AZƏRBAYCAN OPERALARININ
«KOROĞLU» ZIRVƏSI
«Koroğlu» operasının ilk tamaşasının 65 illiyi tamam oldu

Sevinc Aqil qızı
 

       «Koroğlu» operası musiqi və opera sənətinin mükəmməl bir abidəsidir ki, nəsillər boyu yaşayacaqdır».
S.Vurğun


       1937-ci il 30 aprel. Bakı. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı.

       Dahi bəstəkar Ü.Hacıbəyovun «Koroğlu» operasının premyerası gedir. Tamaşaçılar intizar içindədir… Pərdə yavaş-yavaş açılır. Hamını valeh edən, ürəkləri ovsunlayan, qəlbləri riqqətə gətirən musiqi sədaları altında səhnə mənzərələri canlanır…

       Çənlibel. Qırat kişnəyib şahə qalxır, dağ cüssəli Koroğlu nərə çəkir. Misri qılınc parlayır. Xalqı soyub, talan edənlərə qarşı qeyrət döyüşü başlayır.

       Koroğlu əlində saz düşmənə meydan oxuyur…

       O gün «Koroğlu» operası həyata belə qədəm qoydu.

       Koroğlunun ilk tamaşası bütün mədəniyyətimiz tarixində bayram oldu. Bu opera Azərbaycan dühasının yaratdığı, heç yerdə bənzəri, təkrarı olmayan bir əsər idi.

       Ü.Hacıbəyovun uzun illərdən bəri topladığı yaradıcılıq təcrübələri, dünya musiqi mədəniyyətini dərindən əxz etməsi və böyük çılğın istedadı həmin gün yeni bir qüdrətlə səsləndi.

       Operanın mürəkkəb və zəngin simfonik quruluşu, milli musiqi alətlərimizlə Avropa musiqi alətlərinin həmahəng bir dildə danışması, mahir ustalıqla yazılan vokal partiyaların emosional təsiri, qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb və həyəcanlı musiqi nömrələri, xorun əzəmətli çıxışları və bütün bunların vahid ahəngi Üzeyir sənətinin ecazkar qüdrətini bir daha nümayiş etdirirdi.

        «Koroğlu» operasının yaranmasından söhbət açmazdan əvvəl, tarixi bir material haqqında kiçik məlumata ehtiyac duyuruq.

       Üzeyir bəy elə bir əsər yaratmaq istəyirdi ki, burada klassik musiqiyə xas olan monumentallıq, daxili dinamika, xarakterlər mübarizəsi, ictimai həyat hadisələrinin fonunda qəhrəmanlıq ruhu və məhəbbətin gücü bariz əks olunsun.

       Hələ 1919-cu ildə Üzeyir bəy ailəsi ilə Kocori yaylasında istirahətdə olarkən, orada əzəmətli Koroğlu qalasını görür. Deyilənlərə görə o, bu qalaya baxmaqdan doymazmış. Üzeyir Hacıbəyov eyni zamanda bir aşığın ifasında Koroğlu dastanını dinləyir. Bütün bunlar ona çox təsir edir. Üzeyir bəy burada ikən başa düşür ki, artıq yeni operasının süjetini tapmışdır.

        «Koroğlu» süjeti öz əhatəliliyinə görə Ü.Hacıbəyovun çoxşaxəli istedadı üçün olduqca münasib idi.

        «Koroğlu» operasının libretto müəllifi, milli tariximizin, folklorumuzun gözəl bilicisi M.S.Ordubadi öz xatirələrində yazırdı: «Bir gün Üzeyir bəy mənim yanıma gəldi. Nədənsə o, çox tərəddüdlü görünürdü. Nəhayət, o, öz qəlbini açıb dedi:

       – Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz kimi qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnədə görməlidir.

       Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:

       – Demək ki, biz bunu qərara alırıq! – dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub: - Bəli, qərarlaşdıq, - deyə cavab verdim».

       Mübariz, öz yüksək amalı yolunda qorxulu və keçilməz sərhədləri aşaraq fədakarlıq göstərən qəhrəmanın obrazını yaradıcılıq təxəyyülündə canlandıran dahi bəstəkar opera üzərində gərgin işə başlayır.

       Üzeyir bəy yazırdı: «Müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə edərək qarşımda formaca milli opera yazmaq məsələsi qoymuşdum… Belə bir vəzifəni yerinə yetirmək üçün bəstəkardan ciddi nəzəri hazırlıq tələb olunmaqla bərabər, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənmək, musiqi dilini mənimsəmək, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etmək tələb olunur».

       Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov «Koroğlu» üzərində işə başlamazdan daha 20 il qabaq Azərbaycan xalq musiqisinin əsaslarını və köklərini öyrənməyə başlamış və bunu əsərlərində tətbiq etmişdi. O, həmçinin, dünya klassik musiqisini öyrənir, bədii ustalığını zənginləşdirirdi.

       Üzeyir bəy «Koroğlu»ya qədər özünün altı operasını – «Leyli və Məcnun», «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşudbanu», «Əsli və Kərəm», «Harun və Leyla», üç musiqili komediyasını – «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan», xalq calğı alətləri orkestri üçün iki fantaziyasını, xalq mahnı işləmələrini, elecə də bir sıra mahnılar, kantatalar yazmışdı.

       Məlumdur ki, Ü.Hacıbəyovun ilk əsərləri xalq musiqisi ilə əlaqədardır. Bu əsərlərdə şifahi yaradıcılığın aşkar nəzərə çarpan ənənələri hifz olunmuşdu.


       Üzeyir bəyin ilk opera və operettalarında Azərbaycan xalq musiqisinin bütün janrlarından (muğam, mahnı, rəqs, aşıq sənətindən) bəhrələnməsi çox səciyyəvi haldır.

       Bu əsərlərdə şifahi yaradıcılıq ənənəsi bəstəkarlıq sənətinin ayrı-ayrı cəhətləri ilə qovuşdurulur. Belə ki, xalq musiqisi ilə orijinal bəstəkar musiqisinin yanaşı mövcudluğu reallığa çevrilir.

       Hər yeni əsərində daha da püxtələşən bəstəkarın üslubunda çoxsəslilik, milli lad sisteminin xüsusiyyətlərini özündə birləşdirən harmoniyalar yaranır.

       Üzeyir bəy «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan»da qazandığı nailiyytləri «Koroğlu» operasında uğurla inkişaf etdirir.

       Janr və məzmun etibarilə bir-birindən fərqlənən əsərlərində bəstəkar major – minor sistemini Azərbaycan ladları ilə «sıx birləşdirir», klassik musiqi formalarını xalq musiqisi ilə sintez etmək vəzifəsini qarşıya qoyur.

       Bunun nəticəsidir ki, Üzeyir bəy bir müddət sonra uzaqgörənliklə belə bir fikir irəli sürür: «Şərq musiqisi Avropa musiqisi ilə yanaşı, nəhayət, layiq olduğu fəxri mövqeyi tutacaq və bütün bəşəriyyətin inkişafına kömək edən qüdrətli amillərdən birinə çevriləcəkdir».

       Opera janrının hər bir cəhətini ətraflı öyrənən, böyük yaradıcılıq təcrübəsinə malik olan bəstəkar bütün bunların yekununda «Koroğlu» operasını yazmaq üçün özündə hazırlıq hiss edib, 1932-ci ildə bu əsəri yazmağa başlayır.

        Üzeyir bəy əsərini belə xarakterizə edirdi: «Koroğlu» operasında, bilavasitə, xalq yaradıcılığından götürülmüş əsl xalq melodiyaları yoxdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. Operadakı ariya, duet, reçitativ, ansamblları Azərbaycan musiqi ladlarında, Azərbaycanın musiqi folkloru əsasında qurmuşam. Koroğlunu aşıqlar tərənnüm etmiş və ona görə də operada üstün gələn stil asıq stilidir».

       Öz yaradıcılığına daim tələbkar və tam ciddiyyətlə yanaşan Üzeyir bəy əsər üzərində yorulmadan çalışır.

       Ə.Bədəlbəyli öz xatirələrində yazırdı: «Ü.Hacıbəyov əsər üzərində dörd il çalışmışdır. Lakin əsərin bəzi musiqi parçalarının melodikasının müəllifin zehnində çox-çox əvvəllərdən nəqş bağladığı da məlumdur. Böyük bəstəkar əsərinin hər səhifəsini, hər parçasını dönə-dönə cilalayır, lazım gəldiyi halda tamamilə yenidən bəstələyirdi. Burada həm mətn, həm də musiqi büstbütün yeni şəkildə, yeni biçimdə yaradılırdı».

       Əsərin librettosuna da, musiqisi kimi ciddi yanaşan bəstəkar, onun ədəbi dilinin təbiiliyinə xüsusilə fikir verirdi. Üzeyir bəyin fikrincə, mövzusu XVII əsrə mənsub bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də «Koroğlu»da «müharibə» sözünü «cəng», «qoşun» kəlməsini «leşkər» və s.əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şerlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.

        «Koroğlu» yetkin sənətkarın təkrarolunmaz və özünəməxsus üslubunu təcəssüm etdirir. Bu üslubun müəyyənedici əlamətləri aşağıdakılardan ibarətdir:

       Operanın uverturası əsas ideyanı əks etdirərək qəhrəmanlıq himni kimi səslənir. Bülbülün sözlərilə desək, «Uvertüra» başlananda insan cuşa gəlir…».

       Bundan əvvəlki operalarda da Üzeyir bəy xorlardan istifadə etmişdir. Lakin «Koroğlu»da xor xüsusi əhəmiyyət kəsb edir. Geniş xalq kütlələrinin əhatəli obrazını – onların mübarizəyə qalxmasını, psixologiyasını və milli xüsusiyyətlərini zəngin musiqi dili ilə açmaqda xor aparıcı rol oynayır. Məhz xor səhnələrində hadisələr fəal inkişaf edir.

       Məşhur «Çənlibel» xoru – mübariz xalqın obrazını bitib – tükənməyən nikbinliklə, bədii səmimiliklə canlandırır. Milli musiqi ilə bəstəkarlıq yaradıcılığının sintezi prinsipindən çıxış edən Üzeyir bəy «Çənlibel» xorunda klassik polifoniya və milli lad – intonasiya xüsusiyyətlərini birləşdirir.

        «Koroğlu»da kütləvi xalq səhnələrində xorlarla yanaşı rəqslər böyük yer tutur. Operadakı rəqs səhnələri milli baletin təşəkkülü və inkişafı üçün zəmin olmuşdur.

       Operanın partiturasının orijinal səslənməsinə nail olmaq üçün Üzeyir bəy simfonik orkestrin tərkibinə milli musiqi aləti olan tarı daxil edir.

       Milli janrlardan gələn xüsusiyyətlər operada xalq və Koroğlunu xarakterizə edən aşıq musiqisinin obrazlı intonasiya kökü ilə bağlılıqda özünü göstərir.

        «Koroğlu»da simfonik fraqmentlər də qəhrəmanlıq ideyasının açılmasında böyük rol oynayır. Bu fraqmentlər sonradan milli simfonik musiqinin inkişafı üçün mühüm mənbəyə çevrilmişdir.

       Üzeyir Hacıbəyov operadakı obrazların dəqiq ifadəli səciyyəsini tapmışdır.

       Üzeyir bəyin Koroğlusu düşməndən intiqam almağı, onun qarşısında acizlik göstərməyərək çarpışıb vuruşmağı insanın şərəf və ləyaqət işi kimi yüksək tutur.

       Bəstəkar Koroğlu obrazının açılması üçün aşıq musiqisinin ifadəli vasitələrindən istifadə etmiş, onları bəstəkar yaradıcılığının nailiyyətləri səviyyəsində ümumiləşdirmişdir. Üzeyir bəy qeyd edirdi ki, Koroğlunu bir aşıq kimi oxutmaq üçün bəstəkar onun musiqisini yalnız aşıq yaradıcılığı üzərində qurmalıdır. Bu belə olmalıdır ki, səhnədə iştirak edənlərdən başqa, tamaşaçı da onun aşıq olduğunu hiss etsin.

       Koroğlu həm qəhrəman, həm də aşiqdir.

       Koroğlunun «Sevdim səni mən, ey Nigarım» ariyasında, «Səni gördüm, aşiq oldum» ariozosunda, Nigara olan sevgisi həqiqi insanın, təmiz bəşəri hisslərin təcəssümü kimi səslənir. Koroğlunun ona qarşı olan məhəbbəti, paklığı, sədaqəti buludlarla örtülən günəş kimidir. Bu günəş qətiyyən sönməyən, Üzeyir musiqisinin qüdrət və əzəməti ilə parlayan bir günəşdir.

        «Mərd igidlər nərə çəksin davada» epik mahnısında isə Koroğlu qorxmaz, mərd üsyan başçısı, cəngavər kimi meydana atılır. Bəzi pərdələrdə Koroğlu aşıq qiyafəsində səhnəyə gəlir.

       Nigar obrazının açılmasında gözəl, axıcı melodiyalardan istifadə olunmuşdur. Bu melodiyalarda şəxsi hisslərin zərifliyi, incəliyi, səmimiliyi, xalqla bağlılıqdan gələn qəhrəmanlıq əzmi üzvi vəhdətdə verilmişdir.

       Düşmənlər əhatəsində olmasına baxmayaraq Nigar, xalqı istismar edənlərə qarşı mübarizədə Koroğluya köməklik göstərir. Böyük ürəyi, eşqi ilə Koroğlunun yoluna Üzeyir bəy musiqisilə işıq salır.

       Mənfi qəhrəmanlardan olan Həsən xanın obrazı isə ilk pərdədə verilən «Xanların xanıyam» kiçik musiqi parçasında açılır. Bu musiqidə xanın ümumiləşdirilmiş cizgiləri - lovğalığı, zülmkarlığı, təkəbbürlüyü, rəhmsizliyi əks olunub. «Mina ibriqlərə şərab doldurun» ariyasında isə kəndli üsyanından qorxuya düşməsini məharətlə gizlədən hökmlü, lovğa hökmdarın süni əzəməti musiqi vasitəsilə canlandırılmışdır.


       Operada mənfi obrazlardan olan Həmzə bəy, Ibrahim xan, Təlxək surətləri bütün fərdiyyəti ilə səciyyələndirilmişdir.

       Üzeyir bəy elə bir əsər yaradır ki, onu dinləyən hər bir kəs Koroğlu və onun silahdaşlarının vuruşunu haqqın, ədalətin, insanlığın vuruşu və özünütəsdiqi kimi mənalandırır.

        «Koroğlu» Üzeyir fantaziyası və istedadının qüdrət və əzəmətinin ifadəsi idi.

       Xalqımızın görkəmli müğənnisi Bülbül öz xatirələrində yazırdı ki, Ü.Hacıbəyovla «Koroğlu» operası barəsində uzun müddətli söhbətimizin sonunda Üzeyir bəy zarafatcasına dedi:

       – Yaxşı, indi mən elə bir opera yazacam ki, o hamını yerindəcə donduracaq.

       Bülbül isə ona belə cavab verir:        – Mənsə, Koroğlu partiyasını elə ifa edəcəm ki, onu bir daha heç kim o cür oxumayacaq.

       Doğrudan da, hər bir zarafatda bir həqiqət var. Bu günlərə qədər Azərbaycanda nə «Koroğlu» tək gözəl bir opera yazılmış, nə də məhz Bülbül kimi onu ifa edən olmuşdur.

       Librettosu H.Ismayılov və M.S.Ordubadi tərəfindən yazılaraq Üzeyir dühası ilə xalq musiqisinin ecazkar dilində zirvəyə qaldırılan bu əsərə rejissor Ismayıl Hidayətzadə quruluş vermişdir. Tərtibatçı-rəssam isə R.Mustafayev idi. Dirijor pultu arxasında Üzeyir bəy özü durmuşdur.

       Koroğlu rolunun ilk yaradıcısı unudulmaz sənətkarımız Bülbül idi. Nigar rolunu isə Gülarə Isgəndərova ifa etmişdir. Digər rolların ifaçıları X. Haqverdiyev, M. Bağırov, Ə.Zülalov, Q.Hüseynov, B.Mustafayev, M.Paşayeva olmuş, rəqslərə isə Q.Almaszadə quruluş vermişdir.

       Üzeyir bəy «Koroğlu» ilə milli musiqi təfəkkürünü, bütövlüklə bəstəkarlıq yaradıcılığının yüksək tələblərinə cavab verən yeni inkişaf mərhələsinə qaldırdı.

        «Koroğlu»nun musiqisi Azərbaycan, ümumiyyətlə, bütün Şərq musiqi mədəniyyətinin parlaq şəkildə təsdiqinə və dünya miqyasına çıxarılmasına imkan vermişdir.

       Üzeyir Hacıbəyovun milli musiqi ənənələri əsasında yaratdığı «Koroğlu» operası böyük bir mədəni hadisə,Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ oldu. Opera ənənə ilə novatorluğun canlı vəhdətidir. Məhz bu vəhdət sayəsində Azərbaycan musiqi folkloru müasir dövrün peşəkar musiqi mədəniyyəti səviyyəsinə yüksəldi. «Koroğlu» operası ilə Azərbaycan teatrı istər məzmun, istərsə də forma etibarilə daha da zənginləşdi, yeni bir keyfiyyət kəsb etdi. Opera həm də dastanı yaşatdı, Koroğlu əfsanəvi qəhrəmandan real xalq qəhrəmanına çevrildi.

       Sonralar «Koroğlu»nu bir çox rejissorlar Ş.Bəbəlbəyli, S.Dadaşov, M.Məmmədov tamaşaya qoydular.

       Səhnəmiz Koroğlu rolunun L.Imanov, A.Məlikov, Nigar rolunun F.Əhmədova, F.Qasımova kimi mahir ifaçılarını tapdı. Onların hər birinin ayrıca Koroğlusu, Nigarı oldu, hər biri öz yaradıcılıq üslubuna görə bu rolları səhnədə təcəssüm etdirdi.

        «Koroğlu» 1938, 1959-cu illərdə Moskvada Azərbaycan musiqi incəsənəti dekadasında, 1975-ci ildə isə «Zaqafqaziya musiqi baharı» festivalında böyük müvəffəqiyyət qazanmışdır.

       1941-ci ildə Azərbaycan teatrı operanı Iranda göstərmiş, tamaşaçıların böyük rəğbətinə səbəb olmuşdur.

        «Koroğlu» Aşqabadda (1939, türkmən dilində), Daşkənddə (1950, özbək dilində) tamaşaya qoyulmuşdur.

       Azərbaycan Opera və Balet Teatrının qastrol tamaşaları zamanı «Koroğlu» Təbriz, Tiflis, Kiyev, Peterburq və s. şəhərlərdə göstərilmişdir.

        «Koroğlu»ya görə Ü.Hacıbəyov Stalin mükafatına layiq görülmüşdür.

       Ü.Hacıbəyovun «Koroğlu» operası 65 il bundan qabaq yazılsa da, onun məntiqi mənası, ruhu yenidir, bu əsər dünyəvi və bəşəri səciyyəsi ilə ölməzdir.

       Bu gün «Koroğlu» bəlkə öz dövründə olduğundan daha artıq müasir, təzə, təravətli səslənir.
       Onun hər sədası xalqı oyanışa səsləyir.
       Başı min bir bəla çəkmiş Azərbaycan xalqı öz azadlığı, ləyaqəti, müstəqilliyi uğrunda mübarizəyə qalxarkən, bu hərəkatın çağırış sədası Üzeyir bəyin musiqisi – «Koroğlu» operasının uvertürası olacaq. Bu musiqi xalqı qəhrəmanlığa səsləyəcək, onun qoluna Koroğlu gücü, ürəyinə Koroğlu cəsarəti verəcək.

       Xalq Üzeyir bəyin «Koroğlu»su tək yenilməz olacaq, öz varlıq və şərəfini Üzeyir bəyin «Koroğlu»su tək qoruyacaqdır.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70