YARADICILIQ...
.
 

XƏZƏR BALLADASI

       Azərbaycan Dövlət Akademik Opera və balet Teatrı musiqi ictimaiyyətini yeni tamaşası ilə sevindirmişdir. Görkəmli bəstəkarımız, xalq artisti, professor Tofiq Bakıxanovun «Xəzər balladası» birpərdəli baleti səhnəyə qoyulmuşdur. Xalqımızın «Neft epopeya»sının çiçəkləndiyi bir dövrdə teatrın bu baletə müraciət etməsi ölkəmizin musiqi həyatında diyyətəlayiq bir hadisədir.
       Əvvəla, qeyd edək ki, bu, Xəzər balladasının ikinci səhnə həyatıdır. T. Bakıxanov bu baleti 1968-sı ildə bəstələnmiş və bu səhədə öncül olaraq, Azərbaycan musiqisində birpərdəli baletlərin ilk nümunəsini yaratmışdır. Məlumatçun deyək ki, T. Bakıxanov «Xəzər balladası»ndan başqa, Azərbaycan balet sənətini zənginləşdirən daha iki baletin müəllifidir. Bunlardan biri rus şairi Sergey Yeseninin həyat və yaradıcılığına həsr olunmuş «Şərq poeması», digəri isə Nizami Gəncəvinin «Xəmsə»sinin motivləri əsasında «Xeyir və şərq» birpərdəli baletləridir.
       Ümumiyyətlə, Xəzər neftçilərinin əməyi daima sənətkarlarımızın diqqət mərkəzində olan bir mövzudur. Qəhrəman neftçilərin əməyindən ilhamlanan yazıçılar, şairlər, rəssamlar, heykəltaraşlar, bəstəkarlar, teatr və kino xadimləri müxtəlif janrlarda neçə-neçə əsərlər yaratmışlar. Hər bir sənət əsəri bu şərəfli və çətin peşə sahiblərinin həyatını, məişətini, əməyini, arzu və istəklərini özünəməxsus şəkildə, səciyyəvi ifadə vasitələrilə təcəssüm etdirir.
       Musiqi tarixində «Xəzər balladası» dəniz neftçilərinə həsr olunmuş ilk baletdir. Qara Qarayev bu baleti «Xəzər neftçilərinin romantik əməyini əks etdirən əzəmətli musiqi» adlandırmışdır.
        «Xəzər balladası» baleti müəllifinə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Balet ilk dəfə Bakıda 1968-ci ildə Opera və balet teatrında tamaşaya qoyulduqdan sonra tezliklə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRI-nin digər şəhərlərində, eləcə də xarici ölkələrdə, Fransada, Lüksenburqda, Monakoda göstərilmişdir. Əlamətdardvr ki, «Xəzər balladası» baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdı. Fransada isə bu balet otuz dəfədən çox nümayiş etdirilmiş, Amyen, Bezanson, Dijon, Le Krezo, Nansi, Eks-Profans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən Yeddinci Beynəlxalq rəqs festivalında Şan Elize teatrında oynanılaraq böyük üğür qazanmışdır.
       Paris festivalından sonra müsahibələrinin birində Qara Qarayev qürurla qeyd edirdi ki, «Paris Azərbaycan baletinin varlığını etiraf etdi». Həmin festivalda, həmçinin, Fərəc Qarayevin «Qobustan kölgələri» və Rauf Hacıyevin Azərbaycan süitası birpərdəli baletləri böyük uğurla nümayiş etdirilmişdi. Və buna işarə edərək, Q. Qarayev deyirdi: «Tələbkar Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xalqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlanır». Xatırlatmaq yerinə düşər ki, 1969-cu ildə Parisdə keçirilmiş Yeddinci Beunəlxalq rəqs festivalında Azərbaycan Dövlət Opera və Balet teatrının balet truppası mükafata layiq görülmüşdür.
       Balet haqqında Fransa mətbuatında da bir sıra müsbət rəylər dərc olunmuşdu. Məsələn, «Parizyen libere» yazırdı ki, «Xəzər balladası» baleti koloritli tərzdə orkestrləşdirilmiş musiqidən ibarətdir. «Le Monde» qəzetində çıxmış rəydə belə deyilirdi: «Bu əsər həqiqətən dəniz neftçilərinin həyatından bəhs edən gözəl bir himndir… Bu musiqi əsərində neftin necə əldə olunması geniş surətdə qələmə alınmışdır». Mond qəzetində balet haqqında çap olunmuş resenziyada obrazlı şəkildə deyilir ki, bu, «odpüskürən əjdahalarla mübarizə aparıb onlara qalib gələn quşqanadlı atlıların xələfi olan qəhrəman neftçiləri vəsf edən ilhamlı əsərdir».
       Sonrakı illərdə isə T. Bakıxanov baletin musiqisi əsasında on nömrədən ibarət simfonik süita yaratmışdır ki, bu da dirijorların repertuarına daxil olaraq, konsert proqramlarını bəzəmişdir. Neçə deyərlər, «Xəzər balladası» teatr səhnəsindən çıxaraq, konsert salonuna daxil olmuşdur.
       Bu gün «Xəzər balladası» baleti yenidən səhnədədir.
       Balet yeni quruluşda tamaşaya qoyulmuşdur. Bəstəkarla yanaşı, libretto müəllifləri Tamilla Şirəliyeva və Siyavuş Məmmədzadə əsərin yeni redaksiyasına hazırmış və müasir yozumda tamaşaçılara təqdim etmişlər.
       Hər şeydən əvvəl, baletin librettosunda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, ilkin variantda mövcud olan bir neçə surət – neft buruğunda baş verən yanğını söndürmək üçün özünü fədakarlıqla alovlar içərisinə atan igid neftçi və onun sevgilisi Marianna surəti ixtisara salınmışdır. Bunun nəticəsində süjet xətti daha aydın və lakonik gizgilər kəsb edərək, əsas diqqət əsərin ümumi ideyasının açılmasına yönəldilir.
       Baletin dramaturji konflikti əmək prosesinin özündən yaranır. Dənizin dibindən neft çıxarmaq kimi çətin bir işlə məşğul olan neftçilər növbəti əmək qələbəsi əldə edirlər. Neft buruğu fontan vurur. Lakin qopan tufan nəticəsində dənizə tökülən neft alovlanır. Yalnız neftçilərin fədakarlığı sayəsində yanğın söndürülür, fəlakətin qarşısı alınır. Həyat öz axarına qayıdır.
       Neftçilərin ümumiləşdirilmiş obrazını dərindən açmaq üçün, ilhamlı əməkdən doğan hünərin mahiyyətini tamaşaçıya çatdırmaq üçün müəllif, eləcə də baletmeyster musiqinin və xoreoqrafiyanın bədii ifadə vasitələrindən geniş surətdə istifadə etmişlər.
       Vaxtilə musiqişünas Elmira Abbasova baletin janrını balet-novella, balet-poema kimi müəyyən etmişdi. Zənnimizcə, musiqi bu ifadəni çox gözəl doğruldur.
       Əsərin musiqisində gah sakit, gah həyəcanlı, gah da möhtəşəm və vüqarlı dənizin təsviri böyük yer tutur. Və bu peyzaj neftçilərin – mərd və qorxmaz insanların xarakteri ilə vəhdət təşkil edir. Musiqi dramaturgiyasında neftçilərin leytmövzusu mühüm əhəmiyyət kəsb edir. Bu mövzu dənizi, küləyi, nefti və alovu səciyyələndirən mövzularla üz-üzə qoyulur. Bununla da insan və dəniz qarşıdurmasında insanın üstünlüyü, onun hər cür çətinliklərə qalib gəlmək iqtidarında olduğu vurğulanır. Bəstəkar əsərdə əzəmətli, çoşğun dənizi ram edən qəhrəman obrazını canlandırmağa nail olmuşdur.
       Baletin musiqi dili xalq musiqi mənbələrindən qidalanan və klassik musiqi qanunları ilə müasir ifadə vasitələrinin qovuşmasından yaranan bəstəkarın üslubunun yüksək professional səviyyəsini mümayiş etdirir. Milli ruhla aşılanmış əsər zəngin melodiyası, lad-intonasiya, harmoniya, metro-ritmik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Musiqi dilinin bütün komponentləri obrazların səciyyələndirilməsinə yönəldilmişdir.
       Etiraf edək ki, balet janrında neftlə bağlı mövzunun təcəssümü qeyri-adi təsir bağışlayır. Dəniz, neft buruqları, dəniz üzərində uçuşan qağayılar, neftin fontan vurması, neftçilərin gərgin iş prosesinin ifadə olunması və xoreoqrafiya dili ilə açıqlanması müəyyən çətinliklərlə şərtlənir. Burada, əlbəttə ki, baletin yaradıcı kolletivi alqışlanmalıdır.
       Əsərin iştirakçıları, neftçilərdən başqa, əsasən simvolik obrazlardır: dəniz, qağayılar, neft, od. Bu obrazların qarşıdurması bəstəkarın yozumunda həyatın inkişafına təkan verən xeyir və şər qüvvələrin mubarizəsinin simvoluna çevrilir.
       Baletmeyster, xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva müasir xoreoqrafiya ünsürlərinə əsaslanaraq, rəqs hərəkətlərinin plastikası vasitəsilə dramaturji konfliktin tam dolğunluğu ilə açılmasına nail olmuşdur.
       Əsərin simvolik obrazları balet artistlərinin ifasında canlı varlığa çevrilir.
       Baletdə kütləvi səhnələr üstünlük təşkil edir. Xüsusilə Dənizin dalğalanması, Neft fəvvarəsi, Yanğın kimi səhnələr bədii məzmun baxımından öz gözəl həllini tapmışdır. Burada musiqi ilə xoreoqrafiyanın vəhdəti böyük əhəmiyyət kəsb edir.
       Əsərin bədii yozumu tamaşanın musiqi rəhbərindən də çox asılıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dirijor Cavanşir Cəfərovun təfsirində baletin musiqisinin rəngarəng çalarları incə ştrixlərlə açıqlanaraq, böyük təsir qüvvəsi kəsb edir. Bu da dinləyici tərəfindən musiqinin daha dərindən qavranılmasına zəmin yaradır.

       Tamaşada əsərin məzmununun musiqi və xoreoqrafiya ilə yanaşı, rənglər vasitəsilə də təcəssümünün şahidi oluruq. Sözsüz ki, burada yüksək səviyyəli bədii tərtibatın böyük rolu vardır. Quruluşçu rəssamlar Tahir Tahirov və Ağarəhim Əliyev baletin süjet xəttini çox dolğun canlandıran bir kompozisiya qurmuş və əsərin dramaturgiyasını rənglərin dili ilə həll etməyə nail olmuşlar. Bacarıq və zövqlə seçilmiş zəngin rəng palitrasında hər bir obraz özünəməxsus çalarlar kəsb edir: dəniz mavi-göy, qağayılar ağ, neft qara-bənövşəyi, od sarı-qırmızı. Onlar gah günəşin parlaq qızılı şüaları altında bərq vurur, gah axşamın alatoranında işartı saçır. Bütün rənglərin qovuşduğu və əsərin kulminasiyasını təşkil edən «Yanğın» səhnəsini isə möhtəşəm bir pannoya bənzətmək olar.

       Balet musiqisinin yaradılması bəstəkarın adı ilə bağlıdırsa, onun səhnə təcəssümü, yəni tamaşanın meydana gəlməsi, necə deyərlər, kollektiv əməyin məhsuludur. Burada bəstəkarla yanaşı, libretto müəllifi, baletmeyster, rəssam, dirijor, rejissor, balet truppası və ümumiyyətlə, teatrın bütün işçilərinin birgə yaradıcılıq səyi tələb olunur. Və deməliyik ki, teatrın kollektivi bu işin öhdəsindən bacarıqla gəlmiş, çox maraqlı bir tamaşa hazırlayaraq, musiqisevərlərə təqdim etmişdir.

       Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü sayəsində son vaxtlar Opera və Balet teatrının kollektivi musiqi mədəniyyətimizin gözəl incilərinə müraciət edərək, teatrın direktoru Akif Məlikovun rəhbərliyi ilə yeni-yeni tamaşalar hazırlayır. Vaxtilə böyük sənətkarlarımız tərəfindən yaradılmış, musiqi tariximizin qiymətli səhifələrini təşkil edən, bir vaxtlar hər tamaşası musiqimizin bayramına çevrilən sənət nümunələrinə yeni həyat verilməsi, onların unudulmaq təhlükəsindən xilas edərək, xalqa qaytarılması çox şərəfli və təqdirəlayiq bir işdir.

       Yəqin mənimlə razılaşarsınız ki, indiki gənc nəsil bir çox əsərlər haqqında əsasən kitablardan və lent yazılarından məlumat alır. Həmin əsərlərin səhnədə görünməsi yeni nəslin dünyagörüşünün və zövqünün artırılmasında mühüm əhəmiyyətə malikdir. Bu əsərlər bizim milli sərvətimizdir. Biz musiqi mədəniyyətimizi qoruyaraq, zənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə çatdırmalıyıq. Yeni gələn nəsirlər də ruhən məhz bu əsərlərdən qidalanmalı və müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəlişi naminə əzmlə çalışmalı, sənət korifeylərimizin layiqli davamçıları kimi yetişməlidir.

       Hal hazırda möhtərəm prezidentimiz Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasət sayəsində Azərbaycanın dünyanın böyük dövlətləri arasında daha artıq nüfuz qazandığı bir dövrdə musiqi mədəniyyətinin yüksəldilməsinə xidmət etmək hər birimizin müqəddəs borcumuzdur.

       Inanırıq ki, dünya xalqları tərəfindən tanınmış və dəyərləndirilmiş Azərbaycan musiqisinin yüksək zövqlü bədii sənət nümunələri yeni zirvələr fəth edəcək. Tərcüməyə ehtiyacı olmayan musiqi dili ilə vətənimizin dünəni, bu cünü, sabahı haqqında düşüncələrini, düyğularını, arzularını tərənnüm edən sənətkarlarımız insanların bir-birini daha yaxşı başa düşməsinə, sülh və əminəmanlığa rəvac verəcək.

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA






SEYIDOVA SƏADƏT AĞA MƏMMƏD QIZI – 60



1942-ci ilin yanvar ayında Bakı şəhərində dünyaya göz açan Səadət xanım, Azərbaycan musiqi elmi sahəsində xidmətləri olan, xüsusilə dini musiqi üzrə tədqiqatları ilə nəzərdiqqəti cəlb edən musiqişünaslıq məktəbinin layiqli davamçılarından biridir.

       Səadət Seyidova 1949-cu ildə hal-hazırki Bülbül adına orta ixtisas musiqi məktəbinin skripka sinfinə daxil olub oranı müvəffəqiyyətlə bitirdiyinə baxmayaraq, daha böyük maraqla musiqi nəzəriyyəsi, musiqi ədəbiyyatı və Azərbaycan xalq musiqisinin əsasları fənnlərinə yanaşır. O, bu marağı onda oyadan müəllimlərinə – Ədilə xanım Hüseynzadəyə, Qəmər xanım Ismayılovaya, Nazim Əliverdibəyova ömrü boyu minnətdar olduğunu bildirir.

       1954–1964-cü illərdə isə o, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi və nəzəriyyəsi fakültəsində təhsilini davam etdirərək, oranı müvəffəqiyyətlə bitirib musiqişünas adına layiq görülür.

       Səadət xanım konservatoriyada oxuduğu illəri belə xatırlayır: «1959–1964-cü illərdə konservatoriyada təhsil aldığım ərəfədə görkəmli musiqişünas və bəstəkarlardan dərs almışam. Soltan Hacıbəyov, Zakir Bağırov, Məmməd Saleh Ismayılov, Xanlar Məlikov, Qəmər xanım Ismayılova, Solmaz xanım Qasımova, Izabella Vladimirovna Abezqauz, Georgi Zaxaroviç Burşteyn və başqalarına çəkdikləri zəhmətə, verdikləri biliyə, tə’lim-tərbiyəyə görə borcluyam. 1960-cı illərdə müəyyən yeniliklərin irəli atıldığı dövr olduğundan musiqişünaslığa yiyələnən tələbələrə ilk dəfə muğam dərsi də tədris edilirdi. Bu niyyətlə Azərbaycan Dövlət Konservatoriyasında Əhmədxan Bakıxanov və Əlikram Hüseynov də’vət edilirlər. Bu müəllimlərdən isə muğam sənətinin incəliklərini öyrənmişəm …».

       Səadət Seyidova 1966-cı ildə Azərbaycan Akademiyasının Incəsənət və Me’marlıq Institutunun musiqi şö’bəsinin aspiranturasına daxil olur və şö’bə müdiri Qubad Qasımovun məsləhəti ilə dini musiqi sahəsində məşğul olmağı qərarlaşdırır. Demək olar ki, uzun illər ərzində bir sıra obyektiv və subyektiv səbəblərə görə Azərbaycan musiqişünaslığında orta əsrlərin musiqi tarixi öyrənilməmişdi və bu sahədə yaranmış böyük boşluq Azərbaycan musiqisinin tam mənzərəsini verməyi çətinləşdirirdi. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli kimi böyük şəxsiyyətlər öz mə’ruzə və çıxışlarında dəfələrlə bu barədə söz açmış və Azərbaycan musiqişünaslığının ən ümdə vəzifələrindən biri kimi qeyd etmişlər. Tamamilə öyrənilməmiş və hələ ki, öz tədqiqatını gözləmiş bu sahə iste’dadlı musiqişünas Səadət xanımı maraqlandırır və gələcəkdə onun tədqiqat dairəsinin ən önəmli sahəsinə çevrilir. Məhz bununla əlaqədar Gürcüstan Dövlət Konservatoriyasının kafedra müdiri, musiqi folklorşünaslığının veter anı, görkəmli sovet musiqişünası Qriqori Zaharyeviç Çxikvadzenin rəhbərliyi altında «Azərbaycanda dini musiqi» adlı dissertasiya mövzusu təsdiq olunur.

       1970-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar S.Hacıbəyovun təşəbbüsü ilə xalq musiqisi laboratoriyası açılır və Səadət xanım ora müdir vəzifəsinə işə qəbul olunaraq, eyni zamanda «Xalq musiqisinin tarix və nəzəriyyəsi» kafedrasının müəllimi kimi də fəaliyyət göstərir.

       Sənətini sevən işgüzar, zəhmətkeş Səadət xanım üçün xalq musiqisi laboratoriyasında da iş maraqlı idi. Tələbələri ekspedisiyaya hazırlayıb onlarla Azərbaycanın rayonlarına, ucqar kəndlərinə gedir, musiqi folklor nümunələrini toplayır, sonra onları nota köçürür, tələbə və müəllimlərin istifadəsinə verirdi.

       Böyük insani keyfiyyətlərinə malik olan nəcib yubilyarımız laboratoriyanın fəaliyyətində yaxından iştirak edən, musiqişünas və bəstəkar mərhum Bayram Hüseynlinin şəxsi əməyinin də böyük olmasını qeyd edir.

       Dissertasiya işi ilə bağlı meydana çıxan çətinlikləri Səadət xanım belə açıqlayır: «Dini musiqinin tədqiqi ilə məşğul olmağımı rəğbətlə qarşılayan və mənə müxtəlif köməklik edib, işimə müsbət rəy verən Fikrət Əmirova, Soltan Hacıbəyova, Əfrasiyab Bədəlbəyliyə, Mikayıl Hüseynova Allah rəhmət eləsin, onların yaxşılığını heç vaxt unutmaram. 1973-cü ildə işim Gürcüstan Dövlət Konservatoriyasının Elmi Şurasında müzakirə edilib müdafiyəyə təqdim olunur. Müdafiə ilə bağlı Azərbaycan Elmlər Akademiyasından bə’zi sənədlər tələb olunduqda mə’lum olur ki, ateizmin tüğyan elədiyi bir dövrdə «Azərbaycanda dini musiqi» adlı mövzunun müdafiəsi məsləhət görülmür. Yeddi il davam edən əngəllər nəticəsində nəhayət 1980-ci ildə Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr Institutunda «Azərbaycan qədim mərasim musiqisi» adı altında dissertasiya işimi müdafiə edib, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görüldüm».

       O, həmin ildən kafedranın baş müəllimi, 1986-cı ildən dosenti vəzifəsində çalışır.

       1991–1996-cı illərdə Səadət Seyidova Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı vəzifəsini, hal-hazırda isə Bakı Musiqi Akademiyasının «Musiqi nəzəriyyəsi» kafedrasının müdiri və professoru vəzifəsini icra edir. Bu illər ərzində sənətini sevən qayğıkeş Səadət xanım bir sıra iste’dadlı musiqişünas kadrları yetişdirmişdir. Lakin, elmi fəaliyyəti başlıca olaraq musiqi tarixi və nəzəriyyəsi çərçivəsində olsa da, onu qədim dövr və milli musiqimizin nəzəri xüsusiyyətləri, din və musiqinin daimi əlaqəsi, Azərbaycan musiqisi və türk xalqlarının musiqisinin oxşar məsələləri maraqlandırır.

       Onun elmi tədqiqat işlərindən «Mərsiyə, dini musiqi janrlarından biridir», «Azərbaycan xalq musiqisi və «şəbih» misteriya tamaşası», «Azərbaycan xalq professional və dini oxuma sənətinin qaynaqları», «Islam və Azərbaycan musiqisi», «Muğam janrının formalaşmasında dini musiqinin rolu», «Azərbaycan milli musiqimizin təsnifat məsələlərinə dair», «Din və musiqi», «Üzeyir Hacıbəyov və dini musiqi» elmi məqalələri, «Qədim Azərbaycan mərasim musiqisi» və «Azərbaycan xalq professional musiqisi» kitabları, bir sıra qəzet və jurnal səhifələrindəki tənqidi məqalə və resenziyaları geniş maraq doğurmuşdur.

       Könüllü olaraq bu məs’uliyyətli, lakin gərəkli işi öz öhdəsinə almış mütəxəssis kimi Səadət xanımın xidməti çox böyükdür. Onun simasında, davranışında cəzb edən əsas xüsusiyyətlərdən biri də odur ki, o, iş yerində, həyatda, məişətdə, bir sözlə harada olursa olsun, insanlarla ünsiyyətdə olduğu zaman, nəzakət qaydalarına riayət edərək insani keyfiyyətləri nümayiş etdirir.

       Səadət xanımın həm orta məktəb və həm də ali məktəb illərini çox yaxşı xatırlayıram. Gözəl, sakit, təmkinli və «mənəm-mənəm» deyən tələbələrin (müəllimlərin də) əksi olaraq çox təvazökar tələbə idi. Böyük məmnunluq hissi ilə vurğulamalıyam ki, o indi də bu keyfiyyətlərini itirməmişdir.

       Səadət xanım bütün zamanlarda dəyişməz, öz üslubuna sadiq qalan, sənətdə öz dəst-xətti, öz mövqeyi olan xeyirxah bir insandır.

       Şübhəsiz ki, musiqinin cəmiyyətdə, o cümlədən də yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafında, onların estetik tərbiyəsində nə qədər böyük rol oynaması hamıya mə’lumdur. Sənətini, peşəsini sevən bir çox vıcdanlı, şərəfli müəllimlər kimi, Səadət xanım da gənc kadrların bir musiqiçi-sənətkar kimi yetişməsi üçün, yuxarıda sadalanan bütün imkan vasitələrindən istifadə edərək, onları doğru-düzgün yola istiqamətləndirir. «45 yaşında» 60-illik yubileyini qeyd edən, hamımızın sevimlisi Səadət xanıma xoş məramlar, can sağlığı, uzun ömür, ailə səadəti və tutduğu mövqedə yeni-yeni uğurlar arzulayıram. O gün olsun ki, yubilyarımız «60 yaşında» 100-illik yubileyini qeyd etmiş olsun!

Gövhər HÜSEYNOVA










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70