Bu ilin yayında Azərbaycan Dövlət Televiziyasının musiqi redaksiyası mənə musiqişünas, alim Zemfira Səfərovanın ad günü münasibətilə veriliş hazırlamağı həvalə etdi. Mən Zemfira xanımın özü, eyni zamanda elmi fəaliyyəti ilə çoxdan, həm də, zənnimcə, yaxşı tanış idim. Lakin verilişi hazırlayarkən Z.Səfərovanın ömür yoluna, onun təxminən 40 il ərzində gerçəkləşdirdiyi işlərə bir daha nəzər salıb heyran qaldım. Alim necə dolğun həyatla yaşayır! Nə qədər iş görülüb – kitablar, məqalələr yazılıb və ən önəmlisi – indinin özündə də bu iş – ilhamlı, gərgin – davam etməkdədir!
Nəticədə mənim ərsəyə gətirdiyim material verilişə ayrılan vaxtın çərçivəsini xeyli aşdı. Hətta redaksiya məcburiyyət qarşısında qalıb 15 dəqiqə artırsa da, bu, kifayət etmədi. Biz çəkdiyimiz bəzi dəyərli fraqmentlərdən ürək ağrısı ilə imtina etməli olduq.
Bir məqama də toxunmaq istərdim. Tamaşaçılar öz ekranlarında əsasən bəstəkar və ifaçıları görməyə vərdiş ediblər. Odur ki, çeşidli verilişləri seyr edənlər musiqişünaslarımızın fəaliyyətindən bixəbərdirlər. Halbuki məhz bu peşə sahibləri musiqi tarixi və nəzəriyyəsinin qəliz məsələləri üzərində baş sındırır, bədii prosesdə nizam axtarır, ayrı-ayrı bəstəkar və ifaçıları dürüst dəyərləndirməyə səy göstərirlər və bütün bu vəzifələri həyata keçirərək özləri kölgədə qalırlar. Odur ki, mənim əsas məqsədim Azərbaycan musiqişünaslığının ən ləyaqətli, ən nüfuzlu nümayəndələrindən birinin fəaliyyətini işıqlandırmaq, onun mümkün qədər dolğun və cazibədar portretini yaratmaq idi. Deyəsən, bu vəzifənin həllinə nail olduq. Veriliş maraqla qarşılandı, geniş rezonans doğurdu. Tamaşaçıları alimin fədakar əməyi, miqyaslı fəaliyyəti həqiqi mənada heyrətləndirdi.
Bu gün Z.Səfərova 17 kitab, 100-dən artıq elmi məqalə müəllifidir. Onun sorağı bir çox mötəbər beynəlxalq konfrans və simpoziumlardan gəlir. Alim müxtəlif elmi şuraların, redaksiya heyətlərinin (o cümlədən, «Musiqi dünyası»nın) üzvüdür. Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institunda «Musiqinin tarixi və nəzəriyyəsi» şöbəsinə rəhbərlik edir. Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimidir. Lakin ən önəmlisi məxsusi mövqeyə malik, heç kimin nail olmadığı zirvələri fəth edən, heç kimin aramadığı mövzuları təhlil edən alimdir.
Zemfira xanımın yaradıcılığına həsr olunmuş müxtəlif məqalələrin başlıqları çox səciyyəvidir: «Musiqi irsimizin ilhamlı tədqiqatçısı», «Ənənələri yaşadan alim», «Əsrlərə həsr olunmuş illər»… Həqiqətən, Z.Səfərova həyat illərini əsrlərə həsr edib, bir arxeoloq kimi musiqimizin ən dərin qatlarına nüfuz etməyi, tariximizin zülmətə qərq olmuş səhifələrinə nur saçmağı qarşısına məqsəd qoyaraq bu məqsədə doğru inamla addımlayıb.
Yaradıcılıq yolunun lap əvvəlində, hələ konservatoriyanın tələbəsi ikən Üzeyir Hacıbəyovun elmi əsərlərini araşdırmağa başlayaraq Z.Səfərova sonralar da onun irsinə, şəxsiyyətinə dönə-dönə üz tutub, hər dəfə bu dahinin portretinə yeni mühüm ştrixlər əlavə etməyə müvəffəq olub. Bu gün Üzeyirşünaslığı alimin çeşidli işlərindən kənarda təsəvvür etmək olmaz. Özü də sənətkar haqqında Zemfira xanımın yazdıqları janr rəngarəngliyi ilə fərqlənir: burada sanballı elmi tədqiqatlar, populyar broşüra, sərbəst, esse səciyyəli jurnal məqalələri də vardır. Həmin çeşidli işlərində Z.Səfərova Ü. Hacıbəyovun yaradıcılığını, şəxsiyyətini, nəzəri və estetik görüşlərini, publisistik yazılarını geniş kulturoloji kontekstdə təhlilə məruz qoyaraq, nəinki Azərbaycan, dünya sənəti qarşısında Ustadın xidmətlərini inandırıcı şəkildə isbat edə, göstərə bilmişdir. Bu baxımdan alimin ilk iri araşdırması – «Üzeyir Hacıbəyovun musiqi - estetik baxışları» kitabının (M.,1973) Moskvada nəşri faktını bir daha vurğulamaq istərdik. Bu, əsl
ində Üzeyir bəyi o dövrün geniş oxucu kütləsinə nəinki bəstəkar, həm də alim, mütəfəkkir kimi hərtərəfli təqdim edən ilk ciddi və sanballı kitabdır.
Tədqiqatda Ü.Hacıbəyovun elmi konsepsiyasının kamilliyi, estetik baxışlarının sərrastlığı və uzaqgörənliyini qabarıq göstərən Z.Səfərova eyni zamanda bütün müddəalarını bəstəkarın konkret musiqi əsərlərindən nümunələrlə parlaq surətdə əsaslandırır. Çünki Üzeyir bəy üçün doğma xalqının musiqisi, Zemfira xanımın yazdığı kimi, «ölü kapital deyil, canlı, bütöv sistemdir ki, xalq öz «musiqi barigahını» onun əsasında qurur. Əgər Ü.Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları»nı yazmaqla milli musiqimizin gizli kodunu açıqlayırsa, Z.Səfərova öz tədqiqatı ilə Üzeyir bəyin qənaətlərinin qlobal əhəmiyyətini təsbit edir.
Tədqiqatı bir çox alimlər – I.Rıjkin, A.Dmitriyev, L.Karagiçeva yüksək qiymətləndirmişdirlər. Dahi bəstəkar Q.Qarayev isə kitaba yazdığı giriş sözündə onun əhəmiyyətini düzgün müəyyənləşdirmişdir: «Müasir Azərbaycan musiqişünaslıq ədəbiyyatında Azərbaycan musiqisinin estetik problemləri ötəri şəkildə – bu və ya digər elmi mövzu ilə əlaqədar tədqiq edilmişdir. Z.Səfərova üzərinə çətin iş götürmüş – tədqiqatını bütövlükdə bu mövzuya həsr etmişdir… Kitabın müəllifi Ü.Hacıbəyovun çox mürəkkəb və çoxcəhətli, Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə bağlı vacib problemlərə toxunan (vurğulama mənimdir – Z.D.), estetik konsepsiyası haqqında qanunauyğun və doğru əks edilmiş nəticələrə gəlir».
Maraqlıdır ki, Z.Səfərovanın bu tədqiqatı indi də mütəxəssislərin diqqətini cəlb edir. Məsələn, tanınmış yazıçı G.Qaçevin 2002-ci ildə Moskvada işıq üzü görmüş «Dünyanın milli obrazları. Qafqaz. Rusiyadan Gürcüstan, Azərbaycan və Ermənistana intellektual səyahət» kitabında müəllif bir çox mətləbləri kulturoloji aspektdə xırdalayaraq, o cümlədən milli xarakter və musiqi qanunauyğunluqları arasında ortaq nöqtələr axtarır və bu zaman Z.Səfərovanın kitabından ayrı-ayrı mülahizələrdən bəhrələnir. Yəni Ü.Hacıbəyovun üzə çıxardığı qanunauyğunluqlara Zemfira xanımın gözü ilə baxıb onları (məsələn, musiqinin kəskin sıçrayışlardan kənar rəvan inkişafını, ritmik xüsusiyyətlərini) azərbaycanlıların dünyaduyumu, temperamenti ilə əlaqələndirir.
Mən Z.Səfərovanın 1983-cü ildə, musiqişünasların Səmərqənd beynəlxalq simpoziumu ərəfəsində ilk dəfə çapdan çıxan, iki il sonra Üzeyir bəyin 100-illik yubileyi münasibətilə tərcümə olunaraq 7 dildə nəşr olunan «Üzeyir Hacıbəyov» kitabçasını da qeyd edərdim. Burada Zemfira xanım başqa yazı üslubu seçərək geniş oxucu kütləsi ilə rabitəyə girir və Ustadın tarixi xidmətlərindən yığcam, maraqlı şəkildə, mən deyərdim, ilhamla bəhs edir. Həmin yubiley ilində (1985) alim «Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər» monoqrafiyasını nəşr etdirərək, sanki əvvəlki araşdırmaların təcrübəsini ümumiləşdirir, Ü.Hacıbəyov elmi konsepsiyasının hərtərəfli, dolğun, mükəmməl təhlilini təqdim edir.
Mən burada ilk bəstəkarımızın irsinin akademik nəşrinin ərsəyə gəlməsində Z.Səfərovanın misilsiz xidmətlərini də xatırlatmaq istərdim. Biz haqlı olaraq musiqi tariximizdə yeni, bəstəkarlıq mərhələsini 1908-ci ildən - «Leyli və Məcnun» operasının ilk tamaşasından başlayırıq. Lakin bu faktı sənədləşdirmək baxımından opera partiturasının nəşri çox zəruri idi. Bu böyük zəhmət, vaxt tələb edən işin həyata keçirilməsini boynuna götürən Z.Səfərova (təkcə onu söyləyək ki, nəşrin baş redaktoru Q.Qarayevlə məsləhətləşmək, habelə nəşriyyatda notların yığılmasını tənzimləmək məqsədilə Zemfira xanım dəfələrlə Moskvaya səfər etməli olur) nəinki yaradıcılıq, təşkilati, hətta diplomatik vəzifələri həll etmək məcburiyyəti ilə qarşılaşır. Alimin qeyri-adi inadkarlığı nəticəsində Şərqdə ilk opera – «Leyli və Məcnun»un mükəmməl partiturası 1983-cü ildə işıq üzü görür. Bu nəhəng iş həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yüksək qiymətləndirilir, ruh yüksəyliyi, qürur hissi doğurur. Fikrət Əmirov 1984-cü ildə «
Kommunist» qəzetinin səhifələrində emosional tərzdə yazırdı: «Ilk opera – ilk partitura! Bu iki faktın bir-biriylə bağlılığı, məntiqi əlaqəsi qəlbimizi fərəh hissiylə çırpındırır…» F.Əmirov Z.Səfərovanın, birinci cildin xüsusi redaktoru bəstəkar N.Əliverdibəyovun xidmətlərini xüsusi qeyd edərək, akademik nəşr üçün «düzgün, dəqiq iş üsulunun müəyyənləşdirilməsi» fikrini vurğulayır.
Sonrakı illərdə akademik nəşr üzərində iş davam etdirilir: bir-birinin ardınca «Leyli və Məcnun»un klaviri, «Koroğlu»nun I-III pərdələrinin partituraları da çapdan çıxır. Lakin 90-cı illərin əvvəlində ölkəmizin ictimai-siyasi durumunun qeyri-sabitliyi və bunun nəticəsi kimi törəyən iqtisadi, deməli, maliyyə çətinlikləri ucbatından nəşrin çapı müvəqqəti dayandırılmışdır.
Zemfira xanım bu məsələni bir an belə diqqətindən kənarda qoymayaraq, hal-hazırda partituranın IV və V pərdələrinin nəşrini xüsusi redaktor – dirijor R.Abdullayevlə birgə reallaşdırmaq əzmindədir. Çünki bu gün Azərbaycan xalqının mənəvi irsinin qorunub saxlanılması, təbliği, gələcək nəsillərə mümkün qədər tam şəkildə çatdırılması ən aktual məsələlərdəndir. Mədəniyyətimizin «intellektual qarətə» məruz qaldığı indiki şəraitdə həmin qarətin əsas hədəflərindən birini – Ü.Hacıbəyovu mühafizə etmək, sənət sahəsində əks-təbliğatı gücləndirmək gərəkdir.
Əslinə qalsa Z.Səfərovanın bütün fəaliyyəti həmin məqsədə xidmət edir. O, məqalələrindən birində yazır: «Hər bir xalqın musiqi mədəniyyətindən, irsindən yalnız o vaxt danışmaq olar ki, o xalq ilk növbədə özü öz irsini qiymətləndirib yaşatmağı bacarsın». Başqa yerdə Azərbaycanın musiqisinin dərin kökləri və qədim tarixinin araşdırılmasının indiki şəraitdə – Azərbaycanın müstəqillik və suverenlik qazandığı dövrdə – labüdlüyünü qətiyyətlə bəyan edərək öz kredosunu belə ifadə edir: «Yalnız zəngin irsin dərindən öyrənilməsi nəticəsində xalqın maddi mədəniyyətinin demokratiya, sosial və iqtisadi təkamül yolu ilə gələcək hərtərəfli inkişafı mümkündür».
Z.Səfərovanın elmi araşdırmalarının daha bir qəhrəmanı alim, şair, musiqişünas, rəssam, görkəmli maarifçi Mir Möhsün Nəvvabdır. Bu adın elmi ictimaiyyətə tanıtdırılmasında Zemfira xanımın xidməti əvəzsizdir. Azərbaycan dilində ilk musiqi risaləsi – Nəvvabın «Vüzuhül ərqam»ını giriş sözü və şərhlərlə nəşr etdirən Z.Səfərova Azərbaycanda mənbəşünaslığa böyük töhfə bəxş etmişdir (Bakı,1989). Alimin bir neçə il əvvəl Nəvvab haqqında yazdığı kitab (Bakı, 1983, rus dilində), habelə Səmərqənd beynəlxalq simpoziumunda oxuduğu məzmunlu məruzə – burada müvafiq musiqi nümunələrini görkəmli tarzən Bəhram Mansurov öz təkrarsız çalğısı ilə illüstrasiya etmişdir – müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərdə maraq doğurmuşdur. Məsələn, A.Cumayev kimi tanınmış özbək musiqişünasının öz məqalələrində Zemfira xanımın yuxarıda adı çəkilən işlərinə istinad etməsi faktı çox səciyyəvidir.
Maraqlıdır ki, Nəvvab haqqında araşdırmanı Zemfira xanım sənətkarın vətənində – Şuşada yazmağa başlamışdır. O zaman musiqişünas Şuşanın görməli yerlərini saatlarla seyr edər, Nəvvabın yaşadığı evə tez-tez baş çəkər, yəni şəhərin qeyri-adi, sanki musiqinin özündən yoğrulmuş ab-havasından ilham alarmış. Odur ki, kitab belə səmimi, isti, oxunaqlı alınmış, Nəvvabı bizə sevdirmiş, doğmalaşdırmışdır.
90-cı illərdə Zemfira xanımın yaradıcılığında daha bir mövzu da səslənir. Özü də necə – etirazedici, ehtirasla! Alim «Şuşa – musiqimizin məbədidir» mövzusunda tədqiqat işi apararaq, topladığı, ümumiləşdirdiyi qiymətli materiallarla ictimaiyyəti tanış edir – məruzələr oxuyur, məqalələr dərc etdirir, həm də təkcə Azərbaycanda deyil. Onun Şuşa haqqında yazısının bu il Moskvada «Muzıkalnaya akademiya» kimi mötəbər, bütün dünyada yayımlanan jurnalın ilk nömrəsində dərc olunması müstəsna əhəmiyyətli hadisədir. Məqalə aşağıdakı prinsipial sətirlərlə başlanır: «Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlər Avstriyanın Vyana, Italiyanın Neapol, Qarabağın da Şuşa şəhəridir.
Qarabağın ən füsünkar guşələrindən biri Şuşa – Azərbaycan musiqisinin məbədi və beşiyidir. Şəhər haqlı olaraq «Qafqazın konservatoriyası» adlandırılmışdır. Bir çox məşhur Azərbaycan musiqiçiləri – müğənnilər, ifaçılar, bəstəkarlar Şuşanın yetirmələridirlər». Sonra Zemfira xanım emosiyaya qapılmayaraq, təmkin, qürur və ləyaqətlə Şuşanın zəngin musiqi həyatından, bu şəhərdə yetişmiş böyük sənətkarlardan bəhs edir. Bütün mülahizələr sənədlərlə, özü də təkcə Azərbaycan deyil, rus musiqişünaslarının şəhadətnamələri ilə təsdiq olunur. Ümumiyyətlə, burada Zemfira xanım bir alim kimi mühüm keyfiyyətlərini – tam obyektivliyini, yalnız yaxşı yoxlanılmış faktlarla işləmək, mötəbər mənbələrə arxalanmaq istəyini, hər bir fikri isbat etmək bacarığını bir daha nümayiş etdirir.
Odur ki, məqalənin sonunda Z.Səfərova «Biz inanırıq, əminik ki, gün gələcək, Qarabağda, Şuşada, onun «Cıdır düzün»də, «Isa bulağı»nda yenə «Qarabağ şikəstəsi» səslənəcək, yenə xalq mahnısı «Qarabağda bir dənəsən» oxunacaq və yenidən yeni «Qarabağ bülbülləri» cəh-cəh vuracaq!» - yazanda biz müəllifin qətiyyətinə qoşulur, onun bir vətənpərvər , bir vətəndaş kimi mövqeyini alqışlayırıq.
Burada haşiyəyə çıxaraq onu da söyləmək istərdim ki, 70-illik tarixi boyu ilk dəfə səhifələrinin böyük hissəsini Azərbaycana həsr edən «Muzıkalnaya akademiya» jurnalının göstərilən sayının (burada «Azərbaycan: 10 il sonra» bölməsində çeşidli materiallar dərc olunaraq ölkəmizin kifayət qədər dolğun musiqi panoramını təqdim edir) ictimaiyyətimiz tərəfindən laqeyd qarşılanması ən azı təəccüb doğurur. Bu gün milli dəyərlərimizin təbliğatı haqqında çox danışırıq, amma həmin təbliğatın real nümunəsi –böyük zəhmət, enerji hesabına ərsəyə gələn iş, faktiki, kölgədə qalır. Yeri gəldi-gəlmədi rəngbərəng prezentasiyalar keçiririk, lakin Azərbaycan sənətinin bu gününü, onun dərin köklərini, ənənəlirini işıqlandıran ciddi, hörmətli nəşri diqqətsiz qoyuruq. Qəribədir, anlamaq çətindir…
Hər bir adamın həyatında zirvə anları olur. Zemfira xanım üçün həmin an 1996-cı ilə təsadüf etdi. Məhz o zaman alimin həyatının başlıca işi –«Azərbaycanın musiqi elmi» fundamental tədqiqatı doktorluq dissertasiyası kimi müdafiə olundu, iki il sonra isə kitab şəkilində işıq üzü gördü. Jurnal bu tədqiqata xüsusi məqalə həsr etdiyi üçün (bax: Ü.Talıbzadə, Azərbaycan musiqisinin tarixi yaranır. 1999, ¹1) mən yalnız onun əhəmiyyətini əyani nümayiş etdirən bəzi prinsipial məqamlara toxunmaq istərdim. 584 səhifəlik (36 ç.v.) bu nəhəng – başqa epitet tapmaq çətindir – nəşr (belə ki, kitabda əsas, analitik həssədən başqa, «Qədim musiqi terminləri lüğəti», habelə Marağayinin musiqi əsərlərinin açıqlamalarından ibarət əlavələr də vardır) Azərbaycan ictimaiyyətində böyük əks-səda doğurdu, mətbuatda vacib elmi hadisə kimi dəyərləndirildi, sorağı xarici ölkələrə çatdı. Alim tədqiqatını müxtəlif elmlərin-tarix, musiqişün
aslıq, kulturologiya, estetika – çarpazında həyata keçirərək, faktiki, Azərbaycan musiqi tarixinin bu vaxtacan kölgədə qalan böyük bir mərhələsini səbrlə, səriştə ilə bərpa edə bildi. Bu iş professional keyfiyyətlərdən başqa hünər, qeyrət də tələb edirdi.
Kitabın təqdimat mərasimində çıxış edənlər – S.Ələsgərov, F.Bədəlbəyli, F.Əlizadə, Elçin, R.Hüseynov, H.Abbaszadə, F.Köçərli, G.Əlibəyova, R.Zöhrabov, Ü.Imanova – musiqiçilər, yazıçılar, filosoflar, qürur hissini gizlətmir, Azərbaycan elminin qələbəsinə ürəkdən sevinirdilər. Tarix elmləri doktoru O.Əfəndiyev çoxcildlik Azərbaycan tarixini hazırlayarkən, müvafiq bölmələrdə musiqişünasın materiallarından bəhrələnmək zəruriyyətini vurğulayırdı.
Alim Tofiq Hacıyev isə « Ədəbiyyat qəzeti»nin səhifələrində yazırdı: «Azərbaycan musiqi elmi» kitabı məndə belə bir təəssürat yaratdı ki, xanım tədqiqatçımızın XIII-XV və XIX-XX əsrlər musiqi mədəniyyətinin dahiləri ilə bağlı yaratdığı təsəvvür, məsələn, böyuk ədəbiyyatşünasların və tədqiqat institutlarının bütövlükdə ədəbiyyat tariximizdəki həmin səviyyəli nəhəng söz ustaları haqqında verdikləri məlumatdan dərin və müfəssəldir. Mən bilmirəm, bu kitab Musiqi Akademiyasında tədris olunurmu, ya yox, ancaq istərdim ki, universitetlərimizin filologiya fakültələrində ixtisas (seçmə) kursu şəklində keçilsin. Bu, ədəbiyyat tarixinin öyrənilməsində filoloq tələbələr üçün çox faydalı olardı».
Əlbəttə, Zemfira xanımın «Azərbaycanın musiqi elmi» kitabı, başqa elmi işləri BMA müəllimləri və tələbələri üçün əvəzsiz vəsaitdir. Bu gün «Azərbaycanın musiqi tarixi», «Azərbaycan xalq musiqisinin əsasları», bir sıra başqa kursların hərtərəfli, dolğun tədrisi həmin tədqiqatlardan kənarda qeyri-mümkündür. Z. Səfərovanın tədqiqatları Azərbaycandan uzaqda Rusiyada, Mərkəzi Asiya respublikalarında, Iranda, Türkiyədə də maraqla qarşılanmış, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Məsələn, musiqişünas, professor Firat Qızıltuğ «Ayulduz» jurnalında yazır: «Zemfira Səfərovanın «Azərbaycanın musiqi elmi» adlı kitabını böyük bir həyəcanla qarşıladıq. Çünki Türk musiqisi tarixinin indiyəcən bilmədiyimiz səhifələrindən bir bölümünü işıqlandıran daha bir əsər qazanmış olduq». Istambul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri bəstəkar Yalçın Tura Zemfira xanımın çalışmalarının Şərq musiqi elminə önəmli töhfə olduğunu qeyd edir. Nəhayət, həmin konservatoriyanın musiqişünaslıq
bölümünün müdiri Süleyman Şenel yazır ki, Z.Səfərovanın «Azərbaycanın musiqi elmi» kitabı «təkcə Azərbaycan və türk dünyası deyil, eyni zamanda dünya musiqişünaslığı üçün də bir qazancdır». Beləliklə, Z.Səfərova öz dərin araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə böyük qələbə qazandırmışdır.
Musiqi irsimizin tədqiqatçısı… Zemfira xanımı çox zaman bu sözlərlə səciyyələndirirlər. Lakin alimə hər hansı bir mövzu məhdudiyyəti yabancıdır: o, müasir sənətdən də yazır, yeri gələndə bəstəkar və ifaçılarımız haqqında da öz professional rəyini bildirir.
80-ci illərdə Z.Səfərova Q.Qarayevin elmi-publisistik irsinin tədqiqi ilə məşğul olmağa başlayır. Zahirən asan görünə bilən bu vəzifəni – axı Qarayev müasirimizdir – həll edərkən alim müəyyən ciddi çətinliklərlə üzləşir. Çünki dahi bəstəkarımız heç zaman arxiv toplamadığından, onun müxtəlif çıxışları, məqalələri pərakəndə vəziyyətdə idi. Alim mövzu ilə bağlı zəngin, çoxçeşidli materialları səbrlə yığır, sistemləşdirir, təhlil edir və 1988-ci ildə gördüyü mürəkkəb işin nəticələrini kitab şəklində oxuçulara təqdim edir. Həmin kitab XX əsrin böyük bəstəkarını həm də alim, tamamlanmış estetik konsepsiyaya malik sənətkar kimi tanıtdırmaq baxımından əhəmiyyətli hadisə adlandırıla bilər. Zemfira xanımın hələ 1967-ci ildə «Ədəbiyyat və incəsənət» həftəliyində dərc etdirdiyi «Üçüncü simfoniya haqqında düşüncələr» məqaləsi onun Azərbaycan musiqisinin müasir mərhələsində törəyən problemlərə varmaq bacarığını, mütəxəssis kimi uzaqgörənliyini, mütəhərrikliyini aşkarlayır. Xatırladım ki, həmin məqalə sovet musiqisin
də yeni avanqard yazı üsullarının istifadəsi barədə diskussiyaların hələ səngimədiyi bir dövrdə yazılmışdır. Zemfira xanım simfoniyanın musiqi dilinin yeniliyini çağdaş həyatın mürəkkəbliyi ilə müqayisə edib yazır: «Üçüncü simfoniyanın mərkəzində dayanan obraz Azərbaycan milli xarakterinin müasir mərhələsini əks etdirir. Müasir azəri intellektual cəhətdən zəngin, dünyaduyumu və dünyagörüşü etibarilə mürəkkəb bir xarakterdir. Bu insan öz yurdunun, öz vətəninin oğlu olmaqla bərabər, həm də əsrin oğludur». Zemfira xanım ehkamlardan azad olaraq, bizi sənətin dinamikasını duymağa səsləyir.
Məqalə boyu qəhrəmanımızı mümkün qədər dolğun səciyyələndirmək məqsədilə bir sıra önəmli sözlərdən – səbr, təkid, inadkarlıq, qeyrət – istifadə etdik. Mən həmin sıraya «narahatlıq» sözünü də əlavə edərdim.
Bu məqamda alimin özünə söz verək: «Hər hansı bir iri layihəni tamamladıqdan sonra öz-özümə deyirəm: bəsdir, son durğu işarəsini qoymaq vaxtı yetişib. Lakin işdən, elmi qayğılardan kənar sakit və rəvan həyat məni bezikdirir və mən əzmlə yeni tədqiqatlara girişirəm, planlar qurmağa başlayıram».
Doğrudan da, Zemfira xanım doktorluq dissertasiyasını parlaq şəkildə mudafiə edib dayanmamış, işinə ara verməmiş, yeni layihələr üzərində çalışmışdır. «Azərbaycanın musiqi elmi» kitabının nəşrindən sonra alimin daha dörd kitabı işıq üzü görmüşdür. «Həmişəyaşar ənənələr» məqalələr toplusuna, habelə, «Ardı yaşanılır» xatirələr kitabına jurnal xüsusi məqalə həsr etmişdir. (Bax: Z.Dadaşzadə. Ənənələri yaşadan alim. Musiqi dünyası, 2000, ¹ 3-4).
Öz ad gününü Zemfira xanım daha iki kitabla qarşılamışdır. Onlardan biri – «Bilik, xeyirxahlıq, əbədilik toxumalarını səpmək» - alimin müxtəlif illərdə respublika və Moskva mətbuatında rus dilində dərc etdirdiyi məqalələrdən ibarətdir. Geniş zaman diapazonunu əhatə edən bu kitab – «Dədə Qorqud»un sənət dünyasından Ü.Hacıbəyov və Q.Qarayevə kimi – rusdilli oxucuya Azərbaycan musiqi tarixinin ən önəmli hadisələri haqqında gözəl, elmi cəhətdən əsaslandırılmış məlumatlar verir. Mənə elə gəlir ki, bu gün Azərbaycan sənətini ölkəmizdən xaricdə tanıtdırmaq baxımından həmin kitabın əhəmiyyəti əvəzsizdir. Onu başqa xarici dillərə çevirib geniş yaymaq necə də yaxşı olardı.
Topluya daxil olan məqalələr Zemfira xanımın tədqiqatlarının əsas problematikası ilə bağlı olduğu və, deməli, müxtəlif rəylərdə, o cümlədən, «Musiqi dünyası»nın müvafiq materiallarında ətraflı işıqlandırıldığı üçün mən onları burada bir daha dəyərləndirmək istəməzdim. Lakin Z.Səfərovanın tanınmış rus musiqişünası I.Rıjkinlə birgə yazdığı «30-cu illərdə sovet musiqisinin estetikası» məqaləsinin bəzi prinsipial məqamlarına oxucuların diqqətini yönəltməyi lazım bildim. Burada musiqi tarixinin ayrı-ayrı mərhələlərinə, cərəyanlarına, bəstəkarlarına dürüst elmi münasibətin müəyyənləşdirilməsi (20-30-cu illərdə - proletkultçuluq dövründə bu, çox vacib məsələ idi) zəruriyyətindən danışılır, ayrı-ayrı görüşlərin ifratçılığı kəskin tənqid olunur və ən əsası, musiqinin tədqiqiqndə avroposentrist mövqe, Qərb və Şərq mədəniyyətlərinin qərəzli şəkildə qarşı-qarşıya qoyulması - biri alidir, o biri ibtidai – qətiyyən pislənilir. Bu baxımdan aşağıdakı müşahidələr səciyyəvidir. Alimlər
yazırlar ki, insanın getdikcə mürəkkəbləşən mənəvi dünyasını əks etdirmək istəyi Avropada «çoxplanlı və genişhəcmli melosa, polifonik, daha sonra polifonik-harmonik çoxsəsliliyə gətirib çıxardısa, Asiya və Afrika xalqlarının bir çoxunda bu, melosun intonasiya – ritm baxımından zənginləşməsi, onun qəliz differensiasiyası ilə nəticələndi. Musiqi – estetik terminologiyadan istifadə etsək, deyə bilərik ki, kompozisiya, ifadə vasitələri baxımından bütün fərqlərə baxmayaraq, hər iki halda musiqi yaradıcılığının obraz kompozisiyasının vahid tipi – musiqi obrazının əyani şəkildə hərtərəfli açılışı tipi mənimsənilmişdir».
Məqalədə XX əsrdə Azərbaycanda bəstəkar yaradıcılığının sürətli inkişafı, Qərb və Şərq təfəkkür tipləri arasında heç bir keçilməz səddin olmaması fikrini inandırıcı şəkildə isbat etmiş Ü.Hacıbəyovun prinsipial qələbələri, onların bütün Şərq dünyası bəstəkarları üçün örnək olması məhz yuxarıdakı tezisləri əsaslandırmaq üçün əyani nümunə kimi istifadə olunur. Şübhəsiz, burada Z.Səfərovanın Ü.Hacıbəyovun musiqi-estetik konsepsiyası haqqında müfəssəl araşdırması məsələyə aydınlıq gətirir.
Ikinci kitab – «Qara Qarayevi anarkən» toplusu (tərtibçi və redaktor Z.Səfərovadır) dahi bəstəkar və şəxsiyyətin sənət dünyasını, çoxcəhətli obrazını açıqlayır. Burada Qarayev xalq musiqisinin bilicisi (Ə.Isazadənin məqaləsi), alim, mütəfəkkir (Z.Səfərova), simfonist (N.Axundova), dram teatrı üçün musiqinin müəllifi (L.Kazımova) kimi təqdim olunur, Qarayevin vokal yaradıcılığında musiqi və mətnin qarşılıqlı əlaqəsi (Ü.Talıbzadə), «Çılğın qaskoniyalı» müziklinin üslub məxsusiliyi də (A.Əmrahova) araşdırılır. Nəfis tərtib edilmiş, fotoillüstrasiyalarla təchiz edilmiş bu kitabın həm rus, həm Azərbaycan dilində çapı onun yayımlanma imkanlarını artırır və, deməli, son nəticədə sənətkarın yaradıcılığının təbliği işinə xidmət edir.
Zemfira xanımın daha bir keyfiyyətindən də heç cür vaz keçmək olmaz. O, çox vəfalı insandır: dostlarına, həmkarlarına, ən önəmlisi – elmə, işlədiyi ocağa qarşı. Belə ki, alim Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunda nə az, nə çox – 40 ildir ki, çalışır. Burada o, şərəfli bir yol keçmişdir: aspirantdan sənətşünaslıq doktoru, professora kimi. 20 ildən artıq müddətdə Z.Səfərova «musiqi sənəti» şöbəsinə (hal-hazırda həmin şöbə «musiqinin tarixi və nəzəriyyəsi» adını daşıyır) rəhbərlik edir. Zemfira xanım öz iş yerinə nadir bir bağlılıq, sədaqət nümayiş etdirir. Ona görə ki, alim kimi məhz Akademiyada püxtələşib, kədər, sevinc anlarını, yaradıcılıq qələbələrini burada yaşayıbdır, ona görə ki, özünü fundamental araşdırmalardan kənarda- Elmlər Akademiyası isə məhz belə araşdırmalarla məşğul olur – təsəvvür etmir.
Bu gün Z.Səfərovanın rəhbərlik etdiyi şöbənin əməkdaşları «Azərbaycanın musiqi tarixi» çoxcildliyi üzərində çalışırlar. «Öz tarixini hərtərəfli tədqiq etməyən xalq hörmətə layiq deyildir» - deyə Zemfira xanım qətiyyətlə söyləyir. Alimin fərdi planları da musiqişünaslığımızın önəmli problemləri ilə bağlıdır. O, musiqi irsimizin gələcək nəsillərə mümkün qədər bütöv və dəqiq şəkildə çatdırılmasından, Azərbaycanda nisbətən zəif inkişaf etmiş sahə – mənbəşünaslığa diqqətin artırılması, məşhur musiqişünas – alimlərin risalələrinin Azərbaycan dilində çap olunması labüdlüyündən həyəcanla danışır. Əgər bu işlər vaxtlı-vaxtında həyata keçirilsə idi, musiqi dəyərlərimizə, xalq musiqi nümunələrinə, Ü.Hacıbəyovun əsərlərinə göz dikənlərin sayı xeyli azalardı. Indi həmin nəhəng işləri reallaşdırmaq məqsədilə müasir poliqrafik bazaya malik nəşriyyatın yaradılması çox vacibdir.
Öz söhbətlərində Zemfira xanım musiqişünas peşəsinin statusu, nüfuzu məsələsinə də dönə-dönə qayıdır. O, cəmiyyətdə musiqişünasa bu və ya digər konsertə dair resenziya yazan jurnalist kimi deyil, mühüm elmi məsələləri araşdıran, öz rə’yi ilə musiqi prosesini tənzimləyən şəxs kimi münasibətin formalaşmasını labüd hesab edir. Bu məqsədlə elmi tədqiqatların aktuallığına diqqəti artırmaq, tələm-tələsik yapılan dissertasiyaların qarşısına sədd çəkmək gərəkdir. «Lakin mən nikbin adamam. Moskvada, «Muzıkalnaya akademiya» jurnalında dərc olunan yüksək səviyyəli materiallar – onların müəllifləri əsasən gənc və orta nəslə mənsub musiqişünaslarımızdır - mənə gələcəyə ümidlə baxmaq imkanı verir» - deyə Zemfira xanım fikrini tamamlayır.
Z.Səfərova gözəl, tələbkar və ciddi pedaqoqdur. O, bir çox gənc musiqişünası elmə cəlb etmiş, nəzarətdən qoymayaraq yaradıcılıq yolunda bələdçilik etmişdir. Özümü də fərəhlə Zemfira xanımın yetirmələri sırasına aid edirəm. Dəqiq bilirəm ki, onun daimi diqqəti, dəyərli məsləhətləri, qeyri-adi təlqinedici inadkarlığı olmasaydı nə mən, nə də başqa dissertantlar bəlkə də indiyədək öz tədqiqatlarını tamamlaya bilməzdilər.
Bəzən elə olur ki, kimdənsə inciyirsən – haqsız söz, hərəkət, münasibət ürəyinə toxunur və başlayırsan gileylənməyə, şikayətlənməyə. Zemfira xanım səni səbrlə dinləyib bir qayda olaraq aşağıdakı məsləhəti verir: «Fikir vermə, xırda məsələlərə baş qoşma. Yaxşısı budur, get, işini gör. Adama həyatda ancaq iş qalır.»
Doğrudan da, bu sadə məsləhətdə bir çox dərdlərin çarəsi gizlənib. Özü də Zemfira xanımın belə söyləməyə tam haqqı çatır, çünki dediyini həyatda dəfələrlə sınaqdan keçirib. O, əsas hədəfi müəyyənləşdirib, ikinci dərəcəli, xırda olanı təcrid etməyi bacarıb. Dolğun həyatla yaşayır bu gün Zemfira xanım. Evdən də işə həvəslə gedir, işdən də evə həvəslə qayıdır. Mücərrəd bir anlam – xoşbəxtliyi Nazim Hikmət belə başa düşür və onun bu formulunu tam mənasında məqaləmizin qəhrəmanına şamil etmək olar.
Z. Səfərovanın son kitabının adı çox rəmzi məna daşıyır: Bilik, gözəllik, əbədilik toxumalarını səpmək… Əslinə qalsa alimin bütün yaratmaları elə həmin ali məqsədə xidmət edir: insanlara bilik, gözəllik aşılayır, onları əbədi mətləblər haqqında düşünməyə çağırır. Bu işdə Zemfira xanıma onun çoxsaylı həmkarları, dostları, tələbələri adından ancaq ilham, enerji və qüvvə diləmək istərdim.
p align>
|