Müğənni Müslüm Maqomayevin 60 yaşı tamam oldu. Hələ SSRI dövründə yüksək və ağlasığmaz uğurlara nail olmuş yenicə 31 yaşa qədəm qoyan Müslim Maqomayev SSRI xalq artisti adına layiq görülmüşdü. Musiqi sənətində bəstəkar Müslüm Maqomayevin fitri yaradıcılıq istedadı özünü bir nəsildən sonra nəvəsi Müslüm Maqomayev simasında, bu dəfə təkrarsız müğənni kimi əks etdirdi. Babası, görkəmli bəstəkar Müslüm Maqomayev Ü.Hacıbəyovla birlikdə, öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Onun musiqi sənəti yolunda qazandığı uğurların əks-sədası nəsillərin yaddaşından silinməyəcəkdir. Onun nəvəsi Müslüm Maqomayev də böyük məsuliyyət hissi ilə musiqiyə yiyələnməyə başladı. Onun ən böyük arzularından biri o idi ki, babasının adını və soyadını nəinki ləyaqətlə daşısın, həm də bu adı yüksəkliklərə qaldırsın. O buna nail oldu... Lakin müğənni kimi. Müslüm Maqomayev səsinin qüdrəti, gö
zəlliyi ilə hamını valeh edirdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində müvəffəqiyyətlə sınaqdan keçməyə imkan verirdi: opera, kino, estrada və s. sahələrdə o özünü bacarıqla göstərə bildi. Estrada janrı isə Müslüm Maqomayevin yaradıcılığında daimi yerlərdən birini tutur. Bu janr vasitəsilə o musiqisevənlərin və geniş kütlənin ürəyinə yol tapmış və öz oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdir.
M.Maqomayevin hələ gənc yaşlarından musi-qiyə, piano ifaçılığına olan marağı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10-illik musiqi təmayüllü məktəbdə özünü büruzə verdi. Rossininin «Sevilya bərbəri» operasından «Fiqaro-nun ariya»sını o, ilk dəfə müvəffəqiyyətlə konser-vatoriyanın Böyük zalında ifa etdi. Bu hadisə bizim xatirimizdə silinməz izlər buraxdı və çıxışdan sonra Müslüm Maqomayevin vokal sahədəki professional karyerası yüksəlməyə başladı. Sonrakı illərin hadisələri onun vokal ifaçılıq fəaliyyətini Italiya və Moskva şəhərləri ilə bağlayır.
O öz təhsilini Italiyanın La-Skala operasının məşhur vokal məktəbində daha da təkmilləşdirdi. Azərbaycana dönərkən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. Konservatoriyanın Böyük zalında buraxılış imtahanı keçirilirdi. Bu dəfə müğənni populyar operalardan ariyaları, Şumanın, Şubertin mahnılarını və nəhayət, italyan mahnılarını repertuarına salmışdı. Indi də gözümüzün qarşısında qara smokinqdə ucaboylu, xoş görünüşlü, hədsiz səs imkanlarına malik olan Müslüm canlanır. Bu imtahan deyildi. Sanki yüksək professional vokal sənətinə yiyələnmiş solistin konserti idi.
Müslümün sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlıdır. Moskva, Sovet Ittifaqının paytaxtı olduğuna görə, istedadlı gənclər ümidlərini bu şəhərə bağlayırdılar. Burada ya zirvələrə ucalacaqsan, ya da unudulacaqsan. Müslümün fitri istedadı burada çiçəklənməyə başladı və öz bəhrəsini bir sıra mahnıların ifasında gördü. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başladılar. Bunların sırasında «Buhenvald harayı», «Ruslar müharibə istəyirmi?» mahnıları, rus xalq mahnılarından: «Piter boyunca», «Mənim atlarım», italyan mahnılarından: «Luçiya», «Sorento» və s. xüsusi yer tutur. Bununla yanaşı onun repertuarından Azərbaycan mövzusu əksilmir. Bu, həm Ü.Hacıbəyovun iki romansı - «Sənsiz», «Sevgili canan», həm də babası M.Maqomayevin «Şah Ismayıl» operasından Şah Ismayılın ariyasıdır. Ənənəyə sadiq qalaraq, M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında «Ey əziz anam, Azərbaycan!» öz layiqli
yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur doğururdu. Sovet Ittifaqının mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayırdı, bu da adi bir şey deyildi. Bu ondan irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır. Sovetlər Birliyinin hər bir yerində ona alqış söyləyirdilər, sanki əlləri üstündə gəzdirirdilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi. O eyni səviyyədə həm opera ariyalarını, həm də estrada mahnılarını ifa edirdi. Xüsusilə, müasir ritmik caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. Xüsusən 60-70-ci illərdə beynəlxalq-siyasi aləmdə SSRI-nin Qərb ölkələrilə dostluq və mehribançılıq münasibətlərinin ilk çağlarında Müslüm Maqomayev öz səhnə ustalığı ilə bu dostluğa inam gətirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada çıxış etməsin.
Dünya şöhrətli Müslüm doğma vətənini bir an unutmurdı. O dönə-dönə Azərbaycana gəlirdi. Hətta gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə də o, Bakıda qastrol səfərində ikən rastlaşdı.
Məşhur opera müğənnisi Tamara Sinya- vskaya Müslümün həyatını daha mənalı və maraqlı etdi. Onlar bir-birinə olan məhəbbətlərini indiyədək saxlaya biliblər. Müslüm Maqomayevin Azərbay-canla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərmirdi, o həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah Ismayıl obrazını operada canlandırdığı kimi, nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirdi.
Belə obrazların həyatını səhnədə yaşatmaq bir növ öz həyatına kənardan baxmaq deməkdir. Bu dəfə Müslüm Maqomayev qələmi əlinə alıb xatirələrini, düşüncələrini publisist kimi yazıya köçürür. Onun yazıları səmimiliyi ilə fərqlənirdi.
Onun bir kitabı «Dahi Lansa» adlanır. Kitabı məşhur Italiyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün çağlarında məşhur tenora qibtə edib. Sanki onun simasında özünü görüb. Mario Lansa da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində, gah da kinofilmlərdə çıxışlar etmişdir. Hələ Italiyada oxuyarkən o Mario Lansa haqqında olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa başlamışdı və bu işi Amerikaya qastrol səfərlərinə gələrkən davam etdirirdi.
«Mənim məhəbbətim melodiya» adlı kitab da həmin illərə təsadüf edir. Bu kitabda o özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq da yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları – dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiynində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı oxucunun gözləri qarşısında Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl insan, istedadlı şəxsiyyət və dünya şöhrətini qazanmış müğənnini, ən əsas isə – vətənpərvər insan, əsl azərbaycanlını görürük!
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda dünyaya göz açıb gənclik çağlarını Bakıda yaşayıb. Sonrakı həyat və yaradıcılıq fəaliyyəti Rusiya ilə bağlıdır. Təsadüfi deyil ki, öz xatirələrini bu sözlərlə başlayır: «Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm». Bu sözləri onun həmvətənləri-nə isti, səmimi münasibətində özünü aydın büruzə verir – imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə qalmamaq və s. bu kimi keyfiyyətlər onun əsil-nəcabətindən xəbər verir. O, babası Müslüm Maqomayevin adının layiqli daşıyıcısıdır.
Dövlət tərəfindən Müslüm Maqomayev yaradıcılıq fəaliyyətinə görə SSRI və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı Ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRI xalq artisti (1973), Xalqlar Dostluğu Ordeni (1980), «Şöhrət» ordeni (1997).
Sonuncu «Istiqlal» ordeni Müslüm Maqomayevə sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olundu. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında prezident Heydər Əliyev Müslüm Maqo-mayevi öz xatirələrində canlandırdı və onun yaradıcılığına dərin mənalı təhlil verdi. Bu mərasimdə respublikanın qabaqcıl ziyalıları və sənət adamları iştirak edirdilər.
Ertəsi axşam Respublika Sarayanda tanınmış müğənnilər və incəsənət xadimləri Müslüm Maqomayevin şərəfinə öz musiqi töhfələrini ifa etdilər.
Bakı Musiqi Akademiyasında müğənninin 60 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Bunların sırasında elmi-nəzəri konfrans böyük maraq oyatdı. Bu konfransda Akademiyanın professor-müəllim heyəti, görkəmli incəsənət xadimləri, bəstəkarlar, ifaçılar və müğənnilər iştirak etdilər. BMA-nın rektoru, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli öz çıxışında müğənni haqqında, qiymətli fikirlər söylədi. Bu fikirləri dəstəkləyən Azərbaycan Bəstəkarlar Ittifaqının I katibi, professor Vasif Adıgözəlov M.Maqomayev haqqında düşüncələri ilə bölüşdü. «Simli alətlər» kafedrasının müdiri, professor Azər Rzayev müğənni barədə xatirələrini konfrans iştirakçılarına çatdırdı.
«Musiqi tarixi» kafedrasının professoru, sənətşünaslıq namizədi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Elmira Abbasova müğənninin ifaçılığının üslub xüsusiyyətləri barədə söhbət açdı. «Musiqi nəzəriyyəsi» kafedrasının professoru, sənətşünaslıq namizədi Imruz Əfən-diyeva, «Musiqi tarixi» kafedrasının dosenti, sənətşünaslıq namizədi Zümrüd Dadaşzadə öz elmi çıxışlarında müasir dövr və musiqi tələbatı problemləri ilə bağlı müğənninin rolu haqqında məruzələr etdilər.
SSRI xalq artisti, «Solo oxuma» kafedrasının professoru Lütfiyar Imanov öz ifası ilə konfrans iştirakçılarını valeh etdi.
Bu tədbirlərin yekunu olaraq sentyabrın 9-da R.Mustafayev adına Incəsənət Muzeyində Müslüm Maqomayevə Bakı Musiqi Akademiyasının fəxri professoru adının verilməsi mərasimi keçirildi. Mərasimdə professor–müəllim heyəti, görkəmli incəsənət xadimləri və gənclər yubilyarı təntənəli surətdə, alqışlarla, gözəl çıxışlarla təbrik etdilər. Pianoçu M.Hüseynovun, müğənni Ə.Əsgərovun, pianoçu M.Adıgözəlzadənin və s. çıxışlarından sonra yubilyar Müslüm Maqomayevə və onun həyat yoldaşı Tamara Sinyavskayaya bayram şirniyyatı təqdim olundu.
Əlamətdar tədbir qəlbimizdə silinməz izlər qoydu. Biz M.Maqomayevin gələcək yubileylərinin qeyd olunması arzusu ilə müğənni ilə vidalaşdıq.
p align>
|