda məktəbin direktoru qocaman müəllim Oqtay Alahverdiyevdir. Bəstəkar Arif Məlikov 1950-ci ilin əvvəllərində Asəf Zeynallı adına Bakı musiqi texnikumu bitirdikdən sonra bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Tanınmış tarzən Con Əliyev, Abdulla Abdullayev, Tapdıq Zeynalov və başqaları bu məktəbdə dərs demişlər. Məktəbin minlərlə məzunu olmuşdur. Onlar hazırda respubldikanın müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər.
         Şuşa 2 saylı musiqi məktəbi 1990-cı ildə təşkil olunub. Məktəbdə fortepiano, xalq çalğı alətləri, xanəndə və zərb alətləri şöbələri fəaliyyət göstərir. 200-dən artıq şagirdin təhsili ilə 40-dan çox ixtisaslı müəllim məşğul olur. Məktəbin direktoru Rəsul Ismayılov Bakı Musiqi Akademiyasının məzunudur. O, gənc şuşalıların musiqi təhsilinə böyük zəhmət sərf edir.
         Bu məktəblərlə yanaşı son 20 ildə Şuşa musiqi məktəblərinin miqyası genişlənmiş və 6 kənddə musiqi məktəbi açılmışdır. Malıbəyli, Turşsu, Quşçular, Xəlifəli, Qala dərəsi və Xanallar kənd musiqi məktəblərini qeyd etmək olar. Yuxarıda adları qeyd olunan texnikum və musiqi məktəblərinin hamısı erməni qəsbkarları Şuşanı işğal etdikdən sonra, yəni 1992-ci ildən əsasən Bakı şəhərində fəaliyyətlərini davam etdirirlər. Xanallar kənd musiqi məktəbi isə Mingəçevir şəhərində yerləşir.
         Şuşanın musiqi və incəsənət məktəbləri, mədəni-maarif və musiqi texnikumları XX əsrin II-ci yarısında yüksək inkişaf taparaq nəinki Qarabağın, hətta Qarabağ ətrafı rayonların ixtisaslı musiqiçilərinə olan ehtiyacını ödəmişdir. Bunlarla yanaşı Şuşada ənənə şəklini almış "mahnı bayramları" yayın gəlişi ilə Şuşaya təşrif gətirən respublika əhalisinin gur vaxtına təsadüf edirdi. "Mahnı bayramı" Mədəniyət evlərindən, klublardan, teatr səhnələrindən başlayaraq Cıdır düzündə yekunlaşardı. Şuşanın kəndləri və şəhərdə fəaliyyət göstərən musiqi məktəblərinin şagird və müəllimləri, özfəaliyyət kollektivləri və Şuşadan kənarda yaşayan tanınmış şuşalı musiqiçilər, şairlər, teatr xadimləri, pəhləvanlar və hətta məzhəkəçilər Cıdır düzünə toplaşardılar. Şənlik axşama qədər davam edər və axşam gəzintisi ilə başa çatardı.          1989-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət Naziri, professor Polad Bülbüloğlunun təşəbbüsü ilə ancaq Cıdır düzündə bitən Xarı Bülbül çiçəyinin rəmzi adı ilə bağlı I-ci "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı keçirildi. Bu festivala 15-dən çox xarici ölkə xalqlarının folklor musiqi kollektivləri dəvət olunmuşdu. 1990-cı ildə 2-ci "Xarı Bülbül" Beynəlxalq festivalı, ermənilərin Şuşa şəhərini daima atəşə tutması ilə əlaqədar olaraq Bərdə və Ağdaş şəhərlərində keçirildi. Lakin ənənə halını almış bu festival bədxah qonşuların Qarabağa edilən təcavüzü nəticəsində sonralar keçirilmədi.
         XX əsrin axırlarında, XIX əsrin ortalarında təkamül tapmış Şuşa musiqi mədəniyyəti, öz həyatını yenidən yaşayırdı. Hətta professional musiqiçilərin çoxalması onların Şuşa ilə bağlılığı Şuşanın mədəni həyatını xeyli yüksəltmişdi. O, dövrdə təkcə xanəndə və sazəndə dəstələri inkişaf etmişdirsə, XX əsrin əvvəllərindən başlayaraq deyərdim ki, "Qafqazın konservatoriyasında" artıq adları dünya musiqiçiləri sırasında çəkilən bəstəkarlarımızdan Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun və Azərbaycanda professional vokal məktəbinin banisi Bülbülün, məhşur müğənni Rəşid Behbudovun və başqalarının adlarını qeyd etmək olar. Bu sənətkarlar Şuşa musiqi təhsili ocaqlarının yetirmələridirlər.
         Bu gün Şuşadan gətirilmiş Üzeyirin, Nətəvanın, Bülbülün R. Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan güllələnmiş heykəllərinə baxdıqca belə qərara gəlirəm ki, erməni işğalçıları nəinki torpaqlarımızı zəbt edərək xalqımıza maddi və mənəvi ziyan vurmuşlar, onlar həmçinin bəşər musiqisinə qarşı öz təcavüzlərini göstərmişlər. Inanıram ki, yaxın gələcəkdə bu heykəllər öz doğma yurduna qayıdacaq və Şuşanın musiqi və mədəni həyatı öz əvvəlki ahəngi ilə yaşayacaqdır.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70