Azərbaycan Bəstəkarlar Ittifaqı 2002-ci il iyun ayının 22-də Alman-Azərbaycan Mədəniyyət Birliyinin köməyi ilə Kapellhauz konsert zalında Kamera musiqisi axşamı keçirmişdir. Axşamın proqramına müxtəlif nəslə mənsub bəstəkarların, habelə Bakı Musiqi Akademiyasının bəstəkar tələbələrinin yeni əsərləri daxil edilmişdi.
Musiqi axşamını giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə hey’ətinin birinci katibi, respublikanın xalq artisti, professor Vasif Adıgözəlov qeyd etdi ki, belə axşamlar ən’ənəyə çevrilməlidir. Çünki kamera musiqisi bəstəkarlar üçün həmişə yaradıcılıq laboratoriyası olmuş, yeni axtarış və tapıntılar burada daha tez və qabarıq şəkildə öz əksini tapmışdır. Musiqi ictimaiyyəti də bu axtarış və yenilikləri müntəzəm izləmək imkanına malik olmalı, bu sahədə gedən proseslərdən xəbər tutmalıdır. Hazırda bəstəkarlarımız ən müxtəlif üslublarda işləyir və musiqimizin hansı istiqamətdə və hansı cərəyanda inkişaf etməsi daim diqqət mərkəzində olub araşdırılmalıdır. Öz çıxışında həmçinin, Vasif Adıgözəlov Bəstəkarlar Ittifaqının «Kamera musiqisi» bölməsinin rəhbəri Azər Rzayevə hazırkı konsert proqramının dinlənilib seçilməsində bölmənin üzvləri ilə birgə apardığı işə görə minnətdarlığını bildirdi.
Kamera musiqisi axşamı bəstəkar Ilham Abdullayevin piano üçün 2 saylı Sonatası ilə açıldı. Daha sonra Rə’na Qədimovanın Skripka və piano üçün Sonatinasının finalı, Gülnaz Abdullazadənin «Sən olmasaydın» romansı, Vasif Adıgözəlovun «24 prelüd» silsiləsindən üç prelüdü, Rəhilə Həsənovanın piano üçün «Meyxana» fantaziyası, Arif Məlikovun 6 romansı, Azər Dadaşovun piano üçün «Fəza təranəsi», Bikə Axundovanın piano üçün 4 prelüdü, Rəşid Şəfəqin piano üçün Sonata-poeması, Tofiq Bakıxanovun viola və piano üçün «Türk təranələri» səsləndirildi.
Aşağıda biz oxuculara bəstəkar və musiqişünaslarımızın kamera musiqisi axşamında səslənmiş əsərlər barəsində bə’zi mülahizələrini təqdim edirik.
Azər Rzayev («Kamera musiqisi» bölməsinin sədri, respublikanın xalq artisti, professor): - Konsertin proqramı əsasən Azərbaycan Bəstəkarlar Ittifaqının «kamera musiqisi» bölməsi tərəfindən hazırlanmış və katiblik tərəfindən təsdiqlənmişdir. Konsert proqramının əsasını yeni əsərlər təşkil edirdi. Proqrama bəstəkarlar Ittifaqının üzvü olanlarla yanaşı, gənc bəstəkarların və Bakı Musiqi Akademiyasının bəstəkarlıq üzrə təhsil alan tələbələrinin əsərləri daxil edilmişdir. Əsərlərin ifası lazımi səviyyədə olmuş və dinləyicilər tərəfindən hərarətlə qarşılanmışdır.
Belə bir fikir irəli sürüldü ki, bu cür konsertlər nə qədər çox keçirilsə, bir o qədər həm bəstəkarlar, həm ifaçılar, həm də dinləyicilər üçün faydalı olar.
Gülnaz Abdullazadə («Kamera musiqisi» bölməsinin üzvü, BMA-nın prorektoru, fəlsəfə elmləri doktoru, professor): - Diqqətəlayiqdir ki, kamera musiqisi axşamında həm orta, həm yaşlı, həm də gənc nəsil bəstəkarlarının əsərləri ifa olundu. Səslənən əsərlər janr etibarilə və eyni zamanda obraz, məzmun xüsusiyyətinə görə çox müxtəlif və rəngarəng idi.
I.Abdullayevin 2 saylı Sonatası fortepiano alətinin ifaçılıq imkanları nöqteyi-nəzərindən çox geniş texnika ilə yazılmışdır. Ümumiyyətlə, müəllifin fortepiano alətinə olan xüsusi münasibəti bu əsərdə öz əksini tapmışdır. Fortepiano musiqisi janrında R.Həsənovanın müasir, özünəxas dünyagörüşü özünü büruzə verdi. Əsərin adı «Meyxana»dır və bu proqram meyxana janrının xüsusiyyətlərini özündə əks etdirir. A.Dadaşovun fortepiano üçün bəstələdiyi «Fəza təranəsi» bir növ xatirə xarakteri daşıyırdı. Əsər V.Mustafazadə və R.Babayevin xatirəsinə həsr olunduğu üçün bu sənətkarların əsərlərindən sitatlar əsasında qurulmuşdu. R.Şəfəqin təqdim etdiyi «Sonata-poema» isə böyük bəstəkarımız C.Hacıyevin xatirəsinə ithaf olunmuşdur. R.Qədimovanın təqdim etdiyi skripka və fortepiano üçün Sonatanın finalı da yaddaqalan oldu.
Fortepaino musiqisi habelə V.Adıgözəlovun «24 prelüd» silsiləsindən 3 prelüd ilə təmsil olunmuşdur. Sirr deyil ki, bu əsər milli fortepiano musiqisində artıq bir me’yardır və onun əsasında bir neçə nəsil pianoçular yetişmiş və püxtələşmişdir.
A.Məlikov 6 romans silsiləsini təqdim etdi. Bu əsər ümumiyyətlə, bəstəkarın vokal musiqisi sahəsində yaratdığı təkrarolunmaz incilərin davamı hesab edilə bilər. Bəstəkar bu silsilədə N.Hikmətin sözləri əsasında müəyyən fəlsəfi obraz yaratmağa müvəffəq olmuşdur.
Konsertdə iki tələbənin də əsəri səsləndi: B.Axundovanın piano üçün 4 prelüdü və N.Nağıyevanın klarnet və piano üçün Sonatası. Bu tələbələrin səslənən əsərləri əsasında qeyd etmək olar ki, onların ilkin yaradıcılığı ümidvericidir.
Nəhayət, konsertin sonunda səslənən T.Bakıxanovun viola və piano üçün «Türk təranələri» Azərbaycan musiqisində Şərq mövzusunun istifadəsi ən’ənəsinin davamı kimi qavranıldı. Bəstəkarın bu əsəri onun yaradıcılığında özünü göstərən çox maraqlı əsərlərdən biridir.
Ümumiyyətlə, belə tədbirlərin keçirilməsi çox təqdirəlayiqdir. Mə’lumdur ki, konsertin proyektində ancaq gənc bəstəkarların iştirakı nəzərdə tutulmuşdu. Lakin sonradan bura orta və yaşlı nəslin cəlb olunması konserti daha maraqlı və rəngarəng etdi. Bu xüsusiyyət bir daha bütün bəstəkarların yaradıcılığının zəruriliyini təsdiqlədi və proqrama fəlsəfi dərinlik, üslub müxtəlifliyi aşıladı.
Dinləyicilər arasında bütün əsərlər maraq doğurmuş və əsərlərin konsertdən sonrakı müzakirəsində yüksək professional səviyyənin mövcudluğu xüsusilə qeyd olunmuşdur. Arzu edirəm ki, Bəstəkarlar Ittifaqı tərəfindən belə musiqi gecələrinin keçirilməsi ardıcıl olsun. Bu, bəstəkarların yaradıcılıq prosesi haqqında musiqişünaslar, ictimaiyyət, mətbuat və televiziya-radio üçün geniş informosiya sahəsi yaradır.
Zümrüd Dadaşzadə (sənətşünaslıq namizədi, BMA-nın dosenti): - Azərbaycan bəstəkarları həmişə kamera musiqisi sahəsində fəal işləmişlər. Bu, bir tərəfdən kamera musiqisi janrlarının mütəhərrikliyi, digər tərəfdən müvafiq əsərlərin tezliklə ifa olunma imkanları ilə bağlıdır. Sirr deyil ki, irihəcmli simfonik, xor yaratmalarının təqdimatını bə’zən illərlə gözləmək tələb olunur.
Futbol üzrə Dünya çempionatının həlledici oyunlarından biri (Türkiyə-Seneqal), habelə Fidan, Xuraman Qasımovalar və məşhur cazmen Salman Qəmbərovun birgə reallaşdırdığı layihə ilə eyni gündə keçirilən kamera musiqisi axşamı bu sanballı qonşuluğa baxmayaraq, heç də öz cazibəsini, əlbəttə, müasir musiqi azarkeşləri üçün, itirməmişdi.
Tanınmış, təcrübəli sənətçilərlə yanaşı bir proqramda Bakı Musiqi Akademiyası tələbələrinin də iştirakı maraqlı, gənclər üçün isə, zənnimcə, səmərəli idi.
A.Məlikovun N.Hikmətin şe’rlərinə yazdığı 6 romansın ifası həmin axşamın əsas hadisəsi oldu. Əvvəlki 2 silsilədən fərqli olaraq, orijinala dayaqlanan (şe’rlər türk dilindədir) müəllif burada yenidən inandırıcı forma qurmaq bacarığını, həqiqi dramaturq keyfiyyətlərini nümayiş etdirdi. Ayrı-ayrı miniatürlər arasında incə intonasiya əlaqələrindən savayı, fortepiano partiyasına xüsusi önəm verilməsi, başlanğıc musiqi ibarəsinin silsilə boyu refren tək qayıdışı əsərə qeyri-adi tamlıq, ahəngdarlıq aşılayır. Insan nitqinə xas intonasiyalar və mahnıvarilik arasında ə’la müvazinət əldə edən bəstəkar vokal partiyanın rəvanlığını, məxsusi plastikasını tə’min edir. Ü.Hacıbəyova – S.Əsədova ansamblının lideri, Azərbaycan bəstəkarlarının əsərlərinin təbliği ilə müntəzəm məşğul olan Ülviyyə Hacıbəyova düşünülmüş çalğısı ilə silsilənin dramaturji bütövlüyünü daha da qabartdı. Gənc metso-soprano Səbinə Əsədovanın öz füsunkar səsini idarə etmək bacarığı, səhnə məlahəti də xoş tə’sir bağışladı. Ifaçıya yalnız tələffüzd
ə daha dəqiq olmağı arzulayardım. Bütövlükdə, A.Məlikovun Azərbaycan kamera-vokal musiqisini zənginləşdirən yeni silsiləsinin xoşbəxt taleyini proqnozlaşdırmaq çətin deyil.
V.Adıgözəlovun fortepiano üçün «24 prelüd» silsiləsindən 3 miniatür bəstəkarın əsas keyfiyyətlərini – parlaq melodiyalar icad etmək, fakturanı lazımınca qurmaq, yığcam forma çərçivəsində bitkin fikir ifadə etmək məharətini çox bariz üzə çıxarır. Prelüdlərin BMA-nın II kurs tələbəsi Ş.Quliyeva tərəfindən sevgi ilə ifası gözümdən yayınmadı. Deməli, bəstəkarın yaratmalarından tədris repertuarında da istifadə olunur, onlara gənc ifaçılar da maraq göstərir. Deməli, musiqi yaşayır.
Fortepiano üçün əsərlər arasında R.Həsənova kimi orijinal təfəkkürlü müəllifin «Meyxanas»ı xüsusən diqqətimi çəkdi. Meyxana kimi sözlə sıx bağlı bir janrın sırf instrumental musiqiyə proyeksiyası böyük ixtiraçılıqla həll olunmuşdur. Bəstəkar öz əsas yaradıcılıq prinsipinə sadiq qalır: o, qısa, qabarıq tematik rüşeym seçib onu aramsız inkişaf nəticəsində möhtəşəm kulminasiyaya çatdırır və bu aramsız artım dalğası sarsıdıcı tə’sir bağışlayır. Əsərin ifasına instrumental teatr elementlərinin («çırtma» fəndinin tətbiqi nəzərdə tutulur) «müdaxiləsi», zənnimcə, gözlənilməz, eyni zamanda maraqlı idi.
Konsertdə səslənən digər əsərlər də məziyyətlərdən məhrum deyildi. G.Abdullazadənin V.Əzizin sözlərinə yazdığı «Sən olmasaydın» romansı bu müəllifin şe’rə, sözə həssas münasibətini, təbii vokal intonasiyalar tapmaq iqtidarını göstərdi. Bu gün elmi fəaliyyəti ilə daha çox tanınan Gülnaz xanımı bir bəstəkar kimi daha tez-tez eşitmək istərdik.
A.Dadaşovun V.Mustafazadə və R.Babayevin xatirəsinə həsr olunmuş «Fəza təranəsi» pyesində məşhur caz mövzularından «qəlpələr» qeyri-adi, bə’zən qəfil tərzdə, bu müəllifə xas yumor hissilə bir-birinə calaşdırılaraq xoş təəssürat oyatdı.
Digər bir ithaf – R.Şəfəqin unudulmaz Cövdət müəllimə həsr etdiyi Sonata-poemanın məzmundan doğan tutqun çalarlarını, nisgil duyğularını musiqi məktəbinin şagirdi Ü.Hacılı onun yaşına xas olmayan bir ciddiyyətlə, əhvalla çalıb müəllif qayəsini açıqlaya bildi.
R.Qədimovanın skripka və fortepiano üçün Sonatinasının qəfil üslub dönümləri (Prokofyevin klassisist səhifələri yada düşdü), I.Abdullayevin fortepiano sonatasının dinamikası da yadda qaldı.
BMA-nın tələbəsi N.Nağıyeva fəaldır, müxtəlif janrlarda yazdığı əsərlərlə tez-tez çıxış edir. Bu məqsədyönlülük, zəhmətkeşlik bizi sevindirməyə bilməz. Ona yalnız «ümumi hərəkət formaları»ndan yaxa qurtarıb, tez bir zamanda öz fərdi simasını aşkarlamağı arzulayardıq. Həmin sözləri iste’dadlı tələbə bəstəkar B.Axundovaya da ünvanlandırardım.
Müxtəlif kamera hey’ətləri üçün külli miqdarda əsərin müəllifi, ansambl ifaçılığının çeşidli çətinliklərinə bələd olan T.Bakıxanovun viola və fortepiano üçün «Türk təranələri» süitası T.Aslanov və Ə.Salayev kimi mahir ifaçıların təfsirində səslənərək konsertin gözəl yekunu oldu.
Bu gün Azərbaycan dinləyicisinə ciddi, akademik janrlarda işləyən həmvətənlərinin adları, çox əfsus ki, bəlli deyil. Ekranı, efiri səssiz, qoy məni bağışlasınlar, abırsız müğənnilər «işğal edib». Odur ki, konsertin televiziya tərəfindən çəkilişi bəstəkar adlarını daha geniş auditoriyaya tanıtdırmaq yönundə atılan kiçik də olsa, alqışlanmalı addımdır. Yaxşı olardı ki, gələcəkdə belə konsertləri göstərərkən, bəstəkar və musiqişünaslar müvafiq nümunələri şərh etsin.
Bəstəkarlar Ittifaqına belə baxışları vaxtaşırı təşkil etmək, müəlliflərə isə fəallıq, axtarış, yaşından asılı olmayaraq öyrənmək həvəsi arzulayardım. Bu yaxınlarda sənətdə böyük zirvə fəth etmiş, Venesiya kinofestivalının baş mükafatını almış rejissor A.Konçalovski televiziya ilə çıxış edərkən həyatının ən başlıca qənaətini daim təkmilləşmək, yeni bilik və mə’lumatlar əxz etmək istəyini heç zaman itirməmək kimi müəyyənləşdirmişdir. Məşhur sənətkarın bu sözləri ətrafında düşünməyə, məncə, dəyər.
Natalya Dadaşova («Kamera musiqisi» bölməsinin üzvü, Bəstəkarlar Ittifaqının baş məsləhətçisi): Bəstəkarlarımızın kamera musiqisi janrında yazdığı yeni əsərlərdən ibarət konsertlərin keçirilməsi artıq yaxşı ən’ənəyə çevrilmişdir. Kapellhauzda keçən konsert bu baxımdan növbəti belə tədbir oldu. Bəstəkarlar Ittifaqı tərəfindən kamera janrına olan diqqət və maraq təsadüfi deyil. Məhz bu sahədə axtarış və eksperimentlər, yeni üslub tendensiyaları daha qabarıq nəzərə çarpır.
Konsertin proqramına daxil olan əsərlər müxtəlif nəsillərin nümayəndələrinə məxsus idi. Burada həm çox tanınmış müəlliflər, həm də tələbə-bəstəkarlar iştirak edirdi. Daha geniş şəkildə konsertdə solo fortepiano musiqisi təmsil olunmuşdu. Vokal əsərlər içərisində Arif Məlikovun Vokal silsiləsi xüsusi diqqətə səbəb oldu. Bəstəkar bu dəfə də sevimli şairi N.Hikmətin yaradıcılığına müraciət etmiş və böyük türk şairinin fəlsəfi lirikasını dolğun açmağa müvəffəq olmuşdur. Romans janrı həmçinin G.Abdullazadənin V.Əzizin sözlərinə bəstələnmiş «Sən olmasaydın» romansı ilə təmsil olunmuşdu və müəllifin incə duyumundan xəbər verirdi. G.Abdullazadə bu əsərdə şairin yaratdığı obrazı səciyyələndirməkdə yüksək peşəkarlıq nümayiş etdirmişdir. Bilavasitə sözlə musiqinin vəhdəti yaranmış və nəticədə müəllif obrazın daxili dünyasını acmağa müvəffəq olmuşdur.
Qalan əsərlər instrumental duetlər idi. Bu əsərlər müəlliflərin kamera musiqisinin ən müxtəlif üslubda və tərzdə şərh etmək bacarığını nümayiş etdirdi. Lakin solo və duet formalarından başqa yaradıcılığın bu sahəsi öz arsenalında digər daha iri ansambl strukturlarına da malikdir. Yaxşı olardı ki, gələn baxışda bəstəkarların trio, kvartet, kvintetləri də göstərilsin. Bu isə öz növbəsində dinləyicilərin kamera musiqisi sahəsində təsəvvürlərini genişləndirmiş olar. Sirr deyil ki, bu cür əsərlər bəstəkarların yaradıcılıq çantasında az deyil. Təəssüf ki, yeni musiqinin təbliği məsələsi çox vaxt ifaçılıq problemi ilə rastlaşır. Bizdə daim işləyən kamera ansambllarının olmaması kamera konsertlərinin repertuarını çox kasadlaşdırır. Buna görə də xüsusən gənc bəstəkarların lazımi tərkiblərin axtarış entuziazmı əksər vaxtda uğursuzluğa düçar olur. Məhz buna görə indiki konsertdə Vasif və Ceyhun Allahverdiyevlərin kvartetləri, Xədicə Zeynalova və Lalə Quliyevanın sekstetləri və digər yeni əsərlər ifa olunmadı. H
albuki onlar kamera musiqisi bölməsinin müsbət rə’yini almış və konsert üçün seçilmişdi.
Bikə Axundova (BMA-nın II kurs tələbəsi): 22 iyun 2002-ci il tarixi mənim həyatımda çox önəmli bir yer tutur. Çünki, mən ilk dəfə olaraq Bəstəkarlar Ittifaqının təşkil etdiyi tədbirdə çıxış edirdim. Elə ilk anlarda konsertin keçiriləcəyi zala ayaq basarkən qapının girəcəyində gördüyüm afişa qəlbimi riqqətə gətirdi. Çünki bu afişada mənim adım şəxsiyyətlərinə pərəstiş etdiyim görkəmli bəstəkarlarımızın adları ilə yanaşı çəkilmişdi. Bu günə qədər şəhərimizin bir sıra konsert salonlarında, o cümlədən Sankt-Peterburqda keçirilən «Gənc pianoçu-bəstəkarların I Beynəlxalq müsabiqəsi»nin qalibi kimi Sankt-Peterburq Filarmoniyasının M.I.Qlinka adına zalında çıxış etməyimə baxmayaraq bu konsert mənim üçün böyük bir sınaq idi. Çünki ilk dəfə olaraq Bəstəkarlar Ittifaqının üzvləri qarşısında Bakı Musiqi Akademiyasının tələbəsi kimi əsərlərimi təqdim edirdim. Konsertdən sonra, Vasif Adıgözəlov, Azər Rzayev, Ramiz Zöhrabov, Azər Dadaşov kimi şəxsiyyətlərin mənim haqqımda söylədikləri xoş sözlər mənə böyük ruh
yüksəkliyi aşıladi və zənnimcə, bütün bunlar gələcək işlərimdə öz əksini tapacaq. Bu uğuruma görə ilk növbədə müəllimim Arif Məlikova borcluyam. Arzu edirəm ki, gələcəkdə belə tədbirlərdə biz gənclərə həmişə yer ayrılsın.
Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə hey’ətinin katibi, sənətşünaslıq doktoru, professor): - Azərbaycan bəstəkarlarının yeni kamera əsərlərindən ibarət konsertdə istər yaşlı, istər orta, istərsə də gənc nəslin nümayəndələri iştirak edirdi. Bu da çox önəmlidir.
Onu da qeyd edim ki, konsert üçün repertuarın seçilməsində Bəstəkarlar Ittifaqının “Kamera musiqisi” bölməsi yaxından iştirak etdi. Buna görə də başda görkəmli bəstəkar Azər Rzayev olmaqla bölmənin üzvlərinə minnətdarlığımızı bildiririk. Seçilmiş yeni əsərlərin səviyyəsi də yüksək idi. Bu keyfiyyət onu göstərir ki, bizim bəstəkarlar başqa janrlarda olduğu kimi, kamera-instrumental, kamera-vokal musiqisi sahəsində əzmlə çalışır, yeni-yeni əsərlərilə həm ifaçılıq repertuarını, həm də tədris proqramını zənginləşdirirlər.
Konsertdə iştirak edən ifaçıların da ağır zəhmətini qeyd etmək istərdim. Onlar bu yeni əsərlərin üzərində xeyli əmək sərf etmiş, nəticədə əsərlər lazımi səviyyədə səsləndirilmişdir.
Məncə, kamera musiqisindən ibarət yeni əsərlərin ifasının ən’ənəvi olaraq ildə heç olmazsa iki dəfə keçirilməsi məqsədəuyğundur.
Hamınızı təbrik edir, yaradıcılığınızda yeni uğurlar diləyirəm.
Materialı hazırladı:
Lalə HÜSEYNOVA
p align>
|