BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI…
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ
 

       2002-ci ilin iyunu idi. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində sənətsevərlərin, mütəxəssislərin, jurnalistlərin iştirakı ilə məclis qurulmuşdu. T.Quliyevin, R.Hacıyevin, E.Sabitoğlunun xatirəsi yad edilirdi. Bu sənətkarların eyni bir tədbir çərçivəsində (2002-ci il hər üçünün yubiley ili idi) xatırlanmasında rəmzi məna var idi. Onların hamısı (mən bu siyahıya cari ildə 95 illiyi qeyd olunan S.Rüstəmovu da aid edərdim) XX əsr Azərbaycan musiqisi tarixində iz qoyub getmiş, bizə neçə-neçə nəğmələr bəxş etmiş, həyatımızı rövnəqləndirmişlər.

       Yuxarıdakı xatirə toplantısı beynəlxalq muzeylər günü ilə əlaqədar keçirilirdi, «qloballaşma və milli sənət» mövzusuna həsr olunmuşdu.

       Arada «Lider» kanalının əməkdaşı mənə yaxınlaşıb tədbirin doğurduğu düşüncələri televiziya tamaşaçıları ilə bölüşdürməyi xahiş etdi. Mən aşağıdakı məqamları vurğuladım.

       Azərbaycan sənətinin gücü ondadır ki, bəstəkarlarımız dünya sənəti ilə rabitəyə girərək heç zaman öz köklərini unutmamış, milli ənənələrə dayaqlanaraq Avropa formalarını novatorcasına yozmuşlar. Muğam operalarını, simfonik muğamları, meydan tamaşaları estetikasından bəhrələnən operettaları, musiqili qəzəlləri xatırlamaq kifayətdir. Bu sırada Azərbaycan mahnısı da ləyaqətli yer tutur. Odur ki, qloballaşmanın milli sənətin inkişafında əngələ çevrilməsi təhlükəsi bizi narahat etməyə bilməz.

       Digər tərəfdən muzeydə nəğmələri dinlədikcə daha bir duyğunu yaşayırdım. Bu günün çox zaman bulanıq musiqi axınında yüksək sənətkarlıq nümunələri ilə hər bir görüş insana saflaşdırıcı təsir bağışlayır. Biz sanki duru bulaq suyu içir, təmiz hava uduruq. Mən danışdıqca V.Mustafazadənin yadigarı – «Sevil» vokal qrupu «Dayan, dayan, zaman, dayan» oxuyurdu və mən öz-özümə düşünürdüm ki, zamanı, əlbəttə, dayandırmaq qeyri-mümkündür. Hər dövrün onun özünə bənzər nəğmələri olur. Lakin hər halda bizə miras qalmış ali zövq mücəssəməsi – klassik mahnıları unutmamaq, onlara bir meyar kimi dönə-dönə müraciət etmək gərəkdir.

       Deyirlər ki, nəğmə dövrün ab-havasını, əhvalını, insanların dünyaduyumunu daha bariz əks etdirir. 60-cılardan olan Emin Sabitoğlunun yaradıcılığına məhz zaman kontekstində nəzər salmağa çalışaq. Lakin əvvəlcə qısa bioqrafik arayış.

       Emin müəllimin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin bir çox ədiblərin övladları kimi xüsusi musiqi məktəbində təhsil alırdı: Yusif və Vaqif Səmədoğlular, Araz Dadaşzadə, Anar, Rəfiq Zəka kimi. Lakin adları çəkilənlərdən fərqli olaraq Emin musiqiyə, necə deyərlər, xəyanət etmədi, onu özünə sənət seçdi. Çünki şəksiz istedadı var idi, çünki öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə edə bilirdi.

       Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gəlir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir.

       Emin müəllimin ilk qələm təcrübələri – simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60-cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işi – Simfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı: «Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim» - deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə müəyyənləşdirir.

       Həmin dövrün başqa bir yaratması – skripka və fortepiano üçün poemadır. Əsəri atama, yaxın dostu, ədəbiyyatşünas Araz Dadaşzadəyə hədiyyə edən Emin müəllim notların üzərində qara tuşla yazıb: «Araza – çox yazdığım əsərlər içində bu yaxşısıdır. Qoy sən deyən olsun! Emin. 4.V.60». Son misra mənim üçün sirr qalır: hər ikisi dünyasını dəyişib. Lakin ən önəmlisi odur ki, poemanın musiqisi yaşayır. Bu yaxınlarda «Lider» kanalı ilə çıxış edən məşhur skripkaçımız Sərvər Qəniyev repertuarına daxil olan əsərlər sırasında poemanı da qeyd etdi.

       Sonrakı illərdə E.Sabitoğlu uvertüra, kantata («Çiçəklən, Vətənim», həmmüəllif X.Mirzəzadə), oda, romans silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir: o, əsas diqqətini mahnıya yönəldir.

       Yazımın bu məqamında Qara müəllimin öz tələbələrindən birinə professionallığın mahiyyəti haqqında söylədiyini xatırlatmaq istərdim: «Əgər sizi gecə yarısı oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmaq təklif etsələr, siz bu tapşırığın öhdəsindən gəlməlisiniz».

       Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq belə bir professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü də çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır. Mən bu faktı qəsdən vurğulayıram. Çünki indi mətbuatda, televiziyada bəstəkarın peşəkar hazırlığını az qala lazımsız bir şey adlandırır, hətta lağa qoyurlar. Bu gün külli miqdarda üzdən iraq «bəstəkar» meydan sulayır. Təsadüfi deyil ki, öz çıxışlarından birində V.Adıgözəlov «mahnı bəstəkarı» söz birləşməsinə, anlamına qəti etiraz edərək E.Sabitoğlunun yaradıcılığını nümunə gətirdi: «Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl bəstəkar idi» - dedi.

       Bu kiçik yazıda mən E.Sabitoğlunun rəngarəng, genişhəcmli mahnı yaradıcılığının (mahnıların sayı 500-ü adlayır) bütün məziyyətləri haqqında danışmaq fikrindən uzağam. Bu, əslində ciddi bir tədqiqatın mövzusudur. Lakin məni bir musiqişünas kimi aşağıdakı suallar maraqlandırmaya bilməz. Nə üçün məhz E.Sabitoğlunun mahnıları müəyyən dövrün ən bariz emosional ifadəçisi olmaq səviyyəsinə yüksəldi? Axı onunla paralel olaraq bir çox bəstəkar nəğmələr yazıb yaradırdı. Nə üçün məhz bu sənətkar təşəkkülü və çiçəklənməsi S.Rüstəmov, T.Quliyev, R.Hacıyevin adları ilə bağlı Azərbaycan mahnısının inkişafında keyfiyyətcə yeni söz söyləyə bildi?

       Ilk əvvəl E.Sabitoğlu mahnılarının əsas qəhrəmanının portretini yaratmağa çalışaq. O, kimdir? Müasir azəri, şəhər sakini, intellektual, mənəviyyatca zəngin, daxilən azad, müstəqil insan. Burada bəstəkarın püxtələşdiyi dövrün – 60-cı illərin məxsusi ab-havasını unutmaq olmaz. SSRI və Qərb dünyası arasında dəmir pərdənin aradan götürülməsi, siyasi iqlimin mülayimləşməsi, xaricdən ölkəyə axan informasiyanın həcminin artımı, sənətin məzmununun yeniləşməsi – dövrün əsas əlamətləridir. Məsələn, A.Dadaşzadə 1969-cu ildə «Drujba narodov» jurnalında yeni Azərbaycan nasirləri haqqında yazırdı: «Əvvəlcədən quraşdırılan sxem üzrə hərəkət edən, məlum həqiqətləri bəyan edən maneken qəhrəmanlar, habelə tələm-tələsik yapılan və həmişə xoşluqla bitən vəziyyətlər aradan çıxır».

       Fikrin ifadəsi bir qədər yöndəmsiz alınsa da, söyləməliyəm: E.Sabitoğlu öz mahnı yaradıcılığında «biz»dən «mən»ə modulyasiya edə bildi. Yəni ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun təkrarsız fərdiyyətini üzə çıxarmağa müvəffəq oldu. Bir dəfə filosof Rəhman Bədəlov yaxşı demişdir: «Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində bütün nəslimizin nəbzi döyünür». Əlavə edərdim ki, «mən»i ifadə edə-edə, E.Sabitoğlu nəticədə «biz»i təcəssüm etdirməyə müvəffəq oldu.


       E.Sabitoğlu mahnılarının təravəti, cazibəsi nədədir? Bu sualı cavablandırarkən mən Emin müəllimin nəhayət («nəhayət» sözünü ona görə işlədirəm ki, E.Sabitoğlunun bəstəkar olduğu filmlər çeşidli mükafatlara, o cümlədən «Istintaq» filmi SSRI Dövlət Mükafatına layiq görülsə də laureatlar arasında nədənsə onun adına rast gəlmirdik) respublika Dövlət mükafatı alması münasibətilə 1986-cı ildə hazırladığım televiziya verilişindən bir fraqmenti – R.Bədəlovun müşahidələrini xatırlatmaq istərdim. O, deyirdi: «Zənnimcə, Eminin musiqisinə iki əsas cəhət xasdır. Özü də söyləmək çətindir: onlar bir-birini tamamlayır, ya inkar edir? Birincisi – bəstəkar mahnılarının kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. O, adi şikayətdən, narazılıqdan da uzaqdır. Həmin kədər yalnız ondan doğur ki, həyatda çox şey sən istədiyin kimi alınmır. Ən yaxın adamlar belə bəzən səni başa düşmək iqtidarında deyil. Bəstəkarın mahnılarında vaxtın axınını duyursan və həmin axın qarşısında acizliyini dərk edib qüssələnirsən.

       Ikincisi – Emin musiqisinin sevincidir. Özü də sevincin müxtəlif çalarları nəzərə çarpır: burada şuxluq, şıltaqlıq, hətta dolama da vardır. Bilmirsən, Emin özünə gülür, sənə gülür?»

       Mən Rəhman müəllimlə razılaşaraq onun söylədiklərinə öz əlavələrimi də etmək istərdim. Əlbəttə, Sabitoğlu musiqisinin kədəri dövrün atmosferi ilə sıx bağlı idi. 60-cı illərin böyük arzuları, ümüdləri gerçəkləşmədi, puç oldu, məyusluqla əvəzləndi. Həmin ovqatı 60-cıların musiqisində, nəsr əsərlərində duymamaq olmaz.

       Emin müəllimin təkrarsız yumoru haqqında da çox danışmaq olar. 60-cı illərdə Doktor döngəsindəki evimizə - Məmməd Arif ocağının işığına Azərbaycan ziyalıları (Anar, R.Bədəlov. Yusif və Vaqif Səmədoğlular, A. Sadıqov, X.Mirzəzadə) axışıb gələr, ən aktual siyasi məsələləri, ən yeni sənət hadisələrini müzakirə edər, saatlarla söhbətləşər, mübahisə edərdilər. Belə masa arxasındakı görüş-söhbətlər tanınmış yazıçı V.Yerofeyev demişkən, 60-cı illərin ayrılmaz tərkib hissəsi idi. Həmin tam amal birliyi(əfsus ki, yenilməz görünən bu birlik sonralar çat verdi) ilə səciyyələnən məclisləri E.Sabitoğlunun piano arxasındakı çıxışlarından kənarda təsəvvür etmək belə olmazdı. O, yenicə bəstələdiyi nəğmələri çalar, habelə improvizasiya edər – ayrı-ayrı əsərlərin fraqmentlərini bir-birinə qəfil, heyrətamiz tərzdə calayar, hamının təbəssümünü doğurardı. Sonrakı illərdə - artıq siyasi atmosfer tutqunlaşanda və, deməli, masa arxasındakı söhbətlər daha kəskin yön alanda Emin müəllim gərginliyi azaltmaq üçün piano arxasın a keçər, partiya, Lenin haqqında mahnı çalar «Lentə yazılsa, qoy bu da yazılsın», -deyə zarafat edərdi.

       Əlbəttə, E.Sabitoğlunun mahnılarının təlqinedici gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa bir o qədər təsirli, cazibədardır. Məsələn, F.Əlizadə O.Mirqasımovun «Dəniz» sənədli filmindən son dərəcə məlahətli melodiyanı oxucuların yadına salıb yazır: «Biz konservatoriyada bu gözəl melodiyaya variasiyalar improvizə etməkdə «yarışırdıq». Bir dəfə Fərəc Qarayev ilhama gələrək variasiyaların sayını iyirmiyə çatdırdı».

       Bəzən məhdud vasitələrə – cəmi üç-dörd səsdən qurulan musiqi mövzularına, sadə gitara tipli müşayiətə müraciət edərək bəstəkar əsrarəngiz bir obraz yaratmağı bacarır. Tanış, bəlkə də bayağı intonasiyalar onun əlləri altında sanki dəyişir, təravətlənir, bərq vurmağa başlayır.

       Məsələn, götürək Azərbaycan mahnı sənətinin həqiqi incisi – «Bəlkə də» mahnısını. Burada qəliz heç nə yoxdur: sadə melodiya, vals ritminə dayaqlanan akkompanement, aydın kuplet quruluşu və qəribə duyğular doğuran fortepiano prelüdü. Zahirən bu giriş əsas tematizmlə bağlı deyil. Lakin mahnı onsuz, yəqin ki, natamam alınardı. Mən uzun müddət fortepiano girişinin vals formullarının doğurduğu assosiasiyaları dəqiqləşdirə bilmirdim. Sonra birdən anladım: bu prelüd Şostakoviçin son dərəcə məlahətli uşaq pyesi - «Məzəli vals»ı xatırladır. Elə ilk xanələrdən yaranan əhval – uşaq aləmi ilə bağlı obrazın istiliyi, qeyri-adi səmimiliyi buradan irəli gəlir. Və əvvəlcədən bərqərar olan ovqat bütün mahnıya sirayət edir. Məgər bu tapıntını bəstəkarın bədii kəşfi adlandırmaq olmaz?

       Başqa bir cəhət də göz qabağındadır. E.Sabitoğlu poetik mətnə xüsusi bir həssaslıqla yanaşır. Emin müəllim Nəsimiyə də, Ə.Cavada da, R.Rza və S.Vurğuna da, bayatılara da (70-ci illərdə onun «Şirin dili» doğma dilimizə xor baxanlara bir ittiham kimi səslənirdi), daha müntəzəm I.Səfərli, N.Xəzri və B.Vahabzadəyə də müraciət edib. Obrazların yeniliyi elə poeziyadan irəli gəlir: «Sahildə», «Gilavar», «Mavidir», «Kəpənək», «Bakı sabahın xeyir!»

       Lakin Emin müəllimin öz dostu V.Səmədoğlu ilə birlikdə yaratdığı nəğmələrin təravəti xüsusidir. Burada söz və musiqi arasında tam vəhdət əldə olunub. Ümumiyyətlə, bəstəkar heç zaman sözü musiqinin xatirinə təhrif etməyib, əksinə, şerin bütün gözəlliyini, məna incəliklərini qabartmağa çalışıb. Bəstəkar elə intonasiyalar tapır ki, - insan nitqinə yaxın, son dərəcə plastik, təbii, rəvan – onlar sözlərlə bahəm yaddaşlara həkk olunur. Məsələn, «Düşürsən yadıma, yağanda yağışlar», «Bir axşam taksidən düşüb payıza» poetik misralarının musiqi qiyafəsi necə də ifadəli, qabarıqdır! Adam birdən bu zahirən sadə sözlərin mənasını duyub daxilən sarsılır.

       «Çiçək yağışı» mahnısının qəlibə sığmayan sərbəst nəfəsi – bəstəkar sanki dinləyici ilə söhbətləşir – şerin incə kövrəkliyini sərrast ifadə edir: «Bəzən bir ümid, bəzən göz yaşı, gətirir bu çiçək yağışı…».

       Və ya «Uzaq, yaşıl ada» - obraz-xülya, nəhayətsizlik duyğusu, nisgil, umidlərin puçluğu. Musiqinin doğurduğu anımlar sırasını davam etdirmək olar.

       Əlbəttə, E.Sabitoğlu mahnıları istər məzmun, istər üslub baxımından müxtəlifdir. Burada məzəli nəğmələr («Insaf da yaxşı şeydir», «Ah dedim»), əmək qəhrəmanlarını vəsf edən nümunələr (dövrün tələbinə bəstəkarın cavabı), külli miqdarda lirik mahnılar da var. Onların musiqi həlli də müxtəlifdir: bir qismi el nəğmələrinə yaxındır («Dərələr», «Ağ çiçək»), bəziləri lirik monoloqu xatırladır, bir neçə nümunə isə müasir şəhər folkloruna mahir üslublaşdırmadır («Payız gəldi»). Amma bu rəngarənglik eklektika yaratmır. Nədən yazırsa-yazsın, hansı mənbəyə dayaqlanırsa-dayaqlansın, E.Sabitoğlu onları öz üslubuna, fərdi dəsti-xəttinə tabe etdirməyi bacarır. Məqaləni yazarkən mən Emin müəllimin ilk nəşr olunmuş (Bakı, 1965) məcmuəsindən mahnıları («Sahildə», «Gilavar») çalırdım. Diqqətimdən yayınmadı ki, buradakı bəzi intonasiyalar, dönümlər, gəzişmələr (tersiya həcmində) sonrakı mahnılarda da (məsələn, bəstəkarın ilk b öyük uğuru unudulmaz Ş.Ələkbərovanın «Dərələr»ində) özünü göstərir. Və ya bəstəkarın valsa xüsusi sevgisi. Burada o, istər sovet estrada musiqisinin səciyyəvi nümunələrindən (A.Petrov), istərsə də T.Quliyevin mahnı-valslarından yaradıcılıqla faydalanır. E.Sabitoğlu üçün vals həm də bir simvoldur: gözəlliyin, işığın, əlçatmaz arzunun. «Bəlkə də» mahnısının və ya «Gün keçdi» filmindən mahnının instrumental girişini xatırlayaq. Özü də ikinci halda bəstəkar janrın əsas əlamətini – ölçüsünü saxlasa da, əslində valslıqdan xeyli uzaqlaşır. Lakin prelüd artıq öz işini görür, dinləyicinin qavrayışını istiqamətləndirir. 1969-1970-ci illərdə fantastik populyarlıq qazanmış “Nərminin mahnısı” (I.Əfəndiyevin “Unuda bilmirəm” tamaşasından) isə janrın necə deyərlər, xalis, qarışıqsız nümunəsi – bahar ətirli valsdır.

       E.Sabitoğlu mahnılarının çoxu kino ekranlarından, teatr səhnəsindən həyatımıza addımlayıb. 1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi (burada da vals!) bəstələyən Emin müəllim sonra 20-dən artıq kino əsərinin musiqi tərtibatını verib. Onun adını “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Istintaq”, “Bağlı qapı”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması”, “Təhminə” filmlərinin titrlərində oxuyuruq. Mən daha neçə sənədli və televiziya lövhələrini demirəm. Bəstəkar H.Seyidbəyli, T.Tağızadə, A.Babayev, Ş.Mahmudbəyov, V.Mustafayev və C.Mirzəyev, daha ardıcıl və məhsuldar R.Ocaqov, dram teatrında – T.Kazımovla əməkdaşlıq edib.

Kinoda da, teatrda da bəstəkar illüstrasiyadan qaçıb. Emin müəllim çalışıb elə musiqi, elə bir mahnı yazsın ki, burada filmin cövhəri təcəssüm olunsun.


       Mən E.Sabitoğlunun Azərbaycan kinosundakı rolunu N.Rota, M.Leqran, F.Ley, A.Petrov kimi məşhur kino bəstəkarları ilə müqayisə edərdim. Filmlərdəki musiqi onun “qeyri-adi dramaturji duyumu”na (F.Əlizadə) dəlalət edir, «müşayiət deyil – filmin qəlbinin bir hissəsidir» («Nedelya» qəzetinin müxbiri S.Qladış). Sonuncu müəllif XVII Ümumittifaq kinofestival (Kiyev, 1984) haqqında qeydlərində E.Sabitoğlunun adını G.Kançeli, Y.Doqa, Y.Frenkel kimi sənətkarlarla bir cərgədə qeyd edir. Doğrudan da, ən yaxşı filmlərdə Emin müəllimin musiqisi təkrarsız atmosfer yaradır, mətnaltı psixoloji məzmunu açıqlayır, qəhrəmanların məxfi hisslərini üzə çıxarır. Özü də E.Sabitoğlu F.Fellini filmlərinin daimi bəstəkarı Nino Rotanın işini ideal hesab edirdi: «Onun mövzu – tezisləri sadə olsa da, assosiativ təsir baxımından qabarıqdır. Onlar asanlıqla tanınır və hər dəfə gözlənilməz olur».

       Bu sözləri E.Sabitoğlunun özünə də aid etmək olar. Onu da deyim ki, bizi bəzi filmlərə təkrar-təkrar baxmağa vadar edən elə Emin müəllimin musiqisidir. Götürək, «Gün keçdi»ni. Burada bəstəkar «baş tutmamış talelərdən, həyatın keçiciliyindən doğan yüngül kədəri də, son nəticədə yaşamağın səadət olduğu fikrini də musiqi obrazları vasitəsilə necə də gözəl əks etdirə bilmişdir» (A.Dadaşzadə).

       Məqalənin həcmi Sabitoğlu yaradıcılığının vacib sahəsi – musiqili komediyaları təfərrüatı ilə işıqlandırmaq imkanından məni məhrum edir. Yalnız onu söyləyim ki, E.Sabitoğlu öz təkrarsız yumorunu burada tam mənada reallaşdıra bilmişdir. Ələlxüxsus atası S.Rəhmanın librettosu əsasında yazılmış parlaq yumoru ilə fərqlənən «Hicran»da. Burada cəmiyyətimizdə hökm sürən bir sıra eybəcər hallar çox incə – nəsihətsiz, ritorikasız, ifşaedici pafossuz – tənqidə məruz qalır, gülüş obyektinə çevrilir. Nəsibə Zeynalovanın qəhrəmanı – alverçi, meşşan təbiətli qadın əlinə qaval alıb qaraçı havaları ruhunda mahnı oxumağa başlayanda biz sidq-ürəkdən gülür, eyni zamanda belə insanların daxili miskinliyinə qarşı ikrah hissi yaşayırıq.

       Mən bir məsələyə də münasibətimi bildirmək istərdim. Bəzən E.Sabitoğlunun həmkarları – onların arasında xeyirxahlar olsa da, bədxahlar üstünlük təşkil edirdi – Emin müəllimi ciddi musiqidən uzaqlaşmaqda ittihamlandırıb «Simfoniya, kvartet yaz!» deyərdilər. E.Sabitoğlu, əlbəttə, istənilən janrda əsər bəstələyə bilərdi. «Aşıq Dilqəm» kantatasını bitirib bizə Zağulbada nümayiş etdirmişdi, uzun müddət «Dədə Qorqud» baleti üzərində çalışırdı. Indi isə fikrimi açıqlamaq üçün Andrey Petrovu köməyə çağırmaq istərdim.

       O, müsahibələrindən birində söyləmişdi: «Fikrimcə, dövrümüz öz ədəbi inikasını həm Solovyov-Sedoyun mahnılarında, həm də Şostakoviçin simfoniyalarında tapmışdır».

       Bu fikri Azərbaycana şamil etsək onda söyləməliyik: 60-70-ci illər təkcə simfoniyalarda, çeşidli kamera əsərlərində deyil, həm də E. Sabitoğlunun mahnılarında öz bədii təcəssümünü tapıb.

       Emin müəllim Vətəninə çox bağlı idi, doğma şəhəri ilə ayrılığı ağır keçirirdi. Dostluqda da vəfalı idi. Onun atam Arazla, Anarla uzun illər davam edən dostluğuna hamı həsəd aparırdı. Burada zövqün, həyat dəyərlərinin tam ümumiliyi müşahidə olunurdu. Atam haqqında xatirələr kitabında Emin əmi «Arazlı günlər»ini nisgil hissi ilə yada salaraq yazır: «Yay aylarında Kislovodskdakı qayğısız tətil günləri, Anargilin Buzovnadakı bağlarında «gərgin», «küsüb-barışmalı» futbol və şahmat yarışları, Arazgildə və bizim evimizdəki ad günləri, müxtəlif qonaqlıqlar, gülüş dolu dəqiqələr, ədəbiyyat və musiqimiz haqqında uzun-uzadı söhbətlər və mübahisələr – bunlar hamısı bir kino lenti kimi gözlərimin önündən keçir». (Həmin dövrdən bir xatirə – 1950-ci ilə aid fotoşəkil ilk dəfə jurnalda dərc olunur).

       Arazlı günlər həm də Bakılı günlər idi. (Atam 1990-ci il, noyabrın 2-də - Emin əminin anadan olduğu gündə dünyasını dəyişdi). Iş elə gətirmişdi ki, 90-cı illərdə E.Sabitoğlu bir çox başqa azərbaycanlı musiqiçilər kimi Türkiyədə, Istambul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında dərs deyirdi. Lakin burada da rahatlıq tapmırdı. «Minarəli Istambulda gözəl Bakını» yada salır, oxuduğu məktəbin dərs dediyi məktəbdən fərqli olaraq uzaq olduğuna heyfsilənirdi (bu duyğular Emin müəllimin Anarın sözlərinə yazdığı mahnıdandır). Evindəki saat Bakı vaxtını göstərirdi, otağındakı əşyalar doğma ocağını xatırladırdı. Istambulda Emin müəllim bir cədvəl qurmuş və burada Bakıya dönəcəyi tarixi qeyd etmişdi. Həmin məqamı yaxınlaşdırmaq məqsədilə hər gün cədvəldəki rəqəmlərin üstündən – əslində ömür günlərinin üstündən – bir-bir xətt çəkərdi…

       Axşamdır. Konservatoriyadakı mühazirələrimi bitirib evə tələsirəm. Lakin otaqların birindən gələn musiqi sədaları məni ayaq saxlamağa məcbur edir. Gənc bir oğlan «Şükriyyə»ni oxuyur. Başqa bir otaqda başqa bir tələbə «Bizim Cəbiş müəllim» filmindən valsın mövzusunu klarnetdə çalmağa çalışır. Küçəyə çıxıb avtobusa minirəm. Yolda üzərində S.Ələkbərzadənin portreti olan «Əlvida» sözü yazılmış böyük plakat – müvafiq mahnıya çəkilmiş videoklipin reklamı diqqətimi cəlb edir. Onu da deyim ki, E.Sabitoğlu, R.Babayev, Ç.Ələkbərzadənin xatirəsinə ithaf olunmuş bu klip öz yüksək zövqlü bədii həlli (rejissor F.Əlişov), habelə tanış mahnının son dərəcə maraqlı və incə yozumu ( bəstəkar və pianoçu S.Qəmbərov) və emosional, eyni zamanda təmkinli ifası (S.Ələkbərzadə) ilə ekranlarımızda tez-tez görünən bu sayaq «videoməhsul»lardan çox fərqlənir. Rejissor vaxtın amansızlığını, insanın onun axını qarşısında gücsüzlüyünü necə gözəl çatdırır:

       Əlvida o günlər,
       Ulduzlu gecələr, əlvida.
       Ömrümdən nə qaldı, nə qaldı
       Vəfasız dünyada.

       Mən də özümə sual verirəm: doğrudan da, bu fani, vəfasız dünyada, görəsən bizə qalan nədir? Yaxşı işlər, əməllər, elm və sənət abidələri, əlbəttə, musiqi. O musiqi ümmanında E.Sabitoğlu mahnılarının da öz yeri vardır. Hələ dünən həmin nəğmələri Ş.Ələkbərova və M.Babayev öz ilhamlı ifası ilə qanadlandırırdı. Bu gün onları S.Ələkbərzadə və S.Qəmbərov başqa cür eşidir, başqa cür yozur, sabah digərləri, ola bilsin, tamam ayrı əhvalla təfsir edəcəklər. Çünki E.Sabitoğlunun musiqisində insanları hər zaman həyəcanlandıran və düşündürən mətləblər inikas olunub: xeyirxahlıq, doğma ocağa bağlılıq, təbiətə vurğunluq, «bəzən bir ümid, bəzən göz yaşı» və sonsuz sevgi.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70