FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
 

       Xalqımızın böyük bəstəkarı, SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun anadan olmasının 80 illiyi tamam olur. Adətən yubileyə hazırlıq dövründə bəstəkarın yaradıcılıq yolu bir daha yada salınır, musiqi kollektivləri onun əsərlərinə müraciət edir, yubiley tədbirləri çərçivəsində konsertlər, konfranslar, xatirə geçələri keçirilir... Bütün bunlar təbii haldır. Lakin Fikrət Əmirov kimi bir sənətkar haqqında «yada salınır» ifadəsini işlətmək mümkünsüzdür. Çünki onun musiqisi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Və bu musiqiyə məhəbbət xalqın qəlbində daima yaşayacaqdır.

       «Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir». F. Əmirovun bu sözləri onun sənət devizidir. Və biz bu sözlərin təsdiqini onun yaratdığı irili-xırdalı bütün əsərlərində, onun həyatının bütün anlarında, fəaliyyətinin bütün sahələrində müşahidə edirik, görürük.

       Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirov zəngin yaradıçılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, musiqimizi dünya miqyasında tanıtmış, əsərlərilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

       F. Əmirovun yaradıçılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın «Sevil» operası, «Min bir gecə», «Nəsimi dastanı», «Nizami» baletləri, «Şur», «Kürd-Ovşarı», «Gülüstan Bayatı-Şiraz» simfonik muğamları, «Nizami» simfoniyası, «Azərbaycan kapriççiosu», skripka və fortepiano üçün «Müğam-poema»sı, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbayçan mədəni irsinin qiymətli inçiləridir.

       F.Əmirovun əsərləri dərin köklərlə milli zəminə bağlıdır. Bəstəkar xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dərinliklə dərk edir ki, onlar bəstəkarın özünəməxsus dəst-xəttinin, musiqi dilinin xüsusiyyətlərinə çevrilir. Yəni xalq musiqisi F. Əmirovun öz fikir və hisslərini ifadə etmək üçün doğma dildir. Eyni zamanda, xalq musiqisinin qanunaüyğunluqları F.Əmirovun yaradıcılığında inkişaf etdirilərək, dünya klassik musiqi ənənələri və müasir bəstəkarlıq texnikası ilə rövnəqlənmiş, cilalanmışdır. F.Əmirovun yaradıçılıq üslubu iki özəyin – Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranmışdır.

       Öz sənət amallarının təcəssümü üçün yeni yollar axtaran bəstəkar forma və ifadə vasitələrinə görə novator əsərlər yazmışdır. Hər şeydən əvvəl, qeyd edək ki, o, Azərbaycan musiqi tarixinə iki janrın – simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi daxil olmuşdur. Artıq bunların adından xalq musiqi yaradıcılığının üzvi surətdə klassik formalara tətbiq olunduğu aydın görünür. Demək lazımdır ki, simfonik muğam janrı simfonik musiqiyə, muğam poema isə kamera musiqisinə aiddir. Beləliklə də bəstəkar professional musiqinin şifahi və yazılı ənənələrə əsaslanan iki təbəqəsinin qovuşdurulmasına nail olmuşdur. Məhz buna görədir ki, F.Əmirovun dərin milli ruhlu əsərləri ümumbəşəri keyfiyyət kəsb edir.

       F.Əmirovun əsərləri dünyanın ən böyük konsert salonlarında səslənərək, Niyazi, Stokovski, Münş, Abendrot, Svetlanov, Rojdestvenski, Raxlin kimi görkəmli dirijorların repertuarını bəzəmişdir. Bu əsərlərə xas olan humanistlik, fəlsəfi dərinlik, parlaq obrazlılıq, bədii kamillik dinləyiçini valeh etməyə bilmir.

       F.Əmirovun musiqisini ilk dinləyişdən tanımamaq qeyri-mümkündür. Onun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə özünə cəzb edir.

       Bəstəkar milli musiqi zəminində müasir əsərlər yaratmaq üçün iki mühüm amilin vacibliyini vurğulayırdı: xalq musiqisini dərindən bilmək və sevmək; müasir musiqi səviyyəsində dayanmaq. Bu iki çəhətin vəhdəti musiqinin inkişafı üçün, milli musiqinin ümumbəşəri mahiyyət əldə etməsi üçün yeganə yoldur.

       Xalq musiqisini «Tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi» adlandıran F.Əmirov hesab edirdi ki, əsl sənət əsəri doğma xalqının yaradıçılıq çeşməsindən qidalanmalı, bəhrələnməli və bununla da sənətkar və sənət doğma xalq qarşısında insani və vətəndaşlıq borcunu yerinə yetirməlidir1. Həmçinin, onun fikrincə, cəmiyyəti düşündürən mühüm məsələlərə vaxtında cavab vermək, bu günün qəhrəmanlarının səmimi hisslərini, təmiz duyğularını, böyük ideallarını musiqinin ecazkar dili ilə tərənnüm etmək bəstəkarın umdə vəzifəsi olmalıdır.

       Sənətkarın yetişməsində, dünya görüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin böyük rolu vardır. Belə ki, xalq musiqisi uşaqlıqdan F.Əmirovun qanına hopmuşdur. Dövrünün məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun oğlu olan Fikrət muğam və xalq musiqisi mühitində tərbiyə olunmuş, özü də musiqi sənətinə tar çalan kimi gəlmişdi. F. Əmirovun etiraf etdiyi kimi, «tar və muğam onun ürəyinə uşaqlıqdan daxil olmuşdu». Evlərində tez-tez təşkil olunan musiqi məclislərinə qulaq asmağı sevən F.Əmirov xoşladığı melodiyaları yadda saxlamış, calğıçıların ifa tərzi, muğam sənətinin əlifbası onun şüurunda əbədi kök salmışdır. Sonralar bütün bunlar F.Əmirovun xalq musiqisinin gözəl bilicisinə çevrilməsi və onun yaradıcılıq dəst-xətti üçün əsaslı zəmin olmuşdur.

       Fikrət Əmirov Azərbaycan bəstəkarlarının elə nəslinə mənsubdur ki, onlar bilavasitə musiqimizin patriarxı Üzeyir Hacıbəyovun xeyir-duası ilə sənət yoluna qədəm basmış, onun ideyalarının təsiri altında formalaşmış, onun yaradıçılığından bəhrələnmiş və Üzeyir bəyin açdığı yollarla inamla irəliləyib onun ənənələrini inkişaf etdirmişlər. F.Əmirovun aforizmə çevrilmiş «Biz hamımız Üzeyir məktəbindən çıxmışıq»2 sözləri bunun sübutudur. Zənnimizcə, Azərbaycan musiqisində məhz Fikrət Əmirovu Üzeyir bəyin birbaşa varisi adlandırmaq olar: sənət prinsiplərinə, yaradıcılıq üslubunun, musiqi dilinin bir çox amillərinə görə.

       Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə ixtisas müəllimləri Üzeyir Hacıbəyov və Boris Zeydman onun bir bəstəkar kimi yetişməsində böyük rol oynamışlar. Xüsusilə Ü.Hacıbəyov sənəti, Ü.Hacıbəyov şəxsiyyəti F.Əmirov üçun bir etalon idi və o, hər işdə Ü.Hacıbəyovdan nümunə götürməyə çalışırdı.

       Müğamlara və xalq musiqisinə yaradıcılıqla yanaşmağı, bununla belə dünya klassik musiqisinin mütərəqqi prinsiplərinə əsaslanmağı, özünün dediyi kimi, «milli musiqimizin incəliklərini» o, xalqımızın bu qüdrətli sənət korifeyindən öyrənmişdi. O, Üzeyir bəyin dahiliyini də onda görürdü ki, xalqımıza xas olan qəhrəmanlıq, vətənpərvərlik, insansevərlik kimi mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilmişdir. Beləliklə, artıq sənətdə ilk addımlarından F.Əmirov dərk etmişdi ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafının mühüm şərtlərindən biri yaradıcılıqda xalq musiqisinə dayaqlanmaqdan ibarətdir. Sonralar F.Əmirov öz məqalələrində dönə-dönə bu məsələyə qayıtmışdır. O, Ü. Hacıbəyovun yolunu davam etdirərək, xalq musiqisindən yaradıcılıqla bəhrələnməyi təbliğ edirdi. O özü Üzeyir bəyin tövsiyə etdiyi kimi, xalq üçün, həm professionala, həm də ən geniş dinləyici kütləsinə eyni dərəcədə anlaşıqlı olan bir musiqi dilində əsərlər yazmaq yolunu tutmuşdu. B una görə də onun əsərləri xalqımıza bu qədər yaxın və doğmadır.

       F.Əmirov yaradıcılığında xalqımızın daha bir sənət korifeyi Bülbülün də böyük rolu olmuşdur. O, Bülbülü Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzədərək, onu «əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və köməkçisi»3 adlandırırdı.

       Ilk növbədə qeyd edək ki, Bülbül onun diqqətini folklorşünaslığa yönəltmişdi. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərliyi altında Elmi Tədqiqat Musiqi Kabinəsi fəaliyyət göstərirdi. Burada Azərbaycan xalq mahnı, rəqs və muğamlarının nota köçürülməsini F. Əmirov «incəsənət tarixində görkəmli hadisə» kimi qiymətləndirmişdir. F.Əmirov özü həmin kabinənin işində iştirak etmiş, ekspedisiyalarda olmuş, xalq musiqiçilərinin ifasından muğamlarımızı və xalq mahnılarımızı nota salmışdır. Bəstəkarın dediyinə görə, o, yüzdən artıq xalq mahnısını nota yazmış və onlardan bir çoxu Bülbülün redaktəsi ilə nəşr olunmuş «Azərbaycan xalq mahnıları» məçmuəsində verilmişdir. Bu işi F.Əmirov sonralar da davam etdirmiş, görkəmli muğam ustadlarının ifasından muğamları nota salmış, bu da onun yaradıcılığı üçün əsil xammal olmuşdur. Bütün bunlar simfonik muğamların meydana gəlməsinə zəmin yaratmışdır. F.Əmirov məqalələrində də qeyd etmişdir ki, onu xalq musiqisi incilərini toplayıb nota salmağa və simfonik muğamları yaratmağa məhz Bülbül sövq etmişdir.

       1948-ci ildə F.Əmirovun yaratdığı «Şur» və «Kürd Ovşarı» simfonik muğamları musiqi ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Dahi bəstəkarımız Qara Qarayev F.Əmirovun «Şur» və «Kürd Ovşarı» simfonik muğamları ilə musiqi ədəbiyyatında yeni səhifə açıldığını qeyd edərək, yazırdı ki, «F.Əmirov böyük yaradıcılıq təşəbbüsü göstərərək, qədim muğama yeni məzmun vermiş, muğamı başqa xalqlar üçün anlaşıqlı etmişdir»4. Görkəmli rus bəstəkarı T. Xrennikov isə belə hesab edirdi ki, F.Əmirovun simfonik muğamları Şərqin geniş dinləyici kütləsini onun musiqi təfəkkürünə yaxın bir forma vasitəsilə simfonik musiqi mədəniyyətinə qovuşdurmuşdur»5.

       Haşiyə çıxaraq qeyd etmək istərdik ki, XX əsrin əvvəllərində Azərbaycanda bəstəkar yaradıcılığının formalaşması üçün muğam sənəti bünövrə rolu oynamışdır. Musiqimizin dahi klassiki Üzeyir Hacıbəyovun yaratdığı ilk Azərbaycan operası «Leyli və Məcnun» muğamlara əsaslanırdı. Bu, opera sənətində yeni bir janrın – «muğam opera»nın əsasını qoydu və adından da göründüyü kimi, bu, muğamın bəstəkar yaradıcılığı üçün əhəmiyyətini çox gözəl əks etdirir. Məhz Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranan bu əsər Azərbaycanda professional bəstəkar yaradıcılığının inkişafına təkan verdi. Sonralar da muğama əsaslanan bir sıra yeni musiqi janrlarının meydana gəlməsi üçün zəmin yaratdı. Bunun ən bariz nümunəsi F.Əmirovun simfonik muğamlarıdır.

       Əlbəttə ki, özündən əvvəlki bəstəkarların bu sahədəki nailiyyətləri, Ü.Hacıbəyovun, M.Maqomayevin, A.Zeynallının əsərləri, onların muğamdan istifadə yolları F.Əmirov üçün bir örnək olmuşdu. Əgər adlarını çəkdiyimiz bəstəkarlar öz simfonik əsərlərində muğamlardan epizodik şəkildə istifadə etmişdilərsə, F. Əmirov irəliyə doğru böyük bir addım ataraq, musiqi tariximizdə misilsiz nümunələr yaratdı. Onun simfonik muğamları əsil muğam, ənənəvi muğam-dəstgahları əsasında yazılmış sırf simfonik əsərlərdir. Burada bir tərəfdən, muğamın obrazlı məzmunu, ifa tərzi, digər tərəfdən isə simfonik musiqinin forma və ifadə vasitələri öz təcəssümünü tapmışdır. Bəstəkar, sözün əsl mənasında Şərq və Qərb musiqisinin sintezinə nail olmuşdu. Və bununla da «simfonik muğam» məfhumu musiqimizdə kök salaraq, simfonik musiqinin müstəqil janrı kimi əhəmiyyət qazanmışdır.

       F.Əmirov belə hesab edirdi ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi və zamanın tələbləri ilə səsləşməsi vacibdir. Onun fikrincə, muğam – «Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, öz gözəlliyi, öz incəliyi, ahəngi, təravəti, ritmik xüsusiyyətləri ilə dünya xalqlarının mənəvi xəzinəsinə daimi yol tapa bilər»6. Bu düşüncələrində böyük bəstəkarımız haqlı idi.



ƏDƏBIYYAT

1. F.Əmirov. "Musiqi aləmində". B., 1983, səh. 244.
2. F.Əmirov. "Musiqi aləmində". səh. 145.
3. F.Əmirov. "Musiqi düşüncələri". B., 1971, səh. 137.
4. K.Karaev. Simfoniçeskie muqamı F. Amirova. "Sovetskaə muzıka", 1949, ¹ 3, s. 43.
5. Sitat: V.Vinoqradov. "Mir muzıki Fikreta" - kitabındandır. B., 1983, səh. 39.

       Çox tezliklə F.Əmirovun təcrübəsi Azərbaycan bəstəkarları tərəfindən davam və inkişaf etdirildi. Ondan sonra Niyazi, S.Ələsgərov, T. Bakıxanov bu janrda əsərlər yaratdılar. Bir sıra Şərq ölkələrində (Özbəkistan, Tacikistan, Qırgızıstan, Qazaxıstan) şifahi ənənəli professional musiqinin simfonik nümunələri meydana gəldi. Indi muğam həm şifahi ənənəli professional musiqi janrı kimi, həm də simfonik musiqinin bir janrı kimi yaşayır.

       F.Əmirovun əsərləri ilə əlaqədar xarici mətbuatda çıxan resenziyalarda «Şərq simfonizmi» anlayışı çox işlənilir. Bu haqda görkəmli musiqişünas B.M.Yarustovskinin də dəyərli fikirləri vardır. F.Əmirov özü də bu problemə münasibətini bildirmişdir. Onun fikrinçə, «Şərq simfonizmi» Şərq mədəniyyəti ənənələri ilə, musiqi materialı və ifadə üsulları ilə qarşılıqlı əlaqədə olan simfonik kompozisiya metodu kimi başa düşülməlidir7. Məlum olduğu kimi, simfonizm Qərbdə təşəkkül tapmış bir yaradıcılıq metodudur: burada obrazların kontrastlığı, əsas musiqi mövzularının təşəkkülü, inkişafı və mübarizəsi səciyyəvi cəhətlərdir. Muğam isə, F.Əmirovun fikrincə, dərin fikirləri ifadə edən möhtəşəm, ruhu yüksəklərə qaldıran bir musiqidir. Və o, əsrlərdən bəri kök salmış, özünəməxsus musiqi materialına, inkişaf qanunauyğunluqlarına, məntiqli lad əsasına, masştablı formaya, əsil simfonizm rüşeymlərinə malikdir. Muğamda ziddiyyətli mövzuların mübarizəsi olmasa da bir mövzunun daxilində emosional yüksə liş var. Bu, kulminasiyalarda özünü büruzə verir və bu kulminasiyalar səsyüksəkliyi, dinamika, lad cəhətdən muğamın başlanğıc fazası ilə kəskin kontrastlıq yaradır.

       «Şur» simfonik muğamında muğam-dəstgahın quruluşu saxlanılmışdır. Burada sərbəst improvizə səçiyyəli muğam şöbələri mahnı-rəgs ruhlu şöbələrlə, yəni muğam şöbələri təsnif və rənglərlə növbələşir. Muğam-dəstgaha xas olan inkişaf üsulları variasiyalılıq, variantlıq, rondovarilik, kulminasiyaya doğru meyllilik, mövzunun intonasiya özəklərinin ayrılaraq inkişaf etdirilməsi simfonik muğamda çox dolğun əksini tapmışdır. Qeyd edək ki, bütün bu inkişaf üsulları həm də simfonik musiqiyə xasdır.

       «Kürd Ovşarı» simfonik muğamı isə müstəqil əsər olsa da bəstəkar burada «Şur» simfonik muğamının mövzularından istifadə edərək, onlar arasında körpü yaratmışdır və beləliklə, bu əsərlər silsilə mahiyyəti kəsb etmişdir. Bu iki simfonik muğam obrazlı-emosional baxımından da bir-birini tamamlayır. Belə ki, «Şür»da lirik-epik rəvayət, «Kürd-Ovşarı»da şüx, coşğun əhval-ruhiyyə hökm sürür. Eyni zamanda, lad cəhətdən də yaxın olan bu iki əsər arasındakı münasibət şifahi ənənəli professional musiqidə «Şur»un əsəs muğam-dəstgahlara, «Kürd-Ovşarı»nın isə kiçik formalı muğamlara aid olması ilə müəyyən edilir.

       «Şur» və «Kürd Ovşarı» simfonik muğamlarından 23 il sonra F.Əmirov bir daha bu janra müraciət etmiş və 1971-ci ildə «Gülüstan Bayatı-Şiraz» simfonik muğamını yaratmışdır. Bu əsər ilk dəfə Moskvada 1973-cü ildə keçirilən VII Beynəlxalq musiqi konqresində dirijor Rojdestvenskinin rəhbərliyi altında ifa olunmuşdur. Təbiidir ki, bu əsərləri bir-birindən ayıran zaman məsafəsində bəstəkarın yaradıcılıq üslubu daha da təkmilləşmişdir.

       Təsadüfi deyil ki, «Gülüstan Bayatı-Şiraz»ı bəstəkar «uzunillik zəhmətinin yekunu, simfonik muğamlar trilogiyasının axırıncı hissəsi» hesab edirdi. F.Əmirovun etirafına görə, «bu simfonik muğam, eyni zamanda, müasir musiqi əsərində folklorun roluna dair bəstəkarın yaradıcılıq prinsiplərinin, görüşlərinin inkişafı»8 idi. Bəstəkarın yaradıcılıq üslubu təkmilləşdikcə, onun öz sözlərilə desək, «simfonizmi muğamla daha artıq dərəcədə qovuşdurmağa çalışdığının» şahidi oluruq.

       «Gülüstan Bayatı-Şiraz»ı yaradarkən bəstəkar Şərq poeziyasının klassikləri Sədi və Hafizin şerlərindən ilham almışdır. Sədinin məşhur «Gülüstan» əsərinin muğamın adı ilə yanaşı qoyulması da buna işarədir. Əvvəlki simfonik muğamlardan fərqli olaraq, sonuncu əsər formasına görə daha lakonik, musiqi materialının inkişafı baxımından daha məqsədyönlü, musiqinin xarakterinə görə dramatikdir. Bəstəkar burada vokalizdən də istifadə etmişdir ki, bu da muğam melodikasının incəliyini daha da qabarıq nəzərə çatdırır. Musiqişünas V.Vinoqradov «Gülüstan Bayatı-Şiraz»ın musiqisini obrazlı məzmununa görə «əfsanə», «ballada», «qədim rəvayət» adlandırırdı9.

       Üç simfonik muğam F.Əmirovun yaradıcılıq irsinin üç incisidir. Lakin bəstəkarın sənət xəzinəsi daha zəngindir. «Nizami» simfoniyası, «Azərbaycan» simfonik süitası, «Azərbaycan kapriççiosu», «Azərbaycan qravürləri» bəstəkarın yaratdığı bir-birinə bənzəməyən, bir-birindən daha gözəl, daha kamil və musiqi mədəniyyətimizi zənginləşdirən möhtəşəm sənət əsərləridir. Bütün bü əsərlərdə xalq ruhunun, xalqın düşüncə və arzularının təcəssümünü görürük. Və xalqın tarixi keçmişi, qəhrəman övladları, dahi sənətkarları, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, xoşbəxt gələcəyi haqqında söz açan, vətənini ürəkdən sevən xalqın sənətkar oğlunun vətəndaşlıq pafosu ilə dolu səsini eşidirik.

       Hər bir əsərdə də F.Əmirov dəst-xəttinin yeni cizgilərini özümüzçün kəşf edirik. F.Əmirovun əsərlərində hətta bizə tanış olan xalq melodiyalarını eşitsək də onları məhz bəstəkarın görümündə qavrayırıq. Xalq musiqisini özünün yaradıcılıq süzgəcindən keçirən bəstəkar onların üzərində zərgər kimi işləyərək, aşılayır. Bəstəkar heç bir halda xalq musiqisini təqlid etməyərək, sanki onları yenidən yaradır, yeni ruh verir. Sözsüz ki, bu, əsil novatorluqdur.

       Qara Qarayevin F.Əmirovun xalq musiqisindən istifadə üsulları haqqında gözəl bir fikri vardır: «F.Əmirov xalq mahnı və rəqslərinə çox qayğı ilə yanaşır, o, demək olar ki, melodiyanı dəyişməz şəkildə saxlayır, lakin onu incə harmoniyalarla, rəngarəng orkestr boyaları ilə toxunmuş gözəl çərçivəyə salır, yəni folklor üçün genetik cəhətdən səciyyəvi olmayan elementlərdən istifadə edir»10.

       Bu fikrin davamı olaraq, qeyd etmək istərdik ki, F.Əmirov həmişə milli ənənələrə sadiq bir bəstəkar olmuşdur və bu, onun musiqi üslubunun bütün cəhətlərində – lad, melodiya, polifoniya, harmoniya, ritm, tembr, quruluş və orkestrləşmədə özünü büruzə verir.

       Klassik musiqi ənənələrinə də o, bu prizmadan yanaşırdı. Bəstəkar bu haqda yazırdı: «Zahirən elə görünür ki, milli ənənələr professional musiqi mədəniyyəti ilə ziddiyyət təşkil edir. Lakin bu ziddiyyətdə qeyri-adi harmoniya və ahəngdarlıq mövcuddur. Yalnız bu iki mədəniyyəti yaxşı bilmək və onları qovuşdurmağı bacarmaq lazımdır»11. Məhz elə bu «qovuşdurmaq bacarığı» onun dəst-xəttinin önəmli xüsusiyyətlərindəndir. F.Əmirovun ən böyuk xidməti də ondan ibarət idi ki, o, ümumqəbulolunmuş professional bəstəkarlıq prinsiplərini xalq və şifahi ənənəli professional musiqiyə tətbiq edərək, milli musiqinin imkanlarını genişləndirmişdir. Buna görə də F.Əmirovun musiqisi xüsusilə Şərq və Qərb musiqi mədəniyyətlərinin qovuşması, yaxınlığı kontekstində böyük əhəmiyyət kəsb edir.

       F.Əmirovun yaradıcılığından danışarkən, təbii ki, onun səhnə əsərlərini qeyd etməliyik.
       «Sevil» operası. «Koroğlu»dan sonra opera sənətimizin ikinci yüksək zirvəsi...
       F.Əmirovun «Sevil» operası 1953-cü ildə bəstələnmişdir. Operanın libretto müəllifi şair Tələt Əyyubovdur. «Sevil» böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyniadlı dramı əsasında yazılmışdır. Sonralar «Sevil» operası F.Əmirov tərəfindən üç dəfə redaktə olunmuş və səhnələşdirilmişdir. Son illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrı bu əsərə müraciət edərək, onu yeni quruluşda tamaşaya qoymuşdur. Opera əsasında, həmçinin kinofilm də çəkilmişdir. Bu, bir daha sübut edir ki, «Sevil» operası xalq tərəfindən sevilən, populyar bir əsərdir.

       «Sevil» operası Azərbaycan musiqi tarixində ilk lirik-psixoloji operadır. Əsərdəki hadisələr müəyyən zaman kəsimində cərəyan edir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar olmasından əvvəl və sonrakı dövrdə. Buna baxmayaraq, mövzu bu günümüz üçün də çox aktual səslənir. Burada Azərbaycan qadınının, ümumilikdə isə bütün cəmiyyətin inkişafı prosesi öz əksini tapmışdır. Əsərin baş qəhrəmanı Sevil ailədə heç bir hüququ olmayan, əri Balaş tərəfindən sayılmayan, demək olar ki, kölə vəziyyətində olan bir qadın obrazından çıxaraq, dövlətin ona verdiyi imkanlardan istifadə edib, cəmiyyətin tam hüquqlu bir üzvünə çevrilir. Onunla yanaşı, xalqın da şüurunun oyanaraq, yeni həyat quruculuğuna qoşulduğunun şahidi oluruq.

       Əsərin dramaturgiyasında iki əks qütbdə dayanan surətlər üz-üzə qoyulmuşdur: bunlardan biri xalq və onun nümayəndələri Sevil, Gülüş, Atakişi, Babakişi, Tafta və başqaları ilə təmsil olunursa, digəri Balaş, Dilbər, Əbdüləli bəy və Məmmədəli bəyin simasında təqdim edilir. Başqa sözlə desək, cəmiyyətin müxtəlif təbəqələrinin qarşıdurmasında birinin aradan çıxması, digərinin isə dirçəlməsi prosesi həyati, real obrazlarda və hadisələrdə öz təcəssümünü tapır.

       «Sevil» operası haqqında bəstəkar özü belə deyirdi: «Opera üzərində işləyərkən, mən bir tərəfdən, böyük rus klassiki Pyotr Iliç Çaykovskinin yaradıcılığından, digər tərəfdən isə Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun yaradıcılığından bəhrələnmişəm. Ü.Hacıbəyovun Azərbaycan xalq musiqisi ilə bağlı operaları, P.I.Çaykovskinin opera yaradıcılığında qəlbləri riqqətə gətirən insan xarakterlərinin dərindən açılması mənimçün örnək olub. Mən öz əsərimdə məhz bu iki cəhətin qarşılaşdırılmasına çalışmışam»12. Eyni zamanda, bəstəkar qeyd edirdi ki, «mən operada Cəfər Cabbarlının dediklərini musiqi vasitəsilə vermək istəyirəm». Bütün bunların nəticəsində bəstəkar dərin milli ruhlu bir sənət əsəri yaratmışdır.

       «Sevil» operasında şifahi ənənəli xalq və professional musiqi janrlarından geniş istifadə edən bəstəkarın bu mənbəyə yaradıcı münasibətinin bir daha şahidi oluruq. Əsərin, demək olar ki, hər bir mövzusunda, musiqi dilinin bütün parametrlərində bu cəhət özünü büruzə verir. Əsərdə bəstəkarın muğam və xalq musiqisindən istifadə üsullarının geniş spektri ilə qarşılaşırıq. F.Əmirov deyirdi ki, onun «xalq musiqisində ən çox sevdiyi və əxz etdiyi xüsusiyyətlər lad, ritmika, tembr və melodikadır». Bütün bü xüsusiyyətlər «Sevil» operasının da musiqi dilinə hopmuşdur.

       Əsərdəki müxtəlif səpkili obrazları səciyyələndirməkçün bəstəkar janr xarakteristikasından çox istifadə edir. Xüsusilə Sevil obrazının açılmasında bu, mühüm rol oynayır. Belə ki, Sevilin ailə və məişətilə bağlı olaraq, laylay, ağı, rəqs kimi janrlardan istifadə olunur. Onun daxili aləmini, ruhi vəziyyətini, sarsıntılarını, həyəcanlarını, nəhayət, oyanışını əks etdirmək üçün muğamla bağlı melodiyalara üstünlük verilir. Balaş da belə geniş surətdə səciyyələndirilir.

       Operanın yaddaqalan ən ümdə cəhəti onun gözəl melodiyalara malik olmasıdır. Hətta bunu zəmanəmizin dahi bəstəkarı D.Şostakoviç xüsusi vurğulayaraq demişdir: «Melodiya onun yaradıcılığının ürəyidir».

       Əsərdəki melodiyalar bir çox xüsusiyyətlərinə – improvizasiya üslubuna, quruluşuna, formasına, inkişaf üsullarına görə muğamla bağlıdır. Burada xalq mahnı və rəqslərinin transformasiyası da öz əksini tapmışdır. Bütün hallarda bəstəkar həm xalq mahnı və rəqslərinin, həm də muğamların zəngin və rəngarəng intonasiyalarını təcəssüm etdirərkən, onun milli ladlardan istifadə məsələsi ön plana çıxır.

       Məlumdur ki, muğamların və xalq musiqisinin özəyini ladlar təşkil edir. Milli ladlara istinad əsərin melodik, harmonik və polifonik dilinə təsir göstərən amillərdən biridir və «Sevil» operasında bu amil çox qabarıq surətdə özünü büruzə verir. Belə ki, müəyyən bir lada əsaslanan melodiyanın harmonizasiyasında da ladın istinad pillələri özünü göstərir. Beləliklə, lad harmoniyası əmələ gəlir. Muğamla bağlı cizgilərdən danışarkən, ladın tonika (mayə) pilləsinin orqan punktu kimi saxlanılması, çox hallarda unison ifadə tərzi, polifonik səsaltı ifadələrdən istifadə olunmasını da qeyd etmək lazımdır.



ƏDƏBIYYAT

7. V.Vinoqradov. Mir muzıki Fikreta. səh. 50.
8. F.Əmirov. "Musiqi aləmində". B., 1983, səh. 151.
9. V.Vinoqradov. Mir muzıki Fikreta. səh. 85.
10. Sitat: L.Karaqiçeva. "Kara Karaev. Liçnostğ. Sucdeniə ob iskusstve". - kitabındandır. M., 1994, səh. 221.
11. F.Əmirov. "Musiqi aləmində". səh. 248.
12. Sitat: V.Vinoqradovun "Mir muzıki Fikreta" kitabındandır. Səh. 93.

       Bəstəkarın milli ladlardan istifadə üsulları çox müxtəlifdir. Demək olar ki, melodiyalar lad pillələri üzərində hərəkətdən yaranır. Çox zaman lad modulyasiyalarına geniş yer verilir. Bir laddan digərinə keçid ladlar arasındakı ortaq pillələr və ya pillələrin xromatizmə üğraması vasitəsilə həyata keçirilir. Bəzi hallarda isə musiqi materialında müxtəlif lada əsaslanan melodiyaların təbəqələşməsini, kontrapunkt şəklində verilməsini görürük. Müxtəlif lad əsasına malik mövzuların birgə səslənməsi poliladlıq əmələ gətirir.

       Operada qəhrəmanların musiqi xasiyyətnamələrinin yaradılmasında da milli ladlardan istifadə mühüm əhəmiyyətə malikdir. Belə ki, F.Əmirov Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabında göstərdiyi ladların emosional şərhinə13 əsaslanır. Bu baxımdan Sevil obrazının musiqi xasiyyətnaməsinə diqqət yetirsək görərik ki, bu obraz əsərin əvvəlində ailə-məişət fonunda şur ladında yazılmış melodiyalarla (1-ci pərdədən Sevilin ariozosu, laylası) xarakterizə olunursa, onun daxili aləmini, iztirablarını, kədərini ifadə edən leytmövzuları şüştər və humayun ladlarına əsaslanır. 2-ci pərdədən Sevilin ariyası bu mövzular üzərində qurulmuşdur. Lakin daha sonra dərin kədər hissi oyadan şüştər həyəcanlı, ehtiraslı çahargahla (Sevilin monoloqu) əvəz olunaraq, Sevilin özünə inamını, mübarizə əzmini ifadə edir. Operanın sonunda, (Sevillə Balaşın duet səhnəsində) Sevilin partiyasında rast ladında səslənən mövzu xoşbəxt bir insanı gözümüz qarşısında canlandırır.

       Göründüyü kimi, bəstəkar xalq və şifahi ənənəli professional musiqidə öz dəst-xətti üçün, əsərlərinin musiqi dili üçün zəngin çalarlar tapmışdır.
       F.Əmirovun yaradıcılığında və eləcə də Azərbaycan musiqisində mərhələ təşkil edən «Sevil» operasından başqa bəstəkar daha bir neçə səhnə əsəri yaratmışdır. Bunlar yaradıcılığının ilkin dövrünə aid olan «Ürəkçalanlar» və «Gözün aydın» musiqili komediyaları, yetkin dövrün məhsulu olan «Nəsimi dastanı», «Minbir gecə», «Nizami» baletləridir.

       «Nəsimi dastanı»nı müəllif özü vokal-xoreoqrafik poema kimi dəyərləndirsə də burada balet janrına məxsus ünsürlər, yəni dramatik süjet xətti, geniş inkişaflı musiqi və s. özünü qabarıq büruzə verir. Bəstəkar bu janrı inkişaf etdirərək, ona yeni cizgilər gətirir. Belə ki, xor, solist-müğənni, qiraətçi balet janrına əlavə olunmuşdur. Burada bəstəkar musiqi, xoreoqrafiya və poeziyanın üzvi vəhdətini yarada bilmişdir. F.Əmirov əsəri belə səciyyələndirirdi: «Baletin əsasını Nəsiminin dərin, insani fikirləri, vüsal həsrətini ifadə edən poetik sözün qüdrəti haqqında, məhəbbət və onun ülviyyəti haqqında düşüncələri təşkil edir».

       Böyük şairin anadan olmasının 600 illiyinə həsr olunmuş bu əsər böyük maraqla qarşılanmış və Dövlət mükafatına layiq görülmüşdür.
       F.Əmirovun «Min bir gecə» baleti milli balet janrının inkişafında böyük rol oynamışdır. Bu balet Azərbaycan Dövlət Opera və Balet teatrında müvəffəqiyyətlə səhnələşdirildikdən sonra keçmiş SSRI-nin bir çox şəhərlərində və xarici ölkələrdə də tamaşaya qoyulmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Əsər SSRI Dövlət mükafatına layiq görülmüşdür.

       «Min bir gecə» baletinin əsasını eyniadlı Şərq nağıllarının motivləri təşkil edir. Baletin librettosu Maqsud və Rüstəm Ibrahimbəyovlara məxsusdur. Əsərdə müxtəlif süjetli nağıl epizodlarının bir-birini əvəz etməsinə baxmayaraq, o, ideya cəhətdən bitkin əsər olub, tam halında qavranılır. Musiqişünas R.Zöhrabovun qeyd etdiyi kimi, bəstəkar «Şəhrizadın nağıllarını məharətlə musiqi və rəqs dilinə tərcümə etmişdir»14.

       Əsərin musiqisi obrazlılığı, parlaqlığı, koloritliyi ilə diqqəti cəlb edir. Bu, zəngin obrazlar qalereyasına, yaddaqalaq maraqlı səhnələrə malik bir əsərdir.

       Balet tamaşasının yaradıcı heyəti də xüsusi qeyd olunmalıdır. Çünki baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov baletin musiqisinin xoreoqrafiya və rənglər vasitəsilə yozumunu verməyə nail olmuşlar.

       «Min bir gecə» baletində F.Əmirov ərəb mövzusuna müraciət etməsinə baxmayaraq, öz milli zəminində dayanmış, bu xalqın musiqisini öz təfəkkür süzgəcindən keçirmişdir. Yaxın və Orta Şərq xalqlarının mədəniyyəti arasındakı çox yaxın və ümumi cəhətlərin mövcud olması bəstəkarın yaradıcılıq fantaziyasına qol-qanad vermişdir.

       «Nizami» baleti isə bəstəkarın son əsəridir. F.Əmirov onu klavir şəklində tamamlamış, onun vəfatından sonra isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi bəstəkar Musa Mirzəyev əsəri orkestrləşdirmişdir. Qeyd edək ki, «Nizami» baleti dahi şairin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulmuşdur. Lakin baletin səhnə ömrü çox qısa olmuşdur. Ümidvarıq ki, daima repertuarını zənginləşdirməyə can atan Opera və Balet teatrı bu əsərə bir daha müraciət edəcək.

       F.Əmirov üçün Nizami poeziyası bütün yaradıcılığı boyu tükənməz ilham məhbəyi olmuşdur. Təsadüfi deyildi ki, ilk böyük sənət təcrübəsi «Nizami» simfoniyası (1947) da dahi şairin obrazının təcəssümü ilə bağlı idi. Vokal musiqisi nümunələri arasında Nizaminin sözlərinə «Gülüm» qəzəl-romansı şairin poeziyasının incə duyumu ilə fərqlənir. Və nəhayət, ürəyindəki coşub-daşan yaradıcılıq planlarını reallaşdırmağa imkan tapmayan F.Əmirovun bizim üçün son əsəri sayılan «Nizami» baleti də Nizami dünyasına həsr olunmuşdur. Əlbəttə ki, bu əsərlər Azərbaycan musiqisində Nizami mövzusu ilə bağlı sənət nümunələri arasında önəmli yer tutur.

       F.Əmirov qələmini publisistika sahəsində də sınamışdır. Onun «Musiqi səhifələri», «Musiqi aləmində», «Musiqi düşüncələri» kitablarında toplanmış məqalələri bəstəkarın dünyabaxışlarını, sənətə münasibətini əks etdirən qiymətli mənbədir. Öz məqalələrində bəstəkar onu əhatə edən mühit, sənət aləmi, insanlar haqqında fikir söyləyir, musiqi ilə, yaradıcılıq, ifaçılıq, təhsil problemlərilə bağlı, Azərbaycan musiqisinin inkişaf yolları ilə bağlı mülahizələr yürüdür. Bəstəkarın toxunduğu məsələlər bu gün də çox müasir səslənir və aktuallığını saxlayır. Bütün bünlar F.Əmirovun sənətkarlığını, onun böyüklüyünü dərk etməyə imkan verir.

       Təəssüflə qeyd etməliyik ki, F.Əmirovun yaradıcılığı musiqişünaslığımızda çox az öyrənilib. Şübhəsiz, onun əsərləri, yaradıcılıq üslubu, müxtəlif aspektli neçə-neçə elmi tədqiqatların mövzusu ola bilər. Və ümid edirik ki, bu boşluq yaxın gələcəkdə aradan qaldırılacaqdır.

       Bəli, bütün həyatı boyu yaradıcılıq axtarışları ilə yaşamış F.Əmirovun əsərlərinin mövzu dairəsi çox geniş, yaradıcılıq palitrası rəngarəngdir. Sözsüz ki, onun bütün əsərlərinin adını çəkməyi və onları səciyyələndirməyi bir məqalənin həcminə sığışdırmaq imkan xaricindədir. Lakin ötəri də olsa qeyd etmək istərdik ki, simfonik musiqi və səhnə janrları ilə yanaşı, vokal və instrumental musiqi sahəsində də F.Əmirovun yaratdığı əsərlər Azərbaycan musiqi xəzinəsini zəngiləşdirən incilərdir. Kiçik həcmli instrumental və vokal miniatürlərdən tutmuş iri həcmli konsert janrına kimi F. Əmirovun əsərləri ifaçıların tədris və konsert repertuarlarını bəzəyir. Istər uşaq musiqi məktəblərində, istərsə də orta ixtisas və ya Ali musiqi məktəblərində. Kiçik yaşlı musiqiçilər onun «Uşaq albomu»na daxil olan pyeslərini, prelüdlərini həvəslə ifa edirlər. Onun E.Nəzirova ilə birlikdə yazdığı «Ərəb mövzuları əsasında fortepiano və orkestr üçün Konserti» isə gənc ifaçıların proqramında daimi yer tutur. Professional sənətkarlar isə, həm azərbaycanlılar, həm də xarici ölkə ifaçıları öz repertuarlarına F.Əmirovun əsərlərini daxil edir və hər bir musiqiçi onun əsərlərinin özünəməxsus yeni təfsirini yaradır.

       Və hazırda Fikrət Əmirovun əsərləri özünün yeni ifaçılarını tapır, yeni yozumda səslənir, özünün yeni həyatını yaşayır. F.Əmirovun əsərlərinin səhnəyə qoyulması, ifa olunması, lent yazılarının radio dalğalarından və mavi ekrandan səsləndirilməsi yetişən gənc nəslin dünyagörüşünün formalaşmasında, estetik zövqünün yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu əsərlər bizim milli sərvətimizdir. Gələcək nəsillər ruhən məhz bu əsərlərdən qidalanmalı və müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəlişi naminə əzmlə çalışmalı, sənət korifeylərimizin layiqli davamçıları kimi yetişməlidir.

       Əminik ki, dünya xalqları tərəfindən tanınmış və dəyərləndirilmiş Fikrət Əmirov musiqisi tərcüməyə ehtiyacı olmayan bir dil kimi insanlar arasında ünsiyyət vasitəsinə çevriləcək, onların bir-birini daha yaxşı başa düşməsinə, xalqların yaxınlaşmasına, sülh və əmin-amanlığa rəvac verən qüvvə kimi daim yaşayacaq və səslənəcək.



ƏDƏBIYYAT

13. Ü. Hacıbəyov. "Azərbaycan xalq musiqisinin əsasları". B., 1985, səh. 16.
14. R. Zöhrabov. Bəstəkarlarımızın portreti. B., 1997, səh. 28.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70